Постановления

19.04.10 B.İ.Abbasovun şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-nın 30.01.09-cu il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

B.İ.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 

30 yanvar 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

19 aprel 2010-cu il                                                                                                               Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, S.Həsənova, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi B.Abbasov və onun nümayəndəsi A.Nəzərlinin,

cavabverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının böyük məsləhətçisi R.Əkbərovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında B.Abbasovun şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 30 yanvar 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, ərizəçinin və cavabverənin nümayəndələrinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N    E T D I:

«Azərikimya» Dövlət Şirkətinin Sumqayıt «Sintezkauçuk» zavodu (bundan sonra - «Sintezkauçuk» zavodu) direktorunun 19 iyun 2006-cı il tarixli əmri ilə nəzarət buraxılış bürosunun (bundan sonra – NBB) rəis müavini Abbasov Bəxtiyar İbrahim oğlu ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – ƏM) 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam verilmişdir. Əmrdə bunun üçün əsas kimi vəzifə borcuna laqeyd və etinasız yanaşması, dövlət əmlakının qorunub saxlanmasını təmin edə bilməməsi göstərilmişdir.

Əmri qanunsuz və əsassız hesab edən B.Abbasov 26 iyul 2006-cı il tarixdə Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək əvvəlki işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün orta əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Məhkəmə baxışında müəyyən edilmişdir ki, son vaxtlar zavodda oğurluq faktı çoxaldığı bir halda dövlət əmlakının qorunub saxlanması üçün lazımi tədbirlərin görülmədiyinə görə «Sintezkauçuk» zavodunun rəhbərliyinin 08 may 2006-cı il tarixli əmri ilə NBB-un rəisinə, rəis müavinlərinə, o cümlədən iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. B.Abbasov ƏM-in 190-cı maddəsinin üçüncü hissəsinə əsasən intizam tənbehini məhkəmədə mübahisələndirməmişdir. İntizam tənbehinin qüvvədə olduğu müddətdə isə zavodun ərazisində yenidən oğurluq və oğurluğa cəhd baş vermişdir. 29 may 2006-cı il tarixdə «Yeni Butadien» sexinin «D-1a» şöbəsi ilə zavodun arasındakı ərazidən keçən boru xəttindən 9 ədəd boru kəsilərək oğurlanmış, 10 iyun 2006-cı il tarixində saat 20:00 radələrində isə zavod üzrə NBB-un 1-ci dərəcəli nəzarətçisi tərəfindən qulluq etdiyi ərazidən mühərrik oğurluğuna cəhd edilmiş, lakin oğurluğun qarşısı polis əməkdaşları tərəfindən alınmış, bundan başqa, zavodun məhsul istehsal edən sexlərində xammal və hazır məhsul qalıqlarının təyin edilməsində pozuntular mövcud olmuşdur. Bu səbəbdən NBB-un bir-neçə işçisi, o cümlədən iddiaçı B.Abbasov ilə olan əmək müqaviləsinə xitam verilmişdir.

Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, zavod direktorunun B.Abbasov ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 19 iyun 2006-cı il tarixli əmrində göstərilən hallar məhkəmədə öz təsdiqini tapmış, iddiaçı isə bu halları inkar edən mötəbər sübutlar təqdim edə bilməmiş və əmrin qanuniliyinin mübahisələndirilməsi əsassızdir. Buna görə də Sumqayıt şəhər məhkəməsinin 16 oktyabr 2006-cı il tarixli qətnaməsi ilə B.Abbasovun «Sintezkauçuk» zavoduna qarşı iddiası rədd olunmuşdur. Eyni zamanda zavodda dövlət əmlakının talanması halları aşkar edildiyi üçün məhkəmə tərəfindən xüsusi qərardad çıxarılaraq Sumqayıt şəhər prokuroruna göndərilmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyası (bundan sonra – Apellyasiya Məhkəməsinin MİÜMK) iddiaçının apellyasiya şikayəti əsasında yeni məhkəmə baxışı keçirməklə belə qənaətə gəlmişdir ki, öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi, o cümlədən əmək vəzifəsini kobud şəkildə pozduğu üçün tutduğu vəzifədən azad edilməsi adı ilə işəgötürən B.Abbasovla əmək müqaviləsini ƏM-in 70-ci maddəsində nəzərdə tutulmuş müddəaları pozmaqla ləğv etmişdir.

Apellyasiya Məhkəməsinin MİÜMK birinci oğurluq hadisəsinin «Yeni Butadien» sexinin «D-1a» şöbəsi ilə zavodun hasarla əhatə olunmuş perimetrindən təqribən 5 km aralıqda olan ərazidə baş verdiyini; zavodun ərazisindən mühərrikin oğurlanmasına cəhd hadisəsi barədə isə təhvil-təslim curnalında qeydiyyat aparılmadığını; tərəflər arasında bağlanmış əmək müqaviləsinə görə NBB-nun rəis müavininin əmək funksiyasının yalnız zavodun nəzarət keçid məntəqəsində buraxılış qaydalarına riayət edilməsini təmin etməkdən ibarət olduğunu; 15 noyabr 2000-ci il tarixdə bağlanmış müqaviləyə əsasən zavod ərazisində və zavoddan kənarda olan daşınar və daşınmaz əmlakın mühafizəsinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin hissələri tərəfindən həyata keçirildiyini; işəgötürən tərəfindən hər iki hadisənin mülkiyyət əleyhinə cinayət olduğu iddia edildiyi halda, bu barədə müvafiq orqanlara məlumatın verilmədiyini nəzərə alaraq 08 fevral 2007-ci il tarixli qətnaməsi ilə B.Abbasovun apellyasiya şikayətini təmin edərək Sumqayıt şəhər məhkəməsinin 16 oktyabr 2006-cı il tarixli qətnaməsini ləğv, iddianı isə təmin etmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 11 sentyabr 2007-ci il tarixli qərarı ilə «Sintezkauçuk» zavodunun kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin MİÜMK-ın 08 fevral 2007-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmə Plenumunun 31 mart 2008-ci il tarixli qərarı ilə isə cavabdehin əlavə kassasiya qaydasında verilmiş şikayəti təmin olunaraq iş üzrə qəbul edilmiş Ali Məhkəmənin MİÜMK-ın 11 sentyabr 2007-ci il tarixli qərarı və Apellyasiya Məhkəməsinin 08 fevral 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsində keçirilmiş hazırlıq məhkəmə iclasında cavabdeh tərəfindən bütün məhkəmə kollegiyasının tərkibinə etiraz bildirilmişdir. Bu etiraz Sumqayıt Apellyasiya Məhkəməsinin sədri tərəfindən təmin olunduqdan sonra Ali Məhkəmə sədrinin 27 iyun 2008-ci il tarixli məktubu əsasında iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-ın 03 sentyabr 2008-ci il tarixli qətnaməsi ilə B.Abbasovun apellyasiya şikayəti təmin olunmadan, Sumqayıt şəhər məhkəməsinin 16 oktyabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

B.Abbasovun kassasiya şikayəti də Ali Məhkəmənin MİÜMK-ın 30 yanvar 2009-cu il tarixli qərarı ilə təmin olunmadan, Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-nın 03 sentyabr 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmə sədrinin 22 may 2009-cu il tarixli məktubu ilə isə iddiaçıya bildirilmişdir ki, onun tərəfindən əlavə kassasiya qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 424-cü maddəsində göstərilmiş əsaslar aşkar olunmadığına görə Ali Məhkəmənin Plenumuna çıxarılmamışdır.

B.Abbasov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə  (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiasına dair mülki iş üzrə qəbul olunmuş Ali Məhkəmənin MİÜMK-ın 30 yanvar 2009-cu il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 12, 25, 60, 71, MPM-in 14.1, 88, 217.1, 217.3, 220.4, 407.1.4, 407.2, 408.1.5, 416, 418.1 və ƏM-in 43, 45, 54, 57, 70 və 80-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab olunmasını xahiş etmişdir.

B.Abbasovun şikayəti ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, şikayətdə əks olunmuş dəlillərin əksəriyyəti faktiki halların yoxlanılması ilə bağlıdır. Həmin yoxlamanın həyata keçirilməsi isə Konstitusiya Məhkəməsinin səlahiyyətində deyil. Belə ki, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən həmin Qanunun 34.2-ci maddəsində nəzərdə tutulmuş hallarda Ali Məhkəmə tərəfindən baxılmış işin faktiki hallarının yoxlanılmasına yol verilmir.

Bununla yanaşı B.Abbasovun şikayətində hüquq normalarının tətbiqinin düzgünlüyü ilə bağlı bəzi dəlillər vardır ki, onların yoxlanılması bilavasitə Konstitusiya Məhkəməsinin səlahiyyətinə aiddir.

Belə ki, ərizəçi B.Abbasovun şikayətinin dəlillərindən biri onunla bağlıdır ki, Bakı Apellyasiya Məhkəməsi MİÜMK Ali Məhkəmə Plenumunun 31 mart 2008-ci il tarixli qərarına müvafiq olaraq sübutları obyektiv, tam və hərtərəfli araşdırmadan, iddiaçı tərəfindən təqdim olunmuş sübutlara və işdə olan sənədlərə heç bir diqqət yetirmədən və qiymət vermədən, iş üzrə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədən qanunsuz və əsassız məhkəmə aktları qəbul etmişdir.

Bundan başqa B.Abbasov hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MİÜMK yenidən işə baxarkən MPM-nin 19.1.3-cü maddəsinin tələblərini pozmaqla qətnamə qəbul etmişdir. Ərizəçi göstərir ki, mülki işin baxılmasında hakim qismində eyni şəxs iki dəfə iştirak etmişdir. Birinci dəfə onun iştirakı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK tərəfindən qəbul olunmuş qətnamə ilə iddiaçının tələbləri təmin olunmuş, ikinci dəfə isə - Bakı Apellyasiya Məhkəməsinin MİÜMK tərəfindən - rədd edilmişdir. Həmin hakimin ikinci dəfə məhkəmənin tərkibində iştirakının mümkünsüzlüyünü bildirəndən sonra o, hazırlıq iclasında məhkəmə tərkibindən çıxarılaraq başqa hakimlə əvəz edilsə də, məhkəmə baxışında Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-ın tərkibində yenə də birinci hakim təkrar iştirak etmişdir.

B.Abbasovun şikayətinin hüquq normalarının düzgün tətbiq olunmamasına dair dəlilləri ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyaya görə hər kəsin məhkəmə müdafiəsi hüququ vardır. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (60-cı maddənin I hissəsi, 71-ci maddənin I hissəsi).

B.Abbasovun şikayətinin yuxarıda göstərilən dəlillərinə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu öncə bu məsələlərlə bağlı özünün əvvəlki qərarlarında formalaşmış hüquqi mövqelərinə bir daha diqqətin cəlb olunmasını vacib sayır.

Konstitusiyanın 60-cı maddəsi hüquq və azadlıqların məhkəmə təminatını əks etdirir. Bu maddədə təsbit olunmuş hər kəsin məhkəmə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur. Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə bəyan edildiyi kimi hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir («Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 01 fevral 2005-ci il tarixli qərarı).

Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Ə.M.Həsənovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli qərarı).

Ədalət mühakiməsinin müvafiq məhkəmə tərəfindən qüvvədə olan hüquqi prosedurlar üzrə məhkəmə müdafiə hüququ (ədalətli məhkəmə  araşdırılması hüququ) məcburi təmin edilməklə həyata keçirilməsi qanunun aliliyi baxımından mühüm şərtlərdən biridir (X.İ.Qasımovun şikayəti üzrə Konstitusiya Məhkəməsinin 13 dekabr 2005-ci il tarixli qərarı).

Hüququn aliliyi hüquqi dövlətin təməl prinsiplərindən biridir. Bu prinsipə riayət olunması demokratik cəmiyyətdə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə dair hüquq kimi qəbul edilmiş ədalətli məhkəmə araşdırılması hüququnun həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Hüququn aliliyi və ədalət mühakiməsinin lazimi qaydada həyata keçirilməsi müasir məhkəmə icraatının iki qarşılıqlı və bir-birini tamamlayan şərtləridir (L.İ.Binnətovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarı).

Məhkəmə özü tərəfindən işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarı).

B.Abbasovun işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiasına dair mülki iş üzrə qəbul olunmuş Ali Məhkəmə Plenumunun 31 mart 2008-ci il tarixli qərarı ilə cavabdehin əlavə kassasiya qaydasında verilmiş şikayətinin təmin olunmasının əsasları kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən: işdə olan zavodun DİN-ə məktubu ilə bağlı heç bir araşdırmanın aparılmaması və cavabdehin dəlillərinin yoxlanılmaması, oğurluq hadisələrinin törədilməsi göstərilən yerlərə baxışın keçirilməməsi, hadisələrin konkret yeri müəyyən edilmədən onun zavodun ərazisindən kənarda yerləşməsi barədə nəticəyə gəlməsi göstərilmişdir. Ali Məhkəmənin Plenumu Apellyasiya Məhkəməsinin MİÜMK-ın 08 fevral 2007-ci il tarixli qətnaməsinin əsaslandırılması üçün seçilmiş müddəalarından bir hissəsinə toxunaraq bəzi boşluqların aradan qaldırılması üçün iş üzrə qəbul olunmuş məhkəmə qərarlarını ləğv etmiş və işi yeni apellyasiya baxışına göndərmişdir.

Ali Məhkəmənin Plenumu hesab etmişdir ki, məhkəmənin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. İşin yeni apellyasiya baxışında MPM-in 88, 106.1, 217.3, 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq sübutlar obyektiv, tam və hərtərəfli araşdırılmalı və onlara tətbiq edilməli  hüquq normalarına müvafiq qiymət verilməli, sonra isə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmaqla iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.

Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin əvvəlki apellyasiya məhkəməsinin qətnaməsini ləğv etmək üçün istinad etdiyi halların araşdırılmasına səthi yanaşaraq qəbul etdiyi qətnamədə əsasən birinci instansiya məhkəməsinin qətnaməsində mövcud olan dəlilləri təkrarlamışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə iddiaçı B.Abbasovun etinasızlıqla öz vəzifə borcunu yerinə yetirməməsindən «Sintezkauçuk» zavodunun qanunla qorunan mənafelərinə ziyan dəymiş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri qanunvericiliyin tələblərinə uyğun verilmiş və birinci instansiya məhkəməsi iddia tələblərini rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir.

Bir sıra məsələlərdən yan keçmiş Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-ın qətnaməsində sadəcə hələ əvvəlki məhkəmə icraatları ilə bağlı işin materiallarına əsasən məlum olan məsələ qeyd olunur ki, «Sintezkauçuk» zavodunun «Yeni Butadien» sexinin «D-1a» şöbəsi ilə zavod arasındakı ərazidən keçən 9 ədəd boru xəttindən 300 metr boru xəttinin oğurlanması ilə əlaqədar DİN-in BİTİ-də cinayət işi qaldırılmış və baxılması üçün Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin MİÜMK MPM-in 420-ci maddəsinin tələblərinə zidd olaraq kassasiya instansıyası məhkəməsinin məcburi göstərişlərini yerinə yetirmədən, nəinki oğurluq hadisələrinin törədildiyi yerlərə baxış keçirməmiş, həmçinin DİN-ə göndərilən məktubla bağlı heç bir araşdırma aparmamış, iddiaçı tərəfindən təqdim olunmuş vəsatətə və sübutlara heç bir hüquqi qiymət verməmişdir.

Halbuki, mülki işin materiallarında olan DİN-in BİTİ-in iddiaçı B.Abbasova göndərdiyi 12 dekabr 2006-cı il tarixli cavab məktubundan göründüyü kimi noyabr ayının birinci on günlüyündə «Sintezkauçuk» zavoduna məxsus 300 metr uzunluğunda 1.701.000 manat dəyərində metal boruların oğurlanması faktı ilə bağlı Sumqayıt şəhər prokuroru tərəfindən cinayət işi başlanılmış, işin istintaqı DİN-in BİTİ-in Ağır cinayətlərin istintaqı şöbəsi tərəfindən davam etdirilərək S.Məhərrəmov və N.Mahmudov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri üzrə cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi baxılması üçün Ağır cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinə göndərilmişdir. Bu məhkəmənin 14 mart 2007-ci il tarixli hökmünün surətindən göründüyü kimi S.Məhərrəmov və N.Mahmudov oğurluq etdiklərinə görə CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər.

Mülki işin materiallarında B.Abbasovun təkrar apellyasiya baxışı zamanı məhkəməyə təqdim etdiyi 19 bənddən ibarət vəsatəti vardır. Həmin vəsatətdə işin obyektiv, tam və hərtərəfli araşdırılması üçün əhəmiyyətli olan bəzi sənəd, məlumat və arayışların cavabdehdən tələb edilməsi, şahidlərin cəlb edilməsi, əraziyə yerində baxış keçirilməsi və sair məsələlərin həlli xahiş olunmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinin MİÜMK tərəfindən nə məhkəmə iclas protokolunda, nə də qətnamədə həmin vəsatətə heç bir münasibət bildirilməmiş, vəsatətdə göstərilən xahişlərin təmin edilib-edilməməsi (rədd olunmuşdursa, bunun səbəbi) öz əksini tapmamışdır. Əksinə məhkəmənin 03 sentyabr 2008-ci il tarixli iclas protokolunda tərəflərin işə baxılması ilə əlaqədar vəsatətlərinin olmaması göstərilmişdir.

Halbuki, MPM-in 377-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin işə apellyasiya instansiyası məhkəməsində baxılması ilə bağlı olan bütün məsələlər barəsində müraciətləri və vəsatətləri, işdə iştirak edən digər şəxslərin fikri dinlənildikdən sonra məhkəmə tərəfindən həll edilir. MPM-in 383-cü maddəsi isə nəzərdə tutur ki, apellyasiya icraatında bu Məcəllənin 22-ci fəsli ilə müəyyən edilmiş qaydada protokol yazılır. MPM-in 22-ci fəslinə daxil olan 271.2.9-cu maddəsinə əsasən məhkəmə iclasının protokolunda, o cümlədən işdə iştirak edən şəxslərin və nümayəndələrin ərizələri, vəsatətləri və izahatları göstərilir.

B.Abbasovun şikayətinin eyni hakimin mülki işin baxılmasında iki dəfə iştirak etməsinə dair dəlili mülki işin materialları ilə yoxlanılarkən, müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-ın 03 sentyabr 2008-ci il tarixli qətnaməsində və məhkəmə iclasının protokolunda məhkəmə tərkibində hakim G.A.Quliyevin adı göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MİÜMK-ın 10 sentyabr 2008-ci il tarixli qərardadı ilə 03 sentyabr 2008-ci il tarixli məhkəmə qətnaməsində məhkəmə tərkibində hakimlərin adlarının dəyişdirilməsi ilə bağlı düzəliş edilsə də, bu MPM-in tələblərinə uyğun hesab oluna bilməz və belə olan halda da MPM-in 19.1.3-cü maddəsinin tələblərinin pozulmasını istisna etmək qeyri-mümkündür.

Mülki işə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin MİÜMK MPM-in 88, 106.1, 217.3, 217.4, 271.2.9, 377 və 420-ci maddələrini düzgün tətbiq etməməsinə baxmayraq B.Abbasovun kassasiya şikayəti üzrə işə ikinci dəfə baxan Ali Məhkəmənin MİÜMK şikayətçinin dəlillərinə, özünün və Ali Məhkəmə Plenumunun əvvəlki qərarlarına diqqət yetirmədən apellyasiya instansiyası məhkəməsinin 03 sentyabr 2008-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır. Halbuki, MPM-in 416, 417.1.3 və 418.1-ci maddələrinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlamalı, bu normaların pozulması və ya düzgün tətbiq olunmaması müəyyən edildikdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edərək işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir. İş üzrə tətbiq edilməli olan prosessual-hüquq normalarının tələblərinə əməl etmədən məhkəmə aktlarının qəbulu öz növbəsində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinin və 71-ci maddəsinin I hissəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, B.Abbasovun «Sintezkauçuk» zavoduna qarşı işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiasına dair mülki iş üzrə qəbul olunmuş Ali Məhkəmənin MİÜMK-ın 30 yanvar 2009-cu il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I hissəsinə, habelə MPM-in 416, 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətlərdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A    A L D I:

1.  B.Abbasovun «Sintezkauçuk» zavoduna qarşı işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə iddiasına dair mülki iş üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 30 yanvar 2009-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I hissəsinə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.1.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin və həmin işə Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətlərdə yenidən baxılsın.

2.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.  Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                   Fərhad Abdullayev