Постановления

04.11.20 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin

129.1.3-cü maddəsinin şərh olunmasına dair

  

4 noyabr 2020-ci il                                                                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şikayət verən şəxsin yaşayış yeri müddəasının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi R.Cəlilovun və mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi H.Məmmədovun yazılı mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ:

 

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 129.1.3-cü maddəsinin şikayət verən şəxsin yaşayış yeri müddəasının şərh edilməsi və inzibati xətalar qanunvericiliyində məhkəmə aidiyyətini tənzimləyən normalara aydınlıq gətirilməsini xahiş etmişdir.

Müraciətdə qeyd edilir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş 8 fevral 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ilə E.Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İş üzrə zərər çəkmiş şəxs A.Heydərov həmin qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir. Həmin şikayət üzrə qəbul edilmiş  Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qərardadı ilə İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi rəhbər tutularaq şikayətin və ona əlavə edilmiş sənədlərin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli qərarı ilə A.Heydərovun həmin qərardaddan verdiyi şikayəti təmin edilmiş və iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin bu mövqeyi ilə razılaşmayan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə baxmağa hazırlıq zamanı qəbul edilmiş qərardaddan şikayət verilməsinin mümkünlüyü məsələsinin aydınlaşdırılmasının və iş üzrə tətbiq edilən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şikayət verən şəxsin yaşayış yeri müddəasının şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Müraciətdə göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işin həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub-olmaması məsələsi həll edilir. Həmin Məcəllənin 132.2-ci maddəsi şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protestin bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilməsini müəyyən etmişdir.

Həmin Məcəllənin 129.4-cü maddəsinə müvafiq olaraq, şikayətə və ya protestə baxılma hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest üç gün müddətində aidiyyəti üzrə göndərilir.

İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə görə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

Eyni zamanda, həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun) 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə əsasən isə Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

Müraciətedənin qənaətinə görə, inzibati xətalar qanunvericiliyində müəyyən edilmiş şikayət verən şəxsin yaşayış yeri müddəasının bu Qanunda nəzərdə tutulmuş yaşayış yerini ehtiva etməsi və ya şəxsin faktiki yaşayış yerini nəzərdə tutması ilə bağlı məhkəmə təcrübəsində fikir ayrılığı mövcuddur.  

Eyni zamanda inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı işin aidiyyəti üzrə göndərilməsi barədə qəbul edilmiş qərardaddan şikayət vermək nəzərdə tutulmasa da, apellyasiya instansiyası məhkəməsinin həmin şikayətə baxaraq birinci instansiya məhkəməsinə göstəriş verməsi vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına maneələr yaradaraq prosessual qənaət prinsipinin pozulmasına da səbəb olur.

Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə qeyd edir ki, məhkəmə təcrübəsində məhkəmə aidiyyəti qaydasına fərqli yanaşma nəticədə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına səbəb ola bilər.

Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə dair məhkəmə təminatı hər kəsin ayrılmaz hüququdur və heç bir halda məhdudlaşdırıla bilməz.

Şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə xüsusi təminatlar nəzərdə tutulmuşdur. Məhkəmə aidiyyəti institutu bu təminatlardan biridir.

Qanunverici eyni zamanda məhkəmə aidiyyətinin pozulmasına görə qadağa nəzərdə tutmuşdur. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun  15-ci maddəsinə əsasən, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.

İnzibati xətalar haqqında işlərin rayon (şəhər) məhkəmələrinə aidiyyəti İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə, müvafiq icra hakimiyyəti orqanlarına aidiyyəti isə həmin Məcəllənin 44-cü maddəsi ilə tənzimlənir.

Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər (İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsi).

İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququnu, həmin Məcəllənin 129.1-ci maddəsi isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilmə qaydasını müəyyən etmişdir.

Öz növbəsində hakim inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı inzibati xəta haqqında işin həmin hakimə aid olub-olmaması məsələsini həll edir, şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir (İnzibati Xətalar Məcəlləsinin 132.1.1 və 132.2-ci maddələri).

Beləliklə, qanunverici inzibati xəta haqqında iş üzrə qəbul edilən yekun sənəd olan qərardan şikayət verilməsinin qaydasını və belə şikayəti verə bilən subyektlərin dairəsini dəqiq müəyyən edərək bu hüququ prosesin bütün iştirakçılarına aid etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarı).

Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. Yəni İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

Qanunvericinin belə yanaşması onunla izah olunur ki, qərardad məsələni mahiyyəti üzrə həll etmir, şəxsin hüquq və azadlıqlarını məhdudlaşdırmır, mübahisənin gələcəkdə davam etdirilməsini istisna etmir, o, yalnız işin ədalətli həll olunmasına xidmət edir. Eyni zamanda, qanunverici, prosessual qənaət prinsipini rəhbər tutaraq məhkəmə prosesinin lüzumsuz olaraq uzanmasının qarşısını almaq məqsədi ilə  hər bir qərardad üzrə şikayətin verilməsini mümkünsüz hesab etmişdir.

Müraciətdə qaldırılan ikinci məsələ inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayətin, şikayət verən şəxsin qeydiyyatda olduğu ünvan üzrə və ya faktiki yaşayış yeri üzrə verilməsi ilə bağlıdır.

Müraciətdə göstərilir ki, iş üzrə zərər çəkmiş şəxs A.Heydərovun Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin tələblərini rəhbər tutaraq 28 fevral 2020-ci il tarixli qərardadı ilə şikayəti və ona əlavə edilmiş sənədləri şikayətçinin (iş üzrə zərər çəkmiş şəxsin) qeydiyyatına müvafiq olaraq aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun ilə  tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinin 1-ci bəndinə  əsasən, Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

Qeyd edilməlidir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşın yaşadığı yer barədə məlumat şəxsiyyət vəsiqəsinə yerləşdirilən elektron daşıyıcıya (çipə) daxil edilir. Qanunvericiliyin tələblərinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın aparılması insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasına deyil, onların reallaşdırılmasına yönəlmişdir. Belə ki, vətəndaşlığı təsdiq edən digər sənədlərdən fərqli olaraq Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi onun sahibi haqqında daha ətraflı məlumatları özündə əks etdirir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə 2003-cü il 31 yanvar tarixli Qərarı).

Göründüyü kimi, qanunverici hər hansı bir şəxsin yaşayış yeri və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsi bu məqsədə yönəlmişdir. Belə ki, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Daimi və ya müvəqqəti yaşayış yeri haqqında qeydiyyat orqanlarının məlumatlandırılması vətəndaşın, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin vəzifəsidir.

Qeyd edilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmələr inzibati xətalar haqqında iş üzrə qərardan verilmiş şikayətə baxmağa hazırlıq zamanı İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində qeyd olunan şikayət verən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında əks olunan məlumata əsaslanaraq məhkəmə aidiyyəti məsələsini həll etməlidirlər.

Bununla belə artıq qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsi inzibati xəta haqqında qəbul edilmiş qərardan şikayət və ya protest verən şəxslərin dairəsini dəqiq müəyyən edir. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin həmin Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.

Öz növbəsində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilmə qaydasını müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayətin yalnız şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə verilməsini müəyyən edir.  

Belə olan halda barəsində qərar çıxarılmış fiziki şəxs və ya zərər çəkmiş şəxs (şəxslər) hər biri ayrılıqda qeydiyyatda olduqları ünvan üzrə şikayət vermək hüququnu əldə etmiş olurlar. Bu cür vəziyyət prosessual qənaət prinsipinin pozulmasına və inzibati xətalar qanunvericiliyinin qeyri-effektivliyinə səbəb ola bilər.    

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının qanunvericilik qaydasında təkmilləşdirilməsi məqsədəmüvafiqdir.

Göstərilənlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici bu məsələdə geniş mülahizə sərbəstliyinə malikdir.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu diqqəti ona cəlb etməyi vacib bilir ki, qanunverici İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsində inzibati xəta haqqında işin baxılması yerini müəyyən etmişdir.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin maddənin ikinci cümləsinə görə isə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər.

Beləliklə, inzibati xətalar qanunvericiliyi inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının iki əsas məkanını nəzərdə tutur: xətanın törədildiyi yer və ya barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşadığı yer.

İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsi məhkəmə təcrübəsində mübahisə doğurmur.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər.

Qeyd olunmalıdır ki, inzibati xətanın törədildiyi yer üzrə aidiyyəti məhkəmə həmin ərazi üzrə yol hərəkəti qaydalarının təşkilinə, ətraf mühitin şəraitinə və inzibati araşdırma predmeti ola bilən digər sahələrin yerli aspektlərinə və xüsusiyyətlərinə dair daha məlumatlı olmaqla inzibati xətanın obyektiv və subyektiv tərəflərini qiymətləndirmək və törədilən əməlin ciddiliyini operativ şəkildə müəyyən etmək imkanına malikdir.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir;

- İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər;   

- İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər.   

3. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir.

4. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

Sədr                                                                                      Fərhad Abdullayev