Постановления

08.11.12 AR Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2012-ci il tarixli qərarı ilə bağlı AR Cinayət-Prosessual Məcəlləsinin 498, 502.1 və 503.3-cü maddələrinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının

23 may 2012-ci il tarixli qərarı ilə bağlı Azərbaycan Respublikası

Cinayət-Prosessual Məcəlləsinin 498, 502.1 və 503.3-cü

maddələrinin şərh edilməsinə  dair

8 noyabr 2012-ci il                                                                                                      Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının sədri Şahin Yusifovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru Firuzə Abbasovanın,

mütəxəssislər Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin beynəlxalq əməkdaşlıq idarəsinin rəis müavini Tağı Eynullayevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 23 may 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

M Ü Ə Y Y Ə N   E T D İ:

Azərbaycan Respublikası Prokurorluğunun (bundan sonra - Prokurorluq) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı sorğudan görünür ki, Rusiya Federasiyasının ərazisində quldurluq cinayətinin törədilməsində ittiham olunaraq beynəlxalq axtarışda olan A.Sadıxov Bakı şəhərində tutulmuşdur.

Bununla əlaqədar Rusiya Federasiyasında başlanmış cinayət işi Azərbaycan Respublikasına göndərilərək Müstəqil Dövlətlər Birliyinin “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22 yanvar 1993-cü il tarixli Minsk Konvensiyasının (bundan sonra – Minsk Konvensiyası) tələblərinə uyğun olaraq A.Sadıxovun barəsində cinayət təqibinin Azərbaycan Respublikasının qanunvericiliyi əsasında davam etdirilməsi xahiş olunmuşdur.

Azərbaycan Respublikasında A.Sadıxova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 181.3.2 və 181.3.3-cü maddələri ilə ittiham elan olunmuş, bununla yanaşı, əlavə olaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.1, 29, 120.2.11-ci maddələri ilə adam öldürməyə qəsd edilməsi ilə bağlı ittiham irəli sürülmüşdür.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2011-ci il tarixli hökmü ilə A.Sadıxov Cinayət Məcəlləsinin 181.3.2 və 181.3.3-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona elan olunmuş ittihamın həcmindən Cinayət Məcəlləsinin 29, 120.2.1 və 29, 120.2.11-ci maddələrində nəzərdə tutulan hissə çıxarılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 dekabr 2011-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş və birinci instansiya məhkəməsinin  hökmü dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Cinayət kollegiyası) 23 may 2012-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı dəyişdirilmədən saxlanılmışdır.

A.Sadıxova elan olunmuş ittihamın həcmindən Cinayət Məcəlləsinin 29, 120.2.1 və 29, 120.2.11-ci maddələrində nəzərdə tutulan hissə Azərbaycan Respublikasının istintaq orqanları tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 498-ci maddəsinə və Minsk Konvensiyasına əsasən yeni ittiham irəli sürülərkən (adam öldürməyə qəsd) Rusiya Federasiyasının səlahiyyətli orqanlarından müvafiq razılıq alınmadığı üçün çıxarılmışdır.

Prokurorluq sorğuda Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 130-cu maddəsinin III hissəsinin 4-cü bəndinə əsasən Ali Məhkəmənin Cinayət kollegiyasının 23 may 2012-ci il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğu  mahiyyətinə görə aktın Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması ilə deyil, məhkəmə təcrübəsi üçün əhəmiyyət kəsb edən hüquq normalarının şərhi ilə bağlı olduğundan, Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 498, 502.1 və 503.3-cü maddələrinin xüsusi konstitusiya icraatı qaydasında rəsmi şərh edilməsini zəruri hesab edir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin Prokurorluğun sorğusunda qaldırılan məsələnin bütün hüquqtətbiqedici orqanlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayır.

Sorğuda qaldırılan məsələ ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Cinayət törədilməsində təqsirləndirilən və ya xarici dövlətin məhkəməsi tərəfindən məhkum olunmuş şəxsin cinayət təqibinin həyata keçirilməsi və ya hökmün icrası məqsədilə verilməsi, həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxsin cəzasını çəkmək üçün vətəndaşı olduğu dövlətə verilməsi (ekstradisiyası) cinayət mühakimə icraatı sahəsində cinayət təqibinin və cəzanın qaçılmazlığının, məhkum olunmuş şəxsin sosial reabilitasiyasının təmin olunmasına imkan verən beynəlxalq əməkdaşlığın vacib növlərindən biridir.

Cinayət təqibinin həyata keçirilməsi üzrə hüquqi yardımın, o cümlədən cinayət işləri üzrə şəxsin verilməsinin (ekstradisiyanın) əsasları və qaydaları beynəlxalq hüquq və milli qanunvericilik aktlarının müvafiq hüquq normaları ilə tənzimlənir.

Hüquqi yardım həm ölkələr arasında ikitərəfli müqavilələr, həm də çoxtərəfli konvensiyalar əsasında həyata keçirilir.

Azərbaycan Respublikası cinayətkarlıqla mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi sahələrində beynəlxalq əməkdaşlığın inkişafı və səmərəliliyinin artırılması məqsədi ilə “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına, “Cinayət işləri üzrə hüquqi yardım haqqında” 20 aprel 1959-cu il tarixli Avropa Konvensiyasına, Minsk Konvensiyasına, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında imzalanmış «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 7 oktyabr 2002-ci il tarixli Kişinyov Konvensiyasına (bundan sonra – Kişinyov Konvensiyası) qoşulmuşdur.

Qeyd olunan beynəlxalq konvensiyaların normaları Azərbaycan Respublikasının qanunvericiliyinə  implementasiya olunaraq, bir sıra normativ hüquqi aktlarda öz əksini tapmışdır.  

Konstitusiyada və mövcud qanunvericilikdə şəxsin verilməsinin həyata keçirilməsini məhdudlaşdıran bir sıra şərtlər mövcuddur.

Konstitusiyanın 53-cü maddəsinin II hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və ya xarici dövlətə verilə bilməz.

Konstitusiyada təsbit olunmuş vətəndaşlıq hüququnun təminatından irəli gələrək cinayət qanunvericiliyində xarici dövlətin ərazisində cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşlarının xarici dövlətə verilməməsi müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının vətəndaşlarının Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, Cinayət Məcəlləsi əsasında cinayət məsuliyyətinə cəlb edilmələri nəzərdə tutulmuşdur (Cinayət Məcəlləsinin 12.1 və 13.1-ci maddələri).

Bununla yanaşı, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” 15 may 2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində xarici dövlət tərəfindən verilməsi sorğu edilən şəxs, yalnız onun törətdiyi əməl Azərbaycan Respublikasının və sorğu edən dövlətin qanunvericiliyinə uyğun olaraq cinayət sayıldığı və həmin əməlin törədilməsinə görə azı bir il azadlıqdan məhrumetmə cəzası, yaxud daha ağır cəza növü nəzərdə tutulduğu hallarda verilməsinin mümkünlüyü müəyyən edilmişdir.

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanunun 1.1-ci maddəsinin məzmununa əsasən cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) Azərbaycan Respublikasının ərazisində yaşayan, yaxud olan şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdiyi əməllərə görə xarici dövlət tərəfindən cinayət məsuliyyətinə cəlb edilməsi və ya məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası üçün verilməsi deməkdir.

Xarici ölkənin ərazisində cinayət törədilməsinə görə verilmiş şəxs barəsində həyata keçirilən cinayət təqibinin hüdudları Minsk Konvensiyasının 66-cı maddəsində, Kişinyov Konvensiyasının 80-ci maddəsinin 1-ci bəndində, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanunun 4-cü maddəsində və Cinayət-Prosessual Məcəlləsinin 498-ci maddəsində müəyyən edilmişdir.

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanunun 4-cü maddəsində göstərilmişdir ki, xarici dövlətin sorğusuna əsasən verilən şəxs yalnız onun verilməsinə əsas olan cinayətin törədilməsinə görə həmin dövlətin qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təqib edilə bilər. Verilən şəxs verilmədən əvvəl törətdiyi və verilməyə əsas olmayan cinayətə görə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan məsuliyyətə cəlb oluna, yaxud üçüncü dövlətə verilə bilməz.

Cinayət-Prosessual Məcəlləsinin  498-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanının razılığı olmadan verilmiş şəxs onun verilməsindən əvvəl törədilmiş, lakin törədilməsinə görə verilmədiyi cinayətə görə cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, həmçinin üçüncü dövlətə verilə bilməz.

Cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi sahəsində dövlətlərarası əməkdaşlıq çərçivəsində qəbul edilmiş beynəlxalq aktlarda şəxsin verilməsi (ekstradisiya) ilə yanaşı, sorğu edən dövlətin ərazisində cinayət törətmiş şəxsin vətəndaşı olan dövlətin cinayət təqibi orqanları tərəfindən cinayət təqibinin həyata keçirilməsi vəzifəsi də göstərilmişdir.

Hüquqi yardım göstərilməsi üzrə cinayət təqibinin həyata keçirilməsi qaydaları Minsk Konvensiyasının 72.1 və 73.2-ci maddələri, Kişinyov Konvensiyasının 91.1 və 92.2-ci maddələri və Cinayət-Prosessual Məcəlləsinin 502 və 503.3-cü maddələri ilə tənzimlənir.

Cinayət-Prosessual Məcəlləsinin 502.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının cinayət təqibi orqanı xarici dövlətin səlahiyyətli hakimiyyət orqanının rəsmi müraciəti əsasında sorğu edən dövlətin ərazisində cinayətin törədilməsində şübhəli olan Azərbaycan Respublikasının vətəndaşları barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq cinayət təqibini həyata keçirməlidir.

Həmin Məcəllənin 503.3-cü maddəsinə görə xarici dövlətin sorğu edən səlahiyyətli orqanı tərəfindən başlanmış cinayət işi göndərildikdə həmin iş üzrə araşdırma Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq davam etdirilir.

Göründüyü kimi, cinayət törətmiş şəxsin verilməsi və sorğu üzrə cinayət təqibinin ölkə ərazisində davam etdirilməsi cinayət işləri üzrə hüquqi yardımın fərqli formalarının olması mövcud beynəlxalq hüquq və milli qanunvericilik aktlarının hüquq normalarından irəli gəlir. Burada nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit və cinayət, cinayət-prosessual qanunvericiliklərində əks olunmuş dövlətin öz vətəndaşlarına olan müstəsna yurisdiksiyası və vətəndaşların başqa dövlətə verilməsinin yolverilməzliyi prinsiplərinə görə onlarla bağlı cinayət təqibinin həyata keçirilməsi üzrə müvafiq hüquqi yardım forması və ondan irəli gələn hüquq normaları tətbiq olunmalıdır.

Ekstradisiyadan fərqli olaraq hüquqi yardım qaydasında xarici dövlətin sorğu edən səlahiyyətli orqanı tərəfindən başlanmış cinayət işi göndərildikdə, həmin iş üzrə araşdırma Azərbaycan Respublikasının sorğu edilən cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq davam etdirilməlidir.

Bu isə belə cinayət işi ilə bağlı cinayət təqibinin hədlərini, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın dəyişdirilməsini (ittihamın əlavə edilməsi və ya müəyyən hissəsinin xaric edilməsini) müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun aparılmalıdır.      

Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsində cinayət təqibi üzrə icraat zamanı sübutlarla sübut edilməli hallar göstərilmişdir. Bu halların sırasına cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi və s. daxildir.

Xüsusilə vurğulanmalıdır ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılması məqsədi ilə təhlil olunur və bir-biri ilə müqayisə edilməklə, onların mötəbərliliyi müəyyənləşdirilir (Cinayət-Prosessual Məcəlləsinin 138.1 və 144-cü maddələri). Yalnız cinayət təqibi üzrə yekun və mötəbər nəticəyə gəlməyə imkan verən mümkün sübutların məcmusu cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından sübutların kifayət etməsi kimi qəbul olunur (Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsi).

 Beləliklə, xarici dövlətin sorğusu əsasında şübhəli (təqsirləndirilən) şəxs barəsində cinayət təqibini həyata keçirərkən, həmin sorğuya əlavə olunan materiallara cinayət təqibi orqanı tərəfindən cinayət-prosessual qanunvericiliyə müvafiq olaraq hüquqi qiymət verilməli, həmin şəxsə qarşı irəli sürülmüş ittiham sübutlara əsaslanmalı və cinayət işinin materialları ilə təsdiq edilməlidir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

-   Cinayət-Prosessual Məcəlləsinin 498-ci maddəsi şəxsin verilməsi (ekstradisiya) üzrə hüquqi yardımla bağlı cinayət təqibinin hüdudlarını müəyyən edir;

-   Cinayət-Prosessual Məcəlləsinin 502.1 və 503.3-cü maddələrinə uyğun olaraq sorğu edən dövlətin ərazisində cinayətin törədilməsində şübhəli olan Azərbaycan Respublikasının vətəndaşları barəsində, habelə göndərilmiş cinayət işi üzrə cinayət təqibi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Bu halda Azərbaycan Respublikasının cinayət təqibi orqanı xarici dövlətin səlahiyyətli orqanının cinayət işi ilə bağlı hüquqi mövqeyindən asılı deyildir.

Bu Qərarda əks olunan hüquqi mövqelər Cinayət-Prosessual Məcəlləsinin 7.0.5-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar tərəfindən nəzərə alınmalı və hüquqtətbiqetmə təcrübəsində rəhbər tutulmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu 

QƏRARA  ALDI:

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 498-ci maddəsi şəxsin verilməsi (ekstradisiya) üzrə hüquqi yardımla bağlı cinayət təqibinin hüdudlarını müəyyən edir.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 502.1 və 503.3-cü maddələrinə uyğun olaraq sorğu edən dövlətin ərazisində cinayətin törədilməsində şübhəli olan Azərbaycan Respublikasının vətəndaşları barəsində, habelə göndərilmiş cinayət işi üzrə cinayət təqibi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Bu halda Azərbaycan Respublikasının cinayət təqibi orqanı xarici dövlətin səlahiyyətli orqanının cinayət işi ilə bağlı hüquqi mövqeyindən asılı deyildir.

3. Bu Qərarda əks olunan hüquqi mövqelər cinayət prosesini həyata keçirən orqanlar tərəfindən nəzərə alınmalı və hüquqtətbiqetmə təcrübəsində rəhbər tutulmalıdır.

4.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.  

Sədr                                                                      Fərhad Abdullayev