Постановления

02.12.10 Cəbrayılova Nonna Serqeyevnanın şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-nın 02/02/10-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA

MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

Cəbrayılova Nonna Serqeyevnanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin  Mülki  işlər  üzrə məhkəmə   kollegiyasının

2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

2 dekabr 2010-cu il                                                                                                         Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Sona Salmanova, Fikrət Babayev (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

ərizəçi Nonna Cəbrayılovanın və onun nümayəndəsi Vüqar Babalıyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında N.Cəbrayılovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

Cavabverən orqan, Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndəsi işin baxılma tarixi və yeri barədə əvvəlcədən yazılı xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim F.Babayevin məruzəsini, ərizəçinin və onun nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

M Ü Ə Y Y Ə N    E T D İ:

Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 24 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə iddiaçı N.Cəbrayılovanın Teddi Cəbrayılova qarşı onun və azyaşlı oğlu Emil Cəbrayılovun Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi «D» yaşayış sahəsindəki 21 saylı evin 23-cü mənzilinə yaşayış sahəsindən istifadə hüquqlarının tanınması və həmin ünvana qeydiyyata alınmaları barədə iddiası təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MİÜK) 15 yanvar 2009-cu il tarixli qətnaməsi ilə cavabdeh T.Cəbrayılovun apellyasiya şikayəti təmin edilərək, Suraxanı rayon məhkəməsinin 24 sentyabr 2008-ci il tarixli qətnaməsi ləğv olunmuş və iddiaçı N.Cəbrayılovanın iddiası rədd edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 5 iyun 2009-cu il tarixli qərarı ilə iddiaçı N.Cəbrayılovanın kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi MİÜK-nın 15 yanvar 2009-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş müvafiq göstərişlərlə yeni apellyasiya baxışına göndərilmişdir.

Ali Məhkəmənin MİÜMK belə nəticəyə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi tətbiq etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 228.5-ci maddəsinin şərhində səhvə yol vermişdir. Belə ki, qanunverici MM-in 228.5-ci maddəsinin birinci cümləsində yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququnu tanıyır və həmin şəxslərin istifadə hüququnun yaranması üçün MM-in 228.1 və 228.2-ci maddələrinə riayət edilməsini tələb etmir.

Lakin, işə yenidən baxan Bakı Apellyasiya Məhkəməsinin MİÜK kassasiya instansiyası məhkəməsinin qərarında qeyd olunan göstərişlərin həmin işə yenidən baxan məhkəmə üçün məcburi olması barədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 420-ci maddəsinin tələbinə riayət etməyərək 7 oktyabr 2009-cu il tarixli qətnaməsi ilə yenidən N.Cəbrayılovanın iddiasını təmin etməməsi qənaətinə gəlmişdir.

Ali Məhkəmənin MİÜMK-nın 2 fevral 2010-cu il tarixli qərarı ilə N.Cəbrayılovanın təkrar kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərar tərəflər rəsmi nikah bağladıqdan sonra T.Cəbrayılovun mülkiyyətində olan mənzilə dair yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi barədə notariat qaydasında təsdiq olunmuş müqavilənin bağlanmaması dəlili ilə əsaslandırılmışdır.

Şikayətdə göstərilmişdir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun (bundan sonra – Konstitusiya Məhkəməsinin Plenumu) 27 may 2008-ci il tarixli qərarını nəzərə almamış, işin müəyyən olunmuş halları baxımından MM-in 228.5-ci maddəsini düzgün şərh etməyərək, qüvvədə olan maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşlar. Bununla da Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 43-cü və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulması qənaətinə gələn ərizəçi, iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını xahiş edir. 

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 43-cü maddəsinin I hissəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüquqlarının öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.  

Göstərilən konstitusiya normasından irəli gələrək mənzil sahəsində yaranan münasibətlərin hüquqi tənzimlənməsi sahəvi (mənzil və mülki) qanunvericilikdə öz əksini tapmışdır. Mənzil münasibətlərinin tərkib hissəsi olan yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsi qaydaları MM-in 228-ci maddəsində müəyyən edilmişdir. 

Belə ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Belə razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (MM-in 228.1 və 228.2-ci maddələri).

Sonradan «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli Qanunu ilə MM-yə 228.5-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

Konstitusiya Məhkəməsinin Plenumu 27 may 2008-ci il tarixli qərarında MM-in 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəasını məhz digər ailə üzvlərinə münasibətdə şərh edərək qeyd etmişdir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Eyni zamanda Plenum qeyd etmişdir ki, bu müddəa MM-in 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. 

Bununla bağlı nəzərə alınmalıdır ki, «mülkiyyətçinin razılığı» müddəasına verilmiş şərh MM-in 228.5-ci maddəsinə bütövlükdə deyil, həmin maddənin yalnız «digər ailə üzvlərinin (ərinin, arvadının) köçürülməsinə mülkiyyətçinin razılığı ilə yol verilir» müddəasına aiddir və mülkiyyətçinin özünün ailə üzvlərinə şamil olunmur. Bu mənada nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri ilə bağlı MM-in 228.5-ci maddəsinə nisbətdə həmin Məcəllənin 228.1-ci maddəsi daha geniş xarakter daşıyır. Belə ki, MM-in 228.1-ci maddəsində mülkiyyətçinin ailə üzvlərindən bəhs edildiyi təqdirdə, həmin Məcəllənin 228.5-ci maddəsi yalnız mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinə aiddir. Göründüyü kimi mülkiyyətçi ilə birgə yaşamayan onun ailə üzvləri MM-in 228.5-ci maddəsinin təsir dairəsinə düşmür.   

Mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsində əks olunmuş qayda Konstitusiyanın 17-ci maddəsinin II hissəsindən, 34-cü maddəsinin IV və V hissələrindən, habelə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü və MM-in 27.2-ci maddələrindən irəli gəlir.

Göstərilən normaların müddəalarında ər və arvadın hüquqlarının bərabər olmasının, uşaqlara qayğı göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilə ilə deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır.

Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun A.M.Cavidanın şikayəti üzrə 14 noyabr 2008-ci il tarixli və S.Süleymanovanın şikayəti üzrə 2 aprel 2010-cu il tarixli qərarlarında da öz əksini tapmışdır.

Lakin, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarlarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə almayaraq apellyasiya instansiyası məhkəməsi və onun qətnaməsini qüvvədə saxlamış kassasiya instansiyası məhkəməsi N.Cəbrayılovanın azyaşlı uşağı ilə birlikdə mübahisəli mənzilə köçürülüb və həmin yaşayış sahəsindən istifadə hüquqlarının yaranması üçün MM-in 228.1 və 228.2-ci maddələrinə istinad etməkdə haqlı olmamışlar. 

Bu baxımdan, Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə əsasən Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa «Konstitusiya Məhkəməsi  haqqında» Azərbaycan Respublikası Qanununun (bundan sonra – «Konstitusiya Məhkəməsi haqqında»  Qanun)  66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 63.4 və 66.2-ci maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Xüsusilə qeyd olunmalıdır ki, Konstitusiyanın 130-cu maddəsində Konstitusiya Məhkəməsinin fəaliyyətinin hüquqi əsasları müəyyənləşdirilərək, Konstitusiyanın və qanunların şərh edilməsi Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətlərinə aid edilmişdir. Təsadüfi deyil ki, müvafiq prosessual qanunvericilikdə Konstitusiyanın və qanunların şərhinin Konstitusiya Məhkəməsi tərəfindən verildiyi halda məhkəmələr üçün məcburi olması barədə imperativ tələb nəzərdə tutulmuşdur (MPM-in 13.7-ci və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 10.3-cü maddələri).

Bununla yanaşı, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir.

Buna baxmayaraq, hazırkı iş üzrə apellyasiya və kassasiya instansiyası məhkəmələri Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqeləri nəzərə almayaraq Konstitusiyanın, «Konstitusiya Məhkəməsi haqqında» Qanunun və MPM-in yuxarıda göstərilən normalarının tələblərinə riayət etməmişlər.

Belə ki, kassasiya instansiyası məhkəməsi ilk dəfə işə baxaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etməklə işi yeni apellyasiya baxışına göndərərkən qəbul etdiyi 5 iyun 2009-cu il tarixli qərarında göstərmişdir ki, iddiaçı N.Cəbrayılova MM-in 228.5-ci maddəsinin 3-cü cümləsində göstərilən şəxslər sırasına deyil, həmin maddənin 1-ci cümləsindəki şəxslər sırasına aiddir. Bununla da, qanunverici N.Cəbrayılovanın mübahisəli yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququnu tanıyır və istifadə hüququnun yaranması üçün MM-in 228.1 və 228.2-ci maddəsinə riayət edilməsini tələb etmir. Kassasiya instansiyası məhkəməsinin qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin MM-in 228.5-ci maddəsinin şərhi ilə bağlı gəldiyi nəticə düzgün sayıla bilməz.

MPM-in 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Buna baxmayaraq, Bakı Apellyasiya Məhkəməsinin MİÜK qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək Ali Məhkəmənin MİÜMK-nın 5 iyun 2009-cu il tarixli qərarında müəyyən olunmuş göstərişləri lazımınca yerinə yetirmədən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək iddiaçı N.Cəbrayılovanın iddiasını rədd etmişdir.

MPM-in 416-cı maddəsi ilə kassasiya instansiyası məhkəməsinə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamaq səlahiyyəti verilmişdir. MPM-in 418-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.

Lakin, Ali Məhkəmənin MİÜMK həmin işə təkrar baxaraq Bakı Apellyasiya Məhkəməsi MİÜK tərəfindən kassasiya instansiyası məhkəməsinin məcburi xarakter daşıyan göstərişlərini yerinə yetirmədiyini, işə maddi və prosessual hüquq normalarına əməl etmədən baxıldığını nəzərə almayaraq, əvvəlki qərarından fərqli olaraq 2 fevral 2010-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 7 oktyabr 2009-cu il tarixli qətnaməsini dəyişdirilmədən saxlamış, bununla da MM-in 228.5-ci maddəsinin və MPM-in 416, 417 və 418-ci maddələrinin tələblərinə əməl etməmiş, nəticədə N.Cəbrayılovanın Konstitusiyanın 43-cü maddəsinin I hissəsində və 60-cı maddəsinin  I hissəsində təsbit olunmuş hüquqları pozulmuşdur. 

Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında xüsusilə vurğulanmışdır ki, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş əsas konstitusiya müddəaları sırasında hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququ (ədalətli məhkəmə araşdırılması hüququ) xüsusi əhəmiyyət kəsb edir və həmin hüququn təmin edilməməsi hüququn aliliyi prinsipi baxımından hüquq və azadlıqların əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına gətirib çıxarır (Konstitusiya Məhkəməsinin Plenumunun 1 fevral 2005-ci il tarixli, 13 dekabr 2005-ci il tarixli, 8 may 2008-ci il tarixli, 30 dekabr 2008-ci il tarixli qərarları).

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, N.Cəbrayılovanın yaşayış sahəsindən istifadə hüququnun tanınması, qeydiyyata alınma və mənzilə köçürülmə iddiasına dair mülki iş üzrə Ali Məhkəmənin MİÜMK-nın 2 fevral 2010-cu il tarixli qərarı Konstitusiyanın 43-cü maddəsinin I hissəsinə, 60-cı maddəsinin  I hissəsinə, MM-in 228.5-ci maddəsinə, MPM-in 416, 417.1.4 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. N.Cəbrayılovanın yaşayış sahəsindən istifadə hüququnun tanınması, qeydiyyata alınma və mənzilə köçürülmə iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin I hissəsinə, 60-cı maddəsinin  I hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.4 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                         Fərhad Abdullayev