Постановления

02.02.22 “Əmək pensiyaları haqqında” AR Qanununun 9.6-cı mad. AR Konstitusiyasının 13-cü m. I his., 25-ci m., 29-cu m. I və IV his., 38-ci m. I və III h, 149-cu m. I və III his. uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin I və IV hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə  uyğunluğunun yoxlanılmasına dair

 

 

2 fevral 2022-ci il                                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin I və IV hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə  uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri M.Məmmədov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssis Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və Ekologiya Hüququ kafedrasının professoru, hüquq üzrə elmlər doktoru M.Əliyevin və həmin kafedranın müəllimi F.Əliyevanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin I və IV hissələrinə, 38-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə  uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.

Göründüyü kimi, qanunvericiliyin həmin norması bütün işləyən əmək pensiyaçılarına münasibətdə istisnasız olaraq əmək pensiyalarının yenidən hesablanması şərtlərini və qaydasını müəyyən etmişdir.

Həmin Qanunun 9.6-cı maddəsinə görə isə hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.

Sorğuverənin qənaətinə görə, göstərilən maddəyə əsasən hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yenidən hesablanması hüququ vardır. Bundan fərqli olaraq, ehtiyatda olub, başqa sahədə, yəni qeyri-hərbi, mülki sahədə çalışan və hərbi xidmətini davam etdirməyən pensiyaçılara münasibətdə isə sosial sığorta hesabındakı pensiya kapitalına görə pensiyaya əlavə hesablana bilməz.

Sorğuverən hesab edir ki, qanunvericilikdə belə bir vəziyyətin mövcud olması hərbi qulluqçuların Konstitusiyada nəzərdə tutulmuş mülkiyyət, bərabərlik və sosial təminat hüquqlarını pozur, normalar arasında daxili uzlaşmanı istisna edərək, Konstitusiyanın 149-cu maddəsində ifadə olunmuş normativ hüquqi aktların haqq-ədalətə əsaslanması tələbinə cavab vermir.

Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunda qaldırılan məsələlər hüquq tətbiqetmə təcrübəsinin vahidliyinin təmin edilməsinə, nəticədə hərbi qulluqçuların sosial təminatının yaxşılaşdırılmasına yönəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.

İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin I hissəsi və 16-cı maddəsinin I hissəsi).

Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin I və III hissələri).

Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir.

Azərbaycan Respublikasında pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin gücləndirilməsində, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur.

Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmişdir.

Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən,  əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.

Maddənin məzmunundan göründüyü kimi, əmək pensiyası sığortaolunanın pensiya təyin edilməzdən əvvəl aldığı əmək haqqı və digər gəlirlərinin kompensasiyası məqsədi ilə verilən pul ödənişidir.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən, vətəndaşların əmək pensiyasının üç növü mövcuddur: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası. Ümumi əsaslarla yaşa və əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün əsas şərt müvafiq olaraq pensiya yaş həddinə çatma və ya əlillik dərəcəsinin olması ilə yanaşı minimum pensiya təyinatına imkan verən pensiya kapitalı və (və ya) minimum staj tələbini yerinə yetirməkdir. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yaranmasının əsas şərti isə vəfat etmiş ailə başçısının əmək qabiliyyətli yaşına uyğun minimum stajının olmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarı).

Əmək pensiyaları sığortaolunanın fərdi hesabının sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqları hesabına qeydə alınmış və yığım hissəsində toplanmış vəsait – pensiya kapitalı əsasında müəyyən edilərək vətəndaşlara ödənilir.

Qeyd edilməlidir ki, fərdi hesab dedikdə, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesab nəzərdə tutulur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.7-ci maddəsi).

Pensiya kapitalı müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğini nəzərdə tutur. Əmək pensiyasının sığorta hissəsi isə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləği ehtiva edir. Əmək pensiyasının yığım hissəsi dedikdə, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.10, 1.0.12 və 1.0.13-cü maddələri).

Gözlənilən pensiya ödənişi müddəti əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında istifadə olunan göstərici olmaqla, mövcud qanunvericiliklə 144 ay (12 il) müddətində nəzərdə tutulmuşdur (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.14 və 45-ci maddələri).

Həmin Qanunun 1.0.15-ci maddəsinə əsasən, əmək pensiyasının müəyyən edilməsi dedikdə, əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçid nəzərdə tutulur.

Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydalarına dair müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsində əks etdirilmişdir. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Bu norma imperativ norma olmaqla, pensiyaçıların hansı sahədə – pensiya təyin edilməzdən əvvəl işlədiyi sahədə və ya hər hansı digər sahədə işləməsindən asılı olmayaraq pensiya təyin olunan günədək pensiyanın qazanılmış sığorta hissəsinin tam şəkildə ödənilməli olmasını təsbit edir.

Həmin maddədə pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydası da müəyyən edilərək göstərilmişdir ki, pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. İşləyən əmək pensiyaçısı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiyaçı işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır.  

“Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin qeyd edilən müddəalarından  aydın olur ki, qanunverici pensiya təyin olunduqdan sonra işləyən əmək pensiyaçılarına münasibətdə pensiyanın yenidən hesablanmasını sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması ilə əlaqələndirmiş, pensiya ödənişi müddəti aylarının sayının isə pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər azaldılmaqla hesablandığını göstərmişdir.

Beləliklə, qanunverici göstərilən maddədə pensiyaya çıxmasına baxmayaraq, hər hansı sahədə əmək fəaliyyətini davam etdirən şəxslərin ödədikləri məcburi dövlət sosial sığorta haqları hesabına pensiya kapitalının sığorta, habelə yığım hissələri üzrə toplanmanın davam etdiyini, həmin şəxsin sonradan işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya işləməyə davam etdiyi təqdirdə hər 6 ildən bir əmək pensiyalarının bu maddədə nəzərdə tutulmuş qaydada yenidən hesablanmalı olduğunu imperativ qaydada müəyyən etmişdir.

Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.2 və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Sosial sığorta haqqında” Qanun) 8-ci maddəsi).

“Əmək pensiyaları haqqında” Qanunun 8, 9 və 20-ci maddələrində bəzi kateqoriyadan olan şəxslərin əmək pensiyası hüququnun yaranmasında və hesablanmasında müəyyən güzəştlərin tətbiq olunması nəzərdə tutulmuşdur.

Həmin Qanunun 9-cu maddəsində güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər sadalanaraq, hərbi qulluqçular da (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) belə hüquqa malik şəxslərin dairəsinə aid edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.3-cü maddəsinə görə, hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Hərbi qulluqçulara münasibətdə dövlət qarşısında xüsusi xidmətləri olan şəxs kimi həm pensiya yaş həddində, həm də pensiya məbləğində  müəyyən güzəştlər tətbiq edilir.

Pensiya məbləğində müəyyən olunan güzəşt “Əmək pensiyaları haqqında” Qanunun 20.14-cü maddəsinə uyğun olaraq əmək pensiyasına dövlət büdcəsinin vəsaiti hesabına qulluq stajına görə əlavələrin tətbiq edilməsini ehtiva edir.

Güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi zamanı şəxsin tutduğu vəzifədəki son 12 və ya 24 ayın və ya istənilən ardıcıl gələn 60 ay üzrə əmək haqqının yaxud dövlət məvacibinin orta aylıq məbləğinin (və ya son təminat xərcliyinin) 50-100 faiz həcmində onun pensiyasına qulluq stajına görə əlavə edilir.

Təminat xərcliyi dedikdə, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ başa düşülür (“Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi).

Beləliklə, hərbi və xüsusi rütbəli şəxslərə ödənilən əmək pensiyası iki hissədən – sığorta hissəsindən və qulluq stajına görə əlavədən ibarətdir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onların son təminat xərcliyi əsasında təyin edilir və təminat xərcliyindəki sonrakı artımlar əmək pensiyasının müvafiq qaydada artmasına səbəb olur (“Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsi).

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işləyən pensiyaçıların qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ qanunla nəzərdə tutulmuş əlavə sosial təminatdır, onların alınması hüququ isə şəxs tərəfindən ödənilmiş sosial sığorta haqlarından deyil, onun müvafiq statusundan (dövlətlə xidməti və ya əmək münasibətlərinin mövcudluğundan) asılıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.4-cü maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 14 noyabr tarixli Qərarı).

“Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsində isə əmək pensiyası təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydası müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.

Qeyd edilməlidir ki, Qanunun həm 9.6, həm də 37.3.1-ci maddələrinin müddəalarında pensiyaya çıxmış işləyən əmək pensiyaçılarının pensiyasına əlavənin deyil, məhz əmək pensiyasının yenidən hesablanması nəzərdə tutulmuşdur.

 “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin məzmununa əsasən, əmək pensiyası təyin edilmiş hərbi qulluqçu hərbi xidmətini davam etdirdiyi təqdirdə onun əmək pensiyası yenidən son təminat xərcliyi nəzərə alınmaqla hesablanmayacaq.

Bu isə ondan irəli gəlir ki, pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçunun əmək pensiyasına qulluq stajına görə əlavənin yenidən son təminat xərcliyinə görə hesablanması, təminat xərcliyinin əvvəlkindən aşağı olduğu halda pensiyaçının pensiya məbləğinin azalmasına səbəb ola bilər.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 9-cu hissəsinə də əsasən,  “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinə uyğun olaraq, əmək pensiyası təyin edildikdən sonra yenidən hərbi xidmətə cəlb olunan hərbi rütbəli şəxs hərbi xidmətdən növbəti dəfə tərxis edilərkən, Dövlət Sosial Müdafiə Fonduna ona dair yenilənmiş məlumat vərəqi göndərilmir.

Lakin pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçuların təminat xərcliyindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ümumi qaydaya uyğun olaraq davam etdirildiyindən, qanunverici həmin şəxslərin əmək pensiyasının yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına əsasən yenidən hesablanmalı olduğunu müəyyən etmişdir.

Məlum olduğu kimi, əmək pensiyaları qanunvericiliyində şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs:

- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun;

- “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən məcburi dövlət sosial sığorta haqqı ödəmiş olsun.

Qeyd edilməlidir ki, “Sosial sığorta haqqında” Qanunun 12-ci maddəsi ilə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər kateqoriyasına aid edilmişdir.

O da nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır.  

Konstitusiyanın 25-ci maddəsinin I hissəsində təsbit olunmuş hamının qanun qarşısında bərabər olması prinsipi hüquqi dövlətin təməl prinsiplərindən hesab olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qeyd olunanlarla əlaqədar vurğulayır ki, əmək pensiyaları qanunvericiliyində pensiya təyin edildikdən sonra hərbi xidmətini davam etdirən hərbi qulluqçularla pensiya təyin edildikdən sonra digər sahədə fəaliyyətini davam etdirən əmək pensiyaçılarının (keçmiş hərbi qulluqçuların) pensiya təminatında hər hansı qeyri-bərabərliyə yol verilmədən, hər iki kateqoriyadan olan şəxslərin pensiyasının yenidən hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunun 9.6 və 37.3.1-ci maddələri ilə tənzimlənmişdir.   

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur;

- “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir;

- “Əmək pensiyaları haqqında” Qanunun 9.6-cı maddəsi Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin I və IV hissələri, 38-ci maddəsinin I və III hissələri, 149-cu maddəsinin I və III hissələri  ilə ziddiyyət təşkil etmir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.  Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur.

2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir.

3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsi, 25-ci maddəsi, 29-cu maddəsinin I və IV hissələri, 38-ci maddəsinin I və III hissələri, 149-cu maddəsinin I və III hissələri  ilə ziddiyyət təşkil etmir.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                              Fərhad Abdullayev