Постановления

14.07.22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

14 iyul 2022-ci il                                                                                    Şuşa şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R.İsmayılovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanovanın və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi İ.Murquzovun və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndəsi, vəkil C.Süleymanovun mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri, hüquq elmləri doktoru, professor F.Abbasovanın və Martin Luter adına Halle-Vittenberq Universitetinin və ADA Universitetinin birgə hüquq proqramının doktorantı E.Heydərlinin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 87.1-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 73-1 və 178-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasını xahiş etmişdir.

Sorğuda qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində fiziki şəxsə birbaşa mənəvi, fiziki və ya maddi ziyan vurulmasına kifayət qədər əsaslar olduqda o, zərərçəkmiş şəxs qismində tanınır. Eyni zamanda Cinayət Məcəlləsinin 73-1-ci maddəsində mülkiyyət əleyhinə olan cinayətlərə, o cümlədən dələduzluq cinayətinə görə cinayət məsuliyyətindən azad etmə əsasları müəyyən olunmuşdur. Qeyd olunmuşdur ki, hər bir halda başa çatmış dələduzluq cinayətində maddi ziyan vurulmuş şəxs mövcuddur.

Sorğuda həmçinin göstərilmişdir ki, cinayət törətmək istəyən şəxslərin aldadılaraq, yəni dələduzluqla əmlakının və ya əmlak hüquqlarının ələ keçirilməsi mümkündür. Belə xarakterli işlər üzrə əmlakı ələ keçirilən şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmasına, ona qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsinə dair cinayət və cinayət-prosessual qanunvericiliklərinə uyğun vahid istintaq və məhkəmə təcrübəsi formalaşmamışdır. Dələduzluq yolu ilə əmlakı ələ keçirilən şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmaması ona qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışmasına və ona dəymiş ziyanı tamamilə ödəməsinə görə cinayət məsuliyyətindən azad edilməsinə maneə yaratmaqla, Cinayət Məcəlləsinin 73-1-ci maddəsinin tətbiqini mümkünsüz edir.

Sorğuda “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun (bundan sonra – Ali Məhkəmənin Plenumu) 2015-ci il 11 iyun tarixli Qərarına və həmin Qərara 2021-ci il 30 aprel tarixində əlavə edilmiş 40-cı bəndə istinad olunaraq qeyd olunmuşdur ki, təcrübədə bu xarakterli işlər üzrə heç də bütün hallarda cinayətə cəhd etmiş və aldadılmış şəxslər cinayət məsuliyyətinə cəlb olunmurlar. Çünki təcrübədə daha çox rast gəlinən rüşvət verməyə cəhd edən, lakin aldadılaraq əmlakı ələ keçirilən şəxslər rüşvət vermə haqqında dövlət orqanına könüllü məlumat verdiklərindən, Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilirlər. Həmin şəxslər cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmadığından, cinayət prosesində iştirak edən digər şəxs olan şahidin hüquq və vəzifələrindən istifadə edirlər.

Sorğuda habelə qeyd olunmuşdur ki, Cinayət Məcəlləsində cinayət törətmək məqsədilə təqdim etdiyi əmlakı və ya əmlak hüquqları dələduzluqla ələ keçirilmiş şəxsə qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilə bilməməsinə dair hər hansı müddəa mövcud deyil.

Sorğuverənin qənaətinə görə, hüquq tətbiqetmə təcrübəsindəki ziddiyyətlərin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi üçün cinayət törətmək məqsədilə təqdim etdiyi əmlakı və ya əmlak hüquqları dələduzluqla ələ keçirilmiş şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmasının və ona qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışmasına və ona dəymiş ziyanı tamamilə ödəməsinə görə cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyünün müəyyən edilməsi üçün Cinayət-Prosessual Məcəlləsinin 87.1-ci maddəsinin və Cinayət Məcəlləsinin 73-1 və 178-ci maddələrinin əlaqəli şəkildə şərh olunması zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mövcud konstitusiya işinin predmetini rüşvət vermək məqsədilə təqdim etdiyi əmlakı və ya əmlak hüquqları dələduzluqla ələ keçirilmiş və Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmasının və ona qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilməsinin mümkünlüyü məsələsi təşkil edir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə qeyd edir ki, istər müstəqillik dövründən əvvəl, istərsə də Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra məhkəmə təcrübəsində yalançı vasitəçinin hərəkətlərinin tövsifi məsələsi müxtəlif cür həll olunub.

Qeyd olunmalıdır ki, nəzəriyyədə səlahiyyətli vəzifəli şəxsə çatdırmaq adı ilə rüşvət verən şəxsdən pulu və ya digər əmlakı alan və vədinə əməl etmək niyyətində olmayaraq həmin pulu (əmlakı) öz xeyrinə ələ keçirən şəxsin hərəkətləri yalançı vasitəçilik (psevdovasitəçilik) adlandırılır.

Müstəqillik əldə edilənədək məhkəmələrin diqqəti ona yönəldilmişdir ki, şəxs guya vəzifəli şəxsə rüşvət olaraq vermək məqsədilə rüşvətverəni təhrik edərək ondan pul və ya sair nemətlər aldıqda, lakin faktiki olaraq onu mənimsədikdə bu cinayət rüşvət verməyə meyilləndirən şəxslərə münasibətdə rüşvət verməyə təhrik etmə kimi, rüşvət verənə münasibətdə isə rüşvət verməyə cəhd kimi tövsif olunmalıdır.

Sonradan bu mövqe dəqiqləşdirilmiş və qeyd edilmişdir ki, əgər şəxs rüşvət verəndən guya vəzifəli şəxsə vermək məqsədilə pul və ya sair nemətlər alırsa və bunu etməyə niyyətli olmayaraq onları mənimsəyirsə, onun tərəfindən törədilmiş əməl işin hallarından asılı olaraq rüşvət verməyə təhrik etmə və ya vasitəçilik etmə kimi, rüşvət verənə münasibətdə isə rüşvət verməyə cəhd kimi tövsif olunmalıdır.

Nəhayət 1990-cı ildə bu kateqoriyadan olan işlər üzrə məhkəmə təcrübəsi dəyişmiş və məhkəmələrə izah olunmuşdur ki, əgər şəxs rüşvət verəndən guya vəzifəli şəxsə vermək məqsədilə pul və ya sair nemətlər alırsa və bunu etməyə niyyətli olmayaraq onları mənimsəyirsə, onun tərəfindən törədilmiş əməl dələduzluq kimi tövsif olunmalıdır. Əgər nemətlərə sahib olmaq məqsədilə rüşvət verən onun tərəfindən rüşvət verməyə meyilləndirilirsə, o zaman təqsirkarın əməli dələduzluqla yanaşı əlavə olaraq həm də rüşvətverməyə təhrik etmə kimi tövsif olunmalıdır. Rüşvət verənin əməlləri bu cür hallarda rüşvət verməyə cəhd kimi tövsif olunmalıdır. Bu zaman rüşvətin verilməsi ehtimal olunan konkret vəzifəli şəxsin adının çəkilib-çəkilməməsi heç bir əhəmiyyət kəsb etmir.

Müstəqillik əldə edildikdən sonra Ali Məhkəmənin Plenumu baxılan məsələ üzrə mövqeyini iki qərarında ifadə etmişdir. Belə ki, Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2002-ci il 31 yanvar tarixli Qərarının 7-ci bəndində qeyd olunurdu ki, başqa şəxsə rüşvət verəcəyi adı ilə aldatma və ya etibardan sui-istifadə etməklə özgəsinin əmlakını mənimsəmək üçün ələ keçirən təqsirləndirilən şəxsin əməli dələduzluq kimi tövsif edilməlidir. Nəzərə almaq lazımdır ki, burada əmlak başqasına rüşvət vermək adı ilə ələ keçirilsə də, təqsirləndirilən şəxsin məqsədi özgənin əmlakını ələ keçirməyə yönəldiyindən bu əməl vahid qəsdlə əhatə olunur. Belə halda əməl Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığından, onun eyni zamanda Cinayət Məcəlləsinin 31, 312-ci maddəsi ilə də tövsif edilməsinə ehtiyac yoxdur.

Bu  mövqe Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il  11 iyun  tarixli Qərarında  dəyişdirilmişdir. Belə ki, Qərarın 36-cı bəndində göstərilmişdir ki, şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə onun əməli həm dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir.

Nəzərə almaq lazımdır ki, qeyd olunan bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi Cinayət Məcəlləsinin 29, 312-ci maddələri ilə tövsif edilir, onların zərərçəkmiş qismində tanınması istisna olunur, Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə, həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir.

Qeyd olunmalıdır ki, hüquq ədəbiyyatında belə fikir ifadə olunur ki, yalançı vasitəçinin hərəkətləri rüşvət verməyə təhrik kimi qiymətləndirilə bilməz, çünki yalançı vasitəçinin niyyəti bütün digər iştirakçılarla birgə bir cinayət əməlini törətməyə (rüşvət verməyə) deyil, digər şəxslərin əmlakını ələ keçirməyə şərait yaratmağa yönəlmişdir. Hətta yalançı vasitəçiyə qarşı rüşvət verməyə cəhdə təhrik etmə ittihamının irəli sürülməsi də burada vəziyyəti dəyişmir.

Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.

Başa çatmamış cinayətdə iştirakçılıq həm də onu nəzərdə tutur ki, bu hallar bütün iştirakçıların, o cümlədən təhrikçinin iradəsindən asılı olmadan baş verir. Sözügedən halda isə cinayətin başa çatmamasının səbəbi yalançı vasitəçinin hərəkətləridir ki, onun əməlləri rüşvət verən şəxsin başa çatmış cinayəti törətməsi ehtimalını istisna edir. Rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vasitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib.

Psevdovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməlinin rüşvət verməyə cəhd kimi tövsif edilməsi və onun zərərçəkmiş qismində tanınmaması mövqelərinin məntiqi davamı kimi Ali Məhkəmənin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 2021-ci il 30 aprel tarixli Qərarı ilə özünün 2015-ci  il 11 iyun  tarixli Qərarına əlavə edilmiş 40-cı bənddə göstərilir ki, Cinayət Məcəlləsinin 73-1-ci maddəsi Cinayət Məcəlləsinin 178.1, 178.2 və 178.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmiş şəxslər barəsində cinayət məsuliyyətindən azad edilmə institutunun tətbiq edilməsi üçün Cinayət Məcəlləsinin 73-1.1, 73-1.2 və 73-1.3-cü maddələrində göstərilənlərdən (zərərçəkmiş şəxslə barışığın əldə edilməsi, vurulmuş ziyanın ödənilməsi, dövlət büdcəsinə vurulmuş ziyanın 25 və yaxud 50 faizi miqdarında ödənişin edilməsindən) başqa, digər şərtlər nəzərdə tutmadığından, dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə bu şərtlərə əməl etmiş istənilən, o cümlədən dələduzluqla yanaşı başqa cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində tətbiq edilməlidir.

Bundan yeganə istisna həmin Qərarın 36-cı bəndində göstərilən şəxsin dələduzluqla yanaşı rüşvət verməyə təhrik etmə cinayətini törətməkdə ittiham olunması və bununla əlaqədar əmlakından məhrum olunmuş şəxsin cinayət prosesində zərər çəkmiş şəxs qismində tanınmaması halıdır ki, bu xüsusiyyət (şəxsin zərərçəkmiş qismində tanınmaması) Cinayət Məcəlləsinin 73-1-ci  maddəsində göstərilən şərtlərin yerinə yetirilməsini (ziyanın ödənilməsini və zərərçəkmişlə barışığın əldə olunmasını) qeyri-mümkün etməklə, təqsirləndirilənin barəsində dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsinin də qarşısını alır.

Bununla əlaqədar qeyd olunmalıdır ki, rüşvət vermə və rüşvət alma kimi cinayətlərin törədilməsi zamanı, bir qayda olaraq, zərərçəkmiş şəxs olmur, ona görə ki, hər iki cinayət bir-birilə sıx bağlı əməllərdir və eyni obyektə qəsd edirlər (dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarının, kommersiya və ya qeyri-kommersiya təşkilatlarının fəaliyyətinin normal həyata keçirilməsini təmin edən ictimai münasibətlər).

Eyni zamanda, yalançı vasitəçinin əməllərinin dələduzluq kimi tövsif edilməsi zamanı nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin dələduzluğa görə məsuliyyət nəzərdə tutan 178.1-ci maddəsinin dispozisiyasının məzmunu, habelə Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin birinci cümləsi onu göstərir ki, dələduzluqla bağlı cinayət işlərində əmlak zərərinin vurulması faktını müəyyən etmək üçün zərərçəkmiş şəxs mütləq müəyyən edilməlidir. Eyni zamanda, Ali Məhkəmənin Plenumunun 2015-ci il  11 iyun  tarixli Qərarında dələduzluqla bağlı işlərdə zərərçəkmiş şəxsin məcburi iştirakına dair müddəalar bilavasitə təsbit olunmuşdur (məsələn, 3, 5, 7 və 8-ci bəndlər).

Buna baxmayaraq, həmin Qərarın 36-cı bəndinə əsasən, psevdovasitəçiyə rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi Cinayət Məcəlləsinin 29, 312-ci maddələri ilə tövsif edilir, onların zərərçəkmiş qismində tanınması istisna olunur. Məhz bu səbəbdən Cinayət Məcəlləsinin 73-1-ci maddəsində göstərilən şərtlərin yerinə yetirilməsi (ziyanın ödənilməsi və zərərçəkmişlə barışığın əldə olunması) qeyri-mümkün olduğundan, nəticədə yalançı vasitəçiyə münasibətdə dələduzluğa görə cinayət məsuliyyətindən azad etmə institutunun tətbiq edilməsi də mümkün olmur.

Sözügedən Qərarda təqsirkarın digər şəxsi rüşvət verməyə təhrik edib aldatmaqla ona məxsus əmlakı ələ keçirməsi halında əmlakından məhrum olunmuş şəxsin zərərçəkmiş qismində tanınmasının istisna edilməsi mövqeləri onunla əsaslandırıla bilər ki, belə hallarda aldadılan şəxs öz əməli ilə rüşvət vermə cinayətini törətməyə cəhd göstərmişdir. Bunun əksi baş verdikdə, yəni rüşvət verən zərərçəkmiş şəxs qismində tanındıqda, ictimai münasibətlərin cinayət-hüquqi müdafiəsinin məqsəd və vəzifələri heçə endirilir.

Belə ki, Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, cinayət qanununun məqsədi sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Başqa sözlə Cinayət Məcəlləsi yalnız qanuni maraqları və mənafeləri öz mühafizəsi altına alır. Rüşvət verənin maddi maraqlarını isə hətta ona qarşı dələduzluq cinayəti törədildikdə belə, qanuni adlandırmaq olmaz.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda bu yanaşma Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilməməlidir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya)  63-cü maddəsi ilə təmin olunmuş təqsirsizlik prezumpsiyası prinsipi nöqteyi-nəzərindən, Cinayət-Prosessual Məcəlləsinin 40.3 və 305.1-ci maddələri ilə cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar özlüyündə məhkəmə hökmünü əvəz etmir və təqsirləndirilən şəxsin təqsirli olmasını müəyyən edən akt deyil. 

Bu səbəbdən bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsi zamanı şəxsin təqsirli olub-olmaması məsələsi həll edilməmiş qalır. Barəsində cinayət təqibi xitam olunmuş şəxslər cinayətin törədilməsində təqsirli hesab edilmirlər və buna görə də bu cür adlandırıla bilməzlər. Bu şəxslər konstitusiya-hüquqi mənada yalnız cinayətin törədilməsinə dair şübhələrin olduğu və ya ittihamın irəli sürüldüyü üçün müvafiq mərhələdə cinayət prosesinə cəlb edilmiş hesab edilə bilər.

Cinayət məsuliyyətindən azad etmə institutuna gəldikdə isə qeyd olunmalıdır ki, Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinin tələbləri baxımından Azərbaycan Respublikasının Milli Məclisi qanunda həm hüquqpozmalara görə məsuliyyət müəyyən edə, həm də onu aradan qaldıra bilər. O, eyni zamanda müəyyən hərəkətlərə görə cavab tədbiri kimi hansı dövlət-məcburiyyət tədbirlərindən istifadə edilməsini və hansı hallarda onların tətbiqindən imtinanın mümkünlüyünü də müəyyən edə bilər. Bununla əlaqədar olaraq, qanunverici cinayət və cinayət-prosessual qanunvericiliklərində müəyyən kateqoriyadan olan şəxslər barəsində cinayət təqibindən imtina edilməsinə və onların cinayət işlərinə xitam verilməsinə imkan verən əsasları müəyyən etmək hüququna malikdir.

Cinayət məsuliyyətindən azad etmə institutu Cinayət Məcəlləsinin 11-ci fəslinin müddəalarında, habelə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində məsuliyyətdən azad etmənin xüsusi halı kimi nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrinin bu normalarının tətbiqi vasitəsi ilə konstitusiya əhəmiyyətinə malik olan ədalətlilik və humanizm prinsipləri həyata keçirilir.

Qeyd olunmalıdır ki, cinayət məsuliyyətindən azad etmə təqsirləndirilən şəxsi məhkəmənin ittiham hökmündən və dövlət-məcburiyyət tədbirlərinin təsirinə məruz qalmaq vəzifəsindən azad etmək barədə səlahiyyətli dövlət orqanının rəsmi aktında ifadə edilmiş qərardır. Bu zaman cinayət məsuliyyəti təqsirkara qarşı ictimai qınaqda, cəzada və digər cinayət-hüquqi xarakterli tədbirlərdə öz əksini tapmır.

Bu baxımdan nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə əsasən, şəxs rüşvət vermə əməlini könüllü olaraq müvafiq dövlət orqanına məlumat verdiyi təqdirdə o, cinayət məsuliyyətindən azad olunur. Belə olan halda isə həmin şəxsin dələduzluq cinayətində zərərçəkmiş şəxs kimi tanınmaması onun hüquqlarının qanuni əsas olmadan məhdudlaşdırılmasına gətirib çıxara bilər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir;

- bu Qərarın 1-ci bəndinə əsasən şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq cinayətini törətmiş şəxs onunla barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini,  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.        Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən, barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir.

2.        Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 1-ci bəndinə əsasən şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə müvafiq olaraq ona qarşı dələduzluq cinayətini törətmiş şəxs onunla barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilə bilər.

3.          Qərar dərc olunduğu gündən qüvvəyə minir.

4.        Qərar rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.        Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                              Fərhad Abdullayev