Постановления

03.03.23 F.Nəcəfovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

3 mart 2023-cü il                                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, ərizəçinin şikayətini, ekspertlər Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin icraçı direktoru S.Mahmudov və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

F.Nəcəfova iddia ərizəsi ilə məhkəməyə müraciət  edərək Quba rayonu I Nügədi kəndində  yerləşən 1.33 ha torpaq  sahəsinə  dair  Q.Nəcəfov  ilə  A.Ağahüseynov, P.Ağahüseynov, M.Ağahüseynova, K.Ağahüseynova (Nurəhmədli) və P.Ağahüseynov arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli torpağın alğı-satqısı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Quba Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 iyun 2021-ci il tarixli qətnaməsi ilə F.Nəcəfovanın apellyasiya şikayəti təmin edilməmiş, birinci  instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 18 noyabr 2021-ci il  tarixli qərarı ilə  kassasiya şikayəti təmin edilməyərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 

F.Nəcəfova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ərizəçi şikayətində qeyd etmişdir ki,  atası Q.Nəcəfov ilə cavabdehlər 2004-cü ildə mübahisəli torpağa dair alğı-satqı müqaviləsi bağlamışlar. Cavabdehlər yaşadıqları kəndin ərazisində yerləşən həmin torpaq sahəsindən Nəcəfovlar ailəsinin  açıq-aşkar və fasiləsiz istifadəsinə 13 il ərzində hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müvafiq müqaviləni etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər. Nəcəfovlar cavabdehlərin bu davranışına güvənərək sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirməmişlər. Bununla belə, işə baxan məhkəmələr ətraflı araşdırma aparmadan, sübutlara düzgün hüquqi qiymət vermədən mübahisəli müqavilənin hüquqi qüvvəsinin olmaması qənaətinə gəlmişlər.

Şikayətdə o da göstərilmişdir ki, məhkəmələr iddiaçının mübahisəli torpaq sahəsi ilə bağlı iddia irəli sürməyə subyektiv hüququnun olmaması qənaətinə gələrkən qanunvericiliyin vərəsəlik institutuna dair normalarını, o cümlədən  vərəsələrin miras qoyanın öhdəlikləri ilə yanaşı hüquqlarını da əldə etməsini nəzərə almamış, bununla da ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələri ilə nəzərdə tutulmuş mülkiyyət,  hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi mülkiyyət hüququna verilən təminat, bu hüququ hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

Eyni zamanda, belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı).

Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə  2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

Hazırkı mülki iş üzrə məhkəmələr Q.Nəcəfovun  sağlığında 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsini notariat qaydasında rəsmiləşdirmədiyi, müqavilənin predmeti olaraq istifadəsində olan torpaq sahəsinə dair çıxarış və ya hər hansı rəsmi sənəd əldə etməyərək zəruri prosessual hərəkətləri həyata keçirmədiyi səbəbindən, F.Nəcəfovanın həmin torpaq sahəsini məhkəmə qaydasında mübahisələndirməyə subyektiv hüququnun olmaması qənaətinə gəlmişlər. Beləliklə, məhkəmələr bir tərəfdən iddiaçının atası Q.Nəcəfovun subyektiv hüququnun olduğu, digər tərəfdən isə bu hüquqdan atası tərəfindən istifadə edilməməsi səbəbindən F.Nəcəfovanın  müvafiq subyektiv hüququnun olmaması nəticəsinə gəlmişlər.

Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir.    

Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair  2020-ci il 24 fevral tarixli Qərar).

Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1151.1-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin  əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, §103).

Avropa Məhkəməsi bir sıra qərarlarında onu da göstərmişdir ki, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, Belane Nagy Macarıstana qarşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar).

Bu baxımdan, alğı-satqı müqaviləsi əsasında Q.Nəcəfovun uzun müddət istifadəsində və sahibliyində olan mübahisəli torpaq sahəsi ilə bağlı müvafiq  müqavilə bağlanan zaman qüvvədə olan Mülki Məcəllənin 355 və 567-ci maddələrinə əsaslanan  subyektiv hüququ mahiyyəti etibarı ilə şəxsə bağlı bir hüquq olmadığından, əmlak xarakterli bu subyektiv hüquq onun  ölümü ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsi üzrə Q.Nəcəfovun miras kütləsinə daxil olmaqla vərəsəlik qaydasında varisi F.Nəcəfovaya keçmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin hazırkı mülki işlə əlaqədar müqavilənin məcburi forma şərtinə riayət edilməməsi əsası ilə etibarsızlığı məsələsinə də aydınlıq gətirilməsini  zəruri hesab edir.

Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir.

Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı  iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı,  notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir.

Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur.

Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi).

Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri).

Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və  yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıra əqdlər baxımından forma tələbini etibarlılıq şərti kimi müəyyən etmişdir.

Hazırkı iş üzrə F.Nəcəfovanın əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin  etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu.

Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır:

 - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli;

 - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı;

 - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.

Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna  bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.

Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (Mülki Məcəllənin 339.3-cü maddəsi).

Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.

Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur.

Təsadüfi deyil ki, Mülki Məcəllənin 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsi barəsində iddiaçının atası və  cavabdehlər arasında 20 sentyabr 2004-cü il tarixində alğı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Torpaq sahəsinə dair dövlət aktının əsli də iddiaçının atası Q.Nəcəfova təhvil verilmişdir. 2017-ci ildə həmin torpaq sahəsinə dair dövlət aktının itirilməsi barədə cavabdehlər tərəfindən qəzetdə elan verilməsinədək tərəflər arasında torpaqla bağlı hər hansı mübahisə olmamışdır. Həmçinin, Quba rayonu I Nügədi Bələdiyyəsinin 14 oktyabr 2019-cu il tarixli arayışına əsasən, mübahisəli torpaq sahəsi 2004-cü ildən etibarən Q.Nəcəfov, 2014-cü ildən isə oğlu F.Nəcəfov tərəfindən əkilib-becərilmiş və torpaq vergiləri onlar tərəfindən ödənilmişdir.

Məhkəmə qərarlarında göstərilmişdir ki, mübahisəli torpağın alğı-satqısı müqaviləsi üzrə satıcılardan K.Ağahüseynova və P.Ağahüseynov müqaviləni imzalamamışlar. Yəni ümumi mülkiyyətdə olan torpağın birgə mülkiyyətçilərinin razılığı (imzası) olmadan əmlaka sərəncam verilmişdir. Bu da  mübahisəyə Mülki Məcəllənin müqavilənin bağlandığı vaxt qüvvədə olan 335-ci maddəsinin tətbiq olunmasını  istisna edir.

Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır.

İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir.

Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.

Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması  qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.

 Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

Mülki Məcəllənin  Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

Mülki hüququn  bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.

Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.

Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və  bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması  (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

Hazırkı iş üzrə isə birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən işin mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırılmadan, yalnız bağlanmış müqavilədə K.Ağahüseynovanın imzasının olmaması, P.Ağahüseynovun isə müqavilə bağlanarkən həqiqi hərbi xidmətdə olması əsas götürülərək onların torpağın alğı-satqısı ilə bağlı iradə ifadələrinin olmadığı qənaətinə gəlinərək alğı-satqı müqaviləsi etibarsız hesab edilmişdir.

Halbuki Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar).

Xüsusən mülkiyyət hüququ ilə bağlı  mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı).

Lakin işə baxan Quba Rayon Məhkəməsi və Sumqayıt Apellyasiya Məhkəməsi mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddələrini və Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərini nəzərə almadan, F.Nəcəfovanın iddiasını rədd edərkən alğı-satqı müqaviləsinin formal tələblərə uyğun bağlanmaması ilə kifayətlənmiş, işin müəyyən edilmiş halları əsasında tərəflər arasındakı həqiqi hüquqi vəziyyəti müəyyən etməmişdir.

O da qeyd edilməlidir ki, Quba Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə sənədlərin məhkəmə-texniki ekspertizası təyin edilmişdir. Belə ki,  cavabdehlər məhkəmə baxışı zamanı etirazlarını onunla əsaslandırmışlar ki, 2004-cü ildə A.Ağahüseynov və Q.Nəcəfov arasında alğı-satqı müqaviləsi ümumiyyətlə bağlanmamış, onlar 2014-cü il tarixli icarə müqaviləsinə qol çəkmiş, “alğı-satqı” sözü müqaviləyə sonradan əlavə edilmişdir. Bununla əlaqədar iş üzrə təyin edilmiş və keçirilmiş “Sənəd rekvizitlərinin tədqiqi” ekspertizasının ekspert rəyinə əsasən 20 sentyabr 2004-cü il tarixli müqavilədə montaj əlamətləri müəyyən edilməmişdir.

Eləcə də birinci instansiya məhkəməsi cavabdehlərin müqavilədə olan imzalarının həqiqiliyinin müəyyən edilməsi üçün ekspertiza təyin etmiş, lakin cavabdehlər imza nümunələrini məhkəməyə təqdim etməkdən imtina etmişlər. Cavabdehlərin ekspertizada iştirak etməkdən boyun qaçırması faktına isə məhkəmələr tərəfindən qiymət verilməmişdir. 

Halbuki Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.        

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən isə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Beləliklə, Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, həmin məhkəmənin 7 iyun 2021-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416.1, 418.1, 418.2 və 418.3-cü maddələrinin tələblərinə uyğun olmayan 18 noyabr 2021-ci il tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət və hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, F.Nəcəfovanın Quba rayonu  I Nügədi kəndində  yerləşən 1.33 ha torpaq  sahəsinə  dair  Q.Nəcəfov  ilə  A.Ağahüseynov, P.Ağahüseynov, M. Ağahüseynova, K.Ağahüseynova (Nurəhmədli) və P.Ağahüseynov arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə dair Q.Nəcəfovun adına çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:  

 

1. F.Nəcəfovanın Quba rayonu I Nügədi kəndində  yerləşən 1.33 ha torpaq  sahəsinə  dair  Q.Nəcəfov  ilə  A.Ağahüseynov, P.Ağahüseynov, M.Ağahüseynova, K.Ağahüseynova (Nurəhmədli) və P.Ağahüseynov arasında imzalanmış 20 sentyabr 2004-cü il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinə dair Q.Nəcəfovun adına çıxarışın verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                                        Fərhad Abdullayev