AZƏRBAYCAN RESPUBLİKASI
ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
B.Mürsəlovun
şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31
may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və
qanunlarına uyğunluğunun yoxlanılmasına dair
12 mart 2020-ci
il
Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən
İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov,
İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin,
ərizəçi Bəyəli Mürsəlov, nümayəndəsi Firuzəxanım
Qəribova və vəkili Namiq Ələkbərovun,
mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram
Şirinovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında
açıq məhkəmə iclasında B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali
Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun
yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin,
onun nümayəndəsinin və vəkilinin, mütəxəssisin çıxışlarını dinləyib, iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
(bundan sonra – “Azərbaycan Beynəlxalq Bankı” ASC) B.Mürsəlova qarşı kredit
borcunun tutulması tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.
Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2014-cü il tarixli
qətnaməsi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddiası qismən təmin
edilmiş, B.Mürsəlovdan kredit müqaviləsi üzrə 130 000 ABŞ dolları əsas borc,
105 841,54 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları dəbbə pulu olmaqla cəmi
236 841,54 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması,
ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə
hesablanması qət edilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının
23 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə B.Mürsəlovun apellyasiya şikayəti
təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən
saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 18 fevral
2016-cı il tarixli qərarı ilə B.Mürsəlovun kassasiya şikayəti təmin edilmiş,
apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən
baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının
24 iyun 2016-cı il tarixli qətnaməsi ilə B.Mürsəlovun apellyasiya şikayəti
təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2014-cü il tarixli qətnaməsi
iddianın qismən təmin olunmuş hissəsində ləğv edilərək həmin hissədə iddia
təmin edilməmişdir.
Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının həmin tarixli xüsusi qərardadı ilə “Azərbaycan Beynəlxalq Bankı”
ASC-nin əməkdaşları və başqa şəxslərin əməllərində dələduzluq, korrupsiya
cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər hərəkətlərin əlamətləri
olduğu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi
qərara alınmışdır.
Ali Məhkəmənin Mülki Kollegiyasının 2 dekabr
2016-cı il tarixli qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kassasiya
şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi
ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qərardadı ilə B.Mürsəlovun
apellyasiya şikayəti təmin edilmiş, onun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə
qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri
Nəsimi Rayon Məhkəməsində yekun qərar qəbul edilənədək Sumqayıt Şəhər
Məhkəməsinin 14 iyul 2014-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya
şikayəti üzrə icraat dayandırılmışdır.
Belə ki, B.Mürsəlov “Azərbaycan Beynəlxalq Bankı”
ASC-yə qarşı kredit müqaviləsi və həmin müqaviləyə əlavənin etibarsız hesab edilməsi
tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə
müraciət etmişdir.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr
2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək “Azərbaycan Beynəlxalq
Bankı” ASC-nin Mərkəzi filialı ilə B.Mürsəlov arasında bağlanmış 28 fevral
2007-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 24 fevral 2009-cu il
tarixli 1 saylı əlavənin etibarsız hesab edilməsi qət edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3
may 2018-ci il tarixli qətnaməsi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin
apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi
dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin Mülki Kollegiyasının 1 oktyabr
2018-ci il tarixli qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kassasiya
şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi
28 fevral 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində
ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası
məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19
dekabr 2018-ci il tarixli qətnaməsi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin
apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi
mübahisələndirilən hissədə, yəni 28 fevral 2007-ci il tarixli kredit
müqaviləsinin etibarsız hesab edilməsi hissəsində cavabdehə münasibətdə
dəyişdirilmədən saxlanılmışdır.
Ali Məhkəmənin Mülki Kollegiyasının 31 may 2019-cu il
tarixli qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kassasiya şikayəti
təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və
iş üzrə yeni qərar qəbul edilərək B.Mürsəlovun kredit müqaviləsinin etibarsız
hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.
B.Mürsəlov Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət
edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və
qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya
instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin
(bundan sonra – Mülki Məcəllə) 178.1-ci maddəsi və Azərbaycan Respublikası
Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 89.1,
89.3, 103.2, 416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmiş,
bununla da onun Konstitusiyanın 25 və 60-cı maddələrində nəzərdə tutulmuş
bərabərlik, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları
pozulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar
aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə, hər
kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat
verilir.
Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə əsasən,
Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını
gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının
borcudur.
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı
hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları
və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər
hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız
məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları
səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.
Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş
hallarından görünür ki, 28 fevral 2007-ci il tarixli kredit müqaviləsinə əsasən
“Azərbaycan Beynəlxalq Bankı” ASC B.Mürsəlova illik 15 faiz dərəcəsi olmaqla,
12 ay müddətinə 353 500 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə
götürmüşdür. Qeyd edilən kredit müqaviləsinə dəyişikliklərin edilməsi haqqında
24 fevral 2009-cu il tarixli 1 saylı əlavəyə əsasən borcalana verilən kredit
vəsaitindən istifadə müddəti 48 ay nəzərdə tutulmuşdur.
Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan
Beynəlxalq Bankı” ASC-nin hazırkı mübahisəyə dair iddia müddətinin tətbiqi
barədə ərizəsinin təmin edilməməsinin əsası kimi B.Mürsəlovun müvafiq kredit
müqaviləsi və ondan irəli gələn öhdəliklərdən məlumatlı olmadığını
göstərmişdir.
Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsində gəldiyi qənaətə görə,
B.Mürsəlov 28 fevral 2007-ci il tarixli müqaviləni imzaladığını inkar etməsə
də, həmin müqaviləni işlədiyi “Pərvanə” Məhdud Məsuliyyətli Cəmiyyətinin
sədrinin təkidi əsasında imzaladığını bildirmişdir.
Bununla bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 31
may 2019-cu il tarixli qərarında göstərilmişdir ki, apellyasiya
instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının kredit müqaviləsini
imzalamasını etiraf etməklə yanaşı, imzaladıqdan sonra ondan irəli gələn hüquqi
nəticələrdən xəbərdar olmadığını bildirməsi haırkı iş üzrə iddia müddətinin
tətbiq edilməməsi üçün hüquqi əsas yaratmır. Kassasiya instansiyası məhkəməsi
həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2014-cü il tarixli qətnaməsinə
istinad edərək hesab etmişdir ki, B.Mürsəlov mübahisələndirdiyi kredit
müqaviləsi üzrə borcun ondan tələb edildiyini 2014-cü ildə bilməsinə baxmayaraq
əqdin etibarsızlığı üçün qanunla müəyyən edilmiş bir illik mübahisələndirmə
müddətinə əməl etməmişdir.
Eyni zamanda həmin məhkəmə qeyd etmişdir ki,
apellyasiya instansiyası məhkəməsinin iş üzrə B.Mürsəlovun aldadılması, kredit
müqaviləsində göstərilən pul məbləğinin ondan tutulacağı təhlükəsini real dərk
etdikdə başa düşməsi və 2017-ci ilin sentyabr ayında hazırkı iddia tələbi ilə
məhkəməyə müraciət etdiyi üçün iddia müddətinin axımının 2017-ci il tarixindən
başlanması ilə bağlı gəldiyi nəticə mülki işin hallarına, tərəflərin qarşılıqlı
münasibətlərinə və sübutlara uyğun olmamışdır.
Göstərilənləri nəzərə alaraq Ali Məhkəmənin Mülki
Kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi B.Mürsəlov
tərəfindən iddia müddətinin üzrsüz səbəbdən buraxılması halına düzgün hüquqi
qiymət verməmiş, bununla da Mülki Məcəllənin 377.1-ci maddəsinin iddia
müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli
olduğu vaxtdan hesablanmasına dair tələbi pozulmuşdur.
Kassasiya instansiyası məhkəməsi həmçinin Mülki
Məcəllənin 354.1 və 375.2-ci maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir
ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməli, “Azərbaycan Beynəlxalq
Bankı” ASC-nin kassasiya şikayəti əsaslı olduğundan qətnamə ləğv edilməli,
apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar
əsasında iddia müddətinin keçməsi əsası ilə B.Mürsəlovun iddiasının rədd
edilməsi barədə yeni qərar qəbul edilməlidir.
Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu
qeyd edir ki, məhkəmə müdafiəsi təminatının əsas mexanizmlərindən biri kimi
çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri
Mülki Prosessual Məcəllədə öz əksini tapmışdır.
Mülki prosessual qanunvericiliyə müvafiq olaraq,
kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası
məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib
apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar
əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki,
apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və
ya düzgün tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və
417.2-ci maddələri).
Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı
hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi
müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət
hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin
apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə
nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı
maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya
instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün
tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci
maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına,
məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların
aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin
işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks
yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini
həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən edən
Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (Konstitusiya
Məhkəməsi Plenumunun 2004-cü il 12 aprel, 2004-cü il 21 may, 2004-cü il 3
avqust, 2004-cü il 28 oktyabr, 2010-cu il 21 iyun, 2012-ci il 28 fevral,
2014-cü il 18 fevral və 2014-cü il 15 sentyabr tarixli Qərarları).
Kassasiya instansiyası məhkəməsi iş materiallarında
olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası
Mərkəzinin 14 yanvar 2015-ci il, 2 aprel 2015-ci il, 26 avqust
2015-ci il və 31 may 2017-ci il tarixli ekspert rəylərinə, apellyasiya
instansiyası məhkəməsi tərəfindən araşdırılan və qiymətləndirilən digər
sübutlara lazımi diqqət yetirmədən, Mülki Məcəllənin 354.1, 375.2, 377.1-ci
maddələrini yanlış təfsir edərək hesab etmişdir ki, mübahisəli 28 fevral
2007-ci il tarixli kredit müqaviləsi və müqaviləyə edilən əlavəyə dair
apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia müddətinin
keçməsi əsası ilə B.Mürsəlovun iddiasının rədd edilməsi barədə yeni qərar qəbul
edilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd
edir ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə
aşağıdakı imkanları təqdim etmişdir:
- işə baxılarkən kömək üçün zəruri texniki, digər
bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək;
- yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək
mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya
saxlandığı yerdə müayinə və tədqiq etmək;
- işə baxılarkən xüsusi bilik tələb olunan sualları
izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə
ekspertiza təyin etmək (Mülki Prosessual Məcəllənin 64.1, 79.1 və 97.1-ci
maddələri).
Tərəflərin tələb və etirazlarını əsaslandıran halların
və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və
ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa
qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab
olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə,
yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri
ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun
məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual
Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri).
Beləliklə, digər sübut növləri kimi ekspert rəyinin də
məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o
deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq
etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Eyni zamanda, Mülki
Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin
razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
Digər tərəfdən, Mülki Məcəllənin 354.1-ci
maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi
haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə
bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci
maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin
bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya
əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu
gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın
təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay
ərzində mübahisə edilə bilər.
Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə
tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək
verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə
ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində
qərar çıxarması üçün əsasdır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki
Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə
mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin
müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin
Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi
barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə
tətbiqi üçün əhəmiyyət kəsb etmir.
Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin
əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin
Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi
norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir.
Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki,
maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir
il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir.
Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun
mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı
olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.
Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində
öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini
nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın
keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz
qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi
və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl
xitamına səbəb olur.
İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər
aşağıdakılardan ibarətdir:
- iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin
ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü
maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və
müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə
bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində
kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici
müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir;
- iddia müddətinin keçməsi tələb hüququnun özünün
deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata
keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və
383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün
xitamı ilə nəticələnir;
- iddia müddəti cavabdehin verdiyi ərizə əsasında
tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin
öz təşəbbüsü ilə nəzərə alınır;
- iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu
maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa
edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda
birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.
Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin
377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə,
qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna
tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu
bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya
qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək
şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə
hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia
müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla
əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi
mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı
başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.
Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi
Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da
öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ
mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret
məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində
müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və
azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına
deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və
eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.
Birinci və apellyasiya instansiya məhkəmələri
tərəfindən müəyyən edilmiş hallardan görünür ki, 28 fevral 2007-ci il tarixli
kredit müqaviləsinin müddətinin 2008-ci ildə bitməyinə baxmayaraq, ərizəçidən
keçən illər ərzində müqavilədə nəzərdə tutulmuş məbləğ tələb olunmamış və
bununla əlaqədar o, pulun başqası tərəfindən ödənilməsinə inanmış, bu inam onda
müqavilənin icrası ilə əlaqədar başlanmış məhkəmə çəkişmələri ərzində də davam
etmişdir.
Eyni zamanda, həmin hallara görə, 28 fevral 2007-ci il
tarixli mübahisəli kredit müqaviləsi üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC
tərəfindən kreditor öhdəliklərinin yerinə yetirilməsi, həmçinin banka ödənilmiş
pul məbləğinin məhz cavabdeh tərəfindən ödənilməsini təsdiq edəcək hər hansı
sübut məhkəməyə təqdim edilməmiş, yalnız pulun cavabdehə verilməsini təsdiq
edən məxaric sənədlərinin məhv edildiyigöstərilmişdir.
Qeyd edilməlidir ki, "Banklar haqqında''
Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə banklar bank
əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr
(əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan
informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri
qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar.
Həmin Qanunun 39.2-ci maddəsinə əsasən müştərini
eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını
təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam
verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində
bankda saxlanılmalıdır.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti
tərəfindən 2013-cü il 30 iyul tarixli, 16/3 nömrəli qərarla təsdiq edilmiş
“Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında
Təlimat"ın II fəslinin 55-ci bəndinə görə “Kredit dosyesinə aid sənədlər:
kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə
vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair
sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi
barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər - kredit
ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır.
Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi Mülki
Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrini onların
konstitusiya-hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə, apellyasiya
instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürərək bu məhkəmə
tərəfindən müəyyən edilmiş halları yenidən qiymətləndirmiş, mahiyyətcə tamamilə
başqa nəticələrə gəlmiş, bununlada B.Mürsəlovun Konstitusiyada təsbit edilmiş
mülkiyyət və məhkəmə təminatı hüquqları pozulmuşdur.
Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya
Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, B.Mürsəlovun “Azərbaycan
Beynəlxalq Bankı” ASC-yə qarşı 28 fevral 2007-ci il tarixli kredit müqaviləsi
və həmin müqaviləyə bank tərəfindən edilmiş 24 fevral 2009-cu il tarixli 1
saylı əlavənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ali
Məhkəmənin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarı
Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 417.1.4 və
417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə
bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının
mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə
yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Bəyəli Mürsəlovun “Azərbaycan Beynəlxalq
Bankı” Açıq Səhmdar Cəmiyyətinə qarşı 28 fevral 2007-ci il tarixli kredit
müqaviləsi və həmin müqaviləyə bank tərəfindən edilmiş 24 fevral 2009-cu il
tarixli 1 saylı əlavənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il
tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə,
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2-ci
maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda
göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki
prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə
yenidən baxılsın.
2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”,
“Bakinskiraboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad Abdullayev