AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
“Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair
31 may 2020-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə
Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov,
İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, konstitusiya məhkəmə
icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında “Fortis-Bayıl”
Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin vəkili Zaur Abbasovun yazılı çıxışını, mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi Abiddin Hüseynovun yazılı rəyini, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Violetta Mir-Bağırova cavabdehlər “Fortis-Bayıl” Mənzil-Tikinti
Kooperativi (bundan sonra – “Fortis-Bayıl” MTK), Bakı şəhəri Səbail Rayon İcra
Hakimiyyəti və Səbail Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə
müraciət edərək mənzil və mülkiyyət hüququ pozuntularının tanınması və dəymiş
ziyana görə kompensasiya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş
etmişdir.
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 may 2018-ci
il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh “Fortis-Bayıl”
MTK-dan dəymiş maddi ziyana görə 146.000 manat, 2016-cı ilin avqust ayından
2018-ci ilin may ayına qədər aylıq icarə haqqı 400 manat olmaqla cəmi 8.400
manat və mənəvi ziyanın əvəzi olaraq 1000 manat, ümumilikdə 155.400 manat məbləğində
pulun iddiaçının xeyrinə tutulması, 2018-ci ilin may ayından qətnamə icra
olunanadək aylıq 400 manat məbləğində icarə haqqı ödənilməsi öhdəliyinin
cavabdeh “Fortis-Bayıl” MTK-nın üzərinə qoyulması, iddia tələbinin qalan hissədə
təmin edilməməsi qət edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17
sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin
edilməmiş, cavabdeh “Fortis-Bayıl” MTK-nın apellyasiya şikayəti isə qismən təmin
edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni
qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə iddiaçı V.Mir-Bağırovanın iddia tələbi
qismən təmin edilərək, Bakı şəhəri Səbail rayonu Qurban Abbasov küçəsi ev 27 ünvanında
yerləşən 25 saylı mənzilin sökülməsi müqabilində “Fortis-Bayıl” MTK tərəfindən
V.Mir-Bağırovaya 2016-cı ilin avqust ayından sökülmüş tikililərin əvəzinə kooperativ
tərəfindən tikiləcək yaşayış binasında ona yeni mənzil təhvil verilənədək hər ay 300 manat məbləğində mənzil kirayəsinin
ödənilməsi, kooperativin üzərinə yeni tikiləcək yaşayış binasında müvafiq
qaydada iddiaçının mülkiyyətində olmuş mənzilin ümumi sahəsindən 20% artıq
olmaqla yeni mənzil verilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə
təmin edilməməsi qət edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 7 mart 2019-cu
il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək
apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən
baxılması üçün həmin məhkəməyə göndərilmiş, cavabdeh “Fortis-Bayıl” MTK-nın
kassasiya şikayəti isə təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15
may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı və cavabdehin apellyasiya şikayətləri
təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.
Ali Məhkəmənin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu
il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
“Fortis-Bayıl” MTK Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə
müraciət edərək Ali Məhkəmənin Mülki
Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına
uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayət
onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan
Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Şəhərsalma və Tikinti Məcəlləsi) 4.2.1 və 4.2.2-ci maddələri, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21,
152.1, 211, 1115-ci maddələri, Azərbaycan
Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə)
102, 103.2, 416, 417.1.4 və 417.2-ci maddələri
və “Bakı şəhərinin Suraxanı,
Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər
rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli
86 nömrəli Qərarı (bundan sonra – Nazirlər Kabinetinin Qərarı) düzgün tətbiq
edilməmiş, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində
nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ
pozulmuşdur.
V.Mir-Bağırova
Konstitusiya Məhkəməsinə ünvanladığı
etiraz ərizəsində “Fortis-Bayıl” MTK tərəfindən məhkəmə qətnaməsinin
könüllü icra olunduğunu, pulun ödənildiyini göstərmiş və konstitusiya işinin
icraatına xitam verilməsini xahiş etmişdir.
“Fortis-Bayıl” MTK isə əlavə ərizə ilə Konstitusiya Məhkəməsinə
müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının mübahisələndirilən qərarı
dərhal qanuni qüvvəyə mindiyindən və məcburi icraya yönəldiyindən, eyni zamanda
iddiaçı V.Mir-Bağırovanın maddi durumunun ağır olmasını, evsiz qalmasını, habelə
COVİD-19 pandemiyasına görə tətbiq edilmiş karantin rejimini nəzərə alaraq 19
mart 2020-ci il tarixində könüllü olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilən vəsaiti
tam şəkildə iddiaçının şəxsi bank hesabına köçürdüyünü göstərmiş, lakin Konstitusiya
Məhkəməsi Plenumunun qərarının bu kateqoriyadan olan işlərə təsiri baxımından
konstitusiya işi üzrə icraatın dayandırılmamasını və yekun qərarın qəbul edilməsini
xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə
alaraq şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın
13 və 29-cu maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ
vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o
cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ
mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,
əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə
bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız
qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və
azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki hüquq münasibətləri
iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə
uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının
yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.
Mülkiyyət
hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla
başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət
iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir.
Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan
olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir
fərdin azadlığının əsası kimi çıxış edir və şəxsiyyətin inkişafı üçün zəruri
şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o, mütləq
deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın
xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı,
Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm
də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin
şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).
Həmçinin
nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə
yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur
(Konstitusiyanın 13-cü maddəsinin III hissəsi, 29-cu maddəsinin II hissəsi və
71-ci maddəsinin II hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və
azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan
Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət
hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa
şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli,
mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür
məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil
olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir.
Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin
sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada
heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün
müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin
vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə,
konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar
Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun
məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə
məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla
mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya
Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun
özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və
12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı).
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də bu
məsələyə dair oxşar hüquqi mövqelər ifadə etmişdir. Məhkəmə mülkiyyət hüququna
müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm
və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə
istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi
dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması
deməkdir (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli
Qərar).
Avropa
Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci
maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi
marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək
hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas
hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir.
Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən
vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi
olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150;
“Skordino İtaliyaya qarşı” iş üzrə
2006-cı il 29 mart tarixli Qərar, § 93).
Göstərilən hüquqi mövqelərə əsaslanaraq qeyd
olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən
tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının
ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion
məqsədə çatmaq üçün belə tənzimləmə, həm də məhkəmələr tərəfindən konkret işin
faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında
yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə
etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq
məhdudlaşdırılmaması fərqli yanaşmanın tətbiq edilməsini mümkün etməlidir.
Bundan əlavə, müvafiq hüquq münasibətləri iştirakçılarının maraqlarının
ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə
sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata
keçirilməlidir.
Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş
hallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə”
Dövlət Baş Layihə İnstitutu tərəfindən verilmiş “Bakı şəhəri Səbail rayonu
Qurban Abbasov küçəsi 27 ünvanında yerləşən yaşayış binasında keçirilən vizual
texniki baxışın nəticəsi haqqında” 7
mart 2016-cı il tarixli Rəyə (bundan sonra – “Azərdövlətlayihə” DBLİ-nin Rəyi) əsasən,
sözügedən ünvanda yerləşən bina ümumiyyətlə mövcud tikinti norma və
qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab
vermir. Yaşayış binasının mövcud vəziyyəti texniki cəhətdən qəzalıdır, istismar
üçün təhlükəlidir. Binada təmir, bərpa və gücləndirmə işlərinin aparılması
texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Qeyd olunanlara əsasən
Rəydə aşağıdakı tədbirlərin yerinə yetirilməsi göstərilmişdir: 1) binanın
istismarının dayandırılması və bu barədə əlaqədar təşkilatların məlumatlandırılması;
2) sakinlərin təcili olaraq binadan çıxarılması; 3) binadakı bütün kommunikasiya
xətlərinin kəsilməsi; 4) binaya girişin qadağan edilməsi; 5) binanın təcili
olaraq çəpərlənməsi və xəbərdarlıq nişanlarının qoyulması.
Nazirlər Kabinetinin Qərarı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinə 5
il müddətinə mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə
əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və
mövcud şəhərsalma normalarına cavab verməyən Səbail rayonu üzrə 1819 nəfərin
yaşadığı 535 mənzildən ibarət 41 yaşayış binasının, habelə bu rayonun ərazisində
yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı
qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması, ərazi və ərazi hissələrinin
yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanması
(tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqi, habelə yeni
tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin istismarına icazənin
verilməsi, bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və
icarəyə verilməsinin təmin edilməsi, həmçinin qanunvericiliyin tələblərinə
uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni
yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış
binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə
edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və
həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında
müvafiq mənzillərin ayrılması tapşırılmışdır.
Nazirlər Kabinetinin bu Qərarına uyğun olaraq, “Azərdövlətlayihə”
DBLİ-nin Rəyi və “Fortis-Bayıl” MTK-nın
21 mart 2016-cı il tarixli müraciətini nəzərə alaraq Səbail Rayon İcra Hakimiyyəti
Başçısının 2016-cı il 28 mart tarixli 42 nömrəli Sərəncamı ilə Bakı şəhəri Səbail
rayonu Qurban Abbasov küçəsi 27 ünvanında yerləşən iki mərtəbəli yaşayış
binasının söküntüsünün həmin MTK
tərəfindən yerinə yetirilməsinə və çoxmərtəbəli yaşayış binasının layihələndirilməsinə
və tikintisinə icazə verilməsi, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış
tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun
olaraq, yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti
olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin
ödənilməsinin və həmin sakinlərə sökülmüş tikililərin yerində tikiləcək yaşayış
binasında müvafiq qaydada mənzillərin ayrılmasının “Fortis-Bayıl” MTK-nın vəsaiti
hesabına həyata keçirilməsi qərara alınmışdır.
Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu şəhərsalma
və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin,
fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq
və vəzifələrini müəyyən edən Şəhərsalma və Tikinti Məcəlləsinin bir sıra maddələrinin
nəzərdən keçirilməsini məqsədəmüvafiq hesab edir.
Qeyd edilən Məcəllənin 3.0.20-ci maddəsinə görə, tikinti obyektinin yenidən qurulması
(rekonstruksiyası) – obyektin mövcud təyinatının dəyişdirilməsi və ya
istismar keyfiyyətinin müasirləşdirilməsi məqsədilə müvafiq layihə əsasında
yeni texnologiyaların tətbiqi, yaxud yeni bina və ya qurğuların inşası, o cümlədən
mühəndis-kommunikasiya təminatı xətlərinin quraşdırılması ilə bağlı
tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin yerinə yetirilməsidir.
Həmin Məcəllənin 4.1 və 4.2-ci maddələrinə əsasən, şəhərsalma
və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və
yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi
maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə
yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından,
ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən,
tarix və mədəniyyət abidələrinin qorunmasından ibarətdir. Azərbaycan Respublikası ərazisinin və ərazi
hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin
müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı
inkişafının təmin edilməsi, həmçinin Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli
və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin
azaldılması və tədricən aradan qaldırılması
şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas
istiqamətlərindəndir.
Ərazi planlaşdırılması dövlət ehtiyacları və ya şəhərsalmanın
məqsədləri baxımından həyata keçirilir. Ərazi
planlaşdırılması şəhərsalmanın nizamlı inkişafını və torpaqların sosial
baxımdan ədalətli istifadəsini təmin etməli, ictimaiyyətin rifahına uyğun
olmalı, insan üçün əlverişli və sağlam ətraf mühitin təşəkkül tapmasına, həyat
üçün zəruri təbii əsasların qorunmasına və inkişaf etdirilməsinə xidmət
etməlidir. Ərazi planlaşdırılması sənədlərinin
hazırlanması zamanı ictimai və fərdi maraqlar ədalətli şəkildə
tarazlaşdırılmalıdır (Şəhərsalma və Tikinti Məcəlləsinin 17-ci maddəsi).
Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır
ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması,
bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları,
habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətləri tənzimləyən
normalar “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan
Respublikasının Qanunu və Mülki Məcəllə ilə müəyyən edilmişdir. Həmin Qanunun
3-cü maddəsində torpağın alına biləcəyi dövlət ehtiyacları sadalanmışdır. Bu
maddəyə əsasən, yalnız dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin
(magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli
elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması, sərhədboyu
zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik
əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi
obyektlərinin tikilməsi və dəniz limanının ərazisinin artırılması hallarında
torpaqların dövlət ehtiyacları üçün alınmasına yol verilir.
Nazirlər Kabinetinin Qərarı
“Azərbaycan Respublikasının Şəhərsalma
və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı
hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun
tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci
il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.8-ci bəndinə
əsasən, Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail,
Pirallahı, Xəzər rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam
etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə
uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin
mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar
qəzalı vəziyyətdə olan əmlakın
mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə
tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi
üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin
istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr
tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə
olmuşdur.
Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə hazırkı
mübahisəyə baxılarkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra
– Mənzil Məcəlləsi) 28.3 və 28.4-cü maddələri tətbiq edilmişdir.
Bununla
bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Konstitusiyanın
43-cü maddəsinin I hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki,
həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Konstitusiyada
təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə
daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə
bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri
iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad
və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Bu maddənin II
hissəsi isə mənzil hüququnun reallaşdırılması üçün dövlət hakimiyyəti
orqanlarını istiqamətləndirir ki, dövlət yaşayış binalarının və evlərin
tikintisinə rəvac versin, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün
xüsusi tədbirlər görsün.
Göstərilən
konstitusiya normasından irəli gələrək mənzil münasibətlərinin hüquqi
tənzimlənməsi öz əksini Mənzil
Məcəlləsində tapmışdır.
Mənzil
hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi
kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil
fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış
şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı,
dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur.
Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil və mülki
qanunvericiliyində nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb
olunur.
Mənzil
Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə
istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun
saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun
möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla
tənzimləyir.
Mənzil
Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış
binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir
etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan
digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət
ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü
maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu
Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə
kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra
hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış
binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul
edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının)
təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində
olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına
həyata keçirilir.
Məcəllənin
28.4-cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının)
mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə
qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb
olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası)
məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə
razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə
tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin
(yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən
olunur.
Göründüyü
kimi, Mənzil Məcəlləsinin qeyd edilən maddələri məhz qəza vəziyyətində olan
mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən yenidən qurulmasının və
(və ya) yenidən planlaşdırılmasının əsaslarını və qaydalarını tənzimləyir. Həmin
maddələr Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq həyata
keçirilən və əsas məqsədlərindən biri insanların həyatına, sağlamlığına,
əmlakına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınması olan
şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin reallaşdırılması və
qəzalı mənzil fondunun yenidən qurulması prosesində tətbiq ediləcək norma kimi
qəbul edilə bilməz.
Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında
olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən
hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində
təsbit olunmuşdur. Həmin maddənin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və
azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı
hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır,
habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət
mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət
anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir.
Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya
instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və
prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418.1 və 418.2-ci
maddələrinin tələblərinə görə, maddi və prosessual hüquq normalarının pozulması
və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və
qərardadının ləğv edilməsi üçün əsasdır. Bu Məcəllənin 386-cı maddəsində göstərilən
hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab
edilir.
Ali Məhkəmənin Mülki Kollegiyası isə apellyasiya
instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının
pozulmasına lazımi diqqət yetirməmiş, iş üzrə həmin məhkəmənin 15 may 2019-cu il
tarixli qətnaməsini dəyişdirmədən saxlamaqla Mülki Prosessual Məcəllənin 416,
418.1 və 418.2-ci maddələrinin tələblərinə uyğun olmayan 11 oktyabr 2019-cu il
tarixli qərar qəbul etmişdir. Nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin
I hissəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı
hüququ pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi
vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma
və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil
fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən
qurulmasına dair qaydalar aydın
göstərilməmişdir. Bu qaydaların dəqiq
müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi,
sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb
etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının
qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və
tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə
bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
Bu baxımdan şəhərsalma və tikinti sahəsində dövlət
siyasətinin əsas istiqamətləri üzrə fəaliyyətin, o cümlədən insanların sağlam və
təhlükəsiz yaşayış şəraitinin təmin edilməsi və bu sahədə məskunlaşma
sisteminin maneəsiz həyata keçirilməsi məqsədi ilə belə münasibətlərin
iştirakçılarının hüquq və vəzifələrinin qanunverici tərəfindən dəqiq müəyyənləşdirilməsinə
və normativ tənzimləmənin təkmilləşdirilməsinə zərurət vardır.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- V.Mir-Bağırovanın cavabdehlər “Fortis-Bayıl” MTK, Bakı
şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Polis İdarəsinə qarşı
hüquq pozuntularının tanınması və dəymiş ziyana görə kompensasiya ödənilməsi tələbinə
dair mülki iş üzrə Ali Məhkəmənin Mülki
Kollegiyasının 11 oktyabr 2019-cu il
tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.2-ci
maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara
uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır;
- Qeyd edilən qaydalar təkmilləşdirilənədək
hüquq tətbiqedici tərəfindən bu
kateqoriyadan olan mübahisələr üzrə Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında
əks olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. V.Mir-Bağırovanın cavabdehlər “Fortis-Bayıl” Mənzil-Tikinti Kooperativi, Bakı
şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Polis İdarəsinə qarşı hüquq pozuntularının tanınması və dəymiş ziyana görə
kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11
oktyabr 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual
Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən
düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının
mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə
yenidən baxılsın.
2. Azərbaycan
Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin normalarına uyğun olaraq şəhərsalma
və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən olan ərazi
planlaşdırılması, mənzil fondunun yenilənməsi, insan üçün əlverişli və
sağlam yaşayış mühitinin yaradılması məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin
yenidən qurulmasına dair qaydaların bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
əks olunan hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan
Respublikasının Milli Məclisinə tövsiyə olunsun.
3. Qeyd edilən qaydalar təkmilləşdirilənədək
hüquq tətbiqedici tərəfindən bu kateqoriyadan olan mübahisələr üzrə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında əks olunmuş
hüquqi mövqelər rəhbər tutulsun.
4. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev