Литература

Əlilliyi olan şəxslərin məhkəməyə əlçatanlıq hüququ

 

Anar Babayev

 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Aparat rəhbəri

 

Xəyalə Əfəndiyeva

 

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin

   Aparatının Ümumi şöbəsinin baş məsləhətçisi

 

 

  ƏLİLLİYİ OLAN ŞƏXSLƏRİN MƏHKƏMƏYƏ ƏLÇATANLIQ HÜQUQU

 

XÜLASƏ

Məhkəmə sisteminin inklüzivliyi əlilliyi olan şəxslərin hüquqlarından tam və səmərəli şəkildə istifadə edə bilmələrinin vacib şərtlərindən hesab olunur. Məqalədə əlilliyi olan şəxslərin məhkəməyə əlçatanlıq hüququnun mahiyyəti beynəlxalq insan hüquqları standartları və milli hüquqi tənzimləmə kontekstində tədqiq edilir. Araşdırmanın məqsədi əlilliyi olan şəxslərin ədalət mühakiməsinə digərləri ilə bərabər çıxış hüququnun həyata keçirilməsi zamanı qarşıya çıxan maneələri təhlil etmək və onların aradan qaldırılması istiqamətində hüquqi yanaşmaları qiymətləndirməkdir. Tədqiqat Birləşmiş Millətlər Təşkilatının “Əlillərin Hüquqları haqqında Konvensiya”sının müddəaları, bu sahədə qəbul olunmuş beynəlxalq prinsiplər, habelə müxtəlif dövlətlərin qabaqcıl təcrübələrinə əsaslanmaqla sistemli təhlil metodu əsasında aparılmışdır. Eyni zamanda, Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin ədalət mühakiməsinə effektiv çıxışının təmin edilməsinə dair qanunvericilik bazası təhlil olunmuş, beynəlxalq standartlarla müqayisədə müəyyən inkişaf perspektivləri müəyyənləşdirilmiş, bu istiqamətdə bir sıra təkliflər irəli sürülmüşdür.

 

Açar sözlər: əlilliyi olan şəxs, bərabərlik, məhkəməyə əlçatanlıq, prosessual uyğunlaşmalar

 

 

Anar Babayev

Secretary General of the Constitutional Court of the

Republic of Azerbaijan

 

Khayala Afandiyeva

Chief Adviser of the General Department of the Secretariat of the Constitutional Court of

the Republic of Azerbaijan



 

          THE RIGHT OF PERSONS WITH DISABILITIES TO ACCESS TO JUSTICE

 

ABSTRACT

The inclusiveness of the judicial system is considered one of the essential conditions for persons with disabilities to fully and effectively exercise their rights. The article examines the essence of the right of persons with disabilities to access to justice in the context of international human rights standards and national legal regulation. The purpose of the study is to analyze the barriers encountered in the exercise of the right of persons with disabilities to equal access to justice with others and to assess legal approaches aimed at eliminating those barriers. The research was conducted on the basis of a systematic analysis method, relying on the provisions of the United Nations Convention on the Rights of Persons with Disabilities, internationally accepted principles in this field, as well as the best practices of various states. Furthermore, the article analyses the legislative framework for ensuring effective access to justice for persons with disabilities in the Republic of Azerbaijan, identifies potential areas for improvement in light of international standards, and advances a number of proposals aimed at strengthening the existing legal framework.

Keywords: person with disability, equality, access to justice, procedural accommodations

 

GİRİŞ

Demokratik dövlətlərdə hüququn aliliyinin bərqərar olunması baxımından mühüm əhəmiyyət daşıyan ədalət mühakiməsinə əlçatanlıq hüququnun təminat səviyyəsi əlilliyi olan şəxslərə münasibətdə xüsusi aktuallıq təşkil edir.

Əlilliyi olan şəxslər üçün əlçatanlıq yalnız hüquqlardan istifadə etməyin vasitəsi deyil, həm də müstəqil və insan ləyaqətinə uyğun həyat sürə bilmələri üçün vacib şərtdir. Bu baxımdan əlilliyi olan şəxslərin cəmiyyətin digər üzvləri ilə bərabər əsasda fiziki mühitə, nəqliyyata, məlumat və ünsiyyət vasitələrinə, ictimai istifadə üçün açıq olan digər obyekt və xidmətlərə çıxışının təmin edilməsi zəruridir. Dövlətlər tərəfindən əlilliyi olan şəxslərin öz hüquq və azadlıqlardan istifadə imkanlarının müxtəlif mexanizmlər vasitəsilə genişləndirilməsi istiqamətində beynəlxalq və lokal səviyyədə mühüm addımlar atılsa da,  onların müəyyən hallarda əsas insan hüquqlarının realizəsi ilə bağlı qarşılaşdıqları ayrı-seçkilik və hüquq pozuntularının aradan qaldırılması hələ də bir çox ölkələrdə mühüm hüquqi problem kimi qiymətləndirilir.  Bu kateqoriyadan olan şəxslər ədalət mühakiməsinə çıxışda, mülki,  cinayət, inzibati və digər icraatlarda da ciddi maneələrlə üzləşə bilirlər. Bu cür maneələr əlilliyi olan şəxslərin məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsini məhdudlaşdırır ki, bu da onların qanun qarşısında bərabər müdafiə prinsipini zəiflədir. Bu baxımdan belə şəxslərin üzləşdikləri ayrı-seçkilik və hüquq pozuntularının aradan qaldırılması ilə bağlı ən mühüm məsələlərdən biri onların ədalət mühakiməsinə çıxış imkanlarının gücləndirilməsidir. Belə maneələrin aradan qaldırılması üçün dövlətlərin səmərəli tədbirlər görmək öhdəliyi yalnız hüquqi xarakterli tədbirlərlə icra edilə bilməsə də, bu cür öhdəliklərin hüquqi tənzimləmələr olmadan yalnız sosial və ya iqtisadi siyasətlər vasitəsilə həyata keçirilməsi də mümkün deyil.

Təqdim olunan araşdırmada əlilliyi olan şəxslərin ədalət mühakiməsinə əlçatanlığı ilə bağlı qarşılaşdıqları problemlərin, bu məsələyə beynəlxalq müstəvidə yanaşmanın və dövlətdaxili qanunvericiliyin təhlil edildiyi, müəyyən təkliflərin  təqdim olunduğu nəzərə alındıqda, hazırki araşdırmanın bu sahədə yeni müzakirələrin aparılmasına töhfə verəcəyi gözlənilir.

 

  

 

Əlilliyi olan şəxslərin məhkəməyə əlçatanlıq hüququnun əhəmiyyəti və ədalət mühakiməsinə çıxışda qarşılaşdıqları maneələr.

 

Ədalət mühakiməsinə əlçatanlıq məhkəmə müdafiəsi hüququnun tərkib hissəsidir. Məhkəmə müdafiəsi hüququ isə bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir [18]. Digər insan hüquqlarının və əsas azadlıqlarının həyata keçirilməsi üçün əsas vasitələrdən biri olan ədalət mühakiməsinə əlçatanlıq bütün insanlar üçün ümumbəşəri əhəmiyyət daşıyan məsələdir. Bu anlayış ədalət mühakiməsinin hər bir elementinə - prosedurlara, məlumatlara, məkanlara və b. səmərəli çıxışın qarşısını alan maneələrin aradan qaldırılmasını ehtiva etməklə əhatə dairəsi olduqca genişdir.   

Hüququn əsas funksiyalarından biri bütün şəxslərə bərabər rəftarın təmin olunmasıdır. Bu baxımdan məhkəməyə əlçatanlıqda bərabərlik prinsipinin təmin edilməsi üçün müəyyən kateqoriya şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin ehtiyaclarının adekvat şəkildə nəzərə alınması vacibdir. Odur ki, əlilliyi olan şəxslərin əlilliyi olmayan şəxslərlə eyni səviyyədə sosial həyatda tam və bərabər şəkildə iştirakının təmin edilməsi məqsədilə birincilərə tətbiq olunan müsbət ayrı-seçkilik (pozitiv diskriminasiya) nəinki bərabərlik prinsipinə zidd hesab edilir, əksinə, onlara münasibətdə hüquqi bərabərliyin təmin olunmasına xidmət edir.

Ədalət mühakiməsinə çıxış bir sıra beynəlxlaq hüquqi sənədlərdə,  məsələn, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci və 10-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddələrində öz əksini tapan ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi kimi nəzərdə tutulmuşdur.

Bununla belə, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası ədalət mühakiməsinə çıxışı ən geniş mənada konseptuallaşdıran, ayrıca və müstəqil maddi hüquq kimi nəzərdə tutan ilk beynəlxalq insan hüquqları sənədlərindən biridir. Əlilliyi olan şəxslər tərəfindən bütün insan hüquqlarının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini təşviq etmək, müdafiə və təmin etmək, eləcə də onların ləyaqətinə hörmət edilməsini təşviq etmək məqsədi daşıyan bu Konvensiya BMT Baş Assambleyası tərəfindən 2006-cı ildə qəbul edilmiş və 2008-ci ildə qüvvəyə minmişdir.

Konvensiyanın “ədalət mühakiməsinə əlçatanlıq” adlı 13-cü maddəsinin tələblərinə əsasən iştirakçı dövlətlər ədalət mühakiməsini əlilliyi olan şəxslərə digərləri ilə bərabər səviyyədə təmin edir, o cümlədən ibtidai istintaqın təhqiqat və digər mərhələləri də daxil olmaqla, hüquqi prosesin bütün mərhələlərində birbaşa və dolayı iştirakçıların, o cümlədən şahidlərin öz səmərəli rolunu yerinə yetirməsini asanlaşdıran prosessual və yaşa uyğun uyğunlaşdırmalar nəzərdə tuturlar. Əlilliyi olan şəxslərin ədalət mühakiməsindən səmərəli istifadə etmələrinə imkan yaratmaq üçün iştirakçı dövlətlər ədalət mühakiməsinin həyata keçirilməsi sferasında, o cümlədən polis və penitensiar sistemdə işləyən şəxslərin lazımi qaydada təlim keçməsinə yardım göstərirlər.

Dövlətlərin bu istiqamətdə öhdəliklərini müəyyənləşdirən, əlilliyi olan şəxslərə yeni hüquqlar tanımağı deyil, hər kəsin malik olduğu hüquq və azadlıqlardan onların da faktiki şəkildə yararlana bilməsini təmin etməyi qarşıya məqsəd qoyan bu Konvensiyanın yeniliklərindən biri də əlilliyin tibbi modelindən imtina olunaraq yeni modelə keçilməsi oldu. Belə ki, tibbi modeldə əlillik fərdin funksional məhdudiyyətləri ilə əlaqəli bir vəziyyət kimi başa düşülür və bu məhdudiyyətlər qüsurun nəticəsi sayılır [13 s.556]. Bu model əlilliyi tibbi diaqnoz kimi, yəni fərdin bədəni və ya beynində yerləşən bir problem kimi qəbul edərək, onu müalicə və ya tibbi müdaxilə vasitəsilə aradan qaldırmağa fokuslanır.

Konvensiyada  əlillik və əlilliyi olan şəxsə verilmiş anlayışa və digər müddəlara əsasən tətbiq edilmiş modeli bəzi müəlliflər sosial model, digərləri isə sosial modeldən daha mütərəqqi xarakter daşıyan insan hüquqlarına əsaslanan model kimi qiymətləndirir. Sosial model diqqəti problemin fərdin özündə olmasına yönəltmir. Əvəzində, əlilliyi fərdin onun fərqliliklərini nəzərə almayan və cəmiyyətdə iştirakını məhdudlaşdıran və ya ona mane olan mühitlə qarşılıqlı əlaqəsinin nəticəsi kimi qəbul edir [14 s.12].  Yəni, sosial model diqqəti fərddən cəmiyyətə keçirərək göstərir ki, əlilliyi olan şəxsləri məhdulaşdıran amil onların fərqlilikləri və ya pozuntuları yox, sosial və ətraf mühit maneələridir. Bu yanaşma əlil şəxslərin ətraf mühitə uyğunlaşmasından çox, mühitin onların istək, ehtiyac və bacarıqlarına uyğunlaşdırılmasını müdafiə edir.

T. Degenerə görə Konvensiya əlilliyin sosial modelini aşaraq, insan hüquqlarına əsaslanan modeli normativ-hüquqi çərçivədə təsbit edir. Sosial model əlilliyi əsasən cəmiyyətdə mövcud olan maneələr və ayrı-seçkilik vasitəsilə izah etdiyi halda, insan hüquqlarına əsaslanan model bundan əlavə, əlilliyi olan şəxslərin doğuşdan malik olduqları insan hüquqlarının məhdudiyyətlərdən asılı olmadığını təsdiq edən hüquqi və etik əsaslar müəyyənləşdirir [15 s.6-8].

Yuxarıda göstərildiyi kimi Konvensiya iştirakçı dövlətlər üçün prosessual və yaşa görə uyğunlaşdırmaların təmin edilməsi vəzifəsini yaradır. Bu vəzifələri əks etdirən Konvensiyanın 13-cü maddəsinin hazırlanması zamanı “ağlabatan uyğunlaşdırma” və ya “prosessual uyğunlaşdırma” ifadələri müzakirə olunmuş və sonda “ağlabatan” terminindən imtina olunmuşdur [9 s.7].  Buna səbəb isə prosessual uyğunlaşdırmalar ilə ağlabatan uyğunlaşdırmalar ifadələrinin fərqli mənalar kəsb etməsi ilə bağlıdır. Belə ki, ağlabatan uyğunlaşdırma tətbiq edilərkən onun dövlət üçün həddindən artıq və ya qeyri-mütənasib yük yaradıb-yaratmaması qiymətləndirilir, yəni bu halda uyğunlaşdırmanın təmini məsələsi həll edilərkən resurs amili nəzərə alınır. Lakin prosessual uyğunlaşdırmaların təmin olunması mütənasibliyin qiymətləndirilməsindən asılı deyil. Bu isə o deməkdir ki, dövlət “çox yük yaratması”nı əsas gətirməklə onları təmin etməkdən imtina edə bilməz və belə uyğunlaşdırmaların aparılması ədalət mühakiməsinə çıxış hüququnun realizəsi üçün məcburi xarakter daşıyır.

Əlilliyi olan şəxslərin hüquqlarını digərləri ilə bərabər əsasda faktiki olaraq həyata keçirə bilməsini təmin etməyə yönəlmiş prosessual uyğunlaşmalar iki məqsədə xidmət edir: bir tərəfdən, məhkəmə sisteminin əlilliyi olan şəxslər üçün əlçatan və inklüziv hala gətirilməsini təmin edir, digər tərəfdən isə konkret məhkəmə və ya hüquqi proses zamanı həmin şəxsin ədalət mühakiməsinə çıxış hüququnun səmərəli həyata keçirilməsi üçün zəruri dəstəyi dərhal təmin edir. Prosessual uyğunlaşdırmaya nümunə olaraq əlilliyi olan şəxslərin məhkəmə və tribunallarda müxtəlif ünsiyyət vasitələrindən istifadə etmək hüququnun tanınmasını göstərmək olar. Yaşa uyğun uyğunlaşdırmalar isə şikayət vermək və ədalət mühakiməsinə çıxış imkanları barədə məlumatların şəxsin yaşına uyğun və anlaşıqlı formada təqdim edilməsi aid oluna bilər [12 §58].

Konvensiyasının 13-cü maddəsinin əhəmiyyəti nəzərə alınaraq onun tətbiqində “bələdçi” funksiyasını icra etmək məqsədilə əlilliyi olan şəxslərin hüquqları üzrə Xüsusi Məruzəçinin təşəbbüsü əsasında 2020-ci ildə “Əlilliyi olan şəxslərin ədalət mühakiməsinə çıxışı üzrə Beynəlxalq Prinsiplər və Təlimatlar” qəbul edilmişdir. Əlillik hüquqları üzrə ekspertlər, əlilliyi olan şəxslərin təşkilatları, dövlətlər, akademiklər və digər mütəxəssislərlə aparılmış məsləhətləşmələrin və əməkdaşlığın nəticəsi olan bu Prinsiplər (10 fundamental prinsip) və Təlimatlar əlilliyi olan şəxslər üçün ədalət mühakiməsinə bərabər çıxışın təmin edildiyi ədliyyə sistemlərinin beynəlxalq insan hüquqları standartlarına uyğun şəkildə hazırlanmasında və həyata keçirilməsində dövlətlərə dəstək göstərmək məqsədi daşıyan praktik bir vasitədir.

Yuxarıda göstərilən prinsiplərin qəbulu və prosessual uyğunlaşmaların aparılmasına dair tələbin müəyyən edilməsinə zərurət ondan irəli gəlmişdir ki, bəzi hallarda əlilliyi olan şəxslər ədalət mühakiməsinə əlçatanlıqla bağlı çoxsaylı maneələrlə üzləşə bilirlər. Bu maneələri əlçatanlıq (fiziki), hüquqi, kommunikasiya, münasibət (yanaşma) və iqtisadi xarakterli maneələr kimi qruplaşdırmaq olar. Belə maneələrin əhatə etdiyi məsələlər kifayət qədər geniş olduğundan hazırki araşdırma çərçivəsində onların mahiyyətinə qısa şəkildə toxunulmasını məqsədəuyğun hesab edirik.

Əlçatanlıqla bağlı maneələr əlçatan infrastrukturun, nəqliyyatın, məlumatların yoxluğundan, obyektlər və xidmətlərin əlilliyi olan şəxslər üçün fiziki mühitə, nəqliyyata, informasiya və kommunikasiya vasitələrinə çıxışı təmin etməməsindən irəli gəlir. Məsələn, şəxsin məhdud hərəkət qabiliyyətli şəxslər üçün daxili məhkəmələrin binalarına xüsusi giriş imkanının olmaması səbəbindən məhkəməyə müraciət edə bilməməsi, həmin çatışmazlığı aradan qaldıracaq alternativ vasitələrin mövcud olmadığı hallarda, məhkəməyə çıxış hüququnu məhdudlaşdıra bilən faktiki maneə kimi qiymətləndirilə bilər [2 §48].  

Bununla belə, dövlətin bərabər prosessual imkanların təmin edilməsi üzrə öhdəliklərinə münasibətdə əlçatanlıq vasitələri heç də yalnız liftlər və panduslarla məhdudlaşmır. Çünki insanın sağlamlıq vəziyyətindən asılı olaraq, onun məhdudiyyətlərini kompensasiya etmək üçün müxtəlif köməkçi (assitiv) tədbirlərə ehtiyac ola bilər  [21 s.88]. Məsələn, məlumatların əlçatmazlığı buna aid edilə bilər. Məlumatın əlçatmazlığı dedikdə məhkəmə və ədliyyə sistemində istifadə olunan çağırış vərəqələrinin, bildirişlərin, məlumat kitabçalarının və digər sənədlərin, prosedurlar haqqında məlumatların asan oxunan formatda, sadə dildə, iri şriftlə və s. münasib formatlarda təqdim edilməməsi başa düşülür. Bu kimi maneələrin aradan qaldırılmasına yönələn  tədbirlərə isə aşağıdakıları aid etmək olar: işarə dili; video və audio bələdçilər; telefon vasitəsilə məsləhət və yönləndirmə xidmətləri; əlçatan vebsaytlar; səs gücləndirici cihazlar və sənəd böyüdücüləri; qapalı subtitrləmə; Brayl (Braille) yazısı; asan oxunan format və sadə dil və s. [10 s.18].

Kommunikasiya ilə bağlı maneələr əsasən müəyyən növ əlilliyi olan şəxslərin məhkəmə və ya məhkəməyədək prosesdə səlahiyyətli orqan və qurumların nümayəndələri ilə ünsiyyət prosesində əmələ gəlir.  Məsələn, işarə dili tərcüməçilərinin və ya vasitəçilərin olmaması kommunikasiya üçün maneələr yarada bilər. Həmçinin istifadə olunan dil, verilən sualların növü və hüquq peşəsi nümayəndələrinin sorğu-sual üslubu da effektiv ünsiyyətə mane yarada biləcək amillərdəndir.

Tədqiqatlar göstərir ki, istifadə olunan dilin sorğu-sual edilən əqli məhdudiyyətli şəxslərin anlama qabiliyyətini aşması, onların istifadə edilən terminologiyanı başa düşməkdə xüsusi çətinlik çəkməsinə, bəzən isə hətta əslində başa düşmədikləri ifadələrlə səhvən razılaşmalarına gətirib çıxarır [19 s.483-484]. Tərcüməçilər və ya vasitəçilər mövcud olduqda belə, bəzi hallarda polis əməkdaşları, hüquqşünaslar, hakimlər və digərləri tərəfindən istifadə olunan dilin həddindən artıq mürəkkəb olması məlumatın vasitəçilər tərəfindən anlaşılaraq əlilliyi olan şəxsə düzgün şəkildə çatdırılmasını çətinləşdirə, nəticədə əlilliyi olan şəxsin uyğun və düzgün cavab vermə ehtimalını azalda bilər.

“Əlilliyi olan Şəxslərin Ədalət Mühakiməsinə Çıxışı üzrə Beynəlxalq Prinsiplər və Təlimatlar”da məhkəmə dinləmələri üçün əlilliyi olan şəxslərin, o cümlədən əlilliyi olan uşaqların hüquqi icraat zamanı ədalətli rəftar görməsini və tam iştirakını təmin edən prosedurların qəbul edilməli olması vurğulanmış, bu prosedurların əhatə edə biləcəyi məsələlər kimi müvafiq hallarda sorğu-sual üsullarının dəyişdirilməsi, məsələn: istiqamətləndirici suallara icazə verilməsi; mürəkkəb və çoxhissəli suallardan qaçınılması;  çətin hipotetik suallara alternativlərin tapılması; cavab vermək üçün əlavə vaxt verilməsi;  ehtiyac olduqda fasilələrə icazə verilməsi; sadə və aydın dildən istifadə olunması göstərilmişdir. Təlimatda o cümlədən, əlilliyi olan şəxslərin öz istəkləri ilə prosesin bütün mərhələlərində emosional və mənəvi dəstək göstərmək üçün ailə üzvləri, dostları və ya digər şəxslər tərəfindən müşayiət olunmasına icazə verilməli olması öz əksini tapmışdır [10 §3.2].

Hüquqi xarakterli maneələr bir qayda olaraq ayrı-seçkilik xarakterli, yəni əlilliyi olan şəxslərin hüquqlarının nəzərə alınmadığı və ya hüquqi proseslərdə digər şəxslərlə bərabər əsasda səmərəli iştirakına mane yaradan qanunvericilik normalarının mövcudluğu ilə bağlı olur.

Münasibət xarakterli maneələr xüsusən müəyyən növ əlilliyi olan şəxslər barədə yanlış inanclar və stereotiplər nəticəsində meydana gəlir. Əlilliklə bağlı geniş yayılmış təsəvvürlər çox vaxt əlilliyi fəaliyyət qabiliyyətsizliyi ilə eyniləşdirir. Bu cür münasibətlər və inanclar hüquq-mühafizə və hüquqla bağlı digər sahələrdə çalışan şəxslərin əlilliyi olan şəxslərlə rəftarına da təsir göstərə bilir. Məsələn, polis əməkdaşları və ya hüquqi yardım göstərən şəxslər əlilliyi olan şəxslərlə qarşılıqlı əlaqə zamanı qərəzli yanaşma və ya məlumatsızlıq əsasında hərəkət edə bilərlər. Bu isə həmin şəxsləri hüquqi tələblər irəli sürməkdən və ya hüquqlarını müdafiə etməkdən çəkindirə bilər [10 s.20]. Bu cür münasibətin dəyişdirilməsinə nail olmaq üçün isə maarifləndirmənin, ictimai məlumatlandırma proqram və kampaniyalarının aparılması, Konvensiyanın 13-cü maddəsində qeyd edildiyi kimi  müvafiq təlimlərin  həyata keçirilməsi zəruridir.

İqtisadi maneələrlə bağlı nəzərə alınmalıdır ki, əlilliyi olan şəxslər əsasən orta və aşağı gəlirli qruplara aid edilməklə məşğulluqla bağlı çətinliklərlə üzləşirlər. Yoxsulluq və ədalət mühakiməsinə çıxış arasındakı əlaqə isə kifayət qədər aydındır. Əgər şəxsin maliyyə imkanları məhduddursa, o, diqqətini əsas yaşayış ehtiyaclarının təmin edilməsinə yönəltməli olduğundan hüquqlarının pozulması halında məhkəmə prosesinə başlamaq, bununla bağlı təşəbbüs göstərmək ehtimalı daha aşağı olur. Odur ki, hüquqi yardımın mövcud olmadığı hallarda iqtisadi maneələr əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər əsasda ədalət mühakiməsinə çıxışını əhəmiyyətli dərəcədə məhdudlaşdıra bilər [20 s.9]. Bu baxımdan məhkəmə proseslərində bərabərliyin təminatı üçün pulsuz hüquqi yardımın mövcudluğu vacib əhəmiyyət kəsb edir. Təsadüfi deyildir ki, Əlilliyi olan şəxslərin ədalət mühakiməsinə çıxışı üzrə 10 beynəlxalq prinsipdən biri, 6-cı prinsip bu məsələyə həsr olunmuş və əlilliyi olan şəxslərin ödənişsiz və ya münasib qiymətli hüquqi yardım almaq hüququ bəyan edilmişdir. Hüquqi yardımı qarşılamaq imkanı olmayan əlilliyi olan şəxslər üçün pulsuz hüquqi yardımın təmin edilməsi sağlamlığın və ya azadlığın itirilməsi riski və ya faktiki itirilməsi halları, o cümlədən həbs, tutulma, məcburi tibbi müdaxilə, qeyri-könüllü hospitalizasiya, fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması, valideynlik hüquqlarına məhdudiyyətlərin müəyyən olunması, mənzilin və ya mülkiyyətin itirilməsi riskinin mövcudluğu kimi hallarda xüsusilə aktuallıq təşkil edir.

Avropa İnsan Hüquqları Məhkəməsi “Timerqaliyev Rusiyaya qarşı” işində də vurğulamışdır ki, Konvensiyanın 6-cı maddəsinin 3 (c) bəndinə əsasən təqsirləndirilən şəxs “ədalət mühakiməsinin maraqları tələb etdikdə” məhkəmə tərəfindən öz təşəbbüsü ilə təyin edilən vəkillə təmin olunmaq hüququna malikdir. Ərizəçinin eşitmə məhdudiyyəti onun məhkəmə prosesində effektiv iştirak etmək qabiliyyətini zəiflətdiyindən ədalət mühakiməsinin maraqları ədalətli məhkəmə araşdırmasının təmin olunması məqsədilə apellyasiya instansiyasında ona hüquqi yardımının təmin edilməsini tələb edirdi [3 §59].

Əlilliyi olan şəxslərin başqaları ilə bərabər əsasda məhkəməyə əlçatanlığının təmin olunması, onların qarşılaşdıqları çətinliklərin minimallaşdırılması istiqamətində bəzi ölkələrin qanunvericilik və siyasətlə bağlı təqdirəlayiq və qabaqcıl təcrübələri mövcuddur. Məsələn, İngiltərədə  “qeydiyyatdan keçmiş vasitəçilər” dən istifadə olunur. Belə vasitəçilər yaşı ilə, yaxud əqli, psixi və ya fiziki əlillik və ya pozuntu səbəbləri ilə əlaqədar həssas şahidlərin və zərərçəkmiş şəxslərin cinayət işləri üzrə polisə və məhkəməyə ifadə vermələrinə kömək edən, qərəzsiz fəaliyyət göstərən, müstəqil çalışan kommunikasiya mütəxəssisidir. Qeydiyyatdan keçmiş vasitəçilərin məqsədi şahidlə ikitərəfli ünsiyyəti təmin etmək və onun mümkün olan ən dolğun və dəqiq ifadəni verməsinə şərait yaratmaqdır. Onlar Ədliyyə Nazirliyi tərəfindən seçilmiş, müvafiq hazırlıq keçmiş və qiymətləndirmədən uğurla keçmiş şəxslərdir [7].

Avstraliyanın Viktoriya ştatında isə Judicial College of Victoria ilə Viktoriya Bərabər İmkanlar və İnsan Hüquqları Komissiyası tərəfindən əməkdaşlıq çərçivəsində hazırlanmış «Əlillər üçün Ədalət Mühakiməsinə Çıxış üzrə Məhkəmə Vəsaiti» mövcuddur.  Qanun qüvvəsinə malik olmasa belə, məhkəmə təcrübəsinə mühüm töhfə verən bu vəsait əlilliyi olan şəxsin məhkəmə qarşısına tərəf və ya şahid qismində çıxdığı hallarda nəzərə alınmalı məsələlər üzrə praktiki tövsiyələr təqdim edir, belə şəxslərin hüquqlarına hörmət edilməsinin təmin olunması məqsədilə texniki dəstək göstərir [17 s.1-2].

  

Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin ədalət mühakiməsinə əlçatanlığının hüquqi təminatları.

 

Əlilliyi olan şəxslərin qayğı ilə əhatə olunması sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən dövlət siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu kateqoriyadan olan şəxslərin hüquqlarının təmini və müdafiəsinə xüsusi diqqəti nəticəsində daha da güclənir. Əlilliyi olan şəxslərin üzləşdikləri problemlərin həlli ölkədə yürüdülən sosial siyasətin əsas xəttini təşkil etməklə, bu sahədə fəaliyyət BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına və dünyada mövcud olan mütərəqqi yanaşmalara əsaslanır.

Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələri, onların hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsi, şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı məsələləri tənzimləyən əsas normativ hüquqi akt kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu çıxış edir. Qanunun 3-cü fəsli “əlilliyi olan şəxslər üçün müyəssərlik” adlanmaqla, həmin fəsildə müyəssərlik üçün şərait yaradılması, əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması, infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınması, infrastruktur obyektlərinin, yaşayış binalarının onların istifadəsi üçün uyğunlaşdırılması, mədəniyyət və idman obyektlərinin əlilliyi olan şəxslərə müyəssərliyinin təmin edilməsi, bu sahədə dövlət nəzarətinə aid məsələlər ətraflı şəkildə tənzimlənmişdir.

Qeyd olunan Qanunun 34-cü maddəsi əlilliyi olan şəxslərin ədalət mühakiməsində təminatına həsr olunmaqla göstərilmişdir ki, inzibati icraatda və məhkəmə icraatında iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçiləri) xidmətləri ilə təmin edilirlər.

Lakin əlilliyi olan şəxslərin məhkəməyə əlçatanlığının təmininə yönələn normalar yalnız bu Qanunda deyil, ayrı-ayrı sahəvi prosessual qanunvericilik aktlarında da öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində görmə, eşitmə və nitq qabiliyyəti tam məhdud olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi pozuntular olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə əqli geriliyə, aşkar əqli zəifliyə və ya digər pozuntularına görə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnu müstəqil həyata keçirə bilməməsi halında cinayət prosesində müdafiəçinin iştirakının təmin edilməli olmasına, tutulmuş şəxsin hüquqlarının təmin olunması üçün cinayət prosesini həyata keçirən orqanın və müvəqqəti saxlama yerlərinin əməkdaşlarının əlilliyi olan şəxslərə xüsusi diqqət yetirmək vəzifəsinə dair bir sıra hüquqi təminatlar nəzərdə tutulmuşdur (92.3.2 və 153.2.10-cu maddələr). 

Həmin Məcəllənin “görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsi” ilə bağlı məsələləri tənzimləyən 229-cu maddəsinə görə isə görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan şahidin dindirilməsi onun işarələrini başa düşən və ya onunla işarələr vasitəsilə danışan şəxsin iştirakı ilə aparılır. Həmin şəxsin dindirilmədə iştirakı dindirmə protokolunda əks etdirilir.  Şahidin ruhi və ya digər ağır xəstəlikdən əzab çəkdiyi halda onun dindirilməsi həkimin icazəsi və iştirakı ilə aparılır. Görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və ya digər ağır xəstəlikdən əzab çəkən şahidin dindirilməsində onun qanuni nümayəndəsi və nümayəndəsi iştirak edə bilər. Oxşar qaydalar habelə görmə, eşitmə və nitq qabiliyyəti məhdud olan və digər ağır xəstəlikdən əzab çəkən təqsirləndirilən şəxsin dindirilməsi üçün də nəzərdə tutulmuşdur (233.6-cı maddə).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində əlilliklə bağlı səbəbdən məhkəmənin çağırışı üzrə gələ bilməyən şahidə olduğu yerdə məhkəmə tərəfindən dindirilə bilinmək imkanı tanınmışdır (105.2-ci maddə).

Qanunvericiliyin müntəzəm olaraq inkişaf etdirilməsinə, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsinə yönələn proqram və layihələrin icrasına baxmayaraq, bir çox ölkələrdə olduğu kimi Azərbaycan Respublikası qanunvericiliyində də təkmilləşdirilməsinə ehtiyac olan bir sıra məsələlər mövcuddur.

Belə ki, Əlilliyi olan Şəxslərin Hüquqları üzrə Komitə 22 aprel 2024-cü il tarixli “Azərbaycan Respublikasının birləşdirilmiş ikinci və üçüncü dövri hesabatlarına dair yekun müşahidələr”ində mülki, inzibati və cinayət məhkəmə icraatlarında dövlət hesabına vəkil ilə təmin olunan şəxslərin müəyyən edilməsində tibbi modeldən istifadə olunması ilə bağlı narahatlığını qeyd etmiş, həmin icraatlarda əlilliyi olan şəxslərin dövlət hesabına vəkil almaq hüququnun müəyyənləşdirilməsində tibbi modelin deyil, insan hüquqları modelinin tətbiq edilməsinin təmin olunmasını tövsiyə etmişdir [11 s.9-10]. Yəni, Komitənin tövsiyəsi ona yönəlmişdir ki, əlilliyi olan şəxsin dövlət hesabına vəkil almaq hüququ onun tibbi diaqnozuna və ya əlillik dərəcəsinə görə deyil, məhkəmə prosesində hüquqlarını effektiv həyata keçirmək üçün belə dəstəyə ehtiyacının olub-olmamasına görə müəyyən edilməlidir.

            Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə son dövrlərdə edilmiş əlavələrlə tənzimlənən və praktiki baxımdan kifayət qədər faydalı prosessual imkanlardan biri məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsidir (maddə 10-2). Həmin Məcəllənin 10-2.1-ci maddəsində məhkəmənin məhkəmə icraatını işdə iştirak edən şəxsin, onun nümayəndəsinin (qanuni nümayəndəsinin), vəkilin, şahidin, ekspertin, mütəxəssisin, tərcüməçinin məhkəmənin iclas zalında bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirə biləcəyi halları sadalasa da, bu hallar içərisində əlilliyi olan şəxslərin vəziyyətini nəzərə alan nə ümumi, nə də xüsusi hal, yəni onların  sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları səbəbindən məhkəmənin iclas zalında iştirak edə bilməməsi ilə bağlı ayrıca  müddəa nəzərdə tutulmamışdır.

Cinayət-Prosessual Məcəllənin 51-4.1-ci maddəsi ilə müəyyən edilən cinayət mühakimə icraatında prosessual hərəkətlərin şübhəli, təqsirləndirilən şəxs və ya məhkum istisna olmaqla, digər şəxslərin (mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, xüsusi ittihamçı, şahid və s.) bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə biləcəyi halların sırasında da əlilliyi olan şəxslərlə bağlı xüsusi müddəa olmasa da, bu siyahıda səhhətinin şəxsin müvafiq icraatda bilavasitə iştirakını qeyri-mümkün etməsi halı nəzərdə tutulmuşdur. Bununla belə nəzərə alınmalıdır ki, bəzən cinayət prosesində iştirak edən və əlilliyi olan zərərçəkmişin, xüsusi ittihamçının və digərlərinin səhhətinin vəziyyəti onların müvafiq icraatda bilavasitə iştirakını qeyri-mümkün etməsə də, xeyli çətinləşdirə, onların digər şəxslərlə bərabər əsaslarla öz hüquq və azadlıqlarını müdafiə etməsinə maneə ola bilər.

            Göstərilənlərə əsaslanaraq hesab edirik ki, həm cinayət, həm də mülki prosessual qanunvericilikdə bu məsələ ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi əlilliyi olan şəxslərin məhkəməyə əlçatanlıq hüququnun təminatı baxımından məqsədəuyğun olardı.

            Qeyd edilməli olan digər məsələ isə əliliyi olan şəxslərin ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçiləri) köməyindən istifadəsi ilə bağlıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda inzibati icraatda və məhkəmə icraatında iştirak edən və ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslərin belə xidmətlərlə təmin edilməli olması öz əksini tapsa da, nəzərə alınmalıdır ki, əlilliyi olan şəxslərin ixtisaslaşmış vasitəçilərə olan ehtiyacı təkcə məhkəmə icraatında deyil, məhkəməyədək icraatda, xüsusilə də cinayət təqibi üzrə məhkəməyədək icraatda (ibtidai araşdırma dövründə) da yarana bilər. Hətta əlilliyi olan cinayət prosesinin iştirakçısı (məsələn, şübhəli və ya təqsirləndirilən şəxs) dövlət hesabına hüquqi yardımla, yəni müdafiəçi ilə təmin edilsə belə, onun müdafiəçi ilə ünsiyyəti üçün də ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyac yarana bilər ki, bu da belə şəxslərin məhkəmə müdafiəsinə müyəssərliyi baxımından vacib əhəmiyyət daşıyır. Bu səbəbdən hesab edirik ki, təcrübi olaraq belə şəxslərin ixtisaslaşmış vasitəçilərlə təmin olunmasından asılı olmayaraq, bu məsələnin qanunvericilik səviyyəsində də imperativ qaydada öz əksini tapması vacibdir. Qanunun 13-cü maddəsi ilə verilmiş təminatın yalnız məhkəmə icraatı ilə məhdudlaşdırılmamasının onun məqsəd və təyinatına, eləcə də Konvensiyanın tələblərinə daha uyğun olacağı qənaətindəyik.

Əlilliyi olan şəxslərin hüquqlarının təmin olunması çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi əhəmiyyətli məsələ olsa da, belə şəxslərin hüquqları ilə bağlı sadəcə dövlətdaxili aktların qəbulu və ya müvafiq beynəlxalq hüquq normalarının milli qanunvericiliyə implementasiyası heç də bu hüquqların tam təmin edilməsi və müdafiəsi demək deyildir. Bunun üçün zəruri tədbirlər görülməli, əlilliyi olan şəxslərin vəziyyətinin yaxşılaşdırılması və onların üzləşdiyi problemlərin həlli təcrübədə öz əksini tapmalıdır [16 s.174].

  

NƏTİCƏ

 

Beynəlxalq insan hüquqları sahəsində müstəqil hüquq kimi konseptuallaşdırılan və ümumi bir dəyər kimi qəbul edilən məhkəməyə əlçatanlıq bütün digər hüquq və azadlıqların müdafiəsinin ilkin şərtidir.  Bu hüquq yalnız formal olaraq tanınmaqla kifayətlənməyib, onun real və effektiv həyata keçirilməsi dövlətlərin üzərinə mühüm öhdəliklər qoyur. Ədalət mühakiməsinə əlçatanlığın təmin olunması xüsusilə əlilliyi olan şəxslər üçün daha həssas və mürrəkkəb xarakter daşıyır.

Əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər əsaslarla hüquqlarını müdafiə etməsi zamanı fiziki, hüquqi, kommunikasiya, sosial və iqtisadi maneələrlə üzləşməsi nəzərə alındıqda onlara münasibətdə formal bərabərliklə faktiki əlçatanlıq arasında mövcud fərqin aradan qaldırılmasına zərurət yaranır. Bu məqsədlə beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər də əsas götürülməklə, dövlətlər tərəfindən onların sadələşdirilmiş prosedurlar vasitəsilə hüquqlarını effektiv şəkildə müdafiə edə biləcəkləri hüquqi bazanın, prosessual mexanizmlərin yaradılması və bu mexanizmlərin səmərəli tətbiqinin təmin olunması vacibdir.

Azərbaycan Respublikasında əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi və sosial təminatı sahəsində müsbət islahatların həyata keçirilməsinə və normativ-hüquqi bazanın formalaşdırılmasına baxmayaraq, hesab edirik ki, bu kateqoriyadan olan şəxslərin məhkəməyə əlçatanlıq hüququnun daha səmərəli həyata keçirilməsi məqsədilə mövcud hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinə ehtiyac var.

 

ƏDƏBİYYAT SİYAHISI:

 

1)    “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu

2)    Avropa İnsan Hüquqları Məhkəməsi. Farcaș Rumıniyaya qarşı işi (Ərizə № 32596/04), 14 sentyabr 2010.

3)    Avropa İnsan Hüquqları Məhkəməsi. Timergaliyev Rusiyaya qarşı işi (Ərizə № 40631/02), 14 yanvar 2009.

4)    Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi

5)    Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

6)    Beqiraj, J., McNamara, L., & Wicks, V. (2017). Access to justice for persons with disabilities: From international principles to practice. Beynəlxalq Vəkillər Kollegiyası (IBA). 56 səh.

7)    Birləşmiş Krallıq Ədliyyə Nazirliyi. Şahidlər üçün Vasitəçilik Sistemi haqqında mılumat. https://www.gov.uk/guidance/ministry-of-justice-witness-intermediary-scheme [son keçid tarixi: 15.06.2026]

8)    Birləşmiş Millətlər Təşkilatının 13 dekabr 2006-cı il tarixli “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyası

9)    BMT İnsan Hüquqları Şurası. (2017). Əlillərin Hüquqları haqqında Konvensiyanın 13-cü maddəsinə əsasən ədalət mühakiməsinə çıxış hüququ. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatı. A/HRC/37/25. 17 səh.

10) BMT (2020). Əlilliyi olan şəxslərin ədalət mühakiməsinə çıxışı üzrə Beynəlxalq Prinsiplər və Rəhbər Qaydalar. 30 səh.

11) BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsi (2024). Azərbaycan Respublikasının birləşmiş ikinci və üçüncü dövri hesabatları üzrə yekun tövsiyələr. CRPD/C/AZE/CO/2-3. 21 səh.

12) BMT-nin Əlillərin Hüquqları üzrə Komitəsi (2018) Bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi haqqında 6 nömrəli Ümumi Şərh (Maddə 5). l[son keçid tarixi: 15.06.2026]

13) Claessen, D., Lamkaddem, M., Oomen, B., & Eijkman, Q. (2023). Bringing Human Rights Home: Access to Justice and the Role of Local Actors Implementing the United Nations Convention on the Rights of Persons with Disabilities. Journal of Human Rights Practice, 2023,16, səh. 554–571

14) Colbran, N. (2010). Access to Justice Persons with Disabilities Indonesia: Background Assessment Report. 55 səh.

15) Degener, T. (2014). A Human Rights Model of Disability. https://www.researchgate.net/publication/283713863_A_human_rights_model_of_disability [son keçid tarixi: 14.06.2026]

16) Əliyeva, S. (2019). Əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarının Azərbaycan Respublikasının qanunvericiliyinə implementasiyası. Monoqrafiya. Bakı: “Red N Line” NPM. 256 səh.

17) Judicial College of Victoria. Disability Access Bench Book (Əlillərin ədalət mühakiməsinə çıxışına dair hakimlər üçün metodik vəsait), 105 səh. https://resources.judicialcollege.vic.edu.au/article/1053839/section/2168 [son keçid tarixi: 10.06.2026]

18) Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarı

19) Nair, P. (2010). Giving Voice in Court: Cushioning Adversarialism for Witnesses with Intellectual Disabilities. Current Issues in Criminal Justice, Vol. 21, No. 3, səh.481-488

20) Pretoriya Universiteti, İnsan Hüquqları Mərkəzi. (2024). Afrikada əlilliyi olan şəxslər üçün ədalət mühakiməsinə bərabər çıxışın təşviqi: Rəhbər qeyd. 35 səh.

21) Деменева, А. (2016). Защита прав инвалидов в практике Европейского Суда по правам человека и Комитета ООН по правам инвалидов: параллельные пути или точки соприкосновения? Международное правосудие, № 4 (20), səh. 84–98