AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
QƏRARI
2005-ci il noyabrın 6-da keçirilmiş üçüncü çağırış Azərbaycan Respublikası
Milli Məclisi deputatlarının
seçkilərinin nəticələrinə dair
1 dekabr 2005-ci
il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən),
F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov,
İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan (məruzəçi-hakim) ibarət
tərkibdə,
məhkəmə katibləri
İ.İsmayılov və V.Zeynalovun,
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədri M.Pənahov, sədr müavini
S.Qasımova, katibi N.Məmmədov, üzvləri F.Cavadov, Q.Orucov, R.İbrahimov,
A.Tağıyev, İ.Məmmədov, Ə.Əliyev, X.Əhmədov, V.Kazımova,
M.Bayramov, Y.Bağırzadə və A.Əlizadənin,
ekspertlər, Bakı
Dövlət Universitetinin Hüquq fakültəsi Konstitusiya hüququ kafedrasının dosent əvəzi,
hüquq elmləri namizədi M.İsmayılov və müəllimi Ş.Yusubovun,
mütəxəssislər, Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsinin əməkdaşları U.Həmidova, G.Əhmədova və
E.Qasımovun iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 86-cı maddəsinə və 130-cu maddəsinin VIII hissəsinə
müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında Azərbaycan Respublikası Mərkəzi
Seçki Komissiyasından daxil olmuş materiallar üzrə Azərbaycan Respublikasının
Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərin nəticələrinə
dair konstitusiya işinə baxdı.
Hakimlər Ə.Sultanov,
B.Qəribov və R.Qvaladzenin məruzələrini, Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının sədri M.Pənahovun, Komissiyanın sədr müavini S. Qasımovanın,
katibi N.Məmmədovun, üzvləri M.Bayramov və Ə.Əliyevin çıxışlarını, ekspertlər
M.İsmayılov və Ş.Yusubovun rəyini, mütəxəssis E.Qasımovun arayışını dinləyib
müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikası Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə, Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 145.1-ci maddəsinə və «Azərbaycan
Respublikasının Milli Məclisinə seçkilərin təyin edilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 4 iyul 2005-ci il tarixli 876 saylı Sərəncamına
əsasən 2005-ci il noyabrın 6-da Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilər keçirilmişdir.
Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələblərinə görə Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası səsvermə günündən ən geci 20
gün keçənədək dairə seçki komissiyalarının protokollarını (bu
Məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə)
yoxlayır, 48 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 86-cı, Azərbaycan Respublikası Seçki Məcəlləsinin
171.1-ci və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun
54.1-ci maddələrinə uyğun olaraq seçkilərin yekunlarını Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi yoxlayır və təsdiq edir.
Qanunvericiliyin
yuxarıda göstərilən tələblərinə uyğun olaraq Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası 2005-ci il noyabrın 6-da üçüncü
çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin
yekunlarının yoxlanılması və təsdiq edilməsi məsələsinə baxılması üçün səsvermənin
ümumi yekunları haqqında Mərkəzi Seçki Komissiyasının protokolunu, habelə dairə
seçki komissiyalarının protokollarını (onlara əlavə edilən sənədlərlə
birlikdə) 23 noyabr 2005-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə təqdim etmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının protokoluna, həmçinin Mərkəzi Seçki Komissiyasının iki üzvünün
xüsusi rəyləri əlavə olunmuşdur. Məhkəmə iclasında Mərkəzi Seçki
Komissiyasının üzvü çıxış edərkən xüsusi rəyini məhkəməyə təqdim
etmişdir.
Məsələ ilə bağlı Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi qeyd edir ki, 2005-ci ildə üçüncü
çağırış Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş seçkilər müəyyən
xüsusiyyətlərə malik olmuşlar.
Əvvəlki seçkilərdən
fərqli olaraq, Azərbaycan Respublikası Milli Məclisinin deputatları
yalnız majoritar seçki sistemi üzrə seçilmişlər. Parlamentə seçkilər
bütün seçki prosesini tənzimləyən vahid hüquqi sənəd - 27 may
2003-cü ildə qəbul olunmuş Azərbaycan Respublikasının Seçki Məcəlləsi əsasında
keçirilmişdir. Seçkilər istisnasız ölkənin bütün seçki dairələrində, o
cümlədən ilk dəfə Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində
yaradılmış 122 saylı Xankəndi seçki dairəsində keçirilmişdir. Deputatlığa namizədliyi
irəli sürülən şəxsin müdafiəsi üçün zəruri seçici imzalarının kvotası
2000 imzadan 450 imzaya qədər endirilmişdir. Deputatlığa namizədlərin
qeydiyyata alınma prosesinin asanlaşdırılması nəticəsində seçkiqabağı prosesin
iştirakçılarının sayı kəskin surətdə artmışdır. Hər bir seçiciyə seçki vəsiqəsi
təqdim olunmuş, yerli qeyri-hökumət təşkilatlarına seçkini müşahidə etmək
üçün icazə verilmiş, barmaqların rəngsiz mürəkkəblə boyalanması və
«exit-poll» həyata keçirilmişdir.
Parlament seçkilərinə
hazırlıq dövründə və həmin seçkilərin keçirilməsi zamanı bu sahədə baş
verə bilən əyintilərin və qanun pozuntularının qarşısını almaq,
Milli Məclisə seçkiləri Azərbaycan Respublikası Seçki Məcəlləsinin müddəalarına
tam uyğun keçirmək, icra hakimiyyəti orqanlarını üzərlərinə düşən vəzifələrin
lazımınca yerinə yetirilməsi, vətəndaşların seçki hüquqlarının daha
dolğun təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti «Azərbaycan
Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair» 11 may 2005-ci
il tarixli 806 saylı və «Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin
hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında»
26 oktyabr 2005-ci il tarixli 1062 saylı Sərəncamları qəbul etmişdir.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinə təqdim olunmuş seçkilərin ümumi
yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
2005-ci il 23 noyabr tarixli protokolu ilə aşağıdakılar müəyyən
edilmişdir:
1) seçici
siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı - 4 675 572;
2) səsvermədə
iştirak edən seçicilərin sayı - 1 974 036;
3) dairə seçki
komissiyalarının sayı - 125;
4) Mərkəzi Seçki
Komissiyası protokolunun tərtib edilməsi üçün əsas
götürülmüş dairə seçki komissiyaları protokollarının sayı - 121;
5) səsvermənin nəticələri
etibarsız hesab edilmiş seçki dairələrinin sayı - 4;
6) səsvermənin nəticələri
etibarsız hesab edilmiş seçki məntəqələrinin sayı - 460.
Beləliklə, səsvermənin
ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının
protokolundan göründüyü kimi, səsvermənin nəticələri etibarlı hesab
edilmiş 121 seçki dairəsi üzrə deputat seçilmiş namizədlər müəyyən olunmuşlar.
Bununla belə, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 8 noyabr 2005-ci il tarixli
44/202 saylı qərarı ilə 42 saylı Sumqayıt ikinci seçki dairəsinin 16
seçki məntəqəsi; 8 noyabr 2005-ci il tarixli 44/203 saylı qərarı ilə 9
saylı Binəqədi ikinci seçki dairəsi üzrə 13 seçki məntəqəsi;
12 noyabr 2005-ci il tarixli 47/211 saylı qərarı ilə 110 saylı Zaqatala seçki
dairəsinin 19 seçki məntəqəsi və 15 noyabr 2005-ci il tarixli 48/212
saylı qərarı ilə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsinin 11 seçki
məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilmişdir.
Göstərilən seçki
dairələri üzrə səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin
sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən
çoxunu və həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki
dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4 hissəsindən
çoxunu təşkil etdiyindən seçki dairələri üzrə seçkilərin nəticələri
etibarsız hesab edilmişdir.
Bundan başqa, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 8 noyabr 2005-ci il tarixli 45/201 və
9 noyabr 2005-ci il tarixli 45/204 saylı qərarları ilə
müvafiq olaraq 31 saylı Suraxanı ikinci seçki dairəsinin 10 seçki məntəqəsində,
8 saylı Binəqədi birinci seçki dairəsinin 12 seçki məntəqəsində seçkilərin
nəticələri etibarsız hesab edilərək, həmin dairələr üzrə deputat seçilmiş namizəd
dəyişmişdir.
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının materialları Konstitusiya Məhkəməsinə
daxil olduqdan sonra məhkəmə Azərbaycan Respublikası Seçki Məcəlləsinin
171.3-cü maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Seçki
Komissiyası tərəfindən təqdim edilmiş sənədlərin yoxlanılması üçün
müvafiq mütəxəssisləri cəlb etmiş, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan
Respublikası Qanununun 54.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikası
Apellyasiya Məhkəməsindən, Azərbaycan Respublikası Ali Məhkəməsindən, həmçinin
Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən və Azərbaycan Respublikası
Prokurorluğundan seçki hüquqlarının müdafiəsi və seçki qanunvericiliyinin
pozulması ilə əlaqədar baxılmış şikayət və ərizələr haqqında məlumatları
tələb etmişdir.
Azərbaycan
Respublikası Ədliyyə Nazirliyinin 25 noyabr 2005-ci il tarixli 02/1-740
saylı məktubundan göründüyü kimi, Azərbaycan Respublikasının Milli Məclisinə
2005-ci il noyabrın 6-da keçirilən seçkilərlə əlaqədar respublikanın rayon (şəhər)
məhkəmələri tərəfindən seçicilərin seçici siyahısına daxil olunması ilə bağlı
20117 müraciətə baxılmış, onlardan 20105 (99,9%) ərizə təmin edilmiş, cəmi
12 ərizə rədd olunmuşdur.
Azərbaycan
Respublikası Apellyasiya Məhkəməsinin 29 noyabr 2005-ci il tarixli
59-278/05 saylı məktubuna əsasən Azərbaycan Respublikası Milli Məclisinə
2005-ci il noyabrın 6-da keçirilmiş seçkilərdən sonra seçki hüquqlarının
pozulması ilə bağlı hərəkətlərdən (hərəkətsizliklərdən) və seçki
komissiyalarının qərarlarından Apellyasiya Məhkəməsinə 71 iş daxil olmuşdur. Həmin
işlərin hamısına baxılaraq müvafiq qərarlar qəbul edilmişdir.
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının yekun qərarından Apellyasiya Məhkəməsinə
57 şikayət daxil olmuş və onlar əsassız olduğu üçün təmin edilməmişdir.
Azərbaycan
Respublikasının Ali Məhkəməsi 30 noyabr 2005-ci il tarixli 2-83 saylı məktubu
ilə bildirmişdir ki, kassasiya qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə
seçkilərin keçirilməsi ilə əlaqədar 38 mülki iş daxil olmuş, həmin işlər üzrə
Apellyasiya Məhkəməsinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə ünvanladığı 30 noyabr 2005-ci il
tarixli məktubunda Azərbaycan Respublikasının Prokurorluğu göstərmişdir
ki, Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar
qanun pozuntularına yol verilməsi barədə Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasından və müvafiq dairə seçki komissiyalarından Baş Prokurorluğa
cinayət tərkibli ehtimal edilən cəmi 72 müraciət daxil olmuşdur.
Həmin müraciətlərin
araşdırılması nəticəsində 11 cinayət işi, o cümlədən seçiciləri ələ almaq məqsədilə
müəyyən hərəkətlərə yol verdiklərinə görə 26 saylı Sabunçu birinci, 41 saylı
Sumqayıt birinci, 88 saylı Göyçay, 102 saylı Samux-Şəmkir, 108 saylı Ağstafa və
117 saylı Oğuz-Qəbələ seçki dairələri üzrə qeydə alınmış bir sıra namizədlər,
seçki komissiyasının işinə müdaxilə etdiyinə görə 99 saylı Şəmkir kənd seçki
dairəsi üzrə qeydə alınmış bir namizəd, seçki sənədlərini saxtalaşdırdıqlarına
görə 42 saylı Sumqayıt ikinci dairə seçki komissiyasının sədri və
başqaları, 9 saylı Binəqədi ikinci dairə seçki komissiyasının sədri və
başqaları, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 10 məntəqə seçki
komissiyasının sədrləri və üzvləri, qulluq səlahiyyətlərindən sui-istifadə
etdiklərinə görə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar dairə seçki
komissiyasının 4 üzvü barəsində cinayət işləri başlanılmışdır.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən təqdim olunmuş, həmçinin
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən tələb
olunmuş əlavə sənədlərin, habelə cəlb olunmuş mütəxəssislərin arayışının təhlili
göstərir ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası protokolunun tərtib
edilməsi üçün əsas götürülmüş 121 dairə seçki komissiyasının
protokollarından 115 dairə seçki komissiyasının protokolları Azərbaycan
Respublikasının Seçki Məcəlləsinə uyğun hesab edilməlidir.
Qalan 6 (altı) - 31
saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar,
103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa və 119 saylı Ağdam kənd dairə
seçki komissiyalarının protokolları yuxarıda göstərilən Məcəllənin tələblərinə
cavab vermədiyindən, həmin dairələr üzrə seçkilərin nəticələri təsdiq oluna
bilməz.
Göstərilənlərə əsasən,
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı maddəsini və 130-cu maddəsinin
VIII, IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası
Qanununun 54, 62, 63, 65, 67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Üçüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilmiş
1 saylı Şərur-Sədərək,
2 saylı Şərur,
3 saylı Babək-Kəngərli,
4 saylı Naxçıvan şəhər,
5 saylı Şahbuz-Babək,
6 saylı Culfa-Babək,
7 saylı Ordubad-Culfa,
8 saylı Binəqədi birinci,
10 saylı Binəqədi üçüncü,
11 saylı Qaradağ,
12 saylı Qaradağ-Binəqədi-Yasamal,
13 saylı Əzizbəyov birinci,
14 saylı Əzizbəyov ikinci,
15 saylı Yasamal birinci,
16 saylı Yasamal ikinci,
17 saylı Yasamal üçüncü,
18 saylı Nərimanov-Nizami,
19 saylı Nərimanov birinci,
20 saylı Nərimanov ikinci,
21 saylı Nəsimi birinci,
22 saylı Nəsimi ikinci,
23 saylı Nəsimi-Səbail,
24 saylı Nizami birinci,
25 saylı Nizami ikinci,
26 saylı Sabunçu birinci,
27 saylı Sabunçu ikinci,
28 saylı Sabunçu üçüncü,
29 saylı Səbail,
30 saylı Suraxanı birinci,
32 saylı Suraxanı üçüncü,
33 saylı Xətai birinci,
34 saylı Xətai ikinci,
35 saylı Xətai üçüncü,
36 saylı Xətai dördüncü,
37 saylı Nizami birinci (Gəncə),
39 saylı Kəpəz birinci (Gəncə),
40 saylı Kəpəz ikinci (Gəncə),
41 saylı Sumqayıt birinci,
43 saylı Sumqayıt üçüncü,
45 saylı Abşeron,
46 saylı Əli Bayramlı,
47 saylı Mingəçevir,
48 saylı Yevlax,
49 saylı Yevlax-Mingəçevir,
50 saylı Qobustan-Xızı-Quba,
51 saylı Qusar,
52 saylı Quba,
53 saylı Quba-Qusar,
54 saylı Dəvəçi-Siyəzən,
55 saylı Xaçmaz şəhər,
56 saylı Xaçmaz kənd,
57 saylı Kürdəmir,
58 saylı Hacıqabul-Kürdəmir,
59 saylı Salyan,
60 saylı Salyan-Neftçala,
61 saylı Neftçala,
62 saylı Saatlı,
63 saylı Sabirabad birinci,
64 saylı Sabirabad ikinci,
65 saylı Saatlı-Sabirabad-Kürdəmir,
66 saylı Biləsuvar,
67 saylı Cəlilabad şəhər,
68 saylı Cəlilabad kənd,
70 saylı Masallı şəhər,
71 saylı Masallı kənd,
72 saylı Yardımlı-Masallı,
73 saylı Lənkəran şəhər,
74 saylı Lənkəran kənd,
75 saylı Lənkəran-Masallı,
76 saylı Lənkəran-Astara,
77 saylı Astara,
78 saylı Lerik-Lənkəran,
79 saylı İmişli,
80 saylı İmişli-Beyləqan,
81 saylı Beyləqan,
82 saylı Ağcabədi,
83 saylı Ağcabədi-Ağdam,
84 saylı Füzuli,
85 saylı Şamaxı,
86 saylı İsmayıllı,
87 saylı Ağsu-İsmayıllı,
88 saylı Göyçay,
89 saylı Göyçay-Ağdaş,
90 saylı Ağdaş,
91 saylı Ucar,
92 saylı Zərdab-Ucar,
93 saylı Bərdə şəhər,
94 saylı Bərdə kənd,
95 saylı Tərtər,
96 saylı Goranboy-Naftalan,
97 saylı Goranboy-Ağdam-Tərtər,
98 saylı Şəmkir şəhər,
99 saylı Şəmkir kənd,
100 saylı Şəmkir-Daşkəsən,
101 saylı Xanlar-Daşkəsən,
102 saylı Samux-Şəmkir,
104 saylı Gədəbəy-Tovuz,
105 saylı Tovuz,
107 saylı Qazax,
108 saylı Ağstafa,
109 saylı Balakən,
111 saylı Zaqatala-Balakən,
112 saylı Qax,
113 saylı Şəki şəhər,
114 saylı Şəki kənd birinci,
115 saylı Şəki kənd ikinci,
116 saylı Qəbələ,
117 saylı Oğuz-Qəbələ,
118 saylı Ağdam şəhər,
120 saylı Cəbrayıl-Qubadlı,
121 saylı Laçın,
122 saylı Xankəndi,
123 saylı Kəlbəcər,
124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd,
125 saylı Zəngilan-Qubadlı
seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilsin.
2. Azərbaycan Respublikası Milli Məclisinə 2005-ci il noyabrın 6-da keçirilmiş 31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy,
106 saylı Tovuz-Qazax-Ağstafa, 119 saylı Ağdam kənd seçki dairələri üzrə seçkilərin nəticələri təsdiq edilməsin.
3. Qərar elan olunduğu andan qüvvəyə minir.
4. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti»,
«Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.