Постановления

08.12.22 “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” AR Qanununun 2.1.5-ci maddəsinin AR Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair

 

 

8 dekabr 2022-ci il                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri M.Məmmədovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyidin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü D.Novruzovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının və Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Yolçiyevin  rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu  

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək  “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanun) 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndində sığorta ödənişlərinin alınması üçün tələb olunan sənədlər siyahısında vərəsəlik hüququnu təsdiq edən sənəd də nəzərdə tutulmuşdur.

“Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanında da (bundan sonra – Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanı) 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada on bir min manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur.

Fərmanın 2-ci hissəsinə əsasən, birdəfəlik ödəmə bu Fərmanın 5 və 5-1-ci hissələrində nəzərdə tutulmuş siyahılardakı hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının Mülki Məcəlləyə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Müraciətedənin qənaətinə görə, sadalanan normativ hüquqi aktların əsas məqsədi ailə üzvlərinin itkisi səbəbilə hərbi qulluqçuların, şəhid ailələrinin məruz qaldıqları maddi-mənəvi zərəri mümkün qədər azaltmaqdır.

 Bununla əlaqədar şəhid ailələrinə müvafiq ödənişlərin verilməsinin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.5-ci maddəsinin mülki qanunvericiliyin vərəsəliklə bağlı müddəaları baxımından şərhini zəruri edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin VII hissəsi ilə təminat verilən vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir.

Müraciətedən hesab edir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinin mənası baxımından müvafiq sığorta ödənişinin miras əmlak kimi qiymətləndirilməsi, bununla bağlı vərəsəliklə əlaqədar mülki qanunvericilik müddəalarının tətbiqinin mümkün olub-olmaması və bu kontekstdə müvafiq hüquqi aktlarda istifadə olunan “vərəsə” ifadəsinin kimləri əhatə etdiyi məsələsinə aydınlıq gətirilməsi zərurəti yaranmışdır.

Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsi vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına, qüvvədə olan qanunvericilik normalarının eyni qaydada tətbiq edilməsinə, bununla da hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə nail olmaq məqsədi ilə Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciət ilə əlaqədar aşağıdakıları qeyd edir.

Konstitusiyanın 12-ci maddəsinə və 16-cı maddəsinin I hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin  edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.

Sosial təminat hüququnun realizə formalarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müxtəlif kateqoriya şəxslərin xidməti vəzifələrinin icrası ilə bağlı həyat və sağlamlığına dəyən zərərə görə onların dövlət tərəfindən məcburi şəkildə sığorta etdirilməsidir. Dövlət icbari şəxsi sığorta sığortaolunanların həyat və sağlamlığının qanunla müəyyən olunmuş qaydada icbari formada sığorta olunmasına yönəldilmiş münasibətlər sistemidir (Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.3-cü maddəsinin “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 2.4, 20.5 və 20.15-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 22 aprel tarixli Qərarı).

“Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Sığorta fəaliyyəti haqqında" Qanun) 1.1.1-ci maddəsində sığorta sığortalının və ya sığortaolunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi kimi müəyyən edilmişdir.

Mülki Məcəllənin 928-ci maddəsinə görə, şəxsi sığorta üzrə sığorta ödənişi onu almaq hüququ olan şəxsə sosial sığorta, həmçinin icbari və ya könüllü sığortalar üzrə nəzərdə tutulan ödənişlərdən asılı olmayaraq icbari sığorta qanunlarında və ya sığorta müqaviləsində müəyyən olunmuş qaydada ödənilməlidir.

Sığorta ödənişi dedikdə, sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası başa düşülür (Mülki Məcəllənin 926.1-ci və “Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.21-ci maddələri).

Sığorta hadisəsi kimi isə icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığortaolunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan hal nəzərdə tutulur (“Sığorta fəaliyyəti haqqında" Qanunun 1.1.19-cu maddəsi).

Göründüyü kimi, sığorta ödənişinin həyata keçirilməsi sığorta hadisəsinin baş verməsi ilə şərtləndirilmişdir.

Hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində münasibətlər “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanun ilə tənzimlənir.

Həmin Qanunun 2.1.5-ci maddəsində sığorta ödənişini almaq hüququ olan şəxs qismində sığortaolunan və ya onun vərəsələri göstərilmişdir.

Sığortaolunan kimi barəsində sığorta fəaliyyəti həyata keçirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər çıxış edir (“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 2.1.3-cü maddəsi).

Qeyd edilməlidir ki, həmin Qanunun 2.1.9 və 4.1-ci maddələrində sığorta ödənişi sığortaçı tərəfindən ödənilən birdəfəlik pul vəsaiti kimi göstərilmiş və dəyəri on bir min manat məbləğində müəyyən edilmişdir.

Qanunun 2.1.6 və 5-ci maddələrinə uyğun olaraq sığorta hadisələrindən biri kimi sığortaolunanın həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edilməsi çıxış edir və bu hadisəyə görə sığorta məbləğinin 100 faizi nisbətində sığorta ödənişinin verilməsi nəzərdə tutulur.

Beləliklə, həm “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrinin, həm də sığorta hüququna dair digər qanunvericilik normalarının təhlili belə nəticəyə gəlməyə imkan verir ki, on bir min manat məbləğində olan birdəfəlik pul vəsaiti icbari sığorta hüquq münasibətləri çərçivəsində ödənilən sığorta ödənişidir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, sığorta və əmək pensiyaları münasibətlərini tənzimləyən hüquqi aktlara əsasən sığortaolunanın öldüyü halda sığorta ödənişi almaq hüququ olan və ya ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan şəxslərin nəzərdən keçirilməsi müraciətdə qoyulan məsələyə aydınlıq gətirmiş olardı.

Belə ki,  “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığortaolunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquqi varisi) faydalanan şəxs hesab edilir.

Həmin Qanunun 6.5-ci maddəsinin mənasına görə,  bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş, sığortaolunanın və ya üçüncü şəxsin faydalanan şəxs qismində çıxış edən ailə üzvləri sığorta ödənişinin alınmasında bərabər pay hüququna malikdirlər.

 Qeyd olunmalıdır ki, bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.

 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun  (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 14.1-ci maddəsində isə vəfat etmiş və ya həlak olmuş ailə başçısının  ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxs kimi məhz ailə üzvləri nəzərdə tutulmuşdur. Onların sırasına vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları, ata, ana, ər, arvad aiddir.

Sadalanan maddələrdən göründüyü kimi, icbari sığorta münasibətləri üzrə sığorta ödənişinin, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsinin nəzərdə tutulmasında qanunvericinin məqsədi ailə başçısının itirilməsi və ya sığortaolunanın ölümü ilə əlaqədar ailəsinin maddi dəstəkdən məhrum olması səbəbindən yaranan zərərin pensiya və ya sığorta ödənişinin ödənilməsi yolu ilə qismən də olsa aradan qaldırılmasıdır.

Odur ki,  Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2.1.5-ci maddəsində, həm  də Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanında sığorta ödənişinin sığortaolunanın vərəsələrinə ödənilməsi barədə müddəaların olması bu ödənişin məqsədini dəyişmir.

Sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Dövlət tərəfindən verilən on bir min manat məbləğində birdəfəlik ödənişin hüquqi təyinat və məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılmasıdır.

Əks yanaşma, yəni hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları üçün nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlakı olaraq dəyərləndirilməsi vərəsəlik institutunun hüquqi təbiətinə və mahiyyətinə zidd olardı.

Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.

Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.

On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institutunun mahiyyətinə ziddir.

Müraciətdə qaldırılan digər məsələ “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinə uyğun olaraq sığorta ödənişlərinin alınması üçün sığortaolunanın vərəsələri tərəfindən digər sənədlərlə yanaşı vərəsəlik hüququnu təsdiq edən sənədin təqdim edilməli olması ilə bağlıdır.

Bununla əlaqədar qeyd edilməlidir ki, həmin tarixədək yaranmış mübahisələrin həlli zamanı bu sənədin tələb edilməsi Plenumun bu Qərarının təsviri-əsaslandırıcı hissəsindəki birdəfəlik ödənişin miras əmlaka aid edilməməsinə dair hüquqi mövqeyinə, həmçinin qanunvericinin təqdim edilməsi tələb olunan sənədlər siyahısından vərəsəlik hüququnu təsdiq edən sənədin çıxarılması ilə bağlı yeni tənzimləmə qaydasına uyğun olmamaqla yanaşı, həm də hüquq tətbiq etmədə şəxslərə qarşı qeyri-bərabər münasibətin yaranmasına səbəb  ola bilər.

Belə ki, Konstitusiyanın 25-ci maddəsinin I və III hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Həmin maddənin IV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

 Konstitusiya prinsipi olan bərabərlik prinsipi bərabər şərtlər daxilində hüquq subyektlərinin bərabər vəziyyətdə olmalarını nəzərdə tutur və ən əsası eyni kateqoriyaya aid şəxslərə hər hansı obyektiv və ağlabatan izah olmadan ayrıseçkiliyin tətbiq olunmasını qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 2014-cü il 28 yanvar tarixli Qərarı).

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, 2022-ci il yanvarın 1-dək yaranmış mübahisələr üzrə vərəsəlik şəhadətnaməsinin tələb edilməsi hərbi xidmət zamanı həlak olmuş (ölmüş), itkin düşmüş və sağlamlığını itirmiş şəxslərin ailə üzvləri arasında yalnız tarixə əsaslanmaqla əsassız differensasiyanın aparılması ilə nəticələnə bilər. Bu isə eyni kateqoriyaya aid olan şəxslərin sosial hüquqlarının fərqləndirilməsinə gətirib çıxararaq, insan və vətəndaş hüquq və azadlıqlarının məhdudlaşdırılmasına dair Konstitusiyanın məqsədlərinə uyğun olmamaqla, konstitusiya prinsipi olan bərabərlik hüququnun tələblərini pozmuş olar.  

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin hesab edir ki, bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqe nəzərə alınmaqla “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun məqsədlərinin realizə olunması üçün həmin Qanunun 2.1.5 və 4-1.3-cü maddələrinin təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 2.1.5  və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur;

- “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun  2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikası Qanununun 2.1.5 və 4-1.3-cü maddələrində “vərəsə” müddəası sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərini nəzərdə tutur.

2. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığorta ödənişi sığortaolunanın miras əmlakına daxil olmadığından, həmin Qanunun  2022-ci il yanvarın 1-dək qüvvədə olmuş 7-ci maddəsinin 1-ci hissəsinin a) bəndinin “vərəsəlik hüququnu təsdiq edən sənəd” müddəasının sığortaolunanın (hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilərin) ailə üzvlərinə münasibətdə tətbiq edilməsi istisna edilir.

3.   Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.   Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                               Fərhad Abdullayev