AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R D A D I
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
4.1-ci maddəsində nəzərdə tutulmuş “qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair
23 may 2025-ci il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Fikrət Məmmədov
(məruzəçi-hakim), İsa Nəcəfov, Kamran Şəfiyev və Xanlar Vəliyevdən ibarət
tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü
maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının
yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin
müraciəti əsasında Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş
“qanunla qorunan maraq'’ anlayışının şərh edilməsinə dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim F.Məmmədovun məruzəsini,
maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının
Ali Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası, Hüquqi Ekspertiza və
Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis
mülahizələrini, ekspertlər Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının Hüquq kafedrasının dosenti, hüquq elmləri doktoru A.Qədirovun
və həmin kafedranın müəllimi, hüquq üzrə fəlsəfə doktoru S.Aslanovun rəylərini və
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
Bakı
Apellyasiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan
sonra – Mülki Prosessual Məcəllə) 4.1-ci maddəsində müəyyən edilmiş “qanunla
qorunan maraq'’ anlayışının şərh edilməsini xahiş etmişdir.
Müraciətdə göstərilmişdir
ki, Ş.Əsgərov sahibliyində olan özbaşına tikinti obyektindən (evdən) keçmiş
arvadının istifadə hüququna xitam verilməsi və onun evdən çıxarılması barədə məhkəmədə
iddia qaldırmış və iddianı belə əsaslandırmışdır ki, cavabdeh məhkəmə qətnaməsinə
əsasən evə köçürülmüş, bundan sonra qarşılıqlı razılıq əsasında evdən çıxmaq
üçün iddiaçıdan 5 000 manat kompensasiya alaraq 10 gün müddətində evi
boşaldacağına dair vəd vermiş, lakin pul məbləğini aldıqdan sonra evdən
çıxmaqdan imtina etmişdir.
Bakı şəhəri Sabunçu
Rayon Məhkəməsinin qətnaməsi ilə iddia rədd olunmuşdur. Qətnamə onunla əsaslandırılmışdır
ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia
qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
Mübahisə predmeti olan ev özbaşına tikili olduğuna görə iddiaçı hazırkı iddianı
qaldırmaq üçün subyektiv hüquqa malik deyil.
Qətnamədən verilmiş
apellyasiya şikayətində qeyd olunmuşdur ki,
iddianın rədd edilməsinin iddiaçının subyektiv hüququnun olmaması ilə əlaqələndirilməsi
qanunsuz və əsassızdır. Cavabdeh məhkəmə qətnaməsinə əsasən evə köçürüldüyündən,
iddiaçı da məhkəmə müdafiəsi hüququna malikdir.
Bakı Apellyasiya Məhkəməsi
müraciətində qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə,
hüquq və azadlıqlar ilə yanaşı, qanunla qorunan maraqlar da məhkəmə müdafiəsinin
obyektidir. Lakin Azərbaycan Respublikası qanunvericiliyində “qanunla qorunan
maraq” anlayışının mənasını izah edən definitiv norma olmadığından məhkəmələr
belə maraqların məzmununu müəyyənləşdirməkdə çətinlik çəkir və bu hal həmin
maraqların müdafiəsiz qalması ilə nəticələnə bilir. Odur ki, mövcud vəziyyət normativ hüquqi aktın məzmununda
qeyri-müəyyənliyin olması kimi qiymətləndirilməlidir.
Göstərilənlərlə əlaqədar
Bakı Apellyasiya Məhkəməsi “qanunla qorunan maraqlar”ın məhkəmə müdafiəsinin
təminatı baxımından həmin anlayışın şərh olunması məqsədi ilə Konstitusiya Məhkəməsinə
müraciət edilməsini zəruri hesab etmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.
“Normativ hüquqi
aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 90-cı maddəsinin
tələblərinə əsasən, normativ hüquqi aktların məzmununda qeyri-müəyyənliklərin və
fərqlərin, habelə tətbiqi təcrübəsində ziddiyyətlərin aşkar edilməsi həmin
aktların müvafiq normalarının rəsmi şərh edilməsi üçün əsas təşkil edir.
İlk növbədə qeyd
olunmalıdır ki, qanunvericilik aktının bu və ya digər normasında istifadə edilən
bəzi anlayışlara izahın verilməməsi özü-özlüyündə həmin normanın qeyri-müəyyən
kimi qiymətləndirilməsinə əsas vermir.
Belə ki, normayaratma
texnikası baxımından bir sıra anlayışların tərifinin müəyyən edilməməsi onların
həddən artıq konkretləşdirilməsi nəticəsində tətbiq dairəsinin məhdudlaşdırılmasının
qarşısının alınmasına yönəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu Klark Qordon Morrisin şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında
da göstərmişdir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin
vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə
uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı
(qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə
tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi
qaçılmazdır.
Göstərilənlərə əsasən
Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsində qeyri-müəyyənliyin olmadığı, bununla
belə həmin normanın tətbiqi ilə bağlı müəyyən fikir ayrılıqlarının mövcud
olduğu nəzərə alınaraq aşağıdakılar qeyd edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin
hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat
verilir.
Məhkəmə müdafiəsi
hüququ əsas insan hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, eyni
zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Bu hüquq
yalnız məhkəməyə müraciət etmək imkanını deyil, həmçinin pozulmuş hüquq və
azadlıqların qanunvericilikdə müəyyən edilən hədlər çərçivəsində səmərəli
müdafiəsini ehtiva edən ədalət mühakiməsini də nəzərdə tutur.
Konstitusiya Məhkəməsinin
Plenumu əvvəlki Qərarlarında da qeyd etmişdir ki, həm milli, həm də beynəlxalq-hüquqi
aktlarda hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş şəxslərin
məhkəmə müdafiəsi hüququ hüquq və azadlıqların ən mühüm müdafiə vasitəsi kimi təsbit
edilmişdir. Həmin hüquq yaranmış mübahisəyə məhkəmədə baxılması və həll
olunması ilə realizə edilmiş olur. Bu baxımdan məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata
keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir (“Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə
dair” 2020-ci il 16 oktyabr tarixli Qərar).
Konstitusiya ilə təminat
verilən məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsi prosedurunun tənzimləndiyi
mülki prosessual qanunvericilikdə mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə
icraatının qaydası müəyyən edilmişdir.
Mülki Prosessual Məcəllənin
4.1-ci maddəsində göstərilmişdir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin
qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin
etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə
etmək hüququna malikdirlər.
Həmçinin həmin Məcəllənin
5.1 və 439.1-ci maddələrinə görə, hər hansı fiziki və yaxud hüquqi şəxs öz
hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə
müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Eynilə əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq
təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan
mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət
etmək hüququ vardır.
Mülki Prosessual Məcəllənin
bir sıra digər maddələrində də (49.3, 49.4, 49.5, 50.5, 59.1 və s.) “hüquq,
azadlıq və qanunla qorunan mənafe”lərin məhkəmədə müdafiəsi ilə bağlı müddəalar
öz əksini tapmışdır.
Qeyd olunan normalardan
belə nəticəyə gəlmək olar ki qanunverici Mülki Prosessual Məcəllənin tənzimlədiyi
münasibətlər baxımından “qanunla qorunan mənafə” və “qanunla qorunan maraq”
anlayışları arasında fərq qoymamışdır.
Odur ki, Konstitusiya
Məhkəməsinin Plenumu müraciətdə qeyd olunan məsələyə aydınlıq gətirilməsi məqsədilə
obyektiv və subyektiv hüquq, maraq və qanunla qorunan maraq (mənafe)
anlayışlarının əlaqəli şəkildə təhlil edilməsini vacib hesab edir.
Hüquq elmində hüquq
anlayışı obyektiv hüquq (və ya obyektiv mənada hüquq) və subyektiv hüquq (və ya
subyektiv mənada hüquq) olmaqla iki mənada istifadə olunur.
Obyektiv mənada
hüquq dedikdə, ictimai münasibətləri tənzimləyən, məcburi xarakter daşıyan qaydaların
məcmusu başa düşülür. Obyektiv mənada hüquq tənzim edilən ictimai münasibətlərin
xarakteri, tənzimləmə metodu kimi meyarlar baxımından mülki, cinayət, inzibati
və s. hüquq sahələrinə bölünür.
Subyektiv hüquq isə şəxsin
öz maraqlarını təmin edə bilməsi üçün ona verilmiş mümkün hüquqi davranış həddidir.
Subyektiv hüquq fiziki və ya hüquqi şəxslərin obyektiv hüquq normasına əsaslanaraq
öz davranış növünü və həddini seçmək, həmçinin başqalarından müəyyən hərəkətləri
tələb etmək imkanını ifadə edir. Yəni subyektiv hüquq obyektiv hüquq vasitəsilə
tanınan və qorunan şəxsi (subyektiv) mənafedir.
Qeyd edilən hüquq üç
elementin məcmusu kimi qiymətləndirilə bilər:
· öz iradəsinə uyğun hərəkət etmək;
· digər şəxslərdən müəyyən davranışı tələb etmək;
· hüquq pozuntusu halında müdafiə olunmaq.
Oxşar hüquqi mövqe Konstitusiya
Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyun və
İ.Şabanovanın şikayəti üzrə 2012-ci il 27 avqust tarixli Qərarlarında da ifadə
olunmuşdur.
Qeyd olunmalıdır ki,
subyektiv hüquq obyektiv hüquqa daxil olan konkret qanunvericilik normasına əsaslandığından,
subyektiv hüququn sərhədləri, yəni mümkün davranışın çərçivəsi dəqiq şəkildə müəyyən
olunur. Digər tərəfdən, hüquq və vəzifələrin qarşılıqlı olması prinsipindən irəli
gələrək hər bir subyektiv hüquq müəyyən subyektiv vəzifə ilə, digər şəxs(lər)in
müvafiq öhdəlikləri ilə təmin edilir.
Maraq anlayışı ilə
bağlı qeyd edilməlidir ki, sosiologiya, psixologiya, iqtisadiyyat və digər sahələrin
araşdırma predmeti olan, həmçinin bir sıra normativ hüquqi aktlarda öz əksini
tapmış bu anlayış hüquq elmində geniş və dar mənalarda nəzərdən keçirilən
hüquqi kateqoriyadır.
Nəzərə alınmalıdır
ki, cəmiyyətdə nizam-intizamın, düzənin yaradılmasına, onun üzvlərinin müxtəlif
maraqlarının təmin edilməsinə ictimai ehtiyac hüququn yaranma səbəbidir. Bu məqsədlə
müəyyən davranış qaydaları dövlət tərəfindən məcburi hüquqi qüvvə verilməklə
qanunvericilik aktlarına daxil edilir. Nəticədə hər bir subyektiv hüquq müəyyən
bir marağın ödənilməsinə xidmət edir. Başqa sözlə, subyektiv hüquqlar da özündə
qanuni maraqları əks etdirir.
Bu baxımdan “qanunla
qorunan maraqlar” ifadəsi geniş mənada həm subyektiv hüquqla əhatə olunan, həm
də əhatə olunmayan maraqları, dar mənada isə bilavasitə subyektiv hüquqlar
vasitəsilə təminat altına alınmayan maraqları özündə ehtiva edir.
Mülki Prosessual Məcəllənin
4.1-ci maddəsində qanunla qorunan hüquq, azadlıq və maraq anlayışlarının hər
biri məhkəmə müdafiəsi hüququnun ayrılıqda və müstəqil obyekti kimi müəyyən
edildiyindən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin normanın məqsəd və təyinatı baxımından məhz
dar mənada “qanunla qorunan maraq” anlayışına aydınlıq gətirilməlidir.
Qanunvericinin maraq
anlayışı ilə faktiki olaraq eyni mənada istifadə etdiyi “mənafe” anlayışı “mənfəət,
fayda”, “bir kəsin rifahını təşkil edən, onun xeyrinə olan, ehtiyac və tələblərinə
xidmət edən” mənasını daşıyır.
Nəzərə alınmalıdır
ki, subyektiv hüququn mövcudluğu müəyyən bir marağın təmin olunmasına xidmət etsə
də, hər bir maraq subyektiv hüquqla qorunmur.
Belə ki, ictimai
münasibətlər sosial, iqtisadi, texnoloji və digər sahələrdə baş verən inkişafa
uyğun daim dəyişən xarakterə malik olmaqla hüquqdan daha dinamikdir. İctimai
münasibətlər çoxşaxəli olduğundan bütün mümkün situasiyaları qanunvericilikdə əvvəlcədən
nəzərdə tutmaq mümkün deyil. Yəni, hüquqi müdafiəni tələb edən maraqların dairəsi
ictimai münasibətlərin tənzimlənməsinin hüquqi əsasını təşkil edən normalardan
xeyli genişdir.
Qeyd edilən səbəblərdən
həmişə müəyyən davranış qaydalarının (hüquq normalarının) sərhədlərindən kənarda
qalan və subyektiv hüquq və vəzifələrdə ifadə olunmayan hallar mövcuddur.
Digər tərəfdən isə bəzi
qanunla qorunmalı maraqları konkretləşdirmək, yəni onları konkret çərçivə ilə məhdudlaşdırmaq
həm hüququn həddən artıq normativləşməsinə səbəb ola, həm də həmin maraqların
daima inkişaf edən və dəyişən ictimai münasibətlərə uyğunlaşmasına və onların
müdafiəsinə mane ola bilər.
Beləliklə, hər bir
qanuni marağın konkret subyektiv hüquqda ifadə olunması mümkün olmadığından müəyyən
maraqlar dövlət orqanları, o cümlədən məhkəmələr tərəfindən birbaşa müdafiə ilə
təmin edilir və məhkəmə müdafiəsinin obyektinə çevrilir.
Lakin nəzərə
alınmalıdır ki, burada hüquqi müdafiə ictimai münasibətlərin subyektlərinin istənilən
maraqlarına deyil, məhz qanuni, yəni qanunla qorunması əhəmiyyətli olan
maraqlarına şamil olunur. Belə ki ictimai münasibətlərin iştirakçılarının çoxsaylı
və müxtəlif maraqlarının bəziləri hüququn mahiyyətinə uyğun gəlmədiyindən onların
həyata keçirilməsi mövcud qanunvericiliyə zidd ola bilər.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi zəruri hesab edir ki, maraqlar o halda qanuni müdafiəyə
malik ola bilər ki, onlar Konstitusiya və qanunvericiliyə, dövlətin və cəmiyyətin
mənafeyinə, ədalət, vicdanlılıq və hüququn digər ümumi prinsiplərinə zidd
olmasın, başqa şəxslərin hüquq, azadlıq və qanunla qorunan maraqlarını
pozmasın.
Göründüyü kimi qanunla
qorunan maraqlar subyektiv hüquqlarla bilavasitə əlaqəlidir. Odur ki, normativ
aktlarda hüquqi müdafiənin obyekti kimi qanunla
qorunan maraq (mənafe) və hüquq anlayışlarından bir qayda olaraq birlikdə istifadə
olunur.
Oxşar hüquqi mövqeyi
ifadə edən Latviya Respublikası Konstitusiya Məhkəməsi də 30 dekabr 2020-ci il
tarixli Qərarında göstərmişdir ki, şəxsin konstitusiya ilə müdafiəsi nəzərdə
tutulan qanuni marağı yalnız onun subyektiv hüquqları ilə ayrılmaz şəkildə
bağlı olan maraqlarını özündə ehtiva edir.
Qeyd olunmalıdır ki,
belə maraqların qorunmasına dair müddəalar ya birbaşa obyektiv hüquq
normalarında əks olunur, ya da obyektiv hüququn, yəni qanunvericilik aktlarının
ümumi mənasından və ya hüququn prinsiplərindən irəli gəlir.
Mülki Prosessual Məcəllədə
də hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər
normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq
olunması mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifəsi
kimi müəyyən edilmişdir (Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsi).
Konstitusiya Məhkəməsinin
Plenumu həmin Məcəllənin 2.1 və 4.1-ci maddələrinin tələblərini nəzərə almaqla
göstərmişdir ki, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və
maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi
aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs
olunur (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin
şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərar).
Qanunla qorunan
maraqları subyektiv hüquqlardan fərqləndirən əsas xüsusiyyətlər ondan ibarətdir
ki, subyektiv hüquq obyektiv hüququn müvafiq normasına əsaslandığından konkret xarakter
daşıyır, yəni davranışın ölçüsü, növü, subyektləri və s. məlumdur. Qanunla
qorunan maraqlara münasibətdə isə icazə verilən davranış üçün dəqiq sərhədlər qanunvericiliklə
müəyyən olunmadığından, belə maraqlara uyğun konkret vəzifələr də birbaşa obyektiv
hüquq normalarında öz əksini tapmır.
Bununla yanaşı,
qanunla qorunan maraqlar onların bilavasitə əlaqədə olduğu subyektiv hüquqlarla
bir sıra ortaq xüsusiyyətlərə malikdir. Belə xüsusiyyətlərə aşağıdakılar aid
edilə bilər:
·
hüquq münasibətləri
subyektlərinin müəyyən ehtiyaclarının təmin edilməsinə xidmət edir;
·
hüquqazidd elementləri
ehtiva etməsi istisna edilir;
·
dispozitiv xarakter
daşıyır, yəni heç kəs hüququndan istifadəyə və ya qanuni marağını həyata keçirməyə
məcbur edilmir;
·
hüquqi müdafiənin
obyektidir.
Beləliklə, maraqların
qanunla qorunması, həyata keçirilməsi mövcud qanunvericiliyə və digər şəxslərin
hüquq, azadlıq və qanuni mənafelərinə zidd olmayan, obyektiv hüquq normalarının
mahiyyətindən irəli gələn maraqların hüquqi müdafiə ilə təmin olunmasına imkan yaradır
və belə maraqlar Konstitusiyanın 60-cı maddəsi ilə bəyan edilən məhkəmə müdafiəsi
hüququnun obyektini təşkil edir.
Təsadüfi deyildir
ki, Konstitusiya Məhkəməsinin Plenumu A.Kərimov və qeyrilərinin şikayəti üzrə qəbul
etdiyi 2020-ci il 13 may tarixli Qərarında da göstərmişdir ki, prosesdə
iddianın predmeti dedikdə, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş
etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan
maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
Həmçinin qanunla
qorunan maraqların məhkəmə müdafiəsi hüququndan sui-istifadəyə yol verilməməli,
real hüquqi əsaslar olmadan tələblərin irəli sürülməsi qanunsuz və əsassız üstünlüklərin
əldə olunmasına gətirib çıxarmamalıdır.
O da qeyd edilməlidir
ki, qanunla qorunan maraqlar sərhədsiz olmamaqla digərlərinin hüquq, azadlıq və
qanuni mənafeləri ilə məhdudlaşır. Bu baxımdan maraqların özlüyündə
qanunvericiliyə zidd olmaması həmin maraqların həyata keçirilməsində məhdudiyyətlərin
tətbiqini istisna etmir.
Belə ki, hüquq
münasibətləri subyektlərinin maraqları bir-biri ilə toqquşa bilər. Məsələn, birgə
nikah dövründə əldə edilmiş ümumi əmlakın naturada bölünməsi ilə bağlı maraqların
toqquşması, işçilərin bir çoxunun əmək məzuniyyətinin yay aylarında verilməsinə
maraqlı olması və s.
Odur ki, hər bir
mübahisəyə hüquqi qiymət verilərkən maraqların ziddiyyəti, müvafiq hüquq münasibətlərinin
iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması vasitəsilə,
qanunvericilik normaları və hüququn ümumi və sahəvi prinsipləri nəzərə
alınmaqla məhkəmələr tərəfindən həll olunmalıdır.
Müraciətə səbəb olan
mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, özbaşına tikili fiziki obyekt
olaraq müəyyən maddi dəyərə malikdir və belə tikintini aparan şəxsin həmin
maddi dəyərlə bağlı maraqları mövcuddur.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Plenumu da “Ər-arvadın ümumi əmlakının bölünməsi
ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 2024-cü il
12 mart tarixli Qərarının 4.11-ci bəndində göstərmişdir ki, mübahisə olduğu
halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən
istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında
onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf
olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən)
tutmaqda haqlıdır.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətində
qaldırılan hüquqi məsələlərin həll edilməsinə dair Konstitusiya Məhkəməsi
Plenumunun hüquqi mövqelərinin mövcud olması, eləcə də bu Qərardadla bəzi məsələlərə
aydınlıq gətirilməsi nəzərə alınaraq, hazırkı vəziyyətdə müraciət üzrə
Konstitusiya Məhkəməsi Plenumunun ayrıca Qərarının qəbul edilməsinə ehtiyac
yoxdur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 60, 62, 68 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında göstərilən
hüquqi mövqelər nəzərə alınsın.
2. Qanunla
qorunan maraq anlayışının qiymətləndirmə tələb edən kateqoriya olduğu nəzərə
alınaraq məhkəmələr tərəfindən şəxsin marağının nədə ifadə olunduğu, qanunla
qorunub-qorunmadığı hər bir işin hallarından asılı olaraq müəyyən edilməlidir.
3. Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində
göstərilən əsaslara görə, Bakı Apellyasiya Məhkəməsinin müraciəti üzrə ayrıca Qərar
qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam
verilsin.
4. Qərardadın
surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
5. Qərardad
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin,
habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet
saytında yerləşdirilsin.
Sədr Fərhad Abdullayev