AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi
müddəalarının şərh edilməsinə dair
12 fevral 2015-ci il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən
İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov,
İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə iclas katibi Fəraid Əliyevin,
maraqlı subyektlərin nümayəndələri Qəbələ
rayon Məhkəməsinin sədri Vahid Sadıqovun, Azərbaycan Respublikası Milli Məclisi
Aparatının İnzibati qanunvericilik sektorunun müdiri Fuad Məmmədovun,
ekspert Bakı Dövlət Universitetinin Hüquq
fakültəsinin Cinayət prosesi kafedrasının professor əvəzi, hüquq üzrə elmlər
doktoru Midhəd Qəfərovun və müstəqil ekspert hüquq üzrə fəlsəfə doktoru Aydın
Yusubovun,
mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət Kollegiyasının sədri Şahin Yusifovun, Azərbaycan Respublikası Baş
Prokurorluğunun Daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış
fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuror-metodisti
Munis Abuzərlinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Baş
istintaq idarəsinin şöbə rəisi Mahir Qasımovun, Azərbaycan Respublikası Daxili
İşlər Nazirliyinin Baş cinayət axtarışı idarəsinin əməliyyat müvəkkili Ceyhun
Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə
açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qəbələ
rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini,
maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertlərin
rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Qəbələ rayon Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
müraciət edərək, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilən
materiallara münasibətdə məhkəmə nəzarətini həyata keçirən məhkəmənin səlahiyyətlərini
müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin
(bundan sonra – CPM) 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsini
xahiş etmişdir.
Müraciətdə göstərilmişdir ki, Qəbələ rayon Məhkəməsinin
icraatına CPM-in 445.2-ci maddəsinin tələblərinə uyğun olaraq Qəbələ rayon
polis şöbəsi tərəfindən “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 8
iyul 2014-cü il tarixli qərar və bu qərar əsasında həmin tarixdə həyata
keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı “Baxış keçirilməsi haqqında”
iki protokol daxil olmuşdur.
Müraciətedənin fikrincə, əməliyyat-axtarış fəaliyyəti
nəticəsində əldə edilmiş materialların sübut kimi qəbul və istifadə edilməsinə
yalnız həmin materialların cinayət-prosessual qanunvericiliyinin tələblərinə
uyğun təqdim edilməsi və yoxlanılması şərti ilə yol verilir (CPM-in 137-ci maddəsi).
Bu isə CPM-in 445.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbirinin aparılması
barədə qərarın məhkəməyə sadəcə məlumatlandırmaq üçün təqdim edilməsini deyil,
həm də məhkəmənin əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilmiş
materiallar üzrə müvafiq tədbirin keçirilməsinin qanuniliyini yoxlamaq səlahiyyətini
nəzərdə tutur. Əməliyyat-axtarış materiallarının təqdim edilməsi və
yoxlanılması qaydaları isə cinayət-prosessual qanunvericiliyində müəyyən edilməmişdir.
Qeyd edilənlərə əsaslanaraq, Qəbələ rayon Məhkəməsi
CPM-in 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının əməliyyat-axtarış fəaliyyətinə
məhkəmə nəzarətinin hədləri baxımından şərh edilməsinin zəruri olduğu qənaətinə
gəlmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar
aşağıdakıları qeyd etməyi vacib hesab edir.
Azərbaycan Respublikasında hüquqi dövlət
quruculuğu sahəsində aparılan islahatların əsas istiqamətlərindən biri də məhkəmə-hüquq
islahatlarıdır. Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra –
Konstitusiya) ali dəyər olan insan və vətəndaş hüquq və azadlıqlarının təminatında
məhkəmələrin rolu xüsusi qeyd olunmuşdur. Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması
yalnız qanun əsasında mümkündür. İnsan hüquqlarının məhdudlaşdırılmasının
qanuniliyinə, mütənasibliyinə və ədalətliliyinə nəzarəti isə məhkəmələr həyata
keçirirlər.
Məhkəmə nəzarəti cinayət-prosessual
qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional
yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət-prosesi çərçivəsində təhqiqatçının,
müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun
fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz
müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə
fəaliyyətinin müstəqil növüdür.
Məhkəmə nəzarətinin hüquqi əhəmiyyəti
Konstitusiya və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələr ilə müəyyən edilir.
Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin
hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət
orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən)
məhkəməyə şikayət edə bilər.
İnsan və vətəndaş hüquqlarının və
azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyinin məhkəmələr tərəfindən həll
edilməsi məhz Konstitusiyanın 71-ci maddəsinin VII hissəsindən irəli gəlir. Belə
ki, Konstitusiyanın həmin normasına görə insan və vətəndaş hüquqlarının və
azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs
əmin olmalıdır ki, dövlət orqanları tərəfindən hər hansı qanuni təqib həyata
keçirilirsə, həmin fəaliyyətə müstəqil məhkəmə orqanı tərəfindən nəzarət
mövcuddur.
Bununla yanaşı, ayrı-ayrı konstitusiya
normalarında insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasında məhkəmə nəzarətinin
vacibliyi xüsusi qeyd edilir. Məsələn, Konstitusiyanın 33-cü maddəsinin II hissəsində
göstərilir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna
olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.
“İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan
sonra – Konvensiya) 5-ci maddəsində azadlıq və toxunulmazlıq hüququnun təminatında
məhkəmə nəzarətinin vacibliyi birbaşa vurğulanmışdır.
Azərbaycan Respublikasının cinayət-prosessual
qanunvericiliyində məhkəməyədək icraat mərhələsində məhkəmə nəzarəti nisbətən
yeni institutdur. Prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarəti məhkəməyədək
icraat mərhələsində ibtidai araşdırma subyektlərinin fəaliyyətinin insan hüquq
və azadlıqlarına qanunsuz müdaxiləsinin qarşısının alınmasına yönəlmişdir.
Prokuror nəzarəti ümumilikdə təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində
qanunçuluğa riayət edilməsinə yönəldiyi halda, məhkəmə nəzarəti əməliyyat-axtarış
fəaliyyəti subyektləri tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının
qanuniliyi, əsaslılığı, mütənasibliyi, məqsədəmüvafiqliyi və təxirəsalınmazlığının
yoxlanılması funksiyasını daşıyır.
“Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1999-cu il 28 oktyabr tarixli Qanununa
(bundan sonra – “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun) əsasən əməliyyat-axtarış
fəaliyyətinə məhkəmə nəzarəti prokuror nəzarətindən fərqli olsa da, onlar
arasında oxşar cəhətlər də mövcuddur.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında”
Qanunun 20-ci maddəsinin I hissəsində göstərilir ki, əməliyyat-axtarış fəaliyyətinin
subyektləri tərəfindən qanunların icrasına nəzarəti Azərbaycan Respublikasının Baş
prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar həyata keçirirlər. Həmin
maddənin IV və V hissələrinə görə əməliyyat-axtarış tədbirlərinin təşkili, taktikası,
üsul və vasitələrinə dair məlumatlar prokuror nəzarətinin predmetinə daxil
deyil və əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan
Respublikasının Baş prokuroru və onun tərəfindən müvəkkil edilmiş prokurorlar
onlara verilən sənədlərdə əks olunan məlumatların məxfiliyini təmin etməlidirlər.
Beləliklə, məhkəmə nəzarəti ilə prokuror nəzarəti
arasında nəzarətin predmeti baxımından fərqlilik müşahidə olunsa da, əməliyyat-axtarış
fəaliyyətinin spesifik xüsusiyyətlərini nəzərə alaraq, “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” Qanunun 20-ci maddəsinin IV və V hissələrinin tələblərini məhkəmə nəzarəti
fəaliyyətinə də aid etmək olar.
Məhkəmə prosessual funksiyaların bölüşdürülməsi
prinsipini rəhbər tutaraq, əməliyyat-axtarış və ya ibtidai araşdırma subyektlərinin
fəaliyyəti sahəsində bütövlükdə qanunçuluğa nəzarət etmək vəzifəsini daşımır.
Belə ki, cinayət barədə məlumatların qeydiyyatı, ibtidai araşdırmanın
başlanması haqqında qərar və ya digər insan hüquq və azadlıqlarının məhdudlaşdırılması
ilə bağlı olmayan prosessual tədbirlər məhkəmə nəzarətinin predmeti ola bilməz.
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh
edilməsinə dair” 5 avqust 2009-cu il tarixli Qərarında qeyd
edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır:
cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən
edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması;
cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və
qanunsuz məhdudlaşdırılmasının istisna edilməsi, hüquqların pozulmasına son
qoyulması və pozulmuş hüquqların bərpası).
Beləliklə, prokuror nəzarətindən fərqli
olaraq, məhkəmə nəzarətinin predmetini – insan və vətəndaş hüquq və
azadlıqlarının təminatı ilə əlaqədar təhqiqat, istintaq və prokurorluq orqanları
tərəfindən qəbul edilən qərarların qanuniliyi və əsaslılığı təşkil edir.
Qeyd edildiyi kimi, məhkəmə nəzarəti Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyində nisbətən yeni institutdur.
2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş CPM-in 442.2-ci maddəsi məhkəmə
nəzarətinin obyektini müəyyən edərək göstərir ki, məhkəmə nəzarətinin həyata
keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil
toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən
ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların)
saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya
sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi
aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, bununla yanaşı
cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına
dair şikayətlərə.
Məhkəmə nəzarəti sahəsinə aid olan məsələlər,
habelə onların həyata keçirilməsi qaydası CPM-in 443-454-cü maddələri ilə müəyyən
edilir. Bu maddələr cinayət prosesində istintaq hərəkətinin məcburi aparılması,
prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, habelə əməliyyat-axtarış tədbirinin
keçirilməsi halında mütləq qaydada məhkəmə nəzarətinin mövcudluğunu nəzərdə
tutur.
Bununla yanaşı, əməliyyat-axtarış fəaliyyətinin
əsasları “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun ilə tənzimlənir. Bu
Qanun insanların konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönələn
hər hansı bir əməliyyat-axtarış tədbirinin yalnız məhkəmənin qərarı əsasında
keçirilməsini və ya keçirildikdən dərhal sonra məhkəməni həmin tədbir haqqında
məlumatlandırmağı nəzərdə tutur.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan
sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır.
Belə ki, Avropa Məhkəməsi Xudobin Rusiyaya qarşı iş üzrə 26 oktyabr 2006-cı il
tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini
öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə
lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı
davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin
olunsun. Eyni hüquqi mövqe Avropa Məhkəməsinin Klass və başqaları Almaniyaya
qarşı iş üzrə 6 sentyabr 1978-ci il, Lüdi İsveçrəyə qarşı iş üzrə 15
iyun 1992-ci il tarixli Qərarlarında da ifadə edilmişdir.
Avropa Məhkəməsi öz qərarlarında göstərir ki,
əməliyyat-axtarış fəaliyyətinə məhkəmə nəzarəti sui-istifadənin qarşısının
alınmasına və qüvvənin mütənasib istifadəsinə nəzarət edir. Avropa Məhkəməsi Uzun
Almaniyaya qarşı işi üzrə 2 sentyabr 2010-cu il tarixli Qərarında bildirmişdir
ki, şübhəli şəxslərin avtomobilində quraşdırılan və güdmə funksiyasını daşıyan
GPS (qlobal təsvir sistemi) hazırlanan cinayətin qarşısının alınması məqsədi ilə
məhkəmə nəzarəti altında istifadə edildiyinə görə adekvat və effektiv təminatlarla
aparılıb. Bu isə istifadə olunan əməliyyat-axtarış tədbirlərinin aparılmasında
sui-istifadənin qarşısının alınması üçün faydalı vasitədir.
Məhkəmə nəzarətinin mövcudluğu, ilk növbədə, əməliyyat-axtarış
fəaliyyətinə qərəzsiz orqanın nəzarətinin mövcudluğunu ifadə edir. Avropa Məhkəməsi
Avropaya inteqrasiya və insan hüquqları naminə Assosiasiya və Ekimciyeva
Bolqarıstana qarşı iş üzrə 28 iyun 2007-ci il tarixli Qərarında qeyd etmişdir
ki, məxfi müşahidənin tətbiqinə ümumi nəzarətin bilavasitə xüsusi vasitələrin tətbiq
edilməsini həyata keçirən daxili işlər orqanlarına həvalə edilməsi nəticə
etibarı ilə əməliyyat-axtarış fəaliyyətinə qərəzsiz orqanın nəzarətinin
olmadığını bildirir, bu isə Konvensiyanın 8-ci maddəsinin tələblərinin
pozulduğunu göstərir.
Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq cinayət prosesində istifadə olunan əməliyyat-axtarış fəaliyyətinin
nəticələri iki yolla əldə oluna bilər: 1) məhkəmənin razılığı ilə aparılan tədbirlər
nəticəsində; 2) əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan həmin
tədbir barəsində məhkəməyə məlumat vermək şərti ilə, keçirilən tədbirlər nəticəsində.
Birinci halda, məhkəmə qərarının əvvəlcədən
alınması qaydasında əməliyyat-axtarış fəaliyyətinin aparılmasına məhkəmə nəzarətinin
həcmi (həddi) problemi təcrübədə hər hansı mübahisə yaratmır. CPM-in 446.4-cü
maddəsindən görünür ki, istintaq hərəkətinin məcburi aparılmasının, prosessual
məcburiyyət tədbirinin tətbiq edilməsinin və ya əməliyyat-axtarış tədbirinin həyata
keçirilməsinin zəruriliyini təsdiq edən materiallar vəsatətə əlavə edilməlidir.
Həmin materiallar kifayət etmədikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokuror və ya məhkəmə nəzarəti funksiyalarını həyata keçirən
hakim onların tamamlanmasını tələb etmək hüququna malikdir.
Qanunverici əməliyyat-axtarış tədbirini həyata
keçirən orqanın rəhbərinin vəsatətinin əsaslandırılması üçün bir sıra tələblər
irəli sürür. Məsələn, vəsatətdə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin
zəruriliyi əsaslandırılmalı, əməliyyat-axtarış
tədbirinin həyata keçirilməsi nəticəsində hansı nəticənin əldə edilməli olduğu
və nə üçün həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin mümkün
olmaması, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinin hansı müddətdə,
harada və hansı üsullarla nəzərdə tutulduğu və digər əhəmiyyətli məlumatlar göstərilməlidir.
Əməliyyat-axtarış tədbirini həyata keçirən
orqanın vəsatətində qeyd olunan müddəalar əsaslandırılmaqla prokurora təqdim edilir.
Prokuror öz növbəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında
materialları nəzərdən keçirməklə müvafiq qərar qəbul edir, yəni vəsatətin
müdafiə edilməsindən imtina haqqında əsaslandırılmış qərar çıxarır, yaxud zəruriliyini
təsdiq edən materialları vəsatətə əlavə etməklə müvafiq qərarın qəbul edilməsi üçün
məhkəməyə təqdimat göndərir.
Beləliklə, məhkəmənin razılığı ilə aparılan tədbirlərə
dair məhkəmə nəzarətini həyata keçirən hakimin qanunvericiliklə müəyyən edilən səlahiyyətləri
kifayət qədər genişdir. Əvvəla, məhkəmənin razılığını almaq məqsədi ilə
qaldırılan vəsatətə istintaq hərəkətinin məcburi aparılmasının, prosessual məcburiyyət
tədbirinin tətbiq edilməsinin və ya əməliyyat-axtarış tədbirinin həyata
keçirilməsinin zəruriliyini təsdiq edən materiallar əlavə edilməlidir. Həmin
materiallar kifayət etmədikdə, hakim onların tamamlanmasını tələb etmək
hüququna malikdir.
Göründüyü kimi, CPM-də əməliyyat-axtarış tədbirləri
keçirilərkən şəxsi toxunulmazlıq, yazışma, telefon danışıqları, poçt, teleqraf
və poçt rabitəsi şəbəkələri ilə ötürülən digər məlumatların sirri, eləcə də mənzil
toxunulmazlığı barədə hər bir kəsin konstitusiya hüquq və azadlıqlarının məhdudlaşdırılmasına
dair materiallara məhkəmə qaydasında baxılması nəzərdə tutulmuşdur. Məhkəmə nəzarəti
qaydasında daxil olan əməliyyat-axtarış sənədlərində göstərilən məlumatların məxfiliyinin
təmin edilməsi üçün məhkəmədə şərait yaradılır.
CPM-in 448-ci maddəsinə görə əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi məsələlərinə dair məhkəmə iclasının nəticələri
üzrə hakim müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verir və ya
onun keçirilməsindən imtina edir, bu barədə əsaslandırılmış qərar qəbul edir. Həmin
qərar əməliyyat-axtarış tədbirinin keçirilməsinin təşəbbüskarına verilir və təqdim
olunmuş materiallar geri qaytarılır. Eyni zamanda, məhkəmə nəzarəti qaydasında qəbul
edilən qərar hakim tərəfindən tam əsaslandırılmalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən
Qəbələ rayon Məhkəməsinin müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, təxirəsalınmaz
tədbirlərin keçirilməsindən sonra məhkəmə nəzarəti qaydasında keçirilmiş tədbirlər
barəsində məhkəməni məlumatlandırmaq qaydası təcrübədə fərqli tətbiq edilir.
Bunun səbəbi isə ilk növbədə, qanunu tətbiq edən subyektlərin normanın tələblərinə
tam formal yanaşmasıdır. Belə ki, CPM-in 445.2-ci maddəsinin tələblərinə görə “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə
tutulmuş hallarda CPM-in 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri
məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən
orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər.
Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi
müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin
aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə
və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim
etməlidir.
CPM-in qeyd edilən norması əməliyyat-axtarış fəaliyyətini
həyata keçirən orqandan məhkəmə nəzarəti qaydasında, formal olaraq müvafiq tədbir
keçirildikdən sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması
barədə yalnız əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə
təqdim etməsini tələb edir.
Məsələyə formal cəhətdən yanaşıldığı təqdirdə
məhkəmə yalnız həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin zəruriliyini və
qanuna uyğun aparıldığını yoxlamaqla müvafiq qərar çıxarmalıdır. Bu qərarın surəti
əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana və ibtidai istintaqa rəhbərlik
edən prokurora göndərilir. Gələcəkdə işə mahiyyəti üzrə baxılarkən bu əməliyyat
tədbirinin nəticələrinə ümumi qaydada baxılır. Yəni digər sübutlar kimi əməliyyat-axtarış
tədbirlərinin nəticələri də yoxlanılıb qiymətləndirilir.
Məhkəmə nəzarətinin formal olması məhkəmə nəzarəti
funksiyasını “passiv legitimləşdirmə” fəaliyyətinə oxşar edə bilər. Bu terminin
izahı ətraflı olaraq Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət
reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh
edilməsinə dair” 19 may 2014-cü il tarixli Qərarında verilmişdir. Lakin məhkəmə
qarşısında məhkəməyədək mərhələdə nəzarətə dair xüsusi prosessual vəzifə –
insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilənin qarşısının
alınması vəzifəsi qoyulmuşdur.
Nəzərə alınmalıdır ki, məhkəmə nəzarətinin
obyekti iki əsas elementdən ibarətdir: 1) konstitusiya hüquq və azadlıqlarının
qorunması; 2) həmin hüquq və azadlıqların qorunması ilə əlaqədar təhqiqat,
istintaq və prokurorluq orqanları tərəfindən qəbul edilən qərarların qanuniliyi
və əsaslılığı. Bu elementlərə nəzarətin təminatı üçün məhkəmələrin kifayət qədər
məhkəmə nəzarəti funksiyalarını həyata keçirmək səlahiyyətləri olmalıdır.
CPM-in 143.2-ci maddəsində qeyd edilir ki, məhkəmə
cinayət prosesi tərəflərinin vəsatəti, yaxud öz təşəbbüsü ilə sübutların
toplanması prosesində fiziki, hüquqi və vəzifəli şəxslərdən, habelə əməliyyat-axtarış
fəaliyyətini həyata keçirən orqanlardan cinayət təqibi üzrə əhəmiyyət kəsb edən
sənəd və əşyaları təqdim etməyə, yoxlama və təftişin keçirilməsini səlahiyyətli
orqanlardan və vəzifəli şəxslərdən tələb etməyə haqlıdır.
Məhkəmənin bu səlahiyyətləri sübutların
toplanması prosesinə aiddir. Əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti
altında aparılması isə sonda həmin tədbirin nəticələrinin cinayət-prosessual
qaydada sübut qismində istifadəsinə əsas verir. Beləliklə, məhkəmələr
sübutların gələcək məhkəmə prosesində faydalı və obyektiv istifadəsini təmin
etmək məqsədi ilə məhkəməyədək mərhələdə məhkəmə nəzarəti funksiyasının geniş və
hərtərəfli aparılmasında səlahiyyətli olmalıdırlar.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir
ki, hakim məhkəməyə qədər mərhələdə məhkəmə nəzarətini həyata keçirən zaman aşağıdakı
səlahiyyətlərə malikdir:
- əməliyyat-axtarış tədbirinin keçirilməsinə
icazə vermək və tədbirin keçirilməsinə dair qaldırılan vəsatəti təmin etmək və
ya etməmək;
- şəxsin konstitusiya hüquq və azadlıqlarının
qanuni məhdudlaşdırılması haqqında qərarın güvədə olma müddətini uzatmaq;
- əməliyyat-axtarış tədbirinin keçirilməsinin
əsaslarına dair əlavə materialları tələb etmək;
- hüquq və azadlığı məhdudlaşdırılan şəxsi
dinləmək və ehtiyac olduğu halda (əməliyyat-axtarış tədbirlərinin gizli və ya
aşkar keçirilməsindən asılı olaraq) ərizəçini ona qarşı aparılan əməliyyat-axtarış
tədbirlərinin səbəbləri haqqında məlumatlandırmaq;
- şəxsin konstitusiya hüquq və azadlıqlarının
təminatı məqsədi ilə digər tədbirlər görmək.
Nəzərə alınmalıdır ki, qanunvericiliklə müəyyən
edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin
razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin
razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şərti
ilə, keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin
keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə
nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafiq qərar qəbul
edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən
sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının
təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz
keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər.
Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış
tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və
azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə
nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti
nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər;
- əməliyyat-axtarış tədbirinin aparılması barədə
qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında”
Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə
nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə
uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. Azərbaycan Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin
aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının
təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti
qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti
nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər.
2. Əməliyyat-axtarış tədbirinin aparılması
barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə,
habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda,
həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə
sübut kimi qəbul edilə bilər.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev
XÜSUSİ
RƏY
«Konstitusiya Məhkəməsi haqqında» Qanunun
64-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM)
137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 12 fevral
2015-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsilə tam və nəticə hissəsilə
isə qismən razı deyiləm.
Qəbələ
rayon məhkəməsi Azərbaycan Konstitusiya Məhkəməsinə (bundan sonra-Konstitusiya
Məhkəməsi) müraciət edərək keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində əldə
edilən materiallara münasibətdə məhkəmə nəzarətini həyata keçirən məhkəmənin səlahiyyətlərini
müəyyənləşdirmək məqsədilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
(bundan sonra-CPM) 137 və 445.2-ci maddələrinin 137-ci maddədə nəzərdə tutulmuş
“...təqdim edildikdə və yoxlanıldıqda...” müddəasına aydınlıq gətirməklə əlaqəli
şərh edilməsini xahiş etmişdir.
Qəbələ
rayon məhkəməsinin icraatına CPM-nin 445.2-ci maddəsinin tələblərinə uyğun
olaraq Qəbələ rayon Polis şöbəsinin rəis müavininin “Əməliyyat-axtarış tədbirinin
keçirilməsinə dair” 08 iyul 2014-cü il tarixli qərarı və bu qərar əsasında həmin
tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bağlı “Baxış
keçirilməsi haqqında” iki protokol daxil olmuşdur.
Müraciətedənin
fikrincə CPM-də əməliyyat-axtarış tədbiri nəticəsində əldə edilən materialların
təqdim edilməsi və yoxlanılmasının qaydası müəyyən olunmamışdır.
Konstitusiya
Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qanunverici tərəfindən hər hansı
ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktları qəbul edərkən
hüquqi dövlətin ali prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinə riayət
edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipinin təmin
edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Avropa İnsan Hüquqları
Məhkəməsinin Amann İsveçrəyə qarşı iş üzrə qəbul etdiyi 16 fevral
2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, müvafiq münasibətləri tənzimləyən
milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən”
olmalıdır.
Müəyyənlik,
aydınlıq, hüquq normalarının birmənalı və ardıcıl olması tələbləri cinayət-prosessual
qanunvericiliyi çərçivəsində xüsusi əhəmiyyət kəsb edir. Əməliyyat-axtarış fəaliyyətinin
əsas prinsipləri kimi qanunçuluq, humanistik, insan hüquq və azadlıqlarına hörmət
və onları gözləmək, konspirasiya, aşkar və gizli iş üsullarının uzlaşdırılması
qanunvericilik tərəfindən müəyyən edilmişdir. Əməliyyat-axtarış fəaliyyəti
hüquq fəaliyyətinin bir növü olmaqla, cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən
müdafiəsinə, həmçinin əməliyyat-axtarış orqanlarının üzərinə qoyulmuş müəyyən vəzifələrin
həllinə yönəlmişdir. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra -“Əməliyyat-axtarış fəaliyyəti haqqında”
Qanun) 1-ci maddəsinin II bəndinə əsasən əməliyyat-axtarış fəaliyyəti insan həyatını,
sağlamlığını, hüquq və azadlıqlarını, hüquqi şəxslərin qanuni mənafelərini,
dövlət və hərbi sirrini habelə, milli təhlükəsizliyi cinayətkar qəsdlərdən
müdafiə etmək məqsədi ilə həyata keçirilir. Əməliyyat-axtarış fəaliyyəti çox
vaxt qeyri aşkar metodlar, qüvvə və vasitələrin tətbiqi ilə həyata kecirildiyi
ücün o, vətəndaşların hüquq və azadlıqlarının, dövlət və qeyri dövlət
qurumlarının qanuni mənafelərini məhdudlaşdırma təhlükəsini özündə saxlayır.
Əməliyyat-axtarış
fəaliyyətinin vəzifələri aşağıdakılar kimi müəyyən edilmişdir:
1) hazırlanan
və törədilən cinayətlərin qarşısının alınması;
2) törədilmiş
cinayətlərin aşkar edilməsi və açılması;
3) cinayətləri
hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi;
4) məhkəmə,
istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən boyun qaçıran və ya
itkin düşən şəxslərin axtarılması;
5) naməlum meyitlərin şəxsiyyətinin müəyyən edilməsi.
Əməliyyat-axtarış
fəaliyyətinin subyektlərinə öz səlahiyyətlərinin icra edilməsi zamanı
insanların həyatını, sağlamlığını, əmlakını və qanuni mənafelərini təhlükə
altına alan hərəkətlərə yol vermək; hər hansı şəxsi qanun pozuntularına təhrik
etmək; zor işlətmək, hədələmək və şantaj etmək, habelə insan və vətəndaşların
hüquq və azadlıqlarını, qanunla müdafiə olunan mənafelərini məhdudlaşdıran digər
qanunsuz tədbirlərə əl atmaq; səlahiyyətindən kənara çıxan tədbirləri həyata
keçirmək qadağan olunur (Qanunun 8-ci maddəsi).
Əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi üçün səbəblər və əsaslar “Əməliyyat-axtarış fəaliyyəti
haqqında” Qanunun 11-ci maddəsi ilə müəyyən edilmişdir.
Qanunvericinin
tələbinə görə əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarda, yazılı
tapşırıqda və ya rəsmi sorğuda belə tədbirin zəruriliyi əsaslandırılmalıdır
(12-ci maddənin II hissəsi).
28
oktyabr 1999-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Qanunda əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarəti
nəzərdə tutulmamışdır. Lakin 5 mart 2004-cü il tarixdə bu Qanuna “Əməliyyat-axtarış
fəaliyyətinə məhkəmə nəzarəti” adlı 19-1 maddəsi əlavə edilməklə qanunda olan
boşluq aradan qaldırılmışdır.
CPM-nin
137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş
materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim
edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər.
Əməliyyat-axtarış
fəaliyyətin nəticəsində əldə edilmiş materiallar dedikdə, bu barədə prokurorun əsaslandırılmış
vəsadətində və yaxud təhqiqat orqanının səlahiyətli şəxsinin əsaslandırılmış qərarında
Qanunun 10-cu maddəsinin IV hissəsində nəzərdə tutulan hərəkətlərin icrası nəticəsində
əldə edilən məlumatların Qanuna və CPM-nə müvafiq olan normalara uyğun
prosessual sənədlərdə öz əksini tapması başa düşülməlidir.
Əməliyyat-axtarış
fəaliyyətinə məhkəmə nəzarəti, Qanunun 10-cu maddəsinin IV hissəsində nəzərdə
tutulan hərəkətlərin həyata keçirilməsi prosesində Konstitusiya və qanunlarda nəzərdə
tutulan insan və vətəndaş hüquq və azadlıqların pozulub-pozulmamasını müəyyən
etməkdən ibarətdir.
Bu fəaliyyət
nəticəsində toplanmış materiallarda ibtidai araşdırma orqanları üçün maraqlı
olan faktların və məlumatların CPM-nin müvafiq normalarının tələbinə əsasən
yoxlanılaraq sübut kimi qəbul edilməsi vəzifəsi isə ibtidai araşdırmanı aparan
şəxsə məxsusdur.
СPM-nin
137-ci maddəsinin yuxarıda qeyd edilən müddəası əməliyyat-axtarış fəaliyyəti nəticələrinin
əldə edilməsi məsələlərini qanunaltı tənzimlənmənin səlahiyyətinə aid edir, həmin
nəticələrin istıfadə edilməsi məsələlərinin həllini cinayət-prosessual
qanunvericiliyinin digər normalarının dispozisiyasına yönəldir.
Qanun
əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallara
münasibətində “qəbul edilə bilər” ifadəsini nəzərdə tutur. Deməli, onlar
həm qəbul oluna, həm də qəbul olunmaya bilər.
Sübutların
əldə edilməsinə yönələn hərəkətlərin tənzimlənməsi Konstitusiya və beynəlxalq
hüquqi aktlara zidd olmamalı, sübutetmə nəzəriyyəsinin ümumi prinsiplərindən irəli
gəlməli və həyata keçirilən hərəkətlər nəticəsində pozulmuş hüquqlarının bərpa
edilməsinə təminat verməlidir.
Gizli
(qeyri-aşkar) mənbələrdən əldə olunmuş dəlillər sübut kimi qəbul edilə bilməz.
CPM-nin 86.5-ci maddəsində müəyyən edildiyi kimi, təhqiqatçı öz
icraatında olan işlə əlaqədar qeyri-aşkar üsullarla əməliyyat-axtarış tədbirləri
keçirməyə haqlı deyil. Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların,
sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi
hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Göründüyü
kimi, ədalət mühakiməsi həyata keçirilərkən şübhəli və mənbələri naməlum olan məlumatlardan
istifadə edilməsi yolverilməzdir. Əldə etmənin prosessual qaydası materialın əldə
edilmə vasitələrinin və mənbələrinin məlum olmasını nəzərdə tutur. Öz növbəsində,
sübut materiallarının etibarlılığının müəyyən edilməsi onların əldə edilməsinin
mənbə və vasitələrinin də yoxlanılmasını ehtiva edir. Əks halda, sübut
materiallarının prosessual çərçivədə qanuniliyini yoxlayan və etibarlılığını müəyyən
edən məhkəmə gedişatı ittiham tərəfini çətin vəziyyətə salardı. Məhz bu səbəbdən
əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların
yoxlanılması və qiymətləndirilməsi zamanı onların mənbə və etibarlılığı böyük əhəmiyyət
kəsb edir. Yalnız əldə edilməsi zamanı qanunvericiliklə müəyyən edilmiş
prosessual qaydaların pozulmasının yol verilmədiyi, vətəndaş və təşkilatların
qanuni maraqları pozulmadığı, əsassız və qanunsuz zorakılıq tətbiq edilmədiyi,
bütün iştirakçıların hüquqlarının həyata keçirilməsi təmin edildiyi təqdirdə əldə
olunmuş materiallar etibarlı hesab edilə bilər.
Bunlarla
yanaşı hesab edirəm ki, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin əsas
xüsusiyyəti ondan ibarətdir ki, o, araşdırma-təsdiqedici fəaliyyəti kəşfiyyat fəaliyyətindən
fərqləndirmir, məlumatların əldə edilməsinə yönəlmiş ayrı-ayrı əməliyyat-axtarış
hərəkətlərinin aparılması qaydalarını müəyyən etmir, onların kim tərəfindən və
hansı qaydada həyata keçirilməsini, icraatın gedişatı və nəticələrinin sənədləşdirilməsi
qaydalarını və prosesin digər iştirakçılarının hansı hüquqlara malik olmaları məsələsini
tənzimləmir və tənzimləməməlidir, çünki qanunverici təhqiqat orqanlarının
spesifik fəaliyyətinin metodlarının məxfiliyini gözləməkdə məcburdur.
CPM-nin
445.1-ci maddəsində müəyyən edildiyi kimi aşağıdakı əməliyyat- axtarış tədbirləri
məhkəmənin qərarı əsasında həyata keçirilir: telefon danışıqlarına qulaqasma;
poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; texniki rabitə
kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; binaya, o
cümlədən, yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya
torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; texniki vasitələrdən
istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların
quraşdırılması yolu ilə mənzilin müşahidə edilməsi; insanların güdülməsi.
CPM-nin
446.1.3-cü maddəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin
məhkəmədə baxılmasında əsas kimi əməliyyat-axtarış fəaliyyətini həyata keçirən
orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya
prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı göstərilmişdir. “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Qanununun 11-ci maddəsinin III hissəsində əməliyyat-axtarış
tədbirlərinin həyata keçirilməsi üçün əsaslarlar sırasında məhkəmənin
(hakimin) qərarları ilə yanaşı istintaq orqanlarının qərarları və əməliyyat-axtarış
fəaliyyətinin səlahiyyətli subyektlərinin qərarları müəyyən edilmişdir.
Qanunverici
Məcəllənin 445.2-ci maddəsində «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan
Respublikası Qanununun 10-cu maddəsinin IV hissəsində nəzərdə tutulmuş hallarda
bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirlərin məhkəmənin
qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli
şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilməsini müəyyən etmişdir.
Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi
müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin
aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə
və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim
etməlidir. Eyni müddəa «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanununun 10-cu
maddəsinin V hissəsində də göstərilmişdir.
“Təqdim
etmək” azərbaycan dilinin izahlı lüğətində “vermək üçün əlində tutaraq birinin
hüzuruna gətirmək, ona vermək” kimi göstərilmişdir.
Əməliyyat-axtarış
fəaliyyətinin nəticəsində əldə edilmiş materialların məhkəməyə verilməsi
üsulları (poçt vasitəsi ilə göndərmə, əldən-ələ verilmə və s.) hər
bir konkret halda əməliyyat axtariş fəaliyyətini həyata keçirən orqan tərəfindən
seçilir (kargüzarlığın təşkil edilməsini tənzimləyən normativ hüquqi
aktların tələblərini nəzərə almaqla).
Təqdimedilən
materiallara əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı əldə
edilən foto şəkillər və neqativlər, kinolentləri, diopozitivlər, fonoqramlar,
kassetlər, videoyazılar, kompyuter məlumatının daşıyıcıları, hüsnxətt
materialları, planlar, sxemlər, aktlar, arayışlar, digər sənədlər, habelə cinayət-
prosessual qanunvericiliyinə görə maddi sübut həsab edilə biləcək digər maddi
sübutla əlavə oluna bilər.
Əməliyyat-axtarış
fəaliyyətinin subyektləri hakimin qərarı olmadan:
1) şəxsiyyət
əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının
alınması məqsədi üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər
göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən
informasiyanı çıxara, habelə insanları güdə bilərlər;
2)
cinayəti hazırlayan, törədən, törətmiş, cəzaçəkmə müəssisələrindən və ya həbsdən
qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə
qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o
cümlədən, yaşayış binalarına, habelə digər qapalı tikililərə, qurğulara və
torpaq sahələrinə baxış keçirə bilərlər.
Məhkəmə
nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin
tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə
səlahiyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata
keçirilir (CPM-nin 442.1-ci maddəsi).
CPM-nin
442.2-ci maddəsinin tələbinə görə məhkəmə nəzarətinin həyata keçirilməsi
qaydasında məhkəmə aşağıdakılara baxır:
- hər
kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət
hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon
danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran,
habelə, dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə
bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin
tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə
dair vəsatət və təqdimatlara;
-
cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına
dair şikayətlərə.
Qanunverici
CPM-nin 442.2-ci maddəsində məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında vəsatət,
təqdimat və şikayətlərə məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəmənin
hakimi tərəfindən təkbaşına baxılmasını nəzərdə tutmuşdur.
CPM-nin
445.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın
məhkəmə nəzarəti qaydasında yoxlanılması proseduru cinayət-prosessual
qanunvericiliyi ilə müəyyən edilməmişdir. Belə olan halda Mülki Prosessual Məcəllədə
olduğu kimi (Məcəllənin 13-cü maddəsinin 4-cü bəndi), cinayət-prosessual
münasibətlərin tətbiq edilməsi zamanı qanun analogiyasının, hətta, hüquq
analogiyasının tətbiq edilməsinin mümkünlüyünü qeyd etmək məqsədə uyğundur.
Cinayət
prosesində analogiya mümkün represiyaları genişləndirmir, o, cinayət-prosessual
münasibətlərə və onları yaradan hüquqi faktlara dinamizm verməklə pozitiv rol
oynayır. Cinayət-prosessual münasibətlərin tənzimlənməsində analogiyanın mahiyyəti
ondan ibarətdir ki, məhkəmə və ya müstəntiq CPM-nin oxşar hallarda tətbiq edilən
hüquq normalarını tətbiq edir.
Rusiya
Konstitusiya Məhkəməsi cinayət-prosessual münasibətlər sahəsində analogiyanın tətbiq
edilməsinin mümkünlüyünü vurğulamışdır. Bir sıra hallarda RKM qərarlarında
birbaşa bunu qeyd edir, digər hallarda birbaşa göstərməsə də analogiyanı nəzərdə
tutur.
Bununla
belə qeyd edilməlidir ki, cinayət prosesində analogiya müəyyən çərçivələrdə və
bir sıra şərtlərə riayət edildiyi təqdirdə tətbiq edilə bilər.
Bunlara
aşağıdakılar aiddir:
1) cinayət-prosessual münasibətləri tənzimləyən qanunvericilikdə boşluq
olduqda;
2) qanunla tənzimlənən oxşar hal olduqda;
3) cinayət prosesinin konstitusion prinsiplərini rəhbər
tutaraq;
4) cinayət prosesində iştirak edən tərəflərin prosessual hüquqlarını təmin etməklə;
5) yalnız CPM-nin normaları çərçivəsində hərəkətlərin həyata keçirilməsi və qərarların
qəbul edilməsi.
Belə olan təqdirdə məhkəmələr cinayət-prosessual qanunvericiliyə müvafiq dəyişiklər
edilənə qədər, CPM-nin 445.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbirinin
aparılması barədə qərarın məhkəmə nəzarəti qaydasında yoxlayaraq CPM-nin
448-ci maddəsinə istinad edərək müvafiq qərar qəbul etməlidirlər.
Əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyətli şəxsinin qərarında
aşağıdakılar göstərilməlidir:
1) onun
tərtib edildiyi tarix, vaxt və yer;
2) onu
tərtib edən şəxsin soyadı, adı, atasının adı və vəzifəsi;
3) cinayət
işinin olduğu halda, o nə vaxt, kimin tərəfindən və nə ilə əlaqədar başlandığı;
4) əməliyyat-axtarış
tədbirinin həyata keçirilməsi nəticəsində törədilən, qarşısı alınan və ya xəbərdar
edilən cinayət haqqında məlumatlar;
5) əməliyyat-axtarış
tədbirinin həyata keçirilməsi nəticəsində kimin və hansı hüquq və ya
azadlıqlarının məhdudlaşdırılması;
6) həyata
keçirilmiş əməliyyat-axtarış tədbirinin zəruriliyinin əsaslandırılması;
7) əməliyyat-axtarış
tədbirinin həyata keçirilməsi nəticəsində hansı nəticənin əldə olunduğu və nə
üçün həmin nəticənin digər üsul və vasitələrlə əldə edilməsinin mümkün
olmaması;
8) həyata
keçirilmiş əməliyyat-axtarış tədbirinin müddəti, yeri və üsulları;
9) həyata
keçirilmiş əməliyyat-axtarış tədbirinin sonunda əldə edilmiş nəticə və həmin
nəticənin hansı üsulla rəsmiləşdirilməsi;
10) həyata
keçirilmiş əməliyyat-axtarış tədbirinin kimə həvalə edilməsi;
11) məsələyə
dair qanuni və əsaslı qərarın qəbul edilməsi üçün zəruri olan digər məlumatlar.
Məhkəmə
nəzarətini həyata keçirən məhkəmənin qərarında əməliyyat-axtarış fəaliyyətini həyata
keçirən orqanın səlahiyətli şəxsinin əsaslandırılmış qərarının bu Məcəllənin və
«Əməliyyat-axtarış fəaliyyəti haqqında» Qanunun müddəalarının tələbərinə
uyğun olub-olmaması əsaslandırılmaqla müəyyən edilməlidir.
Hakimin
qərarında aşağıdakılar göstərilməlidir:
1) qərarın
tərtib edildiyi tarix, vaxt və yer;
2) hakimin
soyadı, adı, atasının adı və vəzifəsi;
3) əməliyyat-axtarış
fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin soyadı, adı, atasının
adı və vəzifəsi;
4) qərarın
mahiyyəti: əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin
əsaslandırılmış qərarına məhkəmənin münasibətinin dəqiq göstərilməsi;
5) məhkəmənin
möhürü ilə təsdiq edilmiş hakimin imzası.
Məhkəmənin
qərarı ibtidai araşdırma materiallarına əlavə edilməsi üçün müvafiq orqana göndərilir.
CPM-nin
446.4-cü maddəsində göstərildiyi kimi, əməliyyat-axtarış tədbirinin həyata
keçirilməsinin zəruriliyini təsdiq edən materiallar vəsatətə əlavə edilməlidir.
Həmin materiallar kifayət etmədikdə, ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokuror və ya məhkəmə nəzarəti funksiyalarını həyata keçirən
hakim onların tamamlanmasını tələb etmək hüququna malikdir.
Qərarda
məhkəmə və prokuror nəzarətlərinin qarşılıqlı analizi edilmiş və fərqli
xüsusiyyətləri müəyyən edilmişdir. Lakin, daxili işlər orqanlarının fəaliyyətini
tənzimləyən “Polis haqqında” Azərbaycan Respublikası Qanununda (bundan
sonra-“Polis haqqında” Qanun) nəzərdə tutulan vəzifələri ilə “Əməliyyat-axtarış
fəaliyyəti haqqında” Qanunda əks olunan vəzifələrin fərqli xüsusiyyətləri göstərilməmişdir.
Yuxarıda
qeyd edildiyi kimi, qanunverici əməliyyat-axtarış fəaliyyətinin vəzifələrini
hazırlanan və törədilən cinayətlərin qarşısının alınması, törədilmiş cinayətlərin
aşkar edilməsi və açılması, cinayətləri hazırlayan, törədən və ya törətmiş şəxslərin
müəyyən edilməsi, məhkəmə, istintaq və təhqiqat orqanlarından gizlənən, cəza çəkməkdən
boyun qaçıran və ya itkin düşən şəxslərin axtarılması və naməlum meyitlərin şəxsiyyətinin
müəyyən edilməsi kimi müəyyən etmişdir.
“Polis
haqqında” Qanunun 2-ci maddəsində polisin təyinatı insanların həyatını,
sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin
qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaq kimi müəyyən
edilmişdir.
Cinayətlərin
və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində
polis əməkdaşının vəzifələri sırasında cinayətin və digər hüquqpozmanın
qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu
törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və
aradan qaldırılması üçün tədbirlər görmək, qanunvericilik ilə müəyyənləşdirilmiş
hallarda və qaydada cinayət işlərini başlamaq, təhqiqat və istintaq aparmaq,
qanunvericilik ilə müəyyənləşdirilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata
keçirmək kimi vəzifələri qeyd etmək olar.
Qanunverici
ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşını
bir sıra hüquqlarla təmin etmişdir. Bunların arasında inzibati xəta törətmiş şəxs
barəsində protokol tərtib etmək, şəxsi baxış keçirmək, əşyalarını yoxlamaq, Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə onu
polisdə saxlamaq; hüquqi və fiziki şəxslər tərəfindən odlu silahın, döyüş
sursatının, zərərli maddələrin və digər zərərli materialların saxlandığı və
istifadə olunduğu yerlərə, habelə onların dövriyyədə olduğu obyektlərə (hərbi
obyektlər istisna olmaqla) baxış keçirmək və Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulan digər tədbirləri görmək hüququnu önə keçirmək
olar (“Polis haqqında” Qanun, m.18).
Qanunun
21-ci maddəsinin III hissəsinə əsasən polis əməkdaşı tərəfindən məhkəmənin (hakimin)
qərarı olmadan hər hansı şəxsin təxirəsalınmadan tutulmasına yalnız
aşağıdakı hallarda yol verilə bilər:
2)
hadisəni bilavasitə görənlər, o cümlədən zərər çəkmiş şəxslər məhz həmin şəxsin
cinayət və ya inzibati xəta törətdiyini göstərdikdə;
3)
şübhə edilən şəxsdə və ya onun paltarında, ona məxsus digər əşyalarda və ya mənzilində
cinayətin və ya inzibati xətanın izləri tapıldıqda.
Qeyd
olunmalıdır ki, şəxsin qanunsuz tutulmasına və ya həbsə alınmasına yol vermiş
polis əməkdaşı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş
məsuliyyət daşıyır.
Göründüyü
kimi, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində
polis əməkdaşı qanunvericilik ilə müəyyənləşdirilmiş qaydada baxış və şəxsi
baxış keçirmək hüququna malikdir, hətta məhkəmənin (hakimin) qərarı olmadan hər
hansı şəxsin polis tərəfindən təxirəsalınmadan tutulması müəyyən edilmişdir.
Sadalanan hərəkələrin, məsələn polis əməkdaşı tərəfindən cinayətin və digər
hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara
çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi vəzifəsin yerinə yetirərkən
həyata keçirilməsinin mümkünlüyü qanunverici tərəfindən birmənalı şəkildə göstərilmişdir.
Baxış tədbirinin əməliyyat-axtarış fəaliyyəti vəzifəsi (“Polis haqqında” Qanun,
m. 15) müstəvisində həyata keçirilməsi məhz «Əməliyyat-axtarış fəaliyyəti
haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin IV hissəsində nəzərdə
tutulmuş hallarda mümkündür.
Qeyd
etməyi zəruri hesab edirəm ki, cinayət törətmiş şəxsin şəxsiyyəti, olduğu yeri,
habelə törətdiyi cinayətin aşkarlığı bəlli olduğu və onun heç bir xüsusi qüvvə
və texnika cəlb edilmədən və əməliyyat keçirilmədən polisə gətirilərək
şübhəli şəxs kimi (CPM-nin 90, 147 maddələri) tutulması, baxışa və şəxsi axtarışa
məruz qalması “Əməliyyat-axtarış fəaliyyəti” hesab edilə bilinməz.
“Əməliyyat-axtarış
fəaliyyəti” yalnız müstəsna hallarda eyni adlı Qanunun 11-ci maddəsində göstərilən
səbəblər və əsaslar əsasında həyata keçirilir.
Plenumun
iclasındakı çıxışlardan məlum oldu ki, “Əməliyyat-axtarış fəaliyyəti” haqqında
Qanun qüvvəyə mindiyi gündən indiyədək, səlahiyyətli şəxsin əsaslandırılmış qərarı
əsasında aparılan əməliyyat-axtarış fəaliyyətlərinin əksəriyyəti məhkəmə nəzarətindən
kənarda qalmışdır. Bu sahədə olan nöqsanların aradan qaldırılması üçün Azərbaycan
Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini ümumiləşdirilməsi zəruri və
faydalı olardı.
Həmçinin,
bu mövqeni müdafiə edirəm ki, Azərbaycan Respublikası Milli Məclisinə tövsiyyə
edilsin ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-i
maddəsi və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası
Qanununun 10-cu maddəsinin V hissəsinin mövcud müddəası “bu halda əməliyyat-axtarış
fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir
aparıldıqdan sonra 24 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması
barədə məhkəmə nəzarətini həyata keçirən məhkəməni mütləq xəbərdar etməlidir. Əməliyyat-axtarış
tədbirinin başlandığı andan 48 saat ərzində onu həyata keçirən orqan həmin əməliyyat-axtarış
tədbirinin aparılması barədə məhkəmə qərarı almalı və ya həmin tədbirin həyata
keçirilməsini dayandırmalıdır ” məzmununda müddəası ilə əvəz edilsin.
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin hakimi: İsa Nəcəfov