Постановления

13.06.13 “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci mad. II hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun

22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti

orqanının razılığı” müddəasının  şərh edilməsinə dair

13 iyun 2013-cü il                                                                    Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, 

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Rüstəm Kərimlinin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin böyük məsləhətçisi Həsən Şirinovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Fərhad Mehdiyevin,

mütəxəssis Azərbaycan RespublikasıDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Hüquq və qeydiyyat şöbəsinin baş məsləhətçisi Səbinə Allahverdiyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin müraciəti əsasında “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim Ceyhun Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N     E T D İ:

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dini etiqad azadlığı haqqında” Qanun) 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilir ki,Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (bundan sonra–Komitə) 23 fevral 2011-ci il və 9 mart 2011-ci il tarixli məktubları ilə “Yehovanın şahidləri” dini icmasına dini nəşrin idxalının sayına və istifadəsinə məhdudiyyət qoyulmuşdur. Dini icma üzvləri bu məktubların qanunsuz hesab edilərək ləğv edilməsi və qeyri-maddi ziyanın ödənilməsi barədəiddia tələbi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişlər.İddiaçıların qənaətinə görə Komitə tərəfindən dini icmaya ünvanlanan məktublarda dini təyinatlı ədəbiyyatın idxalının qadağan edilməsinə, sayına və istifadəsinə məhdudiyyət qoyulmasına dair yalnız münasibət bildirilmiş və bu məktublar hüquqi nəticə yaradan inzibati akt kimi qəbul edilə bilməz.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi işə baxarkən “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinin ikinci hissəsinin“müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının mahiyyətcə inzibati akt olub-olmaması məsələsinə dair müəyyən çətinliklərlə qarşılaşmışdır.

Müraciətedənin qənaətinə görə məhkəmə tərəfindən mübahisənin predmeti və iddia növünün düzgün müəyyən edilməsi inzibati məhkəmə icraatının vacib şərtlərindən biridir. Məhz bu baxımdan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının mahiyyətcə inzibati akt olub-olmaması məsələsinə dair vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinin ikinci hissəsinin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı ilk növbədə qeyd edirki, inzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələr subyekt və predmet baxımından digər məhkəmə icraatınövlərindənfərqlənir. Ona görə məhkəmə təcrübəsində mübahisələrin aidiyyəti məsələsi həll edilərkən iddianın subyekti, mübahisənin predmeti və bununla bağlı məhkəmə aidiyyətinə dair prosessual normaların tətbiqində vahid mövqe formalaşmalıdır. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri ehtiva edir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Bezımyannaya Rusiya Federasiyasına qarşı iş üzrə 22 dekabr 2009-cu il tarixli qərarında bildirmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. 

Avropa Məhkəməsinin Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarındagöstərilmişdirki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya)6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.

Bununla yanaşı,Avropa MəhkəməsininBaburinin Rusiya Federasiyasına qarşı iş üzrə 24 mart 2005-ci il tarixli qərarındaqeyd olunmuşdur ki, mübahisə subyektlərinin kommersiya təşkilatı və ya fiziki şəxs olub-olmamalarına dair bir- birinə zidd olan qərarların qəbul edilməsi ədalət mühakiməsinin təminatının ciddi şəkildə ləngiməsinə səbəb olmuş və nəticə etibarı ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozulması kimi qiymətləndirilməlidir. 

İnzibati hüquq mübahisələrininəsas subyekti qismində inzibati (publik funksiyaları həyata keçirən) orqan çıxış edir. İnzibati-prosessual qaydada baxılan mübahisənin tərəflərindən biri mütləq qaydada inzibati orqandır.İnzibati orqanların siyahısı“İnzibati orqanların Təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı Qərarında verilmişdir.

Müraciətdə qaldırılan məsələ bilavasitə din və vicdan azadlığı hüququnun təminatı ilə bağlı dövlət idarəetmə tədbirləri ilə əlaqəlidir. Bu tədbirin mahiyyət üzrə mübahisələndirilməsi inzibati-iqtisadi məhkəmələrdə mümkündür. Lakin ərazi üzrə məhkəmə aidiyyətinin dəqiq və obyektiv müəyyən edilməsi üçün bu aktı qəbul edən orqanın hüquqi statusu təhlil edilməlidir.  

“Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinin ikinci hissəsinə əsasən dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bilərlər.

“Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinin ikinci hissəsində və 29-cu maddəsinin adında və birinci abzasında nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətini Komitə həyata keçirir. Bu inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Belə olan halda,Komitə tərəfindən qəbul edilən inzibati akt mübahisələndirildiyi zaman ərazi baxımından məhkəmə aidiyyəti həll edilərkən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 8.1.2-ci maddəsi rəhbər tutulmalıdır.  

Komitə tərəfindən həyatakeçirilən dinşünaslıq ekspertizasının rəyi əsasında dini təyinatlı ədəbiyyatın idxalına razılıq verilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyul 2001-ci il tarixli, 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında” Əsasnamənin 7.8-ci maddəsi ilə dini ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının dinşünaslıq ekspertizasının aparılmasının təmin edilməsi Komitənin vəzifələrinə aid edilmişdir.

İnzibati mübahisələrin predmeti və baxılan iddiaların subyektlərinindairəsi baxımından aidiyyət məsələsi İPM-in2.2-ci maddəsi ilə tənzimlənir. Məcəllədəhər bir iddia növü üçün xüsusi və fərqli prosessual qaydalar müəyyən edilmişdir (İPM-in 32, 33, 34, 36, 39, 70, 72, 73, 74-cü maddələri).Beləliklə, inzibati məhkəmə icraatı zamanı məhkəmə tərəfindən mübahisənin predmeti və iddia növünün düzgün müəyyən edilməsi vacib şərtlərdən biridir.

Bununla yanaşı, İPM inzibati mübahisələrin aidiyyət məsələsini inzibati aktın xüsusiyyəti baxımındanprosessual qaydada dəqiq tənzimləyir. Belə ki, İPM-in 8.1.2-ci maddəsi müəyyən edir ki, inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır.

Digər halda mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.Belə olan halda inzibati aktın xüsusiyyətinin obyektiv cəhətdən dəqiq qiymətləndirilməsi ərazi üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsinə xidmət etmiş olar.

Məhz bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə əlaqədar inzibati aktın hüquqi təbiətinə diqqət yetirilməsini zəruri hesab edir.

İnzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən aktbaşa düşülür.

İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkretməsələləri və mübahisələri həll edir.

İnzibati aktınyaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir.Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən,ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir.

Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun)“inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasəninzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.

Göstərilən maddənin mahiyyətini təhlil edərəkbelə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir:

·               inzibati orqan tərəfindən qəbul edilməli;

·               ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı;

·               ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı;

·               hakimiyyət tədbiri olmalıdır.

Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir

Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir.

Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarındaformalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir.

İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt  müxtəlif hüquq subyektlərininhüquqi statusunu fərqli müəyyən edə bilər.Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır.

Sənədin formasına görə inzibati akt,qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar,sərəncam və ya digər növ aktdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyitəqdirdə inzibati akt hesab edilməlidir.

İnzibati akt formasına görə yazılışifahiola bilər. “İnzibati icraat haqqında” Qanunun 57.3-cü maddəsinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər.

“İnzibati icraat haqqında” Qanun inzibati aktın qəbul edilməsi üçünaşağıdakı tələbləri irəli sürür:

·               qəbul olunan inzibati akt diskresion səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2-cimaddə);

·               qanun qarşısında bərabərlik prinsipinə riayət edilməlidir(12.1-ci maddə);

·               mütənasiblik prinsipinə riayət edilməlidir (17-ci maddə);

·               qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilməlidir (57.1-ci maddə);

·               inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır (58.2-ci maddə);

·               inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir (58.3-cü maddə).

İnzibati aktda bu aktı qəbul etmiş orqanın adı; inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat, habelə inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü əks olunmalıdır (“İnzibati icraat haqqında” Qanunun59.1-ci maddəsi).

Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir (“İnzibati icraat haqqında” Qanunun61-ci maddəsi).

Qeyd olunmalıdır ki, inzibati orqan tərəfindən inzibati akt tərtib olunarkən“İnzibati icraat haqqında” Qanununyuxarıda sadalanan maddələrində nəzərdə tutulan tələblərə riayət olunmaması inzibati aktın etibarsızlığına səbəb ola bilər. Hər bir halda hüquqi və ya fiziki şəxsin statusunu dəyişə biləcək, onun barəsində hər hansı hüquqi nəticələrə səbəb ola biləcək inzibati aktı tərtib edən inzibati orqan bu aktı tərtib edərkən qanunvericiliyin tələblərinə riayət etməlidir.

Bununla yanaşı inzibati aktları müxtəlif əsaslara görə təsnif etmək olar. Belə ki, maraqlı şəxsin hüquqi vəziyyətinə təsirindən asılı olaraq inzibati aktlar əlverişli əlverişsiz ola bilər.Bununla bağlı qeyd olunmalıdır ki, qanunverici tərəfindən hər hansı bir dövlət orqanının səlahiyyətlərinə fiziki və ya hüquqi şəxslərin müraciətlərinə razılıq verilməsi aid edilibsə, razılığın verilməsi əlverişli inzibati akt kimi, əks təqdirdə əlverişsiz inzibati akt kimi qiymətləndirilə bilər.

 Hüquq normasının düzgün tətbiq edilib-edilməməsindən asılı olaraq inzibati aktlar qanuniqanunsuz ola bilərlər.

Qanunvericilik inzibati icraatda təyinatından asılı olaraq aralıq inzibati aktlarınıxüsusi fərqləndirir. Aralıq inzibati aktkonkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Şikayətin verilməsi əsasından asılı olaraq aralıq inzibati aktları şərti olaraq aşağıdakı qruplara bölmək olar:

·               barəsində şikayət verilə bilən aralıq inzibati aktlar;

·               barəsində şikayət verilə bilməyən aralıq inzibati aktlar.

Barəsində şikayət verilə bilən aralıq inzibati aktlar “İnzibati icraat haqqında” Qanun ilə müəyyən olunur. Həmin Qanunun 71.3-cü maddəsinə uyğun olaraq yalnız aşağıdakı hallarla bağlı aralıq inzibati aktlardan müstəqil şəkildə subordinasiya baxımından yuxarı inzibati orqana və ya şikayətə baxmaq səlahiyyətinə malik olan digər orqana şikayət verilə bilər:

·               səlahiyyətlə bağlı;

·               etirazla bağlı;

·              icraat üzrə materialların tanış olmaq üçün maraqlı şəxsə təqdim edilməsindən və ya iş üzrə maraqlı şəxsə məlumat verilməsindən imtina olunması ilə bağlı;

·               qanunla birbaşa nəzərdə tutulmuş digər hallarda.

 “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt, müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt,qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt, maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt, faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt, kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır.Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır.

Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:

·               “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradanməktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı inzibati aktın məzmunu da nəzərə alınmalıdır;

·               “Dini etiqad azadlığı haqqında” Qanunun 22-ci maddəsinin ikinci hissəsinin “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəası bu Qərarın birinci hissəsində göstərilən meyarlara cavab verən hər hansı bir Qərarın qəbul olunmasını ehtiva edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

QƏRARA ALDI:

1.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır.

2. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsinin “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəası bu Qərarın birinci hissəsində göstərilən meyarlara cavab verən hər hansı bir qərarın qəbul olunmasını ehtiva edir.

3.Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                    Fərhad Abdullayev