Постановления

25.12.20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

25 dekabr 2020-ci il                                                         Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Sumqayıt Şəhər Məhkəməsinin hakimi F.Əliyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri V.Cəfərovun yazılı mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti M.Bayramovanın yazılı rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Sumqayıt Şəhər Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 483-cü maddəsinin şərh olunmasını xahiş etmişdir.

Müraciətdən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan H.Aslanov Türkiyə Respublikasında qeydiyyatda olan “Rakun Kürk” şirkəti ilə bağlanmış 7 iyul 2018-ci il tarixli müqavilə əsasında “İribuynuzlu mal-qaranın bütöv gönlərindən hazırlanan dəri” yükünü 27 iyul 2018-ci il tarixində Gömrük bəyannaməsi əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsində (bundan sonra – Sumqayıt Baş Gömrük İdarəsi) rəsmiləşdirərək konsiqnasiya yolu ilə ixrac etmiş, həmin malların müqabilində 36 300 ABŞ dolları, təxminən 61 710 manat dəyərində vəsait Azərbaycan Respublikasına geri qaytarılmamış, həmin vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında (“Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Filialı) olan hesabına köçürülməsi təmin edilməmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın (bundan sonra – Qaydalar) 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.

Qaydaların 15.1-ci bəndinə uyğun olaraq, şəxslər bu Qaydaların  pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məsuliyyət daşıyırlar.

Belə ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 208-ci maddələri ilə məsuliyyət nəzərdə tutulmuşdur.  

Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən H.Aslanov  barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir.

Müraciətdə göstərilmişdir ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsində az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuş, lakin cinayət qanunvericiliyində az miqdardan artıq xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə fiziki şəxsin cinayət məsuliyyəti müəyyən edilməmişdir.

Qeyd edilənləri nəzərə alaraq müraciətedən hesab edir ki, qanunvericilikdə bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulmadığından və xaricdən qaytarılmayan xarici valyuta vəsaitləri az miqdardan artıq olduğundan, bu növ əmələ görə şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi məsələsində məhkəmə təcrübəsində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə ehtiyac vardır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 59-cu maddəsinə əsasən, hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir.

Hüquqi dövlətdə iqtisadi fəaliyyət sahəsində hüquq münasibətlərinin tənzimlənməsi bərabər və ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq həyata keçirilməli, bu münasibətlərin subyektlərinin hüquq və vəzifələri müəyyənləşdirilərkən ictimai və xüsusi maraqların tarazlığı, hüquqlarının mümkün məhdudlaşdırma şərtlərinin müəyyənləşdirilməsi isə mütənasiblik və tarazlıq meyarlarının gözlənilməsi prinsiplərinə əsaslanmalıdır.

Hüquqi şəxsin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin xarici iqtisadi fəaliyyəti ticarət, maliyyə, istehsal və investisiya xidmətlərinin təsir etdiyi mürəkkəb bir sistem kimi səciyyələnir.

Xarici iqtisadi fəaliyyət sahibkarlıq fəallığına təkan verir, bazar əlaqələrinin tənzimlənməsinə imkan yaradır, iqtisadiyyatın strukturunun təkmilləşdirilməsinə müsbət təsir edir, müasir texnologiyaların, istehsalın təşkili və idarə edilməsinə yeni fikirlərin gətirilməsinə səbəb olur. Müasir dövrdə fəaliyyətin bu növü beynəlxalq müqavilələrin bağlanması yolu ilə həyata keçirilir və bura, ilk növbədə, malların mübadiləsi (malların idxal və ixracı üzrə sazişlərin bağlanması) aid edilir.

Malların idxalı zamanı gömrük orqanlarında malların bəyan olunması üçün tələb olunan məlumatlardan biri idxal olunan malların məbləğinin hansı üsullarla və necə ödənilməsidir. Ödənişlər əsasən nağdsız olaraq banklar vasitəsi ilə və xüsusi hallarda nağd formada həyata keçirilir.

Qaydaların 12.1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur.

Bu qayda bazar iqtisadiyyatının tələbləri baxımından müəyyən edilmişdir. Əks yanaşma, yəni xarici iqtisadi fəaliyyətin həyata keçirilməsindən əldə edilmiş valyuta vəsaitlərinin qaytarılmaması ölkənin maddi sərvətlərinin qanunsuz olaraq xaricə axmasına və valyuta sisteminin fəaliyyətinə mənfi təsir göstərilməsinə səbəb ola bilərdi.

Qeyd edildiyi kimi, hüquqi və fiziki şəxslərin konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsinin təmin edilməməsi qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur.

Mülkiyyət əleyhinə, xüsusilə iqtisadi fəaliyyət sahəsində törədilən hüquqazidd əməllərin ictimai təhlükəlilik dərəcəsi onun dövlətə vurduğu ziyanın miqdarına uyğun olaraq müəyyən edilir. Buna müvafiq olaraq qanunverici kommersiya fəaliyyəti iştirakçısının hüququndan sui-istifadə etməklə xarici valyuta vəsaitlərini xaricdən qaytarmadığı halda dövlətə vurduğu ziyanın miqdarı iyirmi min manatadək olduqda subyektin məsuliyyətini inzibati, həmin məbləğdən yuxarı olduqda isə cinayət məsuliyyəti kimi müəyyən etmişdir.

Belə ki, Cinayət Məcəlləsinin  208-ci maddəsi ilə təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli və ya külli miqdarda  xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması əməli cinayət kimi göstərilmişdir. Həmin Məcəllənin 208-ci maddəsinin “Qeyd” hissəsinə əsasən “xeyli miqdar” dedikdə, qaytarılmamış xarici valyuta vəsaitlərinin məbləği iyirmi min manatdan yuxarı, lakin otuz min manatdan artıq olmayan məbləği, “külli miqdar” dedikdə isə  otuz min manatdan artıq olan məbləği başa düşülür.

Göründüyü kimi, Cinayət Məcəlləsinin 208-ci maddəsinin dispoziyasında xeyli və ya külli miqdarda valyuta vəsaitlərini qaytarmama əməlinə görə cinayət məsuliyyəti daşıyan subyektlərin dairəsi yalnız “təşkilat rəhbərləri" ilə məhdudlaşmışdır.

Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsinə görə, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.

"İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 7-ci maddəsinə əsasən, heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz.

Habelə Cinayət Məcəlləsinin 1.3 və 3-cü maddələrinə əsasən, cinayət məsuliyyətini müəyyən edən və cinayət törətmiş şəxsin cəzalandırılmasını nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olunduqdan sonra tətbiq edilə bilər. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

Cinayət hüququnun  mühüm prinsiplərindən olan qanunçuluq prinsipinə uyğun olaraq, yalnız Cinayət Məcəlləsində nəzərdə tutulan halda əməlin cinayət sayılmasına, belə əməli törədən şəxsin təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə yol verilir. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Qanun cinayət sayılan əməlləri müəyyən edərkən həmin əməl üçün xarakterik olan əlamətləri də göstərir. Məhz bu əlamətlərin köməyi ilə törədilən hər hansı əməlin cinayət hüquq normasında nəzərdə tutulan cinayət olub-olmaması müəyyən edilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2019-cu il 15 noyabr tarixli Qərarı).

Beləliklə, Cinayət Məcəlləsinin 208-ci maddəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən məcburi qaydada köçürülməli olan xeyli, həmçinin külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması cinayət əməli kimi nəzərdə tutulmamışdır.

Göstərilənlərlə yanaşı qeyd edilməlidir ki,  İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə müəyyən edilmişdir.

Həmin maddənin “Qeyd” hissəsinə uyğun olaraq, bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

Göründüyü kimi, iyirmi min manatadək miqdarda xarici valyutanın qaytarılmaması cinayət əməli ilə müqayisədə ictimai təhlükəlilik dərəcəsinə görə daha yüngül olduğundan, qanunverici tərəfindən bu əmələ görə inzibati məsuliyyət müəyyən edilmişdir.

Qeyd edilməlidir ki, Məcəllənin 483-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanın ümumi obyektini iqtisadi fəaliyyət, xüsusi obyektini gömrük qaydaları əleyhinə olan münasibətlər, bilavasitə obyektini isə valyuta tənzimi və valyuta nəzarəti sahəsində yaranan ictimai münasibətlər təşkil edir.

Sözügedən inzibati xətanın obyektiv cəhəti isə  xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasında  ifadə olunur.

İnzibati xətanın subyekti kimi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs və ya hüquqi şəxs (təşkilat rəhbərləri) çıxış edir.

Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasının subyektiv cəhəti  şəxsin təqsirli olması, yəni onun qəsdən və ya ehtiyatsızlıqdan törədilən hüquqazidd hərəkətə və ya hərəkətsizliyə psixi münasibəti ilə müəyyən edilir.

İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə müqayisəli şəkildə təhlili belə qənaətə gəlməyə əsas verir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin cinayət məsuliyyəti müəyyən edilmədiyindən, bu şəxslərə münasibətdə inzibati xətanın zəruri əlaməti kimi, yalnız xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması əməlinin törədilməsi çıxış edir. Müvafiq olaraq xarici valyuta vəsaitlərinin iyirmi min manatdan artıq məbləğdə xaricdən qaytarılmaması hallarında da zəruri əlamət kimi, yalnız xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması nəzərdə tutulmuşdur.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinin tələbləri baxımından hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə həmin Məcəllənin 483-cü maddəsinin “Qeyd” hissəsinə uyğun olaraq inzibati məsuliyyətinin yaranması istisna edilmir. Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində müəyyən edilmiş xəta dövlət tərəfindən müdafiə olunan ictimai münasibətlərə qəsddə ifadə olunur. Bu əməl öz növbəsində sosial mahiyyətinə görə dövlətin maraqlarına ziddir və onlara zərər vurmaqla nəticələnir. Bu əməl Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər tərəfindən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsini tənzimləyən,  hüquq normaları ilə müəyyən olunmuş qaydaların pozulması ilə törədilir.

Həmin Məcəllənin 3-cü maddəsinə əsasən isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.

Göründüyü kimi, əməl o zaman inzibati məsuliyyətə səbəb olur ki, bu əməl inzibati xətalar qanunvericiliyi ilə inzibati xəta kimi müəyyən edilsin və onun törədilməsinə görə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulsun.

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 3, 4 və 12-ci maddələrində əks olunan inzibati məsuliyyətin əsasları, inzibati xətalar qanunvericiliyinin prinsipləri, eləcə də  inzibati xəta anlayışının tələbləri baxımından hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən, həmin şəxslər Məcəllənin 483-cü maddəsində müəyyən edilən az miqdar həddində məsuliyyətə cəlb oluna bilərlər. Həmin Məcəlləyə uyğun olaraq isə fiziki şəxslər xarici valyuta vəsaitlərinin iyirmi min manatdan artıq məbləğdə xaricdən qaytarılmaması hallarında qaytarılmayan xarici valyuta vəsaitinin tərkib hissəsi kimi iyirmi min manatın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

Əks yanaşma, yəni fiziki şəxsin iyirmi min manatdan artıq məbləğə görə inzibati məsuliyyət daşımaması inzibati tənbehin tətbiqini tənzimləyən inzibati  xətalar qanunvericiliyinin təməl prinsiplərindən olan ədalətlilik, qanun qarşısında bərabərlik,  inzibati xətaların qarşısının alınması prinsiplərinin, həmçinin təqsirə görə məsuliyyət prinsipinin tələblərinə cavab verməmiş olardı

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə münasibətdə qanunvericilikdə cinayət məsuliyyəti müəyyən edilmədiyindən, belə şəxslərin iyirmi min manatadək xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması əməli inzibati məsuliyyət yaradır.

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, qanunvericilik aktlarının, o cümlədən Cinayət Məcəlləsinin müddəalarının birmənalı və düzgün müəyyən edilməsi böyük əhəmiyyət kəsb edir. Belə ki, hüquq normalarının müəyyənliyi, aydınlığı, ikimənalı olmaması hüquqtətbiq edən orqanlar tərəfindən törədilmiş cinayətlərin düzgün tövsif edilməsinə xidmət edir və həmin orqanların fəaliyyətində qanunçuluq prinsipinin gözlənilməsinə imkan yaradır.

Əks hal hər kəsin hüquq və azadlıqlarının müdafiə olunmasını, hüquqtətbiq edənin hərəkətlərinin proqnozlaşdırıla bilən olmasını çətinləşdirə və şəxsin qabaqcadan öz hüquqazidd əməlinin nəticəsini bilməsini şübhə altına ala bilər. Belə hal şəxsin əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə və ya əksinə təqsirli şəxsin törətdiyi əmələ görə cəzasız qalmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin şərh edilməsinə dair” 2015-ci il 30 mart tarixli Qərarı).

Qanunverici tərəfindən müxtəlif ictimai münasibətlərin və onlardan irəli gələn hüquqi məsuliyyətin tənzimlənməməsi son nəticədə həmin münasibətlərin subyektlərinin hüquq və vəzifələrinin həcminin müəyyən edilməsinə mənfi təsir göstərə bilər. Bu isə öz növbəsində bir çox hallarda əsassız olaraq hüquqların məhdudlaşdırılmasına,vəzifələrin yerinə yetirilməməsinə, hüquqazidd hərəkətlərin törədilməsinə görə məsuliyyətin yaranmamasına yol verir.

Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətlərin bölünməsi prinsipinə görə Konstitusiya Məhkəməsi normayaradıcı, yəni hər hansı hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi akt qəbul edən, o cümlədən hər hansı normativ hüquqi akta əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünə malik olan orqan deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, fərdi şikayətlər əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya ədalət mühakiməsi orqanıdır.

Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə əsasən, cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) müəyyən etdiyi ümumi qaydalardır.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 25-ci maddəsinin II və III hissələrinin, 149-cu maddəsinin I və III hissələrinin tələblərinə müvafiq olaraq  Cinayət Məcəlləsinin 208-ci maddəsinin bu Qərarda əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Milli Məclisə tövsiyə edilməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsinin, Konvensiyanın 7-ci maddəsinin, habelə Cinayət Məcəlləsinin 1.3 və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən,  şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz;

- Xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Milli Məclisə tövsiyə olunmalıdır;

- Milli Məclis tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsinin, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 7-ci maddəsinin, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3 və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən,  şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz.

2. Xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

3. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 Sədr                                                                              Fərhad Abdullayev

 







 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair 25 dekabr 2020-ci il tarixli Qərarından hakim Kamran Şəfiyevin

 

XÜSUSİ  RƏYİ

 

Müraciətdən görünür ki, Azərbaycan Respublikası vətəndaşı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Habil Aslanov Türkiyə Respublikasında qeydiyyatda olan “Rakun Kürk” şirkəti ilə bağlanmış 07.07.2018-ci il tarixli, müqavilə əsasında “İribuynuzlu mal-qaranın bütöv gönlərindən hazırlanan dəri” yükünü 27.07.2018-ci il tarixdə Gömrük bəyannaməsi əsasında Sumqayıt Baş Gömrük İdarəsində rəsmiləşdirərək konsiqnasiya yolu ilə ixrac etmiş, həmin malların müqabilində 36300 (otuz altı min üç yüz) ABŞ dolları, təxminən 61710,00 (altmış bir min yeddi yüz on) manat dəyərində vəsait Azərbaycan Respublikasına geri qaytarılmamış, həmin vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında (“Kapital Bank” ASC-nin Binəqədi Filialı) olan hesabına köçürülməsi təmin edilməmişdir.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən H.Aslanov  barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta törədilməsinə dair protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir.

İlk növbədə qeyd etmək lazımdır ki, Sumqayıt Şəhər Məhkəməsi Cinayət Məcəlləsinin  208-ci maddəsinin tətbiqi ilə bağlı məsələ qaldırmamışdır. Müraciətedən üçün tam aydındır ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün deyil. Müraciətdə qeyd olunur ki, Cinayət Məcəlləsinin 208-ci maddəsində nəzərdə tutulan əməl təşkilat rəhbərləri tərəfindən törədildikdə cinayət məsuliyyəti yaradır. Fiziki şəxslər tərəfindən 20 000 manatdan çox olan miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti qanunda nəzərdə tutlmamışdır.

Sumqayıt Şəhər Məhkəməsi qanunvericilikdə bu əmələ görə cinayət məsuliyyəti nəzərdə tutulmadığından fiziki şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin mümkünlüyü baxımından İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 94-cü maddəsinin 17-ci bəndinə əsasən cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi Azərbaycan Respublikası Milli Məclisinin müstəsna səlahiyyətinə aid edilmişdir. Hər hansı başqa orqan hüquq pozuntularına görə məsuliyyətin birbaşa müəyyən edilməsi səlahiyyətinə malik deyil.

Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsinə əsasən heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır.

Bu hüquq əməlin törədildiyi zaman qanunda cinayət kimi nəzərdə tutulmasının imperativliyi ilə yanaşı, həmin cinayətin törədilməsinə görə cəzanın və onun təyin edilməsi qaydalarının da qanuna müvafiq olması tələbini ehtiva edir. Analoji hüquq “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 15-ci maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 7-ci maddəsində də öz əksini tapmışdır. 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşı iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir.

İnzibati xətalar qanunvericiliyi Konstitusiya, hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanır. Bu qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi).

Həmin Məcəllənin 6.1-ci maddəsinə müvafiq olaraq, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir.

İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati tənbeh, İnzibati Xətalar Məcəlləsinin müvafiq inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddəsində müəyyən edilmiş hədlər çərçivəsində təyin edilir. İnzibati xətaların müxtəlif növlərinə görə məsuliyyət müəyyən edən maddələrin sanksiyasında tənbehin növü və onun mümkün həcmi nəzərdə tutulur.

İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 5 mart 2015-ci il tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci iltarixli Qərarında qeyd etmişdir ki, cinayət qanunvericiliyi sahəsində hüquqi müəyyənlik prinsipi Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7-ci maddəsindən irəli gəlir. Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki müddəa əsas qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir.  

Bu Konstitusiya müddəası ilə şəxsin yalnız törədildiyi zaman qüvvədə olan qanunvericiliklə hüquq pozuntusu kimi nəzərdə tutulmuş əməlin törədilməsinə görə məsuliyyətə cəlb edilməsinin mümkünlüyü təsbit olunur. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlərin yalnız CM ilə müəyyən edilməsi və cinayət qanununun tətbiqi zamanı analogiyaya yol verilməməsi tələbi cinayət qanununda təsbit olunmuş qanunçuluq prinsipindən irəli gəlir (CM-in 5.1 və 5.2-ci maddələri).

İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilir ki, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması inzibati xəta hesab olunur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici fiziki şəxs tərəfindən 20.000 manatdan artıq məbləğdə xarici valyutanın qaytaraılmamasını inzibati məsuliyyət yaradan əməllər (inzibati xətalar) dairəsindən istisna etmişdir.

Konstitusiyasının 71-ci maddəsinin VIII hissəsinin mənasına görə qanun ilə inzibati xətanın bütün əlamətləri müəyyən edilmədiyi halda heç kəs inzibati məsuliyyətə cəlb edilə bilməz.

Həmçinin konstitusiya normasının məzmunundan göründüyü kimi, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir.

Korbely Macarıstana qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 19 sentyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Bu prinsiplərin mahiyyətindən aydın olur ki, milli qanunvericilik cinayətin tərkibini dəqiq müəyyən etməlidir (§ 70). 

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Həmin qanunun 90.4-ci maddəsinə görə genişləndirici və ya məhdudlaşdırıcı şərhə yalnız normativ hüquqi aktın mətni və mənası arasında açıq-aşkar fərq olanda yol verilir.  Konstitusiyasının  94-cü maddəsinin 17 bəndinə və  71-ci maddəsinin VIII hissəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs az miqdardan (20 000 manat) artıq xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyətə cəlb edilə biməz.

Eyni zamanda hesab edirəm ki, Cinayət Məcəlləsinin 208-ci maddəsinin dispoziyasında xeyli miqdarda valyuta sərvətini qaytarmama əməlinə görə həmin maddə ilə cinayət məsuliyyəti daşıyan subyektlərin dairəsinin yalnız “təşkilat rəhbərləri" ilə məhdudlaşdırılması, 20.000 manatdan artıq miqdarda valyuta sərvətini qaytarmayan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin məsuliyyətindən kənarda qalmasına şərait yaradır.

  Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin az miqdardan artıq xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə məsuliyyət müvafiq  məcəllədə dəyişiklik etməklə həll edilə bilər.

 

Hakim                                                                                Kamran Şəfiyev