Постановления

19.07.13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin

“Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının  şərh

olunmasına dair

19 iyul  2013-cü il                                                                                       Bakı şəhəri 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektin nümayəndəsi Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Fərhad Kərimovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti Rafiq Quliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektin nümayəndəsinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirib- yetirməmələrindən asılı olmayaraq bütün dövlət qulluqçularını, bələdiyyə üzvləri və bələdiyyə qulluqçularını, zabit, gizir və ya miçman olan hərbi qulluqçuları, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərini ehtiva edib-etməməsinin şərh olunmasını xahiş etmişdir.

Sorğuda qeyd edilir ki, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin xüsusi subyektinin, yəni “vəzifəli şəxs” anlayışının düzgün müəyyən edilməsi həmin cinayətlərin tövsifi və şəxsin cinayət məsulliyətinə cəlb olunması üçün mühüm əhəmiyyət kəsb edir. Lakin CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulan “vəzifəli şəxs” anlayışına istintaq və məhkəmə təcrübəsində birmənalı yanaşılmır.

Göstərilənlərə əsasən sorğuverən CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs”  anlayışının şərh olunmasını xahiş edir.

 Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələnin düzgün həll edilməsi məqsədilə vəzifəli şəxs anlayışının mahiyyətinin, dövlət hakimiyyəti, dövlət qulluğu mənafeyi və yerli özünüidarə orqanlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında qulluq mənafeyi əleyhinə olan cinayətlərin tərkibinin açıqlanmasını zəruri hesab edir.

Göstərilən cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, şəxs qulluq səlahiyyətlərindən qulluq mənafelərinə zidd olaraq istifadə etməklə hüquqi və ya fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə zərər vurur, vətəndaşların konstitusiya hüquq və azadlıqlarını pozur, hakimiyyət orqanlarını əhali arasında nüfuzdan salır.

İstənilən dövrdə, idarəetmə formasından və quruluşundan asılı olmayaraq dövlət vəzifəli şəxslərə öz xidməti öhdəliklərini icra etməyə dair xüsusi tələblər irəli sürür. Belə şəxslər tərəfindən həmin tələblərin pozulması müəyyən məsuliyyətə  səbəb olur. Bu tamamilə başa düşüləndir və hakimiyyətin buna hüququ vardır.

İctimai münasibətlərin normal tənzimlənməsi dövlətin cəmiyyət həyatının müxtəlif sahələrində iştirak etmək, əhalinin fəaliyyətinin ən müxtəlif aspektlərinin təşkilini həyata keçirmək və onlara nəzarət etmək zərurətini yaradır. Bununla da dövlət tərəfindən səlahiyyətli orqanlar vasitəsilə ictimai hakimiyyətin həyata keçirilməsi zamanı yaranan münasibətlərin müxtəlifliyi şərtləndirilir.

Bundan əlavə, dövlət təsisatının daim təkmilləşməsi, dövlət idarəetmənin müstəqil aspektlərinin inkişafı bəzi hallarda dövlət siyasətinin, o cümlədən cinayət hüququ sahəsində siyasətin də əsaslı şəkildə dəyişməsinə gətirib çıxarır. Belə hallarda artıq bərqərar olmuş münasibətlərə yeni yanaşmanın formalaşmasına tələbatın olması açıq şəkildə özünü biruzə verir.

Müasir yanaşma “vəzifəli şəxs” anlayışının mahiyyətinə dair dövlət siyasətinin, dövlətin baxışlarının köklü şəkildə dəyişdiyini sübut edir.

Qüvvədə olan cinayət qanunvericiliyi bilavasitə dövlət hakimiyyətinin funksiyalarını həyata keçirən və dövlətin qarşısında duran vəzifələrin yerinə yetirilməsində iştirak edən şəxslərin məsuliyyətini bütün digər kateqoriya idarəedənlərdən fərqləndirmişdir.

Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Korrupsiya ilə əlaqədar cinayət məsulliyyəti haqqında” Konvensiyada və Azərbaycan Respublikasının 30 sentyabr 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının “Korrupsiya əleyhinə” Konvensiyasında “vəzifəli şəxs” anlayışı verilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 148-ci maddəsinin 2-ci hissəsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz  tərkib hissəsi kimi müəyyən edir.

CM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanır.

Beynəlxalq Konvensiyaların tələbləri nəzərə alınaraq, habelə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə 24 iyun 2011-ci il tarixdə “Azərbaycan  Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında”  Azərbaycan Respublikasının  Qanunu qəbul edilmişdir. Həmin Qanuna əsasən CM-in 308-ci maddəsinin “Qeyd” hissəsi yeni redaksiyada verilərək “vəzifəli şəxs” anlayışına daxil olan subyektlərin dairəsi genişləndirilmişdir.

Əvvəlki redaksiyada həmin maddənin “Qeyd” hissəsində “vəzifəli şəxs” anlayışı aşağıdakı qaydada  müəyyən edilmişdir:

1. Bu fəslin maddələrində vəzifəli şəxslər dedikdə daimi, müvəqqəti olaraq və ya xüsusi səlahiyyət üzrə hakimiyyət nümayəndəsi funksiyalarını həyata keçirən, yaxud dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər, beynəlxalq təşkilatların nümayəndələri, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədi üçün vəzifəli şəxs hesab edilən digər şəxslər başa düşülür.

2. Vəzifəli şəxslər sırasına daxil olmayan dövlət qulluqçuları və yerli özünüidarə orqanlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının qulluqçuları müvafiq maddələrlə xüsusi olaraq nəzərdə tutulmuş hallarda bu fəslin maddələri ilə cinayət məsuliyyəti daşıyırlar.

Yeni redaksiyaya görə CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən həmin Məcəllənin 33-cü (korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər) fəslinin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:

- hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

- dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

- hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

- xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

- beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, arbitrajların xarici və ya yerli arbitrləri, xarici və ya yerli andlı iclasçılar.

Qulluq mənafeyi əleyhinə olan cinayətlər yalnız şəxsin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi yolu ilə törədilə bilər. Məhz bu baxımdan vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətlərinin tərkibinin açıqlanması böyük əhəmiyyət kəsb edir.

Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyekti dövlət, yerli özünüidarə orqanlarının, kommersiya və qeyri-kommersiya təşkilatlarının normal fəaliyyətidir. Əlavə obyekt qismində fiziki və ya hüquqi şəxslərin hüquqları və qanuni mənafeləri, habelə cəmiyyətin və dövlətin qanunla qorunan mənafeləri çıxış edir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə obyektiv cəhətdən aşağıdakı zəruri əlamətlərin məcmusu ilə xarakterizə olunur:

-  vəzifəli şəxsin qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməsi növündə əməl;

-  fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasından ibarət nəticənin baş verməsi;

-  əməllə nəticə arasında səbəbli əlaqənin olması.

Vəzifə səlahiyyətlərindən sui-istifadə vəzifəli şəxsin qulluq səlahiyyətlərindən irəli gələn və tutduğu vəzifəyə görə ona verilmiş hüquq və vəzifələrin həyata keçirilməsi ilə bağlı hərəkətlərdə ifadə oluna bilər. Lakin cinayət tərkibi belə hərəkətlər qulluq mənafeyinə qəsdən zidd olaraq həyata keçirildikdə yaranır.

Vəzifəli şəxslərin fəaliyyət dairəsi geniş olduğundan, vəzifə səlahiyyətlərindən sui-istifadənin konkret formaları da müxtəlif ola bilər. Sui-istifadə həm hərəkət, həm də hərəkətsizliklə edilə bilər.

CM-in 308-ci maddəsinin məzmununa əsasən vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinə daxil olan hərəkət və ya hərəkətsizlik vəzifəli şəxsin qanuni səlahiyyətlərindən irəli gəlməlidir. Vəzifəli şəxsin qulluq mənafeyinə zidd olaraq istifadə etdiyi qulluq səlahiyyətləri müvafiq normativ aktlarla və qanunvericiliyə müvafiq fəaliyyət göstərən dövlət və bələdiyyə idarə, müəssisə və təşkilatları, kommersiya və qeyri-kommersiya təşkilatları ilə bağlanan əmək müqaviləsində əks olunan vəzifələrin həcmi ilə müəyyən olunur.

Vəzifə səlahiyyətlərindən sui-istifadənin obyektiv cəhətinin zəruri əlamətlərindən biri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan ictimai təhlükəli nəticənin baş verməsidir.

Vəzifə səlahiyyətlərindən sui-istifadə subyektiv cəhətdən qəsdən edilən cinayətdir. Şəxs qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etdiyini dərk edir, bunun fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmada ifadə olunan nəticələrini qabaqcadan görür, bu nəticələrin baş verməsini arzu edir (birbaşa qəsd) və ya belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verir (dolayı qəsd).

Vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin subyektiv cəhətinin daha bir zəruri əlaməti cinayətin motividir. CM-in 308-ci maddəsində bu cinayətin motivi vəzifəli şəxsin özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlüyün əldə edilməsi kimi müəyyən olunmuşdur.

Vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin subyekti yalnız vəzifəli şəxs ola bilər.

CM-in 308-ci maddəsinin əvvəlki və yeni redaksiyada olan “Qeyd” hissəsində subyekt baxımından “vəzifəli şəxs” anlayışını birləşdirən məqamlar mövcuddur.

Bu məqamlara  görə vəzifəli şəxsləri üç kateqoriyaya bölmək olar:

- hakimiyyət nümayəndəsinin funksiyasını daimi və ya xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər; 

- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən şəxslər;

- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarında inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər.

Hakimiyyət nümayəndəsinin funksiyasının və fəaliyyətinin xarakteri onun təmsil etdiyi orqanın qarşısında duran vəzifələrlə müəyyən olunur. Hakimiyyət nümayəndəsinin fəaliyyəti onun inzibati tabeçiliyində olan və ya olmayan qeyri-müəyyən həddə şəxslərin dairəsi ilə qarşılıqlı əlaqə üzərində qurulur.

Təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.).

İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir.

Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir.

Konkret vəzifəyə təyin olunmadan lakin faktiki olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyaları yerinə yetirən,  həmçinin xüsusi səlahiyyət əsasında dövlət və ya özünüidarə orqanlarını təmsil edən şəxslər CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilə bilərlər. Xüsusi səlahiyyətləri buna hüququ olan orqan, vəzifəli şəxs, əmək kollektivi verir. Xüsusi səlahiyyətlər qanunla, normativ aktla, əmrlə, əmək kollektivinin qərarı və s. ilə rəsmiləşdirilir. Bu funksiyalar müəyyən müddət ərzində, birdəfəlik və ya əsas işlə müştərək qaydada həyata keçirilə bilər.

Müstəqil əlamət kimi vəzifəli şəxsin çalışdığı orqanın, təşkilatın mənsubiyyəti çıxış edir. Qanuna görə bu, dövlət orqanları, yerli özünüidarə orqanları, dövlət və ya bələdiyyə qurumları, kommersiya və qeyri-kommersiya təşkilatları ola bilər.

Vəzifəli şəxslər həmçinin cinayət subyektinin ümumi əlamətlərinə də (anlaqlılıq, yaş həddi) malik olmalıdırlar.

Sorğudan göründüyü kimi, təcrübədə göstərilən üç kateqoriyaya aid olan vəzifəli şəxslərlə bağlı mübahisə yaranmır.   

Bununla belə, qeyd edildiyi kimi, CM-in 308-ci maddəsinin “Qeyd”  hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışına daxil olan subyektlərin dairəsi  əvvəlki redaksiyada verilmiş subyektlərin dairəsindən daha genişdir.

Belə ki, CM-in 308-ci maddəsinin “Qeyd” hissəsində dövlət və bələdiyyə qulluqçuları, bələdiyyə üzvləri, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, habelə dövlət və bələdiyyə müəssisəsi, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri də vəzifəli şəxslər sırasına aid edilmişdir.

Məsələ ilə bağlı digər ölkələrin qanunvericiliyində vəzifəli şəxs hesab edilən şəxslərin cinayət qanunvericiliyi baxımından hansı statusa malik olmaları maraq doğura bilər.

Bir çox ölkələrin cinayət qanunvericiliyində vəzifəli hesab edilən şəxs, bu terminin ictimai-hüquqi mənasında idarəçilik funksiyasını yerinə yetirən, dövlətin iradəsinin ifadəçisi kimi çıxış edir. Bunun təsdiqi kimi ilk növbədə həmin subyektlərin adları çıxış edir – “ictimai qulluqçu”, “ictimai vəzifəli şəxs”, “dövlət funksiyasını və ya səlahiyyətlərini həyata keçirən şəxs”, “məmur”, “dövlət işçisi”.

Bu ölkələrin qanunvericiliyindəki vəzifəli şəxslərin dairəsinin Azərbaycan Respublikasının CM-də göstərilən vəzifəli şəxslərlə oxşarlığını müəyyən etmək olar. Bu mənada, həmin subyektlərin müəyyən edilməsi baxımından Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə daha yaxın olan Almaniya Federativ Respublikasının Cinayət Məcəlləsində (bundan sonra – AFR CM) vəzifəli şəxsə verilən anlayışdır.

AFR CM-in §11-ə əsasən “vəzifəli şəxs”: a) məmur və ya hakim olan; b) vəzifəsinə görə dövlət-hüquqi münasibətlərlə sıx bağlı olan və ya; c) hakimiyyət orqanında və ya digər təşkilatda yaxud onların tapşırığı əsasında dövlət idarəçiliyi vəzifələrini yerinə yetirən şəxs  hesab olunur.

Əksər ölkələrdə cinayət qanunvericiliyi, cinayət hüquq nəzəriyyəsi və əlaqəli hüquq sahələrində (inzibati, cinayət-prosessual, cəza-icra) “vəzifəli şəxs” termini ilə yanaşı sinonim kimi “məmur” terminindən də istifadə edilir. Polşa Respublikasının qanunvericiliyində “dövlət qulluqçusu” deyil,  “məmur” kateqoriyasına üstünlük verilmişdir.

Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının cinayət qanunvericiliyi baxımından “dövlət qulluqçusu“ və “vəzifəli şəxs” anlayışlarını eyniləşdirmək olmaz.

“Vəzifəli şəxs” və “dövlət qulluqçusu” anlayışları qismən üst-üstə düşən anlayışlar olsalar da müxtəlif mahiyyətə malikdirlər. Belə ki, elə vəzifəli şəxs var ki, dövlət qulluqçusu deyil və elə dövlət qulluqçusu var ki, vəzifəli şəxsin xüsusiyyətlərini daşımır.

“Dövlət qulluqçusu” anlayışına cinayət hüququ elmi baxımından peşəkar əsaslarla və ya bu cür funksiyanı həyata keçirən xüsusi səlahiyyət əsasında dövlət qulluğunda olan bütün şəxsləri özündə cəmləşdirən toplayıcı definisiyaya kimi baxmaq lazımdır. Bu kateqoriyaya fərqli statuslara və vəzifə mövqelərinə malik olan şəxslər daxildir.

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür.

Həmin Qanunun 10.5-ci maddəsinə görə inzibati vəzifələr Ali-5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifəsidir.

Qeyd edilən  Qanunun 10.6-cı maddəsində Ali-5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələri yardımçı vəzifələr kimi müəyyən edilmişdir.

İnzibati və yardımçı  vəzifə tutan şəxslərin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.

Dövlət qulluğunun yeni, kifayət qədər genişləndirilmiş və  dəyişdirilmiş normativ bazası yaradılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən dövlət qulluğu institutunu şərti olaraq üç kateqoriyaya ayırmaq olar:

1)  mülki xidmət – dövlətin mülki xidmət sahələrində vətəndaşların peşəkar xidmət fəaliyyəti;

2)  hərbi xidmət – dövlətin müdafiəsi və təhlükəsizliyinə dair funksiyanı həyata keçirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış başqa qoşun birləşmələrində hərbi vəzifələrdə vətəndaşların peşəkar fəaliyyəti;

3)  hüquq mühafizə xidməti – cinayətkarlıqla mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində təhlükəsizliyi, qanunçuluğu və hüquq qaydasını təmin etmək funksiyasını həyata keçirən dövlət orqanlarında, idarə və təşkilatlarında hüquq mühafizə xidməti vəzifələrində vətəndaşların peşəkar xidməti fəaliyyətidir.

Dövlət qulluğunun müəyyən növlərinə xüsusi qanunlar həsr olunmuşdur.

Mülki xidmət – mülki xidmət keçməyə dair öz üzərinə öhdəlik götürmüş Azərbaycan Respublikasının vətəndaşının fəaliyyətidir. Mülki qulluqçu vəzifəyə təyin edilməyə dair akta və xidməti müqaviləyə müvafiq olaraq mülki qulluq vəzifəsində peşəkar xidməti fəaliyyəti həyata keçirir və dövlət büdcəsinin hesabına maddi təminat alır.

Xidmət – bir qayda olaraq maddi nemətlərin istehsalı ilə bilavasitə əlaqəli olmayan, dövlət və bələdiyyə təşkilatlarında, kommersiya və qeyri-kommersiya təşkilatlarında işləyən şəxlərin əvəzli fəaliyyətidir. Bu anlayış dövlət qulluğunun bir forması olan hərbi xidmətə də aid edilir.

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının 2 iyul 1999-cu il tarixli Qanununun (bundan sonra – “Bələdiyyələrin statusu haqqında” Qanun) 15-ci maddəsinin 1-ci hissəsinə əsasən bələdiyyə üzvü bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir.

Həmin Qanunun 25-ci maddəsinin 1-ci hissəsinə görə bələdiyyə orqanlarında vəzifə tutan şəxslər bələdiyyə qulluqçularıdır.

“Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının 30 noyabr 1999-cu il tarixli Qanununun 2-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bələdiyyə qulluqçusu yerli özünüidarə orqanlarına təyin olunmaqla vəzifə tutan və ödənişli əsaslarla xidmət göstərən işçi hesab edilir.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.3-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq, onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır.

Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir.

Yuxarıda göstərilən şəxslərdən dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və miçman olan hərbi qulluqçular CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinə əsasən vəzifəli şəxs hesab edilən hakimiyyət nümayəndələri sırasına aid edilmişdir.

Bununla bağlı “hakimiyyət nümayəndələri” anlayışının açıqlanmasına zərurət yaranır.

Hakimiyyət nümayəndələri dedikdə qanunverici, icra və məhkəmə hakimiyyətini həyata keçirən şəxslər, həmçinin qanunla müəyyən edilmiş qaydada onların tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi, habelə fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan şəxslər başa düşülür.

Belə funksiyaları deputatlar, hökümətin üzvləri, məhkəmələrin hakimləri, qanunların icrasına nəzarəti həyata keçirən, ictimai qaydanı qoruyan, cinayətkarlıqla mübarizəni həyata keçirən, yanğın, epidemiya əleyhinə və digər təhlükəsizliyi təmin edən orqanların (polis, təhlükəsizlik xidməti, gömrük xidməti, dövlət meşə nəzarəti və s.) işçiləri, nazirliklərin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının rəhbərləri, onların müavinləri, struktur bölmələrinin rəhbərləri və digərləri həyata keçirirlər.

Məsələn, zabit, gizir və ya miçman olan hərbi qulluqçuların səlahiyyətləri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2011-ci il tarixli Qanunu, Azərbaycan Respublikasının 23 sentyabr 1994-cü il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”  ilə müəyyən edilir.

Bu qanunların tələblərinə uyğun olaraq zabit, gizir və ya miçman xidməti vəzifəsinə və ya hərbi rütbəsinə görə tabeçiliyində olan hərbi qulluqçulara icrası məcburi olan əmr vermək hüququna malikdirlər.

Bir çox hakimiyyət nümayəndələrinin tabeçiliyində şəxslər olmur, lakin onların tabeçiliyində olmayan şəxslər üçün icrası məcburi olan göstərişlər vermək, məcburiyyət tədbirləri tətbiq etmək və s. hüququ vardır (polis, təhlükəsizlik xidməti və digərləri).

Kollegial orqanların tərkibinə daxil olan şəxslər də hakimiyyət nümayəndələri ola bilər. Məsələn, Konstitusiyanın 145-ci və “Bələdiyyələrin statusu haqqında” Qanunun 48-ci maddəsinə uyğun olaraq bələdiyyənin qərarları bələdiyyə üzvləri tərəfindən qəbul edilir. Bələdiyyənin qərarları bələdiyyənin ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən hökmən icra edilməlidir. Başqa sözlə, bələdiyyə üzvləri tərəfindən qəbul edilmiş qərarların icrası  məcburi xarakter daşıyır.

Beləliklə, qanunla müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar.

Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəli şəxs sırasına aid edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər.

Qeyd edilməlidir ki, elə hərəkətlər hüquqi əhəmiyyət kəsb edən hesab olunurlar ki, onların edilməsi hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması kimi nəticələrə səbəb olur və ya səbəb ola bilər.

Həmin anlayışa uyğun olaraq, hüquqi əhəmiyyət kəsb edən hərəkətlər dedikdə onları etməyə səlahiyyəti olan şəxslərin hərəkətləri başa düşülür. Bu əlamətin mövcudluğu şəxsin müəssisə, idarə və təşkilatda daimi və ya müvəqqəti olaraq müəyyən vəzifə tutmasını (müəyyən işi görməsini) və buna müvafiq olaraq müəyyən hallarda hüquqi əhəmiyyətli hərəkətləri etməsini nəzərdə tutur.

Beləliklə, cinayət qanununun məzmununa görə müəyyən olunmuş qaydada hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli şəxslər - müəssisə, idarə və təşkilatlarda (mülkiyyət formasından asılı olmayaraq) daimi və ya müvəqqəti olaraq vəzifə tutan və ya üzərlərinə qoyulmuş öhdəlikləri xüsusi tapşırıq əsasında icra edən, başqa şəxslər  üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətləri edən şəxslərdir.

Sorğuda göstərilmişdir ki, bəzi hallarda təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirməyən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçilərinin (müəllim, həkim və başqaları), yaxud yardımçı vəzifə tutan dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və digər işçilər) “vəzifəli şəxs” anlayışına daxil olub-olmaması mübahisə doğurur.

Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli olan şəxslər sırasına, məsələn, yalnız ixtisasartırma və ya imtahan komissiyasının üzvü olan müəllimləri deyil, tələbələrdən və ya təhsil alan digər şəxslərdən imtahanları qəbul edən müəllimləri də aid etmək olar.

Müəllimlər tərəfindən rəsmi sənədlərdə əks olunan imtahanlara verilmiş qiymət, həmçinin imtahan zamanı təhsil alanların biliklərinin mənfi və ya müsbət qiymətləndirilməsi bir halda hüquqi əhəmiyyətli nəticənin yaranması, yəni hüquq münasibətinin yaranması, dəyişməsi və ya xitam olunması üçün birbaşa və bilavasitə əsas olur. Digər halda isə bu cür hərəkətlər göstərilən nəticələrin baş verməsi üçün vacib əsaslardan biri olur, yəni hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitam olunmasına digər hallarla birlikdə məcmu şəkildə təsir edir. Tələbələrin və ya təhsil alan digər şəxslərin gələcəkdə müvafiq təhsil ocağında təhsil almaları, təhsil təqaüdü, bəzi təhsil müəssisələri məzunlarının işə qəbulu zamanı əmək haqlarının artırılması üçün əsas olan fərqlənmə diplomunu almaq, qeyri-dövlət təhsil müəssisələrində aşağı təhsil haqqı ödəmək və s. hüquqların yaranması, onların imtahanlarda biliklərinə verilən qiymətlərdən asılıdır.

Göstərilənlər nəinki təhsil sahəsində öz vəzifələrini həyata keçirən şəxslərin, o cümlədən digər xidmət sahələrində çalışan və hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyəti olan şəxslərin də vəzifəli şəxslər sırasına aid olunmasını istisna etmir.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həmin şəxslərin qulluq mənafeyi əleyhinə cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunmaları hər bir konkret hal üçün qeyd edilən cinayətin digər tərkib əlamətlərinin olub-olmamasına, əməlin ictimai təhlükəlilik dərəcəsinin və xarakterinin qiymətləndirilməsinə, o cümlədən CM-in 14.2-ci maddəsinin tələbinə uyğun olaraq  əməlin az əhəmiyyətli olub-olmaması məsələsinə təsir edən işin bütün halları nəzərə alınmaqla həll olunmalıdır.

Dövlət və ya bələdiyyə orqanlarında yardımçı heyət (kargüzar, makinaçı, kuryer, liftçi və digərləri) - vəzifəli şəxslərin fəaliyyətinin təmin olunması üçün köməkçi maddi-texniki əməliyyatları həyata keçirən əməkdaşlardır. Onlar müvafiq orqanların səlahiyyətlərinin həyata keçirilməsi fəaliyyətində bilavasitə iştirak etmirlər, dövlət və ya bələdiyyə orqanları aparatlarının fəaliyyətinin maddi-texniki və məlumat prosessinin təminatı ilə məşğuldurlar.

Həmin şəxslər yalnız qanunla, digər normativ hüquqi aktla, əmr və ya sərəncamla təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyasını yerinə yetirdikdə,  həmçinin xüsusi səlahiyyət əsasında hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etdikdə vəzifəli şəxs hesab oluna bilərlər. 

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məsələnin bu cür həlli Konstitusiyaya, “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”  və “Korrupsiya əleyhinə” Konvensiyalara, habelə qanunlara zidd deyildir. Əksinə, “vəzifəli şəxs” anlayışının geniş şərh edilməsi korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərin xarakterik xüsusiyyətlərinin nəzərə alınmamasına, bu cinayətlərin xüsusi subyektlərinin dairəsinin əsassız olaraq həddindən artıq genişləndirilməsinə səbəb ola bilər.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə:

- qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;

- dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini,  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə:

 -  qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;

-  dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                              Fərhad Abdullayev