AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 100.2.1, 100.3 və 469.4-cü maddələrinin
həmin Məcəllənin 65.7, 142.2-ci maddələri və Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 33-cü fəslinin bəzi normaları ilə əlaqəli şəkildə şərh
edilməsinə dair
2 noyabr 2026-cı il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay
Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov (məruzəçi-hakim), İsa
Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 100.2.1, 100.3 və
469.4-cü maddələrinin həmin Məcəllənin 65.7, 142.2-ci maddələri və Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 33-cü fəslinin bəzi normaları ilə əlaqəli
şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim F.Məmmədovun
məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun
sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan
Respublikasının Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Naxçıvan Muxtar
Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi
kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın və həmin
kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L.Məmmədovanın rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə
N E T D İ:
Azərbaycan
Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
(bundan sonra – Cinayət-Prosessual Məcəllə) 100.2.1, 100.3 və 469.4-cü maddələrinin
həmin Məcəllənin 65.7, 142.2-ci maddələri və Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) “Şəxsin məhdud
fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” adlı
33-cü fəsli ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.
Sorğuda
göstərilmişdir ki, təcrübədə müşahidə edilən bəzi hallarda, cinayət prosesinin
gedişində törədilmiş cinayət nəticəsində sağlamlığını uzunmüddətli itirmiş və
buna görə də cinayət prosesində iştirak etmək, hüquqlarını sərbəst şəkildə həyata
keçirmək və ya nümayəndəsini seçmək imkanlarından məhrum olmuş (məsələn,
komatoz vəziyyətə düşmüş, iflic olmuş, nitq və hərəkət qabiliyyətini itirmiş və
s.) şəxslər müvafiq ekspertiza rəyinə uyğun olaraq psixi vəziyyətinə görə hərəkətlərinin
mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından
onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və cinayət prosesi
daxilində qanuni nümayəndə vasitəsilə hüquqlarının həyata keçirilməsi zərurəti
yaranır. Lakin mülki prosessual qanunvericilikdən fərqli olaraq, cinayət-prosessual
qanunvericiliyində şəxslərin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin
prosedur qaydaları, bununla bağlı müraciətin kim tərəfindən edilməsi, müraciətə
hansı məhkəmə tərəfindən nə qədər müddətdə baxılması, həmin qərardan şikayət
verilməsi və digər hallar tənzimlənmədiyindən məsələnin necə həll edilməli
olduğu ilə bağlı qeyri-müəyyənlik yaranır.
Prokurorluq qeyd
etmişdir ki, Cinayət-Prosessual Məcəllənin yalnız 469.4-cü maddəsində barəsində
tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanmış şəxsin
öz psixi vəziyyətinə görə iş üzrə icraatda iştirak edə bilmədiyi halda, müstəntiqin,
ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun bu barədə
protokol tərtib etməsi və həmin protokolun müvafiq şəxsin prosessual fəaliyyət
qabiliyyəti olmayan hesab edilməsi barədə məsələnin həlli üçün hakimə göndərilməsi
göstərilmişdir.
İstinad olunan
normada da aidiyyət üzrə hansı məhkəmənin nəzərdə tutulması dəqiq müəyyən edilmədiyindən,
təcrübədə bununla bağlı məsələnin həllinə dair müxtəlif yanaşmalar mövcuddur. Anlaqsız
vəziyyətdə cinayət törətmiş şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üzrə başlanmış icraatların təhlili göstərir ki, təqsirləndirilən
şəxslərin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müstəntiqlər tərəfindən
tərtib edilmiş protokollar qərar qəbul edilməsi üçün ibtidai araşdırmanın
aparıldığı yer üzrə fəaliyyət göstərən birinci instansiya məhkəmələrinə göndərilir
və həmin məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilir. Lakin zərərçəkmiş
şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün bəzi hallarda fərqli
yanaşma tətbiq edilir. Belə ki, bu zaman onun ailə üzvü şəxsin mülki qaydada fəaliyyət
qabiliyyəti olmayan hesab edilməsi üçün məhkəməyə müraciət edir və məhkəmə tərəfindən
müvafiq qətnamə qəbul edildikdən sonra istintaq orqanı tərəfindən
qanunvericilikdə nəzərdə tutulmuş şəxslərdən biri zərərçəkmiş şəxsin qanuni
nümayəndəsi qismində tanınır.
Qeyd edilənlərə əsasən
sorğuverən hesab etmişdir ki, hüquq tətbiqetmə təcrübəsindəki ziddiyyətlərin
aradan qaldırılması, cinayət-prosessual normaların eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə
aşağıdakı məsələlərin aydınlaşdırılması üçün göstərilən normaların əlaqəli şəkildə
şərh edilməsinə zərurət yaranmışdır:
· Cinayət-Prosessual Məcəllənin
100.2.1-ci maddəsində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs”
müddəasının özündə nəyi ehtiva etməsi;
· mülki iş üzrə şəxsin
fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə
minmiş qərarının cinayət prosesində şəxs barəsində qanuni nümayəndə təyin edilməsi
üçün əsas təşkil edib-etməməsi;
· cinayət prosesində şəxsin
fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin prosessual əsasları və prosedur
qaydalarının nədən ibarət olması.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 26-cı maddəsinə əsasən
hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və
azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və
azadlıqlarının müdafiəsinə təminat verir.
Hər kəsin hüquq və
azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Cinayət,
habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları
qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində
iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır (Konstitusiyanın
60-cı maddəsinin I hissəsi və 68-ci maddəsinin II hissəsi).
Məhkəmə müdafiəsi təminatı
insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında fundamental institut
kimi çıxış edir. Bu hüququn realizəsi pozulmuş hüquq və azadlıqların
qanunvericilikdə nəzərdə tutulmuş qaydada səmərəli müdafiə olunmasını və ədalətli
məhkəmə araşdırmasının həyata keçirilməsini şərtləndirir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 132-ci maddəsinin I hissəsi
baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 420-ci maddəsinin
həmin Məcəllənin 65.1, 142.1 və 397-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə
dair” 2026-cı il 24 iyun tarixli Qərarı).
Qeyd olunan
konstitusion təminatlar şəxsin pozulmuş hüquq və azadlıqlarının real və səmərəli
şəkildə müdafiə və bərpa olunmasını təmin edən zəruri hüquqi mexanizmlərin
mövcudluğunu şərtləndirir. Bu hüquqların effektiv şəkildə həyata keçirilməsini
təmin etmək üçün cinayət prosesi və məhkəmə icraatı elə təşkil edilməlidir ki,
şəxs prosesdə yalnız formal iştirakçı kimi çıxış etməsin, öz hüquq və qanuni mənafelərini
faktiki olaraq həyata keçirə və müdafiə edə bilsin.
Odur ki, əqli və
psixi pozuntuları olan şəxslər də daxil olmaqla öz hüquq və qanuni mənafelərini
müstəqil və effektiv şəkildə müdafiə etmək imkanları məhdud şəxslər üçün əlavə
təminatların yaradılması onların cinayət prosesində digərlərilə bərabər qaydada
iştirakının təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Cinayət-prosessual
qanunvericiliyində nəzərdə tutulmuş qanuni nümayəndə institutu da yaşı və ya psixi
vəziyyəti ilə əlaqədar cinayət prosesində müstəqil şəkildə mürəkkəb prosessual
hüquqları həyata keçirmək və vəzifələri icra etmək qabiliyyətindən məhrum olan
şəxslərin cinayət prosesində real müdafiəsini təmin edən prosessual mexanizmlərdən
biridir.
Belə ki, qanuni
nümayəndə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli zərər
çəkmiş şəxsə, mülki iddiaçıya, şübhəli, yaxud təqsirləndirilən şəxsə, habelə
mülki cavabdehə təyin olunur (Cinayət-Prosessual Məcəllənin 101.1-ci maddəsi).
Cinayət prosesinin
iştirakçıları cinayət-prosessual fəaliyyət qabiliyyətinə görə tam fəaliyyət
qabiliyyətli, məhdud fəaliyyət qabiliyyətli və fəaliyyət qabiliyyəti olmayan şəxslər
olmaqla üç qrupa bölünür.
Fəaliyyət qabiliyyəti
olmayanlardan başqa cinayət prosesinin bütün yetkinlik yaşına çatmış
iştirakçıları tam prosessual fəaliyyət qabiliyyətinə, 14 yaşdan 18 yaşadək olan
zərər çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs və mülki
cavabdeh məhdud fəaliyyət qabiliyyətinə
malikdir (Cinayət-Prosessual Məcəllənin 100.1 və 100.4-cü maddələri).
Aşağıdakı şəxslər isə
cinayət prosesində fəaliyyət qabiliyyəti olmayanlar hesab edilirlər:
· Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan
hesab edilmiş şəxs;
· 14 yaşına çatmamış zərər
çəkmiş şəxs, mülki iddiaçı, şübhəli və ya təqsirləndirilən şəxs, yaxud mülki
cavabdeh (Cinayət-Prosessual Məcəllənin 100.2.1 və 100.2.2-ci maddələri).
Bununla yanaşı, Cinayət-Prosessual Məcəllənin 100.3-cü
maddəsində göstərilmişdir ki, ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu və ya əqli
gerilik nəticəsində öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək
qabiliyyətinə malik olmayan zərər çəkmiş şəxsi, mülki iddiaçını, şübhəli və ya
təqsirləndirilən şəxsi, yaxud mülki cavabdehi məhkəmə cinayət-prosessual
qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edə bilər. Məhkəmə öz
hüquqlarını və vəzifələrini yenidən müstəqil həyata keçirmək qabiliyyəti əldə
etmiş göstərilən şəxsin cinayət-prosessual fəaliyyət qabiliyyətini bərpa edir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda
qaldırılan məsələlərin düzgün həlli məqsədilə fəaliyyət qabiliyyəti və cinayət-prosessual
fəaliyyət qabiliyyəti anlayışlarının məzmununa, habelə onların qarşılıqlı əlaqəsinə
aydınlıq gətirilməsini vacib hesab edir.
Hüquq
nəzəriyyəsinə görə fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə subyektiv
hüquq və vəzifələr əldə etmək, onları həyata keçirmək və onlara xitam vermək qabiliyyətini
ifadə edir. Hüquq və vəzifələrə malik olmaq qabiliyyətindən (hüquq qabiliyyətindən)
fərqli olaraq, fəaliyyət qabiliyyəti şəxsin davranışını şüurlu şəkildə idarə edərək
və həmin davranışın hüquqi nəticələrini dərk edərək hüquqi münasibətlərdə müstəqil
iştirak etmək bacarığını nəzərdə tutur.
Prosessual fəaliyyət qabiliyyəti ilə bağlı nəzərə
alınmalıdır ki, bu anlayış ümumilikdə fəaliyyət qabiliyyəti anlayışının tərkib
hissəsi olmaqla, ona nisbətdə daha məhdud məzmun ifadə edir. Prosessual fəaliyyət
qabiliyyəti şəxsin öz prosessual hüquqlarını şəxsən həyata keçirmək və
prosessual vəzifələrini icra etmək qabiliyyətidir. Qanunvericilikdə prosessual
fəaliyyət qabiliyyəti anlayışının ümumi tərifi verilməsə də, ayrı-ayrı sahəvi normativ
aktlarda, eləcə də Cinayət-Prosessual Məcəllənin 100-cü maddəsində bu məsələ ilə
bağlı tənzimləmə aparılmışdır. Belə ki, Mülki Prosessual Məcəllədə mülki
prosessual fəaliyyət qabiliyyətinə öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata
keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə
tapşırmaq qabiliyyəti kimi (49.1-ci maddə), Azərbaycan Respublikası İnzibati
Prosessual Məcəlləsində (bundan sonra – İnzibati Prosessual Məcəllə) isə
inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququ (26.1-ci maddə)
kimi izah verilmişdir.
Cinayət-prosessual
fəaliyyət qabiliyyətinə gəldikdə isə bu, müstəsna olaraq cinayət prosesinin məqsədləri
üçün müəyyən edilən, yalnız cinayət prosesi ilə məhdudlaşan sahəvi anlayış
olmaqla, cinayət prosesinin müəyyən iştirakçılarının (şübhəli şəxsin, təqsirləndirilən
şəxsin, mülki cavabdehin, zərər çəkmiş şəxsin, mülki iddiaçının) malik olduğu
hüquqları müstəqil şəkildə həyata keçirmək və üzərinə düşən vəzifələri yerinə
yetirmək qabiliyyətini nəzərdə tutur.
Cinayət-Prosessual Məcəllənin
100.2.1-ci maddəsində göstərilən “Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxs” anlayışına
aydınlıq gətirilməsi üçün, ilk növbədə, bu məsələnin hansı normativ hüquqi
aktlarla tənzimləndiyi nəzərdən keçirilməlidir ki, bu da şəxsin fəaliyyət
qabiliyyəti olmayan hesab edilməsinin hüquqi əsaslarını və prosedur qaydalarını
müəyyən edən mülki və mülki prosessual qanunvericiliklərdir.
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 28.1-ci maddəsinə
əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə
mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq
və icra etmək qabiliyyətidir. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz
hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən
şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar
üzərində qəyyumluq müəyyənləşdirilir (Mülki Məcəllənin 28.8-ci maddəsi). Bunun
prosedur qaydası isə Mülki Prosessual Məcəllənin 33-cü fəsli ilə ətraflı şəkildə
tənzimlənmişdir.
Qeyd edilən normalardan
göründüyü kimi, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsas
onun öz hərəkətlərinin mənasını başa düşməməsi, yaxud öz hərəkətlərinə rəhbərlik
edə bilməməsidir. Belə şəxslər isə qanunvericiliklə nəzərdə tutulmuş şərtlər
daxilində nəinki prosessual hüquqlar, maddi hüquqlar baxımından da fəaliyyət
qabiliyyəti olmayan hesab edilirlər.
Mülki Məcəllənin
28.8-ci maddəsi ilə müəyyən olunmuş əsaslarla fəaliyyət qabiliyyəti olmayan
hesab edilmənin hüquqi nəticələri isə bir sıra digər hüquq sahələrində də
tanınır. Məsələn, İnzibati Prosessual Məcəllənin 26.1-ci maddəsinə görə mülki
hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər
inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna malikdirlər.
Fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Mülki
Prosessual Məcəllənin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar
(26.3-cü maddə). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63.1-ci
maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan
fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət
qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin
mənafeyini onların qanuni nümayəndələri təmsil edir.
Sadalanan normaların
tələblərindən göründüyü kimi, qanunverici şəxsin mülki icraat qaydasında fəaliyyət
qabiliyyəti olmayan hesab edilməsini onun ümumi hüquqi statusuna təsir edən
mexanizm kimi müəyyən edir. Qeyd edilən məcəllələrdə şəxsin fəaliyyət qabiliyyəti
olmayan hesab edilməsinin fərqli halları, şərtləri və qaydaları nəzərdə
tutulmadığından, mülki hüquq normalarına əsasən fəaliyyət qabiliyyəti olmayan
hesab edilmə müvafiq icraatlarda şəxslərə qanuni nümayəndə təyin olunması üçün
hüquqi əsas yaradır.
Cinayət-Prosessual Məcəllənin
bir sıra müddəaları oxşar yanaşmanın cinayət prosesində də tətbiq olunduğuna dəlalət
edir. Belə ki, həmin Məcəllənin 92.4.8-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin
92.3.13-cü maddəsində nəzərdə tutulmuş halda şübhəli və ya təqsirləndirilən şəxsin
mülki mühakimə icraatı qaydasında fəaliyyət qabiliyyəti olmadığı təsdiq edilərkən
və ya cinayət mühakimə icraatı qaydasında fəaliyyət qabiliyyəti olmadığı müəyyən
edilərkən müdafiəçinin iştirakı təmin olunur. Bu normadan göründüyü kimi, şəxsin
mülki hüquq normalarına əsasən və mülki prosessual qanunvericiliklə müəyyən
edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi cinayət prosesində
müvafiq hüquqi nəticələr doğurur.
Belə yanaşma onunla izah oluna bilər ki, şəxsin
mülki prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi psixi və
ya əqli qüsurunun dərəcəsinə görə onun hüquqi nəticə doğuran davranışlarının
mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmadığı
faktını təsdiq edir. Bu halda həmin şəxsin təkcə mülki hüquqi münasibətlərdə və
mülki icraatda deyil, öz hüquqlarını və qanuni maraqlarını şüurlu və sərbəst şəkildə
müdafiə etməyi tələb edən cinayət prosesində də eyni çətinliklərlə üzləşəcəyi məntiqi
nəticə kimi qəbul olunur.
Mülki iş üzrə şəxsin fəaliyyət qabiliyyəti
olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının cinayət
prosesində həmin şəxs üçün hüquqi nəticələr yaratması məsələsi sorğu verən tərəfindən
məhz preyudisiallıqla bağlı qanunvericilik normaları ilə əlaqəli şəkildə
qaldırılsa da, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir
ki, bu məsələyə preyudisiallıq baxımından deyil, bilavasitə Cinayət-Prosessual
Məcəllənin 100.2.1-ci maddəsi baxımından yanaşılmalıdır.
Belə ki, həmin Məcəllənin preyudisiallıqla
bağlı 65.7 və 142.2-ci maddələrinin məzmununa əsasən mülki iş üzrə qanuni qüvvəyə
minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq,
prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində
məcburidir. Sahələrarası preyudisiyanı müəyyən edən bu normalara görə mülki işlər
üzrə qanuni qüvvəyə minmiş qərarların cinayət prosesini həyata keçirən orqanlar
üçün məcburiliyi yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması halı ilə məhdudlaşdırılır.
Şəxsin fəaliyyət qabiliyyəti isə hadisə və ya ayrıca götürülmüş hərəkət deyil, onun
hüquqi vəziyyəti ilə bağlı məsələdir. Mülki prosessual qanunvericilikdə xüsusi
icraat qaydasında baxılan bu məsələ tərəflər arasındakı mübahisənin həllinə
deyil, şəxsin hüquqi statusu ilə bağlı artıq mövcud olan bir faktın məhkəmə tərəfindən
təsdiqinə yönəlir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh
edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, 7
yaşından yuxarı yaşda olan fiziki şəxslərin fəaliyyət qabiliyyətsizliyi məhkəmənin
qərarı nəticəsində deyil, onun daimi anlaqsızlığı səbəbindən olur. Bu kimi
hallarda məhkəmənin qərarı hüquqi faktın (mülki hüquq fəaliyyət qabiliyyətinin
olmaması faktının) təsdiqi rolunu oynayaraq, şəxsin anlaqsızlığının
açıqlanmasını təmin etmək məqsədi daşıyır.
Bu baxımdan,
qanunvericinin Cinayət-Prosessual Məcəllənin 100.2.1-ci maddəsində “Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq” ifadəsindən istifadə etməsi şəxsin
mülki və mülki prosessual qanunvericilik əsasında müəyyən edilmiş fəaliyyət
qabiliyyətinin olmaması ilə bağlı hüquqi statusunun cinayət prosesində də
tanınmasını təmin etmək məqsədi daşıyır. Həmin ifadə mülki və mülki prosessual
qanunvericiliyi də əhatə etdiyindən, mülki icraat qaydasında qəbul edilmiş
müvafiq məhkəmə qərarının cinayət prosesində tanınmasının hüquqi əsasını da
preyudisiallıqla bağlı müddəalar deyil, məhz bu norma təşkil edir.
Bu yanaşma, bir tərəfdən
şəxsin hüquqi statusu ilə bağlı hüquqi müəyyənliyin təmin edilməsinə, digər tərəfdən
isə prosessual qənaətə xidmət etməklə belə şəxslərin hüquqlarının operativ və
effektiv müdafiəsinin təmin olunmasına şərait yaradır.
Göstərilənləri nəzərə
alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət işi üzrə icraat
başlanana qədər və ya icraatın gedişində şəxsin mülki qanunvericilikdə nəzərdə
tutulmuş əsaslarla və mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada
fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş və ləğv
edilməmiş qətnaməsi mövcuddursa, habelə o, sonradan məhkəmə tərəfindən fəaliyyət
qabiliyyətli hesab edilməmişdirsə, belə məhkəmə aktı cinayət prosesini həyata
keçirən orqan tərəfindən həmin şəxsə qanuni nümayəndə təyin edilməsi üçün əsas
təşkil edir.
Göstərilənlərin
davamı olaraq Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəllənin
100.3-cü maddəsi ilə bağlı qeyd etməyi vacib hesab edir ki, həmin normadakı tənzimetmə
şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki icraat
qaydasında qəbul edilmiş məhkəmə qətnaməsi mövcud olmadığı hallara aiddir. Bu,
məhz onunla bağlıdır ki, cinayət prosesində bu və ya başqa prosessual statusda
iştirak edən, ruhi pozuntusu və ya xəstəliyi olan şəxslərin fəaliyyət qabiliyyətinə
dair məsələ mülki məhkəmə icraatı qaydasında yoxlanılmamış ola, əqli və ya psixi
vəziyyətinə görə onların müstəqil şəkildə cinayət mühakimə icraatında hüquqları
həyata keçirmək və vəzifələri daşımaq qabiliyyəti ağlabatanlıqla şübhə altına
alına və müstəsna olaraq cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan hesab
edilməsi məqsədilə məhkəməyə müraciət edilməsinə zərurət yarana bilər.
Bununla belə, Cinayət-Prosessual
Məcəllənin 100.3-cü maddəsi şəxsin ümumi fəaliyyət qabiliyyətinin deyil, cinayət
mühakimə icraatının məqsəd və vəzifələri baxımından yalnız cinayət-prosessual fəaliyyət
qabiliyyətinin hissəvi məhdudlaşdırılmasını nəzərdə tutur.
Cinayət-prosessual
qanunvericiliyində əks olunmuş belə tənzimləmə bu sahədə mövcud olan beynəlxalq
hüquqi sənədlərin tələbləri ilə də uzlaşır. Belə ki, Avropa Şurası Nazirlər
Komitəsinin “Fəaliyyət qabiliyyəti olmayan yetkin şəxslərin hüquqi müdafiəsinin
prinsiplərinə dair” 1999-cu il 23 fevral tarixli R (99) 4 saylı Tövsiyəsinin “fəaliyyət
qabiliyyətinin maksimum dərəcədə qorunması” adlanan 3-cü prinsipinə görə
qanunvericilik sistemi, mümkün olduğu qədər, fəaliyyət qabiliyyətinin müxtəlif
dərəcələrinin mövcud ola biləcəyini və fəaliyyət qabiliyyətinin zaman keçdikcə
dəyişə biləcəyini nəzərə almalıdır. Buna uyğun olaraq, mühafizə tədbiri
avtomatik şəkildə fəaliyyət qabiliyyətinin tamamilə aradan qaldırılması ilə nəticələnməməlidir.
Bununla belə, aidiyyəti şəxsin müdafiəsi üçün zəruri olduğu sübuta yetirildikdə,
fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasına yol verilməlidir.
Göründüyü kimi, şəxsin
fəaliyyət qabiliyyətinin mümkün qədər qorunması əsas prinsip kimi qəbul edilir.
Bu yanaşma şəxsin psixi pozuntusunun xarakteri və dərəcəsinin onun müxtəlif
hüquq və vəzifələrini müstəqil həyata keçirmək imkanlarına fərqli təsir göstərə
bilməsi ilə əlaqəlidir. Belə ki, psixi və əqli vəziyyətinin xarakteri və
ağırlıq dərəcəsi şəxsin xırda məişət əqdlərini bağlamaq və digər sadə hərəkətləri
müstəqil şəkildə icra etmək qabiliyyətini istisna etməsə də, mürəkkəb prosessual
hərəkətlərin müstəqil həyata keçirilməsi və prosesdə səmərəli iştirakı üçün maneə
yarada bilər. Bu baxımdan, şəxsin fəaliyyət qabiliyyəti ilə bağlı məsələnin həllində
mütənasibliyin təmin edilməsi, bir tərəfdən, fəaliyyət qabiliyyətinin zərurətdən
artıq məhdudlaşdırılmamasına, digər tərəfdən isə ehtiyac yarandığı hallarda şəxsə
zəruri dəstəyin təmin olunmasına imkan yaradır.
O da nəzərə
alınmalıdır ki, Mülki Məcəllədən fərqli olaraq, Cinayət-Prosessual Məcəllədə şəxsin
fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin əsasları sırasında ruhi xəstəliklə
yanaşı müvəqqəti ruhi pozuntu da ayrıca nəzərdə tutulmuşdur. Yəni, cinayət-prosessual
qanunvericiliyi şəxsin prosessual fəaliyyət qabiliyyətinin müəyyən edilməsində
psixi pozuntunun müvəqqəti xarakter daşımasını da nəzərə alınmalı hal kimi müəyyən
edir. Bu isə mülki hüquq münasibətlərində, bir qayda olaraq, daha davamlı
xarakter daşıyan fəaliyyət qabiliyyətinin olmaması ilə yanaşı, cinayət prosesi
çərçivəsində şəxsin psixi vəziyyətində yaranan və ya mövcud olan müvəqqəti
pozuntunun onun prosessual hüquq və vəzifələrini həyata keçirməsinə təsir
etdiyi hallarda da müvafiq hüquqi təminatların tətbiqinə imkan verir.
Həmçinin psixi vəziyyət
dinamik xarakter daşıdığından qanunvericilikdə zərər çəkmiş şəxsin, mülki
iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə mülki cavabdehin
cinayət-prosessual fəaliyyət qabiliyyətinin məhz cinayət prosesi üzrə icraatın
həyata keçirildiyi an üçün müəyyən edilməli olduğu göstərilmişdir (Cinayət-Prosessual
Məcəllənin 100.5-ci maddəsi).
Sorğuda istinad edilən
Cinayət-Prosessual Məcəllənin 469.4-cü maddəsi ilə bağlı göstərilməlidir ki, həmin
maddəyə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi
üzrə iş başlanmış şəxs öz psixi vəziyyətinə görə iş üzrә icraatda iştirak edə
bilmədikdə, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokuror bu barədə protokol tərtib edir və həmin protokol müvafiq şəxsin
prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məsələnin həlli
üçün hakimə göndərilir.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, göstərilən maddə barəsində tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi üzrə iş başlanmış şəxslə bağlı olsa da, mahiyyət etibarilə həmin
şəxsin cinayət-prosessual hüquq və vəzifələrini müstəqil həyata keçirmək
imkanının olub-olmamasının müəyyən edilməsi qaydasını tənzimləyir. Bu baxımdan,
Cinayət-Prosessual Məcəllənin 469.4-cü maddəsində nəzərdə tutulan hüquqi
prosedur ayrıca hüquqi institut deyil, 100.3-cü maddə ilə müəyyən edilmiş, şəxsin
prosessual fəaliyyət qabiliyyətinin olmamasını tənzimləyən institutun tibbi
xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatdakı xüsusi təzahürüdür.
Qeyd edilənlərə əsasən
cinayət prosesinin müvafiq iştirakçılarının cinayət-prosessual fəaliyyət
qabiliyyəti olmayan hesab edilməsinin məqsədi onların cinayət prosesində
iştirakını əngəlləmək üçün prosessual mexanizm yaratmaq deyil, hüquqlarının
qanuni nümayəndə və zəruri hallarda müdafiəçi vasitəsilə səmərəli həyata
keçirilməsinə şərait yaratmaqdır. Psixi vəziyyətlə bağlı pozuntular şəxsin öz
hüquqlarını müstəqil həyata keçirməsini qeyri-mümkün edəcək həddə olduğu halda,
bu faktın məhkəmə qərarı ilə təsdiqlənməsi və şəxsin prosessual fəaliyyət
qabiliyyəti olmayan hesab edilməsi məsələsi meydana gələ bilər.
Beləliklə, Cinayət-Prosessual
Məcəllənin 100.3-cü maddəsi mülki icraat qaydasında fəaliyyət qabiliyyətsizliyi
təsdiq olunmamış şəxsin cinayət prosesinin məqsədləri baxımından, həmin
prosesin həyata keçirildiyi dövr ərzində cinayət-prosessual hüquq və vəzifələrini
müstəqil həyata keçirmək imkanına malik olmadığının müəyyən edilməsini nəzərdə
tutur.
Şəxsin cinayət-prosessual
fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin prosessual mexanizmi ilə bağlı
məsələyə gəldikdə isə sorğuda qeyd olunduğu kimi, təcrübədə mövcud olan
yanaşmaya görə anlaqsız vəziyyətdə cinayət törətmiş və barəsində tibbi
xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat başlanmış şəxslərin
fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün müstəntiq tərəfindən tərtib
edilmiş protokol qərar qəbul edilməsi ilə əlaqədar ibtidai araşdırmanın
aparıldığı yer üzrə fəaliyyət göstərən birinci instansiya məhkəmələrinə göndərilir
və həmin məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilir. Zərər çəkmiş şəxslərə
münasibətdə isə ailə üzvləri onların mülki qaydada fəaliyyət qabiliyyəti
olmayan hesab edilməsi üçün məhkəməyə müraciət edir və məhkəmə tərəfindən
müvafiq qərar qəbul edildikdən sonra istintaq orqanı qanunvericilikdə nəzərdə
tutulmuş şəxslərdən birini zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində tanıyır.
Müəyyən məsələlərlə
bağlı hüquq tətbiqetmə təcrübəsinin mövcud olmasına baxmayaraq, bu hal cinayət-prosessual
fəaliyyət qabiliyyəti ilə bağlı qanunvericilikdəki boşluqların aradan
qaldırılmasının labüdlüyünü istisna etmir. Belə ki, şəxsin cinayət-prosessual fəaliyyət
qabiliyyəti olmayan hesab edilməsinin prosessual qaydalarının qanunvericiliklə
müəyyənləşdirilməməsi hüquqi boşluğa səbəb olur. Qanunvericilikdə boşluq isə son
nəticədə Konstitusiyada təsbit edilmiş müvafiq insan hüquq və azadlıqlarının həyata
keçirilməsi üçün məhdudiyyət yarada bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsi
Plenumunun “E.Axundovun məhkəməyə müraciət hüququnun pozulması barədə şikayətinə
dair” 2023-cü il 6 oktyabr tarixli Qərarında da ifadə olunmuşdur.
Nəzərə alınmalıdır
ki, göstərilən məsələ cinayət prosesi iştirakçılarının konstitusion hüquqlarına
toxunmaqla yalnız həmin proses üçün hüquqi nəticələr yaratdığından, mahiyyət
etibarı ilə mülki icraat qaydasında baxılan məsələ kimi qiymətləndirilməməlidir.
Digər tərəfdən, Mülki Prosessual Məcəllənin 317.2-ci maddəsindən göründüyü kimi,
psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi
haqqında iş qaldırmaq üçün ərizə verə biləcək subyektlər sırasında şəxsin ailə
üzvləri birgə yaşamasından asılı olmayaraq, yaxın qohumları (valideynləri,
uşaqları, qardaş-bacıları), müvafiq icra hakimiyyəti orqanı (yerli icra
hakimiyyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisəsi göstərilmiş, həmin
siyahıda müstəntiq və ya prokuror öz əksini tapmamışdır. Həmçinin bu Məcəllənin
33-cü fəslinin müddəaları şəxsin mülki hüquqi fəaliyyət qabiliyyəti olmayan
hesab edilməsi qaydalarını tənzimləsə də, həmin fəsildə fəaliyyət qabiliyyətinin
sahəvi məhdudlaşdırılmasının, o cümlədən şəxsin yalnız prosesin aparıldığı dövr
üçün cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin
mümkünlüyünü nəzərdə tutan hər hansı tənzimləmə mövcud deyil.
Qeyd edilməlidir ki,
cinayət prosesində yaranan zərurətlə əlaqədar cinayət prosesini həyata keçirən
orqanın təşəbbüsü əsasında şəxsin ümumi mülki hüquqi fəaliyyət qabiliyyətindən
məhrum edilməsi onun hüquqi statusuna əsassız və qeyri-mütənasib müdaxilə ilə nəticələnə
bilər. Belə ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi onun müstəqil
şəkildə hüquqi əhəmiyyətli hərəkətlər həyata keçirmək və qərarlar qəbul etmək
imkanlarını (məsələn, nikaha daxil olmaq və əmək müqaviləsi bağlamaq) əhəmiyyətli
dərəcədə məhdudlaşdırır. Halbuki, şəxsin cinayət-prosessual fəaliyyət qabiliyyəti
olmadığının müəyyən edilməsində əsas məqsəd psixi və əqli vəziyyəti ilə əlaqədar
onun məhz cinayət mühakimə icraatında hüquq və qanuni mənafelərinin müdafiəsini
təmin etməkdir. Bu məqsədlə müqayisədə şəxsin fəaliyyət qabiliyyətinin zəruri həddi
aşan şəkildə məhdudlaşdırılması, əksinə, onun hüquqlarının pozulmasına səbəb
ola bilər.
O da vurğulanmalıdır
ki, cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmə cinayət
prosesi iştirakçılarının şəxsi toxunulmazlıq, məhkəmə müdafiəsi və digər
konstitusion hüquqlarına müdaxilə ilə nəticələndiyindən, belə müdaxilənin
qanuniliyinin, əsaslılığının, mütənasibliyinin və məqsədəmüvafiqliyinin qiymətləndirilməsi
mahiyyətcə məhkəmə nəzarətinin predmetinə uyğun gəlsə də, yuxarıda göstərildiyi
kimi, Cinayət-Prosessual Məcəllədə bu məsələyə baxılmasının proseduru, aidiyyət
qaydaları, prosessual müddətlər, qəbul edilən qərarlardan şikayət verilməsi, fəaliyyət
qabiliyyətinin bərpası və digər zəruri qaydalar tənzimlənməmişdir.
Mövcud boşluğun məhkəmə
nəzarəti ilə bağlı müddəaların analogiya üzrə tətbiq edilməsi vasitəsilə aradan
qaldırılması isə müəyyən hallarda, xüsusilə də zərərçəkmiş şəxslərə münasibətdə
hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər ki, “Normativ hüquqi
aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.5-ci maddəsinə
görə hüquqların məhdudlaşdırılması hallarında analogiyadan istifadə edilə bilməz.
Məsələn, zərərçəkmiş şəxsin fəaliyyət qabiliyyəti ilə bağlı məsələnin həlli ilə
əlaqədar məhkəmə-psixiatriya ekspertizasının keçirilməsi üçün stasionar müayinə
aparılması məqsədilə tibb müəssisəsinə məcburi yerləşdirilməsinə zərurət yarandıqda,
bu hal şəxsin azadlıq hüququna müdaxiləyə səbəb olur. Belə bir məhdudlaşdırmanın
isə yalnız analogiyanın (Cinayət-Prosessual Məcəllənin 444.1.4-cü maddəsinin
analogiyası) tətbiqi əsasında həyata keçirilməsi mümkün deyildir. Bu baxımdan,
şəxsin hüquqlarına müdaxilənin xarakteri və ağırlığı nəzərə alınmaqla, müvafiq
qaydaların qanunvericiliklə bilavasitə və dəqiq göstərilməsi zəruridir.
Qeyd edilməlidir ki,
ümumi hüquqi tənzimləmə sistemində müəyyənlik, aydınlıq, hüquq normalarının
birmənalı və ardıcıl olması tələbləri cinayət və cinayət-prosessual
qanunvericilikləri çərçivəsində xüsusi əhəmiyyət kəsb edir. Cinayət-Prosessual
Məcəllənin müddəalarının dəqiq və aydın olmasını tələb edən hüquqi müəyyənlik
prinsipi hüququn aliliyinin ayrılmaz elementi olaraq, həm qanunvericilik, həm də
hüquq tətbiqetmə fəaliyyətində, insan hüquqlarının səmərəli müdafiəsinin və
prosessual ədalət prinsipinin təmin olunması üçün zəmanət yaradır (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
107.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin
I hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2012-ci il 31 may tarixli Qərarı).
Şəxsin cinayət-prosessual
fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi qaydasının qanunverici tərəfindən aydın
və dəqiq müəyyən edilməsi hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin tələbləri
ilə yanaşı, cinayət prosesi iştirakçılarının prosessual hüquq və azadlıqlarının
səmərəli təmin edilməsi baxımından da əhəmiyyət kəsb edir.
Eyni zamanda, fəaliyyət
qabiliyyəti olmayan hesab edilmə hüquq və azadlıqlara ciddi müdaxilə təşkil
etdiyindən, bu müdaxiləyə zərurət yaranmadan şəxsin cinayət prosesində səmərəli
iştirakını təmin edən alternativ hüquqi mexanizmlər də qanunverici tərəfindən müəyyən
edilə bilər.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğuda qeyd olunan, müxtəlif səbəblərdən sağlamlığını uzunmüddətli
itirmiş (iflic olmuş, nitq və ya hərəkət qabiliyyətini itirmiş və digər) şəxslərlə
əlaqədar vurğulamağı vacib hesab edir ki, bu vəziyyət heç də həmişə onların
cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə əsas vermir. Yuxarıda
qeyd edildiyi kimi, fəaliyyət qabiliyyətinin olmaması ruhi xəstəlik, müvəqqəti
psixi pozuntu və ya əqli gerilik nəticəsində öz hərəkətlərinin mənasını başa
düşmək və ya öz hərəkətlərinə rəhbərlik etmək imkanından məhrum olma ilə
bağlıdır. Sadəcə iradənin ifadəsində fiziki çətinliklərin mövcudluğu isə
özlüyündə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün hüquqi əsas
yaratmır.
Bu kimi hallarla
bağlı qanunverici şübhəli və təqsirləndirilən şəxslərə münasibətdə müəyyən
etmişdir ki, görmə, eşitmə və nitq qabiliyyəti tam məhdud olduğuna, danışmaq,
eşitmək, görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən
ağır xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər
pozuntulara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilməyən şübhəli və ya
təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmalıdır (Cinayət-Prosessual Məcəllənin
92.3.2-ci maddəsi).
Göründüyü kimi, belə
hallarda təqsirləndirilən şəxsin müdafiəçi ilə təmin edilməsi imkanı müəyyənləşdirilsə
də, zərərçəkmişlə bağlı qanuni nümayəndə və ya dəstək xarakterli digər hüquqi
mexanizm nəzərdə tutulmamışdır.
Qeyd edilməlidir ki,
təqsirləndirilən və zərərçəkmiş şəxslərin hər biri cinayət prosesinin
iştirakçısı olsa da, prosessual statuslarının və prosesdə təmsil etdikləri
maraqların fərqli olmasından irəli gələrək onlar üçün müxtəlif təminat və
mexanizmlərin nəzərdə tutulması mümkündür. Xüsusilə, təqsirləndirilən şəxsin
dövlət tərəfindən irəli sürülmüş ittiham qarşısında müdafiə hüququnun səmərəli
həyata keçirilməsi üçün daha geniş hüquqi imkanlar nəzərdə tutula bilər.
Bununla belə nəzərə
alınması vacibdir ki, zərərçəkmiş şəxs ittiham tərəfinə aid olmaqla, özünəməxsus
prosessual hüquq və maraqlara malik müstəqil iştirakçıdır. O, cinayətin
açılmasında, iş üzrə həqiqətin müəyyən edilməsində, təqsirləndirilən şəxsin
ifşa olunmasında, onun əməlinin düzgün tövsif edilməsində və törədilmiş cinayətə
görə ədalətli cəzanın təyin edilməsində maraqlı şəxs olmaqla yanaşı, təqsirləndirilən
şəxsə qarşı duran tərəf qismində çıxış edir. Bu isə məhkəmədə işə baxılarkən çəkişmə
və tərəflərin hüquq bərabərliyinin təmin edilməsini, onlara öz maraqlarını
müdafiə etmək üçün kifayət qədər prosessual səlahiyyətlərin verilməsini tələb
edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 420.3-cü maddəsinə dair” 2002-ci il 19 aprel tarixli Qərarı).
Bununla belə, zərərçəkmiş şəxsə tanınan müvafiq
hüquqlar onların səmərəli həyata keçirilməsi üçün real imkanın təmin olunmadığı
halda yalnız formal xarakter daşımış olur. Odur ki, zərərçəkmiş şəxsin
sağlamlıq vəziyyəti onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün əsas
yaratmasa da, prosessual hüquqlarını müstəqil şəkildə həyata keçirməsinə maneə
təşkil etdiyi halda belə şəxslərin cinayət
prosesində real və səmərəli iştirakını təmin etmək üçün alternativ hüquqi
mexanizmlərin nəzərdə tutulması onların Konstitusiyanın 60 və 68-ci maddələri
ilə bəyan edilmiş hüquqlarının təmin olunması baxımından məqsədəmüvafiq olardı.
Belə mexanizmlərə
müxtəlif ölkələrin qanunvericiliyində də rast gəlinir. Məsələn, Litva
Respublikasının qanunvericiliyinə görə müəyyən edilmiş qaydada fəaliyyət
qabiliyyəti olmayan hesab edilməyən, lakin yaşına, əlilliyinə, xəstəliyinə və
ya digər üzrlü səbəblərə görə qanunla verilmiş hüquqlarını lazımi qaydada həyata
keçirə bilməyən şəxsin ailə üzvünə və ya yaxın qohumuna onun yazılı və ya
şifahi müraciəti əsasında prokurorun qərarı və ya məhkəmənin qərardadı ilə
qanuni nümayəndə qismində icraatda iştirak etməsinə icazə verilə bilər (Litva
Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 53.4-cü maddəsi). Türkiyə
Respublikasının Cəza Mühakiməsi Qanununa görə isə zərərçəkmiş şəxs on səkkiz yaşını
tamamlamamışdırsa, kar və ya laldırsa, yaxud öz fikrini ifadə edə bilməyəcək dərəcədə
xəstəliyi vardırsa və onun vəkili də yoxdursa, tələbi olmadan ona vəkil təyin
edilir.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
-
Cinayət-Prosessual Məcəllənin 92.4.8 və 100-cü maddələrinin tələbləri, eləcə də
bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə
alınmaqla, həmin Məcəllənin 100.2.1-ci maddəsində göstərilən
“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti
olmayan hesab edilmiş şəxs” müddəası Azərbaycan Respublikasının mülki
qanunvericiliyi ilə müəyyən edilmiş əsaslarla, mülki prosessual qanunvericiliyi
ilə müəyyən olunmuş qaydada qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi
əsasında fəaliyyət qabiliyyətinin olmaması təsdiq edilmiş şəxsi nəzərdə tutur və
belə qətnamə (şəxsin məhkəmə qaydasında təkrar fəaliyyət qabiliyyətli hesab
edildiyi hal istisna olmaqla) cinayət prosesini həyata keçirən orqan tərəfindən
zərərçəkmiş şəxsə, mülki iddiaçıya, şübhəli və təqsirləndirilən şəxsə, habelə
mülki cavabdehə qanuni nümayəndənin təyin edilməsi üçün əsasdır.
- Konstitusiyanın 26, 60 və 68-ci maddələrinin,
hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin tələbləri, bu Qərarın təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelər və mövcud təcrübə nəzərə alınmaqla:
· Cinayət-Prosessual Məcəllənin
100.3-cü maddəsində nəzərdə tutulan zərər çəkmiş şəxsin,
mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin və mülki cavabdehin məhkəmə
qaydasında cinayət-prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinin
və cinayət-prosessual fəaliyyət qabiliyyətinin bərpasının prosessual
qaydalarının qanunvericiliklə müəyyənləşdirilməsi;
· fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə
əsas verməyən sağlamlıq vəziyyətilə bağlı pozuntulara görə cinayət-prosessual
hüquqlarını və vəzifələrini müstəqil həyata keçirə bilməyən zərərçəkmiş şəxslərin
cinayət prosesində səmərəli iştirakını təmin edən müvafiq dəstək mexanizmlərinin
cinayət-prosessual qanunvericiliyində müəyyənləşdirilməsi
Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65–67 və 69-cu maddələrini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 41-1-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
Q Ə R A R A A L D I:
1.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.4.8 və 100-cü maddələrinin
tələbləri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu
Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə
alınmaqla, həmin Məcəllənin 100.2.1-ci maddəsində göstərilən “Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət qabiliyyəti olmayan
hesab edilmiş şəxs” müddəası Azərbaycan Respublikasının mülki qanunvericiliyi
ilə müəyyən edilmiş əsaslarla, mülki prosessual qanunvericiliyi ilə müəyyən
olunmuş qaydada qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında
fəaliyyət qabiliyyətinin olmaması təsdiq edilmiş şəxsi nəzərdə tutur və belə qətnamə
(şəxsin məhkəmə qaydasında təkrar fəaliyyət qabiliyyətli hesab edildiyi hal
istisna olmaqla) cinayət prosesini həyata keçirən orqan tərəfindən zərərçəkmiş
şəxsə, mülki iddiaçıya, şübhəli və təqsirləndirilən şəxsə, habelə mülki
cavabdehə qanuni nümayəndənin təyin edilməsi üçün əsasdır.
2.
Azərbaycan Respublikası Konstitusiyasının 26, 60 və 68-ci maddələrinin, hüquqi
müəyyənlik və qanunçuluq prinsiplərinin tələbləri və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla:
- Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə
tutulan zərər çəkmiş şəxsin, mülki iddiaçının, şübhəli və ya təqsirləndirilən şəxsin
və mülki cavabdehin məhkəmə qaydasında cinayət-prosessual fəaliyyət qabiliyyəti
olmayan şəxs hesab edilməsinin və cinayət-prosessual fəaliyyət qabiliyyətinin bərpasının
prosessual qaydalarının qanunvericiliklə müəyyənləşdirilməsi;
- fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə
əsas verməyən sağlamlıq vəziyyətilə bağlı pozuntulara görə cinayət-prosessual
hüquqlarını və vəzifələrini müstəqil həyata keçirə bilməyən zərərçəkmiş şəxslərin
cinayət prosesində səmərəli iştirakını təmin edən müvafiq dəstək mexanizmlərinin
cinayət-prosessual qanunvericiliyində müəyyənləşdirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4.
Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5.
Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev