AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
N.Səlimovun şikayəti üzrə Azərbaycan
Respublikası Ali Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
20 may 2020-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət
tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun
27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında N.Səlimovun şikayəti üzrə Azərbaycan Respublikası
Ali Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair konstitusiya işinə baxdı.
İş üzrə
hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkili
Kamandar Nəsibovun, mütəxəssislər Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin
baş məsləhətçisi Kəmalə Paşayeva və Bakı Apellyasiya Məhkəməsinin
hakimi Qədim Babayevin yazılı çıxışlarını, iş materiallarını araşdırıb müzakirə edərək,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Rauf Kərimov 15 mart 2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən
Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən 46 saylı evin 12/13 və 2
saylı mənzillərini Nurəddin Səlimova satmışdır. N.Səlimov həmin mənzillərə sahiblik və istifadə hüququ əldə etsə də, onlara
mülkiyyət hüququnu təsdiq edən sənədləri əldə edə bilməmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü
ilə R.Kərimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2,
213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə
cəzasına məhkum edilmiş, həmçinin iş üzrə mülki iddiaçılara və zərər çəkmiş şəxslərə
vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə üzərinə həbs qoyulmuş
Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən 46 saylı evin 12/13 və 2
saylı mənzillərinin və digər daşınmaz əmlakın müsadirə olunmaqla açıq hərracda
satılması, əldə edilən vəsaitlərin, ilk növbədə, vergi borcunun ödənilməsinə,
sonra isə “Texnikabank” Açıq Səhmdar Cəmiyyəti və “Yunaytet Kredit Bank” Açıq Səhmdar
Cəmiyyətinə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi qərara alınmışdır.
Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2017-ci
il tarixli qərarı ilə hökm mülki iddiaçılara və zərər çəkmiş şəxslərə vurulmuş
ziyanın R.Kərimova məxsus daşınmaz əmlakın müsadirə olunmaqla açıq hərracda
satılmasından əldə edilmiş vəsait hesabına ödənilməsi hissəsində dəyişdirilmədən
saxlanılmışdır.
Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən 46 saylı evin
12/13 və 2 saylı mənzillərinin sahibi N.Səlimov həmin daşınmaz əmlakın müsadirə
olunaraq açıq hərraca çıxarılması barədə məlumat əldə etdikdən sonra
maraqlarına toxunan şəxs kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan
sonra – Ali Məhkəmə) sədrinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının R.Kərimova məxsus mənzillərin
müsadirə olunmaqla açıq hərracda satılması, əldə edilən vəsaitlərin vergi
borcunun və vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi hissəsində ləğv edilməsi,
həmin hissə üzrə işin yeni apellyasiya baxışına göndərilməsi barədə təqdimat verilməsini xahiş etmişdir.
Ali Məhkəmənin 19 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual
Məcəlləsi) 410.1-ci maddəsində göstərilən müddətin ötürülməsi əsası ilə təqdimat
verilməsindən imtina olunmuşdur.
Həmin qərarda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət
Kollegiyasının mübahisələndirilən qərarı 26 iyul 2017-ci il tarixində
çıxarılmış, təqdimatın verilməsi üçün ərizə isə Ali Məhkəməyə 30 yanvar 2019-cu
il tarixində daxil olmuşdur.
N.Səlimov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin 19
mart 2019-cu il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına
uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmə tərəfindən
Cinayət-Prosessual Məcəlləsinin 1.1, 10.1, 12.1, 18.1, 408.3, 416 və 419-cu maddələri
düzgün tətbiq edilməmiş, bununla da ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I
hissəsində nəzərdə tutulmuş hüquqları, eləcə də 13-cü maddəsinin və 129-cu maddəsinin
III hissəsinin tələbləri pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları
qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq
və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiya Məhkəməsi Plenumunun
formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş
hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş
digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı
bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə
müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə
baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.
Şikayətdə qaldırılan məsələ ilə bağlı qeyd olunmalıdır ki, cinayət
prosesində iştirak etməyən şəxslərin də hüquqlarının və qanuni maraqlarının
müdafiə və təmin edilməsi ədalət mühakiməsinin tələblərinə uyğun həyata
keçirilməlidir.
Konstitusiya
Məhkəməsinin Plenumu K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli
Qərarında işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə
hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin “hüquqi statusuna” aydınlıq
gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli
vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır.
Cinayət-Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, cinayət
prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin
Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət
olunmasını təmin etməlidirlər. Cinayət prosesi gedişində hər kəsin özünün
Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən
bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.
Cinayət-Prosessual
Məcəlləsinin 408.1-ci maddəsinə görə, kassasiya şikayəti və ya kassasiya
protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya
instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə
bilər.
Həmin Məcəllənin 408.3-cü maddəsinə müvafiq olaraq, Azərbaycan
Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb
olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin
müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun
qərarından bu Məcəllənin 408.2.4 - 408.2.7, 410, 413-cü maddələrində nəzərdə
tutulmuş tələblərə uyğun olaraq təqdimat verir.
Göründüyü kimi, qanunverici kassasiya şikayətinin və ya kassasiya
protestinin verilməsi qaydasında apellyasiya instansiyası məhkəməsinin hökm və
ya digər yekun qərarından şikayət vermək hüququ olan şəxslərin dairəsini müəyyən
edərkən, yalnız proses iştirakçıları ilə kifayətlənməmiş, buraya cinayət işində
iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə
maraqlarına toxunan, hüquq və
azadlıqları pozulan digər şəxsləri də aid etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət işində
iştirak etməyə cəlb olunmayan şəxslərin Konstitusiya ilə təmin edilən hüquq və
azadlıqlarının pozulması faktı təqdimat verilməsi məqsədi ilə Ali Məhkəmənin sədrinə
müraciət edilməsi üçün tutarlı əsas kimi qiymətləndirilməlidir.
Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh
edilməsinə dair” 2010-cu il 17 iyun tarixli Qərarında təqsirləndirilən şəxsə
münasibətdə bildirilmişdir.
Cinayət-Prosessual Məcəlləsinin 408.3-cü maddəsi məhkəmənin hökm və
ya digər yekun qərarından təqdimat verilməsi üçün bu Məcəllənin 408.2.4 -
408.2.7, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə riayət edilməsini
nəzərdə tutmuşdur. Kassasiya şikayətinin
və ya kassasiya protestinin verilmə müddəti Məcəllənin 410.1-ci maddəsi ilə aşağıdakı
qaydada göstərilmişdir:
- bu
Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar
istisna olmaqla) və 520.7-ci maddələrində nəzərdə tutulmuş apellyasiya
instansiyası məhkəməsinin qərarlarından – onların çıxarıldığı vaxtdan 1 (bir) ay
müddətində;
- bəraət hökmündən və ya cinayət işi məhkəməyədək
sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından – onların çıxarıldığı
gündən 6 (altı) ay müddətində;
- daha ağır cinayət haqqında qanunun tətbiq
edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya
məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə
tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə
qərarından – onların çıxarıldığı
gündən 12 (on iki) ay müddətində;
- məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında
qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə
tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə
qərarından – onların çıxarıldığı
gündən 18 (on səkkiz) ay müddətində.
Göründüyü kimi, Cinayət-Prosessual Məcəlləsinin
410-cu maddəsi ilə cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin
digər yekun qərarı ilə maraqlarına toxunan şəxs tərəfindən kassasiya qaydasında
şikayət və ya protest verilməsi üçün ayrıca müddət müəyyən edilməmişdir.
Nəzərə alınmalıdır ki, müvafiq cinayət prosessual
münasibətləri tənzimləyən hüquq normasının qeyri-müəyyənliyi qanuni əsaslarla
verilmiş hər hansı müraciətin məhkəmə tərəfindən baxılmasından imtina edilməsinə
əsas verməməlidir.
Cinayət-prosessual qanunvericiliyində
cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və
ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərə
münasibətdə cinayət prosesinin iştirakçılarına şamil
olunan analoji müddətlərin tətbiq edilməsi isə ədalət mühakiməsinin
əsas prinsiplərinə uyğun hesab edilə bilməz. Burada nəzərə alınmalıdır ki, cinayət işində iştirak etməyə cəlb olunmayan şəxs həmin
məhkəmə aktlarının mövcud olması barədə onların qəbul edilməsindən xeyli müddət
keçdikdən sonra məlumatlı ola bilərlər.
Beləliklə, cinayət işində iştirak etməyə cəlb
olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin
təqdimat verilməsi üçün müraciətinin yalnız Cinayət-Prosessual Məcəlləsinin 410.1-ci
maddəsində müəyyən edilmiş müddətlərin ötürülməsi səbəbindən təmin edilməməsi həmin
şəxsin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun
pozulması ilə nəticələnə bilər.
Hər kəs
ərizə və şikayətlərinə prosessual qanunla müəyyən olunmuş qaydada baxılaraq
müvafiq əsaslandırılmış məhkəmə aktının qəbul edilməsinə əmin olmalıdır
(Konstitusiya Məhkəməsi Plenumunun S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13
iyul tarixli Qərarı).
Məhkəmə
müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları
ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir.
Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata
keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət
mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və
əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin
direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 2019-cu il 24 dekabr tarixli Qərarı).
Şəxsi
işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş
qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə
xələl gətirir.
Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmayan şəxslərin
hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə
araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə
müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin hərtərəfli
və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır.
İşdə iştirak etməyə cəlb olunmayan, barəsində hüquq
və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış
şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin
olunmalıdır. Həmin şəxslər qanunvericiliyin tələblərinə əməl etməklə
qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malik olmalıdırlar.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, cinayət işində
iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə
maraqlarına toxunan şəxslərin təqdimat verilməsi məqsədi ilə məhkəməyə müraciət
etməsi üçün müddətlərin axımının müəyyən edilməsi məqsədəmüvafiq olardı.
Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində
müəyyən edilən müddətlərin
başlanğıcının müəyyənləşdirilməsi də həlledici əhəmiyyət kəsb
edir.
Şəxs bir qayda olaraq hüquq pozuntusunun baş
verdiyi vaxtdan öz hüququnun pozulmasını bilir və yaxud bilməlidir. Bu səbəbdən
Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən edilən müddətlərin
başlanğıcı işdə
iştirak etməyə cəlb olunmayan məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin öz hüquqlarının pozulmasını bildiyi və
yaxud bilməli olduğu gün ilə əlaqələndirilməlidir.
Vurğulanmalıdır ki, məhkəməyə müraciət etmək
hüququnun pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini
əhəmiyyətsiz edir. Bu hüquq iş üzrə tərəflərin açıq məhkəmə müdafiə vasitələrinə
çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real
imkanlarının olmasını nəzərdə tutur.
Beləliklə, cinayət işində iştirak etməyə cəlb
olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə hüquqları pozulan şəxslərin
müraciəti əsasında təqdimatın verilməsindən Cinayət-Prosessual Məcəlləsinin 410.1-ci
maddəsində göstərilən əsasla imtina edilməsi və bu əsasa formal yanaşılması Konstitusiyanın
60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi təminatının həyata keçirilməsinə
maneələr yaratmış olur.
Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən
aşağıdakı nəticələrə gəlir:
- Ali Məhkəmənin 19 mart 2019-cu il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin
I hissəsinə uyğun olmayan hesab edilməli və işə bu Qərarda
göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının cinayət-prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
- Cinayət-Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə
əsasən, cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər
yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciət etməsi üçün həmin Məcəllənin
410.1-ci maddəsində müəyyən edilən müddətlərin başlanğıcı şəxsin
öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 mart
2019-cu il tarixli qərarı Azərbaycan
Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmayan hesab edilsin və işə bu Qərarda göstərilən
hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının cinayət-prosessual
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
408.3-cü maddəsinə əsasən, cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və
ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciət etməsi
üçün həmin Məcəllənin 410.1-ci maddəsində müəyyən edilən müddətlərin başlanğıcı şəxsin
öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablansın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinski Raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev