AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
QƏRARI
R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair
26 sentyabr 2007-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən),
B.Qəribov, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim), İ.Nəcəfov, S.Salmanova və
Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə
katibi V.Zeynalovun,
ərizəçi
R.Ağalarovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq
olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında R.Ağalarovun
şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə
məhkəmə kollegiyasının 31.03. 2006-cı il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair konstitusiya işinə baxdı.
Cavabverənin
– Azərbaycan Respublikası Ali Məhkəməsinin nümayəndəsi iclasa gəlmədiyindən
konstitusiya işinə onun iştirakı olmadan baxılmışdır.
İş
üzrə hakim E.Məmmədovun məruzəsini, ərizəçi R.A.Ağalarovun çıxışını dinləyib,
işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Mülki
işin materiallarından görünür ki, R.Ağalarov 25.03.2005-ci il tarixdə Bakı
şəhəri Binəqədi rayon məhkəməsində E.Ağalarovaya (Zeynalovaya) qarşı
kompensasiya ödənilməklə Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, A.Hüseynov
küçəsi, 8 saylı evin, 25 saylı mənzilindən istifadə hüququna xitam verilməsi və
mənzildən çıxarılması barədə iddia qaldırmışdır.
İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil anasının
vəfatından sonra 13.06.1997-ci ildən vərəsəlik əsasında iddiaçının xüsusi
mülkiyyətindədir. 03.07.1999-cu ildə onun oğlu – Emil Ağalarov və Elnarə
Zeynalova arasında rəsmi nikah bağlanmış və gəlin qayınatası evinə gəlmiş,
02.10.2000-ci ildə onların bir uşağı doğulmuş, 03.11.2003-cü ildə isə bu nikah
məhkəmə qaydasında pozulmuşdur. Uşaq anadan olduqdan sonra gəlin atası evinə
getmişdir və bu günə kimi orada yaşayır. Azərbaycan Respublikası Apellyasiya
Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra –
Apellyasiya Məhkəməsinin MİÜMK) 23.12.2004-cü il tarixli qətnaməsinə əsasən
E.Ağalarovanın (Zeynalovanın) mübahisəli mənzildən istifadə hüququ tanınmış və
o bu mənzil üzrə qeydiyyata götürülmüşdür. Tərəflərin gərgin münasibətləri
onların bir mənzildə yaşamasını mümkünsüz etmişdir. R.Ağalarov mənzilini satmaq
məqsədilə mənzildən və qeydiyyatdan çıxması üçün E.Ağalarovaya (Zeynalovaya)
kompensasiya təklif etsə də, o bundan imtina etmişdir.
İddia tələblərinə dair cavabdehin mülahizəsində
göstərilmişdir ki, onun və azyaşlı uşağının mübahisəli mənzildən istifadə
hüququna xitam verilməsi üçün bazar qiymətinə uyğun elə bir kompensasiya
müəyyən edilməlidir ki, ona Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində
və ya Binəqədi rayonunun 6, 7 və ya 8-ci mikrorayonlarında və yaxud digər yaxın
ərazidə birotaqlı orta təmirli, qənaətbəxş kommunal şəraitli olan mənzil
alınması və azyaşlı uşaqla yaşaması mümkün olsun. Əks halda cavabdeh iddianın
rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Binəqədi rayon məhkəməsi özünün 28.04.2005-ci il tarixli
qərardadı ilə mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmişdir.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Azərbaycan Elmi-Tədqiqat Məhkəmə
Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun
09.06.2005-ci il tarixli ekspertiza rəyinə əsasən ekspertiza keçirildiyi günə
mübahisəli mənzilin bazar qiyməti ilə ümumi dəyəri təqribən 218.124.000 (iki
yüz on səkkiz milyon yüz iyirmi dörd min) manat məbləğində
müəyyənləşdirilmişdir.
Bundan sonra R.Ağalarovun iddia ərizəsi üzrə məhkəmə baxışı
keçirilmiş və Binəqədi rayon məhkəməsinin 05.08.2005-ci il tarixli qətnaməsinə
əsasən iddia rədd olunmuşdur.
Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət
verərək hesab etmişdir ki, cavabdeh iddiaçının oğlu ilə rəsmi nikah
münasibətinə 03.07.1999-cu ildə girərək mübahisəli mənzilə köçdüyündən,
tərəflər arasındakı hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dək olan dövrdə
yaranmışdır. Ona görə də mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin
(bundan sonra – Mənzil Məcəlləsi) 123-cü maddəsinin qaydalarına uyğun həll
edilməli olduğundan və həmin maddədə kompensasiya verilməklə istifadə hüququna
xitam verilməsi nəzərdə tutulmadığından iddia rədd edilməlidir.
Apellyasiya Məhkəməsi MİÜMK-nın 09.11.2005-ci il tarixli
qətnaməsinə əsasən R.Ağalarovun apellyasiya şikayəti təmin olunmamış, Binəqədi
rayon məhkəməsinin 05.08.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə
kollegiyası (bundan sonra – Ali Məhkəmənin MİÜMK) 31.03.2006-cı il tarixli
qərarı ilə R.Ağalarovun kassasiya şikayətini təmin etməmiş, Apellyasiya
Məhkəməsi MİÜMK-nın qətnaməsini isə qüvvədə saxlamışdır.
R.Ağalarov
tərəfindən əlavə kassasiya qaydasında verilmiş şikayətə Ali Məhkəmə sədrinin
28.09.2006-cı il tarixli məktubu ilə verilmiş cavabda bildirilmişdir ki,
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM)
424-cü maddəsinin tələblərinə riayət edilmədiyinə görə şikayət Ali Məhkəmənin
Plenumunun baxışına çıxarılmadan saxlanılmışdır.
R.Ağalarov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək, ümumi məhkəmələr tərəfindən
mövcud qanunvericiliyin müddəalarının düzgün tətbiq olunmadığını, məhkəmə
aktlarının onun mülkiyyət və məhkəmə müdafiə hüquqlarını pozmaqla çıxarıldığını
bildirmiş və həmin məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra – Konstitusiya) 13, 29, 60 və 71-ci maddələrinin, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.2-ci maddəsinin
tələblərinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab olunmasını xahiş
etmişdir.
Ərizəçinin
qənaətinə görə ümumi yurisdiksiyalı məhkəmələr Konstitusiya Məhkəməsinin
«Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil
Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair»
27.07.2001-ci il tarixli qərarına düzgün istinad etməmiş, mübahisəni həll etmək
əvəzinə qanunun qüsurlu olması səbəbindən pozuntulara adekvat reaksiya
verməmiş, mübahisəni açıq və həll edilməmiş saxlamışlar. O, məhkəmələrin mənzil
qanunvericiliyində kompensasiya institutu nəzərdə tutulmadığından iddianın rədd
edilməsini özünün mülkiyyət və məhkəmə müdafiə hüquqlarının pozulması kimi
qiymətləndirməklə hesab edir ki, mülkiyyətçi kimi məhkəməyə müraciət etsə də,
qaneedici cavab ala bilməmişdir. Ərizəçi hesab edir ki, cavabdeh atasının
evində daimi yaşamaqda davam etsə də, onun mənzilində formal olaraq pasport
qeydiyyatında olduğu üçün, o, heç zaman öz mənzili üzərində sərəncam hüququnu
həyata keçirə bilməyəcək və bununla da, mülkiyyət hüququndan ömürlük məhrum
olunacaq.
Konstitusiya
Məhkəməsinin Plenumu R.Ağalarovun şikayəti ilə bağlı aşağıdakıların qeyd
olunmasını zəruri hesab edir.
R.Ağalarov və E.Ağalarova (Zeynalova) arasında məhkəmə mübahisəsi 2005-ci
ildə yaranmış və bu zaman tərəflərin münasibətlərini tənzimləyən iki hüquq
mənbəyi mövcud olmuşdur.
Belə
ki, Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış evi
mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi
zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər
istifadə etmək ixtiyarına malikdirlər (bu maddənin ikinci hissəsində həmin
ixtiyar hüquq kimi göstərilir).
Mülki
Məcəllənin 228.2-ci maddəsində isə göstərilir ki, yaşayış binasının tərkib
hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və
xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı
razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə
hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin
məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya
verilməsi yolu ilə xitam verilə bilər.
Binəqədi
rayon məhkəməsi R.Ağalarovun E.Ağalarovaya (Zeynalovaya) qarşı kompensasiya
ödənilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən
çıxarılması barədə iddiasına dair mülki iş üzrə qətnamə qəbul edərkən belə
nəticəyə gəlmişdir ki, Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının
Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin
birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına
uyğun olaraq mübahisə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydaları üzrə həll
edilməli və həmin maddədə Mülki Məcəllənin 228-ci maddəsindən fərqli olaraq
kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi nəzərdə
tutulmadığından iddia rədd edilməlidir.
Qeyd
olunmalıdır ki, Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarı Ali
Məhkəmənin sorğusu əsasında qəbul olunmuşdur. Buna səbəb yaşayış sahəsindən
istifadə etmək və yaşayış binasının tərkib hissəsindən istifadə hüquqlarının
müvafiq olaraq Mənzil Məcəlləsində və Mülki Məcəllədə müxtəlif tənzimlənməsi, o
cümlədən onların əmələ gəlməsi və həyata keçirilməsində olan fərqlər, təcrübədə
həmin qanunvericilik aktlarının tətbiqində yaranmış mübahisələr olmuşdur.
Konstitusiya Məhkəməsi qanunun zamana görə qüvvəsini nəzərə alaraq qərara
gəlmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri
ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin
qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı
mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll
edilməlidir.
R.Ağalarov
və E.Ağalarova (Zeynalova) arasında mübahisənin həlli zamanı isə ümumi
yurisdiksiyalı məhkəmələrin diqqətindən yayınmışdır ki, 27.07.2001-ci il
tarixli qərarda Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə bağlı Konstitusiya
Məhkəməsinin həmçinin aşağıdakı hüquqi mövqeyi də əks olunmuşdur: «Lakin bu
maddə həmin şəxslər arasında razılaşmanın formasını və reallaşmasının
şərtlərini müəyyən etməməklə, məsələni tərəflərin öhdəsinə buraxmış, yaşayış
sahəsindən istifadə qaydası və xərclərdə iştirakın məbləği haqqında əmələ gələn
mübahisələrin məhkəmə yolu ilə həllini müəyyənləşdirmişdir».
Bununla
bağlı göstərilməlidir ki, yaşayış sahəsindən istifadəyə xitam verilməsi
məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən
biridir. Bundan başqa nəzərə alınmalıdır ki, R.Ağalarov və E.Ağalarova
(Zeynalova) arasında yaranmış məhkəmə mübahisəsi, keçmiş gəlinin qayınatasına
məxsus yaşayış sahəsindən istifadəsinə xitam verilməsi ilə əlaqədar tərəflərin
razılığa gəlməməsindən və sonuncunun məhkəməyə müraciət etməsindən irəli
gəlmişdir. Belə mübahisələrin məhkəmə yolu ilə həlli isə Konstitusiya
Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə
tam uyğundur.
Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı
halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o
cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız
yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər
arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış
sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata
keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin
müddəaları nəzərə alınmalıdır.
İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış
sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır.
Maddi
nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının
ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, beynəlxalq hüquq
aktlarında (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1
saylı) protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında
(29-cu maddə) isə nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm
yer tutur.
Mülkiyyətçinin
iradəsi nəzərə alınmadan yaşayış sahəsindən istifadə etmək hüququ hələ
08.07.1982-ci il tarixdə qəbul olunmuş Mənzil Məcəlləsində öz əksini tapmışdır.
O dövrdə Azərbaycan Respublikası keçmiş SSRİ-nin tərkibində ittifaq
respublikası idi, onun qanunvericiliyi sovet qanunvericiliyinin bir hissəsi
kimi çıxış edirdi və üstünlüyü dövlət mülkiyyətinin müdafiəsinə yönəltmişdi.
Öz
müstəqilliyini elan etmiş, hüquqi və demokratik dövlət quruculuğuna başlamış
Azərbaycan Respublikasında dövlət tərəfindən mülkiyyət hüququna münasibət
tamamilə dəyişmişdir. Konstitusiyanın 13 və 29-cu maddələrində mülkiyyətin
toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə
olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin
əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək
hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur.
Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin
hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka
faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı
olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını
öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik
çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan
mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində
üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz
mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
Mülkiyyət hüququnun ümumi müddəaları, sahiblik hüququ, mülkiyyət
hüququnun əldə edilməsinə, həyata keçirilməsinə, məhdudlaşdırılmasına və
itirilməsinə, habelə bu hüququn növlərinə dair müddəalar Mülki Məcəllədə
tənzimlənir. Mülkiyyət hüququnun mühafizəsinə yönəldilmiş müddəalar isə Mülki
Məcəllədə, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və bir sıra
digər qanunlarda nəzərdə tutulur.
Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi
əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə
mümkündür. Belə əqdlərin, o cümlədən daşınmaz əmlakın alğı-satqısının tam,
ardıcıl və konkret normalar üzrə tənzimlənməsinin məhz Mülki Məcəllədə nəzərdə
tutulması diqqətdən yayınmamalıdır.
Adətən,
mənzildə, evdə və s. müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış
sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış
edir. Mənzil hüququ beynəlxalq hüquqda faktiki olaraq tanınmasa da, bu
Azərbaycan Respublikasının qanunvericiliyində uzun müddətdir ki, tanınmış
hüquqdur.
Lakin o da qeyd olunmalıdır ki, mənzil hüququnu əks etdirən
Konstitusiyanın 43-cü maddəsinin I hissəsi onu neqativ formada ifadə edir (heç
kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz). Bu maddənin II hissəsi
isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti orqanlarını
istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac
versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər
görsün.
Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada
(növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə
dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən
razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya
əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama,
lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Hər bir halda
mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və
mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət
olunması tələb olunur.
Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsi yaşayış evi
mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvlərinin evdə yaşayış
sahəsindən onunla bərabər istifadə etmək hüquqlarını onların köçməsi zamanı
başqa qeyd-şərt göstərilməməsi halından asılı edir. Lakin bu maddədə həmin
istifadənin qaydası, o cümlədən onun hansı şərtlər və hüdudlar daxilində həyata
keçirilməsi müəyyən olunmamışdır.
Eyni zamanda bu maddə və ümumiyyətlə, Mənzil Məcəlləsi hər hansı bir
şəxsə başqasına məxsus olan yaşayış sahəsindən istifadə edərkən həmin yaşayış
sahəsinin mülkiyyətçisinin öz əmlakına sərəncam vermək hüququnu məhdudlaşdırmaq
səlahiyyəti verən müddəanı nəzərdə tutmur.
Mənzil Məcəlləsi müddəalarının mülkiyyət hüququnun ziddinə təfsir
olunması Konstitusiyanın 13 (mülkiyyətin toxunulmazlığı), 29 (mülkiyyət
hüququ), 71 (insan və vətəndaş hüquq və azadlıqlarının təminatı), 147
(Konstitusiyanın birbaşa hüquqi qüvvəsi), 149-cu (qanunların Konstitusiyaya
zidd olmasının yolverilməzliyi) maddələrinin, habelə Konstitusiyanın keçid
müddəalarının 8-ci bəndinin (Konstitusiyadan əvvəl qəbul olunmuş qanunların
Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlaması) müddəaları ilə
uyğunsuzluq təşkil edə bilər.
Xüsusilə qeyd olunmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin IV
hissəsi mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir.
Birinci təminata görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən
məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı
olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa
məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin
ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur.
İkinci
təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar
üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək
şərtilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması
ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli
gəlir. Həmin normaları tətbiq edən beynəlxalq hüquq qurumları öz qərarlarında
mülkiyyət hüququnun tərkib hissələrinin əsas elementlərinin əhəmiyyətinə xüsusi
diqqət yetirirlər.
Belə
ki, Avropa İnsan hüquqları Məhkəməsi Marks Belçikaya qarşı 13.07.1979-cu il
tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət
hüququnun adi və əsasını təşkil edən aspektidir.
Azərbaycan
Respublikasında isə mülkiyyət və yaşayış sahəsindən istifadə etmək hüquqlarının
həyata keçirilməsi ilə bağlı yaranmış mübahisələrin həlli zamanı həm beynəlxalq
hüquq normaları, həm də milli qanunvericiliyin müddəaları nəzərə alınmalıdır.
Həmçinin
qeyd olunmalıdır ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən
mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa
şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər
tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya
verilməklə xitamını da istisna etmir. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış
sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi
mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Belə iradə ifadəsi olmadığı
bir halda, yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya
verilməsi məsələsinin həllinin istifadəçinin və ya məhkəmənin mülahizəsinə
buraxılması təcrübədə müxtəlif yanaşmalara səbəb ola bilər.
Bununla
əlaqədar, Konstitusiya Məhkəməsi Plenumunun mövqeyi ondan ibarətdir ki,
mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər
iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin
olunmalıdır. Lakin Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə, bu
Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya
verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda
mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində
saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya
bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə
məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması
vacibdir.
2000-ci
il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış
binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında
razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən
bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin
mümkünlüyünü əks etdirir.
27.07.2001-ci
il tarixli qərarında olduğu kimi Konstitusiya Məhkəməsi təkrarən təsdiq edir
ki, Mülki Məcəllənin 228.2-ci maddəsindən irəli gələn tələblərin mahiyyəti
ondan ibarətdir ki, o, ailə üzvlərinin və digər şəxslərin mənzildən istifadə
etmək və mülkiyyət hüquqlarının qanuni baxımdan hərtərəfli həllinə təminat
verir. Bu qərara görə həmçinin Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində
nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ
gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı şəxsin mülkiyyətində olan və
daşınmaz əmlak sayılan bütün yaşayış evlərinə həmin Məcəllənin 135, 139, 140,
141 və 144-cü maddələrinin müddəalarına əsasən şamil edilməlidir.
Lakin
Mülki Məcəllənin 228.2-ci maddəsində öz əksini tapmış «yaşayış binasının
tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma
olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar
qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər»
normasının onun qəbulundan əvvəl yaranmış münasibətlərlə bağlı mübahisələrin
həllində tətbiqinin mümkünlüyünü dəqiqləşdirmək üçün bir neçə məqama xüsusi
diqqət yetirilməlidir.
Mülki
Məcəllənin 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının mülki
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu
Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki-hüquq
normalarını müəyyənləşdirən başqa normativ-hüquqi aktlardan ibarətdir.
Mənzil
qanunvericiliyi mahiyyətcə mülki qanunvericiliyin bir hissəsidir. Mənzil
Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə
istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun
saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun
möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla
tənzimləyir. Lakin Mənzil Məcəlləsi yaşayış sahəsindən istifadə hüququna
xitamla bağlı kompensasiya verilməsinə dair tərəflərin münasibətlərini
tənzimləmədən saxlamışdır.
Bununla
belə, bir çox mülki hüquq münasibətləri uzanan xarakter daşıyır, bu zaman
Azərbaycan Respublikasının qanunvericiliyi isə dinamik inkişaf edir və dövri
olaraq yeniləşir. Bu münasibətlərin mövcudluğu zamanı onların tənzimlənməsinə
yönəldilmiş bəzi qanunların dəyişilməsi, həmin münasibətlərin çərçivəsində
müəyyən subyektiv hüquq və vəzifələrin əmələ gəlməsi və xitamı mümkündür.
Lakin
belə hallarda Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin
əsas vəzifələrindən birinin – mülki hüquq subyektlərinin hüquqlarının və qanuni
mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi mühüm əhəmiyyət kəsb edir.
Yeni və əvvəlki qanunların arasında kolliziyalar yaranarsa, yalnız fiziki
və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini
aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsinin geriyə
şamil olunmasının mümkünlüyünü nəzərdə tutan Konstitusiyanın 149-cu maddəsinin
VII hissəsi əsas götürülməlidir.
Bu
zaman həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 7-ci maddəsinə görə də
Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və
onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Mülki
qanunvericilik müddəalarının tətbiqi mülki hüquq subyektlərinə ziyan vurarsa və
ya bu subyektlərin vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə
qüvvəsi yoxdur.
Bununla
yanaşı nəzərdən yayınmamalıdır ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən
mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması
ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət
olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə,
oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
Hər
iki maddənin məzmununu təhlil edərkən aşkar olunur ki, müstəsna hallardan başqa
qanunun qüvvəyə mindikdən sonra yaranmış münasibətlərə şamil olunmasının qeyri-mümkünlüyü
Mülki Məcəllənin 7-ci maddəsində öz əksini tapmışdırsa, bu Məcəllənin 11.1-ci
maddəsi yuxarıda sadalanan konkret şərtlər mövcud olduğu hallarda oxşar
münasibətləri tənzimləyən mülki qanunvericilik normalarının tətbiqinə yol
verir.
Belə
yanaşma Mülki Məcəllənin 1.2 və 11.1-ci maddələrinin müddəalarına müvafiq
olaraq qüvvədə olan mülki qanunvericiliyin elə normalarına aid oluna bilər ki,
həmin normalar bundan əvvəl qanunla tənzimlənməmiş münasibətlər üçün nəzərdə
tutulsun, mülki dövriyyənin iştirakçılarına daha imtiyazlı rejim yaratsın, bu
şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini
təmin etsin.
Mülki
Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə
hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci
maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter
daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin
27.07.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla
onları tamamlayır. Belə ki, bu qərarda Mülki Məcəllənin 7.1-ci maddəsinin
müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi
ifadə etmişdir: «Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra
yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və
228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq
münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin
qaydalarına uyğun həll edilməlidir». Göründüyü kimi Konstitusiya Məhkəməsi
mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas
götürülməsini zəruri hesab etmişdir.
Bununla
bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə
üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən
belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci
hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi
ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin
hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır.
Eyni
zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə
etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə
tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının
tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma
olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar
qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün
təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha
yüksək müdafiəsini təmin edir.
Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki
Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə
etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı
üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz
mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır.
Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən
müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış
sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir
əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə
davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona
xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar
tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim
yaradır.
Faktiki
münasibətlərin hüquqi müstəviyə keçirilməsinə və məhkəmə mübahisələrinin hüquq
normaları əsasında həllinin zəruriliyinə toxunaraq Konstitusiya Məhkəməsinin
Plenumu həmçinin aşağıdakıları qeyd edir.
Subyektlər
arasında razılığın mövcudluğu münasibətlərin qanunun tələblərinə zidd olmayan
qaydada qurulması üçün əsas ola bilər. Lakin razılıq olmadıqda münasibətlərin
hüquq əsasında nizamlanması zəruridir. Münasibətlərin məhz hüquq münasibətləri
kimi qəbul olunması üçün onların hüquq norması (normaları) vasitəsilə
tənzimlənməsi tələb olunur. Bu halda belə münasibətlər biri-birindən öz
strukturuna, yəni subyektlər, obyekt, subyektiv hüquq və hüquqi
vəzifələrinə görə fərqlənir. Sonuncu iki element hüquq münasibətlərinin hüquqi
məzmununu yaradır. Bu isə subyektlərin qanunda nəzərdə tutulan hədlər üzrə
həmin qanunla təmin edilən davranış çərçivəsini müəyyənləşdirir. Həmin
elementlər üst-üstə düşmədikdə hüquq münasibətlərinin eyniyyəti yaranmasa da,
onların oxşarlığı mümkündür.
Hüquq
münasibətləri öz-özünü tənzimləyə bilməz, bunun üçün obyektiv nizamlayıcı
olmalıdır. Hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və onlara xitam
verilməsi yalnız hüquq normaları əsasında həyata keçirilə bilər. Belə normalar
və münasibətlər arasında daim səbəb-nəticə əlaqəsi olmalıdır. Məhz normanın
təsiri nəticəsində hüquq münasibətləri istiqamətləndirilir, qaydaya salınır,
habelə onların sabitliyi, davamlılığı və müdafiəsi təmin olunur.
Xüsusi vurğulanmalıdır ki, qanunvericilik cəmiyyətdə gedən dəyişiklikləri
və ümumiyyətlə, ictimai münasibətlərin müxtəlifliyini tam axıra kimi nəzərə ala
bilməz. Qanunverici bütün halları əhatə edən və daim inkişafda olan hüquq
münasibətlərini tənzimləyən hüquq normalarının qəbul olunmasına çalışsa da,
bəzən bu obyektiv olaraq mümkün olmur. Bəzən elə əmlak və şəxsi qeyri-əmlak
münasibətləri yaranır ki, bu münasibətlər müvafiq qanun qəbul olunduğu anda
mövcud olmamış və ya onların mövcudluğu həmin qanun qəbul olunarkən qanunverici
tərəfindən nəzərə alınmamışdır. Belə hallarda hüquqtətbiqetmə təcrübəsində
aşkar olunur ki, qanunvericilikdə boşluq mövcuddur. Nəticədə müvafiq norma
olmadığına görə nizamlanmalı olan müəyyən hallar hüquqi tənzimlənmədən kənarda
qalır.
Çatışmayan normanın qəbulu qanunda boşluğun aradan qaldırılmasının ən
yaxşı yolu olsa da, Mülki Məcəllənin 11.5-ci maddəsinə əsasən mülki hüquq
münasibətlərini tənzimləyən hüquq normasının olmaması və onun qeyri-müəyyənliyi
məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.
Beləliklə,
ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mənzil qanunvericiliyində normanın
mövcud olmamasına görə iddianın rədd olunması və konkret mübahisənin həllindən
faktiki imtina edilməsi yolverilməzdir. Mənzil qanunvericiliyində müəyyən
münasibətlərin tənzimlənməməsi, öz əlamətlərinə görə mülki hüququn predmetinə
aid mülki münasibətlərin mövcudluğu və mülki qanunvericilikdə oxşar
münasibətləri tənzimləyən normanın olması bütövlükdə dövlətin iradəsinin
ifadəsindən çıxış edərək boşluğun tamamlanması məqsədilə qanunun analogiyasının
tətbiqi üçün əsas götürülə bilər.
Yuxarıdakıları
nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, R.Ağalarovun
E.Ağalarovaya (Zeynalovaya) qarşı kompensasiya ödənilməklə mübahisəli mənzildən
istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddiasına
dair mülki iş üzrə Binəqədi rayon məhkəməsinin Mənzil Məcəlləsinin 123-cü
maddəsində kompensasiya institutu nəzərdə tutulmadığından iddianın rədd
edilməsini nəzərdə tutan 25.03.2005-ci il tarixli qətnaməsi Konstitusiyanın 13,
29, 71, 147 və 149-cu maddələrinin, Konstitusiyanın Keçid müddəalarının 8-ci
bəndinin, habelə Mülki Məcəllənin 1.2, 11.1, 11.5 və 228.2-ci maddələrinin
tələblərinə uyğun deyil.
İşə
baxan apellyasiya instansiyası məhkəməsi tamhüquqlu məhkəmə kimi, işdə
olan və əlavə təqdim olunmuş sübutlar əsasında birinci instansiya məhkəməsinin
maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlamalı və birinci
instansiya məhkəməsi tərəfindən yol verilmiş pozuntuları aradan götürməli idi.
Lakin Apellyasiya Məhkəməsi MİÜMK MPM-in 372.1, 372.7, 384 və 385.1-ci
maddələrinin tələblərini pozaraq 09.11.2005-ci il tarixdə birinci instansiya
məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qətnamə qəbul etmişdir.
Ali
Məhkəmənin MİÜMK-da MPM-in 416, 417.0.3 (işə baxılan zaman qüvvədə olduğu üçün)
və 418.1-ci maddələrinin müddəalarının tələblərinə baxmayaraq, özünün
31.03.2006-cı il tarixli qərarı ilə Konstitusiya və mülki qanunvericiliyin
müddəalarına cavab verməyən apellyasiya instansiyası məhkəməsinin qətnaməsini
qüvvədə saxlamaqla üzərinə düşən vəzifələri yerinə yetirməmişdir.
Nəticədə
isə mülki işin ədalətli araşdırılmasına nail olunmamış və R.Ağalarovun
Konstitusiyanın 60-cı maddəsinin I hissəsi ilə təminat verilmiş məhkəmə müdafiə
hüququ pozulmuş və iddiaçının mülkiyyətçi kimi ona qarşı tətbiq olunan
hərəkətlərin qeyri-qanuni olduğundan məhkəməyə müraciət etməsi səmərəsiz
olmuşdur.
Konstitusiya
Məhkəməsinin Plenumu yekun olaraq hesab edir ki, R.Ağalarovun E.Ağalarovaya
(Zeynalovaya) qarşı kompensasiya ödənilməklə mübahisəli mənzildən istifadə
hüququna xitam verilməsi və mənzildən çıxarılması barədə iddiasına dair mülki
iş üzrə Ali Məhkəmənin MİÜMK-nın 31.03.2006-cı il tarixli qərarı
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 417.0.3 və 418.1-ci
maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara
uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini,
«Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
R.Ağalarovun E.Ağalarovaya (Zeynalovaya) qarşı kompensasiya ödənilməklə
mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması
barədə iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki işlər üzrə məhkəmə kollegiyasının 31.03.2006-cı il tarixli qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə,
Mülki-Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun
olmadığından qüvvədən düşmüş hesab edilsin və işə bu qərara uyğun olaraq
Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3.
Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti» və «Bakinski raboçi»
qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda
dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və yaxud rəsmi təfsir oluna bilməz.
Sədrlik
edən
Fərhad Abdullayev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumıınıın «R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr
2007-ci il tarixli qərarı ilə bağlı
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin hakimi
Bəhman Qəribovun
XÜSUSİ RƏYİ
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarmın
nəticə hissəsinin tərəfımdən bəyənildiyini, lakin onun təsviri-əsaslandırıcı
hissəsilə razı olmadığımı qeyd edərək xüsusi rəyimi təqdim edirəm.
Konstitusiya
Məhkəməsi Plenumunun qərarındakı hüquqi mövqelərə görə Azərbaycan
Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) 123-cü
maddəsində mülkiyyətçinin ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və
başqa şəxslərin istifadə etmək hüquqlarına kompensasiya verilməklə xitam
verilməsi nəzərdə tutulmadığmdan yaranmış mübahisələrin həll edilməsi üçün
Azərbaycan Respııblikasının Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə)
228.2-ci maddəsinin «yaşayış binasmın tərkib hissəsindən istifadə hüququna
xitam verilməsi haqqmda razılaşma olmadıqda bıı hüqııqa mülkiyətçinin məhkəmə
qaydasında tələbinə əsasən bazar qiymətilə müvafıq kompensasiya verilməsi yolu
ilə xitam verilə bilər» müddəası məhkəmələr tərəfındən Mülki Məcəllənin 7-ci
yaxud da 11.1-ci maddələrinə müvafıq olaraq tətbiq edilə bilər.
Mənzil Məcəlləsinin 123-ci maddəsilə əlaqədər yaranmış mübahisənin həlli iiçün
Mülki Məcəllənin 228.2-ci maddəsinin yuxarıda göstərilən müddəasınm bu
Məcəllənin 11.1-ci maddəsinə də uyğıın olaraq tətbiq edilməsinin mümkünlüyünü
nəzərdə tııtan hüquqi mövqeni aşağıda göstərilənlərə əsasən yanlış hesab
edirəm.
Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüqııq münasibətləri mülki
qanunvericilikdə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və
onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu
onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki
qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
Bıı maddənin təhlilindən belə qənaətə gəlinir ki, qanunun analogiyasının tətbiq
edilməsi yalnız mülki qanunvericilik və ya tərəflərin razılaşması ilə
tənzimlənməyən, onlara tətbiq edilə bilən işgüzar adətlərin olmadığı təqdirdə
mumkündür.
O,
da qeyd edilməlidir ki, belə münasibətlər hər hansı tərzdə deyil, yalnız
birbaşa tənzimlənmədikdə qanunun analogiyasına imkan yaranır.
Göstərilən maddənin məzmunundan o, irəli gəlir ki, tənzimlənməli olan münasibət
mülki hüquq predmetinə aiddir, qanıında bu münasibəti birbaşa tənzimləyən norma
mövcud deyildir, belə münasibətin tənzimlənməsi üçün onun hər-hansı normasına
bu cür münasibətin tənzimləməsi üçün geniş şərh vermək mümkün deyildir, lakin
oxşar münasibətləri tənzimləyən başqa hüquq normaları mövcuddıır.
Bu zaman elə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları
tətbiq edilməlidir ki, bu, tənzimlənməsi zəruri olan ictimai münasibətlərin
mahiyyətilə ziddiyyət təşkil etməsin.
Doğrudan da ilk baxışdan elə təəssurat yaranır ki, bu maddənin
müəyyənləşdirdiyi qayda mülki hüquq sahəsində mövcud olan, lakin mülki hüquq
normaları, həmçinin tərəflərin razılaşması ilə birbaşa tənzimlənməyən və
yaranması anından asılı olmayan ictimai münasibətlər barəsində tətbiq edilə
bilər.
Konstitusiya
Məhkəməsi Plenumunun qərarında da belə yanaşmaya üstünlük verilərək
göstərilmişdir ki, «yeni və əvvəlki qanunların arasında kolliziyalar yaranarsa
yalnız fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq
məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların
qüvvəsinin geriyə şamil olunmasının mümkünlüyünü nəzərdə tutan Konstitusiyanın
149-cu maddəsinin VII hissəsi əsas götürülməlidir».
Bu
zaman həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 7-ci maddəsinə görə də
Konstitusiyanın 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulmuş hallar
istisna olmaqla mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və
onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
Miilki qanunvericilik
müddəalarının tətbiqi
mülki hüquq subyektlərinə ziyan vurarsa və ya bu subyektlərin
vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi yoxdur».
Qərarda daha sonra Mülki Məcəllənin 11.1-ci maddəsinin məzmunu açıqlanır və
ardınca göstərilir ki, «Hər iki maddənin məzmununu təhlil edərkən aşkar olunur
ki, müstəsna hallardan başqa qanunun qüvvəyə mindikdən sonra yaranmış
münasibətlərə şamil olunmasının qeyri-mümkünlüyü Mülki Məcəllənin 7-ci
maddəsində öz əksini tapmışdırsa, bu Məcəllənin 11.1-ci maddəsi yuxarıda
sadalanan konkret şərtlər mövcud olduğu hallarda oxşar münasibətləri
tənzimləyən mülki qanunvericilik normalarının tətbiqinə yol verir. Belə yanaşma
Mülki Məcəllənin 1.2-ci və 11.1-ci maddələrinin müddəalarına müvafıq olaraq
qüvvədə olan mülki qanunvericiliyin elə normalarma aid oluna bilər ki, həmin
normalar bundan əvvəl qanunla tənzimlənməmiş münasibətlər üçün nəzərdə
tutıılsun, mülki dövriyyənin iştirakçılarına daha imtiyazlı rejim yaratsın, bu
şəxslərin hüqııqlarının və qanunla qorunan mənafelərinin daha yüksək
müdafıəsini təmin etsin».
Bundan sonra qərarda «Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış
sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu
Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvələr yaranmış və
ıızanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyünü Konstitusiya
Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd
olmamaqla onları tamamladığı» qeyd olunur.
Hesab edirəm ki, Konstitusiya Məhkəməsinin 27.07.2001 -ci il tarixli qərarına
da əsaslanmaqla müəyyənləşdirilən belə hüquqi konstruksiya, həm Mülki
Məcəllənin «ümümi qaydalar»ı tənzimliyən normaları, habelə Konstitusiya
Məhkəməsinin adı çəkilən, həmçinin bir sıra digər qərarlarının təsiri
dairəsindən kənara çıxır.
Belə
ki, Mülki Məcəllənin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mülki
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitıısiyasına əsaslanır və bu
Məcəllədən, digər qanunlardan və onların əsasmda qəbul edilən, mülki hüquq
normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin
maddənin məzmunundan belə qənaət hasil olıır ki. qüvvədə olan Mənzil Məcəllə də
mülki qanunvericiliyə daxil olmaqla onıın tərkib hissəsidir
Bu
baxımdan Mülki Məcəllənin 11.1-ci maddəsində istifadə edilmiş hər iki «mülki
qanunvericiliklə» və «mülki qanunvericilik» söz birləşmələrinin məzmunları
nəinki, Mülki Məcəlləni, həmçinin Mənzil Məcəlləsini də özlərində
cəmləşdirilər.
Belə
vəziyyət isə oxşar münasibətləri tənzimləyən normaların eyni zamanda həm Mənzil
Məcəlləsində, həm də Mülki Məcəllədə mövcud olması halını istisna etmir. Bu
təqdirdə isə Mülki Məcəllənin 11.1-ci maddəsində heç bir məhdudiyyət nəzərdə
tutulmadığından, Mənzil Məcəlləsinin oxşar münasibətləri tənzimləyən
normalarınm qanunun analogiyası kimi tətbiqi mümkündür.
Belə yanaşma həm də ondan irəli gəlir ki, tənzimlənməmiş ictimai münasibətə
tətbiq etmək üçün oxşar münasibətləri tənzimləyən normaların eyni vaxtda həm
onu tənzimləmədən saxlamış normativ aktın özündə, həm də başqa normativ hüqııqi
aktda mövcüd oldıığu zaman onlardan hansmın analogiya kimi işlədilməsi
göstərilən maddədə müəyyənləşdirilmir.
Digər
tərəfdən bu maddədə qanunun analogiyasının tətbiq olunması tənzimlənməmiş
ictimai münasibətin yaranması anından asılı edilməməklə fərqlənidirilmir.
Həmçinin
qeyd edilməlidir ki, həmin maddədə oxşar münasibətləri tənzimləyən
qanunvericilik normalarının qanunun analogiyası qaydasmda mümkünlüyünün təyin
edilməsinə imkan verən yeganə qiymətləndirmə meyarı kimi «onların mahiyyətinə
zidd deyildirsə» müddəası nəzərdə tııtulduğıından belə qənaətə gəlmək olur ki,
oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normalarını qanunıın
analogiyası kimi onların qüvvəyə minməsi vaxtından, həmçinin ictimai
münasibətin yaranması anından asılı olmayaraq tətbiq etmək mümkündür.
Lakin
Mülki Məcəllənin 7-ci və 11.1-ci maddələrinin birlikdə təhlili onu göstərir ki,
7-ci maddədə nəzərdə tutulan qaydalar baxımmdan daha sonra qəbul edilmiş mülki
qanunvericilik normaları qanıınun analogiyası kimi onun qəbul edilməsindən
əvvəl yaranmış ictimai münasibətlərin tənzimlənməsinə tətbiq edilə bilməz.
Belə
ki, Mülki Məcəllənin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası
Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna
olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar
qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq ediliıiər.
Qanunla
birbaşa nəzərdə tutulmuş halarda da mülki qanunvericiliyin geriyə qüvvəsi ola
bilər (Mülki Məcəllənin 7.2-ci maddəsi). Həmin maddənin müddəalarından aydm
olur ki, mülki qanunvericiliyin, o cümlədən Mülki Məcəllənin müddəaları onların
qüvvəyə mindiyi vaxtdan sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilə bilər.
Belə
qanunvericiliyin qüvvəyə mindiyi vaxtan əvvəl yaranmış münasibətlərə mülki
qanunvericilik müddəalarının tətbiqi yalnız Konstitusiyanm yol verdiyi, yaxud
da birbaşa qanunla nəzərdə tutulduğu halda mümkündür.
Mülki
Məcəllənin 7.1-ci maddəsi qüvvəyə minmiş mülki qanunverilik müddəalarının
tətbiqini «hüquq münasibətləri» deyil ümumiyyətlə «münasibətlər» barəsində
müəyyənləşdirdiyindən onun məzmunu, həmçinin tənzimlənməmiş münasibətləri də bu
müddəanın təsir dairəsinə daxil edir.
Göstərilənlərlə
əlaqədar hesab edirəm ki, Mülki Məcəllənin 228.2-ci maddəsinin yaşayış
sahəsindən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə dair
müddəasmm Mənzil Məcəlləsinin 123-cü maddəsi əsasında yaranmış münasibətlərə
Mülki Məcəllənin 11.1-ci maddəsinə əsəsən tətbiqinin mümkünlüyü bu Məcəllənin
7-ci maddəsinin tələbləri baxımından geyri-mümkündür.
Belə
yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinin I, II
hissələrinin, həmçinin Mülki Məcəllənin 7-ci maddəsinin müddəalarındakı
tələblərdən irəli gəlir.
Təsadüfı
deyildir ki, Konstitusiya Məhkəməsi də özünün 27.07.2001-ci il tarixli,
27.12.2001-ci il tarixli və 28.01.2002-ci il tarixli qərarlarında məhz belə
hüqııqi mövqe müəyyənləşdirmişdir.
O da
qeyd olunmahdır ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarında faktiki olaraq
Mülki Məcəllənin 11.1-ci maddəsinin məzmununa genişləndirici şərh verilərək
mülki dövriyyənin iştirakçılarına daha imtiyazlı rejim yaradılması. şəxslərin
hüquqlarınm və qanunla qorunan mənafelərinin daha yüksək müdafıəsinin təmin
edilməsi kimi həmin Məcəllənin 7-ci maddəsinin məzmunu ilə əhatə edilən
qiymətləndirmə kriteriyaları əlavə edilmişdir ki. bu da bir tərəfdən 7-ci və
11.1-ci maddələrin təyinatlarmm müxtəlifliyini aradan qaldırmaqla onların
mahiyyətinin eyniləşdirilməsinə səbəb olur, digər tərəfdən isə 11.1-ci maddənin
köməkliyi ilə 7-ci maddədə nəzərdə tııtulmuş hüquqi baryerlərın dəf edilməsinə
imkan yaradır.
Yuxarıda göstərinləri əsas tutaraq, bu mövqeni
müdafiə edirəm ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi ilə əlaqədar əvvəllər
yaranmış münasibətlərdən irəli gələn mübahisələrə Mülki Məcəllənin 228.2-ci
maddəsindəki yaşayış sahəsindən istifadə hüquqıına kompensasiya verilmək yolu
ilə xitam verilməsinin mümkünlüyünə dair müddəası Azərbaycan Respublikası
Konstitusiyasınm yuxarıda göstərilən müddəalarına, Konstitusiya Məhkəməsinin bu
rəydə qeyd edilən qərarlarındakı hüquqi mövqelərinə uğun olaraq yalnız Mülki
Məcəllənin 7-ci maddəsində nəzərdə tutulmuş qaydada tətbiq edilə bilər.
Hakim
B. Qəribov