Постановления

01.12.20 T.Qasımovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

1 dekabr 2020-ci il                                                                                                 Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin yazılı çıxışını və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə Hacı Reza Hüseyn Əbdullah oğlu və Əli Səlimi Hüseyn oğlunun Hacı Reza Əkbər Əbdullah oğlu, Tamilla Qasımova və digərlərinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2018-ci il tarixli qətnaməsi ilə T.Qasımova və üçüncü şəxs “Azprof” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Azprof” MMC) tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 18 fevral 2019-cu il tarixli qərarı ilə T.Qasımovanın kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən, T.Qasımovaya aid hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün geri qaytarılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsini mübahisələndirilən hissədə, iddianın cavabdeh T.Qasımovaya qarşı təmin olunmuş hissəsində yenidən dəyişdirmədən saxlamışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarı ilə T.Qasımovanın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

T.Qasımova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 6.2, 324.1, 354.1, 372.1 və 389.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416 və 418-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə ərizəçinin Konstitusiyanın 29, 59 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət, azad sahibkarlıq, hüquq və azadlıqların inzibati və məhkəmə  təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir və  məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi çıxış edir.

Konstitusiyanın 127-ci maddəsinin II və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, çəkişmə prinsipi təsbit olunmuşdur.

Konstitusiyanın bu müddəalarına uyğun olaraq, ədalət mühakiməsinin həyata keçirilməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, “Tulu Fəcr Tehran Limited” Ticari Şirkətinin  payçıları Hacı Reza Hüseyn Əbdullah oğlu və Əli Səlimi Hüseyn oğlu “Azprof” MMC-nin nizamnamə kapitalındakı 50 faiz paylarının 25 faizinin Hacı Reza Əkbər Əbdullah oğluna, 25 faizinin isə T.Qasımovaya satılması barədə 6 fevral 2014-cü il tarixində Bakı şəhəri 26 saylı Notariat ofisində müqavilə bağlamışlar. Həmin alğı-satqı müqaviləsində iddiaçılara məxsus payların alıcıların hər birinə 5000 manata satıldığı göstərilmişdir.

Eyni zamanda  müqavilənin bağlanmasından bir gün əvvəl, 5 fevral 2014-cü il tarixində razılaşma  protokolu imzalanmışdır. Protokolda  “Azprof” MMC-nin şəriki  “Tulu Fəcr Tehran Limited” Ticari Şirkətinin rəhbəri olan Əli Səliminin həmin MMC-də sahib olduğu 50 faiz payın 25 faizinin Hacı Reza Əkbər Əbdullah oğluna, 25 faizinin isə İdris Məmmədova satılması, sonuncuya satılan payın alıcının xahişi ilə T.Qasımovanın adına rəsmiləşdirilməsi, həmçinin İ.Məmmədova satılmış payın dəyərinin ödənilməmiş hissəsinin “Azprof” MMC-yə ödənilməli olması barədə razılaşma əks olunmuşdur.

Birinci instansiya məhkəməsi alğı-satqı müqaviləsi bağlanarkən tərəflərin iradə ifadəsinin müəyyən edilmədiyinə, cavabdehlərin iddiaçıları aldatma faktının öz təsdiqini tapdığına istinad edərək iddianı təmin etmiş, apellyasiya instansiyası məhkəməsi isə eyni hallara əsaslanaraq həmin qətnaməni dəyişdirmədən saxlamışdır.

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş, məhkəmələr tərəfindən aldatmanın hansı hərəkətlərdə ifadə olunduğunun müvafiq sübutlarla əsaslandırılmadığını, eləcə də Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri tənzimləyən 354-cü maddəsinin nəzərə alınmadığını qeyd etmişdir.

İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mübahisələndirilən müqavilənin etibarsızlığı ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq 10 iyul 2019-cu il tarixli qətnaməsini onunla əsaslandırmışdır ki, alğı-satqı müqaviləsi bağlanarkən satıcılar aldadılmış, müqavilə formal olaraq bağlanmış və satılan payın dəyəri də formal müəyyən edilmiş, həmin məbləğ isə iddiaçılara ödənilməmişdir. Həmçinin məhkəmə müqavilənin etibarsızlığını tələb etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülmədiyi qənaətinə gəlmişdir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericiliyin mülki-hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olan əqdlər, onların etibarsızlığı, o cümlədən aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı normaları nəzərdən keçirilməlidir.

Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Həmin Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir.

Əqdin bir növü olan müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki  Məcəllənin 324.4-cü maddəsi).

Qeyd olunmalıdır ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

Mülki Məcəllənin 337-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

Mübahisə edilən əqdlər onu formalaşdıran iradə ifadəsinin qüsurlu olması səbəbindən tərəfin mübahisələndirməsi nəticəsində etibarsız hesab edilən əqdlərdir. İradə ifadəsinin zədələnməsinə səbəb olan və nəticədə bağlanmış müqavilənin mübahisələndirilməsi vasitəsilə onun etibarsızlığı ilə nəticələnən hallardan biri isə aldatmadır.

Aldatma dedikdə, digər tərəfi əqdi bağlamağa sövq etmək məqsədilə müəyyən faktlara dair bilə-bilə yalan məlumatlar verməklə və ya barəsində məlumat verilməli olan məsələlər barədə susmaqla onda əqd barəsində yanlış təəssürat yaratmaq və həmin təəssürat üzrə iradə ifadə etməyə məcbur etmək nəzərdə tutulur. Aldatma nəticəsində  digər əqd iştirakçısında əqd və onun elementləri, onun bağlanması üçün mühüm əhəmiyyəti olan hallar və faktlar barəsində yanlış təsəvvür yaranır.

Mülki Məcəllənin 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

Qeyd olunan normanın məzmunundan da görünür ki, aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla).

Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

Aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir;

Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır;

Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı).

Yuxarıda qeyd olunduğu kimi, hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 10 iyul 2019-cu il tarixli qətnaməsində satılan payların dəyərinin müqavilədə real qiymətindən aşağı göstərilməsinin, müqavilənin formal olaraq T.Qasımova ilə bağlanılmasının, o cümlədən razılaşdırılmış məbləğin ödənilməməsinin müqavilənin yalan məlumatlar əsasında bağlanmasına və nəticədə onun etibarsızlığına səbəb olması qənaətinə gəlmişdir.

Lakin məhkəmənin gəldiyi bu qənaət Mülki Məcəllənin 339.2-ci maddəsinə və  Konstitusiya Məhkəməsi Plenumunun aldatma nəticəsində bağlanmış əqdlərin etibarsızlığı ilə bağlı formalaşdırdığı hüquqi mövqelərinə uyğun olmamışdır.

Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu baxımdan mülki dövriyyənin sabitliyinin və davamlılığının təmin edilməsi üçün məhkəmələr tərəfindən mövcud sübutlar əsasında müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərinin və iradə ifadələrinin müəyyən edilməsi, qanunvericiliyə uyğun olaraq onlara hüquqi qüvvə verilməsi, vicdanlılıq prinsipinə əsasən borclunun vəzifələrinin icrasının təmin edilməsi, pozulmuş öhdəliklərə görə məsuliyyətin müəyyən edilməsi hüquqi nəticə əldə edilməsi üçün vacibdir .

Həmçinin qeyd edilməlidir ki, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etməklə işi yeni apellyasiya baxışına göndərərkən qərarında göstərmişdir ki, 6 fevral 2014-cü il tarixli  alğı-satqı müqaviləsinin bağlanmasından uzun müddət sonra, yəni 6 dekabr 2016-cı il tarixində iddiaçılar məhkəməyə müraciət etmişlər.

Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən müqavilənin etibarsız sayılmasına əsas verən halların hansı andan iddiaçılara məlum olması məsələsini müəyyən edərkən yalnız iddiaçıların ifadələrinə, iş üzrə cavabdeh Hacı Reza Əkbər Əbdullah oğlu ilə digər şəxs İ.Məmmədov arasında mövcud olan hüquq münasibətlərindən irəli gələn pul tələbi ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə  verilmiş şikayət ərizəsinə və qeyd edilən tərəflər arasında bağlanmış 23 sentyabr 2017-ci il tarixli razılaşma müqaviləsinə istinad edərək əqdlərin etibarsızlığı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülmədiyi qənaətinə gəlmişdir.

 Lakin məhkəmə bu mübahisəyə aidiyyəti olmayan göstərilən münasibətlərin iddiaçılar ilə cavabdehlər arasında yaranmadığını, cavabdeh və digər şəxs arasında olan başqa münasibətlərdən irəli gəldiyini nəzərə almamış, bununla da yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə əhəmiyyət verməmişdir.

Mülki Prosessual Məcəllənin 420-ci maddəsində kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi təsbit edilmişdir. Həmin maddəyə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir ( “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərar).  

Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə kassasiya instansiyası məhkəməsinin aldatmanın hansı hərəkətlərdə ifadə olunmasının mötəbər sübutlarla təsdiq edilməli olması və əqdin etibarsızlığı ilə bağlı müddətin tətbiqinə dair göstərişlərinin məcburiliyini nəzərə almamışdır.

Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə müvafiq olaraq isə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin 418.1-418.3-cü maddələri).

Lakin işə yenidən baxan Ali Məhkəmənin Mülki Kollegiyası Mülki Prosessual Məcəllənin  qeyd olunan maddələrinin tələblərinə əməl etməyərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına diqqət yetirməmiş, əvvəlki qərarını nəzərə almadan apellyasiya instansiyası məhkəməsinin 10 iyul 2019-cu il tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla T.Qasımovanın Konstitusiyanın  60-cı maddəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatı hüququnu pozmuşdur.   

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə  nəticəyə gəlir ki, Hacı Reza Hüseyn Əbdullah oğlu və Əli Səlimi Hüseyn oğlunun  Hacı Reza Əkbər Əbdullah oğlu, T.Qasımova və digərlərinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416 və 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Hacı Reza Hüseyn Əbdullah oğlu və Əli Səlimi Hüseyn oğlunun  Hacı Reza Əkbər Əbdullah oğlu, Tamilla Qasımova və digərlərinə qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416 və 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda ifadə edilmiş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                                           Fərhad Abdullayev