AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Ə.Abbəkirovun şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2016-cı
il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
15 iyul 2022-ci
il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim),
Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir
Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin
iştirakı ilə,
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu
maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Ə.Abbəkirovun şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2016-cı il tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın
məruzəsini, ərizəçinin şikayətini, mütəxəssislər Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin
Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti F.Mirzəyeva, Milli Aviasiya
Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər
doktoru A.Rüstəmzadənin rəylərini və iş materiallarını araşdırıb müzakirə
edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikası Müdafiə
Nazirliyi (bundan sonra – Müdafiə Nazirliyi) cavabdehlər Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Əmlak
Məsələləri Dövlət Komitəsi), Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz
Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi (bundan
sonra – Xidmətin Bakı Ərazi İdarəsi) və Ə.Abbəkirova qarşı alğı-satqı
müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və
qeyri-yaşayış sahələrindən çıxarılma və həmin sahələrin qaytarılması tələbinə
dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Bakı şəhəri Binəqədi Rayon
Məhkəməsinin 18 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 15 iyul 2015-ci il tarixli qətnaməsi ilə Ə.Abbəkirovun
apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi
onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali
Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin
Mülki Kollegiyası) 14 yanvar 2016-cı il tarixli qərarı ilə Ə.Abbəkirovun
kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin
qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Ə.Abbəkirov Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra – Konstitusiya) 25, 29 və 60-cı maddələri ilə təsbit
edilmiş bərabərlik, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının
pozulduğunu göstərməklə, Ali Məhkəmənin Mülki Kollegiyasının 14 yanvar 2016-cı
il tarixli qərarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsini
xahiş etmişdir.
Ərizəçi Konstitusiya Məhkəməsinə
ünvanladığı şikayətin Ali Məhkəmənin Mülki Kollegiyasının mübahisələndirilən 14
yanvar 2016-cı il tarixli qərarının qüvvəyə minməsindən qanunvericiliklə
müəyyən edilmiş müddət keçdikdən sonra verilməsini Əmlak Məsələləri Dövlət
Komitəsi ilə əmlak kompleksinin icarə və özəlləşdirilməsi zamanı ödənilmiş
vəsaitin geri qaytarılması və ya başqa ərazidə uyğun torpaq sahəsinin (əmlak
kompleksinin) verilməsinə dair xeyli vaxt müzakirələrin aparılması, Müdafiə
Nazirliyi tərəfindən başqa şəxslərə qarşı eyni əsaslarla analoji iddiaların
qaldırılması və Əmlak Məsələləri Dövlət Komitəsinin tövsiyəsinə uyğun olaraq
həmin məsələnin həllinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi
ifadə olunmuş Qərarının çıxarılmasını gözləməsi ilə izah etmişdir.
Konstitusiya Məhkəməsi Plenumunun
2019-cu il 11 oktyabr tarixli Qərarı ilə Ş.Əliyevanın eyni məzmunlu şikayəti
üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarı
Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilmiş, işə baxılma Ali
Məhkəmənin Mülki Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarının qəbul
edilməsi ilə yekunlaşmışdır. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun qeyd
olunan Qərarında əks olunan hüquqi mövqelərinə uyğun olaraq, Müdafiə
Nazirliyinin analoji iddiasının təmin edilməməsinə dair məhkəmə aktı qanuni qüvvəsini
almışdır.
Ərizəçi konstitusiya şikayətini
onunla əsaslandırmışdır ki, məhkəmələr iş üzrə Azərbaycan Respublikası Mülki
Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) əqdlərin etibarsızlığına
dair normalarını, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun həmin normalar və
torpaq qanunvericiliyinin müvafiq müddəaları ilə bağlı formalaşdırdığı hüquqi
mövqelərini nəzərə almamışlar.
Konstitusiya Məhkəməsinin Plenumu
şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Azərbaycan Respublikasında mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ
vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.
Mülkiyyət hüququ, o cümlədən xüsusi
mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu
maddəsinin I və II hissələri).
Azərbaycan Respublikası Torpaq
Məcəllləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 2-ci maddəsinə
əsasən, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif
növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi,
torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı
vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının
müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir.
Torpaq münasibətlərinin obyekti
torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq sahəsi - dövlət
torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində
sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və
digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan
Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət
növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət
tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan
torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan
torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq
sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və
bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi,
bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi
şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır (Torpaq
Məcəlləsinin 3-cü maddəsinin 4-cü hissəsi, 4-cü maddəsinin 1-ci hissəsi, 5-ci
maddəsinin 1 və 2-ci hissələri, 49-cu maddəsinin 2-ci hissəsi).
Qeyd olunmalıdır ki, mülkiyyət
hüququ yalnız o şərtlə məhdudlaşdırıla bilər ki, belə məhdudlaşdırma həqiqətən
cəmiyyətin ümumi rifahı və maraqları naminə edilmiş olsun, habelə
qeyri-mütənasib və əsassız xarakter daşımaqla ayrılmaz insan hüquq və
azalıqlarının pozulmasına gətirib çıxarmasın.
Konstitusiyanın 29-cu maddəsinin VI
hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə
torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
Həmin müddəanın davamı olaraq Mülki
Məcəllənin 6.3-cü maddəsində müəyyən edilmişdir ki, dövlət və ictimai
təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının
qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının
müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla
bilər.
“İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1
saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə,
qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər
istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Mülkiyyət hüququnun
məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin
hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı
və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə
şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı).
İnsan Hüquqları üzrə Avropa
Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Saliba Maltaya qarşı iş
üzrə 2005-ci il 8 noyabr və Amato Gauci Maltaya qarşı iş
üzrə 2009-cu il 15 sentyabr tarixli qərarlarında qeyd edilmişdir ki,
Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ilkin və ən mühüm tələbi
ondan ibarətdir ki, dövlət orqanının mülkiyyətdən dinc istifadəyə hər hansı
müdaxiləsi qanuni olmalıdır. Qanunun aliliyi demokratik cəmiyyətin təməl
prinsiplərindən biri kimi Konvensiyanın bütün maddələrinin ayrılmaz elementi
olmaqla dövlətin və ya hər hansı dövlət orqanının ona qarşı qəbul edilmiş
məhkəmə əmrlərini və ya qərarlarını yerinə yetirmək vəzifəsini özündə ehtiva
edir. Qanuçuluq tələbi onu da ifadə edir ki, daxili hüquq normaları kifayət
qədər əlçatan, dəqiq və proqnozlaşdırıla bilən olmalıdır.
Oxşar mövqe Avropa
Məhkəməsinin Moskal Polşaya qarşı iş üzrə 2009-cu il 15
sentyabr tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki,
öz əmlakından maneəsiz istifadə hüququna dövlət hakimiyyətinin istənilən
müdaxiləsi qanuni olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin
birinci abzasının ikinci cümləsi əmlakdan məhrum etməni yalnız “qanunla nəzərdə
tutulmuş hallarda” mümkün sayır, ikinci abzas isə dövlətlərin
mülkiyyətdən istifadəyə nəzarəti qanunları təmin etməklə həyata keçirilməli
olduğunu müəyyən edir.
Həmçinin şəxsin əmlakından məhrum
edilməsinə gətirib çıxaran qanunvericiliyin retroaktiv tətbiqi bir tərəfdən
ümumi maraqların tələbləri, digər tərəfdən isə “əmlakdan” maneəsiz istifadə
etmək hüququnun müdafiəsi arasında ədalətli tarazlığın pozulmasına səbəb
olur (Avropa Məhkəməsinin Moris Fransaya qarşı iş
üzrə 2005-ci il 6 oktyabr tarixli Qərarı, §§90 və 93).
Konstitusiya Məhkəməsinin Plenumu
ərizəçinin mülkiyyətindən məhrum edilməsinin qanuni olub-olmaması ilə əlaqədar
aşağıdakıları vurğulamağı vacib hesab edir.
Torpaq Məcəlləsinin 46-cı
maddəsininin 1 və 2-ci hissələrinə görə, dövlət obyektlərinin - dağ-mədən
sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika
sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə
obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı
obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara
daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin
torpaqlar bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş
qaydada istifadəyə və icarəyə verilə bilər.
Həmin Məcəllənin 23-cü maddəsinin
1-ci hissəsinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin,
müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və
təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş
torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.
“Dövlət əmlakının özəlləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət əmlakının
özəlləşdirilməsi haqqında” Qanun) 1.0.1 və 2.1-ci maddələrində göstərilmişdir
ki, dövlət əmlakının özəlləşdirilməsi dövlət əmlakının bu Qanunla müəyyən
edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir ki, əsas məqsədi
də iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət
mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu
ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin
həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.
Konstitusiya Məhkəməsi Plenumunun
Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarında qeyd
olunduğu kimi, məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata
keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli
dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər
hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın
özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi
haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın
siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi
Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının
operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur.
Həmin Qanunun 31.1.1-ci maddəsində
isə bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən
digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə
dair bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsas kimi qeyd edilmişdir.
Mülki işin məhkəmələr tərəfindən
müəyyən edilmiş hallarından görünür ki, Müdafiə naziri 9 yanvar 2013-cü il
tarixli məktub ilə Müdafiə Nazirliyinin balansında olan mübahisəli ərazidə
yerləşən torpaq sahələrinin istifadəsiz qaldığı, orada yerləşən qeyri-yaşayış
binalarının istismara yararsız olduğu və onların bərpasının iqtisadi cəhətdən
səmərəsizliyi, hərbi məqsədlər üçün istifadəsinin perspektivsizliyini nəzərə
alaraq, gələcəkdə onlardan daha səmərəli istifadə edilməsinin təmin edilməsi
məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına götürülməsi ilə bağlı
müvafiq tədbirlər görülməsini xahiş etmişdir.
Bundan sonra Əmlak Məsələləri Dövlət
Komitəsi tərəfindən mübahisəli əmlaklar Ə.Abbəkirova icarəyə verilmiş, həmin
əmlaklar 19 mart və 3 iyun 2013-cü il tarixli alğı-satqı müqavilələrinə əsasən
ona satılmış, 8 iyul 2013-cü il tarixli çıxarış üzrə həmin əmlaklar xüsusi
mülkiyyət hüququ əsasında sonuncunun adına qeydə alınmışdır.
Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyası 15 iyul 2015-ci il tarixli qətnaməsində Torpaq Məcəlləsinin 23-cü
maddəsinin 1-ci hissəsinə və 46-cı maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının idarə edilməsinin
təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.5-ci bəndinə, “Dövlət əmlakının
özəlləşdirilməsi haqqında” Qanunun 6.2, 6.2.4, 31.1 və 31.1.1-ci maddələrinə
əsaslanaraq hesab etmişdir ki, mübahisəli müəssisə və onun yerləşdiyi torpaq
sahəsi Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün
saxlanılan hərbi hissələrin istifadəsində olan əmlak olduğundan və
özəlləşdirilməsi qadağan olunan əmlak növlərinə aid edildiyindən, mübahisəli
əmlak barəsində alğı-satqı müqavilələri etibarsız hesab edilməli, cavabdehin
mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış ləğv olunmalıdır.
Müdafiə Nazirliyinin yuxarıda qeyd
olunan məktubu ilə bağlı apellyasiya instansiyası məhkəməsi belə qənaətə
gəlmişdir ki, həmin məktub qanundan üstün qüvvəyə malik deyildir və hazırkı
mülki iş üzrə mübahisə predmeti olan əqdlərin bağlanması üçün əsas hesab edilə
bilməz.
Lakin məhkəmələr mübahisəli əmlakın
hərbi hissələrin, daxili və sərhəd qoşunlarının məhz operativ istifadəsində
olub-olmamasını araşdırmamış, onun hərbi hissələrin istifadəsində olan əmlak
olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak
siyahısına aid olduğu nəticəsinə gəlmişlər.
Bununla əlaqədar nəzərə alınmalıdır
ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında dövlət əmlakının
özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən
icarəyə verilmiş əmlaka dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız
hesab edilməsinin əsaslarını sadalamış, belə müqavilələrə etimadın, habelə
vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiqlənmiş
mülkiyyət hüququnun qorunmasını vurğulamışdır.
Avropa Məhkəməsi Konvensiyanın 1
saylı Protokolun 1-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərə dair bir çox
işlərdə “lazımi idarəetmə” prinsipinin əhəmiyyətini qeyd etmişdir. Bu prinsip,
xüsusilə əhəmiyyətli məsələlərdə, o cümlədən mülkiyyət hüququ da daxil olmaqla
əsas insan hüquqları ilə bağlı olan hallarda dövlət orqanlarının operativ
qaydada və ən başlıcası ardıcıl olaraq davranmasını tələb edir (Beyeler
İtaliyaya qarşı iş üzrə 2008-ci il 28 may, §120; Megadat
kompaniyası Moldovaya qarşı iş üzrə 2008-ci il 8 aprel,
§72; Moskal Polşaya qarşı iş üzrə 2019-cu il 15
sentyabr, §72 tarixli Qərarlar).
“Lazımi idarəetmə” prinsipi
hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin
diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını
almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının
hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz
şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və
ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda
götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət
orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı
və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və
digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
Lakin hazırkı iş üzrə alğı-satqı
müqavilələlərinin qanunvericilikdə göstərilən məcburi (imperativ) normalarının
tələblərinə uyğun olmamasına dair dəllərinin olmadığı halda, məhkəmələr
müqavilələri etibarsız hesab etmiş, Ə.Abbəkirovun əmlaklar üzərində mülkiyyət
hüququna müəyyən müddətdən sonra xitam verilmiş, nəticədə onun qeyd edilən
dövlət orqanlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli qeyri-yaşayış
sahəsinin və onun yerləşdiyi torpağın vicdanlı şəkildə əldə etməsini nəzərə
almamışlar.
Konstitusiyanın 60-cı maddəsində hər
kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat
hüququ təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış
edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan
sonra – Mülki Prosessual Məcəllə) ədalət mühakiməsinin həyata
keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin
Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi
nəzərdə tutulmuşdur.
Kassasiya instansiyası məhkəməsinin
əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini
müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə əsasən,
kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya
şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi
tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini
yoxlayır.
Mülki Prosessual Məcəllənin 418.1-ci
maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və
ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi
üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası
məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin
Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən isə bu Məcəllənin 386-cı
maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün
tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya
düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt
əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin
və ya nəticələnə bilsin.
Ali Məhkəmənin Mülki Kollegiyası isə
apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi hüquq
normalarının pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçinin
Konstitusiyanın 29 və 60-cı maddələrinin I hissələrində nəzərdə tutulmuş
mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları
pozulmuşdur.
Yuxarıda göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Müdafiə
Nazirliyinin cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi, Xidmətin
Bakı Ərazi İdarəsi və Ə.Abbəkirova qarşı alğı-satqı müqavilələrinin etibarsız
hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış
sahələrindən çıxarılma və həmin sahələrin qaytarılması tələbinə dair mülki iş
üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 14 yanvar 2016-cı il tarixli qərarı
Konstitusiyanın 29 və 60-cı maddələrinin I hissələrinə, Mülki Prosessual
Məcəllənin 416.1, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab edilməli,
müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi
mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və Ə.Abbəkirova
qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv
edilməsi, torpaq və qeyri-yaşayış sahələrindən çıxarılma və həmin sahələrin
qaytarılması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2016-cı il tarixli qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinin I hissəsinə və 60-cı
maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
416.1, 418.1 və 418.2- ci maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq
məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə
uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada yenidən baxılsın.
2. Qərar dərc
olunduğu gündən qüvvəyə minir.
3. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında
yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan və
ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev