Постановления

19.10.13 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

2013-cü il oktyabrın 9-da keçirilmiş  Azərbaycan Respublikası Prezidenti  seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə dair

19 oktyabr 2013-cü il                                                                                      Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibləri Vüqar Zeynalov və Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun, sədr müavini Natiq Məmmədovun, katibləri Arifə Muxtarova və Mikayıl Rəhimovun, üzvləri Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova, Qabil Orucov, Tofiq Həsənov,  İlham Məmmədov, Nizami Nadirov, Azər Tağıyev, Tamam Cəfərova, Bəxşeyiş Əsgərov, Almas Qəhramanlı, Akif Qurbanov və Etibar Quliyevin,

ekspertlər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları Ulduzə Həmidova və Sevda Süleymanovanın, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov və həmin kafedranın  dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasından daxil olmuş materiallar üzrə 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxdı.

Hakimlər S.Salmanova və R.Qvaladzenin məruzələrini, maraqlı subyektin nümayəndəsi M.Pənahovun çıxışını, ekspertlər U.Həmidova və E.Nəsirovun rəylərini dinləyib, iş materiallarını öyrənərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq 2013-cü il oktyabrın 9-da Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 108.2 və 203.3-cü maddələrinə müvafiq olaraq səsvermənin nəticələri haqqında dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatları ümumiləşdirərək,  Azərbaycan Respublikası Prezidenti seçkiləri üzrə səsvermənin nəticələrinə dair 2013-cü il 17 oktyabr tarixli protokolu tərtib etmişdir. Həmin protokol Azərbaycan  Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 17 oktyabr tarixli, 38/218 saylı qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim etmişdir.

Seçkilərin yekunlarına dair Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq ekspertləri cəlb etmiş, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının apellyasiya məhkəmələrindən, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsindən və Azərbaycan Respublikasının Ali Məhkəməsindən seçki hüquqlarının müdafiəsi ilə bağlı baxılmış ərizələr haqqında məlumatları tələb etmişdir.

Konstitusiya işində olan sənədlərdən göründüyü kimi, seçki qutularında     3 734 592 (üç milyon yeddi yüz otuz dörd min beş yüz doxsan iki) seçki bülleteni müəyyən edilmiş, bunlardan 36 622 (otuz altı min altı yüz iyirmi iki) səs etibarsız hesab edilmişdir.

Etibarlı hesab edilmiş 3 697 970 (üç milyon altı yüz doxsan yeddi min doqquz yüz yetmiş) səs Prezidentliyə namizədlər arasında aşağıdakı qaydada bölünmüşdür:

Ağa-zadə İqbal Fehruz oğlu – lehinə 88 723 (səksən səkkiz min yeddi yüz iyirmi üç) səs və ya 2,40 faiz;

Əliyev İlham Heydər oğlu – lehinə 3 126 113 (üç milyon yüz iyirmi altı min yüz on üç) səs və ya 84,54 faiz;

Əlizadə Araz Məmməd Mübariz oğlu – lehinə 32 069 (otuz iki min altmış doqquz) səs və ya 0,87 faiz;

Hacıyev Hafiz Ələmdar oğlu – lehinə 24 461 (iyirmi dörd min dörd yüz altmış bir) səs və ya 0,66 faiz;

Həsənquliyev Qüdrət Müzəffər oğlu – lehinə 73 702 (yetmiş üç min yeddi yüz iki) səs və ya 1,99 faiz;

Həsənli Cəmil Poladxan oğlu – lehinə 204 642 (iki yüz dörd min altı yüz qırx iki) səs və ya 5,53 faiz;

İsmayılov İlyas Abbas oğlu – lehinə 39 722 (otuz doqquz min yeddi yüz iyirmi iki) səs və ya 1,07 faiz;

Quliyev Fərəc İbrahim oğlu – lehinə 31 926 (otuz bir min doqquz yüz iyirmi altı) səs və ya 0,86 faiz;

Məmmədov Sərdar Calal oğlu – lehinə 22 773 (iyirmi iki min yeddi yüz yetmiş üç) səs və ya 0,62 faiz;

Oruc Zahid Məhərrəm oğlu – lehinə 53 839 (əlli üç min səkkiz yüz otuz doqquz) səs və ya 1,46 faiz.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.12-ci maddəsinə görə protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyasının qərarları açıq səsvermə yolu ilə Mərkəzi Seçki Komissiyasının iclasında komissiya üzvlərinin 18-i iştirak edərsə – azı 12 üzvün səs çoxluğu ilə qəbul edilir.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunmuş səsvermənin nəticələri haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu Mərkəzi Seçki Komissiyasının 18 üzvündən 17-si tərəfindən imzalanmışdır.

  Ekspertlər U.Həmidova, S.Süleymanova, E.Nəsirov və S.Əliyevin rəylərindən göründüyü kimi, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan   Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 17 oktyabr tarixli protokolu Azərbaycan Respublikası  Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğundur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sorğusuna cavab olaraq Bakı Apellyasiya Məhkəməsi bildirmişdir ki, seçki hüquqlarının müdafiəsi ilə bağlı həmin məhkəmədə 18 işə baxılmış, bütün işlər üzrə ərizələr əsassız olduğundan təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin məlumatına görə apellyasiya instansiyası məhkəməsinin aktlarından 13 kassasiya şikayəti verilmiş, son nəticədə şikayətlər təmin olunmadan saxlanılmışdır.

Azərbaycan Respublikasının Sumqayıt, Gəncə, Şirvan və Şəki Apellyasiya Məhkəmələri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi bildirmişlər ki, seçki hüquqlarının müdafiəsi ilə bağlı həmin məhkəmələrə şikayət daxil olmamışdır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 17 oktyabr tarixli protokolunu Azərbaycan  Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 108.2 və 203.3-cü maddələrinin tələblərinə uyğun hesab edir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolunda əks etdirilmiş nəticələr təsdiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin  yarısından çoxunun səs çoxluğu ilə seçilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Yuxarıda göstərildiyi kimi, etibarlı hesab edilmiş seçici səslərindən 3 126 113 (üç milyon yüz iyirmi altı min yüz on üç) səs və ya 84,54 faiz Əliyev İlham Heydər oğlunun lehinə verilmişdir.

Beləliklə,   Azərbaycan    Respublikası    Konstitusiyasının 101-ci maddəsinin II hissəsinin və Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.4-cü maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti seçilmiş elan edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsini, 130-cu maddəsinin VIII və IX hissələrini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 203.1-ci maddəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 56, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. 2013-ci il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2013-cü il 17 oktyabr tarixli protokolunda əks etdirilmiş nəticələr təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Prezidentliyinə namizəd Əliyev İlham Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti  seçilmiş elan edilsin.

3. Qərar elan olunduğu andan qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                             Fərhad Abdullayev