Постановления

21.06.10 Natəvan Əhəd qızı Musayevanın şikayəti üzrə AR Ali Məhkəməsinin MIÜMK-nın 07/07/09-cu il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN   RESPUBLİKASI

KONSTİTUSİYA   MƏHKƏMƏSİ   PLENUMUNUN

Q Ə R A R I

Natəvan Əhəd qızı Musayevanın şikayəti üzrə Azərbaycan Respublikası

Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il

tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına

və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

21 iyun 2010-cu il                                                                                           Bakı şəhəri

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), S.Salmanova, F.Babayev, S.Həsənova (məruzəçi-hakim), B.Qəribov, E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,

  məhkəmə katibi İ.İsmayılovun,

  ərizəçi N.Musayeva və onun nümayəndəsi R.Səmədovun,

  cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı  R. Əkbərovun iştirakı ilə,

  Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında N.Musayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

  İş üzrə hakim S.Həsənovanın məruzəsini, ərizəçinin və cavabverənin nümayəndələrinin çıxışlarını dinləyib və işin materiallarını araşdırıb müzakirə edərək,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu        

MÜƏYYƏN  ETDİ:

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ərizəçinin mərhum əri Musayev Vahid İsa oğlu ilə «Memar-3» Mənzil Tikinti Kooperativi (bundan sonra – “Memar-3” MTK) arasında üç otaqlı, sahəsi 112,5 kv.m. olan mənzilin tikintisi barədə 13 aprel 1998-ci il tarixdə müqavilə bağlanmış, mənzilin qiyməti 116480000 AZM məbləğində müəyyən edilmiş və ödənilmişdir. 01 fevral 2004-cü il tarixdə Musayev Vahid İsa oğlu ilə «Memar-3» MTK arasında 3 otaqlı, sahəsi 132,5 kv.m. olan mənzilin tikintisi barədə yeni müqavilə bağlanmış və həmin müqaviləyə uyğun olaraq mənzilin qiyməti 41100 ABŞ dolları məbləğində müəyyənləşdirilmişdir. Tərəflərin imzaladığı həmin müqavilədə əvvəlki müqavilənin ləğv edilməsi nəzərdə tutulmuşdur.

Mənzillərin dəyərlərinin artırılmasından narazı qalan yeddi nəfər kooperativ üzvü, o cümlədən Vahid Musayev borcun hansı qaydada hesablanması və mənzillərin balans dəyəri barədə məlumatların verilməsini tələb etmiş, lakin onların sorğuları cavabsız qaldığından, kooperativin sədrinə qarşı vəzifəli şəxsin hərəkətsizliyinə dair məhkəmədə iddia qaldırmışlar. Kooperativ isə borcun və öhdəliyin yerinə yetirilməməsinə görə cərimə ödənilməsi, kooperativdən və mənzildən çıxarılma barədə qarşılıqlı iddia vermişdir.

Nəsimi rayon məhkəməsi 26 aprel 2007-ci il tarixdə həmin iddialar üzrə qətnamə qəbul etmiş, lakin Vahid Musayev 17 aprel 2007-ci ildə vəfat etdiyindən ona aid hissədə işin icraatı dayandırılmışdır.

2008-ci ildə ərizəçi Musayeva Natəvan Əhəd qızı Vahid Musayevin qanuni vərəsəsi və həyat yoldaşı olmaqla mənzilin onların birgə vəsaiti hesabına tikilməsini, kooperativin artıq 2003-cü ildən hazır olduğunu və onlar tərəfindən təmir edildiyini, artırılmış sahənin hər kv.m. üçün 1000 ABŞ dolları tələb edildiyini, mənzilin yerləşdiyi blokun və liftin qapılarının qıfıllanaraq onun mənzilə buraxılmamasını, bunun nəticəsində təmiri tam başa çatdıra bilmədiyindən ona maddi və mənəvi zərər dəydiyini əsas gətirərək  «Memar-3» MTK-nın sədri Rəhimova Aidə Məmməd qızına qarşı müqavilənin qismən etibarsız hesab olunması, vəzifəli şəxsin üzərinə qanunsuz hərəkətlərinə son qoyulması vəzifəsinin həvalə edilməsi, mənzilin qiymətinin müəyyən olunması və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə Bakı şəhər Yasamal rayon məhkəməsində yeni iddia qaldırmışdır. İddiaçı məhkəmə baxışının gedişində iddia ərizəsinə əlavə təqdim edərək, həmçinin “Memar-3” MTK-nın üzvlüyünə qəbul edilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

  «Memar-3» MTK-nın sədri A.Rəhimova  N.Musayevaya qarşı ona verilməsi nəzərdə tutulan 3 otaqdan ibarət, ümumi sahəsi 132,5 kvm olan mənzilin satışa çıxarılması və ödənilmiş 28300 ABŞ dollarının qaytarılmasına, qalan məbləğin kooperativə verilməsinə dair qarşılıqlı iddia vermişdir. Eyni zamanda V.Musayevin birinci nikahından olan oğlu Bağırlı Rasim Yusif oğlu müstəqil tələb irəli sürən üçüncü şəxs qismində mübahisəli mənzildən vərəsəyə aid hissənin müəyyən edilməsi və ayrılması barədə iddia ərizəsi ilə  işə qoşulmuşdur.

  Bakı şəhər Yasamal rayon Məhkəməsinin 23 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilməmiş, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilərək, Vahid Musayevin kooperativin üzvlüyündən çıxarılmış hesab edilməsi, onun ödədiyi 28300 ABŞ dolları və mənzilin təmirinə xərclənmiş 28971 manatın “Memar-3” MTK-dan alınaraq onun vərəsələrinə ödənilməsi (4/6 hissəsi Natəvan Musayevaya, 1/6 hissəsi İsa Musayevə, 1/6 hissəsi isə Rasim Bağırlıya verilməsi) qət edilmişdir.

Həmin qətnamədən N.Musayeva və üçüncü şəxs Rasim Bağırlı ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Apellyasiya baxışı zamanı «Memar 3» MTK-nın sədri A.Rəhimova ilə R.Bağırlı arasında əldə edilmiş razılıqla əlaqədar sonuncu apellyasiya şikayətindən imtina etmiş və məhkəmənin 05 fevral 2009-cu il tarixli qərardadı ilə üçüncü şəxs R.Bağırlının qətnamədən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilmiş və ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – «Bakı Apellyasiya Məhkəməsinin MİÜMK»)  eyni tarixli qətnaməsi ilə N.Musayevanın şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

N.Musayevanın Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nin qətnaməsindən verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – «Ali Məhkəmənin MİÜMK») 07 iyul 2009-cu il tarixli qərarı ilə təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 05 fevral 2009-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmə sədrinin 28 sentyabr 2009-cu il tarixli məktubu ilə ərizəçinin əlavə kassasiya şikayətinin əsaslar olmadığına görə Ali Məhkəmənin  Plenumunun baxışına çıxarılmadan saxlanıldığı bildirilmişdir.

Ərizəçi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – «Konstitusiya Məhkəməsi») şikayət verərək, mülki işə baxılarkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarına uyğun olmayan məhkəmə aktlarının qəbul edilməsi nəticəsində onun Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra – «Konstitusiya») təsbit olunmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının pozulduğunu bildirmiş və iş üzrə çıxarılmış məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

  Konstitusiyanın 60-cı maddəsinə əsasən  hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir,  hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.

 Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Konstitusiya Məhkəməsinin Plenumu özünün bir sıra qərarlarında məhkəmə müdafiəsi hüququnun mahiyyətini və əhəmiyyətini xüsusi vurğulamışdır.

Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı).

Konstitusiyanın 60-cı maddəsinin səmərəli təminatının mühüm mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – «MPM») müvafiq olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.  Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 9.1, 9.3, 14.1, 88, 217.1, 217.2 və 218.3-cü maddələri).

Konstitusiyada nəzərdə tutulmuş hər kəsin məhkəmədə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilə bilər.

Ərizəçinin təşəbbüsü ilə başlanmış mülki mübahisə üzrə tətbiq edilməli olan mülki qanunvericilik müddəalarına münasibətdə Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə qeyd edir ki, “Memar-3” MTK-nın təsis edildiyi dövrdə kooperativlərin fəaliyyətinin hüquqi əsasları, o cümlədən kooperativlərin təsis edilməsi, yeni üzvlərin qəbulu və üzvlüyə xitam verilməsi qaydaları 2000-ci ilin sentyabrınadək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi (bundan sonra – «qüvvədən düşmüş MM»), həmin dövrdə qüvvədə olmuş «Kooperasiya haqqında» Azərbaycan Respublikasının Qanunu və Kooperativin Nizamnaməsi ilə tənzimlənirdi.

Qüvvədən düşmüş Mülki Məcəllənin 24-cü maddəsinin 3-cü bəndinə görə kooperativ təşkilatları və onların birləşmələri hüquqi şəxslər hesab edilirdilər. Məcəllənin 25-ci maddəsi müəyyən edirdi ki, hüquqi şəxs nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərir.

17 iyun 2003-cü il tarixədək qüvvədə olmuş «Kooperasiya haqqında» 07 fevral 1996-cı il tarixli Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə müvafiq olaraq kooperativ nizamnamə əsasında fəaliyyət göstərir. Kooperativin nizamnaməsində digər məsələlərlə yanaşı kooperativin üzvlüyünə daxil olmaq, kooperativdən çıxmaq və xaric edilmək qaydaları göstərilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən kooperativin üzvü öldükdə kooperativdə üzvlüyə xitam verilir. Kooperativin üzvlərindən biri (bir neçəsi) öldükdə onun (onların) varisi kooperativə üzv qəbul edilə bilər. Qanunun 14-cü maddəsi müəyyən edirdi ki, kooperativin üzvü bu Qanunda və kooperativin nizamnaməsində nəzərdə tutulan kooperativ üzvünün vəzifələrini yerinə yetirmədikdə, nizamnamə və Azərbaycan Respublikası qanunlarını pozmaqla kooperativə ziyan vurduqda və nizamnamədə nəzərdə tutulan, bu Qanuna zidd olmayan digər əsaslarla kooperativdən xaric edilə bilər. Kooperativdən, kooperativ üzvünün xaric edilməsi məsələsinə kooperativin nizamnaməsində müəyyən edilmiş qaydada kooperativin ümumi yığıncağında baxılır. Ümumi yığıncağın kooperativ üzvünün kooperativdən xaric edilməsi barədə qərarından məhkəməyə şikayət edilə bilər.

Mülki işin materiallarına əlavə edilmiş və məhkəmələr tərəfindən mübahisəsiz qaydada qəbul edilmiş “Memar-3” MTK-nın Nizamnaməsinin 1-ci maddəsinə əsasən Kooperativ Azərbaycan Respublikasının “Kooperasiya haqqında” Qanununa və bu Nizamnaməyə müvafiq surətdə fəaliyyət göstərir. Nizamnamənin 6.2-ci maddəsinə əsasən kooperativ üzvü kooperativ üzvlərinin ümumi yığıncağının qərarı ilə  xaric edilə bilər. Nizamnamənin 9.1-ci maddəsinə görə Kooperativin üzvlərinin ümumi yığıncağının çağırılması və keçirilməsi qaydaları, müstəsna səlahiyyətləri, vəzifələri, funksiyaları və onların işini təşkil edən qaydalar Azərbaycan Respublikasının “Kooperasiya haqqında” Qanunu və Kooperativin üzvlərinin ümumi yığıncağı tərəfindən qəbul olunmuş qərarları ilə müəyyən edilir. Həmin maddənin ikinci hissəsinin «a)» bəndinə uyğun olaraq kooperativ üzvlüyünə qəbul, kooperativ üzvlüyündən xaric etmə kooperativ üzvlərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir.

Azərbaycan Respublikasının qüvvədə olan Mülki Məcəlləsinin (bundan sonra – qüvvədə olan MM) 111.3.3-cü maddəsinə görə də kooperativ üzvlərini qəbul etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən kooperativin üzvü öldükdə onun vərəsələri, əgər kooperativin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, kooperativ üzvlüyünə qəbul edilə bilərlər. Əks halda kooperativin ölmüş üzvünün payının dəyəri kooperativ tərəfindən onun vərəsələrinə ödənilir.

Lakin işə baxmış birinci instansiya məhkəməsi “Memar-3” MTK-nın təsis edildiyi və fəaliyyət göstərdiyi dövrdə qüvvədə olmuş mülki qanunvericilik normalarını pozaraq kooperativin ümumi yığıncağının qanunla və nizamnamə ilə müəyyən edilmiş səlahiyyətini öz üzərinə götürmüş, qarşılıqlı iddia tələbinin əslində qəbul edilməli olmayan hissəsini təmin etmiş, Musayev Vahid İsa oğlunu “Memar-3” MTK-nın üzvlüyündən çıxarılmış hesab etmişdir. Bununla məhkəmə, həm də kooperativin ölmüş üzvünün vərəsələrinin kooperativin üzvlüyünə qəbul edilmək hüququnu və bu məsələnin kooperativ üzvlərinin ümumi yığıncağında müzakirə edilməsi imkanını mümkünsüz etmişdir.

Məhkəmə belə bir qənaətə gələrkən eyni zamanda MPM-in tələblərinin pozuntusuna yol vermişdir.  Belə ki, həmin Məcəllənin 153.2.1 və 261.0.1-ci maddələrinə müvafiq olaraq ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır.

Göstərilən maddi və prosessual qanun pozuntuları ilə yanaşı, işə baxmış  birinci instansiya məhkəməsi iddia tələblərinin hüdudlarından kənara çıxmışdır. Belə ki, ilkin iddia üzrə cavabdehin mənzilin satışa çıxarılması və ödənilmiş pulun qaytarılması, qalan məbləğin kooperativə verilməsi barədə qarşılıqlı iddiasının tam təmin edilməsi qənaətinə gələn məhkəmə Vahid Musayevin kooperativin üzvlüyündən çıxarılmış hesab edilməsi, onun ödədiyi və mənzilin təmirinə xərclədiyi pulun kooperativdən alınaraq onun vərəsələrinə ödənilməsini qət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin təsviri hissəsində bu uyğunsuzluğun ilkin iddia üzrə cavabdehin qarşılıqlı iddia tələbini dəyişməsi ilə əsaslandırılmasına cəhd edilmişdir.

Bununla bağlı ilk növbədə nəzərə alınmalıdır ki, MPM-in 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. MPM-in 53-cü maddəsində iddiaçının məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğu əks olunsa da, bu hüquq Məcəllənin 149.1-ci maddəsi nəzərə alınmadan tətbiq edilə bilməz. Həmin normaya müvafiq olaraq iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilməlidir. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi, iddia tələbinin həcminin artırılması və ya azaldılması öz mahiyyətinə görə iddia ərizəsinə bərabər tutulduğundan, tərəfin həmin məsələləri yalnız yazılı şəkildə təqdim etdiyi hallarda onlar etibarlı hesab edilə, məhkəmə tərəfindən qəbul edilə və nəzərə alına bilər.

Halbuki mülki işin materiallarında ilkin iddia üzrə cavabdeh A.Rəhimovanın və ya onun nümayəndəsinin qarşılıqlı iddia tələbinin dəyişdirilməsi barədə birinci instansiya məhkəməsinə təqdim etdiyi ərizəsi mövcud deyildir. Eyni zamanda bu hal həmin məhkəmənin iclas protokollarında da əks olunmamışdır.

  Qanunvericilik məhkəmə səhvlərinin aradan qaldırılmasının təmin edilməsi məqsədi ilə MPM-nin 372.1-ci maddəsində müəyyənləşdirmişdir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Mülki prosessual qanunvericiliyə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması, yaxud düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun (MPM-in 385-387-ci maddələri).

  Bakı Apellyasiya Məhkəməsinin MİÜMK özünün 05 fevral 2009-cu il tarixli qətnaməsi ilə iş üzrə birinci instansiya məhkəməsinin qanunun tələblərinə cavab verməyən qətnaməsini dəyişdirilmədən saxlamaqla öz üzərinə düşən vəzifəni yerinə yetirməmişdir.

MPM-in 416-cı maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə və ya qismən ləğv edib işi yeni apellyasiya baxışına göndərə bilər. Maddi və prosessual hüquq  normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv olunması üçün əsasdır (MPM-in 417.1.3 və 418.1-ci maddələri).

Qanunvericiliyin qeyd olunan normalarına zidd olaraq Ali Məhkəmənin MİÜMK 07 iyul 2009-cu il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla ərizəçinin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatı hüququnu pozmuşdur.

  Göstərilənlərlə yanaşı, xüsusi olaraq qeyd olunmalıdır ki, ərizəçinin kassasiya şikayətinin əsas dəlillərindən biri də məhz məhkəmələrin onların səlahiyyətinə aid edilməyən məsələni həll etməsi və Vahid Musayevi kooperativ üzvlüyündən çıxarması ilə bağlı olmuşdur. Kassasiya instansiyası məhkəməsi isə bu məsələyə ümumiyyətlə toxunmayaraq, iş üçün əhəmiyyət kəsb edən həmin dəlilə heç bir hüquqi qiymət verməmişdir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi  Kraska İsveçrəyə qarşı iş üzrə qərarında Konvensiyanın mənası baxımından mübahisəli məhkəmə araşdırmasının ədalətli aparılıb-aparılmamasının müəyyənləşdirilməsini öz üzərinə düşdüyünü qeyd etməklə əks etdirdiyi hüquqi mövqeyinə görə 6-cı maddənin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı «məhkəmə» üçün öhdəlik yaradır ki, o, öz qərarına aid olub-olmamasına dair qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırsın (§ 30). Qeorq Rumıniyaya qarşı iş üzrə digər qərarında isə həmin Məhkəmə ərizəçinin işin ədalətli araşdırma hüququnun pozulduğuna dair qənaətə gələrək mövqeyini həm də onunla əsaslandırmışdır ki, Ali Məhkəməyə şikayətində, ərizəçi tərəfindən irəli sürülmüş və həlledici əhəmiyyətinə görə konkret və aydın qiyməti tələb edən dəlil Ali Məhkəmə tərəfindən nəzərə alınmamışdır (§ 50).

 Konstitusiya Məhkəməsinin Plenumunun artıq formalaşmış hüquqi mövqeyi ondan ibarətdir ki, kassasiya qaydasında işə baxılma yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2007-ci il tarixli qərarı).

  Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 07 iyul 2009-cu il tarixli qərarı Konstitusiyanın 60 və 71-ci maddələrinə, MPM-in 416, 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Konstitusiyanın 130-cu maddəsinin V,  IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA ALDI:

1. Natəvan Əhəd qızı Musayevanın «Memar-3» Mənzil Tikinti Kooperativinə qarşı iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 07 iyul 2009-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının  60 və 71-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                Fərhad Abdullayev