AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası
Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh
edilməsinə dair
24 fevral 2020-ci il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun
Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə
katibi Vüqar Zeynalovun,
maraqlı
subyektlərin nümayəndələri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi
İlqar Dəmirov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi
qanunvericilik şöbəsinin baş məsləhətçisi Fərid Hacıyevin,
ekspert
hüquq üzrə fəlsəfə doktoru, dosent Bağır Əsədovun,
mütəxəssis
Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq
xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının müraciəti əsasında Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi
müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Ali Məhkəmənin
Mülki Kollegiyası) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan
sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan
Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə)
1252-ci maddəsində nəzərdə tutulmuş irsi transmissiya ilə bağlı hüquqi normanın
düzgün tətbiq olunması üçün həmin Məcəllənin 1134, 1146 və 1252-ci maddələrinin
şərh edilməsini xahiş etmişdir.
Müraciətdən
görünür ki, Y.Salahov cavabdehlər Ə.Əkbərov və Bakı şəhəri 53 saylı Notariat
Kontoruna qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət
edərək mərhum qızı L.Salahovadan miras qalmış Bakı şəhəri Z.Xəlilov küçəsi ev
35a ünvanında yerləşən 43 saylı və Bakı şəhəri 20 Yanvar küçəsi ev 40 ünvanında
yerləşən 73 saylı mənzillərin miras əmlak kimi onun tərəfindən qəbul
edilməsi faktının müəyyən olunması, həmin mənzillərin 1/2 hissəsi üzərində
onun, 1/2 hissəsi üzərində isə Y.Əkbərovun miras payının müəyyən olunması və
buna dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini
xahiş etmişdir.
Həmçinin
Ə.Əkbərov və Y.Əkbərov (onun adından qanuni nümayəndəsi olaraq Ə.Əkbərov)
cavabdehlər Y.Salahov və Bakı şəhəri 53 saylı Notariat Kontoruna qarşı
qarşılıqlı iddia ərizəsi verərək Bakı şəhəri Z.Xəlilov küçəsi ev 35a ünvanında
yerləşən 43 saylı mənzilin 5/12 hissəsinə Ə.Əkbərovun, 2/12 hissəsinə
Y.Salahovun, 5/12 hissəsinə Y.Əkbərovun hüquqları tanınmaqla vərəsəlik hüququ
haqqında şəhadətnamənin verilməsi, Bakı şəhəri 20 Yanvar küçəsi ev 40 ünvanında
yerləşən 73 saylı mənzilin 1/6 hissəsinə Ə.Əkbərovun, 2/6 hissəsinə
Y.Salahovun, 3/6 hissəsinə Y.Əkbərovun hüquqları tanınmaqla vərəsəlik hüququ
haqqında şəhadətnamə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Bakı
şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsi ilə
ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Y.Salahovun L.Salahovadan
miras qalmış əmlakı faktiki qəbul etməsi faktı müəyyən edilmiş, Bakı şəhəri Z.Xəlilov
küçəsi ev 35a ünvanında yerləşən 43 saylı və Bakı şəhəri 20 Yanvar küçəsi ev 40
ünvanında yerləşən 73 saylı mənzillərin hər birinə Y.Əkbərovun 3/6 hissədə,
Y.Salahovun 2/6 hissədə, Ə.Əkbərovun 1/6 hissədə paylarının müəyyən edilməsi və
onların paylarına uyğun vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin Bakı şəhəri
53 saylı Notariat Kontorunun üzərinə qoyulması qət edilmişdir.
Bakı
Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 iyun 2019-cu il tarixli qətnaməsi
ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Həmin
qətnamədən narazı qalan Y.Salahov Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya
şikayəti vermişdir.
Ali
Məhkəmənin Mülki Kollegiyası mülki işin düzgün həll edilməsi üçün Mülki Məcəllənin
1134, 1146 və 1252-ci maddələrinin şərh olunmasının zəruriliyi qənaətinə gələrək
Konstitusiya Məhkəməsinə müraciət olunması haqqında 24 dekabr 2019-cu il
tarixli qərardad qəbul etmişdir.
İş
materiallarında olan 9 avqust 2016-cı il və 10 avqust 2016-cı il tarixli ölüm
haqqında şəhadətnamələrdən görünür ki, L.Salahova və Ə.Əkbərov 5
avqust 2016-cı il tarixində vəfat etmişlər. Miras qoyanlar ər-arvad
olmaqla, eyni gündə, lakin günün müxtəlif saatlarında vəfat etmişlər.
Belə
ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 23 avqust 2016-cı il
tarixli Ekspert rəyindən görünür ki, L.Salahova 5 avqust 2016-cı il
tarixində təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına
aparılarkən yolda ölmüş, yoldaşı Ə.Əkbərov isə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına
saat 12:20 radələrində gətirilmiş və həmin gün saat 14:30 radələrində ölmüşdür.
Müraciətdə
göstərilmişdir ki, Mülki Məcəllənin 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik
zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras
qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin
1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul
edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi
transmissiya).
Ali
Məhkəmənin Mülki Kollegiyasının qənaətinə görə, vərəsəliklə bağlı münasibətlərin
tənzimlənməsində qeyri-müəyyənliyə səbəb olan məsələ Mülki Məcəllənin 1146-cı
maddəsində mirasın açılma vaxtının miras qoyanın öldüyü günlə təyin
edildiyi halda, həmin Məcəllənin 1134.1-ci maddəsi ilə miras qoyanın öldüyü məqamda
sağ olan şəxslərin vərəsə ola bilməsinin təsbit edilməsidir. Müraciət edən qeyd
edir ki, vərəsəliklə bağlı məsələlərin həllində mühüm əhəmiyyət kəsb edən zaman
faktoru Mülki Məcəllənin 1146-cı maddəsində “miras qoyanın öldüyü gün”, 1134-cü
maddəsində “miras qoyanın öldüyü məqam” kimi müəyyən edilmişdir. Bu isə Mülki Məcəllənin
1252-ci maddəsində nəzərdə tutulmuş irsi transmissiyanın tətbiqində qeyri-müəyyənliyin
yaranması ilə nəticələnir.
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri
hesab edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik
hüququna təminat verir.
Vərəsəlik
hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən
isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik
münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar
üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır.
Vərəsəlik
dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq
(miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa
düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin
xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən
qaydada başqa şəxslərə keçir.
Mülki
Məcəllənin 1133-cü maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa
şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla
keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə
keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə
tamamilə və ya qismən etibarsız sayılır.
Vərəsəlik
münasibətlərinin yaranması üçün, ilk növbədə, miras qoyanın ölüm faktı mövcud
olmalıdır. Mülki Məcəllənin 1145-ci maddəsinə uyğun olaraq, miras fiziki şəxsin
ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
Mülki
Məcəllənin 25.2-ci maddəsinə görə, fiziki şəxsin hüquq qabiliyyəti onun
doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin
dayanması ölüm anı sayılır.
Ölüm
anı tibb işçisi (həkim, feldşer) tərəfindən təsdiq edilir və qeydiyyat
orqanlarına təqdim etmək məqsədi ilə ölüm haqqında tibbi şəhadətnamə verilir
(Azərbaycan Respublikası Səhiyyə Nazirinin 2015-ci il 3 iyul
tarixli 52 saylı Əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin”
verilməsi qaydasına dair Təlimat”ın 1-2-ci bəndləri, ”Əhalinin sağlamlığının
qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi).
Fiziki
şəxsin ölüm faktı və ölüm tarixi (günü) isə Vətəndaşlıq Vəziyyəti Aktlarının
Dövlət Qeydiyyatı orqanları tərəfindən verilən ölüm haqqında şəhadətnamə ilə təsdiq
olunur (bioloji ölüm halında).
Fiziki
şəxsin məhkəmə qaydasında ölmüş elan edilməsi də hüquqi nəticəsinə görə ölüm
faktına bərabər tutulur və məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün şəxsin
ölüm günü sayılır (Mülki Məcəllənin 41.3-cü maddəsi).
Nəzərə
alınmalıdır ki, məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm
günü saya bilər (Mülki Məcəllənin 41.4-cü maddəsi). Belə olan halda, ölüm
haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir.
Beləliklə,
şəxsin ölümü və ya məhkəmə qaydasında ölmüş elan edilməsi hüquqi fakt kimi
mirasın açılmasına səbəb olmaqla vərəsəlik hüquq münasibətlərinin yaranma əsasını
təşkil edir.
Vərəsə
ola biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 1134-cü maddəsi ilə müəyyən
olunmuşdur. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda
sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola
bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda
sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun
ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına,
habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər.
Vərəsələrin
dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində
mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə
miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq
hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri
mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər.
Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.
Vərəsəlik
hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə
mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun
onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni qanun və ya vəsiyyət
üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən
ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə
keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin
miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası
tətbiq edilir.
Qeyd
olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə
görə, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus
olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından
sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik
zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha
yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin
1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I
və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun
yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar).
Konstitusiya
Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin araşdırılması üçün Mülki Məcəllənin
1134-cü maddəsində nəzərdə tutulmuş “məqam” müddəasına aydınlıq gətirilməsini zəruri
hesab edir.
“Məqam”
sözü müxtəlif mənalarda işlənir: 1) yer, məkan; 2) vaxt, zaman, an, müddət; 3)
vəzifə, rütbə, mənsəb; 4) hal, vəziyyət. Zaman göstəricisi kimi “məqam”
vaxt, an mənalarında istifadə olunur. Bu baxımdan, Mülki Məcəllənin vərəsə
ola biləcək şəxslərin dairəsini müəyyən edən 1134.1-ci maddəsində nəzərdə
tutulmuş “miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər” müddəası miras
qoyanın öldüyü anda sağ olan vərəsələr mənasında başa düşülməlidir. Miras
qoyanın vərəsələrinin təyin edilməsi üçün də onun dəqiq ölüm anı müəyyən edilməlidir.
Bu an irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir.
Belə ki, miras qoyanın öldüyü anda sağ olmuş vərəsə miras qəbul edilənədək vərəsəlik
hüququnu həyata keçirmədən ölərsə, sonuncunun mirasdan pay almaq hüququ onun vərəsələrinə
keçir. Ölüm anının müəyyənləşdirilməsi mümkün olmadığı təqdirdə isə eyni gündə vəfat
edən, biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslər eyni anda ölmüş
hesab edilməli və onların bir-birinin vərəsəsi olması, habelə irsi
transmissiyanın tətbiqi Mülki Məcəllənin 1134.1-ci maddəsinin məzmununa uyğun
olaraq istisna edilməlidir. Eyni anda ölmüş hesab edilmiş miras qoyanların hər
biri üçün ayrılıqda miras açılmalı və vərəsələri müvafiq qaydada vərəsəliyə
çağırılmalıdır.
Qeyd
edilməlidir ki, Roma hüququna əsaslanaraq mülki hüquqda eyni anda ölmüş şəxslər
kommorient adlandırılır və onların bir-birinin vərəsəsi olması istisna edilir.
Şəxslərin kommorient olaraq qəbul edilməsi üçün onların eyni hadisə nəticəsində
(zəlzələ, daşqın və s.) və ya müxtəlif səbəblərdən ölməsi əhəmiyyət kəsb etməyərək,
eyni gündə ölən və ölüm anının müəyyənləşdirilməsi mümkün olmayan şəxslər
kommorient hesab edilərək onların bir-birinin vərəsəsi qismində çıxış etməsi
istisna edilir.
Beləliklə,
vərəsəlik hüquq normalarının mahiyyəti və məzmunu baxımından Mülki Məcəllənin
1134.1-ci maddəsində “məqam” sözü zaman göstəricisi kimi konkret anı ifadə
edir.
Mirasın
açılma vaxtı Mülki Məcəllənin 1146-cı maddəsi ilə müəyyən edilmişdir. Həmin
maddəyə əsasən, miras qoyanın öldüyü və ya fiziki şəxsin məhkəmə qaydasında
ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın
açıldığı vaxt sayılır.
Qeyd
olunmalıdır ki, mülki hüquqların həyata keçirilməsi və müdafiəsi vaxt (zaman)
kateqoriyası ilə sıx bağlıdır. Mülki hüquqların mövcudluğu, pozulmuş hüquqların
müdafiəsi və mülki-hüquqi nəticələr məhz vaxt (zaman) kateqoriyası ilə məhdudlaşır.
Əmlak və qeyri-əmlak münasibətlərinin hüquqi tənzimlənməsində müddətlər mühüm
rol oynayır.
Mülki
hüquqda müddət dedikdə, mülki hüquq münasibətlərinin (mülki hüquq və vəzifələrin)
əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitamının bağlı oldugu vaxt anı və ya
vaxt dövrü (kəsiyi) başa düşülür.
Mülki
Məcəllənin “Müddətlərin hesablanması” adlanan XVII fəslinin 367-ci maddəsinə
uyğun olaraq, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin
və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən
təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və
ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin
hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər.
Vaxt
dövrü ilə müəyyənləşdirilmiş müddətin axımı təqvim tarixindən və ya müddətin
başlanması üçün müəyyənləşdirilmiş hadisənin baş verməsindən sonrakı gün
başlanır (Mülki Məcəllənin 368-ci maddəsi).
Mülki
Məcəllənin 368 və 1146-cı maddələrinin əlaqəli təhlili onu göstərir ki, həmin Məcəllənin
1146-cı maddəsi müddətin başlanğıcının xüsusi qaydasını nəzərdə tutur. Miras
qoyanın öldüyü gün və ya fiziki şəxsin məhkəmə tərəfindən ölmüş elan
edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı
vaxt sayılır.
Beləliklə,
Mülki Məcəllənin mirasın açılma vaxtını tənzimləyən 1146-cı maddəsində nəzərdə
tutulmuş “gün” anlayışı miras qoyanın ölümü anından sonra hesablanan iyirmi
dörd saatlıq sutka mənasında deyil, miras qoyanın ölümünün baş verdiyi gün, təqvim
tarixi olaraq qəbul edilməlidir. Miras qoyanın öldüyü gün təqvim
tarixi etibarı ilə vərəsəliklə bağlı qanunvericilikdə nəzərdə
tutulmuş bir sıra məsələlərin həlli üçün mühüm meyar kimi çıxış edir. Məhz həmin
tarixdən etibarən mirası qəbul etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş
müddətin axımı başlanır, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti
sayılır, eləcə də vərəsəlik şəhadətnaməsi vərəsələrə bir qayda olaraq, mirasın
açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir (Mülki Məcəllənin
1246, 1255 və 1322-ci maddələri). Qeyd edilən məsələlərin həllində mirasın
açılma tarixi miras qoyanın öldüyü gün, təqvim tarixi olaraq müəyyən edilir və
qanunvericilikdə müəyyən edilmiş müddətlərin axımı həmin təqvim tarixindən
başlamaqla hesablanır.
Göstərilənlərə
əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
-
Mülki Məcəllənin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin
öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün
onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və
miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər;
-
Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə
bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən
edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu
anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi
varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün
ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq
miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının
qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə
açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər.
2.
Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə
bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən
edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu
anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi
varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün
ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir.
3.Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4.
Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və
ya rəsmi təfsir edilə bilməz.
Sədr
Fərhad
Abdullayev