Постановления

09.12.13 R.Xəmmədovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2013-cü il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

R.Xəmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki

 kollegiyasının 18 aprel 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının

Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

9 dekabr 2013-cü il                                                                                              Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi  Elməddin Hüseynovun,

ərizəçi Röya Xəmmədova və onun vəkili Səadət Cəbrayılovanın,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və məhkəmə statistikasının təhlili şöbəsinin müdiri Elxan Kazımovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında R.Xəmmədovanın şikayəti ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması ilə əlaqədar konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin, onun və cavabverən orqanın nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

Şəmkir rayon məhkəməsinin 10 avqust 2012-ci il tarixli qətnaməsi ilə iddiaçı Xəmmədova Röya İlqar qızının cavabdeh Sarıyev Elmixan Talıb oğluna qarşı evə köçürülmə və evdən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilərək, onun E.Sarıyevin istifadəsində olan Şəmkir şəhəri İsmət Qayıbov küçəsi 5 saylı ünvanda yerləşən fərdi yaşayış evindən, həmçinin köməkçi sahələrdən istifadə hüququnun tanınması və uşağı ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. 

Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Gəncə Apellyasiya Məhkəməsinin MK) 21 noyabr 2012-ci il tarixli qətnaməsi ilə E.Sarıyevin apellyasiya şikayəti təmin edilərək, Şəmkir rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, R.Xəmmədovanın iddiası isə təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MK) 18 aprel 2013-cü il tarixli qərarı ilə R.Xəmmədovanın kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin MK-nın qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 

Ərizəçi R.Xəmmədova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayət verərək Ali Məhkəmənin MK-nın 18 aprel 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri MPM-in 6-cı maddəsində də əksini tapmış və hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmişdir.

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələri).

Konstitusiya prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1-ci maddəsi ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsini nəzərdə tutmuşdur. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPM-in 88, 217.1 və 217.3-cü maddələri).

Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir.

Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq  göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

 Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir  (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarı).

Gəncə Apellyasiya Məhkəməsinin MK cavabdeh E.Sarıyevin apellyasiya şikayəti əsasında Şəmkir rayon məhkəməsinin qətnaməsini ləğv edib R.Xəmmədovanın iddiasını rədd edərkən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin I hissəsinin şərh edilməsinə dair”  27 iyul 2001-ci il tarixli Qərarının “2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir” müddəasına istinad edərək, iddiaçının cavabdehlə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə uyğun olaraq notariat qaydasında təsdiqlənmiş razılaşmanı bağlamaması və cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsinin belə nəticəyə gəlməsi birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edildikdən dərhal sonra mübahisəli evin 29 avqust 2012-ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət  Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəmkir Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında cavabdeh E.Sarıyevin adına qeydiyyata alınması və Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi ilə əlaqədar olmuşdur.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədilə MPM-in 372.1-ci maddəsində müəyyənləşdirilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məcəllənin 385.1.1-ci maddəsində maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur.

Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq, maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki hallar əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir.

  MPM-in 371 və 372.2-ci maddələrində apellyasiya instansiyasına yeni və əlavə faktların və sübutların təqdim olunmasına dair ciddi məhdudiyyətlər nəzərdə tutulmuşdur. Bu sübutların təqdim edilməsi üçün bir sıra halların mövcud olması vacibdir:  

●  işə birinci instansiya məhkəməsində baxılan zaman işdə iştirak edən şəxsin sübutu təqdim etmək imkanının olmamasının sübut edilməsi. Yeni və əlavə sübutu təqdim etmənin mümkünsüzlüyünü sübut etmək yükü bu sübutların yoxlanılmasına dair vəsatət vermiş şəxsin üzərinə düşür;

●  yeni və əlavə sübutların yoxlanılmasına dair vəsatətin subyekti işdə iştirak edən istənilən şəxs, onun nümayəndəsi, həmçinin mübahisələndirilən aktla hüquqlarına toxunulan, yəni, apellyasiya şikayətilə müraciət etmiş şəxs ola bilər;

● yeni və əlavə sübutlar aidiyyət və mümkünlük tələblərinə cavab verməlidirlər. Əgər sübutlar işin hallarına aid deyildirsə və ya qanunun tələblərinə uyğun olaraq mümkünsüzdürlərsə onlar qəbul oluna bilməzlər;

● apellyasiya məhkəməsi sübutun birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini üzürlü hesab etsin.

Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır (Konstitusiyanın 125 və 127-ci maddələri).

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun L.N.Binnətovanın şikayəti üzrə 8 may 2008-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarları).

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqelərinə bir daha istinad edərək, qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının qanunverici tərəfindən məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən məhkəmə instansiyasında – birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər. 

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin MK apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini tənzimləyən MPM-in 371 və 372.2-ci maddələrinin tələblərinə əməl etməmiş, cavabdeh tərəfindən təqdim olunmuş sübutların birinci instansiya məhkəməsində təqdim edilməməsinin səbəblərini aydınlaşdırmamış və həmin sübutları işin digər halları ilə birgə araşdırıb hüquqi qiymət verməmişdir.

R.Xəmmədovanın kassasiya şikayəti üzrə işə baxan Ali Məhkəmənin MK apellyasiya instansiyası məhkəməsi tərəfindən MPM-in yuxarıda qeyd olunan normalarına əməl edilməməsinə diqqət yetirməmiş və 18 aprel 2013-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin MK-nın qətnaməsini dəyişdirilmədən saxlamaqla MPM-in 416, 417.1.3, 418.1-ci maddələrinin tələblərinə riayət etməmişdir.

MPM-in 416, 417.1.3 və 418.1-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamalı, bu normaların pozulması və ya düzgün tətbiq olunmaması müəyyən edildikdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. İş üzrə tətbiq edilməli olan prosessual hüquq normalarının tələblərinə əməl etmədən məhkəmə aktlarının qəbulu isə öz növbəsində ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulan hüququnun pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, R.Xəmmədovanın E.Sarıyevə qarşı evə köçürülmə və evdən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin MK-nın 18 aprel 2013-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və MPM-in 416, 417.1.3, 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Röya Xəmmədovanın Elmixan Sarıyevə qarşı evə köçürülmə və evdən istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 aprel 2013-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3, 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın. 

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.  

Sədr                                                                                    Fərhad Abdullayev