Постановления

13.12.10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci

maddəsinin şərh edilməsi haqqında

13 dekabr 2010-cu il                                                                                                      Bakı şəhəri

  

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Vüqar Zeynalovun,

maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi İkram Şirinovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi İlqar Cəfərovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsi Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktoru Cabir Quliyevin,

mütəxəssis Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini Zahid Əlizadənin iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI  hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsinə dair Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 16 avqust 2010-cu il tarixli müraciəti ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini,  maraqlı subyektlərin  nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

Nəsimi rayon məhkəməsinin müraciətində Azərbaycan  Respublikası Cinayət Məcəlləsinin  (bundan sonra – Cinayət Məcəlləsi) 71.1-ci maddəsinin şərh edilməsi xahiş olunur. Müraciətdə  göstərilir ki, Ağır сinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 18 sentyabr 2009-cu il tarixli hökmü ilə D.Şükrü Cinayət Məcəlləsinin 32.5, 29, 318.1-ci maddələrinə əsasən təqsirli bilinərək 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və  barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 1 il sınaq müddəti təyin edilmişdir.

Atasının ağır xəstə olması ilə əlaqədar D.Şükrü Türkiyəyə getməli olduğunu, lakin şərti məhkum olduğu üçün Azərbaycan Respublikasının hüdudlarından kənara çıxa bilməməsini əsas gətirərək, şərti məhkumetmənin ləğv edilməsinə dair ərizə ilə Nəsimi rayon məhkəməsinə müraciət etmişdir.                                                       

Məhkəmə baxışı zamanı dövlət ittihamçısı Cinayət Məcəlləsinin 71.1-ci maddəsinə istinad edərək, şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi məhkumun ərizəsi əsasında deyil, yalnız məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında həyata keçirilməsini nəzərə alaraq, onun ərizəsini geri qaytarılmalı olduğunu bildirmişdir. Ərizəçi və onun müdafiəçisi dövlət ittihamçısının bu mövqeyi ilə razılaşmayaraq, ərizəçinin məhkəməyə müraciət hüququnun Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra – Konstitusiya), eləcə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğunu bildirərək məhkəmədən ərizəyə baxılmasını  və müvafiq qərarın çıxarılmasını xahiş etmişlər.

Məsələ ilə əlaqədar Nəsimi rayon məhkəməsinin müraciətində qeyd olunur ki,  Azərbaycan Respublikası Cinayət Prosessual və Cəzaların İcrası Məcəllələrində (bundan sonra – CPM və CİM)  hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı analoji məsələlərə məhkəmələr tərəfindən məhz məhkumların ərizələri əsasında baxılmasının mümkünlüyündən fərqli olaraq, Cinayət Məcəlləsində şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə məhkumun məhkəməyə müraciət etmək hüququnun nəzərdə tutulmaması, onun dövlət orqanlarına şəxsən müraciət etmək və hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilməsi ilə bağlı Konstitusiyada təsbit olunmuş əsas  hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.                                 

Azərbaycan  Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra –  Konstitusiya Məhkəməsi) müraciətlə əlaqədar ilk növbədə insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun təmin edilməsi ilə yanaşı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.                

Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir.

Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir.

Məhz bundan irəli gələrək, Konstitusiyada hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ (26-cı maddə), hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat hüququ təsbit edilmişdir (60-cı maddə).

Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri).

Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir.  

Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.          

Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir.                                         

Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin  70.5-ci maddəsi).

Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”.       

Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.

Məhkəmə şərti məhkum etmə tətbiq edilən şəxsə sınaq müddəti müəyyən edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsində şərti məhkum etmənin sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilmişdir. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını, yəni onda qanuna, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət hissinin yaranmasını və onlara riayət edilməsini sübut etməlidir.

Cinayət Məcəlləsinin 71.1-ci maddəsinə görə sınaq müddətinin azı yarısı keçdikdən sonra şərti məhkum edilmiş şəxs öz davranışı ilə islah olunduğunu sübut edərsə, məhkəmə məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi barədə qərar qəbul edə bilər.

Göründüyü kimi, qeyd olunan maddədə məhkumun şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi ilə bağlı məhkəməyə bilavasitə müraciət etmək hüququ nəzərdə tutulmamışdır.

Lakin, Cinayət Məcəlləsinin 71.1-ci maddəsindən fərqli olaraq CPM və CİM-in müvafiq maddələrində hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı ortaya çıxan məsələlərə baxılması məhkəmələr tərəfindən bilavasitə məhkumun ərizəsi əsasında həyata keçirilməsini məhdudlaşdırmır (CPM-in 509, 513.1, 514.1 və 517.2-ci maddələri; CİM-in 10.2.12, 171.1 və 172.3-cü maddələri).

Bununla əlaqədar Konstitusiya Məhkəməsi hesab edir ki, Cinayət Məcəlləsinin 71.1-ci maddəsində şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi məsələsinin yalnız məhkumun üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında baxılmasının mümkünlüyünün nəzərdə tutulması, digər məhkumlara şərti məhkum edilmiş məhkumlara münasibətdə üstünlüyün verilməsi  Konstitusiyada təsbit olunmuş məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsində qeyri-bərabərlik yaradır.

Konstitusiyanın 25-ci maddəsinin I  hissəsində göstərilir ki, hamı  qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Lakin vəziyyəti fərqli olan subyektlər üçün hüquq və vəzifələrin mütləq bərabərliyi ola bilməz. Bərabərlik hüququna əsasən vəziyyəti fərqli olan subyektlər üçün eyni tənzimləmə tətbiq edilə bilməz.

Eyni zamanda bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə  olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur.  Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar  ayrı-seçkilik xarakteri daşıyır. Bununla belə, bərabərlik hüququ qanunverici tərəfindən ayrı-ayrı kateqoriyalı subyektlərə güzəştlərin və imtiyazların tətbiq edilməsini inkar etmir. Bu cür fərqlər o zaman bərabərlik hüququna zidd olar ki, onlar ağlabatan, obyektiv və mütənasib olmasınlar.

Göründüyü kimi, qanunvericilikdə daha ağır cəzaya məhkum olunmuş şəxslər məhkəməyə müraciət etmək hüququna malik olduğu halda, şərti  məhkum edilmiş şəxslər bu hüquqdan məhrum ediliblər. Bu iki kateqoriyalı subyektlərin eyni vəziyyətdə olmalarına baxmayaraq, onlar eyni hüquqlara malik deyillər və bu fərqli rəftarın hüquqi əsası mövcud deyildir.

Hamının qanun və məhkəmə qarşısında bərabərliyi isə o deməkdir ki, qanunların icrası hamı üçün eyni dərəcədə məcburidir və hər bir şəxs öz pozulmuş hüququnun müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olan məhkəməyə müraciət etmək hüququ demokratik cəmiyyətdə fundamental əhəmiyyət daşıyır. Belə ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Eyni zamanda, məhkəməyə müraciət etmək hüququ məhkəmə tərəfindən qərar qəbul edilməsinə nail olmaq hüququnu özündə ehtiva edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 mart 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, “ədalət mühakiməsinin ayrılmaz tərkib hissəsi olan hüquq bərabərliyi prinsipi tərəflərə, onlardan hər hansı birini digərinə münasibətdə açıq şəkildə əlverişsiz vəziyyətdə qoymamaq şərti ilə öz işini təqdim etmək üçün ağlabatan imkan yaratmaq öhdəliyini nəzərdə tutur. Dövlətin məqsədi ədalətli məhkəmə hüququnu təmin etməkdən ibarət olduğu halda, şəxsin qanunda nəzərdə tutulmuş məhkəmə instansiyasına müraciət etmək hüququnda hər hansı bir qeyri-bərabərliyə yol verilməməlidir”.

Ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı Konstitusiya Məhkəməsinin  formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, “ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir” (“Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 420.3-cü maddəsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2002-ci il  tarixli qərarı).

Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququnun məcmusunu formalaşdıran digər elementlərlə (qanun əsasında yaranmış və müvafiq yurisdiksiyaya malik olan məhkəmə) yanaşı, məhkəməyə müraciət etmək hüququ xüsusi əhəmiyyət kəsb edir. Belə ki, məhkəməyə müraciət etmək hüququnun  əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur.

Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər  tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.       

Məhkəməyə müraciət etmək hüququ beynəlxalq hüquqi aktlarda təsbit olunaraq müstəqil məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 2-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi).

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 14 dekabr 1990-cı il tarixli, 45/110  saylı qətnaməsi ilə qəbul edilmiş BMT-nin həbsdə saxlama ilə əlaqəli olmayan tədbirlərə münasibətdə standart minimal qaydalarında (Tokio qaydaları) nəzərdə tutulan tövsiyələr qeyd olunan müddəaları təsdiq edir. Belə ki, həmin Qaydaların 9-cu bəndində hökmün çıxarılmasından sonra hüquqpozanın vəsatəti üzrə qərar qəbul edən (əfv məsələləri istisna olmaqla) orqanlar sırasına ilk növbədə məhkəmə aid edilmişdir.Qeyd olunanlarla yanaşı, xüsusilə vurğulanmalıdır ki, Konstitusiyanın ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olmasından irəli gələrək, Cinayət Məcəlləsinin 71.1-ci maddəsində məhkumun şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi ilə bağlı məhkəməyə bilavasitə müraciət hüququnun reallaşdırılmasına dair göstərişin olmaması onun bu hüquqdan məhrum edilməsi kimi qiymətləndirilməməlidir.   

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsi hesab edir ki, Cinayət Məcəlləsinin 71.1-ci maddəsi  Konstitusiyanın 25 və 60-cı maddələrinin tələblərinə uyğun olaraq tətbiq edilməlidir. Şərti məhkum olunmuş şəxs şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi ilə bağlı bilavasitə məhkəməyə müraciət edə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

Q Ə R A R A   A L D I:

 1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 25 və 60-cı maddələrinin tələblərinə uyğun olaraq tətbiq edilməlidir. Şərti məhkum olunmuş şəxs şərti məhkum etmənin ləğv edilməsi və məhkumluğun götürülməsi ilə bağlı bilavasitə məhkəməyə müraciət edə bilər.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.                               

3.  Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”  qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.  

4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                 Fərhad Abdullayev