Постановления

22.12.10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Bakı şəhəri Nərimanov rayon məhkəməsinin müraciətinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin

68.2 və 83-cü maddələrinin şərhedilməsiilə bağlı Bakı şəhəri

Nərimanovrayonməhkəməsininmüraciətinə dair

22 dekabr  2010-cuil                                                                                      Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nərimanov rayon məhkəməsinin hakimi Turqay Hüseynov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi  Kollegiyasının sədr əvəzi Şahin Yusifov, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov, Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini Qəzənfər Bayramlının iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin, mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən E.Məmmədovun barəsində işə baxılarkən müəyyən edilmişdir ki, o, Nəsimi rayon məhkəməsinin 28 avqust 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon məhkəməsinin 31 yanvar 2008-ci il tarixli qərarına əsasən onun cəzasının çəkilməmiş hissəsi 4 ay 15 gün azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir.

Bundan sonra E.Məmmədov oğurluğa cəhd etdiyinə görə Nəsimi rayon məhkəməsinin 17 iyul 2008-ci il tarixli hökmü ilə 200 manat cərimə cəzasına, hökmlərin məcmusu qaydasında qəti olaraq 4 ay 15 gün müddətinə azadlığın məhdudlaşdırılması və 200 manat cərimə cəzasına məhkum edilmişdir. 16 avqust 2009-cu il tarixdə E.Məmmədov oğurluq etdiyinə görə CM-in 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. İstintaq orqanı E.Məmmədovun Nəsimi rayon məhkəməsinin hökmü ilə oğurluğa görə məhkum olunduğunu, hökmlərin məcmusu qaydasında təyin olunmuş azadlığın məhdudlaşdırılması və cərimə cəzasının müstəqil icra olunduğunu və məhkumluğun ödənilməsini əsas götürərək, onun əməlində təkrarlıq əlamətinin olmaması nəticəsinə gəlmiş və tərəfindən törədilmiş oğurluğu CM-in 177.2.2-ci maddəsi ilə deyil, həmin Məcəllənin 177.1-ci maddəsi ilə tövsif etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətdə məhkəmə CM-in 68.2-ci maddəsinə əsasən E.Məmmədova Nəsimi rayon məhkəməsi tərəfindən təyin edilmiş qəti cəzanın müstəqil icra olunmasını göstərərək, məhkumluğun ödənilməsi müddətinin axımının qəti cəzanın çəkilib qurtardığı, yaxud hər bir cinayətə görə ayrılıqda çəkib qurtardığı vaxtdan hesablanmasına aydınlığın gətirilməsini xahiş etmişdir.

Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiya Məhkəməsi son 3 ildə məhkumluqla əlaqədar 3 qərar qəbul etmiş və bu qərarlarda məhkumluğun mahiyyəti, cinayətlərin və hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsinin məqsədləri, residivin təbiəti açıqlanmışdır.

CM-in 83-cü maddəsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci və 25 may 2009-cu il tarixli qərarlarında qeyd edilmişdir ki, məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir.

Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət – ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir. Göstərilən üç əsasdan (cinayət, ittiham hökmü və cəza) birinin olmaması məhkumluğun olmasını istisna edir.

Bununla belə Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması  ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» 25 may 2009-cu il tarixli qərarına əsasən məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.

Belə tədbirlərin sırasına qanunverici cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların təyin edilməsini də aid etmişdir.

Müraciətdə qaldırılan məsələyə gəldikdə isə ilk növbədə CM-in 68-ci maddəsinin mahiyyətinin açıqlanması böyük əhəmiyyət kəsb edir.

CM-in 68.1-ci maddəsinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanarkən azadlıqdan məhrum etmənin bir gününə:

- intizam xarakterli hərbi hissədə saxlamanın bir günü;

- azadlığın məhdudlaşdırılmasının iki günü;

- islah işlərinin və ya hərbi xidmət üzrə məhdudlaşdırmanın üç günü;

-  ictimai işlərin səkkiz saatı bərabər tutulur.

CM-in 68.2-ci maddəsində isə elə cəza növləri nəzərdə tutulmuşdur ki, onların müəyyən hallarda CM-in 68.1-ci maddəsində nəzərdə tutulduğu qaydada toplanması mümkün deyildir.  

Belə ki, CM-in 68.2-ci maddəsinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, habelə cərimə və ya əmlak müsadirəsi növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda onlar müstəqil icra olunur.

Bu maddənin mətnindən göründüyü kimi qanun cinayətlərin və hökmlərin məcmusu üzrə həmin maddədə nəzərdə tutulmuş müxtəlif növ cəzaların toplanmasını istisna etmir. Belə halda isə CM-in 66 və 67-ci maddələrinin müddəalarına uyğun olaraq vahid qəti cəza müəyyən olunur.

Lakin nəzərə almaq lazımdır ki, cinayətlərin və hökmlərin məcmusu üzrə təyin edilmiş həmin cəzalar o halda müstəqil icra olunmalıdır ki, onlar əsas cəza kimi təyin edilmiş olsunlar. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə, cərimə və ya əmlak müsadirəsi cəza növlərinin əlavə cəza kimi təyin edilməsi öz-özlüyündə onların əsas cəzadan müstəqil icra olunmasını tələb edir. 

CM-in 83-cü maddəsinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanır.

Konstitusiya Məhkəməsinin Plenumu belə mövqeyini onunla əsaslandırmışdır ki, hər hansı başqa yanaşma ona gətirib çıxara bilər ki, şəxs qəti cəzanı hələ çəkdiyi dövrdə onun törətdiyi müvafiq cinayətlər və məhkum edildiyi müvafiq hökmlər üzrə cəza müddətləri artıq qurtarmış və məhkumluğunun ödənilmə müddətinin axımı başlanmış olur. Bu isə məhkumluğun ödənilməsi müddətinin axımının başlanması cəzanın çəkilib qurtarması və ya cəzanı çəkməkdən azad edilmə ilə əlaqələndirən CM-in 83.3 və 83.4-cü maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir.

Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən edilən həmin hüquqi mövqe CM-in 68-ci maddəsində nəzərdə tutulmuş cəzaların cinayətlərin və hökmlərin məcmusu üzrə toplandığı hallara da aiddir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, CM-in 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I :

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                           Fərhad Abdullayev