AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair
28 iyun 2024-cü il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminoligiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 99-6.4-cü maddəsinin həmin Məcəllənin 96-6.2 və 96-6.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, məhkəmənin icraatında olan “Əkbər 2022” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – “Əkbər 2022” MMC) Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair cinayət işi üzrə həmin hüquqi şəxsin hər hansı daşınar və ya daşınmaz əmlakının, o cümlədən bank hesabında vəsaitinin olmadığı müəyyən edilmişdir.
Cinayət Məcəlləsinin 99-6.2-ci maddəsinə görə isə cinayət-hüquqi tədbir kimi nəzərdə tutulan cərimə həmin Məcəllənin 99-6.3, 99-6.4 və 99-8.3-cü maddələrində göstərilən hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla müəyyən olunur.
Məcəllənin 99-6.3-cü maddəsində cinayətin təsnifatından asılı olaraq hüquqi şəxslərə cərimə növündə təyin edilən cinayət-hüquqi tədbirin hədləri göstərilmiş, 99-6.4-cü maddəsi ilə isə hüquqi şəxsə tətbiq edilən cərimənin onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməməsi təsbit edilmişdir.
Müraciətdə qeyd olunur ki, əmlakı olmayan hüquqi şəxsə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi ilə bağlı məhkəmə təcrübəsində qeyri-müəyyənlik yaranmışdır.
Belə ki, cinayət qanunvericiliyinin tələblərinə görə, hüquqi şəxsə əsas cinayət-hüquqi tədbir kimi cərimə və hüquqi şəxsi ləğv etmə tətbiq edilir. Lakin hüquqi şəxsi ləğv etmə Cinayət Məcəlləsinin 99-8.2-ci maddəsinə əsasən, həmin hüquqi şəxs mütəmadi olaraq cinayətlərin törədilməsində və ya cinayətin izlərinin, cinayət yolu ilə əldə edilmiş əmlakın gizlədilməsində istifadə edildikdə və ya onun əmlakının yarıdan çox hissəsi bu Məcəllənin 99-1.1-ci maddəsinə əsasən müsadirə edilməli əmlakdan ibarət olduqda tətbiq olunur.
Beləliklə, müraciətdən göründüyü kimi, məhkəmənin icraatında olan iş üzrə hüquqi şəxs barəsində yeganə tətbiq edilməli olan cinayət-hüquqi tədbir cərimədir. Məhkəmənin qənaətinə görə, məsuliyyətə cəlb edilən hüquqi şəxsin əmlakı olmadığı halda ona münasibətdə cərimənin tətbiq edilməsi Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsinin tələblərinin pozulması ilə nəticələnə bilər.
Müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hüquqi şəxslərin cinayət məsuliyyətinin yeni institut olmasını nəzərə alaraq, ilk növbədə, qeyd edir ki, hüquqi şəxslərin cinayət məsuliyyətinin müəyyən edilməsi hüquqi şəxslərin maraqları üçün fiziki şəxslər tərəfindən törədilən cinayətlərin sayının və miqyasının artması ilə əlaqədar olub, cəmiyyətdə korrupsiya, mütəşəkkil cinayətkarlıq, pul vəsaitlərinin yuyulması hallarının qarşısının alınmasına xidmət edir.
Buna görə Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasında, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında”, “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılması, aşkar olunması, götürülməsi və müsadirə edilməsi haqqında” Konvensiyalarında, habelə digər beynəlxalq-hüquqi aktlarda Tərəf Dövlətlərin hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqinin milli qanunvericiliyə daxil edilməli olduğu müəyyən olunmuşdur.
Belə ki, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyasının 19-cu maddəsinin 2-ci bəndi hüquqi şəxslərə qarşı maliyyə sanksiyalarının tətbiq edilməsinin məcburi olduğunu göstərir. Həmin bəndə əsasən, hər bir Tərəf təmin edir ki, məsuliyyətə cəlb edilmiş hüquqi şəxslər barəsində səmərəli, mütənasib və çəkindirici cinayət və ya qeyri-cinayət xarakterli sanksiyalar, o cümlədən maliyyə sanksiyaları tətbiq edilsin.
Konvensiyanın izahlı hesabatında da göstərilmişdir ki, 2-ci bənd Razılığa gələn Tərəfləri korrupsiya cinayətinə görə məsuliyyətə cəlb olunan hüquqi şəxslərə müəyyən səviyyədə pul sanksiyalarının tətbiq edilməsinin mümkünlüyünü təmin etməyə məcbur edir.
Azərbaycan Respublikası həmin beynəlxalq aktlara qoşularaq, cinayət qanunvericiliyində hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqini nəzərdə tutmuş və belə tədbirlər Cinayət Məcəlləsinin 15-2-ci fəslinə daxil edilmişdir.
Qeyd olunmalıdır ki, cinayət qanunvericiliyi cinayətin yeganə subyekti kimi fiziki şəxsləri tanıdığından, yalnız bu şəxslər tərəfindən hüquqi şəxsin xeyrinə cinayət törədildikdə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması mümkündür. Bu səbəbdəndir ki, Cinayət Məcəlləsində hüquqi şəxs cinayətin subyekti kimi deyil, cinayət məsuliyyətinin subyekti kimi nəzərdə tutulmuşdur.
Qanunverici hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq edilə bilməsini istisnasız olaraq Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində göstərilən fiziki şəxslərin törətdiyi cinayətlərlə əlaqələndirmişdir. Həmin maddənin tələblərinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər onun xeyrinə və ya maraqlarının qorunması üçün aşağıdakı fiziki şəxslər tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir:
- hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
- hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
- hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs;
- yuxarıda göstərilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi.
Maddədə göstərilən səlahiyyətlərin üçü hüquqi şəxsin yalnız vəzifəli şəxsinə məxsus ola bilər və hüquq nəzəriyyəsində, məhkəmə təcrübəsində belə vəzifəli şəxslər sırasına hüquqi şəxsin təkbaşına rəhbəri (direktor, müdir, sədr və s.), kollegial rəhbər orqanının üzvləri (direktorlar şurasının üzvləri, nəzarət-təftiş komisiyalarının üzvləri və s.), hüquqi şəxsin digər rəhbər işçiləri (direktor müavini, baş mühəndis və s.) aid edilmişdir. Hüquqi şəxsin vəzifəli şəxsi yuxarıda göstərilən səlahiyyətlərin birini və ya bir neçəsini eyni zamanda həyata keçirə bilər.
Cinayət Məcəlləsinin 99-4.1.4-cü maddəsinə əsasən, hüquqi şəxsin xeyrinə və onun maraqlarının qorunması üçün cinayət əməlini törədən fiziki şəxslər vəzifəli şəxs olmaya da bilər. Belə ki, bu maddəyə görə hüquqi şəxsin hər hansı işçisi Cinayət Məcəlləsinin 99-4.1.1 – 99-4.1.3-cü maddələrində göstərilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsindən istifadə edərək hüquqi şəxsin xeyrinə cinayət qanunvericiliyində göstərilmiş cinayəti törətdikdə hüquqi şəxsə cinayət-hüquqi tədbirlər tətbiq edilə bilər.
Hüquqi şəxslərin cinayət məsuliyyətinin mühüm əlaməti cinayətin hüquqi şəxsin xeyrinə və ya onun maraqları naminə törədilməsidir. Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsinin mahiyyətinə uyğun olaraq, hüquqi şəxsin rəhbərinin qərarı hüquqi şəxsin qərarı kimi dəyərləndirilməli, çünki bu qərar sadəcə hüquqi şəxsin adından deyil, həm də onun xeyrinə və ya maraqları naminə qəbul edilmişdir. Əgər cinayət hüquqi şəxsin maraqları üçün törədilməyibsə, bu, hüquqi şəxsin deyil, məhz fiziki şəxsin törətdiyi cinayət kimi qəbul olunmalı və buna görə yalnız o, cinayət məsuliyyətinə cəlb oluna bilər.
Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiqi siyahısı Cinayət Məcəlləsinin Ümumi hissəsində verilmiş cinayətlərin törədilməsi halında mümkündür (Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsi).
Beləliklə, yalnız aşağıdakı şərtlərin mövcud olduğu halda hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirin tətbiq edilməsi mümkün hesab edilə bilər:
- cinayət əməli Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində nəzərdə tutulmuş cinayətlər üzrə törədildikdə;
- cinayət əməli Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslər tərəfindən törədildikdə;
- cinayət əməli hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədildikdə.
Cinayət Məcəlləsinin 99-4.2-ci maddəsinə görə, hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı bir şəkildə iştirak etmiş fiziki şəxsin cinayət məsuliyyətini istisna etmir. Maddənin tələblərinə uyğun olaraq, hüquqi şəxsə cinayət-hüquqi tədbirlərin tətbiqi fiziki şəxsin cinayət əməlinin törədilməsindəki rolundan – təşkilatçı, təhrikçi, icraçı və s. (hər hansı bir şəkildə iştirakından) asılı olmayaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasına təsir etmir.
Belə ki, fiziki və hüquqi şəxslərin məsuliyyətinin muxtariyyəti prinsipinə (prinsiple of autonomus liability) əsasən, fiziki şəxs barəsində cinayət təqibinə xitam verilməsi hüquqi şəxsin məsuliyyətə cəlb olunmasını istisna etmir. Bu prinsip əyani olaraq öz əksini Cinayət Məcəlləsinin 99-4.3-cü maddəsində göstərmişdir. Həmin maddəyə görə, cinayətin bilavasitə icraçısı olan fiziki şəxs barəsində qanunla müəyyən olunmuş hallarda cinayət təqibinə xitam verilməsi hüquqi şəxsə qarşı cinayət-hüquqi tədbirinin tətbiqinə mane olmur.
Fiziki şəxs barəsində cinayət təqibinə xitam verilməsinin əsasları və nəticələri isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 487-6.6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, fiziki şəxs barəsində cinayət işinə bu Məcəllənin 39.1.5-ci maddəsində (şəxs əməli törətdikdən sonra öldükdə); 39.1.10-cu maddəsində (şəxs əməli anlaqsız vəziyyətdə törətdikdə); 39.1.11-ci maddəsində (şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda); 39.1.12-ci maddəsində (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) nəzərdə tutulmuş hallarda xitam verildikdə, müstəntiq hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə işin məhkəməyə göndərilməsi haqqında qərar qəbul edir.
Bununla belə, qanunvericilik müəyyən edir ki, hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün cinayət törətmiş fiziki şəxs Cinayət Məcəlləsinin 75-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edildikdə, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz (Cinayət Məcəlləsinin 99-9-cu maddəsi).
Burada həmçinin nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 99-9-cu maddəsində göstərilməsə də, Cinayət-Prosessual Məcəlləsinin 487-6.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, fiziki şəxs barəsində cinayət işinə bəraətverici və həmin maddədə göstərilən digər əsaslarla xitam verildikdə hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.
Göstərilməlidir ki, bir sıra ölkələrdə hüquqi şəxslərə tətbiq olunan sanksiyaların heç də hamısı cinayət cəzası kimi nəzərdə tutulmur, onların bir qismi qanunverici tərəfindən hüquqi şəxslərə münasibətdə tətbiq olunan digər cinayət-hüquqi xarakterli tədbirlər - təhlükəsizlik tədbirləri, müdafiə tədbirləri, hüquqi şəxsin məhkum edilməsinin nəticələri, təmin tədbirləri və s. olaraq qəbul edilir.
Azərbaycan Respublikasının cinayət qanunvericiliyində də hüquqi şəxslərə qarşı tətbiq edilə bilən cinayət-hüquqi tədbirlər (sanksiyalar) məhkəmə qərarı ilə tətbiq olunmaqla cinayət-hüquqi təsir tədbirləri sisteminə daxil olsa da cəza hesab olunmurlar.
Həmçinin fiziki şəxslərdən fərqli olaraq, hüquqi şəxslər barəsində tətbiq olunan cinayət-hüquqi tədbirlər Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmamışdır. Həmin Məcəllənin Ümumi hissəsinin 99-5-ci maddəsi ilə hüquqi şəxslərə tətbiq edilə bilən cinayət-hüquqi tədbirlərə aşağıdakılar aid edilmişdir:
- cərimə;
- xüsusi müsadirə;
- hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə;
- hüquqi şəxsi ləğv etmə.
Cinayət qanunvericiliyi hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirləri əsas və əlavə tədbirlərə bölərək, onlardan hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbirini yalnız əsas, cəriməni əsas və əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirəni isə yalnız əlavə cinayət-hüquqi tədbirlərə aid etmişdir (Cinayət Məcələsinin 99-5.3-cü maddəsi). Müvafiq olaraq, hüquqi şəxsi ləğv etmə cinayət-hüquqi tədbir yalnız müstəqil, digər tədbirlərə əlavə edilmədən, cərimə əsas tədbir kimi müstəqil və ya hüquqi şəxsi ləğv etmə tədbirinə əlavə edilməklə, xüsusi müsadirə və hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cinayət-hüquqi tədbirlər isə əsas tədbirlərə - hüquqi şəxsi ləğv etmə və cəriməyə əlavə edilməklə tətbiq olunur.
Müraciətdə göstərilən iş üzrə hüquqi şəxs barəsində yalnız cərimənin tətbiq edilməli olunduğunu nəzərə alaraq qeyd edilməlidir ki, cinayət-hüquqi tədbir qismində cərimə cinayət qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir (Cinayət Məcəlləsinin 99-6.1-ci maddəsi).
Cərimə əsas cinayət-hüquqi tədbir qismində Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində sadalanan cinayətlərin hər hansı birinə və ya bir neçəsinə görə təyin edilə bilər.
Əlavə cinayət-hüquqi tədbir qismində isə cərimə yalnız hüquqi şəxsə ləğv etmə cinayət-hüquqi tədbir tətbiq edildikdə mütləq təyin edilməlidir (Cinayət Məcəlləsinin 99-8-ci maddəsi). Bu, qanunun imperativ tələbidir və belə cərimə iki yüz min manat miqdarında müəyyən edilmişdir.
Cinayət Məcəlləsinin 99-6.2-ci maddəsində cərimənin təyin edildiyi zaman nəzərə alınmalı olan hallar göstərilmiş və bu hallara cinayətin ağırlıq dərəcəsinə görə növü və hüquqi şəxsin əmlakının dəyəri aid edilmişdir.
Cinayət Məcəlləsinin 99-6.3-cü maddəsində təyin oluna biləcək cərimənin cinayətin ağırlıq dərəcəsinə görə (böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlər) yuxarı və aşağı həddi müəyyən olunmuş, həmin Məcəllənin 99-6.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz.
Həmin hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla cərimə əlli min manatdan iki yüz min manatadək miqdarında və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarında müəyyən olunur (Cinayət Məcəlləsinin 99-6.2-ci maddəsi).
Göründüyü kimi, cərimə məbləğinin iki qaydada – konkret pul məbləği və ya vurulmuş ziyanın (əldə edilmiş gəlirin) konkret misli miqdarında müəyyən edilməsi nəzərdə tutulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu Cinayət Məcəlləsinin 99-6.2-ci maddəsinin məzmunu və mahiyyətinə uyğun olaraq hesab edir ki, cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) miqdarı müəyyən edilə bildiyi halda cərimə ziyanın (gəlirin) konkret misli miqdarında, ziyan vurulmadıqda və ya gəlir əldə edilmədikdə, həmçinin belə ziyanın və ya gəlirin miqdarı dəqiq müəyyən edilə bilmədikdə hüquqi şəxs barəsində konkret pul məbləğində təyin edilə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu əmlakı olmayan hüquqi şəxsə münasibətdə cərimə cinayət-hüquqi tədbirinin hansı qaydada tətbiq edilməsinə dair müraciətdə qaldırılan məsələ ilə bağlı, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya), Cinayət və Cinayət-Prosessual qanunvericiliyinin bəzi müddəalarının, habelə Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarındakı hüquqi mövqelərinin nəzərdən keçirilməsini vacib hesab edir.
Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə görə, hakim işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə əsasən və qanuna müvafiq baxır.
Konstitusiyanın bu normasına əsaslanan Cinayət Məcəlləsinin 4-cü maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllə qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsipinə əsaslanır.
Cinayət Məcəlləsinin qanunçuluq prinsipini nəzərdə tutan 5-ci maddəsinə müvafiq olaraq, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir.
Qanunçuluq prinsipinin ayrılmaz tərkib hissəsi olan cəzanın qaçılmazlığı prinsipinə görə, cinayət törətmiş şəxs qanunla müəyyən edilmiş sanksiyalara müvafiq olaraq mütləq cəzalandırılmalıdır. Bu, hüquqpozanlara qarşı sanksiyaların tətbiq ediləcəyinə, onların məsuliyyətə cəlb olunacağına zəmanət verir.
Bununla belə nəzərə almaq lazımdır ki, qanunçuluq və cəzanın qaçılmazlığı prinsipi ədalət prinsipinə əsaslanır və bu prinsipə uyğun olaraq cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (Cinayət Məcəlləsinin 8.1-ci maddəsi).
Qeyd edilməlidir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan cinayət qanunu ilə cəza anlayışına bir sıra yeni elementlər daxil edilərək cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədinə xidmət etdiyi nəzərdə tutulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarında göstərmişdir ki, ədalətli cəzanın təyin edilməsi, ilk növbədə, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir.
Ədalət prinsipi cinayət məsuliyyətinə cəlb olunmuş hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər üçün də keçərlidir.
Əvvəldə də göstərildiyi kimi, Avropa Şurasının “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyasının 19-cu maddəsinin 1-ci və 2-ci bəndlərinə uyğun olaraq, tətbiq edilən cinayət və qeyri-cinayət xarakterli sanksiyalar, o cümlədən maliyyə sanksiyaları səmərəli, mütənasib və çəkindirici olmalıdır.
Nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsində hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirlər hüquqi şəxsin fəaliyyətini sonlandırmaq deyil, onların fəaliyyətinin qanuna uyğun həyata keçirilməsini təmin etmək, həmin və digər hüquqi şəxsləri hüquq pozuntularından çəkindirmək və yeni pozuntuların qarşısını almaq məqsədini daşıyır.
Məhz məsuliyyətə cəlb olunan hüquqi şəxsin iqtisadi stabilliyi baxımından Cinayət Məcəlləsinin 99-6.4-cü maddəsində müəyyən edilmişdir ki, cərimə hüquqi şəxsin əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz və bu hal hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti və s. ilə birlikdə cərimə təyin olunarkən nəzərə alınmalıdır.
Qanunun göstərilən tələblərindən irəli gələrək, məhkəmələr cərimə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi qənaətinə gələrkən bir sıra halları, o cümlədən məhkəmə aktının icrasına təsir edəcək halları (məsələn, hüquqi şəxsin maliyyə vəziyyətini və s.) mütləq müəyyən etməlidir.
Bu qaydalara riayət edilməməsi cərimə cinayət-hüquqi tədbirini onu ödəyə bilmək qabiliyyətində olmayan hüquqi şəxsin iqtisadi fəaliyyətini sarsıdan mexanizmə çevrilə bilər.
Konstitusiyanın 129-cu maddəsinin I hissəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir.
Cinayət məsuliyyətinə cəlb olunmuş hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti ilə uyğunlaşmayan və realizəsi mümkün olmayan cinayət-hüquqi tədbirin tətbiqi barədə məhkəmə aktı isə sonda Konstitusiyanın 129-cu maddəsinin I hissəsinin pozulmasına səbəb olmaqla yanaşı Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olunmasını da mümkünsüz edir.
O da nəzərə alınmalıdır ki, hazırkı müraciətə səbəb olan işdə olduğu kimi bəzi hallarda hüquqi şəxs barəsində tətbiq oluna biləcək yeganə cinayət-hüquqi tədbir olaraq cərimə çıxış edir. Lakin cinayət-hüquqi məsuliyyətə cəlb edilmiş hüquqi şəxsin hər hansı əmlakı olmadığından, cərimənin tətbiqi barədə məhkəmə qərarının icrası aşkar şəkildə mümkünsüz olur.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hüquqi şəxslərə münasibətdə tətbiq edilə biləcək sanksiyalarla bağlı qanunvericilik normalarının təkmilləşdirilməsi hüquqi şəxslərin məsuliyyətə cəlb olunması məqsədinə nail olunmasına, ədalət prinsipinin təmin edilməsinə imkan verərdi.
Qanunvericiliyin belə təkmilləşdirilməsi həyata keçirilərkən xarici ölkələrin təcrübəsi də nəzərə alına bilər. Belə ki, hüquqi şəxslərə tətbiq olunan sanksiyaların müxtəlifliyi onların məqsədinə daha səmərəli çatmağa imkan verir.
Xarici ölkələrin qanunvericiliyinə nəzər yetirdikdə hüquqi şəxslər barəsində tətbiq edilə bilən sanksiyalar sırasında hökmün dərc edilməsi, sahibkarlıq və ya sair fəaliyyətin həyata keçirilməsinin qadağan edilməsi, dövlət tenderlərində iştirakın qadağan edilməsi, hüquqi şəxsin fəaliyyətinin məhdudlaşdırılması, o cümlədən şöbə (nümayəndəlik) və ya filialın bağlanması, hüquqi şəxsin fəaliyyətinin müvəqqəti dayandırılması kimi sanksiyalara rast gəlinir (Serbiya, Çexiya, Belçika, Albaniya, İspaniya, Litva və s.).
Qeyd edilməlidir ki, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlməklə göstərilən normalarda əks olunmuş qanunçuluq prinsipi cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən, hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirləri nəzərdə tutan Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin və bununla bağlı müvafiq normaların təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən, hüquqi şəxslərə tətbiq edilən cinayət-hüquqi tədbirləri nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-5-ci maddəsinin və bununla bağlı müvafiq normaların təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev