Постановления

09.07.20 “Best Construction” MTK-nın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

“Best Construction” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

9 iyul 2020-ci il                                                                                           Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Best Construction” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin şikayətini, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Təhmasib Məmmədov cavabdeh “Best Construction” Mənzil-Tikinti Kooperativinə (bundan sonra – “Best Construction” MTK), üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı mülkiyyət hüququnun müdafiəsi, əmlakın bərpa edilməsi və əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbi, “Best Construction” MTK isə T.Məmmədov və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsi) qarşı hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə T.Məmmədovun iddiası qismən təmin edilərək cavabdeh tərəfindən sökülmüş Bakı şəhəri Səbail rayonu Salyan şosesi 54C ünvanında yerləşən 23.4 kv.m qeyri-yaşayış sahəsinin əvəzi olaraq, yeni inşa edilən binanın 1-ci mərtəbəsində, əvvəlki əmlakın yerləşmə yerinin hüdudları nəzərə alınmaqla, eyni ölçülü qeyri-yaşayış sahəsinin T.Məmmədovun mülkiyyətinə verilməsi, sonuncunun mülkiyyətində olmuş mübahisəli ünvanda yerləşən 0.00254 ha torpaq sahəsinə yaxın ərazidə eyni dəyərdə və ölçüdə torpaq sahəsinin T.Məmmədovun adına rəsmiləşdirilməsi vəzifəsinin “Best Construction” MTK-nın üzərinə qoyulması və qeyri-yaşayış sahəsinin söküldüyü vaxtdan (02.02.2016-cı il tarixindən) başlayaraq həmin yerdə eyni ölçülü qeyri-yaşayış sahəsinin təhvil verildiyi vaxtadək hər ay üçün əldən çıxmış fayda kimi 400 manat məbləğində pulun cavabdehdən tutularaq T.Məmmədova ödənilməsi qət edilmiş, qarşılıqlı iddia rədd edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 may 2018-ci il tarixli qətnaməsi ilə “Best Construction” MTK-nın apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 25 oktyabr 2018-ci il tarixli qərarı ilə “Best Construction” MTK-nın kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 aprel 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, T.Məmmədova dəymiş zərərin əvəzinin “Best Construction” MTK-dan alınması qət edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 5 sentyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

“Best Construction” MTK Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək  Ali Məhkəmənin Mülki Kollegiyasının 5 sentyabr 2019-cu il tarixli qərarının  Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.7 və 1115-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417 və 418-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit edilmiş mülkiyyət və məhkəmə müdafiəsi hüquqları  pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə müdafiəsi hüququ hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsi, işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, son nəticədə çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə 2011-ci il 9 iyun tarixli Qərarı).

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 30 sentyabr 2014-cü il tarixli 464 saylı Sərəncamına əsasən Səbail rayonu G.Əliyev küçəsi 9 ünvanında yerləşən özəlləşdirilmiş 1.04643 ha torpaq sahəsi hündürmərtəbəli kompleks yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədi ilə “Best Construction” MTK-ya  icazə verilmişdir.

Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 noyabr 2016-cı il tarixli 500 saylı digər Sərəncamı ilə  əlavə olaraq 2.84357 ha torpaq sahəsi Kooperativin istifadəsinə verilmiş və torpaq sahəsinin ümumi ölçüsü dəqiqləşdirilərək 3.89 ha müəyyən edilmiş və bu barədə müvafiq 16/139 saylı Ayrıc Aktı qəbul edilmişdir.

Bundan sonra Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının “Qəzalı vəziyyətdə olan binanın sökülməsinə və yerində çoxmərtəbəli yaşayış evinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında" 12 iyun 2017-ci il tarixli 81 saylı Sərəncamına əsasən, Səbail rayonu G.Əliyev küçəsi 9 ünvanında yerləşən, uzunmüddətli istismar nəticəsində yararsız hala düşərək qəzalı vəziyyətdə olan 1 və 2 mərtəbəli binaların söküntüsü "Best Construction” MTK-ya həvalə edilmiş və Kooperativə ayrılmış 3.89 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Həmçinin ərazidəki yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin müvəqqəti kirayə edilən mənzillərdə yerləşdirilməsi üçün maliyyə vəsaitinin ödənilməsi və onlara yeni tikiləcək yaşayış binasında müvafiq qaydada mənzillərin verilməsi Kooperativə tapşırılmışdır.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (bundan sonra – Məhkəmə Ekspertizası Mərkəzi) 11 avqust 2017-ci il tarixli 15978 saylı rəyi ilə (“Hüquq və torpaq məsələləri" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – Hüquq və torpaq məsələləri” MMC)  mütəxəssisi tərəfindən tərtib edilmiş 26 iyul 2017-ci il tarixli, 93 saylı rəyə əsasən) müəyyən edilmişdir  ki, T.Məmmədova məxsus Bakı şəhəri Salyan şosesi 54C ünvanında olan torpaq sahəsi və üzərindəki qeyri-yaşayış sahəsi “Best Construction" MTK tərəfindən hasara alınan və söküntü aparılmış ərazidə yerləşir.

149 saylı Mənzil Kommunal İstismar Sahəsinin (bundan sonra – 149 saylı MKİS) “Best Construction" MTK-nın 27 yanvar 2017-ci il tarixli 3 saylı məktubuna cavab olaraq  göndərdiyi 27 yanvar 2017-ci il tarixli məktubdan göründüyü kimi, “Best Construction" MTK-ya yaşayış kompleksinin tikintisi üçün ayrılmış ərazidə Salyan şosesi 54C saylı ünvan yoxdur.

149 saylı MKİS-in 2 iyun 2017-ci il tarixli digər cavab məktubuna əsasən Salyan şosesi 54C ünvanındakı fərdi ev Y.Medvedyevaya məxsusdur və “Best Construction” MTK-nın istifadəsinə verilmiş torpaq sahəsi ilə heç bir əlaqəsi olmayaraq 20-ci Sahənin tamamilə başqa bir ərazisində yerləşir.

Yuxarıdakıları nəzərə alaraq “Best Construction” MTK Bakı şəhəri Salyan şosesi 54C ünvanında qeyri-yaşayış sahəsinə 20 sentyabr 2016-cı il tarixində T.Məmmədovun adına verilmiş Çıxarışın həqiqiliyi şübhə yaratdığına görə Bakı şəhəri, 12 saylı Hüquq Məsləhətxanasının vasitəsi ilə DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək həmin Çıxarışda göstərilən qeyri-yaşayış binasının ilkin özəlləşdirilməsinə əsas olmuş sənədlərin (torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsinə dair qərar və sərəncamlar, icazələr, ayrıc aktı, plan-sxem, tikilinin layihəsi, texniki pasport) təsdiq olunmuş surətlərinin verilməsi barədə sorğu göndərmişdir.

DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 23 mart 2017-ci il tarixli məktubunda sorğuya  cavab olaraq göstərilmişdir ki, sənədlərin surəti məhkəmə qərarı əsasında verilə bilər.

Bakı şəhəri Səbail Rayon Məhkəməsi “Best Construction" MTK-nın hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasını rədd edərkən qətnaməsini onunla əsaslandırmışdır ki, yalnız DƏDRX tərəfindən verilən çıxarışlar şəxsin daşınmaz əmlaka mülkiyyət hüquqlarının olmasını təsdiq edən sənəd hesab edilir və bu sənəd qanunvericiliyin tələblərinə əsasən yalnız həmin orqan tərəfindən verilir. Belə olan halda hər hansı ərazi üzrə MKİS-in şəxsin mülkiyyətində olan əmlakı ilə bağlı verdiyi arayışın mötəbərliyi və hüquqi qüvvəsi yoxdur. Qeyd edilməlidir ki, həmin məhkəmə tərəfindən “Best Construction" MTK-nın DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən mübahisəli Çıxarışla bağlı yuxarıda sadalanmış sənədlərin təsdiq olunmuş surətlərinin alınmasına dair qərardad çıxarılması barədə qaldırdığı vəsatət də rədd edilmişdir.

“Best Construction" MTK apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında göstərmişdir ki,  Məhkəmə Ekspertizası Mərkəzinin 11 avqust 2017-ci il tarixli ekspert rəyi “Hüquq və torpaq məsələləri” MMC-nin mütəxəssisləri tərəfindən GPS sistemli ölçmə aparatı vasitəsi ilə yerində ölçmə işləri aparılaraq, ölçmənin nəticəsi kameral şəraitdə “Google yer” proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirilmiş  və Salyan şosesi 54C ünvanının tamamilə başqa ərazidə yerləşdiyi halda, Bibiheybət yolunun başlanğıcında iddiaçının istifadəsinə verilmiş ərazinin  hüdudları daxilində olması məsələsi araşdırılmamışdır. Həmçinin mübahisəli əmlaka dair sərəncam, ayrıc aktı, torpağın plan cizgisi, texniki pasport və digər sənədlər ekspert və mütəxəssislər tərəfindən tədqiq edilməmişdir.

Göstərilənlərlə bağlı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır.

Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər.

Mülki Prosessual Məcəllənin 217-ci maddəsində göstərilmişdir ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarında göstərilmişdir  ki, qanunvericiliyin tələblərinə görə apellyasiya məhkəməsi tam hüquqlu məhkəmə kimi, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə işə baxır. Apellyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual normalara riayət etməsini yoxlamaqla, Mülki Prosessual Məcəllənin 384-cü maddəsində göstərilən qərarlardan birini qəbul edir.

Ali Məhkəmənin Mülki Kollegiyası ilk dəfə işə baxaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib işi yeni apellyasiya baxışına qaytararkən 25 oktyabr 2018-ci il tarixli qərarında göstərmişdir ki, məhkəmələr qeyri-yaşayış sahəsinin hansı təyinat üzrə istifadə olunmasını (mağaza, anbar, qaraj və s.), onun istifadə olunduğu halda hansı məbləğdə gəlir gətirməsini, T.Məmmədovun real olaraq hansı faydadan məhrum olmasını müəyyən etməmiş, həmin sahə əvvəlki mülkiyyətçi R.Şirəliyev mülkiyyətçi olan zaman sökülmüş və belə olan halda T.Məmmədovun mülkiyyətində olmamış qeyri-yaşayış sahəsinə görə kompensasiya, eləcə də 23.4 kv.m qeyri-yaşayış sahəsi tələbinə dair iddia qaldırmağa subyektiv hüququnun olub-olmaması müzakirə edilməmiş, həmin halların mövcudluğu vəziyyətində T.Məmmədovun adına verilmiş Çıxarışın etibarsızlığına dair “Best Construction" MTK-nın qarşılıqlı iddiasına hüquqi qiymət verilməmişdir.

Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir.

Lakin işə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməyərək Ali Məhkəmənin Mülki Kollegiyasının 25 oktyabr 2018-ci il tarixli qərarında müəyyən olunmuş göstərişləri lazımınca yerinə yetirməmiş, T.Məmmədovun iddia qaldırmağa dair subyektiv hüququnun olub-olmamasını araşdırmamış, qarşılıqlı iddiaya yetərli hüquqi qiymət verməmiş, həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə əsaslanmışdır.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, bu məhkəmə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması  apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

“Best Construction” MTK-nın kassasiya şikayəti üzrə mülki işə təkrar baxmış Ali Məhkəmənin Mülki Kollegiyası isə Bakı Apellyasiya Məhkəməsinin mülki prosessual qanunvericiliyin tələblərinə riayət etməməsinə, şikayətçinin dəlillərinin nəzərə alınmamasına, habelə özünün əvvəlki qərarında müəyyən edilmiş göstərişlərin yerinə yetirilməməsinə münasibət bildirmədən apellyasiya instansiyası məhkəməsinin 10 aprel 2019-cu il tarixli qətnaməsini qüvvədə saxlamış, nəticədə Mülki Prosessual Məcəllənin 416, 418.1, 418.3 və 420-ci maddələrinin tələblərinə uyğun olmayan 5 sentyabr 2019-cu il tarixli qərar qəbul etmişdir. Bununla ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, T.Məmmədovun “Best Construction” MTK-ya, üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı mülkiyyət hüququnun müdafiəsi, əmlakın bərpa edilməsi və əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbinə, “Best Construction” MTK-nın T.Məmmədov və DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 5 sentyabr 2019-cu il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1, 418.3 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Təhmasib Məmmədovun “Best Construction” Mənzil-Tikinti Kooperativinə, üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyətinə qarşı mülkiyyət hüququnun müdafiəsi, əmlakın bərpa edilməsi və əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbinə, “Best Construction” Mənzil-Tikinti Kooperativinin T.Məmmədov və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.3 və 420-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

Sədr                                                                                    Fərhad Abdullayev