Постановления

10.03.26. AR Cinayət-Prosessual Məcəlləsinin 455.0.3-cü mad. AR Konstitusiyasının 60-cı mad. I hissəsinə, 71-ci mad. I, II, VI və X hissələrinə, 127-ci mad. IV hissəsinə və 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 455.0.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I, II, VI və X hissələrinə, 127-ci maddəsinin IV hissəsinə və 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair

 

 

10 mart 2026-cı il                                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev (məruzəçi-hakim), Fərhad Tutayuk və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) sorğusu əsasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 455.0.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I, II, VI və X hissələrinə, 127-ci maddəsinin IV hissəsinə və 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Rzayevin məruzəsini,  Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin (ombudsmanın) sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən təqdim olunmuş mütəxəssis mülahizələrini, ekspertlər  Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın və həmin  kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru L.Məmmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ:

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 455.0.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I, II, VIII və X hissələrinə, 127-ci maddəsinin II və IV hissələrinə, 130-cu maddəsinin IX hissəsinə və 149-cu maddəsinin I, III və VII hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda qeyd olunmuşdur ki, Cinayət-Prosessual Məcəllənin 455.0.3-cü maddəsində Konstitusiya Məhkəməsi tərəfindən məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın Konstitusiyaya, Azərbaycan Respublikasının qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğun olmayan hesab edilməsi məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslardan biri kimi göstərilmiş, lakin Konstitusiya və qanunların şərhi ilə bağlı Qərarlar belə əsas qismində öz əksini tapmamışdır.

Sorğuverən göstərmişdir ki, Konstitusiya Məhkəməsinin istər qanunların şərhi ilə bağlı, istərsə də normativ hüquqi aktların Konstitusiyaya uyğunluğunun yoxlanılması ilə bağlı qərarları eyni qaydada Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Belə ki, Konstitusiya Məhkəməsi qanunvericilik normalarını şərh edərkən Əsas Qanunla bəyan edilmiş təməl prinsip və müddəalardan çıxış edərək onların konstitusion hüquqi mahiyyətini, təyinatını, yerinə yetirdiyi funksiyanı müəyyən edir, normanın məzmununu izah edir və dəqiqləşdirir.

Bu baxımdan Konstitusiya və qanunlara uyğun olmayan hüquq normasının tətbiqi ilə fərdin hüquq və azadlıqları pozulduğu kimi, normanın konstitusion hüquqi mənası və təyinatından kənar, yaxud bunlara zidd şəkildə tətbiqi də Konstitusiya ilə təminat verilmiş hüquq və azadlıqların, təməl prinsip və dəyərlərin pozulmasına səbəb ola bilər. Odur ki, cinayət-prosessual qanunvericilikdə məhkəmə aktlarına Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiya və qanunların şərhi ilə əlaqədar qərarı əsasında hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması da mümkün olmalıdır.

Ombudsman belə qənaətə gəlmişdir ki, Cinayət-Prosessual Məcəllənin 455.0.3-cü maddəsində Konstitusiya Məhkəməsinin Konstitusiya və qanunların şərhi ilə bağlı qərarlarının məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsas kimi nəzərdə tutulmaması hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin təminatı hüququna xələl gətirərək, şəxslərin azadlıq, şəxsi toxunulmazlıq, təqsirsizlik prezumpsiyası və ədalətli məhkəmə araşdırılması hüquqlarını pozduğundan, habelə normativ hüquqi akta qarşı irəli sürülən haqq-ədalət meyarlarına cavab vermədiyindən, Konstitusiyanın yuxarıda göstərilən normalarına uyğun deyildir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir.

Müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi bir sıra beynəlxalq-hüquqi aktlarda, o cümlədən İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7, 8, 10-cu maddələrində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində öz əksini tapmışdır.

Bu hüquq yalnız məhkəməyə müraciət etmək imkanını deyil, pozulmuş hüquq və azadlıqların, qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli müdafiəsini ehtiva edən  ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi isə mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.

Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin vacibliyinə baxmayaraq, ədalətli məhkəmə araşdırılması hüququnun təminatı baxımından əhəmiyyətli hallar olduqda bu prinsiplərdən kənara çıxmaya yol verilir. Çünki istər preyudisiallıq, istərsə də hüquqi müəyyənlik prinsipləri hüququn ali məqsədi olan ədalətliliyin təmini amalına xidmət edir. Bu səbəblə də Konstitusiyanın preambulasında da göstərildiyi kimi hüquqda ən ali dəyər olan insanın azadlığının, təhlükəsizliyinin və mənafeyinin ədalətli təmini konstitusion dövlət qruluşunun başlıca təməli və məqsədidir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” 2022-ci il 31 avqust tarixli Qərarında qeyd etmişdir ki, mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur. Bununla belə qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqətə uyğunluğu prezumpsiyası təkzib edilə də bilər. Çünki onun əlavə kassasiya və ya yeni açılmış hallar üzrə araşdırma qaydasında (məhkəmə prosesinin bu və ya digər formasında müvafiq instansiyaların mövcudluğundan asılı olaraq) ləğv olunması mümkündür.

Məhkəmə müdafiəsi hüququnun təminatından irəli gələrək qanunvericilikdə, o cümlədən Cinayət-Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yenidən baxıla biləcəyi hallar nəzərdə tutulmuşdur. Bu hallardan biri də Cinayət-Prosessual Məcəllənin LIII fəslində tənzimlənən “Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat” ilə bağlıdır.

Bu institut insan hüquq və azadlıqlarının məhkəmə müdafiəsinin zəruri şərti kimi məhkəmə aktlarının ədalətliliyinin təmin edilməsinin müstəsna üsulu kimi çıxış edir.

Cinayət-Prosessual Məcəllənin 455-ci maddələrinə əsasən, məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslara aşağıdakılar aid edilmişdir:

· Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmayan hesab edilməsi;

· İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarının pozulduğunun müəyyən edilməsi;

· Konstitusiya Məhkəməsi tərəfindən məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğun olmayan hesab edilməsi.

Qeyd olunmalıdır ki, Konstitusiyanın 130-cu maddəsinin III, V və VII hissələrinə müvafiq olaraq, Konstitusiya Məhkəməsi səlahiyyətli orqanların sorğusu və şəxslərin şikayətləri əsasında normativ hüquqi aktların Konstitusiyaya, qanunlara və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğunluğunu yoxlayır.

Əsas Qanunun 130-cu maddəsinin IV və VI hissələrinin tələblərinə görə isə Konstitusiya Məhkəməsi səlahiyyətli orqanların sorğusu və məhkəmələrin müraciəti əsasında Konstitusiya və qanunları şərh edir.

Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin qərarları dəfələrlə tətbiq olunmaqla konkret şəxslər üçün deyil, qeyri-məhdud subyektlər dairəsi üçün məcburi xarakter daşıyır.

 Belə ki, Konstitusiyanın 130-cu maddəsinin IX hissəsinə əsasən, Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir.

Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır (“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun)  66.1 və 66.2-ci maddələri).

Habelə “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 63.4-cü maddəsi ilə təsbit edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Cinayət-Prosessual Məcəllənin 10.3-cü maddəsində isə Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsirinin cinayət prosesi iştirakçılarına o halda məcburi olduğu müəyyən edilmişdir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

Qeyd edilməlidir ki, Konstitusiya aliliyinin təminatçısı kimi Konstitusiya Məhkəməsinin mövcud normanın Konstitusiyaya zidd olduğunun müəyyən edildiyi qərarı üzrə məhkəmə qərarlarına yenidən baxılması şəxslərin Əsas Qanunla nəzərdə tutulmuş hüquq və azadlıqlarının, o cümlədən Əsas Qanunun yüksək hüquqi qüvvəsinin təmini baxımından mütləqdir.

Göstərilməlidir ki, normanın Konstitusiyaya uyğunsuzluğu Konstitusiya Məhkəməsinin qərarı ilə sadəcə aşkara çıxarılıb bəyan edilir. Bu halda norma əvvəldən məzmun etibarı ilə Əsas Qanunun bu və ya digər prinsip və müddəalarına zidd olur, lakin məhz ali konstitusiya ədalət mühakiməsi orqanı olaraq Konstitusiya Məhkəməsinin müvafiq qərarı ilə Konstitusiyaya zidd elan edilməklə qüvvədən düşür. Odur ki, bu halda davam edən müvafiq ictimai münasibətlərin yenidən tənzimlənməsi, xüsusən cinayət hüquq sahəsi üzrə belə normanın təsirinə məruz qalmaqda davam edən şəxslərin hüquqi statusuna yenidən baxılması Konstitusiyanın və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) yuxarıda qeyd edilən müddəaları baxımından mütləq olur.

Əsas Qanunun 149-cu maddəsinin III hissəsi ilə müəyyən edilmişdir ki, Qanunlar Konstitusiyaya zidd olmamalıdır.

Bu baxımdan, Cinayət -Prosessual Məcəllənin 455.0.3-cü maddəsində Konstitusiya Məhkəməsi tərəfindən məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın Konstitusiyaya, qanunlara və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğun olmadığı hesab edilməsi məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslardan biri olaraq göstərilmişdir ki, bu da Konstitusiya Məhkəməsinin Qərarının qəbulundan əvvəl yaranan hüquq münasibətlərinin həmin Qərar əsasında yenidən tənzimlənməsinin mümkünlüyünü ifadə edir.

Belə bir tələb və tənzimetmə ümumi konstitusion göstərişlərlə yanaşı, həm də Konstitusiyanın 80-ci maddəsindən irəli gələn hüquqi zərurətdir.

Həmin norma ilə Konstitusiyanın və qanunların pozulmasının, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsinin qanunla müəyyən edilən məsuliyyətə səbəb olduğu təsbit edilmişdir.

Konstitusiyanın 80-ci maddəsində öz əksini tapan “qanunla müəyyən edilən” müddəası, eləcə də cinayət hüququnda başlıca prinsip olan “nullum crimen sine lege” (“qanun olmadan cinayət yoxdur”) prinsipi cinayət əməlinin yalnız “qanun”da formal olaraq öz əksini tapmalı olmasını deyil, cinayət əməlinin öz əksini tapdığı qanunun yaxud onun müvafiq müddəasının Konstitusiyaya və hüququn ümumi prinsiplərinə, təməl müddəalarına uyğunluq da daxil olmaqla, bütövlükdə “qanunilik” keyfiyyətlərinə cavab verməsini tələb edir.

Beləliklə, normanın Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsi halında belə uyğunsuzluq bu barədə Konstitusiya Məhkəməsinin qərar verdiyi andan deyil, belə uyğunsuzluğun həmin normanın qəbul edildiyi və tətbiq edildiyi bütün müddət ərzində mövcud olduğu, yəni bu normanın əvvəldən qeyri-qanuni olduğu anlamına gəlir.

Odur ki, hər hansı şəxs sonradan Konstitusiyaya zidd hesab olunmuş qanunvericilik normasına əsasən məhkum olunmuşdursa, bu, dövlətin onu hüquqi əsası olmayan bir qanuna görə cəzalandırması deməkdir və şəxsin məhkumluğunun qanunsuz əsaslarla yarandığına dəlalət edir.

Nəzərə alınmalıdır ki, cinayət əməlinə görə tətbiq edilən cəza dövlətin insan hüquqlarına ən sərt təsir formalarından biri olmaqla, fundamental hüquqlara (azadlıq və s.) müdaxilə ilə nəticələnə bilir.

Bu baxımdan qeyri-konstitusion hüquq normasına əsaslanmaqla şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması azadlıq, təqsirsizlik prezumpsiyası, ədalətli məhkəmə araşdırması və qanunsuz cəzalandırılmamaq kimi əsas hüquqların pozulması ilə nəticələnir.

Belə müdaxilənin aradan qaldırılması isə işə yenidən baxılması yolu ilə mümkündür ki, bu da hər hansı şəxsin hüquqlarına müdaxiləyə, qanuni gözləntilərinin pozulmasına səbəb olmur və dövlət və ictimai maraqların zədələnməsi ilə nəticələnmir.

Beləliklə, cinayət işlərində Konstitusiya Məhkəməsinin Qərarının işə təkrarən baxılması üçün əsas təşkil etməsi insan hüquqlarının müdafiəsinə, Konstitusiyanın 60, 71, 80 və 127-ci maddələri ilə bəyan edilən hüquq və prinsiplərin təminatına xidmət edir.

Əksinə, belə hüquq normasına əsaslanmaqla qəbul edilmiş məhkəmə qərarına yenidən baxma imkanının əsassız məhdudlaşdırılması Konstitusiya dəyərlərinin qorunmasından və  konstitusiya ilə təsbit olunmuş hüquq və azadlıqların müdafiəsindən imtina ilə nəticələnərdi.

Konstitusiya Məhkəməsinin Konstitusiya və qanunların şərhi ilə bağlı qərarları ilə əlaqədar qeyd olunmalıdır ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən normativ hüquqi aktın rəsmi şərh edilməsi üçün əsaslar onun məzmununda qeyri-müəyyənliklərin və fərqlərin, habelə tətbiqi təcrübəsində ziddiyyətlərin aşkar edilməsidir.

Normativ hüquqi akt şərh edildikdə onun normalarının məzmunu izah edilir və dəqiqləşdirilir, onların qanunvericilikdə yeri, habelə ictimai münasibətlərin eyni növünün müxtəlif aspektlərini tənzimləyən digər normalar ilə funksional və başqa əlaqələri müəyyən edilir (90.1 və 90.2-ci maddələr).

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında da bildirmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya-hüquqi mənasına uyğun tətbiq olunmalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərar).                           

Normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız Konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirilməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərar).

Qeyd olunması zəruridir ki, Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiya və qanun normaları şərh edilərkən Əsas Qanunun müddəaları, onunla təminat altına alınan dəyərlər, hüququn hamılıqla qəbul edilmiş ümumi prinsipləri rəhbər tutulmaqla həmin normanın konstitusiya-hüquqi təyinatı, qanunvericilik sistemindəki yeri və digər normalarla qarşılıqlı əlaqədə yerinə yetirdiyi funksiya araşdırılaraq müəyyən edilir. Bu, normanın konstitusiya-hüquqi mahiyyətinin və həqiqi məzmununun müəyyən olunmasına, məzmunundakı mümkün ola biləcək qeyri-müəyyənliklərin, o cümlədən boşluqların aşkara çıxarılması və aradan qaldırılmasına, bununla da tətbiqi təcrübəsindəki ziddiyyətlərə son qoyulmasına xidmət etməklə, hüquq tətbiqedən orqanların fəaliyyətində qanunçuluq və hüquqi dövlət prinsiplərinin gözlənilməsinə imkan yaradır.

Konstitusiyanın 149-cu maddəsinin I hissəsi ilə də normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğu bəyan edilmişdir.

Konstitusiya Məhkəməsinin istənilən qərarı ümumməcburi xarakter daşımaqla birbaşa hüquqi qüvvəyə malik olduğundan, Konstitusiya Məhkəməsi tərəfindən Konstitusiyanın müəyyən etdiyi əsas meyar və dəyərlərdən çıxış edərək qanunvericilik normalarının şərhi nəticəsində müəyyən edilmiş məzmundan, yəni hansı qaydada başa düşülüb tətbiq edilməli olmasına dair hüquqi mövqelərdən kənara çıxma istisna edilir.

Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur və bu hüquqi mövqelər bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından, yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquqi tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Xəlilov və Ə.İbrahimovun şikayəti üzrə 2016-cı il 13 iyul tarixli Qərarı).

Nəzərə alınmalıdır ki, şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və cəzalandırılmasına əsas verən hüquq normalarının da Konstitusiya Məhkəməsi tərəfindən şərhi vasitəsilə belə normaların konstitusion-hüquqi mahiyyəti və məzmunu müəyyən edilərək tətbiqi ilə bağlı vahid hüquqi mövqe formalaşdırılır.  

Bu isə həmin normaların Konstitusiya və qanunların tələblərinə uyğun gəlməyən məzmunda təfsiri və tətbiqi nəticəsində məhkum olunmuş şəxslərin hüquq və azadlıqlarına birbaşa təsir göstərir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, şəxsin  hüquq normasının Konstitusiyaya zidd şəkildə təfsiri nəticəsində məhkum olunması, onu Konstitusiyaya zidd norma əsasında məhkum olunmuş şəxslə oxşar hüquqi vəziyyətə salır və qanunsuz cəzalanmaqdan müdafiə, eləcə də ədalətli məhkəmə araşdırılması hüquqlarının pozulmasına gətirib çıxarır.

Halbuki Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

Habelə Əsas Qanunun 127-ci maddəsinin IV hissəsinə görə ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.

İnsan hüquqları üzrə Müvəkkilin hazırkı sorğusuna əlavə edilmiş sənədlərdə, habelə sorğu üzrə daxil olmuş rəylərdə şəxslərin müvafiq normanın məhkəmələr tərəfindən Konstitusiyaya zidd təfsiri səbəbindən yaranmış hüquqi vəziyyətlərinin aradan qaldırılması, həmin qərarlara Konstitusiya Məhkəməsi Plenumunun Qərarı əsasında yenidən baxılması zərurətinin yarandığı qeyd edilmişdir. Məsələn, sorğuya əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin “Qeyd” hissəsinin əlaqəli şəkildə şərh edilməsi haqqında” 2022-ci il 14 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərin tətbiq edilərək şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312.1 və 32.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilməsi və cəzasının yüngülləşdirilməsinə dair ərizə ilə birinci instansiya məhkəməsinə (Bakı şəhəri Xəzər Rayon Məhkəməsi) müraciət edilsə də, ərizə baxılmadan geri qaytarılmışdır.

Oxşar vəziyyətin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.4.2-ci maddəsinin həmin Məcəllənin 8.0.3, 8.0.4 və 48.1-ci maddələri və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-ci maddəsi ilə əlaqəli şərh edilməsinə dair” 2023-cü il 8 may tarixli Qərarı üzrə də yaranması mümkündür.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu kateqoriyadan olan şəxslərə barələrində qəbul edilmiş məhkəmə aktlarına yenidən baxılması üçün müraciət hüququnun tanınması Konstitusiyanın 127-ci maddəsinin ədalət mühakiməsinin vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilməsinə dair IV hissəsinin, 149-cu maddəsinin normativ hüquqi aktların bərabər mənafelərə bərabər münasibətə əsaslanmalı olması ilə bağlı I hissəsinin tələbləri, eləcə də 28-ci maddəsi ilə bəyan edilən azadlıq hüququnun və 60-cı maddəsi ilə müəyyən edilən məhkəmə müdafiəsi hüququnun təminatı baxımından məqsədəmüvafiq olardı.

Bu isə yalnız qanunvericiliyə müvafiq əlavə və dəyişikliklərin edilməsi vasitəsilə mümkündür. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndinə görə məhkəmə icraatı ilə bağlı məsələlərə dair ümumi qaydaların müəyyənləşdirilməsi Azərbaycan Respublikası Milli Məclisinin müstəsna səlahiyyətindədir. 

Qeyd edilməlidir ki, xarici ölkələrin təcrübəsində bu məsələnin qanunvericiliklə tənzimləndiyi hallar mövcuddur.

Məsələn, Rusiya Federasiyası Cinayət-Prosessual Məcəlləsinin 413-cü maddəsinin 4-cü bəndinə əsasən normativ aktın və ya onun ayrı-ayrı müddəalarının Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin verdiyi şərhə əsasən Konstitusiyaya uyğun olması, lakin hökm, qərar və ya məhkəmə qərarında ifadə olunan şərhin bu şərhlə ziddiyyət təşkil etməsi halı bilavasitə Konstitusiya Məhkəməsinə müraciət etmiş şəxslər üçün, həmçinin "Rusiya Federasiyası Konstitusiya Məhkəməsi haqqında" Federal Konstitusiya Qanunu ilə nəzərdə tutulmuş hallarda isə başqa şəxslər üçün də qanuni qüvvəyə minmiş hökm və məhkəmə qərarına yenidən baxılması üçün yeni hal qismində çıxış edir.

“Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsi haqqında” Konstitusiya Qanununun 63-cü maddəsinin 4-cü bəndinə görə, əgər qanun və ya digər hüquqi akt, yaxud onların ayrı-ayrı müddəaları Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən verilmiş şərh hüdudlarında Konstitusiyaya uyğun hesab edilirsə, onların tətbiqi zamanı hər hansı digər şərhə yol verilmir və belə qərarın hüquqi nəticələri qanunlar və digər hüquqi aktların Konstitusiyaya zidd hesab edilməsinin hüquqi nəticələri ilə eynilik təşkil edir (əgər Konstitusiya Məhkəməsi başqa cür müəyyən etməyibsə).

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Qanunçuluq prinsipinin tələblərindən, məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gələrək və  bu Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən Cinayət-Prosessual Məcəllənin 455.0.3-cü maddəsi Konstitusiyanın 60-cı maddəsinin I hissəsi, 71-ci maddəsinin I, II, VI və X hissələri, 127-ci maddəsinin IV hissəsi, və 130-cu maddəsinin IX hissəsi ilə ziddiyyət təşkil etmir;

-  Konstitusiyanın 80-ci maddəsinin və 149-cu maddəsinin I hissəsinin tələbləri baxımından, habelə 28 və 60-cı maddələri ilə nəzərdə tutulan azadlıq və ədalətli məhkəmə araşdırması hüquqlarının təmin olunması məqsədilə Konstitusiya Məhkəməsi Plenumunun cinayət qanununun, məhkum olunmuş şəxsin hüquqi vəziyyətinin yaxşılaşmasına səbəb olan  şərhi ilə bağlı Qərarının məhkəmə aktlarına yenidən baxılması üçün xüsusi əsas kimi müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65–67 və 69-cu maddələrini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 41-1-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Qanunçuluq prinsipinin tələblərindən, məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 455.0.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi, 71-ci maddəsinin I, II, VI və X hissələri, 127-ci maddəsinin IV hissəsi, 130-cu maddəsinin IX hissəsi ilə ziddiyyət təşkil etmir.

2. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinin və 149-cu maddəsinin I hissəsinin tələbləri baxımından, habelə 28 və 60-cı maddələri ilə nəzərdə tutulan azadlıq və ədalətli məhkəmə araşdırması hüquqlarının təmin olunması məqsədilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun cinayət qanununun, məhkum olunmuş şəxsin hüquqi vəziyyətinin yaxşılaşmasına səbəb olan şərhi ilə bağlı Qərarının məhkəmə aktlarına yenidən baxılması üçün xüsusi əsas kimi müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                                  Fərhad Abdullayev

 

 

 





 

 

 

 

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 455.0.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I, II, VI və X hissələrinə, 127-ci maddəsinin IV hissəsinə və 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2026-cı il 10 mart tarixli Qərarı ilə bağlı hakimlər Rauf Quliyev, Otari Qvaladze və Fərhad Tutayukun

 

 

X Ü S U S İ   R Ə Y İ

 

 

10 mart 2026-cı il                                                                            Bakı şəhəri

 

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 455.0.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə, 71-ci maddəsinin I, II, VIII və X hissələrinə, 127-ci maddəsinin II və IV hissələrinə, 130-cu maddəsinin IX hissəsinə və 149-cu maddəsinin I, III və VII hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələ ilə əlaqədar qərara gəlmişdir ki:

1. Qanunçuluq prinsipinin tələblərindən, məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gələrək və Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən Cinayət-Prosessual Məcəllənin 455.0.3-cü maddəsi Konstitusiyanın 60-cı maddəsinin I hissəsi, 71-ci maddəsinin I, II, VI və X hissələri, 127-ci maddəsinin IV hissəsi, 130-cu maddəsinin IX hissəsi ilə ziddiyyət təşkil etmir;

2. Konstitusiyanın 80-ci maddəsinin və 149-cu maddəsinin I hissəsinin tələbləri baxımından, habelə 28 və 60-cı maddələri ilə nəzərdə tutulan azadlıq və ədalətli məhkəmə araşdırması hüquqlarının təmin olunması məqsədilə Konstitusiya Məhkəməsi Plenumunun cinayət qanununun məhkum olunmuş şəxsin hüquqi vəziyyətinin yaxşılaşmasına səbəb olan şərhi ilə bağlı Qərarının məhkəmə aktlarına yenidən baxılması üçün xüsusi əsas kimi müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qərarın nəticə hissəsinin birinci bəndi ilə razılaşaraq, nəticə hissəsinin ikinci bəndi və onunla əlaqəli təsviri-əsaslandırıcı hissəsi ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edirik.

Sorğu verilən normanın – Cinayət-Prosessual Məcəllənin 455-ci maddəsinin müddəalarına əsasən, məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsaslar aşağıdakılardır:

1)  Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Konstitusiya və qanunlara uyğun olmadığı hesab edilməsi;

2)  İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarının pozulduğu müəyyən edilməsi;

3)  Konstitusiya Məhkəməsi tərəfindən məhkəmənin tətbiq etdiyi normativ hüquqi aktın Konstitusiyaya, qanunlarına və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğun olmadığı hesab edilməsi.

Göründüyü kimi, Cinayət-Prosessual Məcəllənin 455-ci maddəsində məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün əsasların iki növü təsbit edilmişdir:

1)    konkret məhkəmə aktları ilə bağlı olan əsaslar (455.0.1 və 455.0.2-ci maddələr);

2)    normativ hüquqi aktla bağlı olan əsas (455.0.3-cü maddə).

Məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması üçün Cinayət-Prosessual Məcəllənin 455.0.1-ci maddəsində nəzərdə tutulan əsasın tətbiq sahəsi geniş deyil, konkret məhkəmə aktlarına şamil olunur və Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində əks olunan Konstitusiya Məhkəməsinin səlahiyyətindən irəli gəlir.

Cinayət-Prosessual Məcəllənin 455.0.3-cü maddəsində nəzərdə tutulan əsas isə normativ hüquqi aktın Konstitusiyaya, qanunlara və müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş normativ hüquqi aktlara uyğunsuzluğu ilə bağlı olduğu üçün qeyri-müəyyən sayda məhkəmə aktlarına şamil olunsa da, bu əsasla işlərə yenidən baxılması Konstitusiya Məhkəməsinin konkret hüquq normasını qüvvədən düşmüş hesab edən qərarından irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquq normasını qüvvədən düşmüş hesab edən qərarının hüquqi nəticəsi normayaratma orqanı tərəfindən normanın ləğv edilməsinin hüquqi nəticəsi ilə oxşardır. Normanı ləğv edən normativ hüquqi aktın geriyə şamil olunması məsələləri isə Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir. Belə ki, Konstitusiyanın həmin müddəasına uyğun olaraq fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu konstitusion prinsipdən irəli gələn oxşar müddəalar “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 87.2-ci maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.3-cü maddəsində və Cinayət-Prosessual Məcəllənin 4.2-ci maddəsində də təsbit edilmişdir.

Konstitusiyaya və qanunlara uyğunsuzluq nəticəsində hər hansı hüquq norması hüquqi qüvvəsini itirirsə, onların şərh nəticəsində belə hal baş vermir.

Bu baxımdan, qanunverici Konstitusiya Məhkəməsinin normanı qüvvədən düşmüş hesab edən qərarlarının və normanı şərh edən qərarlarının qüvvəsinin geriyə şamil edilməsi məsələsində fərqli yanaşma nümayiş etdirmişdir. 

Bunun davamı olaraq qeyd etmək istərdik ki, Konstitusiyanın və qanunların şərhi nəticəsində hüquq norması yeni hüquqi istiqamət əldə etsə də müəyyən tarixi mərhələdən sonra onun inkişaf vektorunun müasir hüquqi düşüncə çərçivəsində yenidən müəyyən edilməsi istisna edilmir.

“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun Konstitusiya Məhkəməsi qərarlarının hüquqi qüvvəsi məsələlərini tənzimləyən 66-cı və 67-ci maddələrində də Konstitusiyanın və qanunların şərhi ilə bağlı qərarların qüvvəsinin geriyə şamil edilməsini ehtiva edən norma nəzərdə tutulmamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipinin qorunmalı olduğu bildirilir. Bu prinsipdən hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında kənara çıxma mümkün olsa da, xüsusi icraat növü olan bu araşdırma çərçivəsində işlərə yenidən baxılması üçün halların dairəsi qüvvəyə minmiş çoxsaylı məhkəmə qərarlarına yenidən baxılması üçün şərait yaratmamalıdır. Əks halda qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipi pozulmaqla hüquqi qeyri-müəyyənlik (yəni hüquqtətbiqetmə təcrübəsi dəyişdikcə əvvəl baxılmış işləri geniş təftiş etmək imkanı) yaranacaqdır.

Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir və belə aktların qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” (artıq həll olunmuş iş) prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq, onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır (Konstitusiya Məhkəməsi Plenumunun “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2007-ci il 13 fevral tarixli Qərarı).

Qeyd edilənləri nəzərə alaraq və hüquqi müəyyənlik prinsipinin elementi olan məhkəmə aktlarının sabitliyi prinsipini rəhbər tutaraq hesab edirik ki, Konstitusiya Məhkəməsi Plenumunun şərhlə bağlı qərarları onlar qüvvəyə mindikdən sonra yaranan hüquq münasibətlərinə, həmçinin həmin qərarlar qüvvəyə mindiyi vaxt məhkəməyədək icraatda olan, habelə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılan işlərə şamil edilə bilər.

 

 

 

 

Rauf Quliyev                              Otari Qvaladze                                   Fərhad Tutayuk