AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
“İcra haqqında” Azərbaycan
Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü
maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I
hissəsi və 129-cu maddəsinin I və II hissələri ilə əlaqəli şəkildə şərh
edilməsinə dair
23 aprel 2024-cü il Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa
Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Ali Məhkəməsinin
müraciəti əsasında “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və
53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və
139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında”
Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsi və 129-cu maddəsinin
I və II hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim İ.Nəcəfovun
məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Ali Məhkəməsinin və
Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Bakı
Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizəsini və iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN
ETDİ:
Azərbaycan Respublikasının Ali
Məhkəməsi (bundan sonra – Ali Məhkəmə) Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək “İcra
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “İcra haqqında” Qanun)
50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan
sonra – Mülki Məcəllə) 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan
sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 8.0.2 və 8.0.4-cü
maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –
Konstitusiya) 60-cı maddəsinin I hissəsi və 129-cu maddəsinin I və II hissələri
ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, Ali
Məhkəmənin Mülki Kollegiyasının icraatında T.Əfəndiyevanın İ.Ağayevə qarşı evin
boşaldılması və evə köçürülmə tələbinə və s. tələblərə dair iddia ərizələri
üzrə mülki iş vardır.
İşin məhkəmələr tərəfindən müəyyən
edilmiş halları ondan ibarətdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14
mart 2018-ci il tarixli qətnaməsi ilə T.Əfəndiyevanın İ.Ağayevə qarşı pul tələbinə
dair iddiası təmin edilmiş, həmçinin iş üzrə 17 iyul 2017-ci il tarixli
Qərardadla iddianın təmin tədbiri qismində İ.Ağayevə məxsus fərdi yaşayış
evinin üzərinə həbs qoyulmuşdur.
Bakı şəhəri Yasamal Rayon
Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra sənədi üzrə borclu
qətnaməni könüllü icra etmədiyi üçün onun mülkiyyətində olan fərdi yaşayış evi
borcun əvəzi kimi tələbkar T.Əfəndiyevaya təklif olunmuşdur. Sonuncu təklifi
qəbul etmiş və mübahisə predmeti olan daşınmaz əmlak icra məmurunun məktubuna
əsasən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə T.Əfəndiyevanın
adına qeydə alınmışdır. Sonradan T.Əfəndiyeva iddia ərizəsi ilə məhkəməyə
müraciət edərək, həmin evin İ.Ağayev tərəfindən boşaldılması və özünün oraya
köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Müraciətdə qeyd edilmişdir ki,
mülki iş müxtəlif instansiya məhkəmələrinin icraatında olmuş, mübahisəyə tətbiq
edilməli olan maddi hüquq normaları məhkəmələr tərəfindən fərqli qaydada təfsir
və tətbiq edilmişdir. Belə ki, “İcra haqqında” Qanunun 53.1-ci maddəsinə
müvafiq olaraq üzərinə həbs qoyulmuş əmlak tələbkara təklif olunur, tələbkar
imtina etdikdə isə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılır. Normanın
məzmunundan belə görünür ki, tələbkar təklifi qəbul etdiyi halda, hər hansı
digər prosedur olmadan borclunun əmlakı tələbkara verilir və o, əmlaka
mülkiyyət hüququnu əldə edir. Bu hal isə məhz daşınmaz əmlakın tələbkarın
mülkiyyətinə verilməsi halında qeyri-müəyyənliyin yaranmasına səbəb olur.
Mövcud təcrübəyə əsasən, bu kimi
hallarda icra məmuru tələbkar tərəfindən qəbul edilmiş daşınmaz əmlakın dövlət
reyestrində qeydə alınması ilə bağlı ərazi üzrə daşınmaz əmlakın dövlət
reyestri orqanına müraciət edir və həmin orqan icra məmurunun məktubu əsasında tələbkarın
adına qeydiyyat aparır. Lakin istər Mülki Məcəllədə, istərsə də “Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Qanunda daşınmaz əmlaka mülkiyyət hüququnun
qeydə alınması üçün əsas kimi belə bir hal, yəni icra məmurunun məktubu nəzərdə
tutulmamışdır.
Müraciətedən hesab edir ki,
qanunvericiliklə birbaşa müəyyən edilməsə də, borclunun əmlakını qəbul edən
tələbkarın müvafiq əşya üzərində hüquqlarının qeydə alınması üçün dolayı əsas
kimi 2 hal, müvafiq olaraq Mülki Məcəllənin 139-1.1.2, 139-1.1.4-cü və “Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2 və 8.0.4-cü maddələrində
nəzərdə tutulmuş hallar çıxış edə bilər. Bu isə həmin maddələrin yalnız
genişləndirici təfsiri əsasında mümkündür.
Müraciətedənin qənaətinə görə, “İcra
haqqında” Qanunun 53.1-ci maddəsində mövcud olan natamamlıq (tələbkar
tərəfindən daşınmaz əmlak borcun əvəzi kimi qəbul edildiyi halda bunun
rəsmiləşdirilməsi və qeydiyyat qaydası ilə bağlı boşluq), habelə qeyd olunan
maddələrin hərfi təfsiri həmin Qanunun
50 və 53-cü maddələrinin tətbiqini əksər hallarda qeyri-mümkün vəziyyətə
gətirir ki, bu da tələbkarın məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb ola
bilər.
Konstitusiya Məhkəməsinin Plenumu
müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın
60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati
qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Məhkəmə müdafiəsi hüququ bir
tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə
məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin
müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların
vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə
dair” 2015-ci il 22 may tarixli Qərarı).
Konstitusiyanın 129-cu maddəsinin
müddəaları məhkəmə müdafiəsi hüququnun təmin edilməsi baxımından mühüm
əhəmiyyətə malikdir. Belə ki, həmin maddənin I və II hissələrinə müvafiq
olaraq, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların
icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş
məsuliyyətə səbəb olur.
Konstitusiya Məhkəməsi Plenumunun
bir sıra qərarlarında da vurğulanmışdır
ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi
hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında
xüsusi önəm daşıyır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının vaxtında
və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata
keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli
Qərar).
Məhkəmə müdafiəsi ilə bağlı
konstitusion göstəriş və prinsiplər Əsas Qanunla bəyan edilmiş digər hüquqların,
o cümlədən mülkiyyət hüququnun sadəcə deklarativ xarakterli deyil, real olmasını
və qorunmasını təmin etmiş olur.
Konstitusiyanın 13 və 29-cu
maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və
dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır.
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən
xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Qeyd olunmalıdır ki, Mülki
Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər
hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və
xitamı dövlət qeydiyyatına alınmalıdır.
Daşınmaz əmlak üzərində
hüquqların dövlət qeydiyyatı üçün Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində bir sıra əsaslar müəyyən
olunmuşdur. Lakin müraciətdə qaldırılan məsələnin həlli ilə əlaqədar
Konstitusiya Məhkəməsinin Plenumu bu əsaslardan ikisini:
- qanuni qüvvəyə minmiş məhkəmə qərarlarını
(Mülki Məcəllənin 139-1.1.4-cü və “Daşınmaz əmlakın dövlət reyestri haqqında”
Qanunun 8.0.4-cü maddələri);
-
qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar
tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar
hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən
əldə olunmasına dair protokolu (Mülki Məcəllənin 139-1.1.2-ci və “Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddələri) “İcra haqqında” Qanunun tələbin borclunun əmlakına yönəldilməsini tənzimləyən
maddələri ilə funksional əlaqəli şəkildə təhlil olunmasını zəruri hesab edir.
Nəzərə alınmalıdır ki, ədalət mühakiməsinin təmin
edilməsi baxımından qanunverici öz səlahiyyətləri çərçivəsində qanuni qüvvəyə
minmiş məhkəmə aktının icrasına yönəlmiş müvafiq qaydaları müəyyən edir və
onları mütəmadi təkmilləşdirir. Bu qaydaları özündə əks etdirən “İcra haqqında”
Qanunun 43.1.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə
həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərindən
biri kimi müəyyənləşdirilmişdir. Həmin
Qanunun 45.1-ci
maddəsinə görə, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs
qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir.
“İcra haqqında” Qanunun 50.1-ci maddəsinə müvafiq olaraq, icraata başlamaq
haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay
müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə
eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur.
İcra sənədi
icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra
sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında
əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış
təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu
tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini
və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat
olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə
həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə
nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir (“İcra haqqında”
Qanunun 50.2-ci maddəsi).
Qeyd olunan Qanunun 53-cü maddəsi ilə üzərinə
həbs qoyulmuş əmlakın satılması qaydası da müəyyənləşdirilmişdir. Həmin Qanunun
53.1 və 53.3-cü maddələrinin tələblərinə görə üzərinə həbs qoyulmuş əmlak, qanunla
dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna
olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı
olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə
tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak
tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır.
Əmlak satılmadıqda, həmin əmlak
yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak
borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər
orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
Diqqətə alınmalıdır ki, əmlakın üzərinə həbs
qoyulması barədə qərardadda həmin əmlakın tələbkara verilməsi və ya üçüncü
şəxslərə satılması ilə bağlı hər hansı göstərişin öz əksini tapmaması ilə
yanaşı, belə məhkəmə aktı tələbkarın borclunun əmlakını qəbul etməyə razılığı ilə
bağlı hər hansı iradə ifadəsini də özündə əks etdirmir. Tələbkarın əmlak
üzərində mülkiyyət hüququ həmin əmlak üzərinə həbs qoyulması barədə məhkəmə
qərardadı əsasında deyil, məhz əmlakın satılması (və ya tələbkara verilməsi) ilə
bağlı qanunvericiliklə müəyyənləşdirilmiş prosedurların həyata keçirilməsi və onun
nəticələrini əks etdirən sənədlər əsasında əmələ gəlir.
Bu baxımdan Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, borclunun əmlakını qəbul etmiş tələbkarın
mülkiyyət hüququ dolayısı ilə müvafiq məhkəmə qərarının icrasına yönəlmiş təmin
tədbirinin nəticəsində yaranmış olsa da, həmin mülkiyyət hüququnun dövlət
qeydiyyatı üçün əsas kimi məhkəmə qərarı və ya qərardadı deyil, tələbkarın
borclunun əmlakını qəbul etməsi faktı və bunu təsdiq edən sənəd çıxış edir.
Müraciətdə göstərilən Mülki
Məcəllənin 139-1.1.2-ci və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun
8.0.2-ci maddələri ilə bağlı isə qeyd olunmalıdır ki, əsas müqavilə üzrə kreditorun
mənafeyini təminat altına almaq məqsədi daşıyan bir əqd olaraq ipoteka
müqaviləsini bağlayarkən ipoteka qoyan qanunvericiliklə müəyyən edilmiş qaydada
ipoteka saxlayanın gələcəkdə ipoteka predmetinə tutmanın yönəldilməsi
səlahiyyətinin olduğunu bilir və şüurlu şəkildə bu müqaviləni bağlamaqla
əvvəlcədən belə bir şərti qəbul etmiş olur. Bu halda tələbin ipoteka ilə yüklü
edilmiş əmlaka yönəldilməsi və ipoteka saxlayanın ipoteka predmeti üzərində
mülkiyyət hüququ müqavilənin mahiyyətindən irəli gəlir.
Əsas öhdəlik pozulduğu təqdirdə
tələbin ipoteka predmetinə yönəldilməsi ilə bağlı qaydaların təsbit edildiyi “İpoteka
haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsinə əsasən, təkrar
hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan
tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30
təqvim günü ərzində protokol imzalayırlar və bu protokol müqavilə qüvvəsinə
malikdir.
Odur ki, yuxarıda göstərilən
maddələrdə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin
ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol bu münasibətlər
nəticəsində yaranan mülkiyyət hüququnun dövlət qeydiyyatının əsası qismində təsbit
edilmişdir.
Göründüyü kimi, ipoteka
predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolun
imzalanması müddəti, qaydası, həmin protokolun tərəfləri və hüquqi qüvvəsi ilə
bağlı məsələlər qanunvericiliklə açıq şəkildə tənzimlənmişdir.
Bundan fərqli olaraq ipoteka
müqaviləsindən kənar digər münasibətlər üzrə tələbkar borclunun əmlakını qəbul
etdiyi halda, bu faktın rəsmiləşdirilməsi qaydası və hüququn dövlət qeydiyyatı
ilə bağlı qanunvericilikdə birmənalı və qəti tənzimetməni təsbit edən norma
nəzərdə tutulmamışdır.
Konstitusiya Məhkəməsinin Plenumu
hesab edir ki, müvafiq maddələrdə hüquqların dövlət qeydiyyatı üçün əsas kimi
təsbit olunmuş “təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin
ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol” məhz ipoteka hüquq
münasibətləri üzrə nəzərdə tutulduğundan, bu hal “İcra haqqında” Qanunun 53-cü
maddəsinə müvafiq olaraq borclunun əmlakını qəbul etmiş tələbkarın həmin əmlak
üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının əsası kimi çıxış etmir.
Vurğulanmalıdır ki, Mülki
Məcəllənin 14.2.4-cü maddəsinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ
gəlməsi əsaslarından biri də qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlakın
əldə edilməsidir. “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələrinə müvafiq
olaraq icra məmurunun təklifi əsasında tələbkarın üzərinə həbs qoyulmuş
borclunun əmlakını qəbul etməsi də həmin əmlak üzərində əşya hüquqlarının əmələ
gəlməsi üzrə qanunvericiliyin yol verdiyi əsaslardan biridir.
Xüsusilə qeyd olunmalıdır ki,
Mülki Məcəllənin 139-1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət
qeydiyyatı üçün əsasların dairəsini müəyyən etsə də, bu siyahı məhdudlaşdırıcı
xarakter daşımır. Daşınmaz əmlak üzərində qanuni əsaslardan yaranan hüququn
həmin əsasın bu siyahıda olmaması səbəbi ilə qeydiyyatından imtina edilməsi
qeydiyyatın məqsəd və təyinatından kənar olmaqla mülkiyyət hüquqlarının
pozulmasına gətirib çıxara bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında”
Qanunun 8-ci maddəsi də daşınmaz əşya üzərində qanuni əsaslardan əmələ gələn
hüquqların dövlət qeydiyyatının prosessual qayda və əsaslarını müəyyən edir.
Odur ki, bu normalarda birbaşa göstərilməməsi səbəbi ilə borclunun əmlakını
qəbul etmiş tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina
edilməsi yolverilməzdir.
Konstitusiya
Məhkəməsinin Plenumu əvvəlki qərarlarında da qeyd etmişdir ki, Azərbaycan
Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı
mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata
keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində
qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması
baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin
qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun
tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət
qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və
əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki
fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin
qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş
səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin
hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız
olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir (“Daşınmaz
əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci
maddəsinin şərh edilməsinə dair” 2017-ci il 28 mart tarixli Qərar).
Bu baxımdan Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, tələbkarın borclunun əmlakını qəbul
etməsinin rəsmiləşdirilməsi qaydasının, eləcə də tələbkarın həmin əmlak
üzərində yaranan mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasların
qanunvericiliklə birbaşa tənzimlənməməsi boşluğun yaranması ilə nəticələnmişdir.
Qanunvericilikdə boşluq isə konkret ictimai münasibətləri tənzimləyən
qanunvericilik normalarının olmamasıdır (“Normativ hüquqi aktlar haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun 1.0.9-cu maddəsi).
Hər hansı normativ hüquqi aktın
hüquqi cəhətdən tənzimlənməsi zəruri olan ictimai münasibətləri bütövlükdə
əhatə etməməsi, təcrübədə yaranan müəyyən hüquqi məsələlərin həllində
müvafiq qaydanın yetərsiz qaldığı hallarda da qanun boşluğu yaranmış olur.
Tələbin borclunun əmlakına
yönəldilməsi və bununla da yaranan nəticələrin rəsmiləşdirilməsi ilə bağlı
qaydaları müəyyən edən hüquq normalarının aydın və birmənalı olması, müvafiq prosessual
hərəkətləri və onların nəticələrini dəqiq tənzimləməsi əvvəldə də qeyd olunduğu
kimi, dövlət adından çıxarılan məhkəmə qərarlarının icrasının məcburiliyini
müəyyən edən konstitusion normaların realizəsi baxımından xüsusi önəm kəsb
edir.
Əks təqdirdə, vətəndaşların hüquq
və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını
zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin
şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
Yuxarıda qeyd
olunanları nəzərə alaraq, “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələri ilə
müəyyən edilmiş hallarda tələbkarın borclunun əmlakını qəbul etməsinin nəticələrinin
rəsmiləşdirilməsi qaydasının, həmçinin həmin əmlak üzərində mülkiyyət hüququnun
dövlət qeydiyyatı üçün əsasların qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə
və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır.
Həmçinin Konstitusiya
Məhkəməsinin Plenumu bildirməyi zəruri hesab edir ki, Konstitusiyanın 13, 29,
60 və 129-cu maddələrinin tələblərinə müvafiq olaraq, borclunun əmlakını qəbul
etmiş tələbkarın mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının təmin edilməsi
zərurəti nəzərə alınmaqla, qanunverici orqan tərəfindən müvafiq tənzimləmə
həyata keçirilənədək, tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatından,
belə qeydiyyat üçün müvafiq əsasın nə Mülki Məcəllədə, nə də “Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Qanunda nəzərdə tutulması əsası ilə imtina edilməsinə
yol verilməməlidir.
Müxtəlif
hüquq sahələrində normaların tətbiqi prosesində prosessual hərəkətlərin rəsmiləşdirilməsi
bir qayda olaraq protokol əsasında aparılır və həmin sənədin əsasını hansı hərəkətlərin
təşkil etməsi protokolun adında ifadə olunur. Məsələn, cinayət prosessual
hüququnda hadisə yerinin müayinə protokolu, şahidi, zərərçəkmişi və ya başqa şəxsləri
dindirmə protokolu, mülki hüquqda əmlakın qəbul edilməsi və ya verilməsinə dair
protokol və s.
Bu səbəbdən Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, məsələ qanunvericilik qaydasında həll
edilənədək “İcra haqqında” Qanunun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə
tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul
etməsinin icra məmuru və tələbkar tərəfindən imzalanan protokolla
rəsmiləşdirilməsi və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət
qeydiyyatının da bu protokol əsasında aparılması məqsədəmüvafiqdir. Belə
protokol məhkəmə qərarlarının icrası prosesində yerinə
yetirilən hərəkətləri özündə əks etdirən, icraçı tərəfindən imzalanan
prosessual sənəd qismində çıxış edir.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- “İcra haqqında” Qanunun 53.1 və
53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə
həbs qoyulmuş əmlakını qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi
qaydasına dair, habelə əmlak üzərində
tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasın müəyyən edilməsi
məqsədilə Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında”
Qanunun 8-ci maddələrində müvafiq tənzimləmənin həyata keçirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir;
- Konstitusiyanın 29-cu
maddəsinin I və III hissələrinə, 60-cı maddəsinin I hissəsinə, 129-cu maddəsinin I və II hissələrinə və bu
Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən,
məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra haqqında” Qanunun 53.1
və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə
həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı
iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan
protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət
qeydiyyatı bu protokol əsasında aparılmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu
maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA
ALDI:
1. “İcra
haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.3-cü maddələri ilə
nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını
qəbul etməsinin nəticələrinin rəsmiləşdirilməsi qaydasına dair, habelə əmlak
üzərində tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsasın müəyyən
edilməsi məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 və
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun
8-ci maddələrində müvafiq tənzimləmənin həyata keçirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə edilsin
2. Azərbaycan
Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə,
60-cı maddəsinin I hissəsinə, 129-cu
maddəsinin I və II hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll
edilənədək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.3-cü
maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını
qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə
əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla
rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı
bu protokol əsasında aparılmalıdır.
3. Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
4. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar qətidir, heç bir
orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev