Постановления

12.05.09 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN

Q Ə R A R I

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin

397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair

12 may 2009-cu il                                                                                               Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun iştirakı ilə,

maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri İ.Cəfərovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi E.Əsgərovun,

ekspertlər: Bakı Dövlət Universiteti hüquq fakültəsinin «Cinayət prosesi» kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent F.Abbasova və  «Azərbaycan» Universitetinin «Hüquqi fənlər» kafedrasının müdiri, hüquq elmləri namizədi, dosent A.Yusubovun,

mütəxəssislər: Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi M.Ağazadə və Bakı Apellyasiya Məhkəməsinin hakimi Q.Məmmədovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrində nəzərdə tutulan müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Baş Prokurorluğunun 30 yanvar 2009-cu il tarixli 08/4809 saylı sorğusu üzrə konstitusiya işinə baxdı.

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi həmçinin cinayət prosesi üzrə Avropada tanınmış mütəxəssislər Niderland Tilburq Universitetinin professoru A.van Kalmtut və Almaniya Berlin Frey Universitetinin professoru X.Xorstkotta müraciət edərək onlardan baxılan məsələ ilə bağlı yazılı fikirlər almışdır.

İş üzrə hakim E.Məmmədovun məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektlərin nümayəndələrinin çıxışlarını, ekspertlərin rəylərini, yerli mütəxəssislərin çıxışlarını dinləyib və xarici mütəxəssislərin fikirlərilə tanış olub, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır.

Sorğuda həmçinin göstərilir ki, məhkəmə təcrübəsində məhkuma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) normalarında nəzərdə tutulmuş qaydalar üzrə (məsələn, CM-in 65-ci maddəsinə görə  residiv, CM-in 66 və 67-ci maddələrinə görə cinayətlərin və ya hökmlərin  məcmuyu üzrə cəza təyini, CM-in 56-cı maddəsinə görə cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi zamanı) cinayət qanunu normasının düzgün tətbiq edilmədiyi hallar mövcuddur. Lakin birinci instansiya məhkəməsinin hökmündən məhkumun apellyasiya şikayəti və yaxud onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmaması ilə bağlı dövlət ittihamçısının protesti üzrə işə yenidən baxılarkən, apellyasiya protestində birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş, lakin apellyasiya protestində göstərilməmiş qanun pozuntuları apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunur. Buna baxmayaraq, məhkum üçün münasib olmayan nəticələrə səbəb olması əsası ilə həmin qanun pozuntuları apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 397.1 və 397.2-ci maddələrinin tələbləri baxımından aradan qaldırılmır. Nəticədə mövcud qanunvericiliyin tələbləri pozulmaqla çıxarılmış qanunsuz hökm və ya qərar dəyişdirilmədən saxlanılır. Halbuki, CPM-in 397.1 və 397.2-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi CPM-in 391.3 və 398-ci maddələrində nəzərdə tutulan qərarlardan birini qəbul etməlidir.

Bundan sonra sorğuda Konstitusiyanın, qanunvericiliyin və beynəlxalq-hüquq aktlarının bir sıra normalarına istinad olunur və xüsusi vurğulanır ki, cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət apellyasiya instansiyası məhkəməsinə yeni məhkəmə baxışına göndərilərkən məhkumun vəziyyətini pisləşdirən qərarın qəbulu, məhkəmənin hökm və ya qərarının yalnız dövlət ittihamçısının kassasiya protesti əsasında ləğv edildiyi halda yol verən CPM-in 420.3-cü maddəsindən fərqli olaraq, CPM-in 397-ci maddəsində belə məhdudiyyət nəzərdə tutulmamışdır.

Sorğuverənin qənaətinə görə birinci instansiya məhkəməsinin yol verdiyi qanun pozuntularının apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edildiyi halda CPM-in 397.1 və 397.2-ci maddələrinə əsasən aradan qaldırılmaması bir tərəfdən Konstitusiyanın 12 və 68-ci maddələri, CPM-in 397-ci maddəsi, CM-in 2-ci maddəsi ilə uyğunsuzluq təşkil edir, digər tərəfdən isə Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin və 71-ci maddəsinin I hissəsinin müddəaları ilə uzlaşmır.

Bununla əlaqədar olaraq sorğuverən hüquq tətbiqetmədə yaranmış problemləri aradan qaldırmaq məqsədilə Konstitusiya Məhkəməsindən CPM-in 397.1 və 397.2-ci maddələrinin müddəalarının şərh olunmasını xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələ ilə bağlı cinayət məhkəmə icraatı üzrə ədalət mühakiməsinin həyata keçirilməsinin bir sıra məqamlarına toxunulmasını zəruri hesab edir.

Azərbaycan Respublikası demokratik dəyərlərə və qanunun aliliyinə əsaslanan dövlət quruculuğu yolunu seçərək Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsini  öz ali məqsədi kimi elan etmiş, bu hüquq və azadlıqların beynəlxalq-hüquqi standartlara söykənən müdafiə və təminat mexanizmlərini müəyyənləşdirmişdir.

Dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə baş vermiş siyasi, iqtisadi, sosial və digər dəyişikliklər yeni cinayət-prosessual qanunvericiliyinin qəbulunu şərtləndirmişdir. Azərbaycanda mövcud olan cinayət prosesini kontinental məhkəmə-hüquq sistemi daxilindəki cinayət prosesinin qarışıq formasına (növünə) aid etmək olar. Bu prosesdə məhkəməyədək icraat mərhələsində axtarış prosesinin elementləri, məhkəmə icraatı mərhələlərində isə çəkişmə prosesinə xas olan məhkəmə baxışının demokratik prinsipləri mövcuddur (açıqlıq, proses iştirakçılarının hüquq və azadlıqlarının məcburi təminatı, tərəflərin çəkişməsi və s.).

Məhkəmə baxışında cinayət təqibi məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın mövcudluğu əsasında həyata keçirilsə də, yalnız məhkəmə qanunla müəyyən olunmuş qaydada və hallarda hər hansı şəxsə qarşı irəli sürülmüş ittihama baxa və bu ittihamın mahiyyəti üzrə hökm və ya digər yekun qərarı çıxara bilər (CPM-in 7.0.10-cu maddəsi).

Prosessual qanun məhkəmə baxışının hədlərini müəyyənləşdirərkən, onu yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittihamın hədləri ilə məhdudlaşdırır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir (CPM-in 318.1-ci maddəsi). Lakin qanunvericiliyin mənasına görə (CPM-in 318.2-ci maddəsinin müddəaları) ittiham funksiyası olmadığından, məhkəmə təqsirləndirilən şəxsin hüquqi vəziyyətini məhkəmə baxışı zamanı ağırlaşdıra bilməz (təqsirləndirilən şəxsin əməlini məhkəmədə ona qarşı irəli sürülmüş və ya onun məhkəməyə verildiyi ittiham üzrə daha ağır cəza nəzərdə tutan normaya özü tövsif edə bilməz).

Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (CPM-in 8 - 36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Hakimlər cinayət məhkəmə icraatında qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Ədalət mühakiməsi qaydalarının özbaşına dəyişdirilməsinə yol verilmir (CPM-in 8.0.5, 28.2 və 28.6-cı maddələri).

Ədalət mühakiməsi bu şərtlə öz mahiyyətinə uyğun qəbul oluna bilər ki, o, hər bir şəxsin Konstitusiyada (60-cı maddəsinin I hissəsində), habelə beynəlxalq-hüquqi aktlarda (əlalxüsus «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü, «İnsan hüquqları haqqında» Ümumi Bəyannamənin 8-ci maddələrində) təsbit olunmuş məhkəmə müdafiəsi və ya ədalətli məhkəmə araşdırılması hüquqlarının səmərəli bərpasını təmin etmiş olsun.

Məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın  127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən CPM-də daha geniş əks olunmuşdur.

Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühüm və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə  təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin demokratiyanın əsas təzahürü, hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir.

Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir.

Ədalət mühakiməsinin yalnız məhkəmə tərəfindən həyata keçirilməsi məhkəmə baxışı zamanı məhkəməyə başçılıq etmək və rəhbər rolunu oynamaq imkanı yaradır. Buna baxmayaraq məhkəmə həqiqətən ədalət mühakiməsini həyata keçirmək üçün Qanunun aliliyinin bərqərar olmasına çalışmalı, ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməli və öz işini qanunçuluq, habelə tərəflərin bərabərliyi və çəkişməsi prinsipləri əsasında quraraq qərarını sübutlar və faktlar əsasında qəbul etməlidir.

Ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən şəxsi həm ifşa edən və ya ona bəraət qazandıran, eləcə də onun məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən bütün halları araşdırmalıdır.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və 71-ci maddəsinin I hissəsinə əsasən məhkəmə cinayət prosesində iştirak edən bütün şəxslərin hüquq və azadlıqlarının müdafiəçisi olmalıdır. Konstitusiya Məhkəməsinin əvvəlki qərarlarında  formalaşdırdığı hüquqi mövqeinə görə ədalət mühakiməsinin obyektiv və hərtərəfli həyata keçirilməsi zamanı həm təqsirləndirilən şəxsin, həm də cinayət hadisəsi ilə əlaqədar mənəvi, fiziki və maddi ziyana məruz qalmış tərəf kimi zərərçəkmişin hüquqları və qanuni maraqları da nəzərə alınmalıdır.

Konstitusiyanın 65-ci maddəsinə görə məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.

CPM-in 35.1 - 35.3-cü maddələrinin mənasına görə hər hansı şəxsin onun barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını, barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmək hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.

Yuxarı məhkəməyə şikayət vermək hüququ ilk əvvəl apellyasiya məhkəmə icraatının hesabına təmin olunur. Bu növ məhkəmə icraatının cinayət prosesinə daxil edilməsi ölkəmizdə yuxarı məhkəmə hakimlərinin işə baxılmasına cəlb edilməsi, onların daha təkmil bilik və təcrübələrindən istifadə olunması yolu ilə ədalətli məhkəmə araşdırılmasının əlavə təminatı kimi qəbul olunmalıdır.

Qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin qərarına (o cümlədən hökmə) apellyasiya qaydasında yenidən baxılmasına məhkəmə səhvlərinin düzəldilməsinin vasitəsi kimi baxılmalıdır. Bu növ icraatda  məhkəməyəqədər və ya birinci məhkəmə araşdırıması zamanı işin hallarının hərtərəfli və tam araşdırılmasına, törədilmiş cinayət əməlinə lazımi cinayət-hüquqi qiymətin verilməsinə və cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin edilməsinə təsir etmiş və ya təsir edə biləcək qanun pozuntusu aşkarlanaraq aradan qaldırılır. Bu isə yuxarı məhkəməyə imkan yaradır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qanunsuz və ya əsassız hökmü vaxtında ləğv edərək yeni hökm qəbul etsin. Bununla da qəsdən və ya yanlışlıq üzündən edilmiş pozuntuların nəticəsində yaranan məhkəmə səhvləri düzəldilmiş olur və bu səhvlərin ağır nəticələrinin qarşısı vaxtında alınır.

Xüsusilə qeyd olunmalıdır ki, kassasiya icraatından fərqli olaraq apellyasiya icraatı məhz qanuni qüvvəyə minməmiş yekun qərarın (o cümlədən hökmün) qanuniliyinin və əsaslılığının tam və ya qismən yoxlanılması yolu ilə həmin qərarın işin faktiki hallarına və (və ya) cinayət və cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğunluğu baxımından yenidən araşdırılmasını nəzərdə tutur. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə təkrarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsinin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir.

Apellyasiya icraatı qaydasında məhkəmə qərarlarına yenidən baxılması apellyasiya şikayətinin və ya protestinin (bundan sonra – apellyasiya müraciəti) mövcudluğunda mümkündür. Apellyasiya müraciəti vermək hüququnun subyektləri və onların bu hüququnun həcmi CPM-in 383.1 və 383.2-ci maddələri ilə tənzimlənir. Hər bir subyekt öz hüquqları barəsində müstəqil sərəncam vermək hüququna malikdir. Belə ki, hökmdən hansı qaydada şikayətin verilməsi (qismən, tam, cinayət prosesinin digər iştirakçıları ilə birlikdə və ya müstəqil olaraq) və bunun üçün hansı əsasların (dəlillərin) göstərilməsi yalnız bu subyektin özündən asılıdır.

Apellyasiya müraciəti birinci instansiya məhkəməsi hökmünün ləğvi və ya dəyişdirilməsi barədə yuxarı məhkəməyə ünvanlanmış konkret xahişi əks etdirməlidir (CPM-in 387.1.5-ci maddəsi). Bu xahiş apellyasiya müraciətinə məzmunca müəyyən – birinci instansiya məhkəməsinin hökmü ilə məhkum edilmiş və ya bəraət almış şəxsin (bundan sonra – məhkum olunmuş şəxs) xeyrinə və yaxud ziyanına istiqamət verir. Belə istiqamətin olmaması apellyasiya müraciətinin zəruri hüquqi məzmundan məhrum olunmuş hesab edilməsinə əsas verir. Bu halda apellyasiya instansiyası məhkəməsi həmin müraciəti hərəkətsiz saxlamalı, müəyyən müddət ərzində nöqsanın aradan qaldırılmasını tələb etməli, həmin müddətdə müraciət etmiş şəxs bunu etmədiyi halda isə, müraciətini baxılmamış saxlamalıdır (CPM-in 391.4-cü maddəsi).

Hüquqtətbiqetmədə CPM-in 397.1 və 397.2-ci maddələrinin tətbiqi ilə bağlı yaranmış mübahisələr əslində nə CPM-in 397.1-ci maddəsinin, nə də CPM-in 397.2-ci maddəsinin birinci cümləsinin müddəaları ilə əlaqədar deyil. Bu normalar qanunverici tərəfindən ziddiyyətsiz, dəqiq və açıq şəkildə verilmişdir ki, onların anlaşılması heç bir çətinlik və ya şübhə doğurmur.

Anlaşılmazlığı yalnız CPM-in 397.2-ci maddəsinin ikinci cümləsi yaradır. Halbuki bu cümlədə  apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanununvericiliyin normalarına riayət olunmasının yoxlanılması kontekstində «apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq» sözlərindən istifadə olunması mövcud Konstitusiya və qanunvericiliyin normalarının ruhuna zidd deyil.

Belə ki, birinci instansiya məhkəməsi hökmünün dəyişdirilməsini və ya ləğv olunaraq əvəzinə yeni qərar qəbul edilməsini yalnız qanunla müvəkkil olunmuş cinayət prosesinin iştirakçıları tələb etməli olsa da, prosessual qanun apellyasiya instansiyası məhkəməsinin üzərinə apellyasiya icraatı zamanı apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmasının yoxlanılması vəzifəsini qoyur (CPM-in 397.2-ci maddəsi).

Bu vəzifə təkcə apellyasiya icraatının deyil, həm də bütövlükdə ədalət mühakiməsinin təbiəti ilə bağlıdır. Həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Təsadüfi deyildir ki, Konstitusiyamıza edilmiş son mühüm dəyişikliklərdən biri məhkəmə icraatından həqiqətin müəyyən olunmasının təmin edilməsini tələb edir (125-ci maddənin VII hissəsi).

Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.

Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Prosessual təminatlar isə həqiqətə nail olmaq üçün lazımi şərait yaradır.

Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir.

Məhz buna görə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya müraciətində müvafiq dəlillər olmadığı hallarda da cinayət və cinayət prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünün yoxlanılmasına dair CPM-in 397.2-ci maddəsinin müddəaları çox əhəmiyyətlidir.

CPM-in 397.2-ci maddəsinin ikinci cümləsinin tətbiqinə dair yaranmış mübahisənin həlli daha çox apellyasiya müraciətində müvafiq dəlillərin olmadığı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyü yoxlanıldıqdan sonra hansı qərarın qəbul edilə bilməsinə dair sualın cavablandırılması ilə bağlıdır.

Bununla əlaqədar hüquqtətbiqedənlər arasında iki mövqe mövcuddur:

- birinciyə görə apellyasiya instansiyası məhkəməsi müvafiq hüquqi əsasları aşkar etsə, bu hal hətta məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşmasına gətirib çıxarsa da, birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirməli və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etməlidir;

- ikinciyə görə isə apellyasiya instansiyası məhkəməsi hər hansı hüquqi əsası aşkar etsə də belə, birinci instansiya məhkəməsinin yekun qərarını o şərtlə dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər ki, nəticədə məhkum edilmiş şəxsin vəziyyəti yaxşılaşdırılsın.

Əgər birinci halda qanunçuluq prinsipinin rəhbər tutulmasının zərurililiyinə istinad edilirsə, ikinci halda məhkum edilmiş şəxsin hüquqi vəziyyətinin ağırlaşdırılmasının yolverilməzliyinə işarə olunur.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq  tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər.

CPM-in 397.2-ci maddəsinin ikinci cümləsi hüquq tətbiqedənlər arasında olan mübahisələrə yalnız o hallarda yol aça bilər ki, yuxarı məhkəməyə apellyasiya müraciəti məhkum edilmiş şəxs tərəfindən deyil, onun ziyanına dövlət ittihamçısı (xüsusi ittihamçı) tərəfindən verilmiş olsun. Belə ki, apellyasiya müraciəti ittihamçı tərəfindən müstəqil olaraq və ya məhkum edilmiş şəxsin şikayəti ilə bir vaxtda verildiyi halda adətən həmin şəxsə birinci dəfədən fərqli olaraq daha ağır cəzanın verilməsi ehtimalı yaranır. Bundan istisna yalnız o halda mümkündür ki, ittihamçının apellyasiya müraciəti həddindən artıq sərt hesab etdiyi birinci instansiya məhkəməsi hökmünün yüngülləşdirilməsi ilə əlaqədar olsun.

Bu qənaətə gəlmək üçün aşağıdakı bəzi məsələlər üzərində dayanmaq zərurəti yaranır.

Nəzərə alınmalıdır ki, apellyasiya müraciətinin hüquqi məzmununu həmin müraciətdə əks olunmuş xahiş təşkil etdiyi üçün apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətində göstərilən xahişdən daha ağır nəticələrə gəlib çıxmamalıdır. Bunun üçün də məhkum edilmiş şəxsin müdafiəçisi həmin şəxsin xeyrinə apellyasiya müraciəti vermişdirsə və ya, ittihamçının apellyasiya müraciətində müvafiq xahiş olmamışdırsa, birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxsin hüquqi vəziyyəti ağırlaşdırıla (pisləşdirilə) bilməz.

Apellyasiya müraciətini həmin şəxs özü vermişdirsə, apellyasiya icraatının nəticəsində bu şəxsin hüquqi vəziyyətinin pisləşdirilməsi mövcud qanunvericilik normalarına əsasən ümumiyyətlə yol verilməzdir. Belə ki, CPM-in 91.7-ci maddəsi birmənalı müəyyənləşdirir ki, təqsirləndirilən şəxsin öz hüquqlarından istifadə və ya bundan imtina etməsi onun ziyanına şərh edilməməli və ona münasib olmayan nəticələrə gətirib çıxarmamalıdır. Bununla əlaqədar isə nəzərə alınmalıdır ki: təqsirləndirilən şəxsin hüquqları arasında hökmdən apellyasiya şikayətinin verilməsi hüququ vardır (CPM-in 91.5.31-ci maddəsi); birinci instansiya məhkəməsinin hökmü ilə  məhkum edilmiş şəxsin isə həmin hökm qanuni qüvvəyə minənə qədər məhkumluğundan söhbət gedə bilməz (CM-in 83.1-ci maddəsi) və o, buna qədər təqsirləndirilən şəxsin hüquqi vəziyyətində qalır.

Qanuni qüvvəyə minməmiş birinci instansiya məhkəməsinin yekun qərarından (hökmdən) apellyasiya qaydasında şikayət vermək hüququ və pisləşməyə doğru çevrilmənin yolverilməzliyi prinsipi şəxsiyyətin və ədalət mühakiməsinin maraqlarının qarşılıqlı münasibətlərinin problemini uğurlu şəkildə həll edir. Cinayət prosesində bu prinsipin üstünlüyü təqsirləndirilən şəxsin ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasının real təminatı kimi çıxış edir.

Pisləşməyə doğru çevrilmənin yolverilməzliyi prinsipinin mahiyyəti ondan ibarətdir ki, məhkum edilmiş şəxsin birinci instansiya məhkəməsinin hökmündən yuxarı məhkəməyə verdiyi şikayət onun üçün arzuolunmaz nəticələr doğura bilməz. İşə apellyasiya qaydasında baxılması zamanı hökmün ləğvindən sonra da belə apellyasiya instansiyası məhkəməsi cəzanı artırmaq və ya ittihamı daha ağır və yaxud faktiki hallar üzrə əhəmiyyətli dərəcədə fərqlənən ittihamla əvəz etmək, habelə digər cinayət-hüquqi məsələləri həll edərkən məhkum edilmiş şəxsin vəziyyətini ağırlaşdırmaqda haqlı deyil. Əks təqdirdə məhkum edilmiş şəxsin öz vəziyyətini ağırlaşdırmaq təhlükəsi bu şəxsi hətta hökmün mübahisələndirilməsinə əsaslar olduğu halda da öz hüququndan istifadə etməkdən imtinaya məcbur edəcəkdir.

Lakin vəziyyətin pisləşməyə doğru çevrilməsinin yolverilməzliyi prinsipi məhkəməni həqiqətin təqsirləndirilən şəxs üçün əlverişli olub-olmamasından asılı olaraq müəyyənləşdirilməsi ilə məhdudlaşdırmır. Hökmdən şikayət vermə azadlığını təmin edən bu qadağa ədalət mühakiməsinə cavab verməyən məhkəmə qərarlarının, o cümlədən obyektiv həqiqəti əks etdirməyən qərarların düzəldilməsinə və bununla da obyektiv həqiqətin müəyyənləşdirilməsinə yardım edir.

Apellyasiya icraatında bir dəfə baxılmış işə tam şəkildə yenidən baxılmasının və bununla əlaqədar hər hansı arzu olunan və arzu olunmayan nəticələrin mümkünlüyü bu növ icraatı tətbiq edən Avropa ölkələrinin məhkəmə-hüquq sistemləri üçün ümumi qəbul edilən hesab olunur. Bu ölkələrdə apellyasiya instansiyası məhkəmələri, bir qayda olaraq, apellyasiya müraciəti verənin bu barədə dəlilləri olmasa da belə, cinayət və cinayət-prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır və birinci instansiya məhkəməsinin qərarının ləğvini və ya dəyişdirilməsini şərtləndirən əsasları aşkar etdiyi hallarda müvafiq qərar qəbul edirlər (hətta bu birinci instansiya məhkəməsinin qərarı ilə məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşmasına səbəb olsa da belə).

Avropa ölkələrinin əksəriyyətində cinayət-prosessual qanunvericiliyi apellyasiya icraatında «reformatio in pecus» («pisə doğru dəyişmə» - müdafiə tərəfin şikayəti əsasında baxılan işdə yuxarı məhkəmə tərəfindən daha sərt cəzanın təyin olunması) qaydasının tətbiqinin əleyhinədir. Belə ki, apellyasiya müraciəti ilə yalnız təqsirləndirilən şəxs və ya onun müdafiəçisi çıxış edirsə və yaxud müstəsna hallarda prokurorun apellyasiya müraciəti birinci instansiya məhkəməsinin qərarını yüngülləşdirməyə yönəlmişsə, kontinental Avropanın bir sıra ölkələrinin qanunvericiliyinin müddəaları (Avstriyanın CPM-in 290.2, 295.2 və 345.4-cü paraqrafları; Fransanın CPM-in 515.2-ci maddəsi, Almaniyanın CPM-in 331 və 358-ci paraqrafları; İtaliyanın CPM-in 3-cü paraqrafının 515-ci maddəsi; İsveçin Məhkəmə icraatı Məcəlləsinin 25-ci bölməsinin 51-ci fəsli və s.) «reformatio in pecus» qaydasının tətbiqinə imkan vermir.

Lakin Avropanın bəzi ölkələri «reformatio in pecus» qaydasının tətbiqində bu qədər dərinə getməmişdir. Bu ölkələrdə birinci instansiya məhkəməsi şəxsi təqsirsiz hesab etsə də, apellyasiya instansiyası məhkəməsi əsas tapdığı halda onu təqsirli hesab edə bilər. Bunun bariz nümunəsi anqlo-sakson hüququ tətbiq edən İngiltərədir. Fransanın CPM-də «reformatio in pecus» qaydası öz əksini 1806-cı ildən tapsa da belə, Kassasiya Məhkəməsi onun tərəfindən hüququn düzgün tətbiq edilməməsini nəzərə almaqla Apellyasiya Məhkəməsi hökmünü ləğv etdikdən sonra işin göndərildiyi aşağı instansiya məhkəməsinin təqsirləndirilənin mübahisələndirdiyi birinci hökmdə müəyyən olunanlardan daha ağır hökm çıxara bilməsi fikrinin lehinə çıxış edir (cf. Cacques Boré, La cassation en matiere penale, 1985, p. 365). Hollandiyada isə bəzi işlərdə, Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsi şikayətinin onun üçün daha ağır nəticələrə səbəb ola biləcəyi barədə əvvəldən xəbərdar edirsə, hakimlər sonradan yekdilliklə müvafiq qərar da qəbul edə bilər (Art. 424.2 Wetboek van strafvordering).

Bununla belə, Avropa ölkələrində apellyasiya müraciəti dövlət ittihamçısı tərəfindən təqsirləndirilən şəxsin maraqlarına zidd verildikdə, buna yanaşma tamamilə fərqlidir və apellyasiya icraatının nəticələrinə heç bir məhdudiyyət qoyulmur.

Ümumiyyətlə, hələ XIX əsrin əvvəllərindən kontinental Avropada hamı üçün yaxşı məlum olan ümumi qayda mövcuddur – birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsinə yönəldilmiş şikayət və ya digər hüquqi vasitələr «reformatio in pecus» qaydasına bir şərtlə gətirib çıxarmamalıdır ki, şikayət təqsirləndirilən şəxsin özü tərəfindən verilmiş olsun. Bu qayda müdafiəçi və prokurorun cəzanın yüngülləşdirilməsi üçün apellyasiya müraciəti verdiyi hallara da aiddir.

İnsan hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi)  hüquqi varisi olduğu İnsan hüquqları üzrə Avropa Komissiyası 9 mart 1988-ci ildə İngiltərə Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya baxışı zamanı cərimənin azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməsilə nəticələnən işə baxmışdır. Komissiya qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsi nəzərə alınmaqla, Apellyasiya Məhkəməsi tərəfindən qərarın çıxarılmasına qədər təqsirləndirilən şəxsi cərimənin hüquqpozmanın ağırlıq dərəcəsinə mütənasib cəza hesab etmədiyi barədə xəbərdar etməsi faktının xüsusi əhəmiyyəti vardır. Bu qədər inadlı olmayan təqsirləndirilən şəxs həmin xəbərdarlığı təyin olunmuş cərimə cəzasını qüvvədə saxlamaq məqsədilə apellyasiya şikayətini geri götürməsinin daha məqbul olmasına işarə kimi başa düşməliydi. Bununla belə, Komissiya bu işdə «reformatio in pecus» qaydasının tətbiqinə hansısa irad qeyd etməmişdir (FroweinPeukert, Europäische Menschenrechtskonvention, 1996, Art. 6 ECHR, note 68).

Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qərarı ilə məhkum edilmiş şəxsin vəziyyətinin yalnız yaxşılaşdırılmasına dair qərar qəbul edilməsinin mümkünlüyünü əks etdirən fikir heç də Avropa ölkələrində qəbul olunan ümumi yanaşma deyil. Əksinə, burada apellyasiya nəticəsində məhkum edilmiş şəxsin vəziyyətinin pisləşdirilməsinə gətirib çıxarmasının mümkünlüyü daha çox qəbul olunan bir qaydadır. Bəzi ölkələrdə isə qərarın hakimlər tərəfindən yekdilliklə qəbul olunması tələbi məhkum edilmiş şəxsin müdafiəsinə əlavə təminat verir.

Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin müddəalarına qayıdaraq göstərmək olar ki, apellyasiya icraatını tənzimləyən normalardan fərqli olaraq CPM-in 420.2-ci maddəsi birbaşa nəzərdə tutur ki, apellyasiyanın dövlət ittihamçısı tərəfindən verilməsi istisna olmaqla, birinci instansiya məhkəməsinin yekun qərarı (Ali Məhkəmə tərəfindən qərar ləğv edilərək iş geri qaytarıldıqdan sonra) birinci instansiya məhkəməsinin əvvəlki qərarından daha sərt olmamalıdır. Bu müddəa oxşar hallarda «reformatio in pecus» qaydasının tətbiqini istisna edən kontinental Avropanın hüquq ənənəsinə tamamilə uyğundur. CPM-in 420.2-ci maddəsinin mövcudluğu təcrübədə hüquqtətbiqedənlər arasında apellyasiya icraatının gedişatında CPM-in 397.1 və 397.2-ci maddələrinin tətbiqi ilə bağlı olan mübahisələrin həlli üçün qanunun analogiyasından istifadə olunması imkanını yaradır.

CPM-in 397.2-ci maddəsinin ikinci cümləsinin tətbiqi ilə bağlı hüquqtətbiqedənlər arasında yaranmış mübahisənin həlli üçün həmçinin CPM-in 392.2-ci maddəsinin də müəyyən rolu vardır. Belə ki, bu maddəyə əsasən apellyasiya şikayətində və ya apellyasiya protestində məhkum edilmiş şəxsin vəziyyətinin pisləşməsi barədə məsələ qoyulduqda, yaxud məhkəmə istintaqının aparılması apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri hesab edildikdə, məhkum edilmiş şəxs, onların qanuni nümayəndələri apellyasiya instansiyası məhkəməsinin iclasına mütləq çağırılmalıdırlar. Belə hallarda cinayət prosesində iştirakı məcburi olan müdafiəçilər də çağırılır.

Məzmunundan göründüyü kimi, CPM-in 392.2-ci maddəsi apellyasiya icraatında məhkum edilmiş şəxsin vəziyyətinin pisləşməsinin mümkünlüyünü təsdiq etsə də, o, bunun apellyasiya müraciətinin hətta məhkum edilmiş şəxsin özü və ya müdafiəçisi və yaxud ittihamçı tərəfindən həmin şəxsin xeyrinə verildiyi hallarda mümkün olub-olmamasına toxunmur. Bu maddənin mövcudluğu CPM-in 91.7-ci maddəsinin tələbini ləğv etmir və təqsirləndirilən şəxs tərəfindən hüquqlarının, o cümlədən qanuni qüvvəyə minməyən birinci instansiya məhkəməsinin hökmü ilə məhkum edilmiş, lakin hələ də təqsirləndirilən şəxs qismində çıxış edən şəxsin apellyasiya instansiyası məhkəməsinə şikayət vermək hüququnun həyata keçirilməsinin onun ziyanına şərh edilməsi və ona münasib olmayan nəticələrə gətirib çıxartmasına (məsələn vəziyyətin pisləşməsinə) səbəb ola bilməz.

Avropa Konvensiyasının 6-ci maddəsinin 1-ci bəndinin və Avropa Konvensiyasının 7-ci Protokolunun 2-ci maddəsinin 1-ci bəndinin mənalarına görə məhkum edilmiş şəxsi hökmdən apellyasiya şikayəti verməkdən çəkindirən təhlükənin yaranmasına yol vermək olmaz. Əks halda  «reformatio in pecus» imkanı bu şəxsin şikayətini nəticə etibarilə cəzanı ağırlaşdıra biləcək bir prosedura, apellyasiya icraatını isə ilkin məhkəmə araşdırılması ilə müqayisədə daha ağır nəticələrə səbəb olan prosesə çevirə bilər.

Odur ki, CPM-in 392.2-ci maddəsini belə təfsir etmək olar ki, bu normadakı «apellyasiya nəticəsində məhkum edilmiş şəxsin vəziyyətinin pisləşməsi»nin mümkünlüyü yalnız o hallara şamil olunur ki, orada məhkum edilmiş şəxsin və onun qanuni nümayəndəsinin və ya müdafiəçisinin apellyasiya müraciətindən başqa ittihamçı (dövlət və ya xüsusi ittihamçı) tərəfindən də apellyasiya müraciəti verilmiş olsun. Belə hallarda apellyasiya icraatının nəticəsi kimi məhkum edilmiş şəxsin vəziyyətinin pisləşməsi (ağırlaşması) ədalət mühakiməsinin qaydaları ilə heç bir ziddiyyət təşkil etmir.

Konstitusiya Məhkəməsinin Plenumu CPM-in 397.2-ci maddəsinin ikinci cümləsinin düzgün tətbiq olunmasına dair məsələnin həlli üçün aşağıdakıların nəzərə alınmasını da zəruri hesab edir.

Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə icraatının təkmilləşdirilməsi üçün Konstitusiyaya edilən sonuncu dəyişikliklərindən biri də (129-cu maddənin III hissəsi) həmin tələbi irəli sürür.

Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir.

 Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.

Hökmün qanuniliyi və əsaslılığı müxtəlif anlayışlar olsa da, onlar bir-biri ilə sıx bağlı və ədalətli məhkəmə qərarının əsas ölçülərinə çevrilmişlər. Bu ölçüləri nəzərə alaraq apellyasiya icraatında məhkum olunmuş (bəraət almış)  şəxsin vəziyyətinin pisləşməsi müxtəlif hallara görə mümkündür. Məsələn, apellyasiya instansiyası məhkəməsi bu şəxsin hərəkətlərinin hüquqi tövsifini cinayət qanunun bir normasından sanksiyası daha sərt cəzanı nəzərdə tutan başqa normasına dəyişdirərsə, həmin şəxsə qarşı cəzanı sərtləşdirən cinayət qanununun normalarını tətbiq edərsə, cəzanın növünə və ya təyin olunmuş cəzanın tətbiqi müddətinə yenidən baxarsa və s.

Apellyasiya icraatının belə nəticəsi bu icraatın təbiəti (tam hüquqlu məhkəmə tərəfindən birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş yekun qərarının qanunliliyi və əsaslılığını, o cümlədən faktiki halların müəyyənləşdirilməsinin, cinayət və cinayət-prosessual qanunvericiliyinin düzgün tətbiq olunmasının yoxlanılması ilə işə yenidən baxılması) və ədalət mühakiməsi maraqları baxımından tamamilə mümkündür. Lakin bunun üçün ilk əvvəl məhkum edilmiş şəxsin ziyanına yönəldilmiş apellyasiya müraciətinin mövcudluğu (əks halda məhkəmə ədalət mühakiməsi orqanı kimi özünə xas olmayan ittiham funksiyasını öz üzərinə götürmüş olur) və apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılması zamanı qanunla müəyyən olunmuş cinayət və cinayət-prossesual qanunvericiliyində nəzərdə tutulmuş müvafiq əsaslar və səbəblər müəyyənləşdirilməlidir.

Bir tərəfdən bu məqamlara dönmədən riayət olunması, digər tərəfdən isə məhkum edilmiş şəxsin apellyasiya şikayəti vermək kimi hərəkətlərdən çəkindirməyə sövq edilməsi nəinki həmin şəxsin maraqlarına, bütövlükdə ədalət mühakiməsinin tələblərinə də xidmət etmir.

Vurğulanmalıdır ki, əsassız və qanunsuz məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə protest vermək dövlət ittihamçısının, apellyasiya müraciətinə qanunla müəyyən olunmuş qaydada baxılması isə apellyasiya instansiyası məhkəməsinin borcudur. Məhz bu borcun yerinə yetirilməsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və cinayət-prosessual qanunvericiliyin normalarına riayət edilməsini apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlamalı  və ədalətli məhkəmə araşdırılmasını təmin etməlidir. Bu zaman isə həm CPM-in 91.7-ci maddəsinin, həm də 398 – 405-ci maddələrinin müddəaları daim məhkəmənin diqqət mərkəzində qalmalıdır.

Ədalətli məhkəmə araşdırmasına dair tələblər həm mülki, həm də cinayət işləri üzrə icraatlarda tətbiq olunsa da kontinental məhkəmə-hüquq sistemi çərçivəsində ikincisinə münasibətdə təminatın iki əsas növünü əks etdirən əsl «corpus curis» işlənib hazırlanmışdır: dövlət orqanlarının üzərinə düşən bəzi öhdəlikləri nəzərə almaqla ədalətli məhkəmə araşdırmasını mümkün edən orqanik təminatlar (prosesin aşkarlığı, məhkəmənin müstəqilliyi və qərəzsizliyi); dinamikalı anlayışında və bütün proses boyunca tərəflərin bərabərliyində cəmləşdirilmiş fəaliyyət göstərmə təminatları.

Sonuncu təminatlar məhkəmə prosesinin gedişatına bəslənməli olan ədalətin xarakterini ən yaxşı şəkildə çatdırır. Bu təminatlar məhkəmə araşdırmasını elə surətdə tənzimləməyə yönəldilmişdir ki, hər hansı üstünlükləri vermədən bu araşdırmanın ədalətliliyini bütün prosessual mərhələlərdə təmin etsin.

Bununla əlaqədar olaraq, ədalətli məhkəmə araşdırmasına toxunarkən cinayət-prosessual hüquqda qanunçuluq prinsipinin hüququn ümumi prinsipi hesab olunduğunu xüsusilə qeyd edən Avropa Məhkəməsinin mövqeyinə ayrıca diqqət yetirmək lazımdır. O, cinayət hüququnun qanunçuluğu ilə cütlük təşkil edir və «nullum cudicium sine lege» kəlamı ilə təqdim olunur.

Bu prinsip mahiyyətcə tərəflərin bərabərliyi prinsipini nəzərdə tutan ədalətli məhkəmə araşdırmasını təmin etmək məqsədilə prosesin gedişatına aid müəyyən tələblərin mövcudluğunu nəzərdə tutur. Tərəflərin bərabərliyi prinsipi nəzərdə tutur ki, tərəflərdən heç birinin aşkar üstünlüyə malik olmadığı şərtlər daxilində tərəflərdən hər biri öz işini təqdim etmək imkanına malik olmalıdır» (Coete and others v. Belgium, 22.06.2000; Art. 6 ECHR, note 102).

Xüsusilə qeyd etmək lazımdır ki, məhkəmə müdafiəsi hüququ həqiqi ədalət mühakiməsinin ayrılmaz hissəsini təşkil edir. Bu hüququn tanınmaması hər kəsin ədalətli mühakimə olunmaq hüququnun inkarına gətirib çıxarır,  halbuki cinayət işləri üzrə mühakimə hər şeydən öncə ədalətli olmalıdır.

Lakin cinayət mühakimə icraatında məhkəmə müdafiəsi hüququ nə qədər əhəmiyyətli olsa da, o mütləq deyil və onu həddindən artıq genişləndirilmiş şəkildə şərh etmək olmaz. Bununla bağlı Avropa Məhkəməsi hesab edir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü (c) hissəsi cinayət törətməkdə təqsirləndirilən şəxsi üç hüquqla təmin edir: özünü şəxsən müdafiə etmək; özü tərəfindən seçilmiş müdafiəçiyə malik olmaq və müəyyən şərtlər daxilində ona pulsuz təyin olunmuş müdafiəçiyə malik olmaq» (Pakelli v. Germany, 25.04.1983; Art.6 ECHR,  note 31).

Avropa Məhkəməsi həmçinin qeyd edir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü (c) bəndi istənilən dəlili öz xeyrinə istifadə etməyə dair qeyri-məhdud hüququ nəzərdə tutmur» (Brandstetter v. Austria, 28.08.1991; Art.6 ECHR,  note 52).

Bütün yuxarıdakıları nəzərə alaraq Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarətdir ki,  CPM-in 397.1 və 397.2-ci maddələrində əks olunmuş müddəlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Bu yoxlamanın prosessual-hüquqi nəticələri isə tamamilə fərqli ola bilər və bu ilk əvvəl apellyasiya müraciətinin məzmunca hansı istiqamətə yönəldiyindən, sonra isə bilavasitə əldə olunmuş yoxlamanın nəticələrindən asılıdır. Həmin vəziyyətdə:

- apellyasiya icraatı məhkum edilmiş şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilirsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər;

- apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilirsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər (hətta məhkəmə tərəfindən götürülmüş əsas apellyasiya müraciətində göstərilməsə belə).

Hər iki halda cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına riayət edilməsinin yoxlanılması zamanı CPM-in 403-405-ci maddələrində nəzərdə tutulmuş halların və səbəblərin aşkarlanması həlledici əhəmiyyət kəsb edir.

Bununla yanaşı, birinci halda apellyasiya instansiyası məhkəməsinə şikayəti verən məhkum edilmiş şəxsə qarşı CPM-də «reformatio in pejus» prinsipinin yolverilməzliyi, həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protestinin hüquqi məzmununa zidd qərarın qəbul edilməsi və bununla da ittiham funksiyalarının öz üzərinə götürülməsinin məhkəmə üçün mümkünsüzlüyü; ikinci halda isə dövlət ittihamçısının apellyasiya protestinin (xüsusi ittihamçının apellyasiya şikayətinin) verilməsi faktı və belə halda CPM-də apellyasiya icraatı qaydasında məhkum edilmiş şəxsin hüquqi vəziyyətini ağırlaşdırılmasına heç bir məhdudiyyətin olmaması əsas amillər kimi çıxış edir. Sonuncu halda, həmçinin dəlillərindən asılı olmayaraq, apellyasiya müraciətinin hüquqi məzmununun məhz birinci instansiya məhkəməsinin hökmü ilə məhkum olunmuş şəxsin ziyanına yönəldilməsi ilkin şərtdir.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin belə qənaətdədir ki, CPM-də boşluq olduğu halda, bu barədə heç bir müddəa olmasa da apellyasiya icraatı dəlillərdən asılı olmayaraq mahiyyətcə məhkum edilmiş şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirildiyi zaman apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş şəxsin vəziyyətini əsassız ağırlaşdırmasının qarşısını almaq üçün bəzi Avropa ölkələrində apellyasiya icraatında tətbiq olunan ədalətli məhkəmə qərarının çıxarılmasından ötrü hakimlərin yekdilliklə səsverməsi tələbi irəli sürülə bilər.

Bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən qanuni və əsaslı qərarın verilməsi və eyni zamanda təqsirləndirilən şəxsin məhkəmə müdafiəsinin gücləndirilməsi üçün əlavə təminat kimi çıxış edəcəkdir. Mövcud qanunvericilikdə də belə təcrübədən ömürlük azadlıqdan məhrum  etmənin tətbiqi zamanı (CPM-in 347.4-cü maddəsi) istifadə olunur. Bu halda da məhz qanuni və əsaslı məhkəmə qərarının verilməsi və təqsirləndirən şəxsin məhkəmə müdafiəsinin gücləndirilməsi əsas meyar kimi özünü büruzə verir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CPM-in 397.2-ci maddəsinin ikinci cümləsinin tətbiqi zamanı qanuni və əsaslı məhkəmə qərarının verilməsi və təqsirləndirən şəxsin məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericilikdə olan boşluq doldurulana qədər (qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsinin hakimləri tərəfindən yekdilliklə qərarın qəbul edilməsi tələbi barədə qanun boşluğu doldurulana qədər) qanunun analogiyası və Konstitusiya Məhkəməsi qərarının icrasının məcburiliyi əsasında həyata keçirilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130 maddəsinin IV və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq

QƏRARA ALDI:

1.  Qanunverici tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsində müvafiq dəyişikliklər edilənə qədər bu Məcəllənin 397.1 və 397.2-ci maddələrinin tətbiqi zamanı aşağıdakılar nəzərə alınmalıdır:

a)  apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır;

b)  cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə:

- apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər;

- apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.  Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                                   Fərhad Abdullayev