AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
İ.Əhmədov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
2
iyun 2022-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva
(məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze
(məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət
tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında İ.Əhmədov və qeyrilərinin şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakimlər H.Əfəndiyeva və R.Qvaladzenin məruzələrini,
ərizəçilərin şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikası Müdafiə Nazirliyi (bundan sonra – Müdafiə Nazirliyi) cavabdehlər
Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Əmlak
Məsələləri Dövlət Komitəsi), Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidmətinin Bakı Ərazi İdarəsi, “Azman” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan
sonra – “Azman” MMC), G.Tahirli, Q.Qafarov və qeyrilərinə qarşı alğı-satqı
müqavilələrinin etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən
çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə
müraciət etmişdir.
Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qətnaməsi
ilə iddia təmin edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 mart 2016-cı il
tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 27
iyul 2016-cı il tarixli qərarı
ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.
İ.Əhmədov və qeyriləri Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının (bundan
sonra – Konstitusiya) 25, 29 və 60-cı maddələri ilə təsbit edilmiş bərabərlik, mülkiyyət və ədalətli məhkəmə
araşdırması hüquqlarının pozulduğunu göstərməklə, Ali Məhkəmənin Mülki
Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Konstitusiyaya və qanunlara
uyğun olmayan hesab edilməsini xahiş etmişlər.
İ.Əhmədov
və qeyriləri Konstitusiya Məhkəməsinə ünvanladıqları şikayətin Ali Məhkəmənin
Mülki Kollegiyasının mübahisələndirilən 27 iyul 2016-cı il tarixli qərarının
qüvvəyə minməsindən qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra
verilməsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə icarə və özəlləşdirilmə zamanı ödənilmiş vəsaitin
geri qaytarılması və ya başqa ərazidə uyğun torpaq sahəsinin verilməsinə dair
xeyli vaxt müzakirələrin aparılması, Müdafiə Nazirliyi tərəfindən başqa şəxslərə
qarşı eyni əsaslarla analoji iddiaların qaldırılması və Əmlak Məsələləri Dövlət
Komitəsinin tövsiyəsinə uyğun olaraq onların analoji mübahisənin həllinə dair
Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ifadə olunmuş məhkəmə aktının
çıxarılmasını gözləmələri ilə izah etmişlər.
Belə
ki, Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 11 oktyabr tarixli Qərarı ilə
Ş.Əliyevanın eyni xarakterli şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının
23 dekabr 2016-cı il tarixli qərarı qüvvədən salınmış, işə baxılma Ali Məhkəmənin
Mülki Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarının qəbul edilməsi ilə
yekunlaşmış, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında ifadə
olunan hüquqi mövqelərinə uyğun olaraq, Müdafiə Nazirliyinin analoji iddiasının
təmin edilməməsinə dair məhkəmə aktı qanuni qüvvəsini almışdır.
Konstitusiya
Məhkəməsinin Plenumu analoji iş üzrə müvafiq Qərarının mövcud olduğunu nəzərə
alaraq, 17 dekabr 2021-ci il tarixli Qərardadı ilə hazırkı işə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Plenumu tərəfindən hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə
icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Lakin bundan sonra, İ.Əhmədov
və qeyriləri yenidən Konstitusiya Məhkəməsinə müraciət edərək Ali Məhkəmənin
Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Konstitusiyaya və
qanunlara uyğun olmayan hesab edilməsini xahiş etmişlər.
Ərizəçilər
hesab edirlər ki, iş üzrə məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) əqdlərin etibarsızlığına dair normalarını, həmçinin
Konstitusiya Məhkəməsi Plenumunun həmin normalar və torpaq qanunvericiliyinin
müvafiq müddəaları ilə bağlı formalaşdırdığı hüquqi mövqelərini nəzərə
almamışlar. Həmçinin ərizəçilərin qənaətinə görə, eyni xarakterli mübahisə üzrə
əks mövqeli məhkəmə aktlarının qəbul edilməsi ilə onların qanun və məhkəmə
qarşısında bərabərlik hüququ da pozulmuş olur.
Mülki
işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf
Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti ilə
“Azman” MMC arasında bağlanılmış 22 aprel 2004-cü il tarixli icarə müqaviləsinə
əsasən, Bakı şəhəri Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 92 ünvanında yerləşən və
Müdafiə Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsi sonuncunun razılıq məktubu
alınmaqla “Azman” MMC-nin istifadəsinə
verilmişdir.
İcarəyə
verilmiş əmlakın 28 may 2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən, həmin qeyri-yaşayış sahəsi “Azman” MMC-yə
satılmış, “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı”na
dair 10 oktyabr 2004-cü il tarixli müqaviləyə əsasən isə İqtisadi İnkişaf
Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən
verilmiş 1 iyul 2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə əsasında
özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin tikinti və infrastruktur altında yerləşən,
həmçinin sərbəst torpaq sahəsi “Azman” MMC tərəfindən satın alınmış, 12 oktyabr
2004-cü il tarixində ona torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə
verilmişdir.
Müdafiə
Nazirliyinin alğı-satqı müqavilələrinin
etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə
dair iddiasının təmin edilməsi barədə birinci instansiya məhkəməsinin
qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət edən apellyasiya instansiyası məhkəməsi
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 9, 23
və 46-cı maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası
Qanununun (bundan sonra – “Dövlət
əmlakının özəlləşdirilməsi haqqında” Qanun) 6.2 və 31-ci maddələrinə, eləcə
də Mülki Məcəllənin 155, 337.1 və 384-cü maddələrinə əsaslanaraq hesab etmişdir
ki, mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olmaqla onun özəlləşdirilməsi
qeyri-mümkün olduğundan, mübahisəli əmlak barəsində müqavilələr etibarsız hesab
edilməli, cavabdehlərin mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışları
ləğv olunmalıdır.
Konstitusiya Məhkəməsinin
Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Azərbaycan
Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə
olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə
üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla
qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I və II
hissələri).
Konstitusiya Məhkəməsi
Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, mülkiyyət hüququnun məzmunu
Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir.
Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının
əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət
Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən
qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası
kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir.
Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən
çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə
dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
Mülki Məcəllənin
238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun
obyektidir.
Azərbaycan
Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında
yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri
və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi
üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata
keçirilir.
Torpaq münasibətlərinin
obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq Məcəlləsinin
4-cü maddəsinə görə, torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq
üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri,
coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks
etdirilmiş yer səthinin bir hissəsi başa düşülür.
Azərbaycan
Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət
növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən
qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri
üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində
- bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan
Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Torpaq
üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə
torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəlik qaydasında keçməsi,
bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlər əsasında yaranır.
Eyni zamanda
Konstitusiyanın 29-cu maddəsinin VI hissəsində müəyyən edilmişdir ki, sosial ədalət
və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ
qanunla məhdudlaşdırıla bilər.
Konstitusiya Məhkəməsinin
Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin
bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli Qərarında göstərmişdir
ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin
tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq
və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin
hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması
qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn
mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə
tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib
olmalıdır.
İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Broniovski
Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında
göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti
orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik
prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən
normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini
öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi
haqqında” Konvensiya (bundan sonra – Konvensiya) tərəfindən tanınan hüququn və
ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır.
Konvensiyanın
1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz
mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları
naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər
istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan
görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə
cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq
edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
Hazırkı işdə ərizəçilərin
torpaq üzərində mülkiyyət hüququna onun yarandığı vaxtdan uzun müddət (11 il) keçdikdən
sonra xitam verilmişdir. Avropa Məhkəməsi tərəfindən formalaşdırılmış təcrübəyə
əsasən isə mülkiyyət hüququna retroaktiv xitam verilməsi Konvensiyanın 1 saylı
Protokolunun 1-ci maddəsinin 2-ci cümləsinin mənasına görə mülkiyyətdən məhrum
edilmə kimi qiymətləndirilir (Turqut və
digərləri Türkiyəyə qarşı iş üzrə §§ 87-88, 2008-ci il 8 iyul, Şatır Türkiyəyə
qarşı iş üzrə § 31, 2009-cu il 10 mart, Maksimenko və Gerasimenko Ukraynaya
qarşı iş üzrə § 50, 2013-cü il 16 may,
Bidjiyeva Rusiyaya qarşı iş üzrə § 61, 2017-ci il 5 dekabr
tarixli və s. Qərarlar).
Ərizəçilərin mülkiyyətlərindən
məhrum edilməsinin “qanuni” olub-olmaması ilə əlaqədar Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Torpaq Məcəlləsinin 46-cı
maddəsinə görə, dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, dövlət müəssisə,
idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin
tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir və həmin
torpaqlar bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən olunmuş
qaydada istifadəyə və icarəyə verilə bilər.
Həmin Məcəllənin 23-cü
maddəsinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin,
müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının
daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və
təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.
“Dövlət əmlakının özəlləşdirilməsi
haqqında” Qanunun 6-cı maddəsi ilə dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi
qadağan olunmuş əmlak növləri sırasında Azərbaycan Respublikasının müdafiəsini
və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd
qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə
tutulmuşdur.
Həmin Qanunun 31-ci
maddəsində isə bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən
edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə
dair bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsas kimi müəyyən
edilmişdir.
Konstitusiya Məhkəməsi
Plenumunun əvvəlki Qərarlarında vurğulandığı kimi, dövlət əmlakının özəlləşdirilməsi
iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın genişləndirilməsinə, sağlam
rəqabət mühitinin yaradılmasına xidmət edir.
“Dövlət əmlakının özəlləşdirilməsi
haqqında” Qanunun 1.0.1-ci maddəsinə müvafiq olaraq, dövlət əmlakının özəlləşdirilməsi
- dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların
mülkiyyətinə verilməsidir və həmin Qanunun 2.1-ci maddəsinə əsasən, dövlət əmlakının
özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması,
sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması,
iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin
artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə
nail olmaqdan ibarətdir.
Məhz dövlət əmlakının
özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə
iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın
səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna
mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə
“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi
qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak
növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd
qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə
tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun
Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11
oktyabr tarixli Qərarı).
Hazırkı
iş üzrə qəbul edilmiş məhkəmə aktlarından isə görünür ki, mübahisəli əmlakın
müdafiə və sərhəd qoşunlarının məhz operativ
istifadəsində olub-olmaması məhkəmələr tərəfindən araşdırılmamış, yalnız mübahisəli əmlakın Müdafiə
Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi
qadağan edilmiş əmlak siyahısına aid olduğu qənaətinə gəlinmişdir.
Eyni
zamanda Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən 2019-cu il 11 oktyabr
tarixli Qərarında dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlaka dair bağlanmış alğı-satqı
müqavilələrinin etibarsız hesab edilməsinin əsasları göstərilmiş, belə müqavilələrə
etimadın, habelə vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiqlənmiş
mülkiyyət hüququnun qorunması xüsusilə vurğulanmışdır.
Avropa
Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, öz səhvləri nəticəsində
dövlətin mülkiyyət hüquqlarına zərər vurulduğu hallarda “lazımi idarəetmə”
(good governance) prinsipi baxımından, dövlət vaxtında, düzgün və ardıcıl hərəkət
etməli (Osipkovs və digərləri Latviyaya qarşı iş üzrə § 80, 2017-ci il 4
may, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə §§ 138-139, 2018-ci
il 12 iyun, Maltseva və digərləri Rusiyaya qarşı iş üzrə § 32, 2019-cu
il 17 dekabr tarixli Qərarlar) və həmçinin belə səhvlərin aradan
qaldırılmasının müvafiq şəxsin hüquqlarının pozulması ilə nəticələnməməsinə
xüsusi diqqət yetirməlidir (Qladışeva Rusiyaya qarşı iş üzrə § 80, 2011-ci
il 6 dekabr, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə § 140, 2018-ci
il 12 iyun tarixli Qərarlar).
Seryogin
və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin ifadə etdiyi
mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün
pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və
öz hərəkətlərinin qanunauyğunluğunun həmçinin
dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər
vicdanlı və qanun çərçivəsində davranan hesab edilir.
Lakin hazırkı işdə Müdafiə Nazirliyinin razılığı
ilə dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət
Komitəsi tərəfindən icarəyə verilmiş mübahisəli
əmlaka dair icarə və alğı-satqı müqavilələrinin qanunvericiliyin hər
hansı imperativ qaydasına zidd olmasına dair dəlillərin mövcud olmadığı halda məhkəmələr
müqavilələri etibarsız hesab etmiş, ərizəçilərin qeyd edilən dövlət
qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə
əldə etmələrini nəzərə almamışlar.
Konstitusiyanın
60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit
olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual
Məcəllə) ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz
əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının
səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.
Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada
işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416.1-ci
maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və
kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi
tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini
yoxlayır.
Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və
prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən
maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin
pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv
edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən isə
bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları
pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın
ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul
edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Ali Məhkəmənin Mülki Kollegiyası isə apellyasiya instansiyası məhkəməsi tərəfindən
yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulmasını yetərincə
araşdırmamış, bununla da ərizəçilərin Konstitusiyanın 29 və 60-cı maddələrinin
I hissələrində nəzərdə tutulmuş mülkiyyət və hüquq və azadlıqların inzibati və
məhkəmə təminatı hüquqları pozulmuşdur.
Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə
gəlir ki, Müdafiə Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə
qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq və
qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin
Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarı Konstitusiyanın 29-cu
maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin
416.1, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq
məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə
uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Əmlak
Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı alğı-satqı müqavilələrinin
etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə
dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının
29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə,
Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 416.1, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan
hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks
olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə
və ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev