AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
A.Nadirova və qeyrilərinin şikayəti üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair
16 mart 2022-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva,
Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov
və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin V hissəsinə,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2
və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə
icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında A.Nadirova və
qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçilərin
şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
N.Nadirov A.Nadirovaya, Quba Rayonu İcra Hakimiyyəti
Başçısının I Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə (bundan sonra – I Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik) və
Quba “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə
müraciət edərək, 28 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ
haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini
xahiş etmişdir.
A.Nadirova və qeyriləri isə N.Nadirov,
üçüncü şəxslər və Quba “ASAN xidmət” mərkəzinə
qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu I Nügədi kəndində
yerləşən 154 kv.m ümumi sahəsi olan V.Nadirovdan miras qalmış fərdi yaşayış
evini, Meyxanım Nadirovadan miras qalmış 0,20 ha torpaq sahəsini Mehman Nadirovun
qəbul etməsi, həmin miras əmlakdan sonuncuya düşən paydan onlara aid hissənin
müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
Bundan sonra A.Nadirova və qeyriləri iddia
tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək yuxarıda
göstərilən miras əmlakın M.Nadirov tərəfindən qəbul edilməsinin və ona düşən
payın müəyyən edilməsi, həmin paydan A.Nadirova və qeyrilərinin paylarının müəyyən
edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
Quba Rayon Məhkəməsinin 5 aprel 2019-cu il
tarixli qərardadı ilə hər iki tələb üzrə mülki işlərin bir icraatda birləşdirilərək
baxılması qərara alınmışdır.
Həmin Məhkəmənin 24 may 2019-cu il tarixli
qətnaməsi ilə birinci iddia qismən təmin edilmiş, 28 avqust 2012-ci il tarixli
qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən, ½ hissədə etibarsız hesab edilmiş,
ikinci iddia tam təmin edilmiş, M.Nadirovun ½ hissədə vərəsəlik üzrə miras payı
müəyyən edilmiş, əmlakın 3/6 hissəsinə hər birinin payı 1/6 olmaqla onun vərəsələri
A.Nadirova və qeyrilərinin vərəsəlik üzrə miras payları müəyyən edilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 14 fevral 2020-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin
qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək N.Nadirovun iddiası
təmin edilmiş, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab
edilmiş, A.Nadirova və qeyrilərinin iddia tələbi rədd edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 25
fevral 2021-ci il tarixli qərarı ilə ərizəçilərin kassasiya şikayəti təmin
edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən
saxlanılmışdır.
A.Nadirova və qeyriləri Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
şikayət verərək Ali Məhkəmənin Mülki Kollegiyasının 25 fevral 2021-ci il
tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan
sonra – Konstitusiya) və qanunlarına uyğun olmayan hesab olunması barədə qərar
qəbul edilməsini xahiş etmişlər.
Şikayət onunla əsaslandırılmışdır ki,
kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) 1243.2, 1243.3 və 1272-ci maddələri, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
372.1, 418.1 və 418.2-ci maddələri düzgün tətbiq edilməmiş, miras qalmış əmlakın
– torpaq sahəsinin və yaşayış evinin əmlak və torpaq vergisinin 2004-2013-cü
illərdə M.Nadirov tərəfindən ödənilməsinə, bunu təsdiq edən qəbzlərin iş
materiallarında mövcudluğuna, bununla da mirası tam qəbul etmiş hesab
olunmasına düzgün hüquqi qiymət verilməmiş, N.Nadirovun miras əmlakı faktiki
olaraq qəbul etməsi qənaətinə gəlinərək ərizəçilərin Konstitusiyanın 29, 60 və 71-ci maddələrində təsbit edilmiş vərəsəlik,
hüquq və azadlıqların inzibati və məhkəmə təminatı, insan və vətəndaş hüquq və
azadlıqlarının təminatı hüquqları pozulmuşdur.
Şikayətdə qaldırılan məsələ ilə bağlı
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə
əsasən, dövlət vərəsəlik hüququna təminat verir.
Vərəsəlik hüququna təminat vəsiyyət edə
bilmə ilə yanaşı vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı da ehtiva
edir.
Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən,
mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak
hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə
keçməsinin iki növünü təsbit etmişdir.
Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı
başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla
keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin
əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras
qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız
sayılır.
Vəsiyyət üzrə vərəsəlik zamanı vəsiyyət
etmək azadlığı prinsipindən irəli gələrək miras əmlak miras qoyanın iradəsinə əsasən
vəsiyyətnamədə göstərilən şəxslərə keçir.
O da nəzərə alınmalıdır ki, vəsiyyət etmək
azadlığı mütləq deyil və vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci
növbə vərəsələrin məcburi pay tələb etmək hüququ ilə məhdudlaşdırılmışdır.
Göründüyü kimi, vərəsəlik institutu ailə və
əmlak hüquq normalarının spesifik xüsusiyyətlərini özündə əks etdirir. Bu həmin
instituta aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm
də iradə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında ifadə olunur.
Qanunverici tərəfindən mirasın qəbulunun
formal və qeyri-formal üsulları müəyyən edilmişdir.
Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə
uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul
edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə
ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki
başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras
vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik
etməyə faktiki başladıqda hesab edilir
ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o,
mirası tamamilə qəbul etmişdir.
Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin
mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi).
Vərəsənin mirasın açıldığı yer üzrə
notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin
formal üsuludur.
Miras əmlakın faktiki qəbulu isə vərəsənin
konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin
açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin
məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın
faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras
əmlakı faktiki idarə etmək.
Faktiki sahiblik etmək üsulu ondan ibarətdir
ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ
keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən
elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi
üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun
(Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18
iyul tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki
Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə
dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv
hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul
edilməsi üsulu ilə şərtləndirilməmişdir.
Həmin Qərarda həmçinin qeyd edilmişdir ki,
vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə
hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka
sahiblik etməklə və ya əmlakı idarə etməklə
mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin
olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir.
Beləliklə, miras əmlakın hansı üsulla qəbul
edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə
tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş
hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras
passivini qəbul etməsinə dəlalət edir.
Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin
qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən
formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin
mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun
mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv
hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə
araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla
qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar.
İşin məhkəmələr tərəfindən müəyyən edilmiş
hallarından görünür ki, V.Nadirov
1918-ci ildən 1995-ci ilə kimi, M.Nadirova 1923-cü ildən 2004-cü ilə kimi Quba
rayonu I Nügədi kəndində yaşamışlar. V.Nadirov öldükdən sonra vərəsələrindən
arvadı M.Nadirova, uşaqları Fəridə, Mehman, Sevil, Mail, Nəbi və Tərlanə qalmışdır.
Quba “ASAN xidmət” mərkəzinin notariat ofisinin
16 avqust 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, I Nügədi İnzibati Ərazi
Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 30 iyul 2012-ci il tarixli arayış
əsasında 23 avqust 2004-cü il tarixində vəfat etmiş M.Nadirovanın vərəsəsi kimi
oğlu Mehman Nadirov qalmış və o, miras əmlakı qəbul etmişdir.
28 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik
hüququ haqqında şəhadətnamədə 23 avqust 2004-cü ildə vəfat etmiş M.Nadirovanın
vərəsəsi kimi Mehman Nadirov göstərilmiş, miras əmlak isə I Nügədi 3409/034№-li
filialında 215 saylı hesab üzrə qoyulmuş əmanət pulundan ibarət olmuşdur.
I Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik
tərəfindən 16 avqust 2018-ci il tarixində verilmiş arayışa görə, M.Nadirov vəfat
edənədək, yəni 2 sentyabr 2013-cü ilə kimi Quba rayonu I Nügədi kəndində
yaşamışdır. O, öldükdən sonra vərəsələri arvadı A.Nadirova, uşaqları N.Nadirova
(Xəlilova) və A.Nadirova (Cəfərova) qalmışlar.
Quba “ASAN xidmət” mərkəzinin notariat ofisinin
16 oktyabr 2018-ci il tarixli məktubuna əsasən, N.Xəlilova və A.Cəfərovanın
xahişi əsasında Meyxanım Nadirovadan miras qalmış əmlakdan Mehman Nadirova
çatası miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina
edilmişdir. Bundan sonra A.Nadirova və qeyriləri yuxarıda qeyd edilən iddia ilə
məhkəməyə müraciət etmişlər.
Quba Rayon Məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır
ki, vərəsə M.Nadirov I Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin yalnız
onun vərəsə olması barədə arayışı əsasında Notariat Kontoruna özünü tək vərəsə
kimi təqdim etmiş və anası M.Nadirovadan miras qalmış əmanət puluna münasibətdə
28 avqust 2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə
almışdır. Halbuki vərəsə N.Nadirov (digər vərəsələr miras əmlakdan onlara
çatası paydan imtina etmiş) anası M.Nadirovadan qalmış miras torpaq sahəsini
faktiki olaraq idarə edərək miras əmlakdan imtina barədə Notariat Kontoruna ərizə
verməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, 28 avqust 2012-ci
il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən, ½ hissədə
etibarsız hesab edilməlidir.
V.Nadirovdan miras qalmış fərdi yaşayış
evinin, M.Nadirovadan miras qalmış 0,20 ha torpaq sahəsinin Mehman Nadirov tərəfindən
qəbul edilməsinə dair ikinci iddia ilə bağlı birinci instansiya məhkəməsi qeyd
etmişdir ki, M.Nadirov həm miras qoyan M.Nadirovadan qalmış əmanət pulunu qəbul
etməklə, həm də miras əmlaka dair vergiləri ödəməklə faktiki olaraq mirası qəbul
etmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü
maddəsinə əsasən, M.Nadirov mirasın bir hissəsinə sahiblik etməyə
başladığından mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı
olmayaraq, o, mirası tamamilə qəbul etmiş hesab edilir.
Birinci instansiya məhkəməsinin qərarını ləğv
edən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, mirasqoyanın vərəsələrindən M.Nadirovun vərəsələrini
çıxmaq şərtilə qalan vərəsələr miras əmlakdan imtina etmişlər. N.Nadirov isə
mirasqoyanların sağlığında onlarla yaşamış, evin maddi-məişət, kommunal xərclərini
ödəmiş, hazırda həmin ev və evin həyətyanı torpaq sahəsi onun sahibliyində və
istifadəsindədir. O, miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki
başlamaqla mirası qəbul etdiyini nümayiş etdirmişdir.
Apellyasiya instansiyası məhkəməsi tərəfindən
M.Nadirovun miras əmlakı faktiki qəbul etməsi barədə birinci instansiya məhkəməsinin
qənaəti prosessual hüquq normalarına əsaslanmaqla təkzib edilməmiş, məhkəmə
mövqeyini yalnız həmin əmlakın formal qəbul edilməsinə dair müvafiq maddi hüquq
normalarının pozulması ilə əsaslandırmışdır.
Göstərilənlərlə əlaqədar Konstitusiya Məhkəməsinin
Plenumu mülki məhkəmə icraatının bəzi xüsusiyyətlərini bir daha qeyd etməyi zəruri
hesab edir.
Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi
və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə
prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə
əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra
bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə
lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların
prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin
nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata
keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 9.1, 9.3 və 14.1-ci maddələri).
Çəkişmə prinsipi hər bir tərəfin üzərinə
istinad etdiyi halları sübut etmək vəzifəsi qoyduğu halda (Mülki Prosessual Məcəllənin
82 və 106.3-cü maddələrində göstərilən hallar istisna olmaqla), məhkəmənin öz təşəbbüsü
ilə sübut toplamaq vəzifəsini istisna edir.
Belə ki, məhkəmə yalnız tərəflərin təqdim
etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki
Prosessual Məcəllənin 14.2-ci maddəsi).
Bununla belə, işdə olan sübutlar əsasında
işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə
təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Eyni zamanda həmin Məcəllənin 78.2-ci maddəsinə görə,
işdə iştirak edən şəxsin işdə iştirak edən və etməyən şəxslərdən və ya
orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda
o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər.
Göstərilənlərlə yanaşı məhkəmə tərəfindən
sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi
bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv,
qərəzsiz və mötəbər sübutlara əsaslanır.
Belə ki, məhkəmə işin gedişində təqdim
olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin
tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən
edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə
kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin
hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli
olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin
şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).
Bununla da, mülki məhkəmə icraatı zamanı məhkəmələr
ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə,
tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını
yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların
verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə
müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların
araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII
hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi
baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
Hazırkı iş üzrə isə apellyasiya
instansiyası məhkəməsi qeyd olunan normaları nəzərə almayaraq bütün faktların hərtərəfli
tədqiqini aparmadan, təqdim edilən sübutlara hüquqi qiymət vermədən, ehtimala əsaslanmaqla
mübahisəli miras əmlakın N.Nadirovun sahibliyində olduğu qənaətinə gəlmişdir.
Beləliklə, apellyasiya instansiyası məhkəməsi
məhkəmə qərarlarının əsaslılıq meyarı ilə bağlı mülki prosessual
qanunvericiliklə müəyyən edilmiş tələblərə riayət etməmiş, çəkişmə prinsipinin
təmin edilməsinə dair vəzifələrini yerinə yetirməmiş, bununla da Mülki
Prosessual Məcəllənin 9, 14, 88, 217.4, 372.7 və 387.1-ci maddələrinin tələblərinin
pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
Göründüyü
kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası birinci instansiya məhkəməsinin
qətnaməsini ləğv etməklə miras əmlakın qəbul edilməsi ilə bağlı mülki
qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini nəzərə almamışdır.
Göstərilənlərlə
yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququ haqqında şəhadətnamənin
etibarsız hesab edilməsinə dair mübahisənin açılması müddəti ilə bağlı
aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Mülki
Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan
imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas
olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
Mirasın
qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə
bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu
normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi
münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını,
bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin
etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı
hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla
bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə
maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən
qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə
deyil, kəsici müddətlərə aiddir.
İddia
müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı
hüquqi mövqeyə görə, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan
istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir.
Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş
müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət
subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi
halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti
cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi).
Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti
üzrə 2020-ci il 12 mart tarixli Qərar).
Lakin
məhkəmələr tərəfindən N.Nadirovun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin
etibarsız hesab edilməsi barədə iddia tələbinə baxılan zaman Mülki Məcəllənin
1272-ci maddəsində müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsinə
lazımi hüquqi qiymət verilməmişdir.
Mülki
Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi
şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq
normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 387.1-ci maddəsinə
müvafiq olaraq, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq
edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur
ki, bu, düzgün olmayan qətnamənin və ya
qərardadın qəbul edilməsinə səbəb olsun.
Kassasiya
instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə
baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə
əsasən, bu məhkəmə işə şikayət həddində
baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün
tətbiq edilməsini yoxlayır.
Mülki
Prosessual Məcəllənin 418.1-418.3-cü maddələrinə görə, maddi və prosessual
hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və
prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması
apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi
üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq
normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq
normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın
ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul
edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Beləliklə,
Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən
maddi və prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməyərək,
həmin Məhkəmənin 14 fevral 2020-ci il tarixli qətnaməsini dəyişdirmədən
saxlamaqla Mülki Məcəllənin 324.5, 1243 və 1272-ci maddələrinin və Mülki
Prosessual Məcəllənin 416, 418.1-418.3-cü maddələrinin tələblərinə uyğun
olmayan qərar qəbul etmiş, nəticədə ərizəçilərin Konstitusiyanın 60-cı maddəsində
nəzərdə tutulmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur.
Yuxarıda
göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, N.Nadirovun A.Nadirovaya, I Nügədi İnzibati Ərazi Dairəsi
üzrə Nümayəndəliyə və Quba “ASAN xidmət” mərkəzinin notariat kontoruna qarşı
qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi,
A.Nadirova və qeyrilərinin mirasın qəbul edilməsi faktının və miras əmlak üzrə
payların müəyyən olunması barədə iddia tələblərinə dair mülki iş üzrə Ali Məhkəmənin
Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarı Konstitusiyanın
60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1-418.3-cü maddələrinə
uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda
əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və
69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. N.Nadirovun A.Nadirovaya,
Quba Rayonu İcra Hakimiyyəti Başçısının I Nügədi İnzibati Ərazi Dairəsi üzrə
Nümayəndəliyinə və Quba “ASAN xidmət” mərkəzinin
notariat kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin
etibarsız hesab edilməsi, A.Nadirova və qeyrilərinin mirasın qəbul edilməsi
faktının və miras əmlak üzrə payların müəyyən
olunması barədə iddia tələblərinə dair mülki iş üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli
qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1-418.3-cü maddələrinə
uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda
göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.
2.
Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
4.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir oluna bilməz.
Sədr
Fərhad
Abdullayev