Постановления

26.10.99 “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinin şərh edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

“Qrant haqqında” Azərbaycan Respublikası Qanununun

5-ci maddəsinin  3-cü bəndinin  şərh edilməsi haqqında

26 oktyabr 1999-cu il                                                                                           Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X.Hacıyevin (Sədr), hakimlər: F.Babayev, B.Qəribov (məruzəçi–hakim), R.Qvaladze, E.Məmmədov, S.Sal­manova, Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi V.Zeynalovun,

xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorunun müavini N.Allahverdiyevin,

Azərbaycan Respublikası Milli Məclisi Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini İ.Rəfibəylinin, 

mütəxəssislər, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin beynəlxalq əlaqələr şöbəsinin rəisi İ.Əkbərlinin,

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin sosial siyasət və təminat idarəsinin rəisi F.Əliyevin,  

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun maliyyə departamentinin direktoru C.Məmmədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130–cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üzrə Azərbaycan Respublikası Konstitusiyasının 38–ci maddəsinin III hissəsi ilə əlaqədar ’’Qrant haqqında’’ Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin üçüncü bəndinin, ’’Vətəndaşların pensiya təminatı haqqında’’ Azərbaycan Respublikası Qanununun 3–cü və 73–cü maddələrinin və ’’Sosial sığorta haqqında’’ Azərbaycan Respublikası  Qanununun 12–ci maddəsinin şərh edilməsinə dair Azərbaycan  Respublikası Prokurorluğunun 26 avqust 1999–cu il tarixli 05 dk 39 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə məruzəçi-hakim B.Qəribovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin qanuni nümayəndələri N.Allahverdiyevin, İ.Rəfibəylinin çıxışlarını, mütəxəssislər İ.Əkbərlinin, F.Əliyevin və C.Məmmədovun rəylərini dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi   

M Ü Ə Y Y Ə N   E T D İ:

Azərbaycan Respublikası Prokurorluğu sorğusunda “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin üçüncü bəndinin, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü və 73-cü, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddələrinin müddəaları baxımından şərh edilməsini xahiş edir.

Baxılan məsələ ilə əlaqədar iş materiallarına «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü və 73-cü maddələrinin, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin və «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin Azərbaycan Respublikası Milli Məclisi Aparatında təsdiq edilmiş, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 1996-cı il tarixli 111 №-li və 9 iyun 1997-ci il tarixli 58 №-li qərarlarının bu orqan tərəfindən təsdiq olunan rəsmi mətnləri əlavə edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sorğu ilə əlaqədar aşa­ğı­da­kıları qeyd edir.

«Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin üçüncü bəndinə əsasən qrantdan istifadə zamanı layihə və proqramların yerinə yetirilməsində iştirak edən fiziki şəxslərin resipiyentdən aldıqları haqdan mövcud qanun­vericiliyə müvafiq olaraq gəlir vergisi tutulur. Fiziki şəxslərə ödədiyi haqq müqabilində resipiyent icbari ödənişlərdən azaddır.

«Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində qanunda nəzərdə tutulmuş şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan və əmək pensiyası almaq hüququ olan şəxslərin dairəsi müəyyənləşdirilir. Bu maddənin birinci hissəsinin «a, b, v, q» bəndlərində əmək pensiyası almaq hüququnun Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqlarının keçirmək şərti ilə yarandığı göstərilir.

Adı çəkilən qanunun 73-cü maddəsinin birinci və dördüncü hissələrinə əsasən sığorta haqları hesablanan əmək haqqının və mükafatın bütün növləri, o cümlədən əvəzçiliyə, istirahət və bayram günlərində işə, iş vaxtından əlavə işə görə və mülki hüquq müqavilələri üzrə verilən əmək haqqı (birdəfəlik ödənclər istisna olmaqla) pensiya hesablanarkən gəlirin ümumi məbləğinə daxil edilir, fərdi əmək və sahibkarlıq fəaliyyəti ilə, o cümlədən fərdi icarə (qrup icarəsi) əsasında və kəndli (fermer) təsərrüfatında məşğul olanlara və muzdla işləyənlərə, eləcə də kooperativ üzvlərinə və kooperativdə müqavilə ilə işləyənlərə pensiyalar hesablanarkən sığorta haqqı keçirilən faktik gəlir əsas götürülür.

«Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslərin, Azərbaycan Respublikasında fəaliyyət göstərən və ya xarici ölkədə Azərbaycan Respublikasına məxsus bütün idarə, müəssisə və təşkilatlarda fərdi əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin, seçkili ödənişli vəzifələrdə işləyənlərin, prokurorların, prokurorun müavinləri və köməkçilərinin, prokurorluğun müstəntiqlərinin, vəkillər kollegiyasının üzvlərinin, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan şəxslərin, dövlətlərarası sazişlərə uyğun olaraq əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunduqları göstərilir.

  Qeyd etmək lazımdır ki, «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qrant humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, sığorta, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün nəzərdə tutulan yardımdır. Qrant kimi ayrılmış maddi yardım birbaşa mənfəət əldə etmək üçün istifadə edilə bilməz və yalnız sosial layihə və proqramların hazırlanıb həyata keçirilməsinə yönəldilir. Bü müddəa «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində də öz əksini tapmışdır. Belə ki, bu maddəyə əsasən birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır.

Qanunverici sosial inkişafın sürətləndirilməsi, xarici donorların (qrantverənlərin) və resipiyentlərin mənfəət əldə edilməməsi ilə bağlı olan bu sahədəki fəaliyyətinin həvəsləndirilməsi məqsədi ilə qrant kimi alınan pul və ya hər hansı digər maddi yardımı bütün növ vergilərdən, rüsumlardan və dövlət büdcəsinə icbari ödənişlərdən azad etməklə onların fəaliyyətinin genişlənməsinə əlverişli şərait yaradır. Belə ki, «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci bəndinə görə qrant barədə müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və ya hər hansı digər maddi yardım bütün növ vergilərdən, rüsumlardan və dövlət büdcəsinə icbari ödənişlərdən azaddır. Məhz təyinat və xüsusi vergiqoyma baxımından qrantla bağlı fəaliyyət digər investisiya fəaliyyəti növlərindən keyfiyyətcə fərqlənir.

Bununla belə bu maddənin ikinci bəndində qrantdan istifadə zamanı layihə və proqramların yerinə yetirilməsində iştirak edən hüquqi şəxslərin resipiyentdən aldıqları haqdan qüvvədə olan qanunvericiliyə müvafiq vergiləri ödədikləri, üçüncü bəndində isə layihə və proqramların yerinə yetirilməsində iştirak edən fiziki şəxslərin resipiyentdən aldıqları haqdan mövcud qanunvericiliyə uyğun olaraq gəlir vergisi tutulduğu qeyd olunur.

Bu bəndin məzmunundan görünür ki, fiziki şəxslər belə layihə və proqramların yerinə yetirilməsi ilə əlaqədar resipiyentdən aldıqları haqdan sosial sığorta ilə bağlı icbari ödənişi vermək vəzifəsi daşımırlar.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində hüquqi şəxslərin, işəgötürənlərin və işçilərin kateqoriyasından asılı olaraq müxtəlif sosial sığorta haqları müəyyən edilmişdir.

Bu Qanununun 10-cu maddəsinə görə sığortaçı orqanda uçota durmaq və sosial sığorta haqqını sığortaçıya ödəmək işəgötürənlərin, eləcə də başqasını sosial sığorta edən şəxslərin vəzifəsidir.

Bununla belə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun təhlilindən o da müəyyən olunur ki, fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olanlar, vəkillər kollegiyasının üzvləri, icarə əsasında nəqliyyat vasitələrində işləyən şəxslər üçün icarədarlar, “Azərbaycan Respublikasında fiziki şəxslərdən gəlir vergisi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq fəaliyyət göstərən şəxslər, müəlliflik qonorarı ödəyən fiziki şəxslər də məcburi sosial sığorta haqqının ödəyiciləridirlər və belə şəxslər də qeyd olunan qanunun 11-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçota durmaq və sosial sığorta haqqını vaxtında ödəmək vəzifəsi daşıyırlar.

“Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş məcburi dövlət sosial sığorta haqları təbii ki, əhalinin sosial təminatının daha da inkişaf etdirilməsinə, bütün sosial təbəqələrin belə təminatla tam və hərtərəfli əhatə olunmasına yönəldilmişdir. O da qeyd olunmalıdır ki, qanunvericiliklə müəyyən olunmuş vergilər (torpaq vergisi, əmlak vergisi və s.), icbari ödənişlər, o cümlədən sosial sığorta haqları məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclər sırasındadır və bu hal onun formalaşmasına müəyyən dərəcədə iqtisadi təsir göstərir.

Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 avqust 1996-cı il tarixli 111 nömrəli qərarı ilə təsdiq edilmiş «Məhsulun (işin, xidmətin) maya dəyərinə daxil edilən xərclərin tərkibi haqqında» Əsasnamənin 1.6 bəndinin 34-cü yarımbəndinə əsasən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları ilə məhsulun (işin, xidmətin) maya dəyərinə aid edilən bütün növ vergilər, rüsumlar, büdcədənkənar fondlara ödəmələr və digər tədiyələr belə məhsul, iş və xidmətin maya dəyərinə aid edilir.

Bu baxımdan «Qrant haqqında» Azərbaycan Respublikası Qanununda vergiqoymada güzəştlərin müəyyən edilməsi məqsədlərindən biri də məhsulun (işin, xidmətin) maya dəyərinin artırılmamasına şərait yaratmaqdır.

Digər tərəfdən «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində sosial sığorta haqqı hesablanmayan kompensasiyaların, müavinətlərin və gəlirlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi qeyd olunur. Həmin maddənin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən «Məcburi dövlət sosial sığorta haqqı hesablanmayan kompensasiyaların, müavinətlərin və gəlirlərin siyahısı haqqında» 9 iyun 1997-ci il tarixli qərar qəbul edilmişdir. Bu siyahıya əsasən 18 kateqoriya üzrə kompensasiya, müavinət və gəlirlərə sosial sığorta haqları hesablanmır.

«Qrant haqqında» Azərbaycan Respublikası Qanunu 17 aprel 1998-ci ildə, «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanunu 18 fevral 1997-ci ildə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu isə 23 sent­yabr 1992-ci ildə qəbul olunmuşlar. «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə qanunlar arasında ziddiyət olduğu müəyyən edildikdə zamanca daha sonra qüvvəyə minmiş qanunlar əsas götürülür.

Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin I hissəsində qeyd olunmuşdur ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Bu maddənin II hissəsinə görə heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Ona görə də qeyd etmək lazımdır ki, vətəndaşların əsas sosial vəzifələrindən biri olan vergi və başqa dövlət ödənişlərini ödəmək borcu yalnız qanunla nəzərdə tutulmuş hallarda yaranır və qanunla tənzimlənir. Göründüyü kimi «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin üçüncü bəndi qrantdan istifadə zamanı layihə və proqramların yerinə yetirilməsində iştirak edən fiziki şəxslərin resipiyentdən aldıqları haqdan gəlir vergisi ödənişlərini müəyyən edir. Onlardan digər vergi və icbari ödənişlərin tutulması qanunda əks etdirilmir.

Göstərilənləri əsas tutaraq qeyd edilməlidir ki, «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin üçüncü bəndində iqtisadi baxımdan sosial sahələrin inkişaf etdirilməsi məqsədi ilə fiziki şəxslərə icbari ödənişlər nəzərdə tutulmadığından onlar qüvvədə olan qanunvericiliyə müvafiq olaraq yalnız gəlir vergisi ödəməlidirlər. Həmin maddənin üçüncü bəndi ilə «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi və «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü və 73-cü maddələri arasında yaranan uyğunsuzluğun aradan qaldırılması üçün onlar tətbiq olunarkən «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin üçüncü bəndinin müddəaları əsas götürülməlidir.

1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul olunmuş «İnsan hüquqları haqqında Ümumi Bəyannamənin» 25-ci maddəsində göstərilir ki, hər bir şəxs onun özünün və ailəsinin səhhət və rifahını təmin etmək üçün lazım olan qida, geyim, tibbi xidmət və lazımi sosial təminat da daxil olmaqla, həyat səviyyəsi hüququna və işsizlik, xəstəlik, əlillik, dul qalma, qocalıq və özündən asılı olmayan səbəblər üzündən yaşayış vasitələrinin itirilməsi zamanı təminat hüququna malikdir.

Sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasındadır.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I hissəsinə görə hər kəsin sosial təminat hüququ vardır. Bu maddənin III hissəsində isə qeyd olunur ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Göründüyü kimi «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci mad­dəsində nəzərdə tutulan fiziki şəxslərin sosial təminat hüquqları məhdudlaşdırıla bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin I və III hissələrini, 73-cü, 130-cu maddəsinin IV, VI hissələrini və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

Q Ə R A R A    A L D I:

1. «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulan fiziki şəxslər qrantdan istifadə zamanı layihə və proqramların yerinə yetirilməsi ilə bağlı olaraq resipiyentdən aldıqları haqdan məcburi dövlət sosial sığorta haqqı ödəməkdən azaddırlar.

2. Azərbaycan Respublikası Milli Məclisinə «Qrant haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulan fiziki şəxslərin sosial təminat hüquqlarının həyata keçirilməsi qaydalarının qanunvericilikdə müəyyən olunması tövsiyyə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan” qazetində dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev