Постановления

10.10.11 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA

MƏHKƏMƏSİ PLENUMUNUN

QƏRARI

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin

bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair

10 oktyabr 2011-ci il                                                                                                       Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Vüqar Zeynalovun,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayevin,

ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Firuzə Abbasovanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının (maddənin 3-cü cümləsi), 158.4 və 290.3-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin II hissəsi, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 5-ci maddəsi baxımından şərh edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsi tərəfindən daxil olmuş müraciətlə əlaqədar konstitusiya işinə baxdı.

  İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  

M Ü Ə Y Y Ə N   E T D İ:  

Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 dekabr 2010-cu il tarixli hökmü ilə İmaməliyev Əflatun Hacırza oğlu, Məmmədov Mikayıl İsa oğlu və Rəhimov Zərxan Rahim oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM)  206.3.2,  234.4.1 və 234.4.3-cü maddələri, Məhərrəmov  Mübariz  Rəcəb oğlu isə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmuşlar.

Məhkum edilmiş şəxslər  25 may 2010-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş və onlara CM-in müvafiq maddələri ilə ittiham elan edildikdən sonra Bakı şəhəri Səbail rayon məhkəməsinin 26 may 2010-cu il tarixli qərarlarına əsasən barələrində həbs qətimkan tədbiri seçilərək, həbsetmənin əvvəli tutulduqları 25 may 2010-cu il tarixdən hesab edilməklə, həbsin müddəti 3 ay, yəni 25 avqust 2010-cu il tarixə kimi müəyyən edilmişdir.

Cinayət işi üzrə ibtidai araşdırma 17 avqust 2010-cu il tarixdə başa çatdırılmış və ibtidai araşdırmanı həyata keçirən müstəntiq tərəfindən iş materialları ilə tanış olmaları üçün təqsirləndirilən şəxslərin müdafiəçilərinə məlumat verilərək, tanış olma vaxtı 2010-cu il 21 və 24 avqust tarixləri  müəyyən edilsə də, müdafiəçilərin gələ bilməmələri səbəbindən tanış olma vaxtı 26 avqust 2010-cu il tarixə və daha sonra 31 avqust 2010-cu il tarixə təxirə salınmış, bununla bağlı müvafiq arayışlar tərtib edilərək iş materiallarına əlavə edilmişdir.

Təqsirləndirilən şəxslər və onların müdafiəçiləri cinayət işinin materialları ilə 31 avqust 2010-cu il tarixdə tanış olub qurtardıqları üçün istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin saxlanıldıqları Bakı İstintaq Təcridxanasının rəhbərliyinə onların həbsdə saxlanılma müddətinin hesablanmasının bərpa edilməsi barədə məlumat verilmişdir.

02 sentyabr 2010-cu il tarixdə cinayət işi üzrə tərtib edilmiş ittiham aktı təsdiq olunması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. 07 sentyabr 2010-cu il tarixdə  ittiham aktı Azərbaycan Respublikası Baş Prokurorunun müavini tərəfindən təsdiq edildikdən sonra cinayət işi məhkəməyə verilmişdir.

Beləliklə, təqsirləndirilən şəxslər barəsində qəbul edilmiş qərara əsasən onların həbsdə saxlanılma müddəti 25 avqust 2010-cu il tarixdə bitdiyi halda, cinayət işi 07 sentyabr 2010-cu il tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmənin 27 sentyabr 2010-cu il tarixli hazırlıq iclasında cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılmışdır.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.3-cü maddəsinə görə cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti, bu Məcəllənin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, qanunda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı cinayət işinin məhkəməyə göndərildiyi, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır.

 Şirvan Apellyasiya Məhkəməsinin qənaətinə görə CPM-in 158.4-cü maddəsinin qətimkan tədbiri qismində həbsdə saxlama müddəti hesablanarkən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddətinin nəzərə alınmaması barədə müddəası təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya)  28-ci maddəsinin II hissəsində təsbit olunmuş azadlıq hüququnun əsassız məhdudlaşdırılmasına səbəb olur.

Müraciətdə həmçinin göstərilmişdir ki, CPM-in 290.3-cü maddəsində cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən  ittiham aktına dair müvafiq prosessual qərarlardan birinin qəbul edilməsi nəzərdə tutulsa da, təqsirləndirilən şəxsin həmin müddət ərzində həbsdə saxlanılması təcrübədə qeyri-müəyyənliyin yaranmasına səbəb olur.

Yuxarıda qeyd olunanlara əsasən Şirvan Apellyasiya Məhkəməsi CPM-in 158.3-cü maddəsinin 3-cü cümləsinin, 158.4 və 290.3-cü maddələrinin Konstitusiyanın 28-ci maddəsinin II hissəsi, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın (bundan sonra – Konvensiya) 5-ci maddəsi baxımından şərh edilməsini xahiş etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsinin Plenumu) təqsirləndirilən şəxsin azadlıq hüququnun təmin edilməsi baxımından müraciətdə göstərilən məsələlərin düzgün həll olunması üçün həbsdə saxlama müddətinin hüquqi əsaslarının, onun əhəmiyyətinin və tətbiqi şərtlərinin açıqlanmasını zəruri hesab edir.

İlk öncə vurğulanmalıdır ki, müddət zaman kəsiyi olmaqla fərdin, şəxsiyyətin, ümumiyyətlə bəşər cəmiyyətinin daim gözlədiyi, riayət etdiyi, qoruduğu və əksər hallarda onun gəlib çatmasını arzu etdiyi qeyri-maddi varlıqdır.

Cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır.  Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. 

Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər.

CPM-də nəzərdə tutulmuş prosessual müddətlərə riayət edilməməsi həyata keçirilmiş bu və ya digər prosessual hərəkətin əhəmiyyətinin, əldə olunmuş sübutların mötəbərliyinin itirilməsinə və şəxsə dəymiş ziyana görə kompensasiya almaq hüququnun yaranmasına səbəb ola bilər. Buna görə də prosessual müddətlərə riayət etmək ilk növbədə cinayət prosesini həyata keçirən orqanların vəzifəsidir.

CPM-in 48-ci maddəsinə görə cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanılmalı və qurtarmalıdır ki, sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun, şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər.

Prosessual müddətlərin əhəmiyyəti özünü təkcə prosessual vəzifələrin icra edilməsində deyil, həmçinin cinayət prosesi orqanının həyata keçirdiyi cinayət təqibi üzrə icraatın ardıcıl və fasiləsizliyinin təmin olunmasında da göstərir. Qeyd olunmalıdır ki, cinayət prosesinin məhkəməyədək və məhkəmə icraatı mərhələlərinə bölünməsi CPM-də nəzərdə tutulmuş prosessual müddətlərin də eyni mərhələ üzrə bölgüsünə səbəb olmuşdur. Belə ki, cinayət prosesi həm məhkəmə icraatı, həm də məhkəməyədək icraat mərhələsində konkret zaman kəsiyində həyata keçirilir və bu zaman kəsiyi prosessual müddətləri ehtiva edir.

Məhkəməyədək icraat mərhələsində şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının təmin edilməsinə yönələn və cinayət təqibi üzrə icraatın səmərəli aparılmasına xidmət edən müddətlərə aşağıdakılar daxildir: törədilmiş və hazırlanan cinayətlər haqqında məlumatlara baxılması müddətləri (CPM-in 207-ci maddəsi); ibtidai araşdırmanın müddətləri (CPM-in 218-ci maddəsi); cinayət təqibini həyata keçirən orqanların vəsatətlərə və şikayətlərə baxılması müddətləri (CPM-in 122, 220, 287-ci maddələri); cinayət işi materialları ilə tanış olma vaxtı (CPM-in 284.3-cü maddəsi); prokuror tərəfindən ittiham aktına baxılması və işin məhkəməyə göndərilməsi müddətləri (CPM-in 290, 292-ci maddələri).

Konstitusiyanın 28-ci maddəsinə əsasən hər kəsin azadlıq huququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Dövlət tərəfindən şəxsin ləyaqətinin sosial dəyər kimi qəbul edilməsi hər kəsin azadlıq hüququna özbaşına müdaxilənin yolverilməzliyini təmin edir və həm fərdin hərtərəfli inkişafı, həm də cəmiyyətin demokratik təşkili üçün şərait yaradır.

İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 1-ci maddəsində göstərilir ki, bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar.

Hər bir şəxsin azadlıq və şəxsi toxunulmazlıq hüququ onun dünyaya gəlməsi ilə ona mənsub olan əsas təbii hüquqlarıdır. Bu hüquqların qanuni əsas və zərurət olmadan məhdudlaşdırılması yolverilməzdir. 

Konvensiyanın 5-ci maddəsinin “c” bəndinə görə, hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısında durmasından irəli gələn və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud törətdikdən sonra onun gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsasların olduğunun hesab edildiyi hallarda şəxs qanuni tutula və həbsə alına bilər.

Göründüyü kimi, azadlıq və şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılmasına yalnız qanuni əsaslar mövcud olduqda və bir qayda olaraq, məhkəmənin qərarı əsasında yol verilir.

“Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində və Konvensiyanın 5-ci maddəsində “ağlabatan müddət ərzində məhkəmə araşdırması hüququ” nəzərdə tutulmuşdur. Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”.

Qanunverici azadlıq və şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılmasının hüquqi qaydasını və əsaslarını  müəyyən etməklə, dövlətin ədalət mühakiməsi yolu ilə cəmiyyət üçün əhəmiyyət kəsb edən dəyərlərinin mühafizə edilməsi və hər bir şəxsin azadlıq hüququnun təmin edilməsi arasında yarana biləcək kolliziyaları həll etmiş olur.

Bu mənada ilk növbədə qeyd olunmalıdır ki, qətimkan tədbiri qismində tətbiq edilən həbs öz sərtliyinə, səbəb olduğu məhrumiyyətlərin həcminə və ciddiliyinə görə təqsirləndirilən şəxsin Konstitusiyanın 28 və 32-ci maddələrində təsbit edilmiş azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Buna görə də, cinayət prosesini həyata keçirən orqanlar həbs qətimkan tədbirini seçərkən, CPM-də nəzərdə tutulmuş hüquqi prosedura riayət etməklə yanaşı, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasının zəruriliyini də əsaslandırmalıdırlar.

Həbs, cinayət mühakimə icraatında qətimkan tədbiri qismində yalnız CPM-in 155.1.1-155.1.5-ci maddələrində əksini tapmış əsaslar mövcud olduqda seçilə bilər. Bununla yanaşı, o, seçilmiş digər qətimkan tədbirlərinin şərtlərinin pozulması nəticəsində təqsirləndirilən şəxslərə qarşı tətbiq edilən prosessual məcburiyyət tədbirlərindən biri də ola bilər.

Həbs qətimkan tədbiri müstəntiqin vəsatəti əsasında və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı, habelə cinayət işinə baxan məhkəmənin öz təşəbbüsü ilə və yalnız məhkəmənin qərarına əsasən seçilə bilər (CPM-in 156.2-ci maddəsi).

Qeyd olunmalıdır ki, həbs qətimkan tədbirinin seçilməsinin zəruriliyi həm müstəntiqin vəsatətində, həm də prokurorun təqdimatında əsaslandırılmalı, əsaslandırma formal xarakter daşımamalı, real olaraq təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid olunmasının maddi və prosessual hüquqi əsasları göstərilməlidir. Eyni zamanda, məhkəmə müvafiq olaraq həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimatda öz əksini tapmış əsasları yoxlamalı və zərurət olmadan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirini seçməməlidir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Bеlеvitski Rusiyaya qarşı iş üzrə 1 mart 2007-ci il tarixli Qərarında qеyd еdir ki, “Kоnvеnsiyanın 5-ci maddəsinin 4-cü bəndinə görə, tutulmuş və ya həbs еdilmiş şəхs həbsin “qanuniliyinin” müəyyən еdilməsində хüsusi əhəmiyyət daşıyan prоsеssual və maddi-hüquq məsələləri üzrə məhkəmə araşdırmasını başlamaq imkanında оlmalıdır. Bu о dеməkdir ki, səlahiyyətli məhkəmə yalnız milli qanunvеricilikdə nəzərdə tutulan  prоsеssual əsasları dеyil, həm də həbsə almaya əsas оlmuş şübhələrin ağlabatanlığını, еləcə də həbsə alma və həbs müddətinin uzadılması ilə qanuni məqsədlərin güdüldüyünü araşdırmalıdır”.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh olunmasına dair” 09 iyul 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “… Həbs qətimkan tədbiri ən son prosessual məcburiyyət tədbiri olduğu və digər qətimkan tədbirlərinə nisbətən şəxsin konstitusiya hüquq və azadlıqlarını daha artıq məhdudlaşdırdığı üçün həmin qətimkan tədbiri tətbiq edilərkən qanunvericiliyin tələblərinə dönmədən riayət edilməsi mühüm rol oynayır”.

Məhz buna görə də qanunverici həbs qətimkan tətbirinin tədbiqi əsaslarını və şərtlərini tənzimləməklə yanaşı, cinayət təqibi üzrə məhkəməyədək icraat mərhələsində həbsdə saxlama və həbsdə saxlanılmanın uzadılması müddətlərini, habelə onların hesablanması qaydasını müəyyən etmişdir (CPM-in 158-159-cu maddələri).

 CPM-in 158.2-ci maddəsinə uyğun olaraq həbs qətimkan tədbirinin müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.3-cü maddəsinin 3-cü cümləsinə görə isə cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı cinayət işinin məhkəməyə göndərildiyi, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. Göründüyü kimi, qeyd olunan prosessual normalar, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin məhkəmə baxışı mərhələsində həbsdə saxlama müddətinə aid edilməmiş, bu isə həmin müddətin hesablanmasında qeyri-müəyyənlik yaradır.

CPM-in 299.3.5-ci maddəsinə əsasən cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması məsələsinə məhkəmənin hazırlıq iclasında baxılır.

Lakin nəzərə alınmalıdır ki, cinayət işinin məhkəməyə göndərilməsinin təqsirləndirilən şəxsin vəziyyətinə və onun davam etməkdə olan həbs müddətinə hər hansı təsiri olmur, yəni real olaraq həbs müddətinin axımı dayanmır.

Bununla yanaşı, qeyd olunmalıdır ki, CPM-in 158.3-cü maddəsinin 3-cü cümləsinə uyğun olaraq həbsdə saxlama müddətinin axımının cinayət işinin məhkəməyə göndərilməsi anı ilə dayandırılması şəxsin bu vaxtdan etibarən məhkəmənin hazırlıq iclasında seçilmiş həbs qətimkan tədbirinin əsaslı olub-olmaması məsələsinə baxılanadək onun həbsdə saxlanılmasının qanuniliyinə xələl gətirmiş olur.

Avropa Məhkəməsi həm Yesius Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli Qərarında, həm də Belevitski Rusiya Federasiyasına qarşı iş üzrə 1 mart 2007-ci il tarixli Qərarında yalnız cinayət işinin ittiham aktı ilə məhkəməyə göndərilməsi faktına görə, təqsirləndirilən şəxslərin həbsdə saxlanılmasını Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinə uyğun olmayan təcrübə kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxsin hüquqi vəziyyətini nizamlayan konkret hüquqi əsasların olmaması və yaxud  aydın olmayan hüquq normalarına əsaslanaraq həbsdə qalması, onun qeyri-müəyyən müddətə məhkəmə qərarı olmadan həbsdə saxlanılmasına səbəb olacaqdır. Bu təcrübə hüquqi müəyyənlik, hüququn aliliyi və özbaşınalıqdan müdafiə prinsiplərinə ziddir.

Avropa Məhkəməsinin presedent hüququna əsasən məhkəməyədək icraatda çıxarılmış qərarda göstərilən həbs müddətinin bitməsindən sonra müvafiq məhkəmə qərarı qəbul edilənə qədər təqsirləndirilən şəxsin həbsdə saxlanılmasını həbsin qanuna (konkret hüquq normasına və buna uyğun çıxarılmış qərara) əsaslanması tələbinə cavab vermədiyinə görə, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusu kimi qiymətləndirilir.

 Qeyd olunmalıdır ki, CPM-in 158.3-cü maddəsinin 3-cü cümləsində həbs qətimkan tədbirinin müddətinin axımının cinayət işinin məhkəməyə göndərilməsi anından dayanması müəyyən edilsə də, sonradan məhkəmənin hazırlıq iclasınadək təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının hüquqi əsasları tənzimlənməmiş, bu isə şəxsin Konstitusiyada və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlarda təsbit olunmuş azadlıq və şəxsi toxunulmazlıq hüququnun məhdudlaşdırılmasına səbəb olur.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət işinin məhkəməyə göndərildiyi gündən təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının hüquqi əsaslarının müəyyən edilməsinin mümkün qədər qısa müddətdə tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.

Şirvan Apellyasiya Məhkəməsinin müraciətində göstərilən digər məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, həbs qətimkan tədbirinin tətbiqinin qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsasları və qaydası Konstitusiyadan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlardan irəli gələn prinsiplərə zidd olmamalıdır. 

CPM-in 158.4-cü maddəsinə əsasən qətimkan tədbiri qismində həbsdə saxlama müddəti hesablanarkən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti nəzərə alınmır.

CPM-in 218.4-cü maddəsinin birinci cümləsinə görə təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti cinayət işi üzrə ibtidai istintaqın müddətinə daxil deyil.    

Göründüyü kimi, adı çəkilən maddə imperativ qaydada müəyyən edir ki, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti həbsdə saxlama müddətinə daxil edilmir, bu qayda isə faktiki olaraq təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin axımının dayanmasına səbəb olur. Həbsdə saxlama müddətinin axımı yalnız cinayət işinin materialları ilə tanış olduqdan sonra yenidən başlayır. Qanunvericilikdə bu hal xüsusi normada nəzərdə tutulmamışdır. Əksinə təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı mərhələsində həbsdə saxlanılma müddətinin bütünlüklə nəzərə alınması təsbit edilmişdir (CPM-in 158.6-cı maddəsi). 

Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin pozuntusu ilə əlaqədar Avropa Məhkəməsinin Svipsta Latviyaya qarşı iş üzrə 9 mart 2006-cı il tarixli  Qərarında bu ölkənin cinayət-prosessual qanununun CPM-in 158.4-cü maddəsi ilə mahiyyətcə oxşar məsələni tənzimləyən 77-ci maddəsi Avropa Məhkəməsində araşdırma predmeti olmuşdur. Avropa Məhkəməsi adı çəkilən qərarda Latviya Cinayət-Prosessual Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş cinayət işlərinin materialları ilə tanış olma müddətinin həbsdə saxlama müddətinə aid olmaması qaydasının qeyri-müəyyənlik yaratdığını və göstərilən hüquq normasının müxtəlif yanaşmalara yol açdığını göstərmişdir. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, adı çəkilən əsasla şəxsin həbsdə saxlanılması Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndinin tələbinə ziddir.

Qanunverici təqsirləndirilən şəxsin məhkəməyədək icraatda ona qarşı irəli sürülmüş ittihamın mahiyyətini bilmək və buna uyğun olaraq öz hüquqlarını müdafiə etmək məqsədi ilə hüquqi təminatlar sistemini müəyyən etmişdir. Bu təminatlardan ən vacibi təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olması institutudur. Belə ki, təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olanadək ona qarşı irəli sürülmuş ittiham üzrə həyata keçirilən bütün istintaq hərəkətləri və toplanmış sübutlar barədə kifayət qədər məlumatlara malik olmur. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olması, ibtidai istintaqın tam, hərtərəfli və obyektiv həyata keçirilməsinin yoxlanılmasının bir vasitəsi kimi çıxış edir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, CPM-in 158.4-cü maddəsi, habelə 218.4-cü maddəsinin “təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti cinayət işi üzrə ibtidai istintaqın müddətinə daxil deyildir” müddəası, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin azadlıq hüququnun daha artıq dərəcədə məhdudlaşdırılmasına səbəb olur. Belə ki, cinayət işinin materialları ilə tanış olma müddətinin həbs qətimkan tədbirinin müddətinə daxil olmaması təqsirləndirilən şəxsin və onun müdafiəçisinin həmin materiallarla sərbəst tanış olmasına bir maneədir və bu hal həmin materiallarla tanış olarkən onları tələsdirir.

CPM-in 158.4-cü maddəsində və 218.4-cü maddəsinin birinci cümləsində cinayət işinin materialları ilə tanış olma müddətinin nəzərə alınmaması Konstitusiyanın 28-ci maddəsində və Konvensiyanın 5-ci maddəsində öz əksini tapan azadlıq hüququnun yalnız qanuni əsaslarla məhdudlaşdırıla bilməsi prinsipinin tələblərinə uyğunsuzluq təşkil etdiyindən tərəflərin cinayət işinin materialları ilə tanış olması həbs qətimkan tədbirinin müddətinin axımının dayanmasının qanuni əsası hesab edilə bilməz. Məhkəməyədək icraatda təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti heç bir halda məhkəmənin qərarında göstərilmiş müddətdən artıq davam edə bilməz.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələ ilə əlaqədar CPM-in 158.4-cü maddəsinin, habelə həmin Məcəllənin 218.4-cü maddəsinin “təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti cinayət işi üzrə ibtidai istintaqın müddətinə daxil deyildir” müddəasının Konstitusiyanın 28-ci maddəsinə və Konvensiyanın 5-ci maddəsinə uyğun olmadığını müəyyən edərək, onların qüvvədən düşməsi qənaətinə gəlir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddətində təqsirləndirilən şəxsin hansı əsaslarla həbsdə saxlanılması CPM-də tənzimlənmədiyindən və bu məsələnin həlli Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə əsasən qanunvericilik hakimiyyəti orqanının səlahiyyətinə aid edildiyindən, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddətində şəxsin həbsdə saxlanılmasının əsaslarının mümkün qədər qısa müddətdə tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.

Bununla belə, müraciətdə göstərilən məsələnin düzgün həll edilməsi üçün cinayət işinin materialları ilə tanış olma müddətinin axımının başlanması və bitməsi anının müəyyən edilməsi vacibdir.

Cinayət işinin materialları ilə tanış olma xüsusi əhəmiyyət kəsb etdiyindən qanunverici bu prosessual hərəkətin həyata keçirilməsi qaydasını CPM-in 38-ci fəslində müəyyən etmişdir.

CPM-in 285.3-cü maddəsinə görə təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər.

Təqsirləndirilən şəxsin müdafiəçisi təyin edilmiş vaxtda gələ bilmədikdə müstəntiq cinayət işinin materialları ilə tanış olma vaxtını 5 (beş) günədək müddətə təxirə salır. Müdafiəçi bu müddət ərzində gələ bilmədikdə, təqsirləndirilən şəxsə müqavilə və ya təyin etmə əsasında başqa müdafiəçiyə malik olmaq imkanı yaradılır (CPM-in 284.3-cü maddəsi).

Bununla yanaşı, CPM-in 285.4-cü maddəsində qeyd olunur ki, müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün vaxtı məhdudlaşdıra bilməz.

Eyni zamanda, həmin maddədə cinayət prosesinin iştirakçılarının bu vaxtı süni surətdə uzatmasının qarşısını almaq məqsədilə qanunverici müstəntiqə cinayət işinin həcmini nəzərə almaqla cədvəl müəyyən etmək, bu hala təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən yol verildikdə isə CPM-in 218.4-cü maddəsinin ikinci cümləsində müstəntiqin vəsatəti əsasında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora cinayət işinin materialları ilə tanış olma müddətinin məhdudlaşdırılması səlahiyyəti vermişdir.

Müstəntiq cinayət işinin materialları ilə tanış etmə protokolunda tanış etmənin tarixini, vaxtını, eləcə də tanış etmənin hər günü üçün tanış etmənin başlanmasının və qurtarmasının tarixini, saatını və dəqiqəsini göstərməlidir (CPM-in 286.1, 286.4-cü maddələri).

Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, cinayət işinin materialları ilə tanış olma müddətinin axımı cinayət prosesini həyata keçirən orqan tərəfindən ibtidai istintaqın bitməsinin elan edilməsi, yaxud tərəflərə cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını bildirərək onların dəvət edilməsi anından deyil, bilavasitə tərəflərə tanış olmaq üçün cinayət işinin materiallarının təqdim edilməsi ilə başlayır. Bu müddətin axımı isə tərəflərin cinayət işinin materialları ilə tanış olmalarına dair protokolu imzaladıqları anda bitmiş hesab edilməlidir. Buna görə də təqsirləndirilən şəxsin müdafiəçisi təyin edilmiş vaxtda gələ bilmədikdə, cinayət işinin materialları ilə tanış olma vaxtının 5 (beş) günədək müddətə təxirə salınması cinayət işinin materialları ilə tanış olma müddətinə daxil deyildir.

Müraciətdə həmçinin qeyd edilmişdir ki, CPM-in 290.3-cü maddəsində cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən  ittiham aktına dair müvafiq prosessual qərarlardan birinin qəbul edilməsi nəzərdə tutulsa da, təqsirləndirilən şəxsin həmin müddət ərzində həbsdə saxlanılması təcrübədə qeyri-müəyyənliyin yaranmasına səbəb olur.

Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, qanunverici CPM-də məhkəməyədək icraat mərhələsində vahid ibtidai araşdırma müddəti ilə yanaşı, onun daxilində prosessual zərurətdən əmələ gələn həbs qətimkan tədbiri müddətini də təsbit etmişdir.

Belə ki, cinayət-prosessual qanunvericiliyin tələblərinə görə cinayət işi üzrə məhkəməyədək icraatda həbsdə saxlama müddətinin axımı, cinayət işinin məhkəməyə göndərildiyi, yaxud həbs və ya ev dustaqlığı qismində qətimkan tədbirinə xitam verildiyi gün dayandırılır. CPM-in 218.3-cü maddəsinə əsasən isə ibtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir.

CPM-in 290.3.1, 290.3.2 və 292.1-ci maddələrində nəzərdə tutulmuş prosessual hərəkətlər 5 (beş) gün müddət ərzində yerinə yetirildikdən sonra prokuror işi məhkəməyə göndərir və bu andan da qeyd olunan müddətlərin axımı dayanır. Ona görə də, qanunverici tərəfindən müəyyən edilmiş 5 (beş) gün müddətində təqsirləndirilən şəxsin həbsdə saxlanılması qanuni və əsaslıdır.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- CPM-in 158.4-cü maddəsi, habelə həmin Məcəllənin 218.4-cü maddəsinin “təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti cinayət işi üzrə ibtidai istintaqın müddətinə daxil deyildir” müddəası Konstitusiyanın 28-ci maddəsinə və Konvensiyanın 5-ci maddəsinə uyğun olmadığından 2012-ci il martın 1-dən qüvvədən düşmüş hesab edilməlidir.

Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddətində təqsirləndirilən şəxsin həbsdə saxlanılması əsaslarının müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.

 -  cinayət işinin məhkəməyə göndərildiyi gündən və məhkəmənin hazırlıq iclasınadək təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının hüquqi əsaslarının müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.

- CPM-in 290.3-cü maddəsində cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktına dair müvafiq prosessual qərarlardan birinin qəbul edilməsi üçün nəzərdə tutulmuş 5 (beş) gün müddət həbsdə saxlama müddətinə daxil edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu CPM-in 158.4-cü maddəsinin, habelə həmin Məcəllənin 218.4-cü maddəsinin “təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti cinayət işi üzrə ibtidai istintaqın müddətinə daxil deyildir” müddəasının Konstitusiyanın 28-ci maddəsinə və Konvensiyanın 5-ci maddəsinə uyğun olmadığından qüvvədən düşməsi qənaətinə gələrək, həmçinin hesab edir ki, bu məsələnin tənzimlənməsi ilə təqsirləndirilən şəxsin azadlıq hüququnun təmin edilməsi yalnız qanunvericilik qaydasında mümkündür.

Belə ki, qanunverici tərəfindən təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddətinin həbsdə saxlanılma müddətinə hesablanmamasını və istintaq müddətinə daxil edilməməsini nəzərdə tutan mövcud cinayət-prosessual qaydaya müvafiq dəyişikliklərin edilməsi və ya yeni hüquq institutunun tətbiq edilməsi cinayət-prosessual prosedurların konstitusiya-hüquqi mahiyyətinin təmin edilməsi baxımından səmərəli vasitə kimi çıxış edəcəkdir.   

  Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, mövcud cinayət-prosessual qaydanın bu Qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Konstitusiyaya uyğunlaşdırılması məqsədi ilə müvafiq dəyişikliklərin edilməsi müəyyən müddət tələb etdiyindən göstərilən normalar 2012-ci il martın 1-dən qüvvədən düşmüş hesab olunmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  

QƏRARA ALDI :

  1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.4-cü maddəsi, habelə həmin Məcəllənin 218.4-cü maddəsinin “təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti cinayət işi üzrə ibtidai istintaqın müddətinə daxil deyildir” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinə uyğun olmadığından 2012-ci il martın 1-dən qüvvədən düşmüş hesab edilsin.

Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddətində təqsirləndirilən şəxsin həbsdə saxlanılması əsaslarının müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

2. Cinayət işinin məhkəməyə göndərildiyi gündən və məhkəmənin hazırlıq iclasınadək təqsirləndirilən şəxsin həbsdə saxlanılmasının hüquqi əsaslarının müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 290.3-cü maddəsində cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktına dair müvafiq prosessual qərarlardan birinin qəbul edilməsi üçün nəzərdə tutulmuş 5 (beş) gün müddət həbsdə saxlama müddətinə daxil edilməlidir.

4. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

5. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz. 

Sədrlik edən                                                        Fərhad Abdullayev