Постановления

09.11.04 İ.M.Allahverdiyev və qeyrilərinin şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin MİÜMK-nın 01.04.04 tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN RESPUBLİKASI

KONSTİTUSİYA MƏHKƏMƏSİ  PLENUMUNUN

Q Ə R A R I

İ.M.Allahverdiyev və qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər  üzrə  Məhkəmə  Kollegiyasının

2004-cü il 01 aprel tarixli qərarının  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

09 noyabr   2004-cü il                                                                                                Bakı şəhəri

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

 məhkəmə katibi İ.İsmayılovun,

 ərizəçi İ.Allahverdiyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında  İmran Misir oğlu Allahverdiyev və qeyrilərinin «Bakı Elektrotökmə»  Açıq Səhmdar Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 2004-cü il 01 aprel tarixli qərarının  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair  şikayətinə baxdı.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2004-cü il 20 oktyabr tarixli, 8m-356/04 saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.

İş üzrə hakim B.Qəribovun məruzəsini, ərizəçi İ.Allahverdiyevin çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu                                                                                      

MÜƏYYƏN   ETDİ:

İ.M.Allahverdiyev, Q.N.Muradov, A.D.Zülfüqarov, Ə.B.İbrahimov, H.H.Qədirov, D.X.Rəhimov,  E.B.Məmmədov,  Q.İ.Dadaşov,  V.M.Arazov, A.A.İbrahimov,  B.Y.Əbdülov,  R.Z.Məmmədov (bundan sonra  İ.M.Allahverdiyev və qeyriləri) şikayətlərində göstərirlər ki, «Bakı Elektrotökmə» Açıq Səhmdar Cəmiyyətinə qarşı 1998-ci il 27 fevral tarixli 28 saylı əmrin ləğv edilməsinə dair iddiaları həmin əmrin 1998-ci ildə verildiyini və buna görə də iddia vermə müddətinin ötürüldüyünü  əsas tutmaqla Nərimanov rayon məhkəməsinin 2003-cü il 10 sentyabr tarixli qətnaməsilə rədd edilmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (MİÜMK) 2003-cü il 20 noyabr tarixli qətnaməsilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən  saxlanmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının  (MİÜMK) 2004-cü il 01 aprel tarixli qərarı ilə Apellyasiya Məhkəməsi MİÜMK-nın qətnaməsi dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti isə təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin 2004-cü il 01 iyun tarixli məktubu ilə İ.M.Allahverdiyev və qeyrilərinin əlavə kassasiya qaydasında verdikləri şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 424-cü maddəsində nəzərdə tutulmuş əsasların olmadığı üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilmişdir.

Şikayətdə sonra bildirilir ki, ərizəçilər cavabdeh təşkilatda işləmiş, müxtəlif dövrlərdə əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış və əmək qabiliyyətlərini itirdiklərinə görə əlil hesab olunmaqla onlara əmək xəsarətinə görə müvafiq ödənc verilmışdir.

Azərbaycan Respublikasının qanunvericiliyində əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud belə səbəblərə görə həlak olmuş işçilərin ailələrinə verilən ödənclərin həcminin və miqdarının yalnız artırılmasının müəyyənləşdirilməsinə baxmayaraq 1998-ci il 27 fevral tarixli 28 saylı əmr istehsalın səviyyəsinin dəyişməsilə əlaqədar faktiki əmək haqqının artması ilə yanaşı, onun azalmasını da qeyd olunan şəxslərə verilən ödənclərin həcminə və miqdarına təsir edən amil kimi nəzərdə tutmuşdur.

Belə hal isə həmin müəssisədə əmək xəsarəti alaraq əlil hesab          edilmiş şəxslərə verilməli ödənclərin miqdarının azaldılmasına səbəb olmaqla onların qanunla nəzərdə tutulan hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

Şikayətdə həmçinin  göstərilir ki,  belə kateqoriyadan olan 10 nəfər işçinin həmin müəssisəyə qarşı ödənc tələbinə dair iddiası məhkəmələr tərəfindən tam təmin edilmişdir (Nərimanov rayon məhkəməsinin 2000-ci il 09 oktyabr tarixli, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 2001-ci il 16 aprel tarixli qətnamələri, Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 2001-ci il 08 iyun tarixli qərarı).

Beləliklə, ərizəçilər kassasiya instansiyası məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edərək  onun Azərbaycan Respublikasının Konstitusiyasına və mülki qanunvericiliyinə uyğunluğunun yoxlanılmasını  xahiş  edirlər.

Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

İş materiallarından görünür ki, İ.M.Allahverdiyev və qeyriləri «Bakı Elektrotökmə» Açıq Səhmdar Cəmiyyətinə qarşı «Mərkəzi Elektrotökmə» zavodu üzrə «zavodda işin müvəqqəti və ya uzun müddətə dayandırılıb və ya ayda 100 tondan az miqdarda məhsul istehsal edildiyi aylarda 02.02.1998-ci il tarixli əsasnamənin 3-cü bəndinin icrası qaydaları haqqında» 1998-ci il 27 fevral tarixli 28 saylı əmrin ləğv edilməsinə dair iddia ilə Nərimanov rayon məhkəməsinə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, bu şəxslər cavabdeh müəsissədə işləyərkən müxtəlif vaxtlarda əmək xəsarəti almış, əmək qabiliyyətlərini itirdiklərinə görə əlil hesab olunmuş və onlara aldıqları xəsarətə görə ödənc verilmişdir. Lakin cavabdeh bu əmrə müvafiq olaraq onun verildiyi tarixdən sonrakı dövrlər üçün tarif maaşlarının kütləvi azalmasını əsas tutaraq həmin şəxslərə təyin olunmuş aylıq ödəncləri yenidən hesablamaqla onlara verilməli olan aylıq ödənclərin məbləğini azaltmışdır. Belə hal isə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmamışdır.

Nərimanov rayon məhkəməsinin 2003-cü il 10 sentyabr tarixli qətnaməsilə iddia Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin  3-cü, 4-cü hissələrinə (pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən  rədd edilmişdir.

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın  2003-cü il 20 noyabr tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi  MİÜMK-nın    2004-cü il 01 aprel tarixli qərarı ilə müvafiq olaraq birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin qətnamələri dəyişdirilmədən saxlanılmışdır.

İstehsalın təkmilləşdirilməsilə əlaqədar mühüm əhəmiyyət kəsb edən amillərdən biri də qanuni əsaslara müvafiq olaraq əməyin mühafizəsinin təşkil olunmasıdır. Bu sahədə həyata keçirilən fəaliyyət ilk növbədə əmək funksiyalarını yerinə yetirən işçilərin iş yerlərində təhlükəsizliyinin təmin edilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

         Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilən hüquqlar sırasında göstərilmişdir (35-ci maddənin VI hissəsi).

         Bu baxımdan qanunvericilikdə fiziki şəxsin həyatına və sağlamlığına vurulan zərərə (həmçinin əmək funksiyasının yerinə yetirilməsilə əlaqədar)  görə öhdəliyin yaranması nəzərdə tutulmuşdur.

         Belə ki, Azərbaycan Respublikasının Mulki Məcəlləsi (bundan sonra MM)  fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərəri delikt hesab etməklə onu öhdəliyin bir növü kimi tanıyır. Bu Məcəllədə həmçinin belə zərərin əvəzinin ödənilməsilə bağlı qaydalar da müəyyənləşdirilmişdir (MM-in 1117 - 1127-ci maddələri).

         Qeyd edilməlidir ki, delikt öhdəliyi institutu səmərəli və effektiv mülki hüquqi müdafiə vasitəsidir və  fərdin əvəz edilməz nemət kimi malik olduğu həyat və sağlamlığının qorunmasına və mühafizəsinə  xidmət edir. Həyatına və sağlamlığına vurulan zərər nəticəsində fiziki şəxs bir tərəfdən həm fiziki həm də mənəvi iztirab, sarsıntı keçirir, digər tərəfdən isə  əmlak itkisilə üzləşir. Göstərilənlərdən başqa belə şəxs sağlamlığının bərpası məqsədilə əlavə xərclərin çəkilməsinə  də məruz qalır.

         Həyatına və sağlamlığına zərər vurulmuş şəxsin qarşılaşdığı mənfi amillərin müxtəlifliyi və çoxtərəfliliyi nəinki ona, habelə dolayısı ilə  onun ailə üzvlərinə, yaxınlarına da sirayət edir. Bu baxımdan mənfi xarakterli halların kompleks şəklində mövcudluğunu nəzərə alaraq qanunverici vurulmuş belə zərərin əvəzinin ödənilməsi haqqında tələblərə  iddia müddətinin tətbiq edilməməsinə dair imperativ norma da müəyyənləşdirmişdir.

         Belə ki, MM-in 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsinə dair tələblələrə iddia müddəti şamil edilmir.

         Belə norma həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində də (bundan sonra  ƏM) mövcuddur.

         Həmin Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

         Göstərilən maddənin 4-cü hissəsinə 2002-ci il 23 aprel tarixdə «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq elilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş  Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər  və əlavələr edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında»  Azərbaycan Respublikası Qanununun XX maddəsinin 2-ci hissəsilə ikinci cümlə əlavə edilmişdir. Bu əlavəyə görə işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir (Bu Qanun 2002-ci il 04 may tarixdə qüvvəyə minmişdir).

İş materiallarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən bu məsələyə baxılarkən ƏM-nin 296-cı maddəsinin həmin vaxt qüvvədə  olan 4-cü  hissəsi   tətbiq edilməmişdir.

          Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418.1-ci maddəsinə əsasən isə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

 Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi  MİÜMK-nın    2004-cü il 01 aprel tarixli qərarı  MPM-nin 416-cı və 418.1-ci maddələrinin tələbləri ilə ziddiyyət təşkil edir. Bu hal isə  Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində  hər kəsin hüquq və azadlıqlarının məhkəmədə  müdafiəsinə verilmiş təminatın pozulması kimi qiymətləndirilməlidir.    Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X  hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu      

QƏRARA   ALDI:

1. İ.M.Allahverdiyev və qeyrilərinin iddiası ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər  üzrə  məhkəmə  kollegiyasının 2004-cü il 01 aprel tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı, 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki-prossesual qanunvericiliyi ilə müəyyən edilmiş  qaydada və müddətdə  yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar  «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədrlik edən                                                   Fərhad Abdullayev