Постановления

29.11.22 AR Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” AR Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair

 

 

29 noyabr 2022-ci il                                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin  və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyid, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Novruzov, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi A.Əliyev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təqdim edilmiş mülahizələri və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –  Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi)  259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin  və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –  “Yaşıllıqların mühafizəsi haqqında” Qanun)  8 və 9-cu maddələri baxımından şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində əksini tapan “xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri" və “kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər)” ifadələrinin məzmunu və əhatə dairəsi ilə bağlı təcrübədə fikir ayrılığı vardır.

Bır sıra hallarda “xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri"  anlayışının geniş təfsir olunaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (bundan sonra – Torpaq Məcəlləsi)  ilə müəyyən edilən “yaşayış məntəqələrinin  torpaqları” və “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” anlayışları ilə eyniləşdirilməsi qanunsuz ağac kəsmə cinayətlərini törətmiş şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına səbəb olur.

Sorğuverənin fikrincə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində yaşayış məntəqələrinin torpaqları anlayışı geniş müəyyən olunmaqla, həmin torpaqlara meşə fonduna daxil olmayan və xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) ilə yanaşı, ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar), məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar) və xüsusi təyinatlı yaşıllıqlar daxil edilmişdir. Bu baxımdan “yaşayış məntəqələrinin torpaqları” anlayışının Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində əksini tapmış “xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri” anlayışı ilə eyniləşdirilməsi məqsədəuyğun hesab edilə bilməz.

Sorğuda o da qeyd olunur ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Torpaq islahatı haqqında” Qanun) ilə sovxoz və kolxozların torpaqları pay torpaqları şəklində kənd təsərrüfatında istifadə məqsədilə vətəndaşların xüsusi mülkiyyətinə verilmişdir. “Kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər)” anlayışının məzmunu qanunvericilikdə müəyyən edilmədiyindən, xüsusi mülkiyyətə verilmiş pay torpaqlarının bütövlükdə Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində göstərilən normanın təsir dairəsinə düşməsi də mübahisə doğurur.

Sorğuda həmçinin göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri nəzərə alınaraq, yaşıllıqların məhv edilməsinin qarşısının alınmamasına görə müvafiq vəzifəli şəxslərin Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin subyekti olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirilməsi hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi baxımından məqsədəuyğun olardı.

Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələlərlə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.

Cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquqtətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini pozmuş olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarı).

Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti yaradır.

Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu maddənin müddəaları xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) hallarına şamil edilmir.

Qeyd olunmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmiş Torpaq Məcəlləsi ilə Azərbaycan Respublikasının vahid torpaq fondu və tərkibinə daxil olan torpaqların kateqoriyaları müəyyən edilmişdir. Belə ki, həmin Məcəllənin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür:

- kənd təsərrüfatı təyinatlı torpaqlar;

- yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;

- sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;

- xüsusi qorunan ərazilərin torpaqları;

- meşə fondu torpaqları;

- su fondu torpaqları;

- ehtiyat fondu torpaqları.

Torpaq Məcəlləsinin 18-ci maddəsinə görə, şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir. Qeyd edilən maddəyə əsasən yaşayış məntəqələrinin torpaqlarının tərkibinə ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə onlar üçün nəzərdə tutulan, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı, eləcə də sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaqlar, kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri və sair daxildir.

Torpaq Məcəlləsinin 19-cu maddəsinin 1-ci hissəsi ilə yaşayış məntəqələrinin hüdudları — şəhər, qəsəbə və kənd torpaqlarını digər torpaqlardan ayıran sərhəd olaraq müəyyən edilmişdir.

Göründüyü kimi, qanunvericiliklə yaşayış məntəqələrinin torpaqları anlayışı geniş müəyyən olunduğundan, həmin torpaqlarda xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) ilə yanaşı, ümumi istifadədə olan yaşıllıqların (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan yaşıllıqlar), habelə məhdud istifadəli yaşıllıqların (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqların) olması istisna edilməmişdir. Bu baxımdan Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində əksini tapmış “xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri” anlayışının geniş məzmunda təfsir edilməklə “yaşayış məntəqələrinin torpaqları” anlayışı ilə eyniləşdirilməsi doğru hesab edilə bilməz.

Kənd təsərrüfatı təyinatlı torpaqların (pay torpaqlarının) Cinayət Məcəlləsinin qeyd edilən normasının təsir dairəsinə düşüb-düşməməsi məsələsinə gəlincə isə göstərilməlidir ki, Azərbaycan Respublikasında torpaq islahatlarının aparılmasının hüquqi əsasları və qaydaları “Torpaq islahatı haqqında” Qanunla müəyyən edilmişdir. Həmin Qanuna müvafiq olaraq, torpaq islahatının məqsədini iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltmək təşkil edir.

“Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir.

Həmin Qanunun 14-cü maddəsinə görə, torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir.

Özəlləşdirilən torpaqlarda könüllülük əsasında müxtəlif təsərrüfat formalarının seçilməsinə təminat verilir və onların fəaliyyətinə bərabər şərait yaradılır (“Torpaq islahatı haqqında” Qanunun 16-cı maddəsi).

 "Sovxoz və kolxozların islahatı haqqında" Azərbaycan Respublikasının Qanunu islahatın vəzifələrini sovxoz və kolxozların kəndli (fermer) təsərrüfatlarına bölünməsi, birgə sahibkarlığa əsaslanan xüsusi mülkiyyətli kənd təsərrüfatı müəssisələrinə çevrilməsi, sovxozların bazasında dövlət kənd təsərrüfatı müəssisələrinin yaradılması, şəxsi yardımçı təsərrüfatların inkişafı, yaradılmış təsərrüfatların kooperasiyası və xidmət sahələrinin təşkili kimi müəyyən edir.

Həmin Qanun sovxoz və kolxozların istifadəsindəki (balansındakı) torpaqdan və əmlakdan pay almaq hüququ olan şəxslər tərəfindən təsərrüfatın hər hansı təşkilati-hüquqi formasının könüllü seçilməsinə və yaradılmasına təminat verməyə yönəlmişdir.

Beləliklə, sovxoz və kolxoz torpaqlarının pay şəklində vətəndaşların xüsusi mülkiyyətinə verilməsi həmin torpaqlarda kənd təsərrüfatı məhsullarının istehsalını davam və inkişaf etdirmək, ölkənin ərzaq təminatına nail olmaq və s. məqsədi ilə həyata keçirilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “kənd təsərrüfatı bitkiləri” anlayışı qanunvericilikdə müəyyən edilməsə də, nəzəriyyədə kənd təsərrüfatı bitkiləri əsasən ərzaq məhsulları, texniki xammal və heyvandarlıq üçün yem əldə etmək məqsədi ilə becərilən mədəni bitkilər kimi qəbul olunur. Mədəni bitkilər isə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən, insan tərəfindən ərzaq məhsulları, sənaye üçün xammal, yem, dərman, bəzək (dekorativ) məqsədi ilə becərilən bitki növləri, sort və formalarıdır.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları”nın 1 nömrəli əlavəsində kənd təsərrüfatı bitkilərinin və çoxillik əkmələrin siyahısı müəyyən edilmiş və bu siyahıya buğda, çəltik, arpa, pambıq, eləcə də üzüm, çay və s. kimi çoxillik əkmələr aid edilmişdir. 

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, pay şəklində vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaqlarda məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür. 

Yaşıllıqların istifadəsi, mühafizəsi, bərpası sahəsində yaranan münasibətlər əsasən “Yaşıllıqların mühafizəsi haqqında” Qanun, habelə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin (bundan sonra – Meşə Məcəlləsi) müvafiq maddələri ilə tənzimlənir.

“Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən, yaşıllıqlar - şəhərlərin, digər yaşayış məntəqələrinin və infrastruktur obyektlərinin hüdudları daxilində lazımi ekoloji, mədəni-sağlamlaşdırma, landşaft və məkan görünüşü baxımından əhəmiyyət daşıyan, təbii halda mövcud olan və ya süni yaradılan ağac, kol, gül-çiçək və ot bitkilərinin toplumudur.

Meşə Məcəlləsinin 7-ci maddəsi ilə meşə fonduna daxil olmayan yaşıllıqların aşağıdakı növləri fərqləndirilmişdir:

- xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar;

-  xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar;

- kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər);

- ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar);

- məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar);

- xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariya-mühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar).

Göründüyü kimi, Meşə Məcəlləsi ilə də xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, eləcə də kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar ayrıca yaşıllıq növləri olaraq təsbit edilmişdir.

“Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 3-cü maddəsi ilə isə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) həmin Qanunun tətbiq dairəsinə daxil olmadığı müəyyən edilmişdir.

Qeyd edilməlidir ki, qanunvericilikdə həyətyanı və bağ sahələrinin hüquqi statusu müəyyən edilməsə də, bir qayda olaraq həyətyanı sahə dedikdə, fərdi yaşayış evlərinin yerləşdiyi torpaq sahələri, bağ sahələri dedikdə isə fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaq sahələri nəzərdə tutulur.

Beləliklə, yuxarıda  göstərilən normaların təhlili belə nəticəyə gəlməyə əsas verir ki, yalnız xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların kəsilməsi (götürülməsi) Cinayət Məcəlləsinin 259-cu maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinin yaranması üçün əsas ola bilməz.

Sorğuda göstərilən yaşayış məntəqələrinin torpaqlarındakı digər yaşıllıqların, habelə xüsusi mülkiyyətdə olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) məsələsinə gəlincə isə qeyd olunmalıdır ki, Meşə Məcəlləsinin 12-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir.

Respublika ərazisindəki yaşıllıqların (meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir.

Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir.

Qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsinin yol verildiyi hallar müəyyən edilmişdir.

Həmin Qaydanın 2.4-cü bəndinə görə, fiziki və hüquqi şəxslər  bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər.

Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (“Yaşıllıqların götürülməsi Qaydası”nın 2.7-ci bəndi).

Qaydanın 3.1 və 3.2-ci bəndlərinə görə isə bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir.

O da göstərilməlidir ki, çoxmənzilli binaların inşası ilə əlaqədar yaşıllıqların götürülməsi məsələsi ilə bağlı normalar  şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuşdur.

Həmin Məcəllənin 57-ci maddəsi ilə tikinti obyektinə dair tələblər müəyyən edilmişdir. Bu tələblərdən biri yaşıllıqların qorunması ilə bağlı olub, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatların tam və dürüst əks etdirilməsini, yaşıllıqların salınmasının mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmasını nəzərdə tutur.

Məcəllənin 83.0.6 və 85.4-cü maddələrinə uyğun olaraq, tikinti layihəsinə ekologiya bölməsi də əlavə edilməlidir. Tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir.

Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, tikinti layihəsinin təsdiqlənməsi və tikintiyə qanunvericiliklə müəyyən edilmiş qaydada icazənin verilməsi tikinti işləri aparılacaq ərazidə yaşıllıqların götürülməsi üçün əsas kimi çıxış edir. Bu baxımdan tikinti layihəsinin təsdiqlənməsi, tikintiyə icazənin verilməsi müvafiq ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir.

O da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir.

Hüquqi dövlət və mülki cəmiyyət prinsiplərinin təmin olunduğu demokratik dövlətdə, dövlət maraqları və fərdi maraqlar arasında ədalətli tarazlığın təmin olunması vacib şərtlərdəndir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 2001-ci il 19 iyun tarixli Qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir (§ 71). Məhkəmənin digər iş üzrə qəbul edilmiş Qərarında göstərilmişdir ki, mülkiyyət hüququna müdaxilə fərdlə ictimai maraqlar arasında “ədalətli balans” əsasında olmalıdır (Depalle Fransaya qarşı iş üzrə 2010-cu il 29 mart tarixli Qərar, § 83).

Yuxarıda qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, yarana biləcək mübahisələrin qarşısının alınması, mülki dövriyyə iştirakçılarının mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə torpaq sahələri ilə bağlı sərəncam əqdləri bağlanarkən səlahiyyətli orqanlar (mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə bələdiyyələr) tərəfindən həmin torpaq sahələrindəki mövcud yaşıllıqlar, eləcə də bu yaşıllıqların götürülməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyət və qaydalar barədə məlumat verməli, habelə məhdudiyyət və qaydaların tətbiqində ikili yanaşmalara yol verilməməlidir.

Eyni zamanda ölkəmizdə ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin qorunması baxımından yaşıllıqların mühafizəsi ilə bağlı qaydalara həm fərdlər, həm də səlahiyyətli orqanlar tərəfindən ciddi riayət edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan digər məsələ ilə əlaqədar qeyd edir ki, Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır.

Səhlənkarlıq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməlin törədilməsi nəticəsində dövlət hakimiyyəti və idarəetmə orqanlarının normal fəaliyyəti pozulur, bunun nəticəsində qeyd olunan orqanlar nüfuzdan salınır, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulur.

Həmin maddənin dispozisiyasında göstərilən vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi dedikdə qanunla, qanunvericilik aktları (təlimat, əsasnamə və s.) ilə, əmək müqaviləsi (kontrakt) ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, hə­min vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməməsi isə vəzifəli şəxsin öz vəzifələ­rini tam, vaxtında və dəqiq icra etməməsidir.

Vəzifəli şəxsin səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb olunması üçün onun üzərinə hansı hüquq və vəzifələrin qoyulduğunu, bunların hansı hüquqi akt ilə müəyyən edildiyini, məhz hansı vəzifələrin yerinə yetirilib-yetirilmədiyini və qulluq vəzifələrini yerinə yetirmək üçün vəzifəli şəxsin real imkanının olub-olmadığını müəyyən etmək zəruridir.

Qanunvericilikdə yaşıllıqların mühafizə tədbirləri və mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti orqanlarının, habelə bələdiyyələrin yaşıllıqların mühafizəsi ilə bağlı vəzifələri müəyyən edilmişdir.

“Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, yaşıllıqların mühafizəsi - ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədi ilə yaşıllıqların istifadəsinə, qorunmasına, bərpasına və genişlənməsinə yönəlmiş hüquqi, təşkilati və iqtisadi tədbirlərdir.

Qanunun 8-ci maddəsinə müvafiq olaraq, bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələr həyata keçirir. Yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri olaraq mülkiyyətində olan torpaqlardakı yaşıllıqların uçotunu, monitorinqini aparmaq və s. müəyyən edilmişdir.

Göründüyü kimi, qanunvericilikdə bələdiyyə mülkiyyətində olan torpaqlardakı yaşıllıqların mühafizəsini bələdiyyələrin həyata keçirdiyi müəyyən edilsə də, yaşıllıqların mühafizəsi sahəsində bələdiyyələrin vəzifələri sırasında konkret olaraq qanun pozuntularının qarşısını almaq vəzifəsi qeyd edilməmişdir. Lakin bu, bələdiyyələrə məxsus torpaqlardakı yaşıllıqlarla bağlı qanun pozuntularının qarşısının alınmasında bələdiyyələrin müvafiq vəzifələrinin olmaması anlamına gəlmir. Belə ki, həmin Qanunun 9-cu maddəsi ilə yaşıllıqların mühafizəsi tədbirlərinin dairəsi müəyyən edilməklə, bura yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması, onların mühafizəsinə dövlət və ictimai nəzarətin təşkili, habelə qanun pozuntularının qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması və s. aid edilmişdir.

O da qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 15 may tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası”nın 3.1-ci bəndinə əsasən, yaşıllıqların monitorinqinin aparılmasının məqsədi  yaşıllıqlara mənfi təsirlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün yaşıllıqların üzərində müntəzəm müşahidələr və tədqiqatlar aparmaq, antropogen təsirlər nəticəsində yaşıllıq üçün kritik vəziyyətin yaranması haqqında toplanmış məlumatlar əsasında xəbərdarlıq etməkdir. Bu baxımdan bələdiyyə torpaqlarındakı yaşıllıqların uçotunun və monitorinqinin aparılması həm də bələdiyyələr tərəfindən yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının vaxtında aşkar edilməsinə, qarşısının alınmasına və bununla da yaşıllıqların zədələnmədən və məhv olmadan qorunmasına yönəlmişdir.

“Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 24-cü maddəsinə görə isə bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar.

 O da vurğulanmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Qırmızı Kitabı” haqqında Əsasnamə”yə görə, ərazilərində Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil edilmiş bitki növləri olan torpaq istifadəçiləri, mülkiyyətçiləri (mülkiyyət formasından asılı olmayaraq) həmin növlərin mühafizə rejiminə əməl etməli və onların təbii törəyib artmasını təmin edən şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş və xüsusi mühafizə olunan heyvan və bitki növlərinin siyahısında olanların mühafizəsi üzrə tələblərin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu ölkəmizdə ekoloji vəziyyətin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən dövlət siyasətini bir daha nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, xüsusi mühafizəsi qanunvericilikdə təsbit edilən bitki növlərinin qorunması, onların uçotunun, kadastrının və monitorinqinin aparılması ilə bağlı tədbirlərin gücləndirilməsi müvafiq dövlət orqanlarına tövsiyə edilməlidir. 

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz;

- fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq  sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı  yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər;

-  Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir;

- “Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 8 və 9-cu maddələrinin mənasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.  Kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqlarında məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz.

2. Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq  sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı  yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər.

3. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir.

4. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələrinin mənasına əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə bələdiyyələr yaşıllıqların mühafizəsi tədbiri olaraq qanun pozuntularının qarşısının alınması vəzifəsini daşıyırlar.

5.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

6. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

7.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 Sədr                                                                                             Fərhad Abdullayev

 

 

 

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarına Hakim Ceyhun Qaracayevin

 

XÜSUSİ   RƏYİ

 

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı ilə ümumilikdə razılaşaraq, qeyd etmək istəyirəm ki, ətraf mühitin, xüsusilə yaşıllıqların mühafizəsi Azərbaycan dövləti və bütövlükdə cəmiyyətinin prioritet məsələsidir.

Bələdiyyənin ərazisində ağacların kəsilməsinə görə bələdiyyə üzvlərinin cinayət məsuliyyətinə cəlb olunmasına gəlincə isə, qeyd etmək lazımdır ki, cinayət qanunvericiliyinə əsasən cinayət məsuliyyəti yalnız cinayət tərkibi olduqda yarana bilər.

Şübhəsiz ki, bələdiyyələrin vəzifəli şəxsi xidməti səhlənkarlığa yol verdiyi halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314-cü maddəsinin (Səhlənkarlıq) cinayət növünün subyekti kimi çıxış edə bilər. Lakin, bələdiyyənin vəzifəli şəxsinin birbaşa xidməti vəzifəsi ilə deyil, bütövlükdə bələdiyyənin ümumi vəzifəsi ilə bağlı məsuliyyətinə əsasən hər hansı vəzifəli şəxsin hüquqi məsuliyyəti, hətta cinayət məsuliyyəti ciddi sual yaradır.

“Ehtiyatsızlıq” cinayətinin obyektiv tərəfi “vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında” ifadə olunur (Cinayət Məcəlləsinin 314-cü maddəsi). Deməli, bu cinayətin obyektiv tərəfi üç əsas əlamətdən ibarətdir:

· vəzifəli şəxs tərəfindən öz bilavasitə xidməti vəzifələrini yerinə yetirməmə və ya lazımınca yerinə yetirməmə;

· əhəmiyyətli zərər şəklində ictimai təhlükəli nəticə;

· təqsirkarın əməli ilə ondan yaranan nəticə arasında səbəb əlaqə.

Bu cinayətin obyektiv tərəfinin ən mühüm elementi öz xidməti vəzifələrini yerinə yetirmək üçün “real imkanın” olmasıdır.

Hazırkı işin kontekstində “real imkan” anlayışı bələdiyyənin vəzifəli şəxsinin bütövlükdə bələdiyyə ərazisinin yaşıllıqlarının qorumaq üçün faktiki (fiziki) imkanın olmasında ifadə olunur. Təbii ki, hər hansı bir kiçik torpaq sahəsində bu sahənin mühafizəçisi, faktiki olaraq növbətçiliklə, xüsusi avadanlığın (videokamera, müşahidə qülləsi və s.) istifadəsi ilə yaşıllıqların mühafizəsini lazımi qaydada yerinə yetirmədikdə və bunun nəticəsində həmin sahədə naməlum şəxslər tərəfindən ağaclar kəsildikdə həmin mühafizəçi səhlənkarlığa görə məsuliyyətə cəlb edilə bilər. Lakin bələdiyyə üzvlərinin bütövlükdə bələdiyyə ərazisində yaşıllıqların mühafizəsi ilə bağlı mücərrəd məsuliyyəti vəzifəli şəxslərin “real imkanından” kənara çıxır.

Digər tərəfdən, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8- ci maddəsi yaşıllıqların mühafizəsinə dair bələdiyyələrin ümumilikdə vəzifəsini müəyyən edir.

Məhz bu səbəbdən normanın ümumi göstərişi yaşıllıqların kəsilməsində səhlənkarlığa görə bələdiyyənin vəzifəli şəxslərinin fərdi məsuliyyətinin müəyyən edilməsi üçün tövsifedici xarakter daşıya bilməz.

Öz növbəsində, bələdiyyə üzlərinin kollektiv məsuliyyəti yerli özünüidarəetmə institutunun mahiyyəti ilə faktiki olaraq ziddiyyət təşkil edir və bu mənada Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş “Yerli Özünüidarəetmə haqqında” 1985-c il Avropa Xartiyasının tələbləri ilə uzlaşmır.

Bu beynəlxalq akta uyğun olaraq, yerli özünüidarəetmə orqanları tam müstəqil olmalıdırlar. Xartiyanın 8-ci maddəsi bəyan edir ki, “yerli özünüidarə orqanları üzərində istənilən inzibati nəzarət yalnız konstitusiya ilə yaxud qanunla nəzərdə tutulmuş formalarda və hallarda həyata keçirilə bilər, yerli özünüidarə orqanlarının fəaliyyətinə istənilən inzibati nəzarət, bir qayda olaraq, yalnız qanunçuluğa və konstitusiya prinsiplərinə riayət olunmasını təmin etmək üçün nəzərdə tutulmalıdır və yerli özünüidarə orqanları üzərində inzibati nəzarət maraqların əhəmiyyətinə mütənasib olmalıdır.” Beləliklə, mövcud qanunvericilikdə yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinə ünvanlanmış məsuliyyət norması olmadığından bu cür nəzarətin məqsədəuyğun olması ehtimalı azdır. Öz növbəsində inzibati nəzarət qaydasında bələdiyyənin vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi Xartiyanın məna və məzmununa zidd olacaqdır.

Qeyd etmək lazımdır ki, cinayət məsuliyyəti hüquqi məsuliyyətin ən ağır növüdür. Məhz ona görə cinayət məcəlləsinin tələblərinə uyğun olaraq və yalnız cinayətin tövsifedici əlamətlərinə ciddi riayət olunmaqla tətbiq edilməlidir.

Qeyd edilənləri nəzərə alaq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu qərarının 4-cü bəndi fikrimcə mübahisəli səslənir.

 



         Hakim                                                                                                Qaracayev  Ceyhun