AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 23-cü maddəsinin
şərh edilməsinə dair
24 aprel 2020-ci il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze,
Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin,
maraqlı subyektlərin
nümayəndələri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlı və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin baş məsləhətçisi
Fərid Hacıyevin,
mütəxəssislər Azərbaycan
Respublikası Ali Məhkəməsinin hakimi Elşanə Vəliyeva və Bakı Apellyasiya Məhkəməsinin
hakimi İkram Şirinovun iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq
xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Bakı şəhəri Xətai
Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin
23-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Həsənovanın
məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin
çıxışlarını dinləyib, ekspertin rəyini nəzərdən keçirib, iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı şəhəri Xətai Rayon
Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) 21.1 və 23-cü maddələrinin Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin
müddəaları baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdə şəxsin ölməsi nəticəsində onun bütün ailə üzvlərinin
mənəvi zərərə görə kompensasiya almaq hüququnun olub-olmaması, belə halda daha
kimlərin kompensasiya almaq hüququnun olması, eləcə də ölmüş şəxsin ailə
üzvlərindən birinin mənəvi zərərə görə kompensasiya aldığı halda, digər ailə
üzvlərinin kompensasiya tələblərinin hansı qaydada həll edilməli olması məsələlərinə
aydınlıq gətirilməsinin zəruri olduğu qeyd edilmişdir. Həmçinin Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə istinad edilərək, ailə üzvünün ölümü ilə əlaqədar mənəvi zərərin ödənilməsini tələb
etmək hüququnun vərəsəlik subyektləri ilə bağlılığının olub-olmasının
müəyyənləşdirilməsi məsələsi də qaldırılmışdır.
Müraciətdə göstərilmişdir
ki, Ə.Mirzəyeva həyat yoldaşı B.Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin (bundan sonra – “Azəriqaz” İB) Lənkəran
Regional qaz istismarı idarəsinin Cəlilabad Xidmət Sahəsinin Təmir-Bərpa Xidmətində
usta işləyən N.Həsənovun təqsiri üzündən 14 dekabr 2014-cü il tarixində evin
hamam otağında qaz sızmasından yaranmış partlayış nəticəsində vəfat etdiyindən “Azəriqaz”
İB-ə qarşı dəymiş mənəvi zərərə görə 900.000 manat məbləğində pulun tutulması tələbinə
dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
İddia ərizəsi
onunla əsaslandırılmışdır ki, cavabdehin işçisinin hüquqa zidd əməli nəticəsində
Ə.Mirzəyevanın ailə başçısını itirməsi, stress, narahatlıq, mənəvi sarsıntı
keçirməsi səbəbindən ona maddi və mənəvi zərər dəydiyindən pul təzminatı ödənilməlidir.
Müraciətə əlavə
edilmiş hökmün surətindən görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxsin
hüquqi varisi qismində mərhum B.Mirzəyevin birinci nikahdan olan oğlu N.Mirzəyev
tanınmışdır. Onun “Azəriqaz” İB-ə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair
iddiası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi
ilə qismən təmin edilərək “Azəriqaz” İB-dən 20.000 manat məbləğində pulun
tutulması qət edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir.
Müraciətedən Mülki
Məcəllədə mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən hüquq normasının
olmaması və məhkəmələrdə belə mübahisələrin həlli zamanı qeyri-müəyyənliyin
yarandığını nəzərə alaraq vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədi
ilə qaldırılan məsələ üzrə müvafiq şərhin verilməsinin zəruriliyi qənaətinə gəlmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu müraciətdə göstərilənlərlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri
hesab edir.
Hüquqi dövlət üçün insan hüquq və
azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın
12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi
dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və
ləyaqətinin müdafiəsinə təminat verilir.
Konstitusiyanın
24-cü maddəsinə əsasən, insan
ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan
toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında
məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir.
Konstitusiyanın 26-cı
maddəsinə görə, hər kəsin qanunla
qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə
etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının
müdafiəsinə təminat verir.
Konstitusiyanın 68-ci maddəsinin II hissəsi cinayət,
habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının
qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin
həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb
etmək hüququnu müəyyən edir. Həmin maddənin IV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə,
dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində
insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının
pozulmasına görə mülki məsuliyyət daşıyır.
Konstitusiyanın bu norması insan hüquq və
azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu
öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir.
Mənəvi zərər insanın anadangəlmə və
ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq
və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı
və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin
qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin
ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən
hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa
zərər vurulması və s. nəticəsində yarana bilər.
Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki
bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi
sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan
mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir.
Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən
fərqləndirilməlidir. Maddi zərərin həcmi
vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin
mülahizəsinə əsasən iddiada müəyyən edilir
və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik
meyarları baxımından qiymətləndirilməlidir.
Belə ki, Mülki Məcəllənin
21-ci maddəsinə müvafiq olaraq, zərərin əvəzinin ödənilməsini tələb etmək
hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb
edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az
miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin
pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından
məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ
pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər
(əldən çıxmış fayda) başa düşülür.
Həmin Məcəllənin
23-cü maddəsinə uyğun olaraq, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya
işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə
toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb
edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun
olduğunu sübuta yetirməsin. Faktiki məlumatlar natamam dərc edildikdə də, əgər
bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni
qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin
müdafiəsinə onun ölümündən sonra da yol verilir. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini,
işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar
kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya
vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə
daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə
məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.
Kütləvi informasiya vasitələrində hüquqlarına və ya qanunla qorunan mənafelərinə
toxunan məlumatlar dərc edilmiş fiziki şəxsin həmin kütləvi informasiya vasitələrində
öz cavabının dərc edilməsi hüququ vardır. Şərəfini, ləyaqətini və ya işgüzar
nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi
ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququ vardır. Əgər fiziki şəxsin
şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi
müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin
ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar
sayılmasını tələb etsin. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə
dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq
edilir.
Mülki
Məcəllənin mülki hüquq pozuntusunun anlayışını müəyyən edən 1096-cı maddəsinə əsasən,
mülki hüquq pozuntusu (delikt) hüquqla və ya
qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər
vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin
normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs
mülki hüquq məsuliyyəti daşıyır.
Mülki Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə görə,
mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına
vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin
əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini
ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın
təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin
ödənilməsi nəzərdə tutula bilər.
Məcəllənin 1099-cu
maddəsinə müvafiq olaraq, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki
hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin
icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin 59-cu
fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş
görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir,
bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və
işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya
fəaliyyət göstərməli olsun.
Göründüyü kimi, mülki
qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş
zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa
zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək
hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin
ödənilməsini tələb edə bilər
Qeyd edilməlidir
ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə
əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının
nəzərdə tutulmaması bu
barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla
mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər.
Mülki Məcəllənin
14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə
nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə
nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar
və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə
hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin
14.2.6-cı maddəsi). Bu hüquq
normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə
ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin
irəli sürülməsi üçün əsas yaradır.
Qeyd edilməlidir
ki, qanunverici bəzi hallarda mənəvi ziyanın ödənilməsini xüsusi sahəvi
qanunlarda nəzərdə tutur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikası Qanununun
12-ci maddəsi istehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqlarının
istehsalçı (icraçı, satıcı) tərəfindən pozulduğu halda istehlakçıya dəyən mənəvi
ziyanın günahkar tərəfindən ödənilməsini nəzərdə tutur. Ödənilən ziyanın dəyəri,
qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 28.6-cı maddəsinə uyğun olaraq, nikahın etibarsız
sayılması nəticəsində, ər (arvad) ona vurulmuş maddi və ya mənəvi ziyanın mülki
qanunvericiliklə nəzərdə tutulmuş qaydalar üzrə ödənilməsini tələb edə bilər.
“Turizm haqqında” Azərbaycan
Respublikası Qanununun 6-cı maddəsinə əsasən, turist turizm məhsulunun pərakəndə alğı-satqı
müqaviləsi şərtlərinin turoperator və ya turaqent tərəfindən yerinə yetirilmədiyi
hallarda ona dəymiş maddi və mənəvi zərərlərin əvəzinin Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilməsini tələb
etmək hüququna malikdir. Lakin ictimai münasibətlərin çoxaspektliyi və zaman ilə
bu münasibətlərin daha da mürəkkəbləşdiyi nəzərə alınarsa, mənəvi zərər yetirilə
biləcək ictimai münasibətlərin dairəsinin və kompensasiyanın ödənilməsi əsaslarının
qanunvericilik ilə tam əhatə olunması qeyri-mümkündür.
Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin
şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi
zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində
əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər
kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında
ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi
ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik
hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını
pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər
vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi
psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının
müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri
vurulmadığı hallarda kompensasiya edilir.
Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması
halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin
keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan
mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi
müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində
keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və
mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək
olunmasına xidmət edilmiş olur.
Nəzərə
alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki,
mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da,
onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə
əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi
təzminat almaq tələbi də istisna edilir.
Mənəvi
təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd
edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin
yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi
bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin
və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer
tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya
sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi
sarsıntı, əzab və iztirab keçirmiş insan
nəzərdə tutulur.
Məhkəmələr
mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial,
psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar.
Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli
sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və
mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların
birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının
müddəti və s. amillər nəzərə alınmalıdır.
Ana və atanın uşaqlarının, nənə və babanın nəvələrinin
ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat tələblərində
zərərçəkmişin tək uşaq (nəvə) olması, valideynlərin yenidən uşaq dünyaya gətirəcək
yaşda olub-olmamaları kimi amillər də diqqətə alınmalıdır. Uşaqların ana və
atalarının ölümü və ya sağlamlığına zərər vurulması səbəbi ilə mənəvi təzminat
tələblərində onların ata və analarına möhtac yaşda olmaları, fiziki və ya əqli
məhdudiyyətli olmaları əsas götürülməlidir. Hüquqa zidd hərəkətdən zərərçəkmiş
qardaş və ya bacıların mənəvi təzminat tələbinə baxılarkən onlar arasında
doğmalıq və sevgi hislərinin, mütəmadi və sıx ünsiyyətlərinin
olub-olmaması kimi məqamlar nəzərdən
keçirilməlidir.
Həmçinin qeyd etmək lazımdır ki, həqiqətən mənəvi sarsıntı keçirmiş hər
bir şəxs keçirdiyi mənəvi iztirabın və zərərçəkmişlə yaxınlıq dərəcəsinə
müvafiq olaraq digər iddiaçılarla birgə və ya ayrı-ayrılıqda təzminat almaq
hüququna malikdir. Yəni bu halda təzminat hər bir iddiaçıya ayrı-ayrılıqda da
müəyyən edilə bilər.
Əlavə olaraq qeyd edilməlidir ki, ölənin yaxınının mənəvi təzminat tələbi
ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə
ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə
zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli
olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır. Həmin Məcəllənin 1122.1-ci
maddəsinə əsasən, ailə başçısının itirilməsi ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə
hüququ çatan şəxslərə zərərin əvəzi ölənin bu Məcəllənin 1119-cu maddəsinin
qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi
miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları
üçün alırdılar və ya almaq hüququna malik idilər. Həmin şəxslərə ödənilən zərərin
əvəzi müəyyənləşdirilərkən ölənin gəlirinin tərkibinə qazanc (gəlir) ilə yanaşı
onun sağlığında aldığı pensiya və digər bu cür ödənclər də daxil edilir.
İnsan
Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) “İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 41-ci
maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən
edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır.
Avropa Məhkəməsi mənəvi
zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və
sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi
səciyyələndirmişdir (Luluyev və digərləri
Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü
il 16 yanvar tarixli Qərarlar).
Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı,
sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət
davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət
çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən
edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi
zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul
edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə
meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr
tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə
alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin
müəyyən edilməsi də zəruridir.
Avropa Məhkəməsinin
yuxarıda qeyd olunan Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında,
həmçinin göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən
edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin
spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir.
Avropa Məhkəməsi Maksimov Rusiyaya qarşı iş üzrə 2010-cu
il 18 mart tarixli Qərarında qeyd etmişdir ki, kompensasiyanın
hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə
baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli
sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi
standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin
etdiyi kompensasiyanın həcmini qərarlarında
kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə
qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv
şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə
bilər.
“Mənəvi zərərin ödənilməsi
barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının
8-ci bəndinə əsasən, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını
müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz
qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik)
nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı
mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə
və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
Xüsusi risk
qrupuna aid olan peşə sahibləri tərəfindən vurulmuş zərərə görə məsuliyyət məsələsi
ilə bağlı vurğulanmalıdır ki, qeyd edilən şəxslər yalnız təqsirli şəkildə
vurulan zərərə görə məsuliyyət daşıyırlar. Xüsusi risk qrupuna daxil olan peşə
sahibi kimi həkimləri qeyd etmək olar. Həkim, tibb mərkəzi, xəstəxana və
başqaları düzgün qoyulmayan diaqnoz, xətalı müalicə və müdaxilədən məsuliyyət
daşıyırlar. Lakin edilən bütün prosedurlar tibb elminin ümumi qəbul olunan
“tibbi standartlarına” uyğun xüsusi diqqət və lazımi tədbirlər çərçivəsində edildiyi
halda vurulmuş zərərə görə məsuliyyət istisna edilir. Yəni tibbi müdaxilə
zamanı əvvəlcədən gözlənilməyən, gözlənilsə də qarşısının alınması mümkün
olmayan zərər həkimin və ya tibb müəssisəsinin biliyi, bacarığı və imkanları
xaricində olan bir səbəbdən qaynaqlanan nəticədir. Bu mənada həkimin tibbi
baxımdan qəbul etdiyi normal risk çərçivəsində hərəkət edərək lazımi diqqət və
qayğı göstərməsinə baxmayaraq ortaya çıxan arzu olunmayan nəticədən qanuni
olaraq məsuliyyət daşımayacağı qəbul edilir.
Beləliklə,
mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması
mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda
baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə
qarşısında sübut etməlidir.
Bu baxımdan Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən
zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı
şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın
təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı
araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin
hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin
məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm
də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə
səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə
görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi
sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər.
Bununla yanaşı Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi zəruri hesab edir ki, hüquqa zidd
hərəkətlər nəticəsində dəymiş mənəvi zərərin ödənilməsinin şərtləri və ölmüş və ya sağlamlığına zərər vurulmuş
şəxsin bu zərərə görə təzminat almaq hüququ
olan yaxınlarının dairəsi qanunvericilik qaydasında dəqiq müəyyənləşdirilə bilər.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Mülki Məcəllənin
23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya
sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin
keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva
edir;
- ölmüş və ya sağlamlığına
zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi
sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya
ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər;
-
ölmüş və ya sağlamlığına zərər vurulmuş
şəxsin yaxınlarından, o cümlədən ailə
üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda,
digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə
tərəfindən həll edilməlidir;
-
məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən
hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə
baş verməsi və digər amillər nəzərə alınmalıdır.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər
tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI
:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya
sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin
keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva
edir.
2. Ölmüş və ya
sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri
mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya
ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər.
3. Ölmüş və ya sağlamlığına zərər vurulmuş
şəxsin yaxınlarından, o cümlədən ailə
üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda,
digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan
məhkəmə tərəfindən həll edilməlidir.
4. Məhkəmələr tərəfindən mənəvi zərərə görə
təzminatın miqdarı müəyyən edilərkən
hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə
baş verməsi və digər amillər nəzərə alınmalıdır.
5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
6. Qərar “Azərbaycan”,
“Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
7. Qərar qətidir,
heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir
edilə bilməz.
Sədr Fərhad Abdullayev