AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair
20 iyul 2023-cü il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti
ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-cı maddəsinin bəzi
müddəalarının tətbiqi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin
məruzəsini, ərizəçinin şikayətini, Azərbaycan Respublikası Milli Məclisi
Aparatının İqtisadi qanunvericilik şöbəsinin, Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının, Azərbaycan Banklar Assosiasiyasının mütəxəssis mülahizələrini,
ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri,
professor, hüquq elmləri doktoru A.Qasımovun və Mülki hüquq kafedrasının
professoru, hüquq elmləri doktoru M.Dəmirçiyevanın rəylərini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
E.Baxşalıyev “Kapital
Bank” Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra – “Kapital Bank” ASC) qarşı əmək haqqı
hesablarından 10 iyul 2019-cu il tarixli zaminlik müqaviləsi üzrə əmək haqqının
əlli faizindən çox pulun tutulmasına son qoyulması, əmək haqqı hesabında
tutulmalardan sonra qalan məbləğin miqdarının yaşayış minimumu məbləğindən az
olmamalı olduğunun müəyyən olunması, əmək haqqı hesabları üzərində tətbiq
olunan məhdudiyyətlərin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət
etmişdir.
Şikayətdə
göstərilmişdir ki, İ.Şükürov ilə “Kapital Bank” ASC arasında 10 iyul
2019-cu il tarixində kredit müqaviləsi
bağlanmışdır. Kredit müqaviləsinə əsasən İ.Şükürova 48 ay müddətinə, illik 29,84
faiz ödəmək şərtilə 12 500 manat məbləğində
kredit verilmişdir.
Eyni
zamanda “Kapital
Bank” ASC ilə E.Baxşalıyev arasında 10
iyul 2019-cu il tarixində
zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən isə kredit
götürmüş şəxs öz öhdəliklərini icra etmədiyi halda E.Baxşalıyev
məsuliyyəti öz üzərinə götürmüşdür. Zaminlik
müqaviləsinin 9-cu bəndinə əsasən, kredit müqaviləsi
üzrə əsas və faiz borcları, habelə dəbbə pulu ilə bağlı borclar zaminin sərəncamı olmadan, akseptsiz qaydada (əlavə
razılığını almadan) onun istənilən bank hesabından Bank tərəfindən tutula
(silinə) bilər.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr
2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
Birinci instansiya məhkəməsinin mövqeyinə görə,
iddiaçı zaminlik müqaviləsində göstərilən şərtlərlə razılaşaraq “Kapital Bank”
ASC ilə həmin müqaviləni bağlamışdır. Borclu kredit müqaviləsi üzrə öz üzərinə
götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyinə görə, “Kapital Bank” ASC zaminlik
müqaviləsinin şərtlərini əsas götürərək E.Baxşalıyevin əmək haqqı kartından tutmalar
aparmağa başlamış və bu zaman bank tərəfindən heç bir qanun pozuntusuna yol
verilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının
10 fevral 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi
ləğv edilərək iddia qismən təmin edilmiş,
“Kapital Bank” ASC tərəfindən E.Baxşalıyevin əmək haqqı hesabından
zaminlik müqaviləsi üzrə əmək haqqının əlli faizindən çox pulun tutulmasına son
qoyulması və əmək haqqı hesabı üzərində tətbiq olunan məhdudiyyətin müvafiq
hissədə (əlli faizdən artıq hissədə) aradan qaldırılması qət edilmişdir.
Apellyasiya instansiyası məhkəməsi mövqeyini
onunla əsaslandırmışdır ki, zaminlik müqaviləsinin 9-cu bəndində əmək haqqının
tamamının tutula biləcəyi açıq şəkildə göstərilməmişdir. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 419.2-ci maddəsinə
görə isə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün
qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini
təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Bu səbəbdən tərəflər arasında
bağlanmış zaminlik müqaviləsinin 9-cu bəndi cavabdeh tərəfindən iddiaçının həmin
bankda olan əmək haqqı hesabından onun maaşının tamamının silinməsinə əsas verən
razılaşma kimi qiymətləndirilə bilməz.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının
(bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 17 yanvar 2023-cü il tarixli
qərarı ilə “Kapital Bank” ASC-nin kassasiya şikayəti təmin olunmayaraq apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
“Kapital Bank” ASC Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin
Mülki Kollegiyasının 17 yanvar 2023-cü il tarixli qərarının Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı
maddəsinin I hissəsinə, Mülki Məcəllənin 390, 391, 957, 964, 965-ci maddələrinə və Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual
Məcəllə) 416, 417 və 418-ci maddələrinə uyğunluğunun yoxlanılmasını xahiş
etmişdir.
Şikayətdə o da göstərilmişdir ki, Ali Məhkəmənin Mülki
və Kommersiya Kollegiyaları tərəfindən “Əqdə əsasən borclunun əmək haqqından
akseptsiz qaydada tutmanın mümkün
hədləri ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” 14 dekabr 2022-ci il tarixli
Qərardad qəbul edilmişdir. Həmin Qərardadla kreditora borclunun əmək haqqının iyirmi
faizindən artıq həcmdə akseptsiz qaydada pul vəsaiti tutmaq hüququ verən
müqavilə şərti etibarsız hesab edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətdə qaldırılan
məsələnin həlli məqsədi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan
sonra – Əmək Məcəlləsi) 176-cı maddəsinin bəzi müddəalarının hüquqi
mahiyyətinin və təyinatının açıqlanmasını zəruri hesab etdiyindən, müvafiq
normanın xüsusi konstitusiya icraatı qaydasında şərh edilməsi qənaətinə gəlmişdir.
Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri
olan zaminlik Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Həmin
Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin
kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra
etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
Mülki Məcəllənin
zaminin məsuliyyətini müəyyən edən 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə
təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə
və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə
tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Zaminlik müqaviləsi kreditorla zamin arasında
bağlanılır və zamin əsas borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca
icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə
götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və
ya lazımınca icra edilmədiyi halda, kreditor zaminə qarşı həmin öhdəliyin
icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur.
Konstitusiya Məhkəməsinin Plenumu
qeyd edir ki, Konstitusiyanın 29-cu
və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də
Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının
reallaşdırılması elementlərindən biri kimi çıxış edən müqavilə azadlığı mülki dövriyyə iştirakçılarına azad qaydada müqavilə
bağlamaq və onun məzmununu müəyyən etmək imkanını tanıyır.
Hər kəs müqavilə
bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas
prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Bu prinsip mülki hüquq
subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə
və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir.
Müqavilə azadlığının məzmununu
formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya
bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o
cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar. Mülki Məcəllənin 390-cı maddəsinə əsasən, fiziki
və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu
müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd
olmayan müqavilələr də bağlaya bilərlər.
Lakin
vurğulanmalıdır ki, mülki hüquq subyektləri öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə
və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəst
olsalar da, qanunla dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin
sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və
azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduğu həddə bu
hüquqa məhdudiyyət qoyula bilər (Mülki Məcəllənin 6.3-cü maddəsi).
Hazırkı iş üzrə bağlanmış zaminlik
müqaviləsi də tərəflər arasında mülki münasibətlərin yaranmasına səbəb olsa da,
zaminlik müqaviləsi üzrə borcun akseptsiz qaydada zaminin əmək haqqından
tutulması ilə bağlı şərt müvafiq münasibətin tənzimlənməsində Əmək Məcəlləsinin
aidiyyəti normalarının tətbiqini labüd edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai
rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə
özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Əmək
Məcəlləsinin preambulasında müəyyən edilmişdir ki, Məcəllənin müvafiq hüquq
normaları ilə əmək münasibətlərində işçilərin və işəgötürənlərin əmək, sosial,
iqtisadi hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatların minimum səviyyəsi,
Konstitusiyanın ikinci bölməsində nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və
sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquqlarının və
azadlıqlarının təmin edilməsi prinsipləri və qaydaları, Azərbaycan
Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq
Əmək Təşkilatının konvensiyalarına və digər beynəlxalq hüquq normalarına uyğun
olaraq əmək münasibətlərinin yaranması, dəyişdirilməsi, onlara xitam verilməsi
və bu münasibətlərin iştirakçılarının hüquqlarının mühafizəsi sahəsində işçilərin,
işəgötürənlərin, habelə müvafiq dövlət hakimiyyəti orqanlarının hüquqları, vəzifələri
təsbit edilmişdir.
Əmək
Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə uyğun olaraq, Əmək Məcəlləsi işçilərlə
işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq
dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən
digər hüquq münasibətlərini tənzim edir.
Əmək
Məcəlləsinin 175 və 176-cı maddələri ilə əmək haqqından tutulmalara yol verilən
hallar və bunun icrası qaydası, eləcə də əmək haqqından tutulan məbləğlərin
miqdarının hədləri müəyyən edilmişdir.
Bununla
bağlı Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, əmək haqqı institutunun
konstitusiya hüquqi mahiyyəti və təyinatının açıqlanmasını vacib hesab edir.
Belə ki, qanunvericilik normaları məhz Əsas Qanunun norma və göstərişlərinin
icrasını mümkün edəcək və məqsədinə uyğun şəkildə qəbul və tətbiq edilməlidir.
Konstitusiyanın 12-ci maddəsinin I hissəsinə
görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan
Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin
ali məqsədidir.
Konstitusiyanın 16-cı maddəsinin I hissəsinə əsasən,
Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun
sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
Həmçinin Konstitusiyanın 35-ci maddəsində hər kəsin
təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə
görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq
almaq hüququ təsbit edilmişdir.
Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə
uyğun olaraq, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə
yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi
xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən
gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər
ödənclərin məcmusudur.
Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək
funksiyasını yerinə yetirən işçinin qanunvericiliklə müəyyən edilmiş məbləğdən
aşağı olmayan əmək haqqı almaq hüququ vardır.
Qeyd edilməlidir ki, əmək haqqının hüquqi təyinatı
işçinin maddi və mənəvi ehtiyaclarının qarşılanmasını təmin etməklə yanaşı, həm
də, məhz dövlətin Əsas Qanun ilə müəyyən edilmiş ali məqsədinə, hər bir vətəndaşın
rifahı, layiqli həyat səviyyəsi ilə bağlı
öz üzərinə götürdüyü öhdəliklərin icrasına nail olmaqdan ibarətdir.
Çünki hər bir insan faydalı əməklə (fəaliyyətlə) məşğul olduğu təqdirdə bunun
müqabilində əmək haqqı almalıdır ki, bununla da özünün və ailəsinin maddi və mənəvi
tələbatlarını (ehtiyaclarını) ödəmiş,dövlətin isə xalqın sosial müdafiəsi və
layiqli həyat səviyyəsinin qayğısına qalmaqla bağlı öhdəliyinin icrası təmin
edilmiş olsun.
Əmək haqqının hüquqi mühafizəsinin
formalarından biri əmək haqqının toxunulmazlığıdır. Əmək haqqının
toxunulmazlığı, ilk növbədə, əmək haqqından tutmanın məhdudlaşdırılması vasitəsi
ilə təmin olunur.
Beynəlxalq Əmək Təşkilatının “Əmək haqqının
mühafizəsi haqqında” 95 nömrəli Konvensiyasının 8-ci maddəsinin birinci hissəsinə
əsasən, əmək haqqından tutulmalara yalnız həmin ölkənin qanunvericiliyi ilə müəyyən
edilmiş və ya kollektiv müqavilələrlə və ya arbitraj qərarları ilə təyin
olunmuş şərtlərə riayət edildikdə və ölçülərdə (hədlərdə) icazə verilir.
Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci hissəsində
göstərilmişdir ki, əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən
hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin
qərarı ilə qanunvericiliklə nəzərdə
tutulmuş icra sənədləri üzrə tutula bilər.
Əmək Məcəlləsinin
175-ci maddəsinin 6-cı hissəsində təsbit edilmişdir ki, işçinin ərizəsində göstərdiyi
məbləğdə və müddətlərdə əmək haqqının müvafiq hissəsi kommunal xərclərin,
bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün
tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət
etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əmək haqqından
tutula bilməz. Həmin maddənin 2-ci hissəsində məhz işəgötürənin sərəncamı ilə
işçinin əmək haqqından tutulan ödənişlər (məsələn, müvafiq vergilər, sosial
sığorta haqları və digər icbari ödəmələr, işəgötürənə işçinin (tam maddi məsuliyyət
daşıdığı hallar istisna olunmaqla) təqsiri üzündən onun orta aylıq əmək
haqqından artıq olmayan miqdarda vurduğu ziyanın məbləği və s.) müəyyən
edilmişdir.
Əmək Məcəlləsinin 176-cı maddəsinin 1 və 2-ci
hissələrinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin
ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq
qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.
Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün
hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.
Göstərilən maddənin 3-cü hissəsinə görə, bu
maddənin 1-ci və 2-ci hissələri ilə müəyyən edilmiş məhdudiyyətlər islah işləri
çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi,
ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın
ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə
verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun
(bundan sonra – “İcra haqqında” Qanun) 63-69-cu maddələrini əhatə edən VI Fəsli tələbin borclunun əmək haqqına və digər gəlirlərinə
yönəldilməsi adlanır. Həmin Qanunun 65.1-ci
maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər
sayılan digər gəlirlərindən tutmaların məbləği əlli faizdən çox ola bilməz.
Qanunun 65.2-ci maddəsinə müvafiq olaraq, tələb, bir neçə icra sənədi üzrə
borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə,
qazancın əlli faizi borcluda qalmalıdır.
“İcra haqqında” Qanunun
65.3-cü maddəsinə görə isə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın
ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə
vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi
zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər
tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən
tutmaların məbləği 70 faizdən çox ola bilməz.
Beləliklə, təmin
edilməli olan tələbin əhəmiyyətlilik dərəcəsindən asılı olaraq, qanunverici tərəfindən
əmək haqqından tutmanın aşağıdakı hədləri müəyyən edilmişdir:
işəgötürənin sərəncamı ilə tutulan ödənişlərlə
bağlı – iyirmi faizdən yuxarı olmamaqla;
məhkəmə qərarlarının
icrası ilə bağlı, o cümlədən qanunvericilikdə nəzərdə tutulmuş hallarda – əlli
faizdən yuxarı olmamaqla;
alimentlərin
tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində
zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində
vurulmuş ziyanın ödənilməsi ilə bağlı – yetmiş faizdən yuxarı olmamaqla.
Kreditorla bağlanmış
razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın
aparılması zamanı məhdudiyyətin tətbiq edilib-edilməməsi məsələsinin həlli məqsədilə
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ilk növbədə, əmək haqqından
tutmanın həddinin müəyyən edilməsində hüquqi məqsəd və bu məhdudiyyətin təyinatı
diqqətə alınmalıdır.
Əmək Məcəlləsinin
176-cı maddəsi ilə işçinin əmək haqqından tutmanın məbləği məhdudlaşdırılarkən işçinin
əsas həyati tələbatlarının qarşılanması üçün əmək haqqının müəyyən məbləğinin
ödənilməsi, bununla da əmək haqqının toxunulmazlığı təmin edilmiş olur.
Nəzərə alınmalıdır
ki, bu məhdudiyyət təkcə işçinin deyil, bir sıra hallarda onun ailə üzvlərinin
mövcudluğunun və yaşayışının yeganə və əsas mənbəyi olan əmək haqqının xüsusi
mühafizəsini təmin etməkdən, şəxsin yaşayışı üçün minimum dolanacaq imkanı verməkdən
və bununla da əmək haqqının sosial-iqtisadi funksiyasının yerinə yetirilməsinə
nail olmaqdan ibarətdir.
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd edir ki, Əmək Məcəlləsinin 175-ci maddəsi ilə əmək haqqından tutulmanın üç əsası olaraq
işəgötürənin sərəncamı, məhkəmə qərarı və işçinin razılığı müəyyən edilmişdir.
İşəgötürənin sərəncamı
ilə tutmanın həddi iyirmi faiz, məhkəmə qərarı üzrə isə əlli faiz həcmində təsbit
edilmişdir. Odur ki, məhkəmə qərarı ilə hər hansı mülki müqavilə, eləcə də
kredit müqaviləsi üzrə kreditorun tutmanın borclunun əmək haqqına yönəldilməsi
barədə tələbi əlli faizədək həcmdə təmin edilə biləcəyi halda, müvafiq münasibətlər
üzrə işçinin könüllü iradə ifadəsi əsasında belə tutmanın daha az həddə məhdudlaşdırılması
Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi təyinatı və yerinə
yetirdiyi funksiya ilə uzlaşmır. Bu həddin müəyyən edilməsi digər şəxslərin, o
cümlədən mülki müqavilələr üzrə kreditorların mənafeyinə və qanuni maraqlarına
xələl yetirmədən işçiyə yaşayış üçün minimum təminat imkanı vermək və bununla
da əmək haqqının sosial-iqtisadi funksiyasının həyata keçirilməsinin təmin
edilməsi məqsədini daşıyır.
Beləliklə, Konstitusiya
Məhkəməsinin Plenumu Konstitusiyanın yuxarıda göstərilən normalarının, habelə
Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin məzmununun və hüquqi mahiyyətinin
təhlili əsasında hesab edir ki, kreditorla bağlanmış könüllü razılaşmaya əsasən
borclunun əmək haqqından akseptsiz qaydada tutma zamanı tutmanın həddi müəyyənləşdirilərkən
qanunvericiliyin “əmək haqqının əlli faizinin saxlanması” barədə imperativ tələbi
tətbiq edilməlidir.
Odur ki, kassasiya
instansiyası məhkəməsinin mübahisələndirilən qərarında müvafiq qanunvericilik
normalarının düzgün tətbiq edilməməsi halı müəyyən olunmayaraq, həmin qərarın Konstitusiyanın 60-cı maddəsinə, Mülki
Prosessual Məcəllənin 416 və 418-ci maddələrinə uyğun qəbul edildiyi qənaətinə
gəlmək mümkündür. E.Baxşalıyevin “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinə qarşı əmək
haqqı hesablarından zaminlik müqaviləsi üzrə əmək haqqının əlli faizindən çox
pulun tutulmasına son qoyulması, əmək haqqı hesabında tutulmalardan sonra qalan
məbləğin miqdarının yaşayış minimumu məbləğindən az olmamalı olduğunun müəyyən
olunması, əmək haqqı hesabları üzərində tətbiq olunan məhdudiyyətlərin aradan
qaldırılması tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 17
yanvar 2023-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki
Prosessual Məcəllənin 416 və 418-ci maddələrinə uyğun hesab edilməlidir.
Konstitusiya Məhkəməsinin
Plenumu onu da qeyd edir ki, bu Qərarın qüvvəyə mindiyi tarixdən etibarən borclunun
əmək haqqından akseptsiz qaydada tutma Qərarın təsviri-əsaslandırıcı hissəsində
əks olunmuş hüquqi mövqeyə uyğun olaraq əlli faiz həddində aparıla bilər. Bu məhdudiyyət
həmçinin hazırda məhkəmələrin icraatında olan müvafiq işlər üzrə də tətbiq
edilməlidir.
Göstərilənləri nəzərə
alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
Konstitusiyanın 12, 16 və 35-ci maddələrinin,
habelə Əmək Məcəlləsinin 175 və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına
uyğun olaraq, əmək haqqının sosial-iqtisadi
funksiyasının təmin edilməsi baxımından kreditorla bağlanmış könüllü razılaşmaya
əsasən borclunun əmək haqqından akseptsiz qaydada tutmanın əlli faiz həddində
aparılması mümkün hesab edilməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, VI və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. Azərbaycan Respublikası Konstitusiyasının 12,
16 və 35-ci maddələrinin, habelə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175
və 176-cı maddələrinin hüquqi mahiyyəti və təyinatına uyğun olaraq, əmək
haqqının sosial-iqtisadi funksiyasının təmin edilməsi baxımından kreditorla
bağlanmış könüllü razılaşmaya əsasən borclunun əmək haqqından akseptsiz qaydada
tutmanın əlli faiz həddində aparılması mümkün hesab edilsin.
2. Qərar
dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi
təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev