Постановления

30.07.08 M.Bağırovun şikayəti üzrə AR Ali Məhkəməsi MİÜMK-nın 04/05/07-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ  PLENUMUNUN

Q Ə R A R I

M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının

 Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

30 iyul 2008-ci il                                                                                                       Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və Ə.Sultanovdan ibarət tərkibdə,   

məhkəmə katibi İ.İsmayılovun,

ərizəçi  M.Bağırov, onun   nümayəndəsi F.Hüseynbəylinin,

cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının əməkdaşı R.Əkbərovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında Mehdi Bağırovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.   

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin və onun nümayəndəsinin, cavabverən orqanın nümayəndəsinin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

M Ü Ə Y Y Ə N   E T D İ:

Z.Həsənova «Kooperator» Mənzil Tikinti kooperativinin (bundan sonra – «Kooperator» MTK) sədri  Mehdi Bağırova qarşı kooperativin payçısı olmuş  Arif Mövsümovun vərəsəsi kimi «Azərittifaq»ın işçiləri üçün tikilmiş  binadan 5 otaqlı mənzilin ayrılaraq verilməsi barədə iddia ərizəsi ilə  məhkəməyə  müraciət  etmişdir.

Z. Həsənova iddia tələbini onunla əsaslandırmışdır ki,  əri A. Mövsümov  1986-cı ildə ailəsi üçün mənzil əldə etmək məqsədi ilə yuxarıda adı çəkilən kooperativin üzvülüyünə daxil olmuşdur. A. Mövsumov 1989-cu ildən tikilməkdə olan kooperativ  yaşayış binasında onlara düşəcək mənzilin dəyərinin 30% -ni, yəni 8700 rublu 8 avqust 1989-cu ildə ödəmişdir. Binanın  tikintisi 1991-ci ilin əvvələrində  dayandırılmış, 2000-ci ilin ortalarında tikinti işləri yenidən bərpa olunmuş və həmin ildə bina hazır olarkən artıq əri ölmüşdür.

O, ərinin vərəsəsi kimi kooperativin sədrinə  ona tikilmiş binada mənzil ayrılmasına dair müraciət etmiş,  kooperativə borclu qaldığı məbləği isə ödəməyə  hazır olduğunu bildirmişdir. Lakin kooperativin sədri ona etiraz etmiş və 1343 ABŞ dolları ona qaytaracağını bildirmişdir.

Bakı  şəhəri Yasamal rayon məhkəməsinin 17 mart 2005-ci il tarixli qətnaməsi ilə Z. Həsənovanın iddiası rədd edilmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – «Apellyasiya Məhkəməsinin MİÜMK») 25 may 2005-ci il tarixli qətnaməsi ilə Yasamal rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra – «Ali Məhkəmənin MİÜMK»)  09 mart 2006-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

Yenidən  işə baxmış apellyasiya instansiyası məhkəməsi 30 noyabr 2006-cı il tarixli qətnaməsi ilə iddianı təmin etmiş, Z.Həsənovaya «Kooperator» MTK tərəfindən  tikilmiş binada 5 otaqlı mənzil ayrılaraq onun mülkiyyətinə verilməsi, mənzilin  dəyərinin  ödənilməmiş hissəsinin isə Z. Həsənovadan alınaraq kooperativin hesabına ödənilməsi qət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 04 may 2007-ci il tarixli  qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası   Apellyasiya Məhkəməsi MİÜMK-nın 27 aprel 2007-ci il tarixli qərardadı ilə  «Kooperator» MTK tərəfindən  inşa olunan binadan Z.Həsənovaya 5 otaqlı mənzilin hazırkı bazar qiymətinə uyğun dəyərinin pul şəklində cavabdehdən  alınıb ödənilməli olması izah  edilmişdir.

M. Bağırovun əlavə kassasiya  qaydasında verdiyi şikayətə cavab olaraq Ali Məhkəmənin sədri vəzifəsini müvəqqəti icra etmiş  şəxs 20 avqust 2007-ci il tarixli məktubla ona cavab vermişdir ki, işin Ali Məhkəmə Plenumunun baxışına çıxarılması üçün əsaslar  tapılmamışdır.

Ərizəçi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra - «Konstitusiya Məhkəməsi») şikayətlə müraciət edərək Ali Məhkəmənin MİÜMK-nın qərarının Azərbaycan Respublikası Konstitusiyasına (bundan sonra – «Konstitusiya») və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

M. Bağırov şikayətində göstərmişdir ki, Z. Həsənova iddia tələbini ona,  yəni keçmişdə kooperativin idarə heyətinin sədrinə qarşı deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – «qüvvədə olan MM») 49 və 61-ci maddələrində nəzərdə tutulmuş hüquqi şəxsə və ya ləğvetmə komissiyasına yönəltməli idi. Məhkəmə isə qüvvədə olan MM-in həmin normalarını və Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – «MPM») 54-cü maddəsinin tələblərini pozaraq əsl olmayan cavabdeh tərəfi  əsl tərəflə əvəz etməmişdir.

M. Bağırov  həmçinin qeyd etmişdir ki, iddiaçının əri 1989-cu ildə  ödədiyi 8700 rubla görə tikintinin  aparılmadığını 1991-ci ildən başlayaraq güman edilən hüququnun pozulmasını bildiyi halda, 1999-cu ildə və bundan sonra ölümünə qədər həmin hüquqa dair tələb irəli  sürməmiş, bununla da keçimiş MM-in 73-cü maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür.

Ərizəçi onu da qeyd etmişdir ki, qüvvədə olan MM-in 112.4-cü  maddəsinə uyğun  olaraq Z.Həsənova ölmuş ərinin əvəzinə kooperativə üzv qəbul edilməsini və ya əri tərəfindən ödənilmiş payın dəyərini tələb edə bilərdi, lakin, o, bu hüquqdan istifadə etməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.

İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir.

Bu müddəalara uyğun olaraq  ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).

Ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri prosessual qanunvericilikdə  nəzərdə tutulmuş qaydada aşağı məhkəmə instansiyalarının aktlarından yuxarı instansiya məhkəməsinə şikayət və ya protest vermək hüququnun mövcudluğudur.

Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən  qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan MPM-də nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya şikayəti verilə bilər.

MPM-in 365-ci maddəsi ilə müəyyən edilmişdir ki, apellyasiya icraatında bu fəslin (41-ci fəsil) və bu Məcəllənin müddəaları tətbiq olunur. Prosessual qanunvericiliyin həmin müddəalarına görə apellyasiya instansiyası məhkəməsində işlərə bu məhkəmədə icraatı müəyyən edən MPM-in 41-ci fəslində göstərilmiş xüsusiyyətlərlə yanaşı, mülki prosesin prinsiplərinə, o cümlədən tərəflərin bərabər hüquqlara və imkanlara malik olması prinsipinə uyğun olaraq baxılır.

Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.  

     İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir.

Belə ki, qüvvədə olan MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Lakin işə baxmış apellyasiya instansiyası məhkəməsi 02 sentyabr 2000-ci ildə vəfat etmiş A.Mövsumovun vərəsəsi kimi onunla nikahda olmuş Z.Həsənovanın iddiasının təmin olunmasına dair 30 noyabr 2006-cı il tarixdə qətnamə çıxardıqda, sonuncunun MM-in 1243.2-cü maddəsinə müvafiq olaraq mirası qəbul etməsini, yəni subyektiv hüququnun birinci elementinə malik olub-olmamasını müəyyən etməmişdir. M.Bağırov isə iddia edir ki, Z.Həsənova ilə A.Mövsumov arasında bağlanmış nikah ləğv edilmişdir.

Bundan başqa, apellyasiya instansiyası məhkəməsi «Kooperator» MTK tərəfindən inşa edilmiş binada yerləşən mənzilin kooperativin idarə heyətinin sədri kimi məhz M.Bağırovdan tələb etmək barədə Z.Həsənovanın iddiasını təmin edərkən qanunun tələblərinə riayət etməmişdir.  

Belə ki, əvvəlki MM-in 24 və 26-cı, qüvvədə olan MM-in 49.1-ci maddələrinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsi ilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir. «Kooperator»  MTK-nın, yəni hüquqi şəxsin Nizamnaməsinin 51 və 55-ci bəndlərinə əsasən isə kooperativin ali orqanı ümumi yığıncaqdır. Yığıncaqlararası dövrdə idarəçiliyi kooperativin idarə heyəti keçirir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən və nizamnaməyə müvafiq olaraq kooperativin fəaliyyətinə görə məsuliyyəti heç bir halda M.Bağırov daşımır, ona görə ki, konkret olaraq bu işdə iddia tələbi hüquqi şəxsin vəzifələrinə aiddir və idarə heyətinin sədri kimi fiziki şəxs M.Bağırovla bağlı deyildir.

MPM-in 54.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, iddia iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən cavabdehi əsl cavabdeh ilə əvəz edə bilər. Qanunvericiliklə təqdim olunmuş bu imkandan istifadə etmədən apellyasiya instansiyası məhkəməsi əsl olmayan cavabdehə yönəlmiş tələbləri təmin etməklə nəticə etibarı ilə M.Bağırovun hüquqlarını pozan qətnamə çıxarmışdır.

Mülki işin materiallarından göründüyü kimi, 30 yanvar 1999-cu ildə «Kooperator» MTK-nın ümumi yığıncağı keçirilmiş və kooperativ üzvlərinin 147 nəfərindən 110-nun iştirakı ilə qəbul olunmuş qərara əsasən mənzilin ümumi sahəsinin 1 m2-nin orta qiyməti 300 ABŞ dollarının kursu nisbətində manatla müəyyən edilmişdir. Bu qərara görə vəsaiti iki ay ərzində ödəməyən şəxslər, onların əvvəllər rublla ödədiyi pul vəsaiti ABŞ dollarının o vaxtkı kursuna mütənasib özlərinə qaytarılmaqla, üzvlükdən çıxarılmış hesab edilirlər.    

Apellyasiya instansiyası məhkəməsi sözügedən iclasın keçirilməsi və orada qeyd olunmuş qərarın qəbul olunması barədə A.Mövsümovun lazımınca məlumatlandırılmasını araşdırmadan belə nəticəyə gəlmişdir ki, o, həmin iclasda iştirak etmədiyindən, bu iclas tərəfindən qəbul olunmuş qaydalara riayət edə bilməmişdir. A.Mövsumovun yuxarıda göstərilən iclasda iştirak etmədiyi güman olunsa belə, kooperativin həmin iclasında qəbul olunmuş qərarı onun, eləcə də vərəsəsi kimi məhkəmələr tərəfindən qəbul olunan Z.Həsənovanın əmlak vəziyyətinə birbaşa təsir etmiş, sonuncu uzun müddət keçməsinə baxmayaraq öz əmlak marağına lazımi diqqət göstərməmiş və yalnız 16 fevral 2005-ci il tarixdə məhkəmədə müvafiq iddia qaldırılmışdır.

 Əvvəlki MM-in 78-ci maddəsinə əsasən iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının hüquq pozuntusu barədə bilməli olduğu vaxt haqqında məsələ konkret işin halları nəzərə alınmaqla və mülki dövriyyənin hər bir iştirakçısının öz əmlak marağına aid ağlabatan diqqətin göstərilməsi ehtimalından irəli gələrək həll edilməlidir.  

Əvvəlki MM-in 73-cü maddəsinə əsasən isə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 77-ci maddəsinə görə iddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə tərəfindən tətbiq olunur. Bu Məcəllənin 82-ci maddəsinə müvafiq olaraq isə iddia qaldırana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır.

Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin, qeyd edir ki, MPM-in 217.1-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız prosessual hüquq normalarına dəqiq riayət edilməklə və müvafiq münasibətlərə tətbiq edilməli olan maddi hüquq normalarına tam uyğun olaraq çıxarıldıqda qanuni hesab olunur. Bu isə prosessual normalarla yanaşı qərarın təsviri-əsaslandırıcı hissəsində müvafiq hüquqi münasibətlərə tətbiq edilməli olan maddi qanunun göstərilməsini də tələb edir.

Prosessual qanunvericiliyin bu tələblərinə zidd olaraq apellyasiya instansiyası məhkəməsi qətnamədə heç bir maddi hüquq normasına əsaslanmadan kobud qanun pozuntusuna yol verərək iddianın təmin olunması nəticəsinə gəlmişdir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi Z.Həsənovanın M.Bağırova qarşı iddiası üzrə işə Konstitusiyanın 60-cı maddəsinin I hissəsinin, 127-ci maddəsinin II və VII hissələrinin, MPM-in 9.1, 9.3, 88, 217.1, 217.3, 372.7-ci maddələrinin, əvvəlki MM-in 73, 77, 78 və 82-ci maddələrinin tələblərini pozmaqla baxmışdır.

M.Bağırov işə baxmış məhkəmə tərəfindən yol verilən qanun pozuntularını göstərməklə kassasiya şikayəti vermişdir.

MPM-in 417.1.3-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. MPM-in 418.1-ci maddəsinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının kassasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməsi üçün əsasdır.

Lakin, Ali Məhkəmənin MİÜMK Apellyasiya Məhkəməsinin MİÜMK tərəfindən işə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilmədən baxıldığını nəzərə almayaraq, özü də qərarında gəldiyi nəticəni heç bir maddi hüquq norması ilə əsaslandırmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, nəticədə, ərizəçinin Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnu pozmuşdur. 

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə və MPM-in 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli, işə bu qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.      

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

Q Ə R A R A   A L D I:

1. Z.Həsənovanın M.Bağırova qarşı mənzilə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3 və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski Raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.

     4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.  

Sədrlik edən                                                                   Fərhad Abdullayev