Постановления

04.03.13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin

Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında

4 mart 2013-cü il                                                                                                   Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi İkram Şirinovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Rafiq Quliyevin,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Fərhad Kərimovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Qail Məmmədovun və Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Qəzənfər Bayramlının iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsinə dair Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 5 oktaybr 2012-ci il tarixli müraciəti ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D İ:

Bakı şəhəri Nəsimi rayon məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 63, 64 və 71-ci maddələri, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi və Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, V.Atakişiyev 24 yanvar və 6 mart 2011-ci il tarixlərində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə cinayətləri törətmişdir.

Həmin cinayət əməllərinə görə Suraxanı rayon məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli hökmünə əsasən V.Atakişiyev Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.

Sonradan məlum olmuşdur ki, V.Atakişiyev 14 fevral 2011-ci il tarixində oğurluq cinayəti törətmişdir. Həmin cinayət işi hal-hazırda Nəsimi rayon məhkəməsinin icraatındadır.

Müraciətdən göründüyü kimi, dövlət ittihamçısı Suraxanı rayon məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli hökmünü və Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndini əsas tutaraq V.Atakişiyevin Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə (təkrar törədildikdə) təqsirli bilinməsinə dair hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir.

Təqsirləndirilən şəxsin müdafiəçisi isə dövlət ittihamçısının mövqeyi ilə razılaşmayaraq, V.Atakişiyev tərəfindən 24 yanvar 2011-ci il tarixində törədilmiş cinayət əməlinin Suraxanı rayon məhkəməsinin 25 oktyabr 2011-ci il tarixli hökmündə cinayətin təkrar törədilməsi kimi artıq nəzərə alındığını və onun Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğunu, buna görə də həmin əməlin yenidən təkrarlıq kimi qiymətləndirilməsinin yolverilməz olduğunu bildirmişdir.

Bu baxımdan Nəsimi rayon məhkəməsi Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə müvafiq olaraq cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsinə dair ümumi qaydaları Azərbaycan Repsublikasının Milli Məclisi müəyyən edir. Bu baxımdan qanunverici cinayət qanunvericiliyi sahəsində müəyyən olunmuş səlahiyyətlərini həyata keçirərək Konstitusiya ilə nəzərdə tutulan hədlərdə cinayət qanununun müddəalarının məzmununu, o cümlədən ictimai təhlükəli əməllərin törədilməsinə görə cəzaları və şəxsin cinayət törətməsinin digər cinayət-hüquqi nəticələrini müəyyən etməkdə haqlıdır.

Bununla belə, şəxsiyyətin, cəmiyyətin və dövlətin müdafiəsinə, habelə cinayətlərin qarşısının alınmasına yönəlmiş cinayət-hüquq institutları ümumi (publik) hüquq münasibətlərinin sözügedən sahəsində şəxsin konstitusiya təminatlarına sözsüz riayət edilməklə, ədalət və cinayət məsuliyyətinin cinayət qanunvericiliyi ilə müdafiə olunan dəyərlərə mütənasibliyi prinsiplərinə əsaslanmalıdır.

Bu baxımdan Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndi şərh edilərkən hüquqi məsuliyyətin Konstitusiya normalarından irəli gələn və bu sahədə dövlətlə şəxsiyyətin qarşılıqlı münasibətlərinin əsasını təşkil edən ümumi prinsiplərindən çıxış etmək zəruridir. Həmin prinsiplər cinayət-hüquqi tənzimlənmə prosesində qanunvericinin səlahiyyətlərinin hədlərini, eləcə də cinayət məsuliyyətinə cəlb edilən şəxsin konstitusiya-hüquqi təminatlarını müəyyən edir.

Cinayətlərin təkrar törədilməsi Cinayət Məcəlləsinin 16-cı maddəsində əks olunmuşdur. Bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. (Cinayət Məcəlləsinin 16.1 və 16.2-ci maddələri)

Habelə qanunverici bir sıra cinayət əməllərinin kriminoloji baxımdan yüksək ictimai təhlükəliliyini nəzərə alaraq belə cinayətlərin təkrarlığının yaranmasını Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddələrində birbaşa qeyd etmişdir.

Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinə müvafiq olaraq bu Məcəllənin 177-185-ci, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-185-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi onların təkrar törədilməsi hesab olunur.

Cinayət qanunvericiliyində cinayətlərin təkrar törədilməsi institutu məsuliyyətin gücləndirilməsi və ya məsuliyyətin ağırlaşdırılması halı kimi qiymətləndirilir. Şəxs tərəfindən cinayətin təkrar törədilməsi, bir qayda olaraq, onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Bu baxımdan, qanunvericilikdə təkrar cinayətə görə daha ağır cəza təyin edilməsi nəzərdə tutulmuşdur.

Bununla belə, cinayət qanunvericiliyində təkrar törədilən cinayətlərə görə təyin ediləcək cəzanın daha ağır olması nəzərdə tutulsa da, cinayət qanununun ədalət prinsipinə müvafiq olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza təyin edilərkən qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipləri mütləq nəzərə alınmalıdır.

Cinayət Məcəlləsinin ədalət prinsipini nəzərdə tutan 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyinin ədalət prinsipinin tərkib hissəsi olan heç kəsin eyni bir cinayətə görə təkrarən məsuliyyətə cəlb edilməsinin yolverilməzliyi Konstitusiyanın 64-cü maddəsindən irəli gəlir. Konstitusiyanın həmin maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.

Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına görə əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya-hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyəti etibarilə həm qanunvericiyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir.

İki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır. “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz.

Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə isə heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ədalət prinsipini nəzərdə tutan Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Bu prinsip həmçinin eyni növlü cəzanın əsas və əlavə cəza kimi təyin edilməsinin yolverilməzliyini ehtiva edir.

Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi konstitusiya prinsipi habelə Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliklərində təsbit edilmişdir.

Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə görə heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 34.1-ci maddəsinə görə heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz.

Şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı, şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (Cinayət-Prosessual Məcəlləsinin 39.1.6 və 39.1.7-ci maddələri)

Qanunvericilik normalarından göründüyü kimi, non bis in idem prinsipi törədilmiş cinayət əməli və onu törədən şəxs barədə məhkəmənin yekun bəraətverici və ya ittihamedici hökmü olduqda, eyni zamanda cinayət işinin başlanmasından imtina edildikdə və ya cinayət təqibinin istənilən mərhələsində cinayət işinə xitam verildikdə, həmin ittiham əsasında gələcəkdə cinayət təqibini istisna edir.

Həmçinin bu prinsip, şəxs törətdiyi cinayət əməlinə görə məhkəmənin hökmü ilə müəyyən olunmuş cəzanı çəkdikdən sonra, məhkəmənin işə baxarkən buraxdığı səhvi olduqda belə, ona həmin təqsirli əməlinə görə yenidən əlavə cəzanın təyin edilməsini istisna edir. Çünki, təqsirli şəxs tərəfindən ona təyin edilən cəza tam çəkildikdə və ya şəxs cəzanı çəkməkdən azad olunduqda ona təyin olunmuş cəza ödənilmiş sayılır. Bu səbəbdən də, dövlət təqsirli şəxsə qarşı cinayət təqibini qeyri-müəyyən vaxt həcmində davam etdirə bilməz.

Eyni zamanda, Konstitusiyada və cinayət qanununda təsbit edilmiş bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsini əks etdirən non bis in idem prinsipi yalnız şəxsin eyni bir cinayət əməlinə görə təkrar məhkum edilməsinin və cəzalandırılmasının qarşısını alan qayda kimi dar mənada təfsir olunmur.

Bu prinsip həm də cinayət-hüquqi əhəmiyyəti olan eyni bir halın iki dəfə, həm cinayətin tövsifi zamanı, həm də cəza təyin edilməsi zamanı nəzərə alınmasını istisna edir. Belə ki, bu prinsip hər hansı bir cinayət-hüquqi xarakterli tədbirin cinayət əməlinə hüquqi qiymət verilərkən təkrarən tətbiq olunmasına qadağa qoyur.

Qeyd olunan prinsipin yuxarıda göstərilən əlamətlərindən bəziləri Azərbaycan Respublikasının cinayət qanunvericiliyində də öz əksini tapmışdır. Belə ki, Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.

Bu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) presedent hüququnda da əksini tapmışdır.

Avropa Məhkəməsinin Sergey Zolotuxin Rusiya Federasiyasına qarşı iş üzrə 07 iyun 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində istifadə edilən “məhkum etmə” və “cəzalandırma” ifadələri şəxsin təkrar məhkum edilməsi ilə yanaşı, ikiqat cəzalandırılmasının da qadağan edildiyini göstərir. Əks təqdirdə “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət olmazdı, çünki bu adi təkrarçılıq kimi görünərdi. Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur.

Bununla yanaşı qərarda qeyd edilmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, həmçinin şəxsin iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmasının və ya təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur.

Həmçinin, Avropa Məhkəməsinin Böyük Palatası qeyd etmişdir ki, Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsi birinci hüquqpozmanın əsasını təşkil edən eyni faktlara və ya əsas etibarı ilə eyni faktlara əsaslanan ikinci hüquqpozmaya görə şəxsin cinayət təqibini qadağan edən norma kimi təfsir edilməlidir (Sergey Zolotuxin Rusiya Federasiyasına qarşı iş üzrə 10 fevral 2009-cu il tarixli qərar).

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi konstitusiya prinsipi həmçinin hər hansı bir cinayət hüquqi xarakterli tədbirin bir iş üzrə təkrarən tətbiq olunmasını istisna edir.

Bununla yanaşı qeyd olunmalıdır ki, bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi konstitusiya prinsipi qanunverici orqan tərəfindən təkrarlıq və residiv institutlarının cinayət qanununda təsbit edilməsini, habelə şəxsə tətbiq olunan cəzanın növü və həddinin müəyyən edilməsi zamanı məhkəmənin cinayətin xarakterini, onun cinayət qanunu ilə qorunan dəyərlər üçün təhlükəlilik dərəcəsini, intensivliyini, cinayətin törədilməsi səbəblərini və digər halları, o cümlədən cinayəti törətmiş şəxs haqqında məlumatları nəzərə almasını istisna etmir, bir şərtlə ki, bu institutların tənzimlənməsi və tətbiqi hüquqi məsuliyyətin konstitusiya prinsiplərinə və ümumi (publik) hüquq münasibətlərində şəxsiyyətin təminatlarına adekvat olsun.

Lakin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi müəyyən olunmuş təkrarçılıq əlaməti ilə barəsində hökm çıxarılmış şəxsin hökm çıxarılmazdan əvvəl eyni maddə ilə nəzərdə tutulmuş cinayəti törətməsi aşkar olunduqda, onun bu əməlinin yenidən təkrarçılıq əlaməti ilə tövsif olunması bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsi konstitusiya prinsipi və Cinayət Məcəlləsində əks edilmiş ədalət prinsipi ilə uzlaşmır.

Göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin bu Qərarda müəyyən olunmuş konstitusiya-hüquqi mənasına uyğun tətbiq edilməməsi şəxsə təyin edilən cəzanın həddən artıq sərt olması ilə nəticələnə bilər.

Belə ki, şəxs Cinayət Məcəlləsinin 177-185-ci, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş və həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin təkrar törədilməsinə görə barəsində hökm çıxarılmışdır. Sonradan şəxsin hökm çıxarılmazdan əvvəl həmin maddələrlə (177-185) nəzərdə tutulmuş daha bir cinayəti törətməsi müəyyən olunmuşdur. Onun bu əməli hökm çıxarılmazdan əvvəl məlum olsaydı, ona təyin edilən cəzanın həddi hökm çıxarıldıqdan sonra ona yenidən təkrarçılıq əlaməti ilə təyin ediləcək cəzanın həddindən daha az olardı.

Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə isə cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək cinayət mühakimə icraatının vəzifələridir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A    A L D I :

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndində nəzərdə tutulmuş cinayətlərə görə məhkum olunmuş şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl həmin Məcəllənin 177-185-ci maddələrində göstərilən cinayətlərin hər hansı birinin törədilməsi bu cinayətlərin təkrar törədilməsini yaratmır.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                             Fərhad Abdullayev