AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
“HTM Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
20 aprel 2022-ci il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim),
Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov
və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin V hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2
və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə
icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “HTM Holding”
Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, ərizəçinin
şikayətini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının mülahizəsini
və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“Sumqayıt
Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “STP” MMC) “HTM
Holding” Məhdud Məsuliyyətli Cəmiyyətinə (bundan sonra – “HTM Holding” MMC)
qarşı 19 iyul 2013-cü il tarixli, SS-250 nömrəli və 7 yanvar 2014-cü il
tarixli, 02/SS-002 nömrəli malların alğı-satqı müqavilələri üzrə 115 596, 11
manat məbləğində borcun “HTM Holding” MMC-dən tutularaq ona ödənilməsi barədə
iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Şirvan
İnzibati-İqtisadi Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsi ilə
iddia tələbi təmin edilməmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının 17 iyul 2018-ci il
tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.
Azərbaycan
Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali
Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 23 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş
yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin
İnzibati-İqtisadi Kollegiyasının 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə “STP”
MMC-nin apellyasiya şikayəti təmin edilmiş, yeni qətnamə qəbul edilərək iddia təmin
edilmişdir.
Ali Məhkəmənin
İnzibati-İqtisadi Kollegiyasının 18 sentyabr 2019-cu il tarixli qərarı ilə “HTM Holding” MMC-nin
kassasiya şikayəti qismən təmin edilərək iş yenidən baxılması üçün apellyasiya
instansiyası məhkəməsinə göndərilmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 13 iyul 2020-ci il tarixli qətnaməsi ilə “STP” MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, “HTM Holding” MMC tərəfindən 7 yanvar 2014-cü il tarixli 02/SS-002 nömrəli malların alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 19 726, 06 manat məbləğində borcun “STP” MMC-yə ödənilməsi qət edilmişdir.
Ali Məhkəmənin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarı ilə “STP” MMC-nin kassasiya
şikayəti təmin edilərək iş üzrə yeni qərar qəbul edilmişdir. “HTM Holding”
MMC-dən “STP” MMC-nin xeyrinə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya
Kollegiyası tərəfindən tutulmuş 19 726, 06 manat məbləğ daxil olmaqla,
ümumilikdə 115 626, 11 manat məbləğində borcun tutulması qərara alınmışdır.
“HTM Holding” MMC-nin direktoru H.Əliyev Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya
Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Kommersiya
Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I
hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan
sonra – Mülki Prosessual Məcəllə) 417-ci maddəsinə uyğun olmayan hesab olunması
barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Şikayətdə göstərilmişdir
ki, iş üzrə ikinci kassasiya icraatı zamanı məhkəmə tərəfindən malların təhvil-təslimində iştirak etmiş şəxslərin
cavabdehlə əlaqəsinin olub-olmamasının araşdırılmasına dair göstəriş
verilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin göstərişə əməl
edilməsi məqsədi ilə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və aktlara
imza çəkən şəxsin cavabdehin nümayəndəsi olmaması müəyyən edilmişdir. Lakin üçüncü
kassasiya icraatı zamanı məhkəmə həmin ekspert rəyini nəzərə almayaraq məhkəməyə
təqdim edilməyən müqaviləyə əsaslanaraq, işin faktiki hallarına və sübutlara
qiymət verməklə yeni qərar qəbul etmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Məhkəməyə müraciət
etmək hüququnun təmin edilməsi, öz növbəsində,
pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində
səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir.
Ədalət mühakiməsi vasitəsi ilə insan hüquq və azadlıqlarının təminatı
sisteminin universal xarakteri, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından
müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını da əhatə
edir. Bu hüquq məhkəmə prosesinin bütün mərhələlərinə aid olmaqla, məhkəmə
müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə
tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini
nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci
il 28 fevral və “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin
28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarları).
Qeyd olunmalıdır ki,
Konstitusiyanın 60-cı maddəsi müxtəlif məhkəmə instansiyalarına verilmiş şikayətlərə baxılmasının prosessual qaydalarına dəqiq
riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər
üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki
Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər
iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə
icraatında prosessual qaydaları tənzim edir. Məcəllə mülki məhkəmə icraatının
ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə
yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması,
işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla son nəticədə məhkəmə
aktlarının qəbulunu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması
qaydasını tənzimləyir.
Mülki Prosessual Məcəllənin
normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual
münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və
onların mümkünlüyünü müəyyən edir (Konstitusiya Məhkəməsi
Plenumunun İ.Şabanovanın şikayəti ilə əlaqədar 2012-ci il 27
avqust tarixli Qərarı).
Məhkəməyə müraciət
etmək hüququ, ilk növbədə, iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq
subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin
dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin –
proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv
hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciətin əsası olmuş hallarla fərqlənirlər.
Qüvvədə olan
prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək
olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin
iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin
fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.
Prosesdə
iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş
etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan
maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar.
İddianın əsasını
irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir.
Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların
pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir
faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət
olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və
372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il
27 avqust tarixli Qərarı).
İddianın faktiki əsasını
göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən
pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu
iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir.
İddiaçı tələblərini
tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə
qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər.
Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması
onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı
hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını
dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti
üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun
olan hesab edilməlidir.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi vacib hesab edir ki, mülki prosesdə məhkəmələr tərəflərin
tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı
olmayaraq tətbiq ediləcək hüquq normalarını
müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura
novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır.
Qüvvədə olan mülki prosessual
qanunvericiliyə əsasən, məhkəmə tərəflərin hüquqlarının realizəsinə yönələn bir
sıra prosessual səlahiyyətlərə malikdir. Bununla belə, məhkəmə heç bir halda tərəflərə
məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz.
İddianın əsasının və
ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir. Belə
ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə uyğun olaraq, iddiaçı işin məhkəmədə
baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə,
iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı
zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini
artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə
baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə
baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə
görə mümkün olmadığını əsaslandırsın. Burada nəzərə alınmalıdır ki, həmin maddədə
qeyd edilən “iddianın əsası” ifadəsi iddianın məhz faktiki əsasını ehtiva edir,
iddianın hüquqi əsasını təşkil edən tətbiq olunacaq maddi hüquq normaları isə
mülki icraatın istənilən mərhələsində məhkəmə tərəfindən dəyişdirilə bilər.
İddianın predmetinin və ya faktiki əsasının məhkəmə
tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən
olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar.
Konstitusiya Məhkəməsinin
Plenumu bir sıra qərarlarında dispozitivlik prinsipinin ədalət mühakiməsinin həyata
keçirilməsində əhəmiyyətini qeyd edərək vurğulamışdır ki, dispozitivlik
prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona
yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə
olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin
başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə
qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin
iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.
Beləliklə, dispozitivlik
prinsipi baxımından, pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən
müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız Mülki Prosessual Məcəllənin
53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdirilə bilər.
Bu zaman məhkəmənin diskresiyası istisna edilir.
İddianın
predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda
həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə
prinsipinin təmin olunmasına yönəlmişdir. Mülki Prosessual Məcəllənin 9.2-ci
maddəsinə görə, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər,
sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki,
digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Beləliklə, iş
üzrə cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını
təqdim etmək, habelə iddia müddətinin tətbiq edilməsini istəmək (burada nəzərə
almaq lazımdır ki, ayrı-ayrı tələblərə görə iddia müddəti də fərqlənə bilər) imkanına
malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə
edilmiş məlumata malik olmalıdır.
Məhkəmənin iddianın
predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik
prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə
baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı,
həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli
tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək.
Hazırkı iş üzrə qəbul
edilmiş məhkəmə aktlarından görünür ki, iddiaçı “STP” MMC Şirvan İnzibati-İqtisadi
Məhkəməsinə “HTM Holding” MMC ilə aralarında bağlanmış 02/SS-002 və 02/SS-009 nömrəli alğı-satqı
müqavilələri əsasında yaranmış 115 596, 11 manat məbləğində
borcun sonuncudan tutularaq ona ödənilməsi tələbinə dair iddia ilə müraciət
etmişdir. 20 fevral 2018-ci il tarixində iddiaçı ərizə ilə məhkəməyə müraciət
edərək, ərizələrində texniki səhvə yol verildiyini göstərməklə Mülki Prosessual
Məcəllənin 53-cü maddəsinə uyğun olaraq
02/SS-009 nömrəli müqavilənin SS-250 nömrəli müqavilə ilə əvəz edilməsini
xahiş etmiş, bundan sonra məhkəmələr “STP” MMC-nin “HTM Holding” MMC-yə qarşı
19 iyul 2013-cü il tarixli SS-250 və 7 yanvar 2014-cü il tarixli 02/SS-002 nömrəli
alğı-satqı müqavilələri üzrə 115 596, 11 manat məbləğində borcun tutularaq
iddiaçıya ödənilməsi tələbinə dair işə baxmışdır. 02/SS-009 nömrəli müqavilə
iddianın əsasını təşkil etmədiyindən məhkəməyə təqdim edilməmişdir.
Şirvan Apellyasiya Məhkəməsinin
Kommersiya Kollegiyasının 13 iyul 2020-ci il tarixli qətnaməsində qeyd
edilmişdir ki, “STP” MMC tərəfindən iddia ərizəsinə 26 fevral 2014-cü il
tarixli 02/SS-009 nömrəli malların alğı-satqı müqaviləsi əlavə edilmədiyi və həmin
müqavilə üzrə cavabdeh “HTM Holding” MMC-dən pul tələb edilmədiyi halda, qeyd
olunan müqavilə üzrə müəyyən edilən 50 637, 11 manat məbləğində pulun, tələb
edilən cəmi 115 626, 11 manat məbləğinə daxil edilməsi əsassız olduğundan,
26 fevral 2014-cü il tarixli 02/SS-009 nömrəli malların alğı-satqı müqaviləsi
üzrə 50 637, 11 manat məbləğində pul tələbinə dair hissədə iddia təmin edilə
bilməz.
Ali Məhkəmənin
Kommersiya Kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə
razılaşmayaraq, 9 fevral 2021-ci il tarixli Qərarında hesab etmişdir ki, “STP”
MMC-nin iddia tələbi işin materiallarına əlavə edilmiş 3 müqavilə (SS-250,
02/SS-002, 02/SS-009) və həmin müqavilələrə uyğun tərtib
olunmuş qaimə fakturalar və elektron vergi-hesab fakturalarına əsaslanır. Həmin
qaimə faktura və elektron vergi-hesab fakturalarına əsasən, ümumi məbləğ SS-250
nömrəli 19 iyul 2013-cü il tarixli müqaviləyə görə 35 800, 26 manat,
02/SS-002 nömrəli 7 yanvar 2014-cü il tarixli müqaviləyə görə 64 959 manat,
02/SS-009 nömrəli 26 fevral 2014-cü il tarixli müqaviləyə görə 50 637 manat təşkil
etmişdir. SS-250 nömrəli müqavilə üzrə borc cavabdeh tərəfindən ödənilmiş,
qalan iki müqavilə əsasında “HTM Holding” MMC-nin “STP” MMC-yə 115 626, 11
manat borcu yaranmışdır.
Göründüyü kimi,
kassasiya instansiyası məhkəməsi məhkəmələrə təqdim edilməyən 02/SS-009 nömrəli 26 fevral 2014-cü il
tarixli müqavilə əsasında qərar qəbul etməklə faktiki olaraq iddianın əsasını dəyişmiş
və bununla mülki prosesin təməl prinsipləri olan dispozitivlik və çəkişmə
prinsipləri ilə uzlaşmayan prosessual pozuntuya yol vermişdir.
Kassasiya
instansiyası məhkəməsinin həmin Qərarında o da qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi “STP” MMC tərəfindən
təqdim edilən və işdə əsas sübut növü sayılan elektron vergi-hesab
fakturalarına hüquqi qiymət verməmişdir. Halbuki, həmin vergi mühasibatlığı sənədləri
iddiaçı tərəfindən malların cavabdehə göndərilməsini və nəticədə 115 626, 11
manat məbləğində borcun yaranmasını təsdiq edən sənəddir.
Ali Məhkəmənin
Kommersiya Kollegiyasının bu mövqeyi ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 88-ci
maddəsinə müvafiq olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və
tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq
olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş
qüvvəsi yoxdur.
Məhkəmə tərəfindən həqiqətə
nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin
yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra
hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən
məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu
aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi
Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral və F.Şirinovun
şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları).
Mülki Prosessual Məcəllənin
217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən
edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş
sübutlarla əsaslandırır.
Bu baxımdan, lazımi qaydada tərtib olunaraq göndərilmiş və
ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları
öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini
birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin
şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər,
öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən
işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
Hazırkı iş üzrə isə
Ali Məhkəmənin Kommersiya Kollegiyası tərəflər arasında mövcud müqavilələrin şərtlərini,
işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarını, kassasiya instansiyası məhkəməsinin
əvvəlki göstərişinə əməl olunaraq apellyasiya icraatı zamanı keçirilmiş
ekspertiza nəticəsində tərtib edilmiş ekspert rəyini və digər sübutları nəzərə
almayaraq, yalnız elektron vergi-hesab fakturalarına hüquqi qiymət verməklə, məhkəmələr
tərəfindən tədqiq olunmayan müqavilə əsasında yeni qərar qəbul etmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu bununla bağlı qeyd etməyi vacib hesab edir ki, mülki prosessual
qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi işə baxarkən
apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud
qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və
sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul
edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları
pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4
və 417.2-ci maddələri).
Konstitusiya Məhkəməsi
Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin
417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin
hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və
heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini
öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin
407.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsinin
vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual
hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin
Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının
sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün
faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə
olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol
verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət
mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən
edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (Konstitusiya Məhkəməsi
Plenumunun 2004-cü il 12 aprel, 2004-cü il 21 may, 2004-cü il 3 avqust, 2004-cü
il 28 oktyabr, 2010-cu il 21 iyun, 2012-ci il 28 fevral, 2014-cü il 18 fevral və
2014-cü il 15 sentyabr tarixli Qərarları).
Lakin iş üzrə
kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən
məhz hansı maddi hüquq normasının tələblərinin pozulmasını və ya düzgün tətbiq
edilməməsini göstərmədən, həmin məhkəmə tərəfindən prosessual qanunvericiliyin
tələblərinə riayət olunmadığını və işin faktiki hallarına uyğun olmayan nəticəyə
gəlinməsini göstərməklə Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrini
onların konstitusiya-hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə son
nəticədə həmin hüquq normalarının tələblərini
pozmuşdur.
Yuxarıda göstərilənləri
nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, “STP”
MMC-nin “HTM Holding” MMC-yə qarşı pul tələbinə dair Ali Məhkəmənin Kommersiya
Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə,
Mülki Prosessual Məcəllənin 417.1.4 və
417.2-ci maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra
edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yenidən baxılmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. “Sumqayıt
Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin “HTM Holding” Məhdud Məsuliyyətli
Cəmiyyətinə qarşı pul tələbinə dair Azərbaycan
Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il
tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2-ci maddələrinə
uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda
əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2.
Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev