AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
“Palladium Defence and Security
Solutions” Məhdud
Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II hissələrinə uyğunluğunun
yoxlanılmasına dair
16 sentyabr 2022-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova,
Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında “Palladium
Defence and Security Solutions” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti
üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun
29.4-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I
və II hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə
baxdı.
İş üzrə hakim R.İsmayılovun
məruzəsini, ərizəçinin şikayətini, cavabverən orqan Azərbaycan Respublikası
Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya
Kollegiyasının sədri K.Abiyevanın, Azərbaycan Respublikasının İqtisadiyyat naziri
M.Cabbarovun və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri
A.Bağırovun mülahizələrini, ekspert Bakı
Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti,
hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini, habelə
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN
ETDİ:
“Palladium
Defence and Security Solutions” Məhdud
Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Palladium Defence and Security Solutions” MMC)
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) şikayət verərək, “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət
satınalmaları haqqında” Qanun) 29.4-cü maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu və 60-cı maddəsinin I
hissəsinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayətə əsasən, ərizəçi “Palladium Defence and Security Solutions” MMC iddiaçı
olaraq (tender şərtlərinə əsasən təklif verən və iştirak haqqını ödəyən hüquqi
şəxs) siqnalizasiya bloku və əl fanarının, sərhəd gözətçi gəmilərinin ehtiyat hissələrinin, 2 ədəd Şahdağ tipli
sərhəd gözətçi gəmilərinin servis xidmətinin və 4 ədəd Şahdağ tipli sərhəd gözətçi
gəmilərinin cari təmirinin alınması məqsədi ilə ümumilikdə 5050 manat məbləğində
tenderdə iştirak haqqını Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin
(bundan sonra – Dövlət Sərhəd Xidməti) cari bank hesabına ödəmişdir.
Lakin tenderlər “Dövlət satınalmaları haqqında” Qanunun 50-4.2-ci maddəsinin tələbinə əsasən ləğv edilmişdir. Həmin maddədə elektron satınalmada iştirak etmək
üçün qeydiyyatdan keçən malgöndərənlərin (podratçıların) sayı səmərəli rəqabəti
təmin etmək üçün 3 iştirakçıdan az olduqda, satınalan təşkilatın bu proseduru ləğv
etməsi müəyyən edilmişdir.
Dövlət Sərhəd Xidmətinin Tender Komissiyası tərəfindən ərizəçinin iştirak haqqının geri qaytarılması
tələbi “Dövlət satınalmaları haqqında” Qanunun 29.2-ci maddəsinə müvafiq olaraq
təmin edilməmişdir.
Bundan sonra ərizəçi Dövlət Sərhəd Xidmətinə qarşı tenderlərdə iştirak
haqqı kimi ödənilmiş 5050 manat məbləğin geri qaytarılması tələbinə dair iddia ərizəsi
ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin
1 mart 2021-ci iI tarixli qətnaməsi ilə “Palladium Defence and Security
Solutions” MMC-nin iddia ərizəsi rədd edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 24 iyun 2021-ci
iI tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci
instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsi “Dövlət satınalmaları haqqında”
Qanunun 29.2-ci maddəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, tenderdə
iştirak haqlarının geri qaytarılmaması, tenderin baş tutub-tutmamasından asılı
olmayaraq, birmənalı təsbit olunmuşdur, apellyasiya şikayətinin dəlilləri isə qanunun
səhv təfsirinin nəticəsidir. Həmin maddəyə əsasən,
tenderdə iştirak haqqını malgöndərən (podratçı) tenderin əsas şərtlər toplusunu
almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün satınalan təşkilata ödəyir.
Tenderdə iştirak haqqı geri qaytarılmır.
Şikayətdə qeyd edildiyi kimi, “Dövlət satınalmaları haqqında” Qanunun
29-cu maddəsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə” 27 may 2021-ci il tarixli Azərbaycan
Respublikası Qanunu ilə yeni redaksiyada verilmişdir. Qanuna əlavə olunmuş 29.4-cü maddəyə müvafiq
olaraq, iştirak haqqı heç bir halda geri qaytarılmır.
Ərizəçi hesab edir ki, "Dövlət satınalmaları haqqında" Qanunun
29.4-cü maddəsi (“İştirak haqqı heç bir halda geri qaytarılmır”) natamamdır.
Belə ki, onun məzmunundan baş tutan
tenderlərlə yanaşı, baş tutmayan tenderlərə tətbiq edilib-edilməməsi aydın deyil, göstərilən norma həddən artıq ümumi olduğu
üçün birmənalı yozula bilmir və buna görə hüquqi müəyyənlik prinsipinin tələblərinə
cavab vermir.
Eyni zamanda şikayətdə qeyd olunur ki, həmin Qanunun 29.4-cü maddəsi baş
tutmayan tenderlərə şamil edildikdə, iştirakçının iradəsindən asılı olmayaraq
baş tutmayan tenderdə iştirak haqqını ödəmiş podratçının (mülkiyyətçinin) vəsaitinin
qaytarılmaması onu əsassız olaraq qeyri-mütənasib və həddən artıq yükləyir. Belə
ki, həmin tender yenidən elan edildikdə, podratçı yenidən iştirak haqqı ödəmək
məcburiyyətində qalır, bu isə onun mülkiyyət hüququnun pozulmasına səbəb olur.
Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə qeyd edir ki, hazırkı
konstitusiya işinin predmetini “Dövlət satınalmaları haqqında” Qanunun 29.4-cü
maddəsinin satınalmada iştirak etmək üçün qeydiyyatdan keçən malgöndərənlərin
(podratçıların) sayının üç iştirakçıdan az olması səbəbindən baş tutmamış
satınalmalara münasibətdə hüquqi müəyyənlik konstitusion prinsipinə və
Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə uyğunluğunun yoxlanılması təşkil
edir.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıların qeyd
edilməsini zəruri sayır.
“Dövlət satınalmaları haqqında” Qanunun preambulasına əsasən, bu Qanun
dövlət satınalmalarının iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyənləşdirir,
satınalmalar zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi,
müsabiqə və aşkarlıq əsasında bütün malgöndərənlərə (podratçılara) bərabər rəqabət
mühitinin yaradılması prinsipləri və qaydalarını müəyyən edir. Qanunverici
burada dövlət satınalmalarında ehtiyac duyulan mal və xidmətlərin daha keyfiyyətli
şəkildə təmin olunması, eyni zamanda dövlət vəsaitlərindən səmərəli və qənaətlə
istifadə olunması məqsədini güdür. Qeyd olunan məqsədlərə, bununla da bütövlükdə
ictimai mənafelərin təmin edilməsinə nail olmaq üçün məhz tender vasitəsi ilə şəffaf
və ədalətli rəqabət mühitinin formalaşdırılması nəzərdə tutulmuşdur.
Qanunun istifadə olunan əsas anlayışların mənasını izah edən 2-ci maddəsində
iştirak haqqı tenderin əsas şərtlər toplusunu və ya kotirovka sorğusunun şərtlərini
almaq və iddiaçı kimi qeydiyyatdan keçmək üçün malgöndərən (podratçı) tərəfindən
ödənilən vəsait kimi göstərilmişdir.
“Dövlət satınalmaları haqqında” Qanunun 29.1-ci maddəsində iştirak
haqqının hansı məqsədlə alındığı və nələrə sərf olunması müəyyən edilmişdir. Həmin
maddəyə əsasən bu Qanunun 50-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna
olmaqla, keçirilən satınalmalar zamanı malgöndərən (podratçı) tenderin əsas şərtlər
toplusunu və kotirovka sorğusunun şərtlərini almaq və iddiaçı kimi qeydiyyatdan
keçmək üçün satınalan təşkilata iştirak haqqı ödəyir. İştirak haqqının ümumi məbləğini
tender predmetinin ehtimal olunan qiymətinin 0,3 faizindən və tender xərclərinin
1,2 mislindən çox olmamaq şərti ilə satınalan təşkilat müəyyən edir. Tenderin
keçirilməsi ilə bağlı bütün xərclər, o cümlədən elan, reklam, tender keçirilən
yerin icarəsi, tender komissiyasının maliyyələşdirilməsi, tender sənədlərinin
hazırlanması və iddiaçılara çatdırılması xərcləri, həmçinin tenderin keçirilməsi
ilə birbaşa əlaqədar olan bütün digər xərclər tenderdə iştirak haqları hesabına
ödənilir. Tenderdə iştirak haqlarından toplanmış vəsait tender xərclərindən çox
olduqda fərq satınalan təşkilatın sərəncamında qalır (büdcədən maliyyələşən təşkilatlarda
dövlət büdcəsinə köçürülür), az olduqda isə fərq satınalan təşkilatın
hesabından ödənilir.
Maddənin məzmunundan göründüyü kimi, iştirak haqqı tenderin keçirilməsi
ilə əlaqədar xərclərin qarşılanması üçün ödənilir. Bundan əlavə iştirak haqqını
ödəməklə iddiaçı eyni zamanda tenderdə iştirak etmək niyyətinin nə dərəcədə
ciddi olduğunu göstərmiş olur.
Ərizəçinin "Dövlət satınalmaları haqqında" Qanunun 29.4-cü maddəsinin
baş tutan tenderlərlə yanaşı, baş tutmayan tenderlərə tətbiq edilib-edilməməsinin
bu normanın məzmunundan aydın olmaması və bu səbəbdən də həmin maddənin hüquqi müəyyənlik konstitusion prinsipinin tələblərinə
cavab verməməsinə dair şikayətinin dəlili ilə əlaqədar aşağıdakılar
qeyd olunmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən
hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul
edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini
vurğulamışdır. Nəzərə almaq lazımdır ki, qanunverici tərəfindən Konstitusiyada
təsbit olunmuş hər hansı hüququn həyata keçirilməsinin tənzimlənməsi zamanı
hüquqi müəyyənlik prinsipinin nəzərə alınmaması həmin hüququn pozulması ilə nəticələnə
bilər.
Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri
kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik
prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq
normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və
azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə
proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq
normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz
mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında
dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət
prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan
Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan
Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların
İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair”
2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9
və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2
aprel tarixli Qərarlar).
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) dəfələrlə
qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa
da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər
zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə
müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə
malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi
ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların
şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir
olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır.
İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar
bu cür şübhələri təfsirlə aradan götürsünlər (Böyük Palatanın CentroEuropa 7
S.R.L. və Di Stefano İtaliyaya qarşı iş üzrə 2012-ci il 7 iyun, §141; Gorzelik
və digərləri Polşaya qarşı iş üzrə 2004-cü il 17 Fevral, § 65; Rekvenyi
Macarıstana qarşı iş üzrə 1999-cu il 20 may, § 34 tarixli Qərarları).
Konstitusiya Məhkəməsinin Plenumu Klark Qordon Morrisin şikayəti üzrə
2017-ci il 26 may tarixli Qərarında qanunun aydın olması tələbi ilə bağlı hesab
etmişdir ki, qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin
vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə
uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı
(qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə
tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi
qaçılmazdır.
Bu baxımdan, hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya
qeyri-müəyyənliyi məhz məhkəmə təcrübəsi vasitəsi ilə aradan qaldırılır
(Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun şikayəti üzrə 2012-ci il 18 may
tarixli Qərarı).
Lakin hazırkı halda Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ərizəçinin
mübahisələndirdiyi "Dövlət satınalmaları haqqında" Qanunun 29.4-cü
maddəsində istifadə olunan “heç bir halda” müddəası kifayət qədər aydın
olmaqla, həmin normanın istisnasız olaraq bütün tenderlərə, yəni həm baş
tutmuş, həm də müxtəlif səbəblərdən baş tutmamış tenderlərə şamil olunmasını nəzərdə
tutur.
Burada həmçinin nəzərə almaq lazımdır ki, qanunverici "Dövlət
satınalmaları haqqında" Qanunun 11.3-cü maddəsində satınalan təşkilatın, tenderdə
iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların sayının üçdən az olması
səbəbindən tenderin davamından imtina etdikdə də, tender təklifi, oferta və ya
kotirovka təqdim etmiş malgöndərənlər (podratçılar) qarşısında heç bir
məsuliyyət daşımadığını müəyyən etmişdir.
Beləliklə, "Dövlət satınalmaları haqqında" Qanunun 29.4-cü maddəsinin müddəalarının
baş tutmamış tenderə şamil edilib-edilməməsi ilə bağlı qeyri-müəyyənlik mövcud
deyil.
Ərizəçinin "Dövlət satınalmaları haqqında" Qanunun 29.4-cü maddəsi
ilə onun Konstitusiyanın 29-cu maddəsində təsbit edilmiş mülkiyyət
hüququnun pozulmasına dair qənaəti ilə
bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların bir daha vurğulanmasını
vacib bilir.
Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinə görə hər kəsin
mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət
hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə
alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət
iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir.
Buna görə də mülkiyyət Əsas Qanunun 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq
dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin
azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.
Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil
və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət
hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri
də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin
VI hissəsi və 71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan
hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi).
Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə
cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq
edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.
Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci
maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə
etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı
Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki,
mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən
edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə
tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan,
dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün
olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə
hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun
1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi
marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək
hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas
hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir.
Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən
vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi
olmalıdır (Böyük Palatanın Broniowski Polşaya qarşı iş üzrə
2004-cü il 22 iyun, §147-148, 150; Scordino İtaliyaya qarşı iş üzrə
2006-cı il 29 mart, § 93 tarixli Qərarları). Tələb edilən ədalətli balansa nail
olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (Böyük
Palatanın Belane Nagy Macarıstana qarşı iş üzrə 2016-cı il 13
dekabr tarixli Qərarı, § 115).
“Dövlət satınalmaları haqqında”
Qanunun 29.1-ci maddəsindən isə görünür ki, iştirak haqqının toplanılması ictimai mənafelərin
daha yaxşı təmin edilməsi məqsədi ilə keçirilən tenderlərin təşkilinə çəkilən xərclərin
qarşılanması, habelə bu tenderlərdə iştirakın ciddiyyətinin təmin edilməsi məqsədini
daşıyır. Bu məqsədlər isə özlüyündə tenderin təşkili və keçirilməsinin səmərəliliyinə,
dövlət vəsaitinin effektiv xərclənməsinə, nəticə etibarilə ictimai maraqlara
cavab verdiyindən tenderdə iştirak haqqının toplanılması legitim hesab edilməlidir.
Lakin tenderdə iştirak etmək üçün tender təklifi vermiş iddiaçıların
sayının qanunla tələb olunan saydan az olması səbəbindən davamından imtina
edilmiş tenderin yenidən elan olunması zamanı əvvəlki iddiaçıdan təkrarən
iştirak haqqının tutulması onu sonradan qoşulan digər iddiaçılara nisbətən əlverişsiz
vəziyyətdə qoyur. Nəticədə “Dövlət satınalmaları haqqında” Qanunun
preambulasında əks olunmuş mühüm prinsiplərdən birinin (bütün malgöndərənlərə
(podratçılara) bərabər rəqabət mühitinin yaradılması prinsipinin) pozulması ilə
yanaşı, baş tutmamış tender iddiaçısının fərdi və həddən artıq yükə məruz
qalması, mülki dövriyyə subyektlərinin dövlət satınalmalarında iştirakla bağlı
təşəbbüskarlığına əlavə maneənin yaradılması da baş verir.
Oxşar nəticəyə tenderin keçirilməsi ilə əlaqədar xərclərin qarşılanması məqsədinə
münasibətdə də gəlmək olar. Belə ki, lazımi sayda iddiaçıların iştirak etməməsi
səbəbindən tenderin davamından imtina olunması zamanı artıq yığılmış iştirak
haqlarının hamısı və ya çox hissəsi, qanunla nəzərdə tutulmuş istiqamətlər üzrə
xərclənməmiş qalır. Buna görə də imtina edilmiş tender üçün ödənişlərin eyni
iddiaçıdan təkrar tutulması həmin subyektin fərdi və həddən artıq yükə məruz
qalmasına səbəb olur. Bu fikir elektron satınalma vasitəsilə keçirilmiş satınalmalara
da aiddir.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə
gəlir ki, “Dövlət satınalmaları haqqında” Qanunun 29.4-cü maddəsinin müddəalarının
malgöndərənlərin (podratçıların) sayının üç iştirakçıdan az olması səbəbindən
baş tutmamış tenderlərə şamil edilməsi Konstitusiyanın 29-cu maddəsinin I və II
hissələrinin tələbləri ilə uzlaşmamasına səbəb olur.
Lakin Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu normanın qüvvədən
düşmüş hesab edilməsi ümumilikdə (sövdələşmə səbəbindən baş tutmayan və ya baş
tutmuş) tenderlər üzrə toplanan iştirak haqları ilə bağlı məsələlərin tənzimetmədən
kənar qalması, habelə iştirak haqlarının toplanılmasının xidmət etdiyi yuxarıda
göstərilən əsas məqsədlərə nail olunmaması və dövlət satınalmalarının keçirilməsinin
səmərəliliyinə ciddi zərər vurulması ilə nəticələnə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu onun da nəzərə alınmasını vacib bilir
ki, “Dövlət satınalmaları haqqında” Qanunun 11.5-ci maddəsinə əsasən tenderin
davamından imtina olunduğu halda satınalan təşkilat həmin malların (işlərin və
xidmətlərin) satın alınması üçün yeni tender elan edə yaxud satın alınan
malların (işlərin və xidmətlərin) xüsusiyyətlərinin imkan verdiyi təqdirdə,
mahiyyətini dəyişdirməməklə onları hissələrə bölərək, hər hissə üzrə ayrıca
tender keçirə bilər. Həmin maddənin mənasından göründüyü kimi, qanunverici hər
bir halda iştirakçıların azlığı səbəbindən baş tutmayan tenderlərin yenidən
keçirilməsini istisna etmir, hətta tenderin yenidən elan edilməsini yaxud onun
hissələrlə keçirilməsini də nəzərdə tutur.
Eyni zamanda, qanunverici “Dövlət satınalmaları
haqqında” Qanunun 29.4-cü maddəsində iştirak haqqının heç bir halda
qaytarılmamasını nəzərdə tutsa da, bu, həmin Qanunun 11.1-ci maddəsində göstərilən
əsasa görə baş tutmayan, lakin gələcəkdə keçirilən tenderlərdə iştirak haqqını
ödəmiş və iddiaçı kimi qeydiyyatdan keçmiş iştirakçıların iştirak haqqının əvəzləşdirilməsini
istisna etmir.
Burada nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının
vergi qanunvericiliyində artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi
mexanizmi nəzərdə tutulmuş və aydın şəkildə tənzimlənmişdir. Göstərilənlərə
əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu hüquqi vəziyyətdə
müvafiq tənzimləmənin “Dövlət satınalmaları haqqında” Qanunda da nəzərdə
tutulması yuxarıda göstərilən uyğunsuzluğu aradan götürmüş olar. Belə ki,
Konstitusiyanın 13 və 29-cu maddələrinin, habelə 71-ci maddəsinin II hissəsinin
mənasına görə, dövlət yalnız özünün iqtisadi təhlükəsizliyi ilə bağlı olan
publik maraqlarından deyil, müvafiq hüquq münasibətlərinin iştirakçısı olan
fiziki və hüquqi şəxslərin maraqlarından da çıxış etməlidir. Nəticədə cəmiyyətin
maraqları ilə şəxsiyyətin əsas hüquqlarının qorunması arasında ədalətli balansın
və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin
edilməsi mümkün olar.
Sadalanan konstitusiya normalarının tələblərindən irəli gələrək
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ümumi maraqlarla şəxsi
maraqlar arasında tarazlığın təmin olunması məqsədilə, “Dövlət satınalmaları
haqqında” Qanunun 11.1-ci maddəsində göstərilən halda tenderdə iştirak etmək üçün
tender təklifi vermiş iddiaçıların iştirak haqqının əvəzləşdirilməsi
mexanizminin həmin Qanunda aydın və birmənalı şəkildə tənzimlənməsi
Konstitusiyadan irəli gələn tələblərə cavab vermiş olardı. Belə ki,
iştirakçıların tələb olunandan az sayda olması səbəbindən baş tutmayan tenderlər
üzrə ödənilmiş iştirak haqqının yenidən keçirilən tenderlərdə əvəzləşdirilməsi
Konstitusiyanın 29-cu maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun qeyri-mütənasib
məhdudlaşdırılmasının qarşısını alar, bərabər rəqabət mühitinin yaradılmasını və
Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığı təmin edər.
Bununla belə Azərbaycan Respublikası Milli Məclisinin bu sahədə geniş
mülahizə sərbəstliyi nəzərə alınaraq qeyd olunmalıdır ki, qanunverici yuxarıda
göstərilən məqsədə nail olmaq üçün digər hüquqi vasitələrin nəzərdə
tutulmasında sərbəstdir.
Məsələ qanunvericilik qaydasında həll edilənədək “Dövlət satınalmaları
haqqında” Qanunun 11.1-ci maddəsində göstərilən əsasa görə baş tutmayan, lakin
gələcəkdə keçirilən tenderlərdə iştirak haqqını ödəmiş və iddiaçı kimi
qeydiyyatdan keçmiş iştirakçıların iştirak haqqının əvəzləşdirilməsi Azərbaycan
Respublikasının vergi qanunvericiliyində təsbit olunmuş artıq ödənilmiş vergi məbləğlərinin
əvəzləşdirilməsi qaydalarına uyğun olaraq həyata keçirilməlidir.
Qeyd edilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə
gəlir:
- Konstitusiyanın 29-cu maddəsinin I və II hissələrinin
mənasına görə “Dövlət satınalmaları haqqında” Qanunun 29.4-cü maddəsinin tələbləri
həmin Qanunun 11.1-ci maddəsində göstərilən əsasa görə baş tutmayan tenderə
şamil edilə bilməz;
- bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə
əsasən “Dövlət satınalmaları haqqında” Qanunun təkmilləşdirilməsi Milli Məclisə
tövsiyə olunmalıdır;
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34.5, 52,
62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin
Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və II
hissələrinin mənasına görə “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikası Qanununun 29.4-cü maddəsinin tələbləri həmin Qanunun 11.1-ci maddəsində
göstərilən əsasa görə baş tutmayan tenderə şamil edilə bilməz.
2. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə
əsasən “Dövlət satınalmaları haqqında” Azərbaycan
Respublikası Qanununun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli
Məclisinə tövsiyə olunsun.
3. Məsələ qanunvericilik qaydasında həll edilənədək,
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsində
göstərilən əsasa görə baş tutmayan, lakin
tender üzrə iştirak haqqını ödəmiş və iddiaçı kimi qeydiyyatdan keçmiş
iştirakçıların iştirak haqqının həmin Qanunun 11.5-ci maddəsinə əsasən keçirilən
növbəti tenderdə əvəzləşdirilməsi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində müəyyən
edilmiş qaydada təmin edilsin.
4. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
5. Qərar
rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev