Постановления

25.10.04 AR Prezidentinin 05.01.93 tarixli, 392 saylı fərmanının və AR Nazirlər Kabinetinin 04.07.93 tarixli, 267saylı qərarının AR Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

Azərbaycan Respublikası adından

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 05 yanvar tarixli, 392 saylı fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1993-cü il 04 iyun tarixli, 267 saylı qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair

25 oktyabr 2004-cü il                                                                                                        Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

konstitusiya məhkəmə icraatında sorğuverənin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ş.Hidayevin,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası aparatının rəhbəri-təşkilat işləri və məlumat şöbəsinin müdiri H.Cəfərov və hüquq şöbəsinin əməkdaşı L.Acalovanın iştiraki ilə,  

Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 05 yanvar tarixli, 392 saylı fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 04 iyun tarixli, 267 saylı qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 2004-cü il 03 sentyabr tarixli, 8-7/2003 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

Cavabverən konstitusiya işinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

İş üzrə hakim B.Qəribovun məruzəsini, konstitusiya məhkəmə icraatında sorğuverənin nümayəndəsi Ş.Hidayevin çıxışını, L.Acalovanın arayışını dinləyib, konstitusiya işinin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN ETDİ:

     

Azərbaycan Respublikası Ali Məhkəməsinin sorğusunda göstərilir ki, Azərbaycan Respublikası Prezidentinin 1993-cü il 05 yanvar tarixli, 392 saylı fərmanı ilə «Sanatoriyaların və istirahət evlərinin Azərbaycan Həmkarlar İttifaqları şurasının sərəncamına verilməsi haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1960-cı il 30 aprel tarixli, 342a saylı qərarı ləğv edilmiş Həmkarlar İttifaqlarının Kurortlar İdarəsi üzrə Azərbaycan Respublika Şurası, onun nəzdində olan sanatoriyalar, istirahət evləri, pansionatlar, tikilməkdə olan binalar, bütün təsərrüfat müəssisə və təşkilatları və onlara məxsus olan digər əmlakı ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə isə həmin obyektlərin tikilməsinə və inkişafına AHİŞ-nin qoyduğu vəsaitin ödənilməsini təmin etmək vəzifəsi tapşırılmışdır. Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti 1993-cü il 04 iyun tarixli, 267 saylı qərarla dövlət mülkiyyəti olan kurort idarələrinin dəyişdirilməsi yolu ilə «Kurort» səhmdar cəmiyyətinin yaradılmasının Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 09 iyun tarixli, 313 saylı qərarına zidd olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmadığına görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi kollegiyasının «Kurort» səhmdar cəmiyyətinin Dövlət qeydiyyatına alınması haqqında 1992-ci il 03 noyabr tarixli qərarını ləğv etmişdir.

Sorğuverən belə hesab edir ki, göstərilən fərman və qərar Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüquqlarını təsbit edən 13 və 29-cu maddələrinə uyğun deyildir və Həmkarlar İttifaqları Konfederasiyasının mülkiyyət hüququnu pozur. Buna görə də, həmin normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasını xahiş edir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan SSR Nazirlər Sovetinin 1960-cı il 30 aprel tarixli, 342a saylı qərarının 1-ci bəndinə əsasən zəhmətkeşlərin istirahətinin təşkilinin və sanatoriya-kurort xidmətinin daha da yaxşılaşdırılması məqsədilə Azərbaycan SSR Səhiyyə Nazirliyinin kurort, sanatoriya və istirahət evləri Baş idarəsinin sərəncamında olan bütün təsərrüfat hesablı sanatoriyalar (vərəmlə bağlı olanlar istisna olmaqla), istirahət evləri, kurort müalicəxanaları və poliklinikalar, pansionatlar, kurortlardakı mehmanxanalar, habelə Azərbaycan SSR Səhiyyə Nazirliyi üçün yeni tikilən sanatoriyalar (vərəmlə bağlı olanlar istisna olmaqla), istirahət evləri və digər sanatoriya-kurort təşkilatları həmçinin, Azərbaycan SSR Səhiyyə Nazirliyinin kurortlar, sanatoriyalar və istirahət evləri Baş idarəsi nəzdində olan bütün müəssisə, təşkilat və kurort kontorları ilə birgə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sərəncamına verilmişdir.

«Sanatoriya-kurort kompleksinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin1993-cü il 05 yanvar tarixli fərmanı (bundan sonra-Fərman) ilə «Sanatoriyaların və istirahət evlərinin Azərbaycan Həmkarlar İttifaqları Şurasının sərəncamına verilməsi haqqında» Azərbaycan SSR Nazirlər Sovetinin 1960-cı il 30 aprel tarixli, 342a saylı qərarı ləğv edilmiş, Həmkarlar İttifaqlarının Kurortlar İdarəsi üzrə Azərbaycan Respublika Şurası, onun nəzdində olan sanatoriyalar, istirahət evləri, pansionatlar, tikilməkdə olan binalar, bütün təsərrüfat müəssisə və təşkilatları və onlara məxsus olan digər əmlakı ilə birlikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi müəyyənləşdirilmişdir. Bu fərmanla həmçinin verilən obyektlərin tikilməsinə və inkişafına AHİŞ-nin qoyduğu vəsaitin ödənilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.

 «Azərbaycan Respublikası Prezidentinin «Sanatoriya-kurort kompleksinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi haqqında» fərmanının icrası barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 04 iyun tarixli, 267 saylı qərarı ilə dövlət mülkiyyəti olan kurort idarələrinin dəyişdirilməsi yolu ilə «Kurort» səhmdar cəmiyyətinin yaradılmasının Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 09 iyun tarixli, 313 saylı qərarına zidd olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılmadığına görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi kollegiyasının «Kurort» səhmdar cəmiyyətinin Dövlət qeydiyyatına alınması haqqında 1992-ci il 03 noyabr tarixli qərarı ləğv edilmiş, Maliyyə, Səhiyyə Nazirliklərinə bir ay müddətində Səhiyyə Nazirliyinin tabeliyinə verilən obyektlərin tikilməsinə və inkişafına AHİŞ-nin qoyduğu vəsaitin ödənilməsini təmin etmək üçün Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası ilə razılaşdırılmış müvafiq təkliflərin təqdim edilməsi, habelə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturunda sanatoriya-kurort müəssisələri birliyi yaradılması göstərişi verilmişdir.

 Həmkarlar İttifaqları Şurasının öz əmlakı üzərində mülkiyyət hüququnun mövcud olub-olmamasının müəyyən edilməsi sorğuda qaldırılan məsələnin həlli baxımından fərman qəbul edilən tarixədək qüvvədə olmuş qanunvericilik aktlarının da təhlilini zəruri edir.

Qeyd edilməlidir ki, Azərbaycan SSR Nazirlər Sovetinin yuxarıda göstərilən qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının ona verilən əmlaka mülkiyyət hüququnun mövcud olması digər normativ hüquqi aktlarla təsdiqini tapır. Belə ki, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktının (bundan sonra-Konstitusiya Aktı) qəbul edildiyi 1991-ci il 18 oktyabr tarixədək olan dövrdə də Həmkarlar İttifaqları təşkilatlarının mülkiyyəti dövlət tərəfindən tanınırdı.

1964-cü il 11 sentyabr tarixli qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikasının (Azərbaycan SSR) Mülki Məcəlləsinin (bu Məcəllə 2000–ci il 28 may tarixli Qanunla qüvvədən düşmüşdür) 97-ci maddəsində də əks olunmuşdur ki, həmkarlar ittifaqları təşkilatları və sair ictimai təşkilatlar öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlaka sahiblik edir, ondan istifadə edir və onun üzərində sərəncam verirlər.

Həmkarlar ittifaqları təşkilatlarının və sair ictimai təşkilatların mülkiyyətini təşkil edən əmlak üzərində sərəncam hüququ, ancaq mülkiyyətçilərin özlərinə məxsusdur.

Bu Məcəllədə həmçinin həmkarlar ittifaqları təşkilatlarının mülkiyyətinə aid olan əmlakın müdafiəsilə əlaqədar imperativ normalar da nəzərdə tutulmuşdur.

 Həmin Məcəllənin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən həmkarlar ittifaqları təşkilatlarına və digər ictimai təşkilatlara məxsus olan binalara, qurğulara, avadanlığa və müəssisələrin, sanatoriyaların, istirahət evlərinin, mədəniyyət saraylarının, klubların, stadionların və pioner düşərgələrinin əsas vəsaitlərinə aid olan başqa əmlaka, habelə mədəni-maarif fondlarına kreditorların tələbləri üzrə ödəmələr yönəldilə bilməz.

Məcəllədə mülkiyyət hüququnun müdafiə edilməsi üsullarından həmçinin həmkarlar ittifaqları təşkilatlarının istifadə etmələrinə qarşı heç bir məhdudiyyət qoyulmamışdır.

Digər tərəfdən 1971-ci il 10 dekabr tarixli qanun ilə qəbul olunmuş Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin (bu Məcəllə 1999-cı il 01 fevral tarixli Qanunla qüvvədən düşmüşdür) 242-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuşdur ki, həmkarlar ittifaqları dövlət ictimai sığortasını, həmçinin özlərinin tabeliyində olan sanatoriyaları, profilaktoriləri və istirahət evlərini, mədəni-maarif, turist və idman müəssisələrini idarə edirlər.

Qeyd olunmalıdır ki, Konstitusiya Aktının 22-ci maddəsinə görə mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və kollektiv mülkiyyət şəklində ola bilər. Xüsusi və kollektiv mülkiyyətə qanunla icazə və təminat verilir; qanun onların alınması və onlardan istifadə olunması üsullarını, onun fəaliyyət hüdudlarını müəyyən edir. Xüsusi və kollektiv mülkiyyət məcburi şəkildə özgəninkiləşdirilə bilməz. Qanunda nəzərdə tutulmuş hallarda xüsusi və kollektiv mülkiyyət zərərin ödənilməsi şərtilə Azərbaycan Respublikasının xeyrinə özgəninkiləşdirilə bilər ( 22-ci maddənin 1,2,3-cü hissələri).

Konstitusiya Aktının mülkiyyət hüququna dair müddəalarından irəli gələn və mülkiyyətlə bağlı münasibətləri tənzimləyən «Azərbaycan Respublikasında Mülkiyyət haqqında» Azərbaycan Respublikası Qanununa görə (bu qanun 2002–ci il 23 aprel tarixli Qanunla qüvvədən düşmüşdür) Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallarda və qaydada mülkiyyətçinin öhdəlikləri üzrə əmlakın tutulmasından başqa, heç bir halda mülkiyyət hüququna mülkiyyətçinin iradəsi ziddinə xitam verilə bilməz ( 6-cı maddə).

Bundan başqa, həmin qanunda mülkiyyətçilərin hüquqlarını pozan aktların etibarsız hesab edilməsinə dair mübahisələrin tənzimlənməsilə bağlı müddəalar da nəzərdə tutulmuşdur ( 24-cü maddə).

Beləliklə, o dövrdə qüvvədə olan qanunvericilik aktlarının təhlili onu göstərir ki, həmin aktlarda bütövlükdə mülkiyyət növləri, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Şurasının ona məxsus olan əmlaka mülkiyyət hüququnun mövcudluğunun dövlət tərəfindən tanınması ilə yanaşı, bu hüquqa hər hansı əsassız müdaxiləyə və onun məhdudlaşdırılmasına qarşı (o cümlədən dövlət orqanları tərəfindən) effektiv müdafiə mexanizminin müəyyənləşdirilməsilə təminat verilmişdir.

Fərman qəbul edilən zaman mövcud qanunvericiliyə görə Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətin bölünməsi prinsipinə əsaslanmış və onun ərazisində yalnız Azərbaycan Respublikasının Konstitusiyası və qanunları qüvvədə olmuşdur (Konstitusiya Aktının 13,15-ci maddələri). Həmin dövrdə qüvvədə olan Konstitusiyanın 121-6-cı maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının Qanunları əsasında və onların icrası üçün Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malik fərmanlar verir.

Lakin fərmanın müddəallarının göstərilən qanunvericilik normalarına uyğunluğu baxımından təhlili isə belə nəticəyə gəlməyə əsas verir ki, o, nəinki həmin normaların tələblərinə cavab vermir, eləcə də qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququna dair prinsip və təminatları inkar edir.

Belə ki, Konstitusiya Aktının 32-ci maddəsi bu Konstitusiya Aktının Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsas olmasını nəzərdə tutmuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktında əks olunan prinsiplərin əsas götürülməsi də göstərilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur , heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 13-cü maddəsinin I, II və 29-cu maddəsinin I, II, IV hissələri).

Vətəndaş cəmiyyətinin və bazar iqtisadiyyatının təşəkkül tapması və daha da inkişaf etdirilməsi sahəsində hüquqi , sosial dövlətin əsas vəzifələrindən biri də mülkiyyət növlərinin bərabər statusunun ,habelə mülkiyyətin müdafiəsilə bağlı eyni imkanların mövcudluğunun təmin edilməsinə yönələn tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu baxımdan dövlətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün malik olduğu səlahiyyətlərdən biri də mülkiyyətlə əlaqədar ictimai münasibətləri tənzimləməsidir. Mülkiyyətin sosial funksiya daşıması və bu baxımdan ona dövlət tərəfindən zərurəti qanunla müəyyənləşdirilən hallarda müdaxilənin edilməsi danılmaz faktır. Lakin belə səlahiyyətləri yerinə yetirərkən mülkiyyət hüququna edilən müdaxilə qanuni hədlər daxilində olmaqla ciddi ictimai zərurətdən irəli gəlməli və Konstitusiya prinsiplərindən kənara çıxmamalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin IV hissəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin fərmanları Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olmamalıdır.

Qeyd olunan fərmanla mülkiyyət hüququnun müdafiəsinə təminat verən konstitusiya normalarının, həmçinin göstərilən qanunların müddəalarının inkar edilməsi Azərbaycan Həmkarlar İttifaqları Şurasının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də, fərman Konstitusiyaya uyğun hesab edilə bilməz.

 Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Konstitusiyaya uyğun olmayan hesab edilmiş normativ-hüquqi aktların, o cümlədən fərmanların əsasında və onların icrası məqsədilə digər hakimiyyət orqanları (Azərbaycan Respublikası Nazirlər Kabineti də daxil olmaqla) tərəfindən qəbul edilən normativ-hüquqi aktlar da Konstitusiyaya zidd olan kimi qəbul edilməlidir.

Bu tələb Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin müddəalarından irəli gəlir. Belə ki, həmin maddənin V hissəsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Bu baxımdan ««Azərbaycan Respublikası Prezidentinin «Sanatoriya-kurort kompleksinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi haqqında» fərmanının icrası barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 04 iyun tarixli, 267 saylı qərarı Konstitusiyanın göstərilən normaları ilə ziddiyyət təşkil edir.

Onu da qeyd etmək zəruridir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1960-cı il 30 aprel tarixli, 342a saylı qərarı ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sərəncamına verilən əmlakın altındakı torpaq sahələrilə bağlı hüquq münasibətləri «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının Torpaq Məcəlləsi və digər qanunları ilə tənzimlənməlidir.

   Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65- 67 və 69-cu maddələrini rəhbər tuturaq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

QƏRARA ALDI:

1. Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 1993-cü il tarixli, 392 saylı fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 iyun 1993-cü il tarixli, 267 saylı qərarı Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun olmadıqları üçün qüvvədən düşmüş hesab edilsin.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı» nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

 Sədrlik edən                                                            Fərhad Abdullayev