Постановления

01.12.10 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun  

8.1 və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına 

uyğunluğunun yoxlanılmasına dair

01 dekabr  2010-cu il                                                                                          Bakı  şəhəri 
 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədrlik edən), Fikrət Babayev, Südabə Həsənova, Rövşən İsmayılov,  Rafael Qvaladze, İsa Nəcəfov, Sona Salmanova (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,      

sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri Mahir Məmmədovun,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının  əməkdaşı Adil Vəliyevin,

ekspert Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının professor əvəzi, hüquq elmləri doktoru Mayis Əliyevin,

mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, hüquq elmləri namizədi Bağır Əsədovun, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti şöbəsinin müdir müavini Ürfət Mürşüdovun, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Hüquq şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Günay Bağırovanın və Əmək pensiyaları siyasəti şöbəsinin müdiri Elşən Məmmədəliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 30 iyul 2010-cu il tarixli sorğusu əsasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25, 38, 71 və 147-ci maddələrinə, 149-cu maddəsinin I və III hissələrinə, 8.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə uyğunluğunun  yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, sorğuverən və cavabverən orqanların nümayəndələrinin, mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək  “Əmək pensiyaları haqqında” 07 fevral 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun ) 8.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25, 38, 71 və 147-ci maddələrinə, 149-cu maddəsinin I və III hissələrinə, 8.3-cü maddəsinin  Konstitusiyanın 25-ci maddəsinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

“Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsinə  əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Sorğuverənin qənaətinə görə həmin maddənin “uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş” müddəası bəzi kateqoriya qadınların sosial təminat hüququnun qanunla müəyyən edilmiş güzəştlərindən kənarda qalmasına və ayrı-seçkiliyə səbəb olur. Belə ki, qanunverici yalnız beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlara münasibətdə yaşa görə əmək pensiyası hüququnu əldə etməyə imkan verən yaş həddinin hər uşağa görə 1 il azaldılmasını nəzərdə tutur. Beş və daha çox uşaq övladlığa götürən və onları səkkiz yaşınadək tərbiyə etmiş analar və ya uşaqları səkkiz yaşınadək tərbiyə etmiş ögey analar isə qeyd olunan güzəştlərdən kənarda qalmış olurlar.

“Əmək pensiyaları haqqında” Qanunun 8.3-cü maddəsinə görə ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə 5 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz  yaşınadək böyüdən ataların, habelə 5 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 5 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin azı 10 il sığorta stajı  olduqda bu  Qanunun

7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

Sorğuda, həmçinin göstərilmişdir ki, övladlığa beş və daha çox uşaq götürən və qəyyum kişilərə güzəştlərin nəzərdə tutulduğu halda qadınlar barəsində  bu güzəştlərin nəzərə alınmaması cinsi ayrı-seçkiliyə səbəb olur.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.

Konstitusiya Azərbaycan dövlətini demokratik, hüquqi, dünyəvi və unitar respublika bəyan etməklə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin  edilməsinin  dövlətin ali məqsədi olmasını təsbit etmişdir (Konstitusiyanın

7-ci maddəsinin I hissəsi və 12-ci maddəsinin I hissəsi). Bu müddəaların həyata keçirilməsi o deməkdir ki, dövlət hər şeydən əvvəl  insanlar üçün mövcud olur və onların tələbatlarının real olaraq əks olunması, qorunması və müdafiə edilməsi sahəsində müvafiq öhdəliklər daşıyır. Konstitusiyanın 16-cı maddəsinin I hissəsində göstərilir ki,  Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Konstitusiyanın 71-ci maddəsinin I və II hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

Konstitusiyanın 149-cu maddəsinin I və III hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır.

Digər sosial hüquqlarla yanaşı Konstitusiyanın 38-ci maddəsinin I hissəsində hər kəsin sosial təminat hüququ müəyyən edilmişdir. Sosial təminat hüququnu, o cümlədən onun əsas elementlərindən biri kimi pensiya hüququnu təsbit edən Konstitusiyanın 38-ci maddəsinin III hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat  hüququna malikdir.

Lakin sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və müəyyən mənada siyasi və mədəni hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Qeyd olunan xüsusiyyət həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.

Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir). Lakin bütün hallarda belə tənzimləmə bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Bu mənada qanunvericinin hər hansı hüquq münasibətlərinin, o cümlədən sosial təminat hüquq münasibətlərinin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsi tələb olunur. Eyni zamanda, pensiya təminatına dair hüquqi tənzimləmə mühüm konstitusiya prinsipləri əsasında qurulmalı, sosial yönümlü bazar iqtisadiyyatında əməyin və digər ictimai faydalı fəaliyyətin sosial dəyəri kimi rolunun və əhəmiyyətinin nəzərə alınması ilə həyata keçirilməlidir.

Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən əsas qanunvericilik aktı “Əmək pensiyaları haqqında” Qanundur.

Həmin Qanunun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Bu Qanunun “Yaşa görə əmək pensiyası” adlanan II fəslində yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtləri və qaydaları, o cümlədən güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərin dairəsi  barədə müddəalar əks olunmuşdur.

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (həmçinin maddənin qeydinə müvafiq olaraq kişilərin yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-ci il yanvarın 1-dək, qadınların yaş həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır).

Qanunun 8.1-ci maddəsinə görə beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan normanın məzmunundan göründüyü kimi qanunverici həmin qadınların güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün üç şərt müəyyən etmişdir: beş və daha çox uşaq doğmaq, həmin uşaqları səkkiz yaşınadək tərbiyə etmək və azı 10 il sığorta stajının olması. Bu şərtlərdən biri olmadıqda Qanunun 8.1-ci maddəsinə əsasən qadınların güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmır.

Yuxarıda qeyd olunduğu kimi, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, təyin və əldə edilməsinin,  habelə bir sıra mühüm əhəmiyyət kəsb edən obyektiv hallardan asılı olaraq bəzi kateqoriya şəxslərə güzəştli şərtlərlə pensiya hüququ verilməsinin əsaslarını müəyyən etməkdə sərbəstdir. Lakin  qeyd olunan fərqləndirmə Konstitusiyada təsbit edilmiş bərabərlik hüququna müvafiq olaraq o halda və tərzdə mümkündür ki, bu şərtlər obyektiv hallara əsaslansın, özünü doğrultsun, konstitusiya əhəmiyyətli məqsədlərə xidmət etsin və bu məqsədlərə nail olmaq ücün istifadə olunan hüquqi vasitələrə mütənasib olsun.

Hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi  Konstitusiyanın  25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların  həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi  prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsi beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların pensiya hüququ əldə etməsi üçün güzəştli şərtlər müəyyən etməklə öz-özlüyündə Konstitusiyanın 25-ci maddəsinin II və III hissələri, 38-ci maddəsinin I və III hissələri və 149-cu maddəsinin I və III hissələri ilə ziddiyyət yaratmır. Lakin, yuxarıda  göstərilənlərə əsasən, Qanunun bu normasında nəzərdə tutulmuş güzəştli şərtlərlə pensiya hüququnun yalnız beş və ya daha çox uşaqları doğmuş qadınlara şamil edilməsi, qanunların “bərabər mənafelərə bərabər münasibətə” əsaslanması konstitusiya prinsipi baxımından beş və ya daha çox uşağı övladlığa götürən qadınları və  ögey anaları qeyri-bərabər hüquqi vəziyyətə salır.

Cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir (Konstitusiyanın 17-ci maddəsinin I hissəsi, 34-cü maddəsinin III hissəsi).

“Uşaq hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun  5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində usaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ huquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.

Mövcud sahəvi qanunvericilikdə övladlığa götürülənlərlə doğma uşaqların, övladlığa götürənlərlə doğma valideynlərin hüquqi statusları bərabərləşdirilməklə yanaşı, övladlığa götürülmə müəyyən hüquqi nəticələr yaradan hüquqi fakt qismində çıxış edir.

Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 134.1-ci maddəsinə görə övladlığa götürülənlər və onların övladları övladlığa götürənlərə və onların qohumlarına münasibətdə, eləcə də övladlığa götürənlər və onların qohumları övladlığa götürülənlərə (onların övladlarına) münasibətdə öz şəxsi qeyri-əmlak və əmlak hüquq və vəzifələrinə görə mənşəcə qohumlara bərabər tutulurlar.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbəli bərabər pay hüquqlu vərəsələr – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılır. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə görə övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

Qeyd olunmalıdır ki, 2006-cı ilin yanvar ayınadək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində də çoxuşaqlı, əlil uşağı olan anaların və uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların güzəştli şərtlərlə pensiya almaq hüququ nəzərdə tutulurdu. Həmin maddədə bu məsələ qismən – yalnız ögey analara münasibətdə müsbət həll edilmişdi. Maddənin üçüncü abzasında müəyyən edilirdi ki, bu maddənin şərtləri ilə yaşa görə pensiya təyin olunarkən vəfat etmiş ananın övladlığa götürülməmiş uşaqları təzə ailədə səkkiz yaşına çatanadək faktik tərbiyə edilərsə, ögey ananın doğma uşaqlarına bərabər tutulur.

         Sorğuda göstərilən digər məsələ ilə əlaqədar  Konstitusiya Məhkəməsi qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.3-cü maddəsində beş və daha çox uşağı səkkiz  yaşınadək böyüdən qəyyum kişilərə güzəştli şərtlərlə pensiya hüququnun nəzərdə  tutulması,  qadınlar  barəsində   isə  belə  güzəştlərin  nəzərə  alınmaması kişi və qadınlar arasında bərabərliyin təminatının pozulması kimi qiymətləndirilməlidir.

Azərbaycan Respublikası 1995-ci ildə tərəfdar çıxdığı BMT-nin 1979-cu il tarixli “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında” Konvensiya ilə öz üzərinə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsi öhdəliyini götürmüşdür.

Konstitusiyanın 25-ci maddəsində cinsi ayrı-seçkiliyin qadağan olunması ilə bağlı əks olunmuş prinsipin təminatlarını tənzimləyən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” 10 oktyabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən, dövlət kişi və qadınların sosial təminat hüququnun həyata keçirilməsində, ünvanlı dövlət sosial yardımının və digər sosial güzəştlərin verilməsində bərabər imkanların yaradılmasına təminat verir. Bu mənada həm Konstitusiyada, həm də göstərilən Qanunda kişi və qadınların  sosial təminat hüquqları arasında cinsi mənsubiyyətə görə ayrı-seçkilik birmənalı şəkildə qadağan edilmişdir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, hüquq bərabərliyi prinsipi baxımından sosial təminat hüquq münasibətlərinin subyektləri tərəfindən pensiya hüquqlarının səmərəli həyata keçirilməsi,  xüsusilə də “Əmək pensiyaları haqqında” Qanunda beş və daha çox uşaq övladlığa götürmüş qadınların, ögey anaların, beş və daha çox uşaq böyüdən qəyyum qadınların güzəştli şərtlərlə pensiya hüququnun əldəetməsinin eyni qaydada təxirəsalınmadan tənzimlənməsini tələb edir.

Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətlərin bölünməsi prinsipinə görə Konstitusiya Məhkəməsi normayaradıcı, yəni hər hansı hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi akt qəbul edən, o cümlədən hər hansı normativ hüquqi akta əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünə malik olan orqan deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, fərdi şikayətlər əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya ədalət mühakiməsi orqanıdır.

Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən əmək münasibətlərini və sosial təminata dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.  Konstitusiyanın  25-ci maddəsinin II və III hissələrinin, 149-cu maddəsinin I və III hissələrinin tələblərinə müvafiq olaraq    beş və daha çox uşağı  övladlığa götürüb  səkkiz yaşınadək böyüdən anaların, beş və daha çox uşağı  səkkiz yaşınadək tərbiyə etmiş ögey anaların yaşa görə pensiyası “Əmək pensiyaları haqqında”   Qanunun 8.1-ci maddəsinə; beş və daha çox uşağı  səkkiz yaşınadək böyüdən qəyyum qadınların yaşa görə pensiyası “Əmək pensiyaları haqqında”  Qanunun  8.3-cü maddəsinə bu Qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla  uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII, IX və X hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

 1. “Əmək  pensiyaları   haqqında”   Azərbaycan   Respublikası  Qanununun

8.1-ci  maddəsi  Azərbaycan Respublikası Konstitusiyasının  38-ci maddəsinin I və III hissələrinə  uyğun hesab edilsin.

2. Azərbaycan Respublikası Konstitusiyasının  25-ci maddəsinin II və III hissələrinin, 149-cu maddəsinin I və III hissələrinin tələblərinə müvafiq olaraq  beş və daha çox uşağı  övladlığa götürüb  səkkiz yaşınadək böyüdən anaların, beş və daha çox uşağı  səkkiz yaşınadək tərbiyə etmiş ögey anaların yaşa görə pensiya hüququ “Əmək pensiyaları haqqında”  Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə; beş və daha çox uşağı  səkkiz yaşınadək böyüdən qəyyum qadınların yaşa görə pensiya hüququ “Əmək pensiyaları haqqında”  Azərbaycan Respublikası Qanununun  8.3-cü maddəsinə  bu Qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla  uyğunlaşdırılması Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədrlik edən                                                          Fərhad Abdullayev