Постановления

12.05.99 Təhqiqat aparan şəxs, müstəntiq və ya prokuror tərəfindən tətbiq edilmiş həbsə alma qətimkan tədbirindən verilmiş şikayətlərə baxılma qaydasının müəyyən edilməsi məsələsinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

Təhqiqat aparan şəxs, müstəntiq və ya prokuror tərəfindən tətbiq edilmiş

həbsə alma qətimkan tədbirindən verilmiş şikayətlərə baxılma

qaydasının müəyyən edilməsi məsələsinə dair

12 may 1999- cu il                                                                                        Bakı şəhəri

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, S.Sal­ma­nova, Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

xüsusi konstitusiya icraatında maraqlı subyektin qanuni nümayəndələri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədr müavini Ç.Bəşirovun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadənin,

mütəxəssislər, Azərbaycan Respublikası Baş Prokurorunun müavinləri X.Və­li­yevin və N.Allahverdiyevin,

ekspertlər, Bakı Dövlət Universiteti hüquq fakultəsi cinayət prosesi kafedrasının müdiri, professor C.Mövsümovun, mülki proses və ekologiya hüququ kafedrasının müdiri, professor A.Abbasquliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında təhqiqat aparan şəxs, müstəntiq və ya prokuror tərəfindən müqəssir barəsində tətbiq edilmiş həbsə alma qətimkan tədbirindən verilən şikayətlərə məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki-Pro­ses­sual Məcəlləsinin 243.1-243.7-ci maddələri qaydasında baxılmasının müm­künlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 1999-ci il tarixli 5 –1/ 99 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

  Hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektin qanuni nümayəndələri Ç.Bəşirov və M.Ağazadənin, mütəxəssislər X.Vəliyev və N.Allahverdiyevin çıxışlarını, ekspertlər C.Mövsümov və A.Abbasquliyevin rəylərini dinləyib müzakirə edərək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N   E T D İ:

  Azərbaycan Respublikasının Ali Məhkəməsi təhqiqat aparan şəxs, müstəntiq və ya prokuror tərəfindən tətbiq edilmiş həbsə alma qətimkan tədbirindən şikayətlərə məhkəmələrdə baxılmasını mübahisəsiz hesab edərək, belə şikayətlərə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 243.1 – 243.7-ci maddələri qaydasında baxılmasının mümkünlüyü barəsində şərh verilməsini xahiş edir.

  Sorğu ilə bağlı konstitusiya işində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin və 71-ci maddəsinin VII hissəsinin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56, 83, 89 və 231-ci maddələrini əks etdirən Azərbaycan Respublikası Milli Məclisinin Aparatında düzgünlüyü təsdiq edilmiş rəsmi mətnlər vardır.

     Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aşağıdakıları  qeyd edir:               

 Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I hissəsində göstərilmişdir: “Hər kəsin azadlıq hüququ vardır”. Həmin maddənin ikinci hissəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsə alma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

   Həbsə alma qətimkan tədbirini tətbiq etmə qaydası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 11, 83 və 89-cu maddələri ilə tənzimlənir. Həmin maddələrdə müəyyən edilmişdir ki, qətimkan tədbiri olaraq həbsə alma yalnız məhkəmə qərardadı və ya prokurorun sanksiyası ilə tətbiq edilir. Bununla da qanunverici heç kəsin özbaşına həbs edilməsinə yol verilmədiyini qeyd edir və vətəndaşlara şəxsi toxunulmazlıq hüququ verərək, bunu təmin etmək məqsədi ilə şübhə edilən şəxsin və müqəssirin qanunsuz və əsassız həbsə almadan şikayət vermək hüququnu nəzərdə tutur.

  Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsində və 56-cı maddəsində göstərilmişdir ki, müvafiq olaraq ittiham elan edilənə qədər həbsə alınmış şəxsin və müqəssirin təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun hərəkətlərindən və qərarlarından şikayət verməyə hüququ vardır.

 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 231-ci maddəsində prokurorun hərəkətlərindən və qərarlarından yuxarı prokurora şikayət vermə nəzərdə tutulmuşdur. Bu müddəa həmçinin qətimkan tədbiri tətbiq edilməyə də aiddir. Lakin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun hərəkətlərindən və qərarlarından, o cümlədən həbsə almanın tətbiq edilməsindən məhkəməyə şikayət verilməsini nəzərdə tutmamışdır. Bu isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilməsini, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələrin məhkəmələr tərəfindən həll edilməsini nəzərdə tutan Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və 71-ci maddəsinin VII  hissəsinə uyğun deyildir.

  Həbsə almadan məhkəməyə şikayət vermə hüququnun mümkünlüyü beynəlxalq hüquqi sənədlərdə də nəzərdə tutulmuşdur.

 Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 1992-ci il 21 iyul tarixli Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu «Mülki və siyasi hüquqlar haqqında Pakt»-ın 9-cu maddəsinin 3-cü bəndində göstərilir: «Cinayət ittihamı ilə həbs olunmuş, yaxud tutulub saxlanmış hər bir şəxs təcili surətdə hakimin, yaxud məhkəmə hakimiyyətini icra etmək hüququna və ağılabatan müddətdə məhkəmə baxışı aparmaq, yaxud azad etmək hüququ olan vəzifəli şəxsin yanına gətirilir».

 Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin II hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malik olduğuna görə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi və 71-ci maddəsinin VII hissəsi məhkəmələr tərəfindən birbaşa tətbiq edilməlidir.

  Yuxarıda göstərildiyi kimi, sorğuda həbsə alma qətimkan tədbirindən verilən şikayətlərə məhkəmələr tərəfindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq normalarının nəzərdə tutduğu qaydada baxılmasının müm­kün­lü­yü barəsində şərh verilməsi xahiş edilir.

 Bununla əlaqədar olaraq nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliyində həbsə alma qətimkan tədbirindən yuxarı prokurora şikayət vermə və onun tərəfindən həmin şikayətlərə baxılma qaydaları müəyyənləşdirilmişdir. Bununla belə həmin məsələ üzrə məhkəməyə şikayət vermə və şikayətlərə məhkəmə tərəfindən baxılma qaydası nəzərdə tutulmamışdır.

  “Azərbaycan Respublikasının ərazisində hüquqi qüvvəsini müvəqqəti olaraq saxlayan keçmiş  SSRİ qanunları və onların tətbiqi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 7 oktyabr tarixli Qanunu ilə “Dövlət idarəetmə orqanlarının və vəzifəli şəxslərin vətəndaşların hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən məhkəməyə şikayət qaydası haqqında” SSRİ-nin 1989-cu il 2 noyabr tarixli Qanunu Azərbaycan Respublikasının ərazisində öz qüvvəsini saxlayır. Lakin həbsə almanın tətbiq edilməsindən şikayətlərə məhkəmələr tərəfindən göstərilən Qanunda nəzərdə tutulan qaydada baxıla bilməz. Həmin Qanunun 3-cü maddəsinə əsasən əgər SSRİ və müttəfiq respublikaların qanunlarında dövlət idarəetmə orqanlarının və vəzifəli şəxslərin hərəkətlərindən şikayət verilməsinin başqa qaydası nəzərdə tutulmuşdursa, onların hərəkətlərindən məhkəməyə bu Qanuna müvafiq surətdə şikayət verilə bilməz. Eyni normanı Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi də nəzərdə tutmuşdur (maddə 243-3) .

  Yuxarıda göstərildiyi kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 231-ci maddəsində prokurorun hərəkətlərindən şikayət verilməsinin xüsusi qaydası nəzərdə tutulmuşdur. Məhz buna görə də adı çəkilən keçmiş SSRİ-nin Qanunu və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulan qaydada məhkəmələrdə həbsə almanın tətbiqindən şikayətlərə baxıla bilməz. Bundan başqa cinayət-prosessual hərəkətlər mülki-prosessual qanunvericiliyi ilə tənzimlənə bilməz.

  Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatına, məhkəmə icraatı və məhkəmə qərarlarının icrasına dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.              

  Həmin məsələ həll olunarkən onun vacibliyi və aktuallığı, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüquqi sənədlər əsas götürülməklə şikayətlərə təcili surətdə baxılması, həbsə alma haqqında qətimkan tədbirinin tətbiq edilməsinin qanuniliyi və əsaslılığı yoxlanılarkən məhkəmələrin həbsə alınan şəxsin təqsirlilik məsələsini müzakirə etməsinin, eyni hakimin həm həbsə alma, həm də işə mahiyyəti üzrə məhkəmə baxışında iştirakının  yolverilməməzliyi nəzərə alınmalıdır.

  Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 75, 76, 78, 80 – 83 və 85-ci maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A  A L D I:

1.  Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərinə əsasən təhqiqat aparan şəxs, müstəntiq və ya prokuror tərəfindən tətbiq edilmiş qətimkan tədbirindən məhkəməyə şikayət vermə və onun tərəfindən həmin şikayətə baxılma qaydalarını Azərbaycan Respublikasının Milli Məclisi müəyyən etməlidir.

Həmin qaydaların müəyyən edilməsinin tezləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyyə edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində dərc olunmalıdır.

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud təfsir edilə bilməz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev