Постановления

24.12.19 «Azərçörək» İB 18 saylı müəssisəsinin direktoru R.Əfəndiyevin şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

                                                  

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

 24 dekabr 2019-cu il                                                                             Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi  Rauf Əfəndiyev və vəkili Zaur Niftəliyevin,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyevin,

maraqlı şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Hüquq idarəsinin Hüquqi-normativ aktların hazırlanmasının əlaqələndirilməsi şöbəsinin müdiri Rəşadət Cəbrayılov, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi nəzdində Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun baş hüquqşünası Camal Abdullayevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin  İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin və vəkilinin, maraqlı şəxslərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

“Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsi (bundan sonra –Müəssisə) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və digərinə qarşı icarə müqaviləsinin ləğv edilməsinə dair 24 dekabr 2014-cü il tarixli sərəncamın ləğv olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 yanvar 2017-ci il tarixli qərarı ilə Müəssisənin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının  (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) 17 may 2017-ci il tarixli qərarı ilə Müəssisənin  kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 yanvar 2017-ci il tarixli qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin  qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək Müəssisə ilə bağlanmış 23 sentyabr 2014-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin 24 dekabr 2014-cü il tarixli sərəncamı ləğv edilmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 may 2018-ci il tarixli qərarı ilə Müəssisənin apellyasiya şikayəti təmin edilməyərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 may 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

Ali  Məhkəmənin  İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadı ilə Müəssisənin apellyasiya instansiyası məhkəməsinin göstərilən qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmaması, kassasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina olunması qərara alınmışdır.

 Müəssisənin direktoru R.Əfəndiyev Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra  Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək,   Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra  Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Müəssisənin kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmaması, kassasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina olunması haqqında qərardad qəbul edərkən maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermişdir.

Ərizəçinin qənaətinə görə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadı ilə onun Konstitusiyanın 60-cı maddəsi ilə müəyyən edilmiş hüquq və azadlıqlarının inzibati və məhkəmə təminatı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra  Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə hüququ, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 9, 14, 88, 220-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra  Mülki Məcəllə) 6 və 152-ci maddələrinin tələbləri pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, şikayətin araşdırılması üçün ilk növbədə hüquq və azadlıqların məhkəmə təminatı, ədalətli məhkəmə araşdırılması hüquqlarının və bununla bağlı bir sıra qanunvericilik normalarının açıqlanmasına zərurət vardır.

Konstitusiyanın 26-cı maddəsinə müvafiq olaraq, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 2011-ci il 5 dekabr tarixli Qərarı).

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.

Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” 2017-ci il 12 aprel tarixli Qərarı).

Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Beləliklə, məhkəmə müdafiəsi ilə bağlı konstitusiya təminatı hüquq və azadlıqların müdafiə sisteminin əsasını təşkil etməklə Konstitusiyada öz əksini tapmış digər hüquq və azadlıqların səmərəli müdafiəsinin təmin edilməsi məqsədini daşıyır. Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin  birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir.

Ölkəmizdə müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədini daşıyan və məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsini təşkil edən  Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı da ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsinə, məhkəməyə əlçatanlığın və ictimai etimadın, ədalət və s. prinsiplərə dönmədən riayət edilməsinin təmin edilməsinə yönəlmişdir.

Məhkəmələrə əlçatanlığın təmin edilməsi və müraciət imkanlarının daha da genişləndirilməsi həm də sahibkarların hüquqlarının etibarlı müdafiəsi üçün zəruridir.

Məhkəmə əlçatanlığı prinsipi ədalətli və qanuna uyğun həyata keçirilməli olan ədalət mühakiməsi konsepsiyasının əsasını təşkil etməklə hər kəsin məhkəmə müdafiəsi hüququndan istifadəsini məhdudlaşdıran və ya istisna edən maneələrin aradan qaldırılmasına yönələn dövlət siyasətinin elementlərinin məcmusu kimi çıxış edir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər (Valçli Fransaya qarşı iş üzrə 2007-ci il 26 iyul və Laberger Fransaya qarşı iş üzrə 2006-cı il 26 sentyabr tarixli Qərarlar).

Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.

Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, ədalət mühakiməsinə əlçatanlıq Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin ayrılmaz tərkib hissəsi olmaqla demokratik cəmiyyətdə hər kəs üçün ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsini zəruri edir (Qolder Böyük Britaniyaya qarşı iş üzrə 1975-ci il 21 fevral tarixli Qərar).

Qeyd olunanları nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmə müdafiəsi hüququnun təmin edilməsi üçün ədalət mühakiməsinə əlçatanlıq böyük əhəmiyyət kəsb edir. Ədalət mühakiməsinə əlçatanlıq hüququn aliliyi prinsipinin əsasını təşkil edərək, hər kəs üçün məhkəməyə müraciət hüququnun bərabər şəkildə tanınmasını, subyektiv hüquq və maraqlarının pozulmasınadək mövcud olmuş vəziyyətin tezliklə və effektiv bərpa edilməsi mexanizminin təmin edilməsini ehtiva edir.

İnzibati icraat zamanı şikayətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edilənlik (mümkünlük) meyarlarının, o cümlədən şikayətlərin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətlərin tətbiqi məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması əsaslarındandır.

Şikayətdən və işin materiallarından da göründüyü kimi, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Müəssisənin direktoru R.Əfəndiyevin kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmaması, kassasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina olunması barədə 1 may 2019-cu il tarixli qərardad qəbul edərkən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) məhz məhkəmə müdafiəsi hüququnun məhdudlaşdırılması əsaslarından birini nəzərdə tutan 94-cü, habelə apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi məsələsini tənzimləyən 89-cu maddələrinə əsaslanmışdır.

İnzibati Prosessual Məcəllənin 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3 və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Həmin Məcəllənin 89-cu maddəsinə görə isə bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

R.Əfəndiyevin şikayəti üzrə inzibati işin materiallarına görə, iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarı 23 yanvar 2019-cu ildə təqdim edilmiş, kassasiya şikayəti isə 22 fevral 2019-cu il tarixində verilmişdir.

Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə mindiyi gün kassasiya şikayəti verilmiş olsa da, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası buraxılmış prosessual müddətin bərpası barədə ərizəni təmin etməyərək kassasiya şikayətini mümkün saymamış və  onun qəbulundan imtina etmişdir.

Bununla  da inzibati icraatla bağlı qanunvericiliyin prosessual tələblərinə kassasiya instansiyası məhkəməsi formal yanaşmış, müvafiq normaları ciddi şəkildə tətbiq etmiş və nəticədə R.Əfəndiyevin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Müəssisənin direktoru R.Əfəndiyevin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmaması, kassasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina olunmasına dair Ali  Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun  52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

    

QƏRARA  ALDI:

 

1. “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru R.Əfəndiyevin Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsinin təmin olunmaması, kassasiya şikayətinin mümkün sayılmaması və onun qəbulundan imtina olunmasına dair Azərbaycan Respublikası Ali  Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 1 may 2019-cu il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin  I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar  “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski  raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 Sədr                                                                                       Fərhad Abdullayev