Постановления

18.09.20 AR Konstitusiyasının 64-cü maddəsi və AR Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və AR Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair

           

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin  18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair

 

 

18 sentyabr 2020-ci il                                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə, 

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Balakən Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Balakən Rayon Məhkəməsinin hakimi Z.Tahirov, Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi T.Şeyx-Zamanov, mütəxəssislər Azərbaycan Respublikası Baş Prokurorluğunun nümayəndəsi A.Nəsibov, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibov və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimov tərəfindən təqdim edilmiş yazılı mülahizələri və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

  

MÜƏYYƏN  ETDİ: 

 

Balakən Rayon Məhkəməsinin icraatında əvvəllər iki dəfə məhkum olunmuş və ağır cinayətə görə məhkumluğu ödənilməmiş A.Motuxovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Həmin cinayət işi ilə bağlı Balakən Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək:

         məhkumluğun qəsdən cinayət törətməyə görə residivin yaranması və cəza təyin edilməsi zamanı bir dəfə nəzərə alındığı halda, şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsinə görə residivin müəyyən olunması və cəza təyin edilməsi zamanı təkrar nəzərə alınıb-alınmaması ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra –  Konstitusiya) 64-cü maddəsi və Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin;

         Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş və cinayət məsuliyyətini yaradan müstəqil hərəkətlər üzrə cinayətin başa çatma anının müxtəlif olması və bu maddəyə əsasən bir neçə hərəkət üzrə ittiham verildiyi halda, həmin hərəkətlər üzrə cinayətin başa çatma anının bir-birindən fərqləndiyini nəzərə alaraq, şəxsin əməlində residivin müəyyən edilməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələlərin düzgün həlli üçün Konstitusiyanın, Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) bəzi müddəalarının və  məsələyə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının nəzərdən keçirilməsinin böyük əhəmiyyəti vardır.

Konstitusiyanın 64-cü maddəsinə əsasən, heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz.

Hüququn hamılıqla qəbul edilmiş non bis in idem prinsipini ifadə edən bu konstitusiya normasının mənasına uyğun olaraq əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş şəxsin həmin cinayətə görə təkrarən məhkum edilməsi qadağan edilir. Bu o deməkdir ki, bir şəxs eyni cinayətə görə təkrar olaraq cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilməz. Həmin hüquq öz konstitusiya hüquqi təbiəti baxımından məhdudlaşdırıla bilməz və mahiyyət etibarı ilə həm qanunvericiliyə, həm də təqsirkar şəxsi cinayət məsuliyyətinə cəlb edən və ona cəzanın növünü və həddini müəyyən edən hüquqtətbiqedicilərə istiqamətlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 3-cü bəndinin şərh edilməsi haqqında” 2013-cü il 4 mart tarixli Qərarı).

Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktlarında da əksini tapmışdır.

 “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinə əsasən, heç kəs hər hansı bir ölkənin qanununa və cinayət-prosessual hüququna müvafiq olaraq artıq məhkum edildiyi və ya bəraət aldığı cinayətə görə təkrarən məhkum edilə və ya cəzalandırıla bilməz.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsinə görə, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz.

Bir cinayətə görə təkrarən məhkum etməyə yol verilməməsinə dair konstitusiya prinsipi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliklərində də öz əksini tapmışdır.

Belə ki, Cinayət Məcəlləsinin 8.2-ci maddəsinə əsasən heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddəsində isə göstərilmişdir ki, heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz.

Lakin burada nəzərə alınmalıdır ki, eyni cinayətə görə təkrar məhkum edilmənin yolverilməzliyi prinsipi Konstitusiyada, Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş ədalət prinsipinin tərkib hissəsi kimi, həmin prinsip ilə ziddiyyət təşkil edə bilməz.

Şəxsiyyətin, cəmiyyətin və dövlətin qorunması, habelə cinayətlərin qarşısının alınması kimi cinayət hüquq institutları humanizm, ədalət və cinayət məsuliyyətinin mütənasibliyi prinsiplərinə əsaslanır.

Məhz bu prinsiplər baxımından məhkumluğun şəxsin əməlində residivin yaranması və ona cəza təyini zamanı bir dəfə nəzərə alındığı halda, yenidən qəsdən cinayət törədilməsinə görə residivin müəyyən olunması və cəza təyini zamanı təkrar nəzərə alınıb-alınmamasına dair məsələyə aydınlıq gətirilə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu son illər məhkumluq və cinayətin residivi ilə əlaqədar 6 qərar qəbul etmiş və bu qərarlarda məhkumluğun və residivin mahiyyəti, onların təbiəti açıqlanaraq müvafiq şərhlər verilmişdir.

Məhkumluğun anlayışı Cinayət Məcəlləsinin 83.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir.

Məhkumluqla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən  cinayət qanunvericiliyi  ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.

 Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (Cinayət Məcəlləsinin 18.1-ci maddəsi).

Şəxsin əməlində residivin mövcud olması üçün bəzi şərtlər tələb olunur:

- şəxsin əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğunun olması;

- şəxsin yenidən qəsdən cinayət törətməsi;

- residivi təşkil edən cinayətlərin ardıcıl olaraq törədilməsi;

- əvvəllər törədilmiş cinayətə görə qanunla müəyyən edilmiş qaydada götürülməmiş və ya ödənilməmiş məhkumluğun olması.

Cinayət Məcəlləsinin 18-ci maddəsində residivin 3 növü müəyyən edilmişdir: sadə, təhlükəli və xüsusi təhlükəli. Bu maddənin mənasına və mahiyyətinə görə residiv aşağıdakı əsaslara görə təsnifləşdirilmişdir:

- şəxs tərəfindən törədilmiş cinayətlərin xarakterinə;

- şəxsin məhkumluğuna;

- qəsdən törədilən cinayətlərin ağırlıq dərəcəsinə.

Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur.  

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır.

Konstitusiya Məhkəməsi Plenumunun belə nəticəsi ondan irəli gəlir ki, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi  yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur.

İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət  törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar.

Humanizm prinsipi təsbit edilmiş Cinayət Məcəlləsinin 9-cu maddəsinə görə, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir.  Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz.

Humanizm prinsipi cinayət törətmiş şəxsə qarşı insani münasibətlə yanaşı, cəmiyyətin və dövlətin humanist əsaslarının təmini, qanuna riayət edən vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi ilə də bağlıdır. Qanunverici cinayətlərin residivinə görə cəzanı sərtləşdirərək, bu məqsədlərə də nail olmağa, humanizm prinsipinin bu aspektinin də reallaşmasına səy göstərir.

Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə görə, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.

Ədalət prinsipinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli  olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (Cinayət Məcəlləsinin 8.1-ci maddəsi).

Ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir.

Cinayət Məcəlləsinin 8.1-ci maddəsində nəzərdə tutulmuş cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyəti anlayışı həmin şəxsin sosial mahiyyətini, onu xarakterizə edən əlamətlər, xüsusiyyətlər, əlaqələr və münasibətlərin mürəkkəb kompleksini, bu və ya digər formada cinayətin törədilməsinə təsir göstərən onun sosial və fərdi həyat şəraitini,  bunlarla qarşılıqlı əlaqədə olan və inkişaf edən mənəvi-əxlaqi aləmini ifadə edir.

Bir neçə dəfə məhkum olunmuş şəxsə gəldikdə isə qeyd etmək lazımdır ki, belə şəxs həqiqətən yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olur, onda özünəməxsus “vərdiş” əmələ gəlir və təkrar cinayətlərin törədilməsi bu vərdişin dayanıqlılığına, məhkum edildikdən və layiqli cəzanın çəkilməsindən sonra cinayətkar fəaliyyətin davam etməsi isə fərdin cəmiyyətin maraqları ilə sabit qarşıdurmasına dəlalət edir.

Beləliklə, Cinayət Məcəlləsinin 18.1, 65 və 83-cü maddələri əlaqəli şəkildə nəzərdən keçirildikdə müəyyən edilir ki, şəxs tərəfindən məhkumluq müddətində bir neçə cinayətin törədilməsi onun daha ictimai təhlükəli şəxs olduğunu göstərməklə, cəzanın təyin edilməsi məsələsində də müvafiq yanaşmanı tələb edir.

Cinayət Məcəlləsinin 18-ci maddəsində residivin sadə, təhlükəli və xüsusi təhlükəli növlərə bölünməsi, həmin Məcəllənin 65-ci maddəsində sadə residivlə müqayisədə təhlükəli residivə görə, təhlükəli residivlə müqayisədə isə xüsusilə təhlükəli residivə görə daha ağır cəzanın təyin edilməsi də məhz bu məntiqə əsaslanır.

Göründüyü kimi, Cinayət Məcəlləsinin 18.1 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma deyil, əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymətdir.

Bunu nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsində, Cinayət Məcəlləsinin 8.1 və 9-cu maddələrində təsbit olunmuş ədalət və humanizm prinsipləri baxımından Cinayət Məcəlləsinin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı  cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma kimi qəbul oluna bilməz, belə cəza əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymət olmaqla, Konstitusiyanın 64-cü maddəsinin “heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz” tələbini pozmur.

Digər məsələ üzrə Balakən Rayon Məhkəməsinin müraciətindən göründüyü kimi, A.Motuxova Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin obyektiv cəhətinə aid edilən üç müstəqil hərəkətin cəmi – narkotik vasitəni əldə etmə, daşıma və saxlama üzrə ittiham verilmişdir. Bu üç hərəkətdən ikisini – əldə etmə və daşımanı A.Motuxov 2019-cu ilin sentyabr ayında həyata keçirmiş və bu andan ona istinad olunan narkotik vasitənin əldə edilməsi və daşınması əməlləri başa çatmış, lakin narkotik vasitənin saxlanması üzrə əməl 2 mart 2020-ci il tarixində onun yaşadığı evdə aşkar olunduqdan sonra başa çatmışdır.

Müraciətedən bildirir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməl 2019-cu ilin sentyabr ayında başa çatmış hesab edildikdə, həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən A.Motuxovun götürülməmiş və ya ödənilməmiş məhkumluğu onun əməlində cinayətin təhlükəli residivinin yaranması üçün əsas kimi çıxış edir. Narkotik vasitənin qanunsuz saxlanması üzrə istinad olunan cinayət əməlinin başa çatma anı 2 mart 2020-ci il tarixindən götürüldüyü halda isə A.Motuxovun əvvəlki məhkumluğu ödənildiyindən bu məhkumluq təhlükəli residivin yaranması üçün əsas ola bilməz.

Müraciətdə göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasına əsasən hər biri müstəqil olaraq cinayət məsuliyyəti yarada bilən və başa çatma anı müxtəlif olan hərəkətlərin, o cümlədən qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanmasının cəmində ifadə olunan cinayətin başa çatma anının müəyyən edilməsi ilə bağlı Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə ehtiyac vardır.

Bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə uyğun olaraq, cinayət o zaman başa çatmış hesab olunur ki, şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olsun. Müvafiq olaraq, əgər tərkib əlamətlərindən biri olmazsa, törədilmiş əməl başa çatmış cinayət kimi tövsif oluna bilməz.

Müraciətdən aydın olur ki, mübahisə doğuran məsələlərdən biri Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin obyektiv cəhətinə aid edilən qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda saxlanmasının başa çatma anının hansı vaxtdan hesablanması ilə bağlıdır.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Cinayət Məcəlləsinin 234-cü maddəsində nəzərdə tutulmuş qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını saxlama uzanan cinayətdir.

Cinayət qanunvericiliyində uzanan və davam edən cinayətlərin anlayışı nəzərdə tutulmasa da, Cinayət-Prosessual Məcəlləsinin 74.2-ci maddəsində bu cinayətlərin adı çəkilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu digər ölkələrin təcrübəsini, eləcə də uzanan və davam edən cinayətlərə dair müvafiq normaların Cinayət Məcəlləsində nəzərdə tutulmaması səbəbindən məhkəmə təcrübəsində çətinliyin yaranmasını nəzərə alaraq “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində əks olunan uzanan və davam edən cinayətlərlə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsinin şərh olunmasına dair” 2006-cı il 27 dekabr tarixli Qərarında uzanan və davam edən cinayətlərin anlayışı, bu növ cinayətlərin başlanması və başa çatması anlarını müəyyənləşdirən müddəaların Cinayət Məcəlləsinə əlavə olunmasını Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə təcrübəsi üçün  böyük əhəmiyyətə malik olduğunu vurğulayaraq, həmin məsələnin Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bir daha nəzərdən keçirilməsini vacib hesab edir.     

Eyni zamanda nəzərə almaq lazımdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, onun obyektiv cəhətini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşıma təşkil edir.

Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin.

  Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir.

  Buna görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 127-ci maddəsinin II hissəsində, Cinayət Məcəlləsinin 8.1 və 9-cu maddələrində təsbit olunmuş ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma kimi qəbul oluna bilməz. Belə cəza əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymət olmaqla, Konstitusiyanın 64-cü maddəsinin “heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz” tələbini pozmur.

- Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1 və 9-cu maddələrində təsbit olunmuş ədalət və humanizm prinsipləri baxımından həmin Məcəllənin 18 və 65-ci maddələrinin tələblərinə uyğun olaraq residiv zamanı cəzanın sərtləşdirilməsi əvvəl törədilmiş cinayətə görə təkrar cəzalandırma kimi qəbul oluna bilməz. Belə cəza əməlin ictimai təhlükəliliyinə və onu törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə adekvat qiymət olmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinin “heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz” tələbini pozmur. 

2.              Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur.

3.              Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.              Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5.              Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

  

Sədr                                                                                       Fərhad Abdullayev